Məhkəmə qərarları › İş №1(099)-213/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-213/2024

30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-213/2024 30.01.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1981-ci ildə Astara rayonunun Ərçivan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işsiz, məhkumluğu olmayan, həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamış, barəsində 14 iyul 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda - 6,280 qram çəkidə narkotik vasitə heroini əldə edib, üzərində saxlamaqla Astara rayonu, Ərçivan qəsəbəsinə daşımış, 13 iyul 2023-cü ildə, saat 04:10-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən evinin qarşısında olan zaman saxlanılaraq Astara rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən satış məqsədi olmadan əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən kimyəvi tərkiblərinə görə eynilik təşkil edən 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 3,113 qram və 3,167 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdarda 6,280 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 13 iyul 2023-cü ildə səhər saatlarında 10-15 nəfər olmaqla mülki geyimli polis əməkdaşları yaşadığı evin həyətinə daxil olmuş, ona ailə üzvlərinin yanında zor tətbiq olunaraq avtomobilə mindirilərək Astara rayon polis şöbəsinə aparılmış, şöbədə polis əməkdaşları iki büküm narkotik vasitəni masanın üzərinə qoyaraq ona məxsus olduğunu demiş, həmin narkotik vasitənin ona məxsus olmasını demədiyi halda həmin narkotik vasitənin onun evindən tapılacağı bildirilmiş, bu səbəbdən narkotik vasitənin özünə məxsus olması barədə izahat və ifadələrinə imza etmiş, şöbədə ona təsir-təzyiq göstərildiyini bildirib məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilməklə tədqiq olunarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs heç bir təsirtəzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilən zaman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ətraflı ifadələr verərək göstərmişdir ki, narkotik vasitə istifadəçisi olmuş, 12 iyul 2023-cü ildə saat 11 radələrində tanımadığı şəxsdən 60 manat pulun müqabilində 2 ədəd bükümdə adını “kokos” kimi bildiyi narkotik vasitə heroin almış, 13 iyul 2023-cü ildə saat 04:10-da Astara rayonunun Ərçivan qəsəbəsində evinin qarşısında olarkən mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılaraq Astara rayon polis şöbəsinə gətirilmiş, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən 2 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla polis əməkdaşlarına təqdim etmiş, sellofan bükümlərə baxış keçirildikdə içərisində narkotik vasitə heroin olması müəyyən olunmuşdur. Şifahi sorğu-sual zamanı üzərindən aşkar edilmiş narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini məhkəmə istintaqında dindirilmiş digər şəxslərin ifadələri ilə müqayisə etməklə qiymətləndirərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 şahid qismində dindirilərkən məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 12 iyul 2023-cü ildə İdarəyə Astara rayonunun Ərçivan kəndində qeydiyyatda olmaqla, orada yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun üzvləri 13 iyul 2023-cü ildə, gecə saatlarında Astara rayonuna gəlmiş, gecə saat 04:10 radələrində Təqsirləndirilən şəxs evinin qarşısında saxlanılaraq Astara rayon polis şöbəsinə aparılmış, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncu əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmiş, həmin 02 ədəd sellofan bükümün içərisində “kokos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmiş, sellofan bükümlərə baxış keçirilərkən içərisində qəhvəyi rəngli, spesifik iyə oxşar, narkotik vasitə heroinə bənzər maddələr olması müəyyən edilmiş, şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələri 12 iyul 2023-cü ildə tanımadığı şəxsdən öz istifadəsi üçün 60 manata alaraq istifadə məqsədi ilə üstündə saxladığını, həmin maddələrdən heç kimə vermədiyini və satmadığını bildirmiş, aşkar olunan 02 ədəd sellofan bükümdə olan maddələr zərfdə qablaşdırılıb möhürlənərək götürülmüş, şəxsi axtarışla bağlı protokol tərtib edilərək orada iştirak edən şəxslər tərəfindən imzalanmış, sonra sonuncunun razılığı əsasında onun iştirakı ilə yaşadığı evə baxış keçirilərkən evindən qanunsuz əşya və ya digər predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilərkən, eləcə də polis şöbəsində olarkən ona qarşı heç bir təsir və ya təzyiq göstərilməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da digər Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə müdafiəçinin vəsatətinə əsasən əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 13 iyul 2023-cü ildə saat 03:30-da mülki geyimli polis əməkdaşları yaşadıqları evə gəlmiş, evin 2-ci mərtəbəsinə qalxaraq əri Təqsirləndirilən şəxs onun və uşaqlarının gözü qarşısında döyərək evdən aparmış, evdə olan mobil telefonlar götürülmüş, növbəti gün polis əməkdaşları Cəsarəti evə gətirib baxış keçirərkən onu və uşaqlarını Fatimə adlı qonşularının evinə göndərmiş, baxışdan sonra bilmişdir ki, evindən qanunsuz heç bir şey aşkar edilməmişdir. Əri Cəsarət idmanla məşğul olmuş, siqaret və narkotik vasitələrdən istifadə etməmişdir. Məhkəmə baxışında müdafiəçinin vəsatətinə əsasən əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, 13 iyul 2023-cü ildə saat 03 radələrində qonşusu Təqsirləndirilən şəxs həyətindən it hürməsi səsini eşidib pəncərədən onların evinə tərəf baxarkən xeyli sayda şəxslərin onların həyətinə girməsini, Cəsarətin həmin şəxslər tərəfindən aparılmasını görmüş, növbəti gün Cəsarət yenidən evinə gətirilərkən sonuncunun arvadı Günel və uşaqları onun evinə gəlmişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan” şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 13 iyul 2023-cü ildə, gecə saat 04:10-da Astara rayonu, Ərçivan qəsəbəsində yaşadığı evin qarşısında olarkən saxlanılaraq Astara Rayon Polis Şöbəsinə dəvət olunmuş, həmin gün saat 05:51-də üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 3,113 qram, 3,167 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar təşkil edən 6,280 qram narkotik vasitə heroinə oşxar maddə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 13 iyul 2023-cü il tarixli 6/3814 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş və üzərində Azərbaycan Respublikası DİN-yi “Zərflər üçün №6” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 3,113 qram; 3,167 qram olmaqla ümumi təmiz çəkisi 6,280 qram qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin qalıq çəkisi 6,180 qram təşkil edir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 14 iyul 2023-cü il tarixli 4446 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 28 iyul 2023-cü il tarixli 2551/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkaloid aşkar edilmişdir. Barbitur turşusu törəmələri, kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarında olan əməliyyat tapşırığına verilmiş cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddə istifadəçisi olması müəyyən edilmiş, lakin qanunsuz olaraq əldə edib üzərində daşıdığı narkotik vasitə heroini nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, eləcə də onun narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı məlumat və ya digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin olması müəyyən edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş 12 iyul 2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar qanunauyğun hesab edilmişdir. İş materiallarında olan Astara Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş 12 iyul 2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar qanunauyğun hesab edilmişdir. İş materiallarında olan qərardan görünür ki, ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınan 6,180 qram narkotik vasitə heroin və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş «Samsunq» markalı mobil telefon Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılır, şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə iş üzrə obyektiv həqiqəti müəyyən edərkən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələrini düzgün, obyektiv, məntiqli və işin faktiki hallarına uyğun gəldiyi qənaətinə gəlir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlil gətirərək üzərində aşkar olunan narkotik vasitə heroinin polis şöbəsində təzyiqlərə məruz qaldığından məcbur olub narkotik vasitənin özünə məxsus olmasını yalandan etiraf etdiyini, müstəntiqə verdiyi ifadəsini təsdiq etmədiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi xüsusatlara tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, təqsirləndirilən şəxsin ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunması və ya hədə-qorxu gəlmələri ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, həmin fakt üzrə məhkəmədə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən o, polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması, döyülməsi ilə bağlı şikayətlə məhkəməyə müraciət etməmiş, hətta sonradan belə onun polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı hər hansı bir dövlət orqanına şikayəti olmamışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi etirafedici ifadələrin məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Eyni zamanda məhkəmə məhkəmədə əlavə şahid qismində dindirilmiş şəxslərin ifadələrinə münasibət olaraq bildirir ki, həmin ifadələr Təqsirləndirilən şəxs müdafiə xarakterli olmaqla onu törətdiyi cinayət əməlinə görə daşıyacağı məsuliyyətdən kənarda qoymaq məqsədi daşıyır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi etirafedici ifadələrini ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə yuxarıda qeyd olunan verdiyi etirafedici ifadəsini, həmçinin şahidlərin ifadələrini, eskpertizanın rəylərini, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolu və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətini Azərbaycan Respublikası CM-in 234.1-1-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni – 13 iyul 2023-cü ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 14 iyul 2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 13 iyul 2023-cü ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 05 iyul 2002-ci il tarixli hökmünə əsasən CM-in 228.1, 221.2.1, 221.2.2, 221.4, 29,120.2.2, 120.2.4, 29, 120.2.7-ci maddələri ilə məhkum olunaraq 12 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin 04 sentyabr 2002-ci il tarixli qərarı ilə əməli CM-in cəzası 228.1, 127.2.3 və 221.3-cü maddələrinə tövsif edilərək cəzası 4 ilə endirilmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin 25 fevral 2004-cü il tarixli qərarı ilə CM-in 76.3.1-ci maddəsinə əsasən cəzasının çəkilməmiş 1 il, 10 ay, 12 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş, hazırda məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına məhkum ediləcəyini nəzərə alaraq hesab edir ki, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanlımalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Əliyev X3 rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla himayəsində heç bir yerdə işləməyən arvadı və üç azyaşlı uşağı ilə birgə orada yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eyni zamanda ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən arvadının olmasını, məhkəməyədək icraat zamanı təqsirini qismən etiraf etməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-də saxlanılan və ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkisi 6,180 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus «Samsunq» markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumuna qaytarılmalı, şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 13 iyul 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkisi 6,180 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus «Samsunq» markalı mobil telefon onun yaxın qohumuna qaytarılsın, şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk isə cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev

2. Cavid Səfərli

3. Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar