Məhkəmə qərarları › İş №1(099)-213/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-213/2022

22.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-213/2022 22.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1997-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Astara şəhəri, H.Aslanov küçəsi, ev 109-da qeydiyyatda olmaqla orada yaşayan yaşamış, Astara rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 180.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə 19 oktyabr 2021-ci il tarixdə, saat 14:30 radələrində Astara şəhəri, S.Vurğun küçəsində yerləşən “Rahat” marketin qarşısından piyada keçən, xx xxxx 2006-cı il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs yanına çağırıb ondan pul istəmiş, Zərərçəkmiş şəxs də üzərindəki pul qabından 2 manat çıxarıb verdikdən sonra o, pul qabında 1 ədəd 5 manatlıq əskinası görüb həmin pulu da alaraq Zərərçəkmiş şəxs ümumilikdə 7 manat pulunu açıq talamaqla soyğunçuluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artiq miqdarda 4,846 qram çəkidə narkotik vasitə olan heroini əldə edib özündə saxlamaqla daşımış, 19 oktyabr 2021-ci il tarixdə saat 20:30 radələrində Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, Astara şəhəri Mərkəzi Bazarı ərazisində saxlanılıb Astara Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərində aparılan şəxsi axtarış zamanı onun əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 4,846 qram olan narkotik vasitə heroin aşkar edilib ondan götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü soyğunçuluqda və onda aşkar edilərək götürülmüş bir bükümdə heroini istifadə etmək üçün üzərində saxlamaqda təqsirli bilir. 19 oktyabr 2021-ci il tarixdə səhər vaxtı Astara şəhəri dənizkənarı bulvarın yaxınlığında gəzərkən orada olan zibil qutusunun yanında bir ədəd siqaret qutusunun olduğunu görüb, götürmüş və həmin bükümün içərisinə baxanda orada kakos ( heroin) olduğunu bilmiş və özü istifadə etmək üçün üzərində saxlamışdır. 19 oktyabr 2021-ci il tarixdə, saat təxminən 14-15 radələrində Astara şəhərində “Ləvəngi” dairəsi deyilən yerdə yol kənarında olarkən təxminən saat 15-16 yaşlarında bir cavan uşağın yaxınlıqdakı “Rahat” marketə tərəf getdiyini görüb onu yanına çağıraraq ondan üstündə pul olubolmamasını soruşmuş, o da 2 manat pulun olduğunu bildirmişdir. O sonradan adını bildiyi Həsəndən iki manatı ona verməsini və həmin pulla özünə siqaret alacağını demiş, Həsən də cibindən pul qabını çıxararaq onun içərisindən iki manatı götürüb ona vermişdir. O pul qabının içərisində əlavə olaraq 5 manatlıq pul olduğunu görüb həmin pulu da ona verməsini bildirmiş, Həsən tələbə olduğunu bundan başqa pulu olmadığını desədə, qorxub həmin 5 manat pulu da ona vermişdir. Bundan sonra o, Həsəni yolun kənarındakı ara məhəlləyə apararaq ona sənin üzərinə bıçaq çəkilsəydi sən o pulu verərdin deyə soruşmuş o da cavabında bəli verəcəkdim demişdir. Həmin gün o Astara şəhərində yerləşən bazarın yaxınlığında olarkən Astara Rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq soyğunçuluq cinayətini törətdiyinə və üzərində narkotik vasitə saxladığına görə şübhəli olduğunu bildirib, onu polis şöbəsinə dəvət etmişlər. Orada o soyğunçuluq cinayətini törətdiyini etiraf etmişdir. Bundan sonra vəkilin də iştirakı ilə üzərinə videoçəkilişlə axtarış keçirilmiş və o üzərində olan bir bükümdə heroini onlara təqdim etmiş, həmin heroini taparaq özü istifadə etmək üçün saxladığını etiraf etmişdir. Daha sonra 1 ədəd bükümdə olan heroin zərfdə qablaşdırılıb üzəri möhürlənmişdir. Sonra da bu barədə protokol tərtib edilmiş və o da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. O heroini öz istifadəsi üçün üzərində saxlamışdır. Onu satmaq niyəti olmamışdır. Ona görə də soyğunçuluq etməsinə və narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxladığına görə özünü təqsirli bilir və törətdiyi əməllərə görə peşmandır. Məhkəmədə Təqsirləndirilən şəxs yuxarıda təsvir edilən cinayət əməllərini törətməsi özünün ifadəsindən başqa dindirilmiş şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, məhkəmədə tədqiq edilmiş ekapertiza rəyləri, maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmədə qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu, Astanlı kəndində qeydiyyatda olsa da, təhsili ilə əlaqədar olaraq Astara şəhəri, H.Əliyev prospektində kirayə yaşayır. 19 oktyabr 2021-ci il tarixdə saat 14:30 radələrində Astara şəhəri “Ləvəngi” dairəsi deyilən yerin yaxınlığında yerləşən “Rahat” marketə gedərkən marketin qarşısında əvvəllər tanımadığı sonradan adını bildiyi Fəqan onu yanına çağıraraq üstündə pul olubolmadığını soruşmuş, o üzərində 2 manat pul olduğunu demiş, Fəqan həmin pulu ona verməsini dediyindən o pul qabından 2 manatı götürüb ona verərkən, o pul qabında daha 5 manat pulu olduğunu görüb həmin pulu da ona verməsini demiş, o tələbə olduğunu bundan başqa pulu olmadığını desə də Əfqan ona acıqlanıb 5 manat pulu da ona verməsini tələb etmiş, o da qorxub 5 manat pulu da ona vermiş, Əfqan 5 manat pulu ondan alıb büküb əlində saxlamış, sonra onu orada olan ara yola çağırarq sənin üzərinə bıçaq çıxarılsaydı, sən o pulu verərdin deyə soruşmuş, o da pulu verəcəyini demişdir. Həmin vaxt Fəqanın əlində bıçaq və ya hər hansı bir silah qismində əşya olmamışdır. Eləcə də Fəqan ona qarşı heç bir fiziki zor tətbiq etməmişdir. Fəqan ondan aldığı pulu ona qaytarmışdır. Ondan heç bir tələb və şikayəti yoxdur. Dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Astara rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 19 oktyabr 2021-ci il tarixdə günorta vaxtı Astara Pedaqoji kollecin tələbsi Zərərçəkmiş şəxs qarşı soyğunçuluq edərək onun 7 manat pulunu talamış şəxsin tutularaq istintaq orqanına təqdim edilməsi istiqamətində təxirəsalınmaz əməliyyat axtarış tədbirləri həyata keçirilərkən qeyd olunan soyğunçuluq cinayətinin Astara şəhəri H.Aslanov küçəsi ev 109-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs tərəfindən törədilməsinə əsaslı şübhələr olduğuna görə polis şöbəsinin digər əməkdaşları ilə birlikdə həmin gün saat 20:30 radələrində onu Astara şəhəri Mərkəzi bazar ərazisində saxlayaraq Astara Rayon Polis Şöbəsinə aparmışlar. Orada onun üzərində narkotik vasitə olması ehtimalını nəzərə alaraq müdafiəçinin iştirakı ilə və video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, o da əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd bükümdə şəffaf rəngli sellofan kəsiyinin içərisində olan maddəni çıxarıb təqdim edərək onun kakos (heroin) olduğunu bildirmişdir. 1 ədəd bükümə baxış keçirilərkən həmin bükümün içərisində heroinə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Bundan sonra qeyd olunan kütlə ekspertizaya göndərilməsi üçün müstəntiq tərəfindən qablaşdırılmışdır. Təqsirləndirilən şəxs deməsinə görə üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini Astara şəhərində dənizkənarı bulvarın qırağında zibil qutusunun yanında yerdən tapmış və öz istifadəsi üçün üzərində saxlamışdır. Daha sonra tərtib olunmuş protokol ucadan oxunmuş, bütün iştirakçılar və Təqsirləndirilən şəxs tərəfində imzalanmışdır. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitələr satması barədə məlumatları olmamışdır. Dindirilmiş şahidlər Şahid2 və Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs ifadələrinin yerində yoxlanılması haqqında istintaq hərəkəti protokolundan görünür ki, o, törətmiş olduğu soyğunçuluq cinayəti ilə bağlı ifadəsində göstərdiyi xüsusatları əyani olaraq bir daha göstərmişdir. Cinayət işinin materiallarında olan tanınmaya təqdim etmə haqqında istintaq hərəkəti protokolundan görünür ki, tanınma zamanı təqsirləndirilən şəax Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tanınmaya təqdim edilərkən Zərərçəkmiş şəxs ona qarşı soyğunçuluq edən şəxsi üz quruluşuna, xarici görkəminə və geyiminə görə tanıyaraq tanımaya təqdim olunanların sırasından 2-ci yerdə dayandığını bildirmişdir. Cinayət işi materiallarında olan 19 oktyabr 2021-ci il tarixli axtarış və götürmə keçirilməsi haqqında protokoldan görünür ki, Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə əlaqədar Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş 1 ədəd bükümdə spesifik iyə malik, toz formada, qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq olunmuş 20 oktyabr 2021-ci il tarixli 19/1055 saylı məhkəmə kimyəvi ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə Heroinə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: - 4,846 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə də tədqiq edilmiş 2 oktyabr 2021-ci il tarixli, 1138 saylı ambulator məcburi narkoliji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan 19 oktyabr 2021-ci tarixli təqrirdən görünür ki, soyğunçuluq cinayətini törədən şəxsin narkotik istifadəçisi Təqsirləndirilən şəxs olması qeyd edilmişdir. İşdə olan Astara rayon Polis Şöbəsinin 15 noyabr 2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması ilə yanaşı narkotk vasitə olan heroinin satışı ilə məşğul olması barədə məlumat əldə olunsa da, onun əldə etdiyi narkotik vasitə heroini haradan əldə etməsi, onu konkret olaraq kimlərə satacağı barədə məlumat əldə olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxs və şahidlərin ifadələrini, ekspertiza rəylərini tədqiq edərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs soyğunçuluq cinayətini törətməsi tam sübuta yetirilir və bu mübahisələndirilmir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə törətdiyi cinayət əməlinin hüquqi tövsifi məsələsini də müzakirə edərək aşağıdakı nəticəyə gəlir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs həm də CM-in 234.4.3 maddəsi ilə ittiham verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı CM-in 234.4.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı verilmiş ittiham üzrə onun əməli məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmır. Belə ki, ibtidai araşdirma zamanı olduğu kimi məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs və şahidlərin ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satmaqda heç bir şəxslə əlbirliyi olmamış, o heç bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməmişdir. O üzərində aşkar edilən heroini yaşadığı Astara şəhərinin dənizkənarı bulvarın yaxınlığında zibil qutusunun yanında yerdən tapmış və özü istifadə etmək üçün üzərində saxlamışdır. Həm də heroin bir bükümdə olmuşdur. Bundan başqa məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan tiryək alkoloidlərini özündə saxlayan maddələrdən sui-istifadə halları vardır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə satış dedikdə yalnız qeyd olunan amillərin, yəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində verilmiş izaha əsasən həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərindən azad olunmasına nail olmaq, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi başa düşülür. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etməyə dair ittiham verilmiş, lakin həmin ittihamda təqsirləndirilən şəxsin narkotik maddəni əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, qeyd edilən qanunun tələbi nəzərə alındıqda elan edilmiş bu ittihamın məzmununda təqsirləndirilən şəxsin narkotik maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq üçün əldə etməsi müəyyən edilmədiyindən narkotik vasitə heroinin əldə edilməsini satış kimi qiymətləndirilməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs qanunsuz olaraq saxladığı heroin külli miqdar təşkil edir. Lakin, ibtidai araşdırma zamanı onun həmin narkotik maddəni məhz satış məqsədi ilə əldə etməsi heç bir sübutla təsdiq edilməmiş, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun narkotik maddəni satış məqsədi ilə əldə etməsi, həmçinin narkotik maddənin satışı ilə məşğul olması öz təsdiqini tapmamışdır. İşdə olan Astara rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 19 oktyabr 2021-ci tarixli təqrirdən də görünür ki, həmin təqrirdə Təqsirləndirilən şəxs soyğunçuluq cinayətində və narkotik vasitələrin saxlamasında şübhəli bilinməsi qeyd edilmişdir. İbtidai istintaq orqanının gəldiyi bu nəticə ehtimallara əsaslanmış və məhkəmədə müəyyən edilmiş işin hallarından görünür ki, Təqsirləndirilən şəxs soyğunçuluq cinayəti törətdiyinə görə saxlanılaqkən üzərinə keçirilmiş çəxsi axtarış zamanı öz istifadəsi üçün üzərində saxladığı qeyd edilən narkotik vasitə heroin aşkar edilərək ondan götürülmüşdür. Bunu məhkəmədə dindirilimiş şahidlər Astara rayon Polis Şöbəsinin əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ifadələrindən də görünür ki, Təqsirləndirilən şəxs soyğunçuluq cinayətini törətməsi ilə əlaqədar araşdırma aparılması zəruriyyəti ilə saxlanılmış, onun üzərində şəxsi axtarış keçirilmiş və qeyd edilən bir bükümdə narkotik vasitə aşkar olunraq ondan götürülmüşdür. Saxlanılaqkən o həmin narkotik vasitəni tapdığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs üzərində satmaq məqsədi ilə külli miqdarda narkotik vasitə olduğu anlarda onun soyğunçuluq edərək özünə siqaret almaq üçün zərərçəkmiş şəxsin cəmi 7 manat pulunu tələb edib alması halını da onun niyətinin həmin heroini satmaq deyil məhz istifadə etmək olduğu qənaətinə gəlir. Göründüyü kimi Təqsirləndirilən şəxs onda aşkar edilərək götürülmüş narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir sübut əldə edilməmişdir. Azərbaycan Respublikası CPM-nin (bundan sonra CPM-in) 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmcinin CPM-in 139.0, 139.0.4 və 139.0.6-cı maddələrinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçılarının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə yuxarıda göstərilən, məhkəmədə tədqiq olunmuş sübutları və işin faktiki hallarını, cinayətin iş üzrə verilmiş ittihamda göstərildiyi kimi törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin sübuta yetirilməsi ilə əlaqədar ittiham tərəfindən irəli sürülən dəlillər əsassızdır, bu dəlillər konkret sübutlara deyil, mülahizələrə əsaslanmışdır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Bu Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin bu Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispoziyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və yerdən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq, təmiz çəkisi 4,846 qram olan narkotik vasitə heroini özü istifadə etmək üçün üzərində qanunsuz olaraq saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla tam təstiq olunur. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi barədə heç bir mötəbər sübutlar əldə edilməmiş və onun CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması nə ibtidai istintaq, nə də ki, məhkəmə istintaqı zamanı sübuta yetməmişdir. İnsan Hüquqlarının və X3 X2 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəsə cinayət törədildiyi anda tətbiq edilməli olan cəzadan daha ağır cəza təyin edilə bilməz. CM-nin 7-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CM-in cinayətlərin təsnifatına dair 15-ci maddəsinə əsasən CM-in 234.1-ci maddəsi ilə törədilən əməllər az ağır, CM-in 234.4.3-cü maddəsi ilə törədilən əməllər isə ağır cinayət hesab edilir. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından, onun törətdiyi cinayət əməli CM-nin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları CPM-in 124- 137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində CM-in 180.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Ona görə də o CM-in 180.1 və 234.1 maddələri ilə təqsirli bilinib, həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 1997-ci ildə Astara şəhərində anadan olmuşdur. Astara şəhəri, H.Aslanov küçəsi, ev 109-da qeydiyyatda olmaqla orada yaşamışdır. İşdə olan Astara rayon məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 19 oktyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və Astara Rayon Məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Astara rayon Məhkəməsinin 29 iyul 2020-ci il tarixli hökmünə əsasən CM-in 180.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 1 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 06 mart 2021-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad olunmuşdur. İşdə olan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o həmin ərizəsində ona dəymiş ziyanın bərpa edildiyini göstərib, Təqsirləndirilən şəxs heç bir tələb və şikayəti olmadığını göstərmişdir. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə CM-nin 59.1-ci maddəsinə əsasən CM-in 180.1-ci maddəsinə münasibətdə Təqsirləndirilən şəxs dəymiş ziyan bərpa etməsini və zərərçəkmiş şəxsin ondan heç bir tələb və şikayətinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Astara rayon Məhkəməsinin 29 iyul 2020-ci il tarixli hökmünə əsasən CM-in 180.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 1 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 06 mart 2021-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad olunmuşdur. Göründüyü kimi onun məhkumluğu ödənilmədən qəsdən yeridən az ağır cinayət törətmişdir. CM-in 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin sadə residivi halı mövcuddur. Ona görə də bu hal CM-in 61-ci maddəsinə əsasən onun cəzasının ağırlaşdıran hal kimi qiymətləndirilməli və CM-in 65.2-ci maddəsinin tələbinə əsasən ona təqsirləndirildiyi maddədə nəzərdə tutulan ciddi cəzanın yarısından az olmamaqla müddəasına əsaslanmaqla cəza təyin edilməlidir. Onun barəsində CM-nin 60-cı maddəsi tətbiq edilməməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan yuxarı həddə yaxın cəza təyin edilməli və o həmin cəzanı çəkməlidir. CM-in 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 26 oktyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsinin tələbinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Astara Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 4,796 qram heroin məhv edilməlidir. 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 50 manat məhkəmə xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 132, 344-349, 351- 353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-in 180.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-in 180.1-ci maddəsi ilə təsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-n 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 19 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. CM-nin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Astara Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 4,796 qram heroin məhv edilsin. 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 50 manat məhkəmə xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar