Məhkəmə qərarları › İş №1(099)-216/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-216/2022

25.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-216/2022 25.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1972-ci ildə Neftçala rayonu, Qaçaqkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Lənkəran rayonu, Şiləvar kəndində qeydiyyatda olmaqla barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs, özünə məlum olan mənbə və vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdar təşkil edən 11,395 qram çəkidə narkotik vasitə olan heroin əldə edib üzərində daşıyaraq saxlamış, 12 oktyabr 2021-ci il tarixdə saat 15 radələrində Neftçala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Neftçala rayonu, Qaçaqkənd kəndi ərazisində saxlanılaraq rayon polis şöbəsinin həmin kənddə yerləşən məntəqəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ cibindən satış məqsədilə əldə edib üzərində daşıyaraq saxladığı bir ədəd bükülüdə çəkisi 11,395 qram, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və şalvarın sol cibindən üzərində heroinin izi olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özü narkotik istifadəçisidir. 2021-ci ilin oktyabr ayının sonlarında işi ilə əlqadar Lənkəran şəhərində olanda Qumbaşı kəndi ərazisində yerdə içərisində selofan görmüşdür. Selofanı götürüb açıb içinə baxanda un halında, boz rəngdə maddə görmüşdür. Qaldırıb baxdıqda heroin olduğunu görmüş, öz istifadəsi üçün evinə gətirmişdir. 12 oktyabr 2021-ci il tarixdə saat 15 radələrində Neftçala rayonu, Qaçaqkənd kəndində küçədə olarkən, mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşları olduqlarını ona bildirmişlər. Ona üstündə qanunsuz olaraq narkotik vasitə saxlamağı barədə məlumatları olduqları üçün onu kəndlərində yerləşən polis məntəqəsinə aparacaqlarını bildirmişlər və onu həmin məntəqəyə aparmışlar. Orada üzərinə baxış keçirilərkən cibindən həmin heroin aşkar edilmişdir, heroinin çəkisi cəmi 1 qram olmuş, lakin polis əməkdaşları özlərindən heroin əlavə edərək çəkini 11 qrama qədər artırmışlar. Üzərində elektron tərəzi olmamış, tərəzi evində olmuşdur. Narkotik vasitələrin satışı ilə məşğul olmur, istifadəçisidir. Məhkəmədən əməlinin düzgün tövsif olunmasını xahiş edir. İfadələr arasında ziddiyyətlər olduğu üçün Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, üzərindən narkotik vasitə aşkar edilməsini etiraf etmiş, məhkəməyə verdiyi ifadəsindən fərqli olaraq polis əməkdaşları tərəfindən üzərində aşkar olunmuş heroin əlavə edilərək çəkisinin artırılması barədə hər hansı bir məlumatlar bildirməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Neftçala rayon polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Neftçala rayonu, Qaçaqkənd kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi, üzərində saxlaması və narkotik vasitələrin satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumat daxil olaraq əməliyyat qrupu yaradılmışdır. 12 oktyabr 2021-ci il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs Neftçala rayonu, Qaçaqkənd kəndi ərazisində saxlanılaraq rayon polis şöbəsinin həmin kənddə yerləşən məntəqəyə gətirilmişdir. Orada üzərinə axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində narkotik olmasını deyərək şalvarının sağ cibindən bir ədəd bükülünü təqdim edib içərisində narkotik vasitə olduğunu bildirmiş, sol cibindən bir ədəd elektron tərəzini təqdim etmişdir. Həmin bükülü açılıbbaxıldıqda içində narkotik maddə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Həmin kütlə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə baxışında şahid qismində dindirilmiş Neftçala rayon polis şöbəsinin əməkdaşları Şahid2, Şahid4 və Şahid5 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdilər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-fiziki kimyəvi ekspertizasının 13 oktyabr 2021ci il tarixli 10/1055 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərinə baxış...heroinə oxşar...” sözləri yazılmış kağız paketi açdıqda 01 ədəd bükümdə təmiz çəkisi-11,395 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir.Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərinə baxış...elektron tərəzi” sözləri yazılmış kağız paketi açdıqda 01 ədəd elektron tərəzinin üzərində heroinin izi vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən təqdim edilən maddə nümunəsi ilə eyni olub-olmamasını müəyyən etmək mümkün deyildir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 31 manat 95 qəpik təşkil edır. Tədqiqatdan sonrakı qalıq: heroin 11,345 qram təşkil edir. İş materiallarında olan 13 dekabr 2021-ci il tarixli 5071 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 17 sentyabr 2021-ci il tarixli 916 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, saxlanılandan sonra X3 bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. İş materiallarında olan 12 sentyabr 2021-ci il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən üzərindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İş materiallarında olan «maddi sübut kimi tanınması haqqında» 03 yanvar 2022-ci il tarixli qərardan görünür ki, bir ədəd bükümdə tədqiqatdan sonrakı qalıq 11,345 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Nefçala rayon polis şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan 12 oktyabr 2021-ci il tarixli protokolla Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Neftçala rayon məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 12 oktyabr 2021-ci il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Neftçala rayon məhkəməsinin 15 fevral 2017-ci il tarixli hökmünün surətindən görünür ki, təqsirləndirilən şəxs Hüseynov X2 rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 2 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə 17 gün vaxtından əvvəl şərti azad azad edilmiş, məhkumluğu ödənilmişdir. İş materiallarında olan yaşayış yerindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Hüseynov X2 rayonu, Qaçaqkənd kəndində qeydiyyatda olmaqla, ailə tərkibi anasından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq “üzərində narkotik vasitə heroinin çəkisinin az olması, polis əməkdaşları tərəfindən əlavə edilərək çəkisinin artırılması” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə əldə etmişdir. Məhkəmə, onun ifadəsində göstərdiyi bu xüsusatları ona təyin ediləcək cəzanın müddətini azaltmağa, başqa sözlə, cinayət məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroin “külli miqdar” kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını, əməlini qismən etiraf etməsini məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Neftçala Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq bir bükümdə 11,345 qram olan narkotik vasitə heroin və bir ədəd elektron tərəzi məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 31 manat 95 qəpik məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 12 oktyabr 2021-ci il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 12 oktyabr 2021-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 31 manat 95 qəpik məbləğində ekspertiza Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış - Neftçala Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq bir bükümdə 11,345 qram olan narkotik vasitə heroin və bir ədəd elektron tərəzi məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar