Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-212/2024 06.03.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi- X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1982-ci ildə Astara rayonu, Ərçivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Astara rayonu, Ərçivan qəsəbəsində yaşamış, 13 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 4(005)- 1073/2023 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən külli miqdarda-6,146 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində 13 iyul 2023-cü il tarixdə saat 07:45-də Astara rayonu, Ərçivan qəsəbəsində yaşadığı ünvanın yaxınlığında olduğu zaman saxlanılaraq Astara Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və həmin gün saat 09:34-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 2 (iki) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,031 qram və 3,115 qram olmaqla eyni tərkibli, külli miqdarda-6,146 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, Bakı şəhərində yaşayır, Astara rayonunda qohumları rəhmətə getmişdir. Yas mərasiminə getmiş, iki gün atası evində qalmışdır. 13 iyul 2023-cü il tarixdə səhərə yaxın saat 4-də gəlib onu tutmuşlar, qardaşı Təbriz Süleymanovu da onunla bir yerdə Astara Rayon Polis şöbəsinə aparmışlar. Təbriz köhnə polis işçisi olub iki ay əvvəl pensiyaya çıxmışdır. Ona narkotik vasitə heroin verərək götürməyini bildirmişlər, narkotiklə heç bir əlaqəsi olmamış, bütün günü idman zalında olan adam olmuş, idmançıdır. Polis əməkdaşları təkid etmişlər ki, götürməsən bundan da artıq qoyulacaq, məcburi surətdə polis əməkdaşları ilə razılaşmışdır. Polis əməkdaşları onu döyməmişlər, lakin hədləmişlər ki, narkotiki boynuna götürməsən, bundan da ağır olacaqdır. İdmanla məşğul olmuş, siqaret belə çəkməmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, 2002-2003-cü ildən Bakı şəhərində yaşayır. Tutulana qədər «Zenit İdman Cəmiyyətində» idman məşqçisi işləmişdir. Anasının əmisi qızı Elmira Axundova öldüyü üçün Astara rayonuna yas mərasiminə getmişdir. Astara rayonuna gedəndə atasıgildə qalmış, qardaşı da atası ilə bir həyətdə yaşayır. Qardaşı Astara Rayon Polis Şöbəsində müdavim işləmişdir. Polis əməkdaşları ilə bu günə kimi heç bir problemi olmamış, lakin polis əməkdaşları həbs olunmalı olduğunu demişdir. Polis əməkdaşları qapını döymüşlər, gedib qapını açmış, həmin vaxtı onu saxlamışlar. Onlara 20-30 nəfərdən çox polis əməkdaşı gəlmişdir. Onu evdən aparanda evə baxmamışlar, onu apardıqdan sonra evə baxmışlar. Həmin gecə 4- 5 nəfər saxlamışlar, kənddə olan kameraları sökmüşlər. Heç vaxt nə siqaret çəkməmiş, nə də narkotik istifadə etməmişdir. MSY-nin əməkdaşları ona su vermişlər, ondan sonra onu narkoloji dispanserə aparmışlar. Evdə qardaşından başqa atası və anası da yaşamışdır. Saxlanılan zaman Təbrizin arvadı Ülviyyə də evdə olmuşdur. Evlərində müşahidə kamerası olmamışdır. Polis əməkdaşları onu hədələmişlər, ancaq döyməmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ilkin izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib dindirilərkən özünü təqsirli bilmiş, narkotik vasitənin və ya psixotrop maddənin bir neçə növündən istifadə etmişdir. Təxminən 11 iyul 2023-cü il tarixdə Astara rayonu, Ərçivan qəsəbəsində yol kənarında gəzərkən yolun kənarında 2 (iki) ədəd bükümün yan-yana olmasını görmüşdür. Sellofan bükümlərin içərisində qəhvəyi rəngli maddə olmuşdur. Həmin bükümləri əlinə alanda görmüşdür ki, içərisində narkotik vasitə heroin vardır. Narkotik vasitə heroini istifadə etmək məqsədi ilə götürərək üzərində saxlamışdır. 13 iyul 2023-cü il tarixdə saat 07:45-də Astara rayonu, Ərçivan qəsəbəsində yaşadığı evin yaxınlığında olduğu zaman bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmiş, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş «Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında» qərarla tanış etmişlər. Bundan sonra polis əməkdaşları onu Astara Rayon Polis Şöbəsinə dəvət etmişlər. Etiraz etməyib polis əməkdaşları ilə birlikdə Astara Rayon Polis Şöbəsinə gəlmişdir. Polis şöbəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilən zaman ona üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 2 ədəd sellofan bükümü çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Bu maddələrin narkotik maddə «kakos» olmasını bildirmişdir. Daha sonra həmin cins şalvarının sağ yan cibindən 1 ədəd mobil telefonu çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Bundan sonra üstündə başqa hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi əşyalara baxış keçirilmişdir. Baxış zamanı aşkar olunan 1 (bir) ədəd “İphone” markalı mobil telefonun özünə məxsus olmasını bildirmişdir. Daha sonra təqdim etdiyi 2 (iki) ədəd sellofan bükümlərə baxış keçirilmişdir. Sellofan bükümlərin hər birinin içərisindən narkotik vasitə heroin aşkar edilmişdir. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş 2 (iki) ədəd sellofan bükümdə olan maddələrin narkotik vasitə heroin olmasını, təxminən 2 (iki) gün əvvəl yaşadığı Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində olarkən yol kənarında yerdən tapdığını, bundan sonra həmin maddələri məhv etmək üçün götürərək üzərində saxladığını, üzərindən aşkar olunan həmin maddələri heç kimə satmaq, pay və ya hədiyyə qismində vermək niyyətinin olmadığını bildirmişdir. Lakin əslində narkotik vasitəni istifadə etmək məqsədi ilə üzərində saxlayaraq daşıdığını bildirmişdir. Məsuliyyətdən yayınmaq üçün narkotik vasitəni məhv etmək məqsədi ilə götürdüyünü bildirmişdir. Bundan sonra üstündən aşkar olunmuş 2 (iki) ədəd sellofan bükümdə olan narkotik vasitə heroin qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Eyni zamanda şəxsi axtarış zamanı üstündən aşkar edilmiş 1 (bir) ədəd «İphone» markalı mobil telefon da təhqiqatçı tərəfindən götürülmüşdür. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadə vermiş və polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilmədiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı çəkilmiş videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrini təsdiq etmədiyini, polis əməkdaşlarının onu Astara rayonu, Ərçivan qəsəbəsində yaşadığı ünvanın yaxınlığında hərəkətdə olan zaman saxlamadıqlarını, yaşadığı evdən çağıraraq saxlayıb Astara RPŞ-yə apardıqlarını, aşkar olunmuş narkotik vasitə heroinin üzərində olmadığını, polis əməkdaşları tərəfindən cibinə qoyularaq götürüldüyünü demişdir. Polis əməkdaşları tərəfindən hədələndiyindən narkotik vasitə heroini yerdən tapdığını və məhv etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında polis əməkdaşlarının onu Astara rayonu, Ərçivan qəsəbəsində yaşadığı ünvanın yaxınlığında hərəkətdə olan zaman saxlamadıqlarını, yaşadığı evdən çağıraraq saxlayıb Astara RPŞ-yə apardıqlarını, aşkar olunmuş narkotik vasitə heroinin üzərində olmadığını, polis əməkdaşları tərəfindən cibinə qoyularaq götürüldüyünü demişdir. Polis əməkdaşları tərəfindən hədələndiyindən narkotik vasitə heroini yerdən tapdığını və məhv etmək məqsədi ilə üzərində saxladığını dedikləri ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən, polis baş leytenantı Şahid1 bildirmişdir ki, 13 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etməsi, saxlaması, daşıması və satması ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə raportla Baş İdarənin rəisinə məruzə etmiş, razılıq verildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar Baş İdarənin rəisi tərəfindən təsdiq edilmişdir. Daha sonra əməliyyat qrupu yaradılmışdır. Həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 13 iyul 2023-cü ildə Astara rayonu, Ərçivan qəsəbəsində olduğu müəyyən edildiyindən qeyd edilən tarixdə həmin ünvana gəlmişlər, həmin günü saat 07:45-də Astara rayonu, Ərçivan qəsəbəsində Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsi gördüyü üçün həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və anket məlumatlarını bildirməsi barədə xahiş etmişdir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş «Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında» qərarla onu tanış etmişdir. Təqsirləndirilən şəxs Astara Rayon Polis Şöbəsinə dəvət etmiş, Təqsirləndirilən şəxs da etiraz etməmiş və birlikdə Astara RPŞ-yə gəlmişlər. Polis şöbəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirilən zaman üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 2 (iki) ədəd sellofan bükümü çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Bu maddələrin narkotik maddə «kakos» olmasını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin həmin cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd mobil telefonu çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 (iki) ədəd sellofan bükümlərə baxış keçirilmişdir. Sellofan bükümlərin hər birinin içərisindən narkotik vasitə heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 (iki) ədəd sellofan bükümdə olan maddələrin narkotik vasitə heroin olmasını, təxminən 2 (iki) gün əvvəl yaşadığı Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində olarkən yol kənarında yerdən tapdığını, bundan sonra həmin maddələri məhv etmək üçün götürərək üzərində saxladığını, üzərindən aşkar olunan həmin maddələri heç kimə satmaq, pay və ya hədiyyə qismində vermək niyyətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 (iki) ədəd sellofan bükümdə olan narkotik vasitə heroin və 1 (bir) ədəd «İphone» markalı mobil telefon qablaşdırılıb möhürlənərək götürülmüşdür. Verilmiş sualları cavablandıraraq şahid Turqay Mahmuov həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, saxlanılan zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olmuşdur. Təqsirləndirilən şəxs Astara şəhərində küçədə saxlamışlar. Təqsirləndirilən şəxs evində saxlamamışlar. Təqsirləndirilən şəxs saxlanılan gün tərəfindən hər hansı digər əməliyyat tədbiri keçirilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 şahid qismində dindirilmiş Şahid1 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən tərtib olunmuş 12 iyul 2023-cü il tarixli «raport»da göstərilmişdir ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda «Araz» adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üstündə saxlaması, eləcə də daşıması bildirilmişdir. Müəyyən edilmişdir ki, «Araz» adlı şəxs xx.xx.1982-ci ildə Astara rayonunda anadan olmuş, ünvan 7 ünvanında qeydiyyatda olmaqla Astara rayonu, Ərçivan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxsdur.(i.v. 4) -«əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 12 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmışdır.(i.v.5-6) -«şübhəli şəxsin tutulması haqqında» 13 iyul 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 08:53-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v.18) -«şəxsi axtarış və götürmə aparılması haqqında» 13 iyul 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş 1 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarışın başlancağında Təqsirləndirilən şəxs hüquq və vəzifələri bir daha izah edilməklə, üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşyanın olduğu təqdirdə təqdim edilməsi təklif edilmiş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 2 ədəd sellofan bükülünü çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bu maddələrin narkotik maddə «kakos» olmasını bildirmiş, həmin 2 (iki) ədəd sellofan bükülülərə baxış keçirilmiş, hər birinin içərisində qəhvəyi rəngli, toz şəkilli, xüsusi spesifik iyə malik olan narkotik vasitə heroinə oxşar maddələr olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 2 (iki) ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddələri təxminən 2 (iki) gün əvvəl yaşadığı Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində olarkən yol kənarında yerdən tapmasını, bundan sonra həmin maddələri məhv etmək üçün üzərində saxlamasını, üstündən aşkar olunan həmin maddələri heç kimə satmaq, pay və ya hədiyyə qismində vermək niyyətinin olmadığını, özünün də əvvəllər narkotik təkibli maddələrdən istifadə etmədiyini bildirmişdir.(i.v.26-28) -«məhkəmə fiziki-kimyəvi ekspertizası»nın 13 iyul 2023-cü il tarixli, 3-16-16/2- 6/3811 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N6» dairəvi möhür əksi olan «Təqsirləndirilən şəxs aşkar edilmiş..» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,031 qram, 3,115 qram ümumi təmiz çəkisi 6,146 qram qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi-6,146 qram, tədqiqata sərf edildi-0,1 qram, qalıq-6,046 qram.(i.v. 45-49) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 14 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, barəsində Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 14 iyul 2023cü il tarixli, 4(005)-1073/2023 nömrəli qərarı ilə 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(i.v. 76-78, 112-115) -«maddi sübut kimi tanınma haqqında» 15 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq qalan 6,046 qram çəkidə narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə verilmişdir.(i.v.120- 121) -«əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında» Astara Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 5(018)- 142/2023 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leyetnanıt Şahid1 tərəfindən qəbul edilən «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» 12 iyul 2023-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir.(i.v. 141-142) -«Respublika Narkoloji Mərkəzindən» verilmiş 24 avqust 2023-cü il tarixli, xx/xx- 9978 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə stasionar müalicədə olmayıb, 14 iyul 2023-cü il tarixdən profilaktik qeydiyyatdadır.(i.v.148) -«ambulator məcburi narkoloji tibbi yoxlama»nın 14 iyul 2023-cü il tarixli, 4445 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin rəydə Təqsirləndirilən şəxs öz deməsinə görə narkotik vasitə heroindən istifadə etdiyi göstərilmişdir.(i.v.162-163) -«maddi sübutların məhkəmə-kimya ekspertizası»nın 28 iyul 2023-cü il tarixli, 2558/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkaloid aşkar edilmişdir. Barbitur turşusu törəmələri, kannabinoid (həmçinin çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi.(i.v.169-171) -«sübutların qiymətləndirilməsi, əmələ hüquqi qiymət verilməsi və tövsif edilməsi haqqında» 30 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Araz Seleymanovun cinayət işi üzrə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmuşdur.(i.v.172-178) -«sübutların qiymətləndirilməsi, əmələ hüquqi qiymət verilməsi və tövsif edilməsi haqqında» 30 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Araz Seleymanovun üzərində aparılmış şəxsi axtarış istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən 1 ədəd DVD disk cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir.(i.v.172-178) -«cinayət işi üzrə materialların ayrılması haqqında» 30 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə hazırkı cinayət işinin materiallarından Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmış və ərazi aidiyyəti üzrə ibtidai istintaq davam etdirilməsi üçün Astara RPŞ-yə göndərilmişdir.(i.v.180-181) -«təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» 02 oktyabr 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur.(i.v.185-186) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə tərkibi Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində polis əməkdalarının onu Astara rayonu, Ərçivan qəsəbəsində yaşadığı ünvanın yaxınlığında hərəkətdə olan zaman saxlamadıqlarını, yaşadığı evdən çağıraraq saxlayıb Astara RPŞ-yə apardıqlarını, aşkar olunmuş narkotik vasitə heroinin üzərində olmadığını, polis əməkdaşları tərəfindən cibinə qoyularaq götürüldüyünü demişdir. Polis əməkdaşları tərəfindən hədələndiyindən narkotik vasitə heroini yerdən tapdığını və məhv etmək məqsədi ilə üzərində saxladığını bildirməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 234.1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda, həmçinin əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə hesab edilir. Heroinin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. Avropa İnsan Hüquqları Məhkəməsinin «X1rşı» iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. «X3 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. «Fuşe Fransaya qarşı», «Bulut Avstriyaya qarşı», «Bobek Polşaya qarşı» və «Klimentyev Rusiyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. -bundan əlavə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən-cibindən çıxan narkotik vasitə hetoinin polis əməkdaşları tərəfindən üzərinə qoyularaq götürülməsi və hədələnməsi nəticəsində etirafedici ifadə verməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İş materillarından göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı dövründə hədələnməsi barədə hər hansı orqana müraciət etməmişdir. Barəsində həbs qətimkan tədbiri seçilən zaman belə Təqsirləndirilən şəxs hədələnməsi barədə məhkəməyə hər hansı bir məlmat verməmişdir. Cinayət işinin materiallarının 202-204-cü səhifələrində olan «cinayət işinin başlanmasının rədd edilməsi barəd» Bakı şəhəri, Nərimanov rayon prokurorluğunun 04 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunması faktı ilə bağlı araşdırma aparılaraq Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin balanması rədd edilmiş, Təqsirləndirilən şəxs izahat verən zaman şikayət və tələbi olmadığını, Astara RPŞ-də və BMCMİ-də ona qarşı heç bir fiziki və psixi təzyiqlər olunmadığını bildirmişdir. «İ.H.Avstriyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülən ittihamlar, o cümlədən məhkəmənin məsələ ilə bağlı hansı hüquqi qiymətləndirməni verə biləcəyi haqqında məlumat ya məhkəmə iclasından əvvəl ittiham aktında, ya da ən azı məhkəmə icraatının gedişində ittihamın rəsmi və ya nəzərdə tutulan əlavəsi kimi təqdim edilə bilər. Aydındır ki, məhkəmənin cinayət əməli ilə bağlı ittiham tərəfindən fərqli qənaətə gəlmək ehtimalının olduğuna adi işarə yetərli deyildir. Beləliklə, məhkəmə tərkibi ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol, digər istintaq hərəkəti protokolları, məhkəmə-fiziki kimyəvi ekspertizasının və ambulator məhkəmə ekspertizasının rəyləri və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroinin qalığı ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.(i.v. 156-157) -Astara rayon İcra Hakimiyyəti başçısının Ərçivan qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 17 avqust 2023-cü il tarixli, 169-170 nömrəli arayışlardan, xasiyyətnamədən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Ərçivan qəsəbə İƏD üzrə nümayəndəliyində 19 nömrəli təsərrüfatbaşına kitabın 1739-cu səhifəsində qeydiyyatdadır, evlidir, ailə tərkibi arvadı, iki azyaşlı, 2015-ci il təvəllüdlü- Xədicə Süleymanlı və 2019-cu il təvəllüdlü- Səbirə Süleymanlı adlı qızlarından ibarətdir. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir.(i.v. 145-147). -Bakı şəhəri, Xətai rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 07 sentyabr 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır, evlidir, ailə tərkibi arvadı, bir azyaşlı, 2015-ci il təvəllüdlü- Xədicə Süleymanlı adlı qızından ibarətdir. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir.(i.v. 151-155). -Penitensiar Xidmətin Müalicə Müəssisəsindən daxil olmuş 23 fevral 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 18 yanvar 2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasından «öd yollarının diskineziyası» diaqnozu ilə Müalicə müəssisəsinə köçürülmüşdür. O, kliniki, laborator, instrumental müayinələrdən keçirilmiş, həkimlər tərəfindən konsultasiya edilmişdir. Nəticədə «hər iki aşağı ətrafın səthi venaların varikozu. Vegetativ damar distoniyası. Xroniki bronxitin kəskinləşməsi» diaqnozu müəyyən edilmiş, stasionar müalicə başlanılmışdır. Hazırda xəstənin vəziyyəti nisbi kafidir, tibbi tədbirlər davam etdirilir. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, üzərindən aşkar edilmiş heroinin külli miqdarda olmaqla 6,146 qram təşkil etməsini, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini, himayəsində iki azyaşlı uşağının olmasını (Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsi), ali təhsilli olmasını, ailə, maddi və sosial vəziyyətini, «hər iki aşağı ətrafın səthi venaların varikozu. Vegetativ damar distoniyası. Xroniki bronxitin kəskinləşməsi» xəstəliyindən əziyyət çəkməsini (Cinayət Məcəlləsinin 59.2-ci maddəsi), təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə tərkibi Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, o cümlədən cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini, eləcə də «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından irəli gələn tövsiyələri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin tələbləri daxilində ədalətli şəkildə cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs daha sərt (ağır) cəzanın təyin edilməsi onu daha ciddi məhrumiyyətlərə düçar edə bilər. Bu hal isə təqsirləndirilən şəxsin islah olunması məqsədinə xidmət edə bilməz. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «V.Bayramov və qeyrilərinin şikayətləri üzrə» 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Taxquet Belçikaya qarşı, Xirvisari Finlandiyaya qarşı, X5rşı və Hacianastassion Yunanıstana qarşı» işlər üzrə qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və X4 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən (ağır cinayət törətmələri nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 13 iyul 2023-cü il tarixdən hesablanmalı və barəsində Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 14 iyul 2023cü il tarixli, 4(005)-1073/2023 nömrəli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutlar otağında saxlanılan 6,046 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Araz Seleymanovun üzərində aparılmış şəxsi axtarış istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. «Ambulator məcburi narkoloji tibbi yoxlamanın» 14 iyul 2023-cü il tarixli, 4445 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilməməli, «Respublika Narkoloji Mərkəzində» 14 iyul 2023-cü il tarixdən profilaktik qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğdə pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 13 iyul 2023-cü il tarixdən hesablansın. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 4(005)- 1073/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs «Respublika Narkoloji Mərkəzində» profilaktik qeydiyyatda olması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutlar otağında saxlanılan 6,046 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-212/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-212/2024
06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver