Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-211/2022 25.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi - hakim Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər: Nəbiyev Cəlil Cabbar oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 müdafiəçisi Lənkəran Rayon Vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 müdafiəçisi Lənkəran Rayon Vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3 müdafiəçisi Lənkəran Rayon Vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə xx xxxxxxx 1979-cu ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxxxxx 1995-ci ildə Cəlilabad rayonu, Allahverən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Allahverən kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx xxxx 1986-cı ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsiləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini əldə etmə, daşıma və saxlama ilə bağlı razılığa gəlmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edilməsi, saxlanması, daşınması və satışı barədə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib razılığa gəldikdən sonra 13 iyun 2021-ci il tarixdə saat 22:30 radələrində sonuncuya külli miqdarda narkotik vasitə əldə etməsi üçün 300 AZN pul verib idarə etdiyi VAZ-2106 markalı avtomobil ilə Cəlilabad şəhəri M.Əzizbəyov küçəsi ev 50-də yaşayan Təqsirləndirilən şəxs3 Sücəddin oğlunun yaşadığı ünvana aparmış, Təqsirləndirilən şəxs2 avtomobildən düşüb külli miqdarda narkotik vasitələrin satılması ilə bağlı qabacaqdan razılığa gəldiyi Təqsirləndirilən şəxs3la görüşüb bir ədəd bükümdə ümumi təmiz çəkisi 20,736 qram çəkidə külli miqdarda narkotik vasitə heroini 300 manat pul müqabilində satın alaraq əldə edib Təqsirləndirilən şəxs1 verdikdən sonra sonuncu həmin narkotik vasitə heroindən bir ədəd bükümdə təmiz çəkisi 2,333 qram olan hissəsini ayıraraq Təqsirləndirilən şəxs2 pay verməklə qanunsuz olaraq satmış, heroinin qalan 18,403 qram hissəsini yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə apararaq satış məqsədilə 12,491 qr: -0,533 qr: -0,894 qr: -0,085 qr: - 0,090 qr: -0,089 qr: -0,126 qr:-0,033 qr: -0,091 qr: -0,047 qr: -0,053 qr: -0,058 qr: -0,042 qr: -0,086 qr: -2,940 qr: -0,745 qram olmaqla ümumilikdə 16 ədəd xırda bükümlərə ayıraraq evin otağındakı televizor altlığının içərisində olan karton qutuda qanunsuz olaraq saxlamışdır. 16 iyun 2021-ci il tarixdə saat 02 radələrində polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilən zaman 16 ədəd bükümlərdə olan ümumi təmiz çəkisi 18,403 qram tiryəkdən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroinlər aşkar edilərək götürülmüşdür. Həmçinin, həmin tarixdə keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs2 yaşadığı Cəlilabad rayonun Allahverən kəndində, Təqsirləndirilən şəxs3 yaşadığı Cəlilabad şəhəri M.Əzizbəyov küçəsində saxlanılmış, şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs2 üzərində bir ədəd bükümdə təmiz çəkisi 2,333 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs3 üzərində bir ədəd bükümdə təmiz çəkisi 2,632 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci il iyun ayının 16-da Cəlilabad rayonunda çayxanada olarkən polis əməkdaşları narkotik satışında şübhəli olduğu üçün onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin Lənkəran Regional Şöbəsinə aparmışlar. Şifahi sorğu zamanı bildirmişdir ki, tanışı olan Hasilə 300 manat pul verərək ona narkotik almasını istəmiş, Hasil ona 10 qram heroin alıb gətirdikdən sonra bunun qarşılığında Hasilə istifadə etməsi üçün 1 büküm, təxminən 0,5 qram heroin vermişdir. Elçini tanımır. Saxlanılarkən evindən 16 büküm narkotik aşkar olunmuşdur. Heç kimə narkotik satmamışdır. Özünü narkotikin satışı ilə bağlı təqsirli bilmir. Fəhlə işləyir. Polis əməkdaşları tərəfindən ona zor tətbiq olunmuşdur. İstintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan olunmuş, o, həmin ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Hasil vasitəsilə Cəlilabad rayonu «Petrovka» deyilən ərazidə Elçindən 300 manat müqabilində 20 qram heroin almış, həmin 20 qram heroindən bir qədərini ayırıb zəhmət haqqı kimi Hasilə vermiş, özündə qalan heroini isə 20 bükümə bölmüş, 4 bükümü bir neçə gün ərzində istifadə etmiş, 16 bükümü isə evdə gizlətmişdir.Saxlanılarkən ona qarşı zor tətbiq olunmamışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci il iyun ayının 16-da gecə saat 1-2 radələrində Cəlilabad rayonu Allahverən kəndində evində olarkən polis əməkdaşları yaşadığı evə gələrək narkotik satışında şübhəli olduğu üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinin Lənkəran Regional Şöbəsinə aparılmışdır. Orada şifah sorğu zamanı bildirmişdir ki, tanışı olan Təqsirləndirilən şəxs1 istəyinə əsasən Təqsirləndirilən şəxs3 300 manat müqabilində 10 qram heroin alıb Raminə vermişdir. Elçin ilə tutulmamışdan bir neçə gün əvvəl görüşmüşdür. 300 manatı ona Ramin vermiş və Elçingilə Raminin maşını ilə getmişlər. Elçindən narkotik almasının müqabilində Ramin ona istifadə etməsi üçün 0,5 qram heroin vermişdir. Heç kimə narkotik satmamışdır.Özünü narkotik istifadəsi ilə bağlı təqsirli bilir. Polis əməkdaşları tərəfindən ona zor tətbiq olunmuş, zorla ifadə verməyə məcbur edilmişdir. İstintaq zamanı verdiyi ifadəni təsdiq etmir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı vermiş olduğu ilkin və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə vermiş olduğu etirafedici ifadəsi elan olunmuş, o, həmin ifadələrində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Raminin xahişi ilə Cəlilabad rayonu «Petrovka» deyilən ərazidə Elçindən 300 manat pulun müqabilində 20 qram heroin almış, həmin 20 qram heroindən bir bükümünü ayırıb zəhmət haqqı kimi ona vermiş, saxlanılarkən ona qarşı zor tətbiq olunmamışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Sücəddin oğlu elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci il iyun ayının 16-da gecə saat 01:30-da Cəlilabad rayonunda evində olarkən polis əməkdaşları yaşadığı evə gələrək narkotik satışında şübhəli bilindiyi üçün onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin Lənkəran Regional Şöbəsinə aparmışlar. Şifahi sorğu zamanı bildirmişdir ki, Təqsirləndirilən şəxs2 ondan öz istifadəsi üçün 10 qram heroin istəmiş, 300 manat müqabilində Hasilə 10 qram narkotik vermişdir. Hasil ilə tutulmamışdan bir neçə gün əvvəl görüşmüşdür. Hasilə satdığı narkotiki Cəlilabadda bazarda tanımadığı şəxsdən almışdır. Ramini tanımır. Polis əməkdaşları tərəfindən ona zor tətbiq olunmuşdur. İstintaq zamanı verdiyi ifadəni təsdiq etmir. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı vermiş olduğu ilkin və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə vermiş olduğu etirafedici ifadəsi elan olunmuş, o, həmin ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Hasilə 300 manat pulun müqabilində 20 qram heroin satmış, saxlanılarkən ona qarşı zor tətbiq olunmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmişlər. Onların törətdikləri cinayət əməlləri özlərinin qismən etirafedici ifadələri ilə yanaşı şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin baş əməliyyat müvəkkili X1 ifadəsində göstərmişdir ki, 15 iyun 2021-ci il tarixdə Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 16 iyun 2021-ci il tarixdə saat 02 radələri Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 5 ünvanında saxlanılmış, yaşadığı evə baxış keçirilməsinə etiraz etməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 evin otağında olan televizor altlığının alt hissəsindən gümüşü rəngli falqaya bükülmüş bir ədəd karton qutu çıxarıb təqdim etmiş, həmin qutunun içərisinə baxış keçirilən zaman bir ədəd kibrit qutusunun içərisində 02 ədəd bükümdə heroinə bənzər kütlə, bir ədəd plastmas qabın içərisində 13 ədəd gümüşü rəngli kağıza bükülmüş bükülü və 1 ədəd sellofan bükümdə heroinə bənzər kütlə olmaqla cəmi 16 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Bundan başqa qutunun içərisində bir ədəd bağlamada falqa, bir ədəd qayçı və 172 manat pul aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 narkotik vasitələri özü istifadə etmək məqsədilə yaşadığı evdə saxladığını, həmin narkotik vasitədən hər hansı bir şəxsə satmadığını və ya pay vermədiyini bildirmişdir. Heroinin cəmi çəkisi 19,42 qram olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 evində aşkar olunan heroinləri 4-5 gün əvvəl Hasil adlı şəxsdən 300 manata bir ədəd bağlamada əldə etdiyini və özü qəbul etmək üçün bükümlərə böldüyünü bildirmişdir. Bundan sonra keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Hasil adlı şəxs müəyyən edilərək CBRŞ-nin Lənkəran şəhərində yerləşən inzibati binasına gətirilmiş, üzərində şəxsi axtarış keçirilən zaman Hasil həqiqətən də Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilən heroini Raminə onun verdiyini və həmin narkotiki Cəlilabad şəhərində Petrovka deyilən yerdə yaşayan Elçin adlı şəxsdən əldə etdiyini bildirmişdir. Hasilin üzərində şəxsi axtarış keçirilən zaman onun da üzərindən 2 qramdan artıq heroin aşkar edilərək götürülmüşdür. Bundan sonra keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Elçin adlı şəxs Cəlilabad şəhəri M.Əzizbəyov küçəsi ev 50-də saat 06 radələrində saxlanılmış, üzərində şəxsi axtarış aparılan zaman əynindəki cins şalvarının sol yan cibindən isə bir ədəd sellofan büküm çıxarıb təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs3 sorğu zamanı 4-5 gün əvvəl Cəlilabad şəhərində İran bazarı deyilən ərazidə tanımadığı şəxsdən bir ədəd bükümdə narkotik vasitə heroin əldə etdiyini, həmin heroinin bir hissəsini tanışı Hasil adlı şəxsə 300 manata satdığını, bir hissəsini isə özündə saxladığını bildirmişdir. Üzərindən aşkar olunan həmin narkotik vasitəni də özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs3 əldə etdiyi narkotiki Hasildən başqa heç bir şəxsə satmadığını bildirmişdir. Aşkar olunan heroinin çəkisi 2,28 qram olması müəyyən edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməliyyat müvəkkilləri Şahid3, Şahid4 və Şahid6 şahid Xəyal Abışovun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 16 iyun 2021-ci il tarixli, 19/535 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar edilərək götürülüş cəmi 16 (on altı) ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlələr..... “ sözlər və imzalar olan bir ədəd zərfdəki, 16 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -12,491 qr: -0,533 qr: -0,894 qr: -0,085 qr: -0,090 qr: -0,089 qr: -0,126 qr:-0,033 qr: -0,091 qr: -0,047 qr: -0,053 qr: -0,058 qr: -0,042 qr: -0,086 qr: -2,940 qr: -0,745 qram: ümumi təmiz çəkisi 18,403 qram maddələr tiryəkdən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir birləri ilə eynidirlər. Qeyd: Heroinin təmiz çəkisi -18,403 qram, tədqiqata sərf edildi - 0,32 qram, qalıq 18,083 qram Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 16 iyun 2021-ci il tarixli, 19/536 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi -2,333 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi -2,333 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq 2,283 qram. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 16 iyun 2021-ci il tarixli, 19/537 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs3 təqdim etdiyi 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi.......” sözlər və imzalar olan 1 ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -2,632 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərilərində “Vət. Təqsirləndirilən şəxs3 təqdim etdiyi 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi...”, “Təqsirləndirilən şəxs2 məxsus heroin Rəy №- 19/536....” və Təqsirləndirilən şəxs1 Habil oğluna məxsus heroin Rəy №- 19/535.....” sözlər və imzalar olan zərflərdəki heroinlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Qeyd: Heroinin təmiz çəkisi -2,632 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq 2,582 qram. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 24 iyun 2021-ci il tarixli 614 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 Sücəddin oğlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 24 iyun 2021-ci il tarixli 615 №li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilimş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 24 iyun 2021-ci il tarixli 616 №li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 22 iyun 2021-ci il tarixli 1339 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 cinayət əməlini törədən zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə emosional davamsız şəxsiyyət pozuntusu qeyd olunmuşdur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Halhazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır. Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Özünə və ətrafındakılara zərər yetirmək təhlükəsi qeyd olunmur. Təqsirləndirilən şəxs1 psixi (ruhi) xəstəlikdən əziyyət çəkmir, “emosional davamsız şəxsiyyət pozuntusu” aşkar olunur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 22 iyun 2021-ci il tarixli 1340 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət əməlini törədən zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, o, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır, yəni anlaqlıdır. Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Özünə və ətrafındakılara zərər yetirmək təhlükəsi qeyd olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 22 iyun 2021-ci il tarixli 1341 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 Sücəddin oğlunda hal hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət əməlini törədən zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk və onları idarə etmək iqtidarında olmuşdur. Törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs3 Sücəddin oğlu hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır, yəni anlaqlıdır. Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Məcburi müalicəyə ehtiyacı yoxdur. 15 iyun 2021-ci il tarixli təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarlardan görünür ki, Cəlilabad rayon sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Sücəddin oğlunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə ilə məşğul olması ilə əlaqədar olaraq daxil olan məlumata əsasən onların ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. 16 iyun 2021-ci il tarixli «baxış keçirilməsi və götürmə haqqında» protokoldan və Təqsirləndirilən şəxs1 yaşadığı ünvana baxış keçirilməsi və götürmə aparılması haqqında istintaq hərəkətlərinin videoçəkilişi əks etdirilmiş 1 ədəd DVD diskə baxış keçirilməsi haqqında 18 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 5 ünvanına baxış keçirilmiş, o, evin otağında olan televizor altlığının içərisində olan gümüşü rəngli faliqaya bükülmüş karton qutunu çıxardıb təqdim etmişdir. Karton qutuya baxış keçirilən zaman bir ədəd bağlamada faliqa, bir ədəd kibrit qutusu, bir ədəd plastmas materialdan olan qutu, bir ədəd qayçı və 172 manat pul aşkar olunmuşdur. Kibrit qutusunun içərisinə baxış keçirilən zaman 02 ədəd heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Plastmas qutuda isə 13 ədəd gümüşü rəngli bükümdə və 01 ədəd sellofan bükümdə heroinə bənzər kütlələr olmaqla cəmi 14 ədəd büküm olması müəyyən edilmişdir. Heroinlər elektron tərəzidə çəkilmiş və 16 ədəd bükümdə olan narkotik vasitə heroinlərin ümumi çəkisinin 19,42 qram olması müəyyən edilmişdir. 16 iyun 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılması haqqında istintaq hərəkətlərinin videoçəkilişi əks etdirilmiş 1 ədəd DVD diskə baxış keçirilməsi haqqında 18 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki cins şalvarının sol yan cibindən bir ədəd sellofan bükülü çıxararaq içərisində 2,28 qram heroin olduğunu və özünə məxsus olduğunu bildirmişdir. 16 iyun 2021-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan və Təqsirləndirilən şəxs3 Sücəddin oğlunun üzərində şəxsi axtarış aparılması haqqında istintaq hərəkətlərinin videoçəkilişi əks etdirilmiş 1 ədəd DVD diskə baxış keçirilməsi haqqında 18 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı əynindəki cins şalvarının sol yan cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. 18 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan aşkar edilərək götürülmüş təmiz çəkisi 18,403 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 2,333 qram narkotik vasitə heroin və Təqsirləndirilən şəxs3 Sücəddin oğlunun üzərindən aşkar edilərək götürülmüş 2,632 qram narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla təmiz qalıq çəkiləri müvafiq olaraq 18,083 qram, 2,283 qram və 2,582 qram olan narkotik vasitə heroinlər saxlanılmasından ötrü Cəlilabad RPŞ-nin maddi sübutları saxlama anbarına təhvil verilmişdir. Bundan başqa həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvana baxış keçirilməsi haqqında, həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Sücəddin oğlunun üzərində şəxsi axtarış aparılması haqqında 16 iyun 2021-ci il tarixli istintaq hərəkətlərinin videoçəkilişləri əks etdirilmiş 4 ədəd “DVD” disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan məhkumluq haqqında tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Sücəddin oğlu əvvəllər məhkum olunmamışlar. Cəlilabad RPŞ-dən daxil olan 26 iyul 2021-ci il tarixli raportdan görünür ki, iş üzrə əməliyyat axtarış tədbirlərləri keçirilməsinə baxmayaraq iş üzrə Təqsirləndirilən şəxs3 Sücəddin oğlunun narkotik vasitəni kimdən nə zaman və harada əldə etməsini müəyyən etmək mümkün olmamışdır.Həmçinin keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olması barədə RPŞ-yə mütəmadi əməliyyat məlumatları daxil olmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə istintaqında onlara qarşı irəli sürülmüş ittihamda göstərilən narkotki çəkisi 300 manata 20 qram deyil 10 qram heroin əldə olunması, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 bir bükümdə 2.333 qram deyil, 0,5 qram heroin verdiyinə dair ifadələrində göstərdikləri xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu ifadələrini işin obyektiv hallarına uyğun olmayan, özlərini müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onların ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Məhkəmə təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı ifadələrində heroinin çəkisinin 20 qram olması, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 bir bükümdə 2,333 qram heroin verməsinə dair göstərdikləri etirafedici xüsusatlar işin obyektiv hallarına uyğun gəldiyi üçün iş üçün əhəmiyyət kəsb edən sübut növü kimi qiymətləndirir. Təqsirləndirilən şəxslərin onlara qarşı fiziki zor tətbiq olunması ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1,449.1.1. 449.1.4, 449.2.1, 449.3.3 VƏ 449.3.4-cü maddələrin məzmununa görə təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşakar vəkillə təmsil edilməsinə baxmayaraq, istər təqsirləndirilən şəxslər, istər onların peşakar vəkilləri ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özləri bu halı hər hansı bir dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Eyni zamanda, təqsirləndirilən şəxslər barələrində həbs qətimkan tədbiri seçilərkən keçirilən qapalı məhkəmə iclasında izahatında ona qarşı sürülmüş ittihamda özlərini təqsirli bildiklərini, istintaqdan yayınmaq niyyətinin olmadığını, buna görə də barələrində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişlər. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı özlərinə qarşı verdikləri etirafedici ifadələrin məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, N-30364/09, && 42-43? 12 noyabr 2013;Məmmədov Azərbaycana qarşı, N-xx/xx/2013, &&23-27? 11 yanvar 2007; ) İşin faktiki halları təqsirləndirilən şəxslərin həqiqətən də qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroinin qanunsuz əldə edilməsi, saxlanması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər- Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə əldə etmələri, saxlamaları və daşımaları məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. Buna görə də, təqsirləndirilən şəxslər CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək onlara qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. 16 iyun 2021-ci il tarixli qərarlardan və protokollardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 17 iyun 2021-ci il tarixdə CM-in 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək hər birinin barəsində Cəlildabad Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 16 iyun 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan AA2333511, AA2333512, AA2333513 №li şəxsiyyət vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2016-cı il təvəllüdlü Əziz, xx.xx.2014-cü il təvəllüdlü Mələk və xx.xx.2017-ci il təvəllüdlü Xədicə adında azyaşlı övladları vardır. İş materillarında olan 18 iyun 2021-ci il tarixli 298 №li ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2017-ci il təvəllüdlü Aysun adında və xx.xx.2020-ci il təvəllüdlü Banu adında qız övladları vardır. Ramin Tamdıqov, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət, Təqsirləndirilən şəxs3 isə kafi xarakterizə olunurlar. Məhkəmə, Təqsirləndirilən şəxs1 himayəsində üç azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 234.4.1 və 234.4.3-cü maddələri “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, əhalinin sağlamlığına ciddi zərər vurulur. Təqsirləndirilən şəxslər törətdikləri əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, ictimai təhlükəli nəticələri görmüş və bunları arzu etmişlər. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli hər biri üçün 16 iyun 2021-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və onlar ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və hazırda Cəlilabad RPŞ-də saxlanılan 18,083 qram, 2,283 qram və 2,582 qram olan narkotik vasitə heroinlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 4 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150 manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni hər birindən 50 manat tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 16 iyun 2021-ci ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin olunmaqla, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 16 iyun 2021-ci ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin olunmaqla, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 16 iyun 2021-ci ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan məcburi müalicə təyin olunmaqla, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Cəlilabad RPŞ-nin maddi sübutların saxlama anbarında saxlanılan 18,083 qram, 2,283 qram və 2,582 qram olan narkotik vasitə heroinlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 4 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni hər birindən 50 manat olmaqla tutulub dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-211/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-211/2022
25.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver