Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-214/2022 04.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamcısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, təqsirləndirilən şəxsin müdafiəcisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1975-ci ildə Salyan rayonu Cəngən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, Salyan rayonu Cəngən kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında acıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 noyabr 2021-ci il tarixdə saat 17 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla sürücülük vəsiqəsi olmadan, habelə həmin Qanunun 29-cu maddəsinin tələblərini pozmaqla idarə etdiyi “Muravey” markalı, dövlət qeydiyyat nişanı olmayan üçtəkərli motosiklet ilə Salyan rayonu Cəngən kənd yolunda saatda 30 km/sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və motosikletin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq motosikleti hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, motosikletin idarə olunması ilə əlaqədar hərəkətləri vaxtında və motosikletin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətinin təmin olunmasını yerinə yetirməli olduğu halda, qeyd olunan tələbləri pozaraq xx.xx.2016-cı il təvəllüdlü, azyaşlı qızı Ruqiyyə Salmanovanı motosikletin arxa yük yerinə mindirib idarə edərək yolda olan döngədə hərəkətdə olarkən idarəetməni itirib motosikleti hərəkət hissəsindən sağ tərəfdə yoldan aşağıda yerləşən dərəyə aşırması nəticəsində Ruqiyyə Salmanova motosikletdən yerə yıxılmış, baş vermiş hadisənin qarşısını almağa texniki imkanı olsa da, bunu etməmiş, ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətməsi nəticəsində sonuncunun qapalı kəllə-beyin travması, baş-beyinə qansızma, sol gicgah-təpə sümüyünün sınığı, başın sol gicgah-sifət nahiyəsinin yarası kimi xəsarətlər almaqla ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir özünə məxsus olan nömrəsi olmayan "Muravey" markalı üçtəkərli motosikleti sürücülük vəsiqəsi olmadan idarə edir, kənd ərazisində gündəlik çörəkpulu qazanır. öz işinə gedib-gəlmək üçün kənd ərazisində idarə etmişdir. 24 noyabr 2021-ci il tarixdə saat 17 radələrində yaşadığı evdən çıxıb idarə etdiyi motosikletlə kənd ərazisində yerləşən dükana ərzaq məhsulları almağa getmək istəyərkən 6 yaşında qızı Ruqiyyə də onunla birlikdə motosikletlə dükana getmək istəmiş, Ruqiyyəni motosikletin arxa yük yerinə mindirib evdən yola düşmüş, Cəngən kəndi ərazisində döngəni dönərkən idarəetməni itirərək motosiklet yoldan çıxıb bir neçə metr dərəyə aşmış, qızı Ruqiyyə motosikletdən yıxılıb yerə düşərək motosikletin altında qalmış və baş nahiyyəsindən xəsarət almışdır. Motosikletdən çıxıb qızı Ruqiyyəni motosikletin altından çıxarmışdır. Həmin vaxt oraya qohumu Şahid gəlmişdir. Təxminən 2-3 dəqiqə sonra qızı Ruqiyyə aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Törətdiyi əməldən peşmandır. Hazırda motosiklet yararsız vəziyyətdədir, fəhləlik edib gündəlik çörəkpulu qazanır, himayəsində iki körpə uşağı var, arvadı heç yerdə işləmir, ailəyə yeganə qazanc gətirən özüdür. Buna görə də məhkəmədən ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün etirafedici ifadələri ilə yanaşı məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisin, şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əridir, birgə nikahdan ikisi qız və biri oğlan olmaqla üç azyaşlı övladları vardır. Əri Təbriz kənd içərisində "Muravey" markalı üçtəkərli motosiklet idarə edərək fəhləliklə məşğul olmuşdur. 24 noyabr 2021-ci il tarixdə günortadan sonra Təbriz idarə etdiyi motosikletlə işdən evə gəlmiş, evə ərzaq lazım olduğundan Təbriz saat 17 radələrində qonşu kənddə yerləşən dükana getməyə hazırlaşarkən azyaşlı qızı Ruqiyyə də atasından əl çəkməyərək onu özü ilə dükana aparmasını israr etmiş və Ruqiyyə buna görə ağladığı üçün Təbriz də məcbur qalıb qızı Ruqiyyəni də özünün idarə etdiyi "Muravey" markalı üçtəkərli motosikletin arxa yük yerinə mindirib dükana aparmışdır. Təxminən 10-15 dəqiqədən sonra kənd sakinlərindən əri Təbrizin idarə etdiyi motosikletlə yaxınlıqda kənd içərisində yol-nəqliyyat hadisəsi törətdiyini eşitmişdir. Bundan sonra evdən çıxıb tələsik qaça-qaça hadisə baş verən yerə getmişdir. Hadisə yerinə çatdıqda Təbrizin idarə etdiyi motosikletin yoldan çıxaraq dərəyə aşdığını, qızı Ruqiyyəni isə ölmüş vəziyyətdə orada olmasını görmüşdür. Hadisə baş verərkən mərhum qızı Ruqiyyənin 6 yaşı tamam olmamışdır. Hazırda himayəsində iki körpə övladı var, əri Təbrizə qarşı hər hansı bir şikayəti və tələbi yoxdur, onunla barışmışdır. Evdə işləyən və ailəyə baxan yalnız Təbrizdir, motosikleti yararsız vəziyyətdədir, əri fəhləlik edir, gündəlik çörəkpulu qazanıb balalarını dolandırır. Məhkəmədən ərinə həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi Miranə Salmanova ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təbriz onun bibisi oğludur. Təbriz kənd içərisində "Muravey" markalı üçtəkərli motosiklet sürür və fəhləliklə məşğul olub gündəlik çörəkpulu qazanır. 24 noyabr 2021-ci il tarixdə saat 17 radələrində kənd içərisində həmkəndlilərinin birinin həyətindən çıxıb gedərkən yolda Təbrizin idarə etdiyi "Muravey" markalı motosikletlə rastlaşmışdır. Həmin vaxt Təbrizin azyaşlı qızı Ruqiyyə Təbrizin idarə etdiyi motosikletin arxa yük yerində oturmuşdur. Təbriz ona yaxınlıqda yəni qonşu kənddə yerləşən dükana ərzaq almaq üçün getməyi təklif etmişdir. Təbrizə qonşu kənddə yaşayan bacısıgilə gedəcəyini və onunla gedə bilməyəcəyini bildirmişdir. Təxminən 10-15 dəqiqədən sonra kənd içərisində yolda gedərkən Təbrizin azyaşlı oğlu Pərviz onun arxasınca gəlib atası Təbrizin idarə etdiyi motosikleti aşırdığını və bacısı Ruqiyyənin başının əzildiyini bildirmişdir. Bundan sonra dərhal kənd içərisində hadisə baş verən yerə getmişdir. Həmin vaxt Təbriz idarə edərək aşırdığı motosikletin yanında oturduğunu, Ruqiyyənin isə orada yerdə uzanmış vəziyyətdə və can verdiyini görmüşdür. Ruqiyyəni qucağına götürdükdə az sonra o, qucağında ölmüşdür. Hadisə yerinə Təbrizin arvadı Miranə də gəlmişdir. Daha sonra təcili tibbi yardım avtomobili gəlsə də, Ruqiyyə artıq, öldüyündən çıxıb getmişlər. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 20 dekabr 2021-ci il tarixli 28 №-li rəyindən görünür ki, meyitin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Qapalı kəllə-beyin travması, baş-beyinə qansızma, sol gicgahtəpə sümüyünün sınığı, başın sol gicgah-sifət nahiyəsinin yarası. Bu xəsarətlər birlikdə həyatidirlər, ölümündən bir qədər əvvəl bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində, ola bilsin ki, qərarın təsviri hissəsində göstərilən gündə və şəraitdə xx.xx.2021-ci il tarixdə hərəkətdə olan Muraveyin aşması nəticəsində əmələ gəlmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli hansı ki, onun ölümünə səbəb olmuş ağır zərər vurmaya aiddir. X1 ölümünə səbəb başın küt travması nəticəsində törənmiş beynin qişaları altına, beyin toxumasına, beyin mədəciklərinə qansızmalar olmuşdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 07 yanvar 2022-ci il tarixli 8/3368 №-li rəyindən görünür ki, “Muravey” markalı, dövlət qeydiyyat nişanı olmayan motosikletin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs motosikleti dövlət qeydiyyat nişanı olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 29cu maddəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs motosikleti sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Salyan rayon X10 X11 daxil olmuş 23 dekabr 2021-ci il tarixli raportdan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin məlumatlarına əsasən Salyan rayonu Cəngən kəndində yaşayan Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi qeyd olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 70-ci maddələri ilə 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə barəsində 02 il şərti sınaq müddəti müəyyən olunmuş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxs hesab edilir. İş materiallarında olan 24 noyabr 2021-ci il tarixli 158 N-li sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair aktdan görünür ki, hadisə zamanı X4 alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Salyan RİHB Kürqaraqaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 18 yanvar 2022-ci il tarixli 47 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs barəsində kənd icra nümayəndəliyinə hər hansı bir şikayət daxil olmamışdır. İş materiallarında olan 18 yanvar 2022-ci il tarixli 48 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri arvadı Minarə Salmanovadan, 2013-cü il təvəllüdlü oğlu Pərviz və 2021-ci il təvəllüdlü qızı Ülkərdən ibarətdir. İş materiallarında olan AZ-İİİ 781302 N-li doğum haqqında şəhadətnamədən görünür ki, 27 aprel 2016-cı il təvəllüdlü mərhum X7 Salmanovun qızıdır. Məhkəməyə təqdim olunmuş 10 mart 2022-ci il tarixli 089694 N-li vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs 25 avqust 2012-ci ildən müharibə veteranıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təbriz Salmanvoun himayəsində iki azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən ailəyə yeganə qazanc gətirən şəxs olmasını, müharibə veteranı olmasını, habelə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı azyaşlı övladını itirməsi nəticəsində mənəvi sarsıntı keçirməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən və başqa) yoxdur. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayət əməlinin məhz onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan yüngülləşirən hallar təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin ictimai təhlükəliliyini azaldan hallardır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını və cəzasını yüngülləşdirən halların məcmusunu müstəsna hallar kimi qiymətləndirib müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq etməklə təqsirləndirildiyi maddədə müəyyən ediləndən daha yüngül cəza növünün - azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunmasını və cəzanın məqsədinə nail olunmasını mümkün sayır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Digər tərəfdən məhkəmə təqsirləndirilən şəxsə törətdiyi cinayətə görə azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanmalı və cəzanın icrası Salyan Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə barəsində CM-in 62-ci maddəsi tətbiq olunmaqla 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzanın icrası Salyan Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrası-əsas cəzanı icra edən müəssisə (orqan) tərəfindən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1-ci maddəsinin tələblərinə müvafiq olaraq həyata keçirilsin. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən - Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-214/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-214/2022
04.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver