Məhkəmə qərarları › İş №1(099)-212/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-212/2022

23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-212/2022 23.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Məmmədov Müşfiq Vaqif oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1999-cu ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 24 oktyabr 2021-ci il tarixdə Astara şəhəri ərazisində istintaqa məlum olmayan mənbədən külli miqdarda -8,269 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 26 oktyabr 2021-ci il tarixdə, saat 17:00-da Azərbaycan Respublikası DİN-in BNMİ-nin CBRŞ-nin əməkdaşları tərəfindən Astara şəhəri, Z.Bünyadov küçəsində yerləşən yaşadığı evin yaxınlığında, küçədə saxlanılaraq Astara rayon Polis Şöbəsinə gətirilmiş, üzərində aparılan şəxsi axtarış zamanı 03 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-1,31 qram, 4,507 qram və 2,452 qram olmaqla ümumi təmiz çəkisi-8, 269 narkotik vasitə olan heroin kütlələri onun əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 26 oktyabr 2021-ci il tarixdə yaşadığı Astara şəhərində yerləşən Sahil kafesində tanışı Cabirlə görüşmüş, Cabir içərisndə qurudulmuş marixuana olan bir ədəd siqaret qutusunu masanın üzərinə qoyub onun üçün gətirdiyini deyib getmiş, həmin vaxt mülki geyimli şəxslər ona yaxınlaşaraq, özlərini təqdim edib, polis əməkdaşı olduqlarını bildirib, ona üzərində narkotik vasitələri saxlama və daşımada şübhəli olduğunu və üzərində şəxsi axtarış keçiriləcəyini deyib, onu Astara rayon Polis Şöbəsinə aparmışlar. Orada vəkilinin iştirakı ilə videoçəkilişlə onun üzərinə axtarış keçirmişlər. Axtarış zamanı onun üzərindən 3 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilib götürülümüşdür. Lakin həmin heroin onun üzərində olmamışdır. O Cabir adlı şəxslə İsteqramda danışaraq ondan istifadə etmək üçün marixuana istəmiş, o da siqaret qutusunda ona marixuana verib getmiş, həmin vaxt polis əməkdaşları onu saxlayaraq Astara Rayon Polis şöbəsinə aparmışlar. Orada siqaret qutusunda heroin olduğu bildirilmişdir. Heroin ona aid deyil. 3 ədəd bükümdə heroin şəxsi axtarış keçirilməzdən əvvəl onun əynində olan gödəkcənin cibinə polis əməkdaşı Tural tərəfindən qoyulmuşdur. Siqaret qutusunda marixuana olmalı idi. İstintaq vaxtı ona heç bir təsir və təzyiq olunmamışdır. Həmin izahat və ifadələrində narkotik vasitəni satmaq məqsədi ilə əldə edib saxlaması barədə dediklərini təsdiq etmir. Belə məzmunda ifadələr verməsinin səbəbini deyə bilmir. Narkotik vasitəni saxlamasına görə özünü təqsirli bilir. Vətən müharibəsində iştirak etmişdir. Kəlbəcərin azad olunması medalı ilə təltif olunmuşdur. Gəncliyinin cəza təyin edilərkən nəzərə alınmasını xahiş edir. Məhkəmədə CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və hazırki məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Həmin ifadəsində Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 24 oktyabr 2021-ci il tarixdə, saat təxminən 20 radələrində Astara şəhər Mərkəzi bazarının yaxınlığında tanımadığı çəxsdən 80 manat verməklə 3 ədəd bükümdə narkotik vasitə olan herin almışdır. Növbəti gün narkotik vasitənin yerində olub-olmadığını yoxlamış və narkotik vasitənin yerində olduğunu görmüşdür.O,aldığı narkotik vasitələri satacaq və onu ifşa etməyəcək bir şəxs tanımadığından narkotik vasitə olan heroini 25 oktyabr 2021-ci il tarixdə heç kimə satmamışdır. 26 oktyabr 2021-ci il tarixdə aldığı 3 ədəd bükümdə narkotik vasitə olan heroini gizlətdiyi yerdən çıxarıb, əynində olan şalvarın sağ yan cibinə qoyub, yaşadı evin yaxınlığında piyada yeriməyə başlamışdır. O, yolda yeriyərkən yanında avtomobil dayanmış və avtomobildən düşən mülki geyimli şəxslər ona yaxınlaşaraq, özlərini təqdim edib, polis əməkdaşı olduqlarını bildirmişlər. Üzərində narkotik vasitə olduğundan o polis əməkdaşlarının nəyə görə ona yaxınlaşdıqlarını başa düşmüş, bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin, psixotrop maddələrin, habelə onların prekursorlarını əldə etmə, saxlama və daşımaqda şübhəli olduğunu və üzərində şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Bundan sonra polis əməkdaşları onu avtomobilləri ilə Astara RPŞ-nin inzibati binasına aparmışlar. O, Astara RPŞ-nin inzibati binasına daxil olduqda ilk olaraq təhqiqatçı Famil Həsənov tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş, hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi dəvət olunmuşdur. Daha sonra Astara RPŞ-də olan otaqlardan birində müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış başlanarkən təhqiqatçı tərəfindən üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşyanın olduğu təqdirdə təqdim etməyi təklif olunmuşdur. Həmin təklifdən sonra o, əynində olan tünd göy rəngli şalvarın cibindən 03 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin kütlələrini təqdim edərək masanın üzərində qoymuşdur. Təhqiqatçı ondan təqdim etdiyi bükümlərin içərisində nə olduğunu soruşmuş, mən sellofan bükümlərin içərisində narkotik vasitə olan heroin olduğunu, həmin bükümlərin özünə məxsus olduğunu, həmin narkotik vasitəni 3 gün əvvəl onunla qonşuluqda yaşayan Adəm adlı şəxsdən satış məqsədi ilə aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçirilmiş, lakin şəxsi axtarış zamanı üzərindən təqdim etdiyi 3 ədəd bükümdən başqa hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi 3 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin kütlələri elektron tərəzinin üzərinə qoyulmuş və çəkisinin 9,09 qram olması müəyyən edilmişdir. Daha sonra təqdim etdiyi 3 ədəd bükümdə heroin kütlələri 1 ədəd zərfdə qablaşdırılmış, qablaşdırıldıqdan sonra möhürlənmiş, o və müdafiəçi həmin zərfin üzərində imzalarını çəkmişlər. Şəxsi axtarış davam edərkən onunla aparılan şifahi sorğu zamanı saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkət, həmçinin ona qarşı zor tətbiq olunub-olmaması soruşulmuş, o da polis əməkdaşlarının ona qarşı hər hansı qanunsuz hərəkət etmədiklərini, polis əməkdaşlarına qarşı heç bir şikayətinin olmadığını, əməlindən peşman olduğunu bildirmişdir. Şəxsi axtarışın yekununda protokol tərtib edilmiş, ucadan oxunmuş, o, müdafiəçi və digər iştirakçılar protokolun düzgünlüyünü imzalamışlar. O üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin kütlələrini 24 oktyabr 2021-ci il tarixdə, saat təxminən 20 radələrində Astara şəhər mərkəzi bazarının yaxınlığında yerləşən beş mərtəbəli binanın yaxınlığında tanımadığı bir şəxsdən 80 manata almış, o həmin şəxsi əvvəllər tanımamış, həmin gün tanış olmuş və heroin kütlələrini həmin şəxsdən almışdır. O, narkotik vasitə olan 3 ədəd bükümdə heroin kütlələrini satış məqsədi ilə almış, lakin Adəm adlı şəxsdən almamışdır. Belə ki, o Adəm adlı şəxs tanımır və onunla qonşuluqda Adəm adlı şəxs yaşamır. O, üzərindən aşkar olunan narkotik vasitə olan heroin kütlələrini Adəm adlı şəxsdən deyil, tanımadığı bir şəxsdən almış, o həmin şəxsi tanımır, əvvəllər də heç görməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi özünün məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən başqa dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 26 oktyabr 2021-ci il tarixdə Astara şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə məlumat almış, o, aldığı məlumatla bağlı şöbə rəhbərliyinə məruzə etdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, şöbə rəisinin əmrinə əsasən ondan, şöbənin əməkdaşları Şahid2 və Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs olduğu yeri müəyyən edilmiş və o həmin gün, yəni 26 oktyabr 2021-ci il tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs Astara şəhəri, Zya Bünyadov küçəsində, yaşadığı evin yaxınlığında küçədə saxlayaraq, narkotik vasitə və psixotrop maddələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli olduğunu bildirib, üzərinə şəxsi axtarış keçirməsindən ötrü onu Astara Rayon Polis Şöbəsinə dəvət etmişlər. Orada təhqiqatçı Famil Həsənov tərəfindən o şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş, hüquqlarını müdafiə eməkdən ötrü müdafiəçi dəvət olunmuşdur. Daha sonra şöbənin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilməyə başlanılmış, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs də əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 3 sellofan büküm çıxarıb, masanın üzərində qoymuşdur. Sorğu zamanı o, təqdim etdiyi bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, heroinin özünə məxsus olduğunu, həmin kütlələri təxminən 3 gün əvvəl onunla qonşuluqda yaşayan Adəm adlı şəxsdən satış məqsədi ilə aldığını, satdıqdan sonra həmin şəxsə 80 manat pul verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ilə şifahi sorğu aparıldıqdan sonra təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən onun təqdim etdiyi 3 ədəd bükümdə kütlələrdən başqa hər hansı bir əşya aşkar edilmədi. Bundan sonra onun təqdim etdiyi narkotik vasitə olan heroinə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 9,09 qram olması müəyyən edilmiş, sonra da həmin bükümlər 1 ədəd zərfdə qablaşdırılaraq üzəri möhürlənmişdir. Sonra da protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. O ifadəsində əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs kafedə deyil, yol kənarında piyada hərəkətdə olarkən saxlanılaraq Astara Rayon Polis Şöbəsinə aparılmışdır. Ona hər hansı zor tətbiq edilməmişdir. Tural onun əynində olan gödəkcənin cibinə içərisində heroin olan bükümləri qoymamışdır. 3 ədəd bükümlər onun gödəkcəsinin cibindən deyil, əynindəki şalvarının cibindən aşkar edilmişdir. Onun Sahil kafesində saxlanılması və ondan bir ədəd siqaret qutusunda marixuana aşkar edilməsi barədə ifadəsi tamamilə yalandır. Dindirilmiş şahidlər Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdilər. Cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 26 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, 26 oktyabr 2021-ci il tarixdə, saat 18:45-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qəbul edilmiş qərarla tanış edilmiş, ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən üç ədəd sellofan büküm çıxarıb, təqdim edərək masanın üzərində qoymuş və ona verilən suallara cavab olaraq təqdim etdiyi bükümlərin içərisində narkotik vasitə olan heroin olduğunu, həmin kütlələrin özünə məxsus olduğunu, təqdim etdiyi kütlələri 3 gün əvvəl Adəm adlı şəxsdən satmaq üçün 80 manata aldığını, satdıqdan sonra Adəmin pulunu verəcəyini, Adəm adlı şəxsdən cəmi bir dəfə narkotik vasitə olan heroin aldığını, aldığı heroin kütlələrindən qəbul etmədiyini, heç kimə vermədiyini, hələ satmadığını, təqdim etdiyi bükümlərdən başqa onda narkotik vasitə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə baxıldıqda həmin bükümlərin içərisində narkotik vasitə olan heroinə bənzər kütlələrin olması aşkar edilmiş və götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə başlanılmış, şəxsi axtarış zamanı onun üzərindən təqdim etdiyi 3 ədəd bükümdən başqa hər hansı bir əşya aşkar edilməmiş və götürülməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 3 ədəd sellofan bükümlər elektron tərəzidə çəkilmiş, çəkilərinin 9,09 qram olması müəyyən edilmiş, sonra həmin 3 ədəd büküm zərfdə qablaşdırılmış, həmin zərf möhürlənmiş və üzərində müvafiq qeydlər aparılmaqla imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq o, saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkət edilmədiyini, zor trətbiq olunmadığını, bu barədə heç bir şikayəti və tələbinin olmadığını, törətdiyi əmələ görə peşman olduğunu bildirmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 27 oktyabr 2021ci il tarixli, 19/1076 №-li rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, “Tədqiqata təqdim edilmiş üzərində “ Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlələr qablaşdırıldı və möhürləndi......…” sözlər və imzalar olan bir ədəd zərfdəki, 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri:-1,31 qr; -4,507 qr; -2,452 qr, ümumi təmiz çəkisi -8,269 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitələr heroindirlər. Həmin zərfdəki 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 4, 507 qr; 2,452 qram, ümumi təmiz çəkisi 6,959 qram olan heroinlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Təqsirləndirilən şəxs məxsus 01 ədəd bükümdə təmiz çəkisi -1,31 qram olan heroin ilə həmin zərfdəki 02 ədəd bükümdəki heroinlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə fərqlidirlər.” İşdə olan ibtidai istintaq orqanının qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 8,119 qram heroin və bir ədəd şəxsi axtarış və götürməni qeyd olunduğu görüntüləri özündə əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınmaqla heroinin Astara rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerinə təhvil verilməsi və bir ədəd DVD diskin isə cinayət işinin materiallarında saxlanılması qərara alınmşdır. Məhkəmədə tədqiq edilmiş 28 oktyabr 2021-ci il tarixli, 1164 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan məhkəmə tibbi ekspertizasının 28 oktyabr 2021-ci il tarixli rəyindən Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallartında olan Təqsirləndirilən şəxs barəsində prosesual məcburiyyət tədbirinin seçilməsi haqqında Astara rayon məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, qeyd edilən məsələyə baxılarkən məhkəmə iclasında Təqsirləndirilən şəxs ondan aşkar edilərək götürülmüş külli miqdarda heroini satış məqsədi ilə əldə etməsini bir daha təstiq etmişdir. İşdə olan Astara rayon məhkəməsinin 11 noyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən iş üzrə təhqiqat orqanının əməliyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair 26 oktyabr 2021-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş 3 ədəd bükümdə heroinin polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməzdən əvvəl onun əynində olan gödəkcənin cibinə qoyulduğunu, lakin ona Cabir adlı şəxsin bir ədəd siqaret qutusunda heroin deyil marixuana verdiyini göstərmişdir. Məhkəmə onun bu ziddiyyətli ifadəsini özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və işin hallarına uyğun gəlməyən ifadə olmaqla məhkəmədə tədqiq edilmiş mötəbər sübutlarla təkzib edildiyindən həmin ifadəyə tənqidi yanaşır və sübur kimi qəbul etmir. Belə ki, məhkəmədə tədqiq edilmiş şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs Astara şəhərində saxlanıldıqdan sonra onun vəkilinin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilərkən o əynindəki göy rəngli cins şalvarını sağ yan cibində 3 ədəd bükümdə heroinə bənzər kütlələri təqdim edərək onları Adəm adlı şəxsdən 80 manata satmaq üçün aldığını bildirmişdir. İşdə olan ilkin izahatında, cinayət törətməkdə şabhə edilən şəxs, təqsirləndirilən şəxs qismində dindirilərkən və barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatətə baxılarkən ondan aşkar edilərək götürülmüş külli miqdarda heroini məhz satış məqsədi ilə əldə etməsini səmimi etiraf etmişdir. Məhkəmədə dindirilmiş şahidlərin ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən və daha sonra ona hər hansı zor tətbiq edilməmişdir. İşdə olan məhkəmə tibbi ekspertizasının rəyi ilə də bu xüsusat öz təsdiqini tapır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci madəsinə görə narkotik vasitərin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm isə 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsulliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı” əsasında tənzimlənir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarı da bu mövqedən çıxış edir. Belə ki, həmin qərarın 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın nakotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi , narkotik vasitələrin xırda bükümlərə ayrılması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də o CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 1999-cu ildə Astara şəhərində anadan olmuşdur. ünvan 1 ünvanda yaşamışdır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. O Vətən müharibəsi iştirakçısı olmaqla Prezidentin 29 dekabr 2021-ci il tarixli sərəncamına əsasən Kəlbəcər rayonunun azad edilməsinə görə medalı ilə təltif edilmişdir. İşdə olan Astara rayon məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 26 oktyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan DİN-in BƏSİİ-nin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısı olmaqla, Kəlbəcərin azad olunmasına görə medalı ilə təltif edilməsi və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halın olması müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə cəza təyin edilməli və o həmin cəzanı çəkməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 26 oktyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsinin tələbinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Astara rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 8,119 qram heroin məhv edilməlidir. 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 50 manat məhkəmə xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 132, 344-349, 351- 353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 26 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. CM-nin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Astara Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 8,119 qram heroin məhv edilsin. 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 50 manat məhkəmə xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar