Məhkəmə qərarları › İş №1(099)-210/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-210/2023

03.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-210/2023 03.08.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin qanuni nümayəndəsi Şahid3 və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxxxx 1989-cu ildə Kürdəmir rayonu Sığırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Kürdəmir rayonu Sığırlı kənd tam orta məktəbində müəllim işləmiş, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, arvadı Zərərçəkmiş şəxs ona xəyanət etməsindən şübhələnərək qısqanclıq zəminində sonuncunu qəsdən öldürmək qərarına gəlmiş, bu cinayətkar niyyətini həyata keçirməkdən ötrü 03 oktyabr 2022-ci il tarixdə saat 10 radələrində birgə yaşadıqları evin həyətində nar toplayarkən əvvəlcədən şalvarının arxa cibində gəzdirdiyi bıçağı çıxarıb kəsici-deşici hissəsi ilə Zərərçəkmiş şəxs həyatı üçün mühüm orqanların yerləşdiyi döş qəfəsinin sağ və sol səthinə, eləcə də bədəninin müxtəlif nahiyələrinə ümumilikdə qəsdən 18 dəfə zərbə vurmaqla ona döş qəfəsini dəlib keçməyən 5 ədəd, sol bel nahiyəsinin 1 ədəd, sağ əlin iç səthinin 3 ədəd, sağ budun 1 ədəd, alın nahiyəsinin 1 ədəd, sol gözün iç bucağının 1 ədəd deşilmiş-kəsilmiş yaraları ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, hemopnevmatoraks, döş qəfəsinin sağ yarısını dəlib keçən 2 ədəd, döş qəfəsinin sol yarısını dəlib keçən 4 ədəd kəsilmiş-deşilmiş yarası ilə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, vurduğu bıçaq zərbələrindən Zərərçəkmiş şəxs öləcəyini zənn edərək hadisə yerindən qaçmış, lakin sonuncunun vaxtında xəstəxanaya çatdırılmaqla həkimlərin göstərdiyi zəruri tibbi yardımlar nəticəsində həyatı xilas edildiyinə görə öz iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməmiş, Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Lakin cinayət işinin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qeyd olunan, Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş, hazırda da anlaqsız vəziyyətdədir və barəsində tibbi xarakterli məcburi tədbirlərin tədbiqinə zərurət vardır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında göstərdi ki, arvadı Durbəs və uşaqları ilə Kürdəmir rayonu Sığırlı kəndində yaşamışlar. Özü çoğrafiya müəllimi işləmişdir. Hadisədən əvvəl son bir ayda gərgin olmuş, yata bilməmişdir. Onda psixi pozuntular baş vermişdir. Xəstəxanaya getmişdir, həkim ona dərman yazmışdır. Ancaq dərmanları qəbul etməmişdir. Arvadını qısqanmış, lakin qısqandığı konkret şəxs yoxdur. Arvadı nar yığarkən onu bıçaqla vurmuşdur. Həmin vaxt uşaqları evdə olmuşlar. Həyətdə ikisi olmuşlar. Arvadını bıçaqla vurmaqda məqsədi onu öldürmək olmamışdır. Neçə bıçaq vurmasını saymamışdır, ancaq təxminən on bıçaq zərbəsi vurmuşdur. Sonra peşiman olmuşdur. Arvadını vurduğu bıçaqdan nar bağında istifadə etmişdir. Arvvadını bıçaqla vurduqdan sonra hadisə yernindən getmişdir. Bıçağın isə hadisə yerində qalmasını, yaxud özü ilə aparmasını xatırlamır. Təqsirləndirilən şəxs Bəkir Rəcəbovun ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstərilmişdir ki, 2022-ci ilin mart ayında axşam işdən evə gələndə böyük oğlu Tunar ona baxaraq “ata hələ indi gəlirsən?”- deyə soruşmuşdur. Oğlu ona “bayaq mətbəxdə adam var idi, o sən idin?” sualını vermişdir. O oğlu Tunarın yuxu gördüyünü düşünmüşdür. Bu hal təxminən 25 gün sonra yenidən təkrarlanmışdır. Təxminən 4-5 aydır ki, məktəbdə işdə olarkən və ya ümumiyyətlə evdə olmayanda arabir arvadı Durbəsə zəng edəndə onun telefonu daim məşğul olmuşdur. 2022-ci ilin yay aylarında kənd sakinləri və dostları arasında ailəsi haqqında söz-söhbətlər başlamışdır. Təxminən 2022-ci ilin avqust ayının ortalarında yaşadığı evdə olarkən qonşuluqda yaşayan Şəhla bibisigildə səs-küy düşmüşdür. O da öz həyətlərinə düşərək qonşu həyətdə nə olduğuna qulaq asmışdır. Bibisi Şəhlanın yüksək səslə qışqıraraq “o qovulasıdı, saxlamaq lazım deyil” kimi sözlər deməsini eşitmişdir. Həmin vaxt qayınatası Nurəlinin isə “niyə elə deyirsən?” deməsini eşitmişdir. Buna görə o özlüyündə qonşuluqda ailəsi haqqında söhbət getdiyini hiss etmiş, lakin bibisindən və qayınatasından bu barədə soruşmamışdır. O müəllim yoldaşları ilə çay evində görüşərkən dostlarının ondan uzaqlaşmağa başladığını hiss etmişdir. Müəllim yoldaşı Fərahim Əsədov ona “özündən xəbərin yoxdur deyəsən” sözlərini demişdir. Arvadı Durbəs də ona qarşı soyuq davranmış, hər xırda məsələni böyüdərək söz-söhbət yaratmış, onunla küsmüşdür. Bütün bu olanlardan son vaxtlar arvadı Durbəsin hərəkətləri, iş yoldaşlarının ondan uzaqlaşmağa başlaması, eşitdiyi söz-söhbətlərə görə arvadı Durbəsin ona xəyanət etdiyini güman etmişdir. Bunun nəticəsində həmin günlərdə depresiyaya düşmüş, hətta bu vəziyyəti ilə bağlı Kürdəmir Rayon Xəstəxanasında adını xatırlamadığı həkimin qəbulunda olmuş və ona sakitləşdirici dərmanlar yazılmışdır. Əvvəlcə həmin dərmanlardan istifadə etsə, sonradan istifadəni dayandırmışdır. 03 oktyabr 2022-ci il tarixdə səhər saat 8 radələrində arvadı Durbəs və qardaşı Urmanla birlikdə həyətdə nar yığmağa başlamışlar. O arvadı ilə narları ağacdan dərir, qardaşı isə taxta yeşiklərə yığdıqları narları maşına yükləyib evin yanına aparmışdır. Arvadı ilə nar yığarkən onunla gündəlik məsələlərlə bağlı söhbət etmişdir. Bir müddət nar yığandan sonra yorulduğunu bildirərək dayanmışdır. Bu vaxt arvadı Durbəs ona “çox ləng işləyirsən, 70 yaşında kişi kimi görsənirsən”, “istəyərdim ki mənim də yoldaşım güclü, qüvvətli və işgüzar biri olsun” sözlərini demişdir. O da “mən müəllim adamam, fəhlə deyiləm” sözlərini demişdir. Arvadının dediyi bu sözlər ona çox pis təsir etmiş, bir kişi kimi qüruruna toxunmuşdur. Bir müddət nar yığmağa davam etsə də, arvadının ona dediyi sözün təsirindən çıxa bilməmişdir. Həm də uzun müddətdir ki, arvadının ona başqasıyla xəyanət etdiyi fikri ağlından çıxmamışdır. Arvadının ona həmin sözləri deməsindən sonra beynində çox götür-qoy edərək, belə hərəkətlərinə və sözlərinə görə arvadının həqiqətən başqa kişilərlə ona xəyanət etdiyini düşünüb onu öldürmək qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 10:30 radələrində həyətdə arvadı ilə nar yığan zaman arvadı Durbəs arxasını çevirib gedərkən qəflətən əynindəki şalvarın arxa cibində saxladığı bıçağı çıxararaq arvadı Durbəsin kürək nahiyəsinə bir neçə dəfə zərbə vurmuş, arvadı aldığı zərbələrdən qışqıraraq üzü üstə yerə yıxılmışdır. O da arvadının yanına yaxınlaşaraq ona qarşı etdiklərinin və dediyi sözlərin heyfini çıxmaq üçün öldürmək məqsədi ilə Durbəsin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri vurmuşdur. Arvadı Durbəsə sayını xatırlamadığı qədər bıçaq zərbəsi vurduqdan sonra arvadının qan içərisində olduğunu görüb qorxmuş, vurduğu bıçaq zərbələrindən Durbəsin öləcəyini düşünüb ondan aralaşmış və həyətin arxa qapısından çıxaraq kanala doğru qaçmışdır. O qapıdan çıxanda arxadan qardaşının və anasının gəldiyini görmüşdür. Əlindəki bıçağı da həmin vaxt həyətin çölündə olan kolluğa atmışdır. Kanala girərək əliniüzünü yumuş, daha sonra orada oturaraq bir müddət ağlamış, etdiklərini düşünmüşdür. Təxminən 2-3 saat orada dayandıqdan sonra qardaşı Urman gələrək gizlənməyinin bir mənası olmayacağını, əvvəl axır tutulacağını bildirərək onu təslim olmağa razı salmış, o da geriyə-evə qayıdaraq paltarlarını dəyişmiş və Kürdəmir rayon polis şöbəsinə gələrək təslim olmuşdur. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs məhkəmədə göstərdi ki, əri Təqsirləndirilən şəxs və uşaqları ilə bir yerdə yaşamışlar. X5 kənd orta məktəbində müəllim işləmişdir. Evli olduqları bu müddət ərzində Rəcəb heç vaxt onu döyməmiş, incitməmiş, araları həmişə yaxşı olmuşdur. Rəcəb 2022-ci ilin iyul-avqust aylarından başlayaraq özünü qeyri-adi aparmağa başlamış, əsəbləri pozulmuş, danışmamış, daimi fikrə getmişdir. Ona tez-tez demişdir ki, atan səni gəlib aparacaqdır. O isə Bəkirə demişdir ki, atam məni nə üçün gəlib aparmalıdır. Rəcəb həmin vaxtlardan başlayaraq onu qısqanmağa başlamışdır. Otaqların qapılarını və pəncərələri arxadan bağlamışdır. Evin zirzəmisinə girib oranı telefon işığı ilə axtarmış, evdən çıxıb daimi çöldə gəzmiş, yatmamış, telefonuna zənglər gəldiyini demişdir. 03 oktyabr 2022-ci il tarixdə səhər 9 radələrində yaşadığı evin həyətində əri Rəcəb və onun qardaşı Urmanla birlikdə nar yığımına başlamışlar. Həmin vaxt qayınanası Şəfiqə onlara gələrək evdə yemək bişirmiş və uşaqlara baxmışdır. O Rəcəblə ağacdan narları dərərək taxta yeşiklərə yığmış, Urman da həmin yeşikləri maşına yığaraq evin yanına aparıb boşaltmışdır. Saat təxminən 10 radələrində əri Rəcəb yanına gələrək gündəlik məişət mövzusunda söhbətlər etmiş, danışıb-gülmüşdür. O yerdə oturub nar yedikdən sonra yenidən nar yığmağa başlamışdır. Həmin vaxt Rəcəb onun arxasında olmuşdur. Qəflətən kürək nahiyəsindən ona zərbələr dəydiyini hiss etmiş, həmin vaxt dizi üstə oturmuş vəziyyətdə olmuşdur. Üzünü çevirəndə Rəcəbin sağ əlində bıçaqla ayaq üstə dayandığını görmüşdür. Rəcəbə nə olduğunu soruşanda ona heçnə deməyərək qaşının ortasından və sol gözündən bıçaqla xəsarət yetirərək onu itələyib yerə yıxmış, onu üzü üstə çevirərək qarnının üstündə dizlərini yerə qoyaraq oturmuşdur. O əli ilə üzünü qorumağa çalışmışdır. Rəcəb isə dayanmadan bədəninin müxtəlif nahiyyələrinə bıçaq zərbələri vurmağa davam etmişdir. O Rəcəbə yalvararaq dayanmasını, vurmamasını demiş, qışqıraraq qayınanası və Urmanı köməyə çağırmışdır. Rəcəb isə heç bir söz demədən soyuqqanlılıqla ona bıçaq zərbələri vurmağa davam etmişdir. Ona çox sayda bıçaq zərbələri vurandan sonra Rəcəb kənara çəkilmiş və əlində bıçağı tutaraq təxminən 5-10 saniyə müddətində ona baxmışdır. Daha sonra Rəcəb qardaşı və anasının gəldiyini eşidib bağın arxa tərəfinə qaçıb getmişdir. Qaynı Urman və qayınanası Şəfiqə onu maşına əyləşdirərək xəstəxanaya aparmışlar. Rəcəb onu xəstə olması səbəbindən vurmuşdur. Rəcəbdən şikayət və tələbi yoxdur. Ərinin hansı səbəbdən onu vurmasını bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. O, arvadı Dürbəs və uşaqları ilə yaşamışdır. Özü isə orta məktəbdə müəllim işləmişdir. Rəcəb son vaxtlar özünü qeyri-adi aparmış, yuxularında arvadına qarşı nəsə görmüşdür. Kanalda su gəlib şırıldadığını, çəpərdə şıqqıltı gəldiyüini demişdir. Nəsə olduğunu bildirməklə evin pəncərəsindən ora-bura baxmış, orada kiminsə olduğunu demişdir. Oğlunun xəstələndiyini görüb onu nevropatoloq həkimə aparmışlar. Lakin həkim Rəcəbin xəstəliyinin psixi xəstəlik olduğunu demişdir. Həkim ona dərman yazmışdır. Dərmanları alsalar da, Rəcəb dərmanları qəbul etməmişdir. 03 oktyabr 2022-ci il tarixdə səhər saat 9 radələrində oğlu Urman, Rəcəb və onun arvadı Durbəslə birlikdə həyətdə nar yığmışlar. Saat 11 radələrində evində olduğu zaman oğlu ona zəng edərək Rəcəbin arvadı Durbəsi bıçaqla vurduğunu xəbər vermişdir. O, hadisə yerinə gedəndə arvadı Şəfiqə oğlu Urmanla birlikdə Durbəsi maşına qoyub xəstəxanaya aparmışlar. Rəcəb arvadını xəstəliyi ilə əlaqədar olaraq bıçaqla vurmuşdur. Başqa səbəb yoxdur. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid2 göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu Rəcəb xasiyyətcə sakit təbiətli və ləng adam olmuş, arvadı Durbəs və uşaqları ilə Kürdəmir rayonu Sığırlı kəndindəki evində yaşamış, kəndlərindəki orta məktəbdə müəllim işləmişdir. Hadisədən təxminən iki ay əvvəldən başlayaraq Rəcəb özünü qəribə aparmış, yata bilməmiş, qulaqlarında səs-küy yarandığını bildirmiş, gündə on dəfəyədək onlara gəlib-getmiş, toyuq hininə beton tökəcəyini bildirmiş, lakin heç nə etmədən getmişdir. Rəcəbin xəsitələndiyini görüb onu həkimə aparmışlar. Həkim ona dərman yazmışdır. Lakin Rəcəb dərmanları qəbul etməmişdir. 03 oktyabr 2022-ci il tarixdə səhər saat 9 radələrində oğlu Urman, Rəcəb və onun arvadı Durbəslə birlikdə həyətdə nar yığmışlar. Həmin vaxt o Rəcəbgilin evində Rəcəbin uşaqlarına baxmış və yemək bişirmişdir. Əri Qurban isə öz evlərində olmuşdur. Təxminən saat 11 radələrində həyətdən gəlini Durbəsin qışqıraraq onu çağırdığını eşitmiş, həyətə düşəndə oğlu Urmanın evin yanında nar boşaltdığını görmüşdür. Durbəsin səsi gələn tərəfə qaçmağa başlamışlar. Durbəsgilin nar dərdiyi yerə çatanda Durbəsin nar ağaclarının yanında onlara doğru əyilərək gəldiyini görmüşdür. Durbəs bir-iki addım atandan sonra yerə yıxılmış, paltarları qan içində olmuşdur. Durbəsdən nə olduğunu soruşanda onu Rəcəbin bıçaqla vurduğunu demişdir. Həmin vaxt Rəcəb orada olmamışdır. Durbəsi Urmanla birlikdə köməkləşərək maşının arxa oturacağına uzandırmış və Kürdəmir Rayon Xəstəxanasına aparılmışdır. X3 bıçaqlamasının səbəbini onun xəstəliyi ilə izah edir. Başqa bir səbəb olmamışdır. Buna görə Rəcəbi Kürdəmir RMX-ya aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Qardaşı Rəcəb ailəsi ilə Kürdəmir rayonu Sığırlı kəndində yaşamışdır. Onların evləri arasında təxminən 500 metr məsafə vardır. Son vaxtlar Rəcəb özünə qapanmış, dağınıq fikrlər söyləmiş, evin pəncərəsini qapılarını içəridən bağlamış, heç bir əsas olmadan arvadına qarşı onda qısqancıqlıq yaranmışdır. Rəcəb kənd orta məktəbində müəllim işlədiyindən işinə ziyan gəlməməsi üçün onun bu hərəkətlərini yaymamağa çalışmışlar. Rəcəbi həkimə aparmışlar, Həkim ona dərman yazmış, lakin dərmanları da qəbul etməmişdir. 03 oktyabr 2022-ci il tarixdə səhər saat 9 radələrində qardaşı Rəcəb və onun arvadı Durbəslə birlikdə Rəcəbgilin həyətində nar yığmağa başlamışlar. Qardaşı Rəcəb və onun arvadı narları ağacdan dərərək taxta yeşiklərə yığmış, o isə həmin yeşikləri atasına məxsus “QAZ31” markalı avtomobillə evin yanına apararaq boşaltmışdır. Anası Şəfiqə isə həmin vaxt evdə uşaqlara baxmış və yemək bişirmişdir. Saat 10:40 radələrində evin yanında nar yeşiklərini maşından boşaldan zaman narlıq sahədən Durbəsin qışqırığını eşitmişdir. Durbəs qışqıraraq kimisə səsləmişdir. O da həyətdən anasını səsləyərək Durbəsin qışqırdığını demiş və səs gələn tərəfə doğru qaçmağa başlamışdır. Durbəsin Rəcəblə nar dərdiyi yerə çatanda Durbəsin nar ağaclarının yanında onlara doğru əyilərək gəldiyini görmüşdür. Durbəs bir-iki addım atandan sonra yerə yıxılmış, paltarları qan içində olmuşdur. Durbəsdən nə olduğunu soruşanda onu Rəcəbin bıçaqla vurduğunu demişdir. Həmin vaxt Rəcəb orada olmamışdır. Anası ilə birlikdə köməkləşərək Durbəsi maşına qoyaraq Kürdəmir Rayon Xəstəxanasına gətirmişlər. Rəcəbin arvadını bıçaqla vurmasının hər hansı bir səbəbi olmamışdır. Şahid6 qızı ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. Rəcəb öz ailəsi ilə birlikdə Sığırlı kəndində yaşamış, onunla qonşu olmuşdur. Rəcəb ifadəsində göstərdiyi hallar-yəni 2022-ci ilin avqust ayının ortalarında yaşadıqları evdə olarkən onun həyətində hay-haray düşməsi, onun yüksək səslə qışqıraraq “o qovulasıdı, saxlamaq lazım deyil” kimi sözlər deməsi, həmin vaxt onların həyətində olan Nurəlinin də “niyə elə deyirsən?” sözlərini deməsi olmamışdır. 03 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində yaşadığı həyətdə olarkən Rəcəbgilin həyətində qışqırıq səsləri eşitmişdir. Səs-küyə çölə çıxaraq Rəcəbgilin qapısına doğru getmişdir. Həyətin giriş darvazası açıq vəziyyətdə olmuş, həyətdə qardaşı arvadı Şəfiqə olmuşdur. Şəfiqədən nə olduğunu soruşanda Rəcəbin arvadı Durbəsi bıçaqladığını, oğlu Urman və əri Qurbanın onu xəstəxanaya apardığını bildirmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 505 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətlər vardır: 2 ədəd döş qəfəsinin sağ yarısının və 4 ədəd döş qəfəsinin sol yarısını dəlib keçən və 5 ədəd döş qəfəsini dəlib keçməyən kəsilmiş-deşilmiş yaraları, hemopnevmatoraks, 1 ədəd sol bel nahiyəsinin, 3 ədəd sağ əlin iç səthinin, alın nahiyəsinin 1 ədəd, sol gözün iç bucağının 1 ədəd və sağ budun 1 ədəd deşilmiş-kəsilmiş yaraları. Qeyd olunan xəsarətlər iti uca və iti kənara malik olan əşyanın (alətin) təsirindən törənmişdirlər, törənmə müddətləri qərarda göstərilən şəraitə və vaxta-yəni 03.10.22-ci il tarixinə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə - döş qəfəsini dəlib keçən 6 ədəd deşilmiş-kəsilmiş yaraları həyat üçün təhlükəli hal olduqları üçün sağlamlığa ağır zərərvurmaya aiddirlər. Döş qəfəsini dəlib keçməyən 5 ədəd, sol bel nahiyəsinin 1 ədəd, sağ əlin iç səthinin 3 ədəd, sağ budun 1 ədəd, alın nahiyəsinin 1 ədəd və sol gözün iç bucağının 1 ədəd deşilmiş-kəsilmiş yaraları hər biri ayrılıqda sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Məhkəmə-trasoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3/1397 nömrəli rəyindən görünür ki, -tədqiqata təqdim edilmiş, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olan xalatın, köynəyin və büstqalterin səthində kəsici, ucu deşici xassəyə malik olan predmetin təsirindən yaranmağa xarakterik deşilmiş-kəsilmiş zədələr müəyyən edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7602 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmur. Kürdəmir rayonu C.Əsgərov adına Sığırlı kənd tam orta məktəbinin direktoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs işlədiyi yer üzrə müsbət xarakterizə olunur. Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Sığırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 14 oktyabr 2022-ci il tarixli 532 saylı xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 744 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə “Dissosiativ konversion pozuntu?” diaqnozu ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində həkim psixiatra ambulator olaraq müraciət etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Rəcəb Bəkiorv əvvəllər məhkum olunmamışdır. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində xx.xx.2016 və xx.xx.2017 və 2021-ci il tarixlərdə doğulmuş azyaşlı uşaqları vardır. İş üzrə aparılmış ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs barəsində Kompleks stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası təyin edilməklə keçirilmişdir. Həmin ekspertizanın xx.xx.2022-ci il tarixli, 153 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törətməzdən bir müddət (cinayət işi materiallarına əsasən təxminən 1–2 ay) əvvəl psixi vəziyyətində dəyişiklik yaranması səbəbindən həkim-psixiatrın qəbulunda olmuş, ona «Dissosiativ-konversion pozuntu» diaqnozu qoyulmuş və müvafiq müalicə təyin edilmişdir. Lakin Təqsirləndirilən şəxs təyin edilmiş bu müalicəni tam qəbul etməmişdir. Nəticədə Təqsirləndirilən şəxs aşkarlanmış «Dissosiativ-konversion pozuntu» formasında psixi patologiya ifadəlilik baxımından müəyyən qədər zəifləsə də, tam korreksiya olunmamışdır. Belə bir patologiya Təqsirləndirilən şəxs cinayət hadisələrini törətdiyi dövrdə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs gördüyü hadisələri düzgün qavramaq və təsvir etmək imkanına malikdir. Təqsirləndirilən şəxs halhazırkı psixi vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan verir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməzdən bir müddət qabaq əziyyət çəkdiyi «Dissosiativ-konversion pozuntu» formasında psixi patologiya tam korreksiya olunmadığından anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi onun həmin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Odur ki, Təqsirləndirilən şəxs hal-hazırkı hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü və 22.2-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda «Keçirilmiş dissosiativ-konversion pozuntudan sonrakı astenik vəziyyət» müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacının olmadığı müəyyən edilir. Onun barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət yoxdur. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs aşkarlanan astenik pozuntunun xarakteri və dinamikasına əsasən onda endogen xəstəlik – şizofrenik proses istisna olunmur. Endogen proses manifestasiya etmədiyindən onun nozoloji vahid olaraq qəbul edilməsi və diaqnozunun formalaşdırılması mümkün olmur. Təqsirləndirilən şəxs «Dissosiativkonversion pozuntu» formasında psixi patologiyadan əziyyət çəkməsi, onda endogen patologiyanın inkişaf etməsi riskinin olması ehtimalı nəzərə alınaraq həmin şəxsin istənilən şəraitdə (istintaq təcridxanasında, cəzaçəkmə müəssisəsində və s.) daim nəzarət altında saxlanması, zərurət yarandığı halda vaxtaşırı olaraq həkim-psixiatr tərəfindən konsultasiya edilməsi tövsiyə edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət hadisəsini törədərkən patoloji affekt vəziyyətində olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə özünə və ətrafındakılara zərər yetirmək təhlükəsi yoxdur. Məhkəmə psixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət törədildiyi zaman onun şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. Təqsirləndirilən şəxs fərdi-psixoloji xüsusiyyətləri cinayət hadisəsi törədərkən hərəkətlərinə bilavasitə mənfi təsir göstərə bilərdi. Lakin cinayət işinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törətdiyi zaman öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməsinə əsaslı şübhələr yarandığından məhkəmənin 09 may 2023-cü il tarixli qərarı ilə onun barəsində stasionar qaydada təkrar məhkəmə-psixiatrik ekspertizası təyin edilməklə ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X4 həvalə edilmişdir. Həmin ekspertizanın xx.xx.2023-cü il tarixli, 48 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs “Paranoid şizofpeniya” psixi xəstəlikdən əziyyət çəkir. Onda halhazırda müəyyən edilən həmin psixi xəstəlik qısqanclıq sayıqlama fikirlərinin, eşitmə hallüsinasiyalarının təsiri altında olması, təfəkkürünün məntiqsiz olmaqla autik və paraloji xarakter daşıması, maraq dairəsinin məhdud, proqnozlaşdırma qabliyyətinin zəif olması, emosiyalarında solğunluqmüşahidə edilməsi, hərəki-iradi funksiyalarının enməsi və digər əlamətlərlə ifadə olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən keçirdiyi “Paranoid şizofreniya” psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır.Buna görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidır. Təqsirləndirilən şəxs əməlm Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əziyyət çəkdiyi paranoid şizofreeniya xəstəliyinin gedişində psixotik vəziyyət hal-hazırda da davam edir.Buna görə də Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs özü və ətrafdakılar üçün ciddi sosial təhlükə kəsb edir. Azərbaycan Respublikası CM-nin 97.3-cü maddəsinə səasən öz psixi vəziyyətinə görə daimi müşahidə tələb edən şəxslərə xüsusi ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin edilə bilər. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyəti daimi müşahidə tələb etdiyindən onun barəsində Azərbaycan Respublikası CM-nin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tədbiq edilməsi məsləhət görülür. Lakin dövlət ittihamçısı məhkəmə-psixatrik ekspertizasının qeyd olunan rəyi ilə razılaşmamış və Təqsirləndirilən şəxs barəsində təkrar məhkəmə-psixatrik ekspertizasının təyin edilməsi barədə vəsatət vermişdir. Dövlət ittihamçısının vəsatəti təmin edilməklə məhkəmənin 23 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində təkrar məhkəmə-psixatrik ekspertizası təyin edilməklə ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X4 həavələ edilmişdir. Təqsirləndirilən şəxs təkrarən stasionar şəraitdə müayinə olunmaqla verilmiş təkrar məhkəmə-psixatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 86 saylı rəyində göstərilmişdir ki, o, keçirdiyi “Paranoid şizofreniya” psixi xəstəliyi nəticəsində cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan paranoid şizofreniya xəstəliyinə xarakter olan psixotik vəziyyətin hal-hazırda davam etməsi, səbəbindən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə stasionar şəraitdə məcburi müaləcəyə ehtiyacının yarandığı müəyyənləşir. Buna görə də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tədbiq edilməsi məsləhət görülür. Göstərilənlərə əsasən məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verməklə hesab edir ki, R.Q.Bəyirovun 03 oktyabr 2022-ci il tarixdə yaşadığı Kürdəmir rayonu Sığırlı kəndindəki yaşadığı evin həyətində arvadı Zərərçəkmiş şəxs bıçaqla zərbələr vurmaqla həyat üçün təhlükəli olan, sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirməklə öldürməyə cəhd etməsi, həmin əməli törədənədək onda psixi xəstəliyin olması, əməli törədən anda və hazırda anlaqsız vəziyyətdə olması, əməlinin CM-nin 21.1-cü maddəsinin təsiri altına düşməsi və barəsində CM-nin 95.0.3-cü maddəsində nəzərdə tutulmuş ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlərin tədbiq edilməsinə ehtiyac olması sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirilmiş hesab edildiyindən o, cinayət məsuliyyətindən azad edilməli, Azərbaycan Respublikası CM-nin 93.1.1 və 95.0.3-cü maddələrinə əsasən barəsində tibbi xarakterli məcburi tədbir tədbiq olunmaqla ona ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin edilməli, qararın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X4 tapşırılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qərar qanuni qüvvəyə minməklə o, ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicəyə yerləşdirilənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Kürdəmir rayon prokurorluğunda saxlanılan, Zərərçəkmiş şəxs məxsus bir ədəd don, bir ədəd qolsuz köynək, bir ədəd şalvar, bir ədəd busqalter, Təqsirləndirilən şəxs məxsus bir ədəd cinsi şalvar, bir ədəd köynək və qanabənzər ləkə nüiunələri istifadəyə yararsız olduqlarından məhv edilməlidir. Təqsirləndirilən şəxs iş üzrə 166 manat ekspertiza xərcini ödəməkdən azad olunmalıdır. İş üzrə mülki iddiya yoxdur. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 93.1.1, 468- 477-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs anlaqsız vəziyyətdə olmaqla arvadı Zərərçəkmiş şəxs öldürməyə cəhd etməsi, əməl törədilərkən onda psixi xəstəliyin olması, əməli törədildiyi anda və hazırda anlaqsız vəziyyətdə olması, əməlinin CM-nin 21.1-ci maddəsinin təsiri altına düşməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tədbiq edilməsinə ehtiyac olması sübuta yetirilmiş hesab edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.1 və 95.0.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbir tədbiq olunmaqla ona ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə təyin edilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X4 tapşırılsın. Qərar qanuni qüvvəyə minənədək (ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicəyə yerləşdirilənədək) Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Kürdəmir rayon prokurorluğunda saxlanılan, Zərərçəkmiş şəxs məxsus bir ədəd don, bir ədəd qolsuz köynək, bir ədəd şalvar, bir ədəd busqalter, Təqsirləndirilən şəxs məxsus bir ədəd cinsi şalvar, bir ədəd köynək və qanabənzər ləkə nüiunələri istifadəyə yararsız olduqlarından məhv edilsin. Təqsirləndirilən şəxs iş üzrə 166 manat ekspertiza xərcini ödəməkdən azad edilsin. Qərar elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə qərarın surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar