Məhkəmə qərarları › İş №1(099)-210/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-210/2022

25.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-210/2022 25.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1976-cı ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvələr məhkum olunmamış, işləməyən, Lənkəran şəhəri, R.Bayramov küçəsi ev 22-də qeydiyyatda olmaqla barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən, tamah niyyətilə, yəni qazanc əldə etmək üçün şəxsiyyəti özünə məlum olan “Rza” adlı İran İslam Respublikası vətəndaşı və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi, saxlanması və daşınması, habelə qrupun üzvü tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib qrupun digər üzvünə çatdırmağı qabaqcadan vəd vermiş və bundan sonra cinayətkar qrupun üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilmiş ayrı-ayrılıqda çəkiləri 1774,0 və 2369,0, ümumi çəkisi isə 4143,0 qram olmaqla külli miqdar təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükülüdə çəkisi 367,006 qram olub külli miqdar təşkil edən xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, təsiredici maddəsinin ümumi miqdarı 12,0 qram (bir həbdə 0,04 qr) olub külli miqdar təşkil edən 30 ədəd konvalyutda hər birində 10 ədəd, ümumi sayı isə 300 ədəd olan qəhvəyi rəngli dairəvi formalı narkotik vasitə hesab edilən metadon həblərini və 4 ədəd bükülüdə ayrı-ayrılıqda çəkiləri 395,903, 127,743, 201,091 və 226,719, ümumi təmiz çəkisi isə 951,456 qram olub külli miqdar təşkil edən ağ rəngli kristal formada psixotrop maddə metamfetamini Ələt-Astara magistral yolun Astara rayonu ərazisindən keçən hissəsində, “201” rəqəmi əks olunmuş dəmir lövhənin yanında gizlədilməsi barədə ona məlumat verməsindən sonra o, 26 sentyabr 2021-ci il tarixdə gecə saatlarında idarə etdiyi “Vaz 2170” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə qeyd olunan yerə gedərək içərisində həmin narkotik vasitə və psixotrop maddələr olan bağlamanı əldə edərək, avtomobilinin yük hissəsində daşımaqla özündə saxlamış, bu barədə əməliyyat məlumatı almış Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının 27 sentyabr 2021-ci il tarixdə saat 14 radələrində radələrində keçirdikləri əməliyyat tədbirləri zamanı idarə etdiyi “Vaz 2170” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran şəhəri, R.Bayramov küçəsində hərəkətdə olarkən saxlanılaraq ünvan 1 ünvanında yerləşən Baş idarənin regional şöbənin inzibati binasına gətirildikdən sonra avtomobilin yük yerinə baxış keçirilərkən rezin örtüyün altındakı ağ rəngli sellofan torbanın içərisindən göstərilən çəkilərdə və bükülülərdə külli miqdarda narkotik vasitə olan heroin, tiryək, metadon həbləri və külli miqdarda psixotrop maddə olan metamfetamin üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi ilə birlikdə aşkar edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkomandır, metadondan istifadə edir. Bir neçə ay əvvəl Rza adlı İran vətəndaşı ilə tanış olmuş olaraq “WhatsApp” vasitəsilə danışmış, bir neçə dəfə onun göndərdiyi narkotik vasitələri dediyi yerdə aparıb qoymuş, hər kiloqramına görə hesab kartına 500 manat pul göndərirmiş. 26 sentyabr 2021-ci il tarixdə axşam saatlarında Rza onunla əlaqə saxlayaraq Ələt-Astara magistral yolunda 201 yol nişanının yanında gizlətdiyini deyərək əvvəlki qayda ilə gedib götürməsi və sonra dediyi yerə qoyaraq pulunu göndərəcəyini demişdir. O, idarə etdiyi avtomobillə həmin yerə gedərək “201” yol nişanının yanında olan Rzanın yerləşdirdiyi bağlamanı götürərək avtomobilinin yük yerinə qoymuşdur. 27 sentyabr 2021-ci il tarixdə, saat 14 radələrində yaşadığı Lənkəran şəhəri, R.Bayramov küçəsində idarə etdiyi “VAZ-Priora” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayanarkən bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərinin polis əməkdaşı olduğunu demişlər və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirərək cənub reginaol şöbəsinə dəvət etmişlər. Orada üzərində axtarış keçirilmiş, lakin hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Polis əməkdaşları ilə söhbət zamanı avtomobilində narkotik vasitə olmasını demiş, bundan sonra avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin yük hissəsini açmış və sol tərəfdə, rezin örtüyün altında gizlətdiyi ağ rəngli sellofan torbanı polis əməkdaşlarına təqdim etmişdir. Bağlamaya baxış keçirilərkən içərisində bir ədəd elektron tərəzi, dörd ədəd bükümdə metamfetamin, 300 ədəd metadon tabletləri, bir ədəd bükümdə tiryək, iki ədəd bükümdə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Əməlindən peşimandır, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Baş Nakrkotiklərlə Mübarizə İdarəsinin Cənub X2 baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, daşıması, saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. 27 sentyabr 2021-ci il tarixdə saat 14 radələrində əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, R.Bayramov küçəsində idarə etdiyi VAZ-2170 markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlanılaraq polis şöbəsinə dəvət olunmuş, üzərində axtarış keçirilərkən hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə narkotik vasitə olduğunu bildirmiş, sonuncunun avtomobilinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin yük hissəsindən bir ədəd torba təqdim edərək içərisində narkotik vasitə olduğunu bildirmişdir. Həmin torbaya baxış keçirildikdə içərisindən bir ədəd elektron tərəzi, dörd ədəd bağlamada kristal formalı, ağ rəngli, psixotrop maddə metamfetaminə bənzər kütlələr, listlərdə olan metadon həblərinə bənzər tabletlər, iki ədəd bağlamada qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər kütlə və bir ədəd bağlamada narkotik vasitə tiryəkə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin maddələri Rza adlı İran vətəndaşı tərəfindən göndərdiyini demişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Baş Nakrkotiklərlə Mübarizə İdarəsinin Cənub X2 polis nəfəri Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-fiziki kimyəvi ekspertizasının 28 sentyabr 2021-ci il tarixli 19/966 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşından aşkar edilmiş heroinə bənzər, tiryəkə bənzər, metamfetaminə bənzər kütlələr, metadon tabletlərinə bənzər tabletlər və 01 ədəd elektron tərəzi.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 02 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri -1774,0 qram, -2369,0 qram, ümumi təmiz çəkisi -4143,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. 04 ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri -395,903 qram, -127,743 qram, -201,091 qram, -226,719 qram, ümumi təmiz çəkisi -951,456 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. 01 ədəd bükümdə, təmiz çəkisi -367,006 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. 30 ədəd konvalyutda hər birində 10 ədəd olmaqla ümumi sayı 300 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadondur, həblərin təsiredici maddəsinin ümumi miqdarı -12,0 qramdır (bir həbdə 0,04 qr.) və 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manatdır. Tədqiqatdan sonrakı qalıq: narkotik vasitə heroin 4142,9 qram, psixotrop maddə metamfetamin 951,256 qram, narkotik vasitə tiryək 366,956 qram və metadon həbləri 290 ədəd təşkil edir. İş materiallarında olan 29 sentyabr 2021-ci il tarixli 1046 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs metadondan sui-istifadə edilməsi ilə nəticələnən toksikomaniya xəstəliyi aşkar olunur. Toksikomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 29 sentyabr 2021-ci il tarixli 958 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, saxlanılandan sonra Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan 27 sentyabr 2021-ci il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən bir ədəd avtomaşın açarı, dörd ədəd 20 manatlıq, bir ədəd 10 manatlıq, bir ədəd 5 manatlıq, dörd ədəd 1 manatlıq cəmi 99 manat pul və bir ədəd «Redmi» markalı mobil telefon aşkar edilərək götürülmüşdür. İş materiallarında olan xx.xx.2021 və xx.xx.2022-ci il tarixli qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus 99 manat pul, bir ədəd «Redmi» markalı mobil və 2170 markalı 42CF998 dövlət qeydiyyat nişanlı avtomobil onun yaxın qohumlarına qayarılmışdır. İş materiallarında olan 27 sentyabr 2021-ci il tarixli «baxış və götürmə haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus VAZ-2170 markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsindən 02 ədəd bağlamada narkotik vasitə heroinə bənzər kütlələr, 04 ədəd bağlamada psixotrop maddə metamfetaminə bənzər kütlələr, 01 ədəd bağlamada narkotik vasitə tiryəkə bənzər kütlələr, listlərdə metadon həblərinə bənzər tabletlər və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İş materiallarında olan «maddi sübut kimi tanınma haqqında» 29 noyabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs atomobilindən götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq 02 ədəd bükümdə, ümumi təmiz çəkisi 4142,9 qram narkotik vasitə olan heroin, 04 ədəd bükümdə, ümumi təmiz çəkisi 951,256 qram psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə, təmiz çəkisi 366,956 qram olan narkotik vasitə tiryək, 290 ədəd metadon həbləri və 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış saxlanılmasından ötrü Lənkəran şəhər-rayon polis şöbəsinin saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan «cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında» qərardan görünür ki, “Rza” adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri barəsində cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrı icraatda cinayət işi ayrılmışdır. İş materiallarında olan Lənkəran rayon məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxsn ətrafında əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair Baş narkotiklərlə Mübarizə İdarəsinin Cənub X2 27 sentyabr 2021-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan 27 sentyabr 2021-ci il tarixli protokolla Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Lənkəran rayon məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 27 sentyabr 2021-ci il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan Lənkəran şəhər Psixatriya Xəstəxanasının 09 oktyabr 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda yoxdur. İş materiallarında olan yaşayış yerindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu Lənkəran rayonu, R.Bayramov küçəsi ev 22-də qeydiyyatda olmaqla, ailə tərkibi ata və anasından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə edib, özündə saxlamaqla daşımasına görə pul qazanmaq niyyətində olması, onun məhz narkotik vasitəni əvəzli olaraq yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş, lakin ona Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə düzgün ittiham verilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, bu maddədə nəzərdə tutulmuş cinayət əməli (hazırki işə münasibətdə) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən “narkotik vasitələrin, psixotrop maddələrin .... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi»ilə törədilir. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə istinad edilən əməllə bağlı müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hal ondan ibarətdir ki, o, “Rza” adlı İran sakininin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaydada keçirib Azərbaycan Respublikasına gətirdiyi yuxarıda qeyd olunan narkotik vasitəni Ələt-Astara magistral yolun Astara rayonu ərazisindən keçən hissəsinə gətirib, yolun kənarında basdırılmış, üzərində məsafəni göstərən “201” rəqəmi əks olunmuş dəmir lövhənin yanından (dövlət sərhəddindən xeyli məsafə kənarda) götürmüşdür. Məhkəmə tərkibi işin faktiki hallarına əsasən Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin törədilməsində rolunun qiymətləndirilməsində ibtidai istintaq orqanının səhvə yol verdiyini hesab edərək aşağıdakı əsaslara görə sözügedən əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlaməti üzrə tövsifini düzgün saymır. Buna görə də, ilk olaraq Təqsirləndirilən şəxs qeyd olunan qaçaqmalçılıq cinayətinin törədilməsində iştirakının növü dəqiq müəyyən edilməli və bundan sonra əməli tövsif edilməlidir. Qeyd olunur ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamda “Rza” adlı şəxslə yanaşı təqsirləndirilən şəxsin də, qaçaqmalçılıq cinayətinin törədilməsində iştirakını – cinayətin icraçısı olaraq qiymətləndirmişdir. Azərbaycan Respublikası CM-in 32.2-ci maddəsinə əsasən “Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır”. Qanunun qeyd olunan normasına əsasən şəxs üç halda, yəni birincisi cinayəti bilavasitə törətdikdə, ikincisi başqa şəxslə birlikdə onun törədilməsində bilavasitə iştirak etdikdə və nəhayət cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətdikdə cinayətin icraçısı sayılır. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 19-cu bəndinin təhlili göstərir ki, icraçılıq fəaliyyəti cinayətin obyektik cəhətinin qismən və ya tam icra edilməsində, cinayətin obyektiv cəhətinin bilavasitə icrasına kömək göstərilməsində də ifadə oluna bilər. Belə ki, qeyd olunan plenum qərarının həmin bəndə əsasən qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Qanunun qeyd olunan normanın məzmunundan, habelə Ali Məhkəməsinin Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqedən görünür ki, cinayətin icraçısının hərəkəti cinayətin icrasına başlanan andan icranın başa çatma anınadək olan dövrü əhatə edir. Yəni cinayət başa çatdıqdan sonra hər hansı bir şəxsin həmin cinayətdə bu və ya digər formada iştirakı yalnız köməkçi qismində (əgər cinayətin icraçı tərəfindən törədiləcəyi köməkçinin qəsdi ilə əhatə olunursa) ola bilər. Cinayətin icra edilməsi dedikdə isə, onun obyektiv cəhətini təşkil edən hərəkətlərin yerinə yetirilməsi başa düşülür. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığı cinayətinin obyektiv cəhətini həmin predmetlərin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 16-cı bəndin dördüncü yarımbəndinə əsasən “Malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir”. Məhkəmə baxışı zamanı “Rza” adlı şəxsin Azərbaycan Respublikasının gömrük sərhədindən narkotik vasitəni nə vaxt və hansı üsulla, tək və ya başqaları ilə birlikdə, yaxud da, kim(lər)insə vasitəçiliyilə keçirməsi halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 32.5-ci maddəsinə əsasən “Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəasını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, X4 qaçaqmalçılıq cinayətinə münasibətində əməli Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, X4 Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, təqsirləndirilən şəxs CM-in qeyd olunan maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. X4 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən təqsirləndirilən şəxs X4 əldə etdiyi narkotik vasitə və psixotrop maddələr “külli miqdar” kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən X4 yaşayış yerindən müsbət xarakterizə olmasını, əməlini səmimi etiraf etməsini və ilk məhkumluğunu məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən X4 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən X5 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, X6 barəsində cəza çəkdiyi müddətdə taksikomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Lənkəran şəhər Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 02 ədəd bükümdə, ümumi təmiz çəkisi 4142,9 qram narkotik vasitə olan heroin, 04 ədəd bükümdə, ümumi təmiz çəkisi 951,256 qram psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə, təmiz çəkisi 366,956 qram olan narkotik vasitə tiryək, 290 ədəd metadon həbləri və 1 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərcinin Məzim Nuriyevdən tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin əvvəlinin 27 sentyabr 2021-ci il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: X6 Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-in 32.5, 206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X5 cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 27 sentyabr 2021-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. X6 cəza çəkdiyi müddətdə taksikomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza X1 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış - Lənkəran şəhər Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 02 ədəd bükümdə, ümumi təmiz çəkisi 4142,9 qram narkotik vasitə olan heroin, 04 ədəd bükümdə, ümumi təmiz çəkisi 951,256 qram psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə, təmiz çəkisi 366,956 qram olan narkotik vasitə tiryək, 290 ədəd metadon həbləri və 1 ədəd elektron tərəzi məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Məzim Nuriyevə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar