Məhkəmə qərarları › İş №1(099)-217/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-217/2022

25.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-217/2022 25.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçilər- Lənkəran Rayon Vəkil Bürosunun vəkillləri Müdafiəçi2 və Müdafiəçi1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə xx xxxxxxx 2003-cü ildə Cəlilabad rayonunun Sərhədabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Sərhədabad kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 29,120.2.2, 29,120.2.4 və 126.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs bir şəxsi xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etmiş, digər şəxsə ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı dövrdə, həmkəndlisi Zərərçəkmiş şəxs1 mobil telefonunda özündən xəbərsiz sevdiyi qızın da görüntüləri olan videogörüntünün olmasını öyrəndikdən sonra sonuncu ilə həmin vedoçəkilişi mobil telefondan silməsi ilə bağlı 30 sentyabr 2021-ci il tarixdə, saat 19 radələrində yaşadıqları Cəlilabad rayonunun Sərhədabad kəndi ərazisində söhbət etdikdən sonra özlərinə məxsus evə gedib Zərərçəkmiş şəxs1 videogörüntünü silməkdən imtina etməsini götür-qoy edib bunu özü üçün qəbuledilməz hesab edərək onu qəsdən öldürmək qərarına gəlmiş və bu məqsədlə həmin gün saat 21 radələrində, yaşadığı evin həyətində olan mağazadan zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb üzərində gizlədərək Zərərçəkmiş şəxs1 yaşadığı Cəlilabad rayonunun Sərhədabad kəndində yerləşən fərdi yaşayış evinə gedib darvazadan içəri daxil olaraq həyətdə ona tərəf gələn Zərərçəkmiş şəxs1 videogörüntünü silməkdən imtina etməsini bəhanə etməklə heç bir əsaslı səbəblər olmadan xuliqanlıq niyyətilə özü ilə gətirdiyi bıçaqla sonuncunun qarın nahiyəsinə bir dəfə, Zərərçəkmiş şəxs1 qaçaraq ondan uzaqlaşsa da, ardınca gedərək daha bir neçə bıçaq zərbəsi vurmuş, həmin vaxt həyətdə olmaqla baş verənləri müşahidə edən sonuncunun qohumu Zərərçəkmiş şəxs2 onu Zərərçəkmiş şəxs1 bıçaqla zərbələr vurmasına mane olmaq üçün tutub saxladığını görüb cinayətin qarşısının alınmasına nail olmaqla bağlı ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar Zərərçəkmiş şəxs2 sağ bel nahiyəsinə əlindəki bıçaqla bir dəfə vuraraq ona dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid sağ bel nahiyəsinin qarın boşluğuna nüfuz edən, on iki barmaq bağırsağı və sağ böyrəyi zədələyən, eləcə də sağ böyrəyin çıxarılması ilə nəticələnən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarasından ibarət xəsarət yetirdikdən sonra əlindən çıxıb qaçmağa cəhd edərkən yıxılan Zərərçəkmiş şəxs1 yerdə uzanmış vəziyyətdə müqavimət göstərməsinə məhəl qoymadan üzərində oturaraq sonuncunun səs-küyə evdən həyətə çıxmış anası Şahid1 gözü qarşısında aşkar surətdə zərərçəkmiş şəxsə xüsusi ağrılar verərək daha bir neçə bıçaq zərbəsi vurmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, qarının ön divarının sol yarısının qarın boşluğuna keçən və böyük piyliyi zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid, sağ bazunun, sağ kürək nahiyəsinin, sağ qoltuqaltı nahiyənin, sol kürəkaltı nahiyənin, sağ və sol bud nahiyələrinin, sol ayaq pəncəsinin, cəmi 10 ədəd kəsilmiş və deşilmiş-kəsilmiş yaralarından ibarət xəsarətlər yetirmiş, həmin vaxt Şahid1 onu kənara itələyərək kömək çağırdığı üçün və Zərərçəkmiş şəxs1 vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas edildiyindən öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmiş, bu hərəkətləri ilə X11 bir şəxsi xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etmiş, digər şəxsə ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.2, 29, 120.2.4 və 126.2.2-ci maddələri ilə ona elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 həmkəndliləridir, onlarla münasibəti həmişə yaxşı olmuş, heç bir ədavət və düşmənçiliyi olmamış, Miralxasla qohumçuluq münasibəti də vardır.2021-ci ilin sentyabr ayının əvvəllərində kənd ərazisində Miralxasla rastlaşıb söhbət edərkən telefonunda olan oyunu oynamaq üçün Miralxas mobil telefonunu istəmiş o da telefonunu ona vermiş, vaxt keçirmək üçün özü də Miralxasın telefonunu götürmüşdür.Sonra o, Miralxasın telefonuna baxarkən yaşadığı kənddə kiminsə xınayaxma məclisində çəkilmiş videogörüntüdə sevdiyi qız Zəhranın da kadrda olduğunu görmüşdür.O, həmkəndlisi Zəhra adlı qızı sevsə də, qızın bundan xəbəri yoxdur. Həmin vaxt o, gördüyü video ilə bağlı Miralxasa heç nə deməmişdir. Bir müddət Miralxasla bir yerdə olduqdan və telefonları bir-birilərinə qaytardıqdan sonra sağollaşaraq ayrılmışlar. Həmin vaxtdan 3-4 gün sonra Miralxasla kənd ərazisində yenə də rastlaşmış və o, Miralxasdan telefonunda olan, xınayaxma məclisindəki videonu kiməsə verib-vermədiyini soruşmuş, o da həmin videonu yalnız Mirseyidəliyə göndərdiyini demişdir. Həmin vaxt nəyə görə videonu soruşduğunu Miralxas bilməmişdir.O, Miralxasa başqa bir söz demədən ondan ayrılıb uzaqlaşdıqdan az sonra sevdiyi qızın, yəni Zəhranın olduğu videonun Mirseyidəlidə olması ona pis təsir etmiş, narahat olmuşdur.X6 qohumu olduğu üçün Mirseyidəliyə video ilə bağlı nəsə deməyə də çətinlik çəkmişdir.30 sentyabr 2021-ci il tarixdə, axşam saatlarında o, qərara almışdır ki, gedib Mirseyidəliyə desin ki, telefonunda olan həmin videonun silsin. Əvvəlcə o, Mirseyidəliyə zəng vurub harada olduğunu soruşmuş, o da evdə olduğunu bildirmişdir. Sonra o, Mirseyidəlinin yaşadığı evin qarşısına gedib onu küçəyə çağırıb onunla görüşüb ona Miralxasın telefonunda xınayaxdıda çəkilən videonu gördüyünü, həmin videoda sevdiyi qız Zəhranın da düşdüyünü, buna görə də videonu silməsini demiş, Mirseyidəli ona oradan getməsini, sonra bu barədə söhbət etmələrini bildirmiş, o da razılaşıb oranı tərk etmişdir. Mirseyidəli həmin gün, saat 19 radələrində söhbət etmək üçün ona zəng vurmuş və onlar kənd ərazisində görüşmüşlər. Mirseyidəli video ilə bağlı onunla sakin tərzdə söhbət edib Zəhra ilə qohum olduğunu və bu videoda başqa bir şey olmadığını, ona belə bir şey deməsinin yanlış olduğunu bildirmiş, o da Mirseyidəli başa düşmüş və sağollaşıb ayrılmışlar.O, yaşadığı evə qaıtdıqdan sonra yenə də video məsələsini fikirləşmiş, videonun Mirseyidəlidə qalmasını və onun videonu silməkdən imtina etməsini qəbul edə, özünə sığışdıra bilməmişdir. Bu səbəbdən o, qərara gəlmişdir ki, gedib Mirseyidəlini cəzalandırsın. 30 sentyabr 2021-ci il tarixdə, saat 21 radələrində həyətlərində olan ərzaq mağazasına gedib bir ədəd mətbəx bıçağı aləb cibinə qoymuş, sonra Mirseyidəligilə tərəfə getmişdir.Onların evinə çatmağa az qalmış Mirseyidəlinin mobil telefonuna zəng vurub harada olmasını soruşmuş, o da evdə olduğunu demiş, sonra onu küçə qapısının yanına çağırmışdır.O, həyət qapısına çatıb içəri girmiş, həyətdə Mirseyidəlini və əmisi oğlu Miralmasla birlikdə ona yaxınlaşmış, həmin vaxt həyətdə Mirseyidəlinin dayısı oğlu Mirbağırın da olduğunu görmüşdür.Mirseyidəli ona yaxınlaşıb nə nə baş verdiyini soruşmuş, o isə ona heç bir söz deməmiş, əsəbindən danışa bilməmiş, şalvarının cibindən bıçağı çıxarıb Mirseyidəlinin qarınına bir dəfə vurmuş, Mirseyidəli zərbədən sonra evə tərəf qaçmağa başlamış, o da onun arxasınca qaçmış və ona çatıb bıçaqla onu bir neçə dəfə vurmuşdur.Həmin vaxt Mirseyidəli yerdən taxta parçası götürüb onun baş nahiyəsinə bir dəfə vurmuş, bundan sonra o, daha da əsəbiləşib Mirseyidəliyə tərəf gedib onu yenidən bıçaqla vurmaq istəmiş, lakin Miralmas onu arxadan qucaqlayıb Mirseyidəlini vurmasına mane olmuşdur.Həmin vaxt o, Miralmasa onu buraxmasını desə də, Miralmas onu buraxmamış və o, Miralmasın onu buraxmadığını görüb onu özündən kənarlaşdırmaq üçün əlindəki bıçaqla Miralxasın qarnını bir dəfə vurmuş, bundan sonra Miralxas onu bupaxımışdır. Bundan sonra o, evin qarşısında yerə yıxılmış Mirseyidəliyə yaxınlaşıb onun üzərində oturub onun bədəninə bir neçə dəfə bıçaqlai vurmuşdur. Mirseyidəli əlləri ilə onu itələyib üzərindən kənarlaşdırmaq istəsə də, o onu bıçaqla bir neçə dəfə vurmuşdur. Sonra səs-küyə Mirseyidəlinin anası Azadə evdən çıxıb qışqıraraq ona yaxınlaşıb onun Mirseyidəlini vurmasına mane olmuş, bundan sonra o, Mirseyidəliyə bıçaqla vurmamışdır.O, Mirseyidəlini bıçaqla vurarkən onun anası Azadəyə heç bir söz deməmiş, ona “tutma məni, onu öldürəcəm” deməsini isə xatırlamır.Sonra o, Mirseyidəligilin həyətindən çıxmış və əlində olan bıçağı Mirseyidəligilin evinin yaxınlığında hasarın yanına atıb evlərinə getmişdir.Hadisəni törətdikdən az sonra o, kənd yoluna çıxmış və əmisi Hüseynə zəng edib baş vermiş hadisə barədə, həm də olduğu yeri demiş və gəlib onu götürüb polis şöbəsinə aparmasını bildirmişdir.Az sonra əmisi maşında kənd yolunda olan avtobus dayanacağına gəlmiş və o, əmisi ilə birlikdə rayon polis şöbəsinə getmiş, şöbədə növbətçi hissədə olan polis əməkdaşına həmkəndlisi Mirseyidəlini bıçaqla vurduğunu demiş, sonra onu həbs etmişlər.Onun Mirseyidəlini öldürmək fikri olmamış, telefonundan videonu silmədiyinə görə o, əsəbiləşib onu cəzalandırmaq məqsədi ilə ona bir neçə dəfə bıçaqla vurmuşdur.Mirseyidəliyə neçə dəfə bıçaqla vurduğunu xatırlamır.Miralmasa bir dəfə bıçaqla vurmuş, buna səbəb Miralmasın onu tutub saxlaması olmuş, o da əsəbiləşib onu bir dəfə bıçaqla vurmuşdur. Bu hadisənin baş verməsinə səbəb Mirseyidəlinin onun sevdiyi Zəhra adlı qızın videosunu öz telefonundan silməməsi olmuşdur. Baş vermiş hadisədən sonra zərərçəkmiş şəxslər onunla barışmışdır. Hazırda o, törətdiyi əməlinə görə peşmançılıq çəkir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayətləri törətməkdə təqsirli olması, məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisidir, onlarla münasibəti yaxşı olmuşdur.2021-ci ilin yay aylarında kənd ərazisində qohumlarının həyətində xınayaxma məclisi olmuş, həmin vaxt məclisin videosunu çəkən şəxsdən özünün videoçəkiliş etməsini demiş, o da kameranı ona vermiş və o, məclisdə rəqs edən şəxslərin videoçəkilişini aparmışdır.Həmin vaxt o, məslisdə olan əmisi oğlu Miralxasa əliylə işarə edib onu mobil telefonu ilə videoya çəkməsini xahiş etmiş, Miralxas da mobil telefonu ilə onu videoya çəkmişdir.Sonra Miralxas həmin videonu onun mobil telefonuna göndərmişdir. 30 sentyabr 2021-ci il tarixdə, axşam saatlarında Kənan ona zəng vurub harada olmasını soruşmuş, o da evdə olduğunu bildirmişdir. Bir neçə dəqiqə sonra Kənan onların həyətinə gəlib ona Miralxasın telefonunda xınayaxdıda çəkilən videonu gördüyünü, həmin videoda istədiyi qız Zəhranın da düşdüyünü və bu videonu telefondan silməsini demiş, o da Kənana getməsini, sonra bu barədə söhbət etmələrini bildirmiş və Kənan çıxıb getmişdir.Həmin söhbətdən bir-iki saat sonra söhbət etmək məqsədi ilə o, Kənana zəng vurmuş və onlar kənd ərazisində görüşmüşlər. Onlar sakit şəkildə danışmış və o, Kənana Zəhranın onun qohumu olduğunu, həmin videoda başqa bir şey olmadığını, ona belə bir şey deməsinin yanlış olduğunu bildirmiş, Kənan da onu başa düşmüş və sağollaşıb ayrılmışlar.Sonra o, evlərinə qayıdıb həyətdə dayısına məxsus avtomobilə pomidor qutularını yükləməyə başlamış, həmin vaxt dayısı oğlu Mirbağır və əmisi oğlu Miralmas da həyətdə yanında olmuş və birlikdə avtomobilə pomidor qutularını yükləməyə başlamışlar. Həmin vaxt anası Azadə evdə olmuşdur. 30 sentyabr 2021-ci il tarixdə, saat 21 radələrində Kənanın ona zəng edib harada olduğunu soruşmuş, o da evdə olduğunu bildirmiş, elə həmin vaxt Miralmas Kənanın küçədə olduğunu demiş və o, telefonu söndürüb Miralmasla birlikdə küçə qapısına tərəf getmişlər.Kənan həyət qapısından içəri keçib ona tərəf gəlib titrək səslə “ölürəm, ölürəm, ölürəm” demiş, Kənanın nə demək istədiyini baş düşməyib ondan nə baş verdiyini soruşmuş, bu anda Kənan heç bir söz demədən əlindəki bıçaqla onun qarın nahiyəsnə bir dəfə vurmuşdur.O, Kənanın yenidən onu bıçaqla vurimasını görüb evə tərəf qaçmağa başlamış, Kənan da arxasınca qaçmışdır.Dayısı oğlu Mirbağır həyətdə olduğu yerdə dayanmış, əmisi oğlu Miralmas isə Kənanı saxlamaq üçün onların ardınca qaçmış, Miralmas onlara çatana qədər Kənan yenə də ona bıçaqla biriki dəfə vurmuşdur. Həmin vaxt o, yerdən taxta parçası görüb özünü müdafiə etmək məqsədi ilə Kənanın baş nahiyəsinə bir dəfə vurmuş, sonra Kənandan bir az uzaqlaşıb kənara qaça bilmiş, lakin sonra qaça bilməmiş, aldğı xəsarətin təsirindən özünü saxlaya bilməyib yerə yıxılmışdır.Elə həmin vaxt Miralmas onlara çatıb Kənanı arxadan qucaqlayıb tutub saxlamış, Kənan isə Miralmasa onu buraxmasını deyib onun əlindən çıxıb onu vurmaq istəmiş, lakin Miralmas onu buraxmadığını görə Miralması da bıçaqla vurmuş və bundan sonra Miralmas Kənanı saxlaya bilməyib buraxmışdır. Kənan Miralmasın əlindən buraxılan kimi yerdə uzanmış vəziyyətdə onun üzərində oturub bədəninin müxtəlif nahiyələrinə dəfələrlə bıçaqla zərbələr vurmuş, o isə əlləriylə özünü müdafiə edib Kənana yalvarıb vurmamasını bildirmiş, lakin Kənan onu bıçaqla vurmaqda davam etmişdir.Həmin vaxt səs-küyə anası Azadə evdən çıxıb qışqıraraq onlara tərəf gəlib Kənana onu bıçaqla vurmamasına mane olmuş, Kənan isə yenə də ona bir neçə bıçaq zərbəsi vurmuşdur.Anası Kənanı tutub onu üzərindən itələyib kənarlaşdırmaq isətmiş, Kənan isə “tutma məni, onu öldürəcəm” deyə qışqıraraq onu vurmağa davam etmişdir. Sonra anası qışqıraraq polisi çağırılmasını və kömək edilməsini dedikdən sonra Kənan qorxub üzərindən qalxmış və oradan qaçıb getmişdir. Bundan sonra o, özündən getmiş, gözünü açdıqda artıq xəstəxanada olduğunu bilmişdir. Heç bir səbəb olmadan Kənan onu bıçaqla vurmuşdur.O, aldığı xəsarətlərlə bağlı uzun müddət xəstəxanada müalicə olunmuşdur. Baş vermiş hadisədən xeyli müddət keçəndən sonra o, Kənanla barışmış, hazırda ona qarşı şikayət və tələbi yoxdur İşdə olan, məhkəməyə ünvanlanmış 14 mart 2022-ci il tarixli ərizəsi ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisidir, onlarla münasibəti yaxşı olmuşdur. 2021-ci ilin yay aylarında kənd ərazisində qohumlarımın həyətində keçirilən xınayaxma məclisində özü və əmisi oğlu Mirseyidəli də iştirak etmişdir. Həmin məclisdə Mirseyidəli məclisi videya çəkən şəxsdən videokameranı götürüb çəkiliş etməyə başlamış, həmin vaxt Mirseyidəli əli ilə ona işarə edib onu mobil telefonla videoya çəkməsini bildirmiş, o da özünə məxsus mobil telefonla Mirseyiəlini videoya çəkmiş, sonra həmin videonu Mirseyidəlinin mobil telefonuna göndərmişdir. 2021-ci ilin sentyabr ayının əvvəllərində kənd ərazisində olarkən Kənanla görüşüb söhbət edərkən Kənandan mobil telefonunu alıb maşın oyunu oynamağa başlamış, Kənan da onun telefonunu götürmüşdür.Sonra onlar birbirilərinə telefonu qaytarmış və ayrılmışlar. 3-4 gündən sonra Kənanla kənd ərazisində görüşüb söhbət edərkən Kənan ondan telefonundakı xınayaxma məclisindəki videonu kiməsə verib-vermədiyini soruşmuş, o da həmin videonu əmisi oğlu Mirseyidəliyə göndərdiyini bildirmiş, Kənan da ona heç nə demədən çıxıb getmişdir. 30 sentyabr 2021-ci il tarixdə, axsam saatlarında əmisi oğlu Mirseyidəligilə getmiş, həyətdə Miseyidəli və onun dayısı oğlu Mirbağır da olmuşdur. Həyətdə onlar avtomobilə pomidor qutularını yükləmiş, o da onlara kömək etməyə başlamışdır.Orada olarkən Mirseyidəlinin mobil telefonuna zəng gəlmiş, zəng edən Kənan olmuşdur. Sonra o, Mirseyidəli ilə birlikdə həyət qapsına tərəf getmişlər, elə həmin vaxt Kənan qapıdan içəri keçib onlara tərəf gəlmişdir. Kənan onlara yaxınlaşıb zəif səslə “ölürəm, ölürəm, ölürəm” demiş, Mirseyidəli ondan nə baş verdiyini soruşmuş, Kənan isə heç bir söz deməmiş və cibindən bıçaq çıxarıb qəflətən Mirseyidəlinin qarın nahiyəsinə bir dəfə vurmuş, yenidən bıçaqla vurmaq istəyərkən Mirseyidəli evə tərəf qaçmağa başlamış, Kənan da onun arxasınca qaçmışdır. O, həyəcanlı olmuş nə baş verdiyini bilməmiş, sonra özünə gəlib Kənanı saxlamaq üçün onların ardınca qaçmış, onlara çatana qədər Kənan yenə də Mirseyidəliyə bıçaqla bir neçə dəfə vurmuşdur. Həmin vaxt Mirseyidəli yerdə olan taxta parçasını götürüb Kənanın baş nahiyəsinə vurmuş, Kənan yerində dayanmış, Mirseyidəli isə ondan kənarlaşıb bir az qaçsa da, yerə yıxılmışdır.Həmin vaxt o, Kənanı arxadan qucaqlamışdır ki, Mirseyidəlini vurmasın, bu zaman Kənan qışqıraraq onu buraxmasını demiş, o isə Kənanı əlləri ilə tutub saxlamışdır.Kənan yenə də ona buraxmasını demiş, o isə Kənana Miseyidəlini vurmayacağı halda onu buraxacağını bildirmiş, lakin Kənan ona qulaq asmamış, çırpınıb əllərindən çıxmağa çalışmış, lakin o, Kənanı tutub saxlamaqda davam etmişdir. Həmin vaxt Kənan əlləri arasında çırpınaraq qəflətən dönüb onun qarnına bir dəfə bıçaqla vurmuşdur.Bıçaq zərbəsindən sonra o, Kənanı saxlaya bilməyib buraxmışdır.Kənan əlindən buraxılan kimi yerdə uzanan Mirseyidəlinin üzərində oturub ona bir neçə dəfə bıçaqla vurmuşdur. Mirseyidəli əlləri ilə özünü müdafiə edib Kənanan vurmamasını demiş, Kənan isə Mirseyidəlini bıçaqla vurmaqda davam etmişdir. Həyətdə baş verən səs-küyə evdən Mirseyidəlinin anası Azadə çıxmış və Kənanın Mirseyidəlini bıçaqla vurmasını görüb ucadın qışqıraraq Kənana oğlunu vurmamasını demiş, lakin Kənan yenə də Mirseyidəlini bıçaqla vurmuşdur.Sonra Azadə onlara yaxınlaşıb ələri ilə Kənanı tutub Mirseyidəlinin üzərindən kənara itələyib camaatdan kömək istəmiş, Kənan isə “tutma məni, onu öldürəcəm” deyib qışqırmış və yenə də Mirseyidəlini vurmağa davam etmişdir. Azadə yenidən qışqıraraq “ay camaat polisi çağırın, kömək eləyin” dedikdən sonra Kənan Mirseyidəlinin üzərindən qalxıb oradan qaçıb getmişdir. Bundan sonra Mirseyidəlinin dayısı Dəyanət həyətə gəlib Mirseyidəlini və onu maşını ilə xəstəxanaya aparmışdır. Sonradan eşitmişdir ki, onun mobil telefonla çəkib Mirseyidəliyə göndərdiyi videonu silməsini Kənan Mirseyidəlidən tələb etmiş, lakin Mirseyidəli həmin videonu telefonundan silmədiyinə görə Kənan Mirseyidəlini bıçaqla vurmuşdur.Hadisə baş verən vaxt onun və Mirseyidəlinin arasında heç bir danışıq və ya mübahisə olmamış, Kənan heç bir söz demədən Mirseyidəlini dəfələrlə bıçaqla vurmuş, Kənanın bu hərəkətlərinin qarşısına almaq istəyərkən Kənan ona da bir dəfə bıçaqla vurub xəsarət yetirmişdir. O, aldığı xəsarətlə bağlı xeyli müddət xəstəxanada müalicə olunmuş, bir böyrəyi çıxaralımış, hazırda bir böyrəyi vardır və hesab edir ki, Kənan ona ağır xəsarət (zərər) yetirmişdir.Baş vermiş hadisədən xeyli müddət sonra o, Kənanla barışmış, hazırda ona qarşı şikayət və tələbi yoxdur. İşdə olan, məhkəməyə ünvanlanmış 14 mart 2022-ci il tarixli ərizəsi ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 oğlu, digər Zərərçəkmiş şəxs2 qayını oğludur. 30 sentyabr 2021-ci il tarixdə yaşadığı evdə (Cəlilabad rayonunun Sərhədabad kəndində) olmuşdur. Həmin gün onlara qonaq gəlmiş Miralmas, oğlu Mirseyidəli və qardaşı oğlu Mirbağır həyətdə işləmiş, özü isə evin içində olmuşdur. Həmin gün axşam saatlarında həyətdən səs-küy eşidib evdən həyətə çıxmış və həyətdə oğlu Mirseyidəlinin yerdə uzandığını, Əlinin oğlu Kənanın onun üstündə oturub bıçaqla vurduğunu görüb qışqıraraq onlara təfəf gedib əlləri ilə Kənanı tutub Mirseyidəlinin üzərindən kənarlaşdırmaq istəmiş, lakin Kənan qışqıraraq onu tutmamasını deyib Mirseyidəliyə bıçaqla vurmaqda davam etmişdir. Sonra o, yenidən qışqıraraq kömək istəyib polis çağırılmasını dedikdən sonra Kənan qorxub Mirseyidəlini bıçaqla vurmasını dayandırmış və oradan qaçıb getmişdir. Həmin vaxt Miralmas da qarınını tutub kənarda dayanmasını görüb onun da xəsarət almasını bilmişdir. Bundan sonra qardaşı Dəyanət həyətə gəlib Mirseyidəli ilə Miralması maşını ilə xəstəxanaya aparmışdır.Aldığı xəsarətlərə görə oğlu Mirseyidəli və qardaşı oğlu Miralmas uzun müddət xəstəxanada müalicə olunmuşlar.Hadisənin hansı səbəblərdən baş verdiyini bilməmişdir. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşı oğludur. 30 sentyabr 2021-ci il tarixdə, axşam saat 21 radələrində Kənan ona zəng edib hadisə törətdiyini, kimisə bıçaqladığını, kənd yolunda avtobus dayanacağında olduğunu bildirib, maşınla gəlib onu polis şöbəsinə aparmasını demişdir. Bundan sonra o, həmin yerə maşınla gedib Kənanı maşına mindirib birlikdə Cəlilabad RPŞ-nə getmişlər. Şöbədə növbətçi hissədə olan polis əməkdaşı, tanıdığı və həmkəndlisi Sücayətə Kənan məlumat verib bildirmişdir ki, bir az əvvəl həmkəndlisi Mirseyidəlini bıçaqla vurmuşdur və ona görə polisə gəlmişdir.Bundan sonra Kənan şöbənin rəis müavini Cavidin yanına aparılmış, ona da hadisə barədə bildirildikdən sonra Kənan müstəntiqin yanına izahat verməsi üçün aparılmışdır.Bundan sonra elə həmin gün törətdiyi hadisəsiyə görə Kənan tutulmuşdur. Məhkəmə iclasında şahid X7 ifadəsində göstərmişdir ki, o, Cəlilabad RPŞ-nin Növbətçi Hissəsinin məsul növbətçisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 həmkəndliləri kimi tanıyır və onlarla münasibəti yaxşıdır. 30 sentyabr 2021-ci il tarixdə Cəlilabad RPŞ-nin Növbətçi Hissəsində məsul növbətçi kimi işdə olarkən saat 21 radələrində həmkəndlisi Hüseyn Xubalıyev qardaşı oğlu Təqsirləndirilən şəxslə birlikdə şöbəyə gəlmişlər və Kənan ona həmkəndlisi Mirseyidəlini bıçaqla vurduğunu bildirmişdir.O, Təqsirləndirilən şəxs şöbəyə gəlməsi barədə qeydiyyat kitabında (“Şəhər, rayon, xətt polis orqanlarında gətirilmiş şəxslərin qeydiyyatı kitabı”nda) müvafiq qeydləri yazmış, sonra bu barədə şöbənin rəis müavininə məruzə etmiş, bundan sonra Təqsirləndirilən şəxs şöbənin istintaq bölməsinə təqdim olunmuş, daha sonra şöbənin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. İşdə olan, Cəlilabad RPŞ-nin Növbətçi Hissəsinin məsul növbətçisi Sücayət Quliyevin 30 sentyabr 2021-ci il tarixli “Raprot”larla ilə müəyyən olunur ki, 30 sentyabr 2021-ci il tarixdə, saat 22:14-də və saat 22:15-də Cəlilabad RMX-dan telefonla məlumat verilib bildirilmişdir ki, Cəlilabad rayonunun Sərhədabad kənd sakinləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 deşilmiş-kəsilmiş yara xəsarətləri ilə xəstəxanaya daxil olmuşlar. İşdə olan, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 01 oktyabr 2021-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkilərlə müəyyən olunur ki, qeyd olunan cinayətlərin baş verdiyi yer Cəlilabad rayonunun Sərhədabad kəndində, Zərərçəkmiş şəxs1 yaşadığı fərdi yaşayış evin həyətidir. İşdə olan, “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanlması haqqında” 02 oktyabr 2021-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən edilir ki, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən Cəlilabad rayonunun Sərhədabad kəndində Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi baçıığı atdığı yeri istintaq orqanına göstərmiş və həmin yerdə bir ədəd bıçaq aşkar edilərək qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 04 oktyabr 2021-ci il tarixli rəyi lə müəyyən olunur ki, məhkəmə-tibbi müayinə zamanı Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar olunmamışdır. İşdə olan, «Götürmə aparılması haqqında» 03 oktyabr 2021-ci il tarixli protokollar və protokolara əlavə edilmiş fotoşəkillərlə müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olan qara rəngli 01 ədəd şalvar, Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş 01 ədəd qara rəngli cins şalvar və 01 ədəd qara rəngli idman şalvarı istintaq orqanı tərəfindən qablaşdırılıb götürülmüşdür. İşdə olan, məhkəmə-ballistik ekspertizasının 27 oktyabr 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilən bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat təşkil edir. İşdə olan, məhkəmə-ballistik ekspertizasının 11 noyabr 2021-ci il tarixli, 3/1746 №-li rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş bir ədəd şalvarın üzərində zədələr avrdır. Həmin zədələr kəsici, ucu deşici xassəyə malik alətin (bçaq və s.) təsiri nəticəsində yaranmağa xarakterik deşilib-kəsilmə zədələridir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat təşkil edir. İşdə olan, məhkəmə-ballistik ekspertizasının 11 noyabr 2021-ci il tarixli, 3/1747 №-li rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş iki ədəd şalvarın səthində trasoloji zədə yoxdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat təşkil edir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 19 noyabr 2021-ci il tarixli, 912 №-li rəyi lə müəyyən olunur ki, X1 bel nahiyəsinin qarın boşluğuna nüfuz edən, on iki barmaq bağırsağı və sağ böyrəyi zədələyən, eləcə də sağ böyrəyin çıxarılması ilə nəticələnən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edilmişdir. Müəyyən olunan xəsarət deşici-kəsici alətin (alətlərin), ola bilər ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti 30 sentyabr 2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 19 noyabr 2021-ci il tarixli, 913 №-li rəyi lə müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 qarının ön divarının sol yarısının qarın boşluğuna keçən və böyük piyliyi zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sağ bazunun, sağ kürək nahiyəsinin, sağ qoltuqaltı nahiyənin, sol kürəkaltı nahiyənin, sağ və sol bud nahiyələrinin, sol ayaq pəncəsinin (cəmi 10 ədəd) kəsilmiş və deşilmişkəsilmiş yaraları müəyyən edilmişdir. Müəyyən olunan xəsarətlər deşici-kəsici alətin (alətlərin), ola bilər ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti 30 sentyabr 2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə qarının ön divarının sol yarısının qarın boşluğuna keçən və böyük piyliyi zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, digər 10 ədəd xəsarət isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan, kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 29 iyul 2021-ci il tarixli rəyi lə müəyyən olunur ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri qeyd edilmir.Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir.Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törədən zaman, ondan əvvəl və ya sonra öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır.Təqsirləndirilən şəxs əməli Azərbyacan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür.Təqsirləndirilən şəxs hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır.Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcuri tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur.Təqsirləndirilən şəxs özünə və ətrafındakılara zərər yetirmək təhlükəsi müəyyən edilmir.Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır.Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən psixiemosional vəziyyətdə olmamışdır. İşdə olan, “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 09 dekabr 2021-ci il tarixli qərarı ilə müəyyən olunur ki, istintaq orqanı tərəfindən götürülmüş bir ədəd mətbəx bıçağı, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd şalvar və Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd cins şalvar və 01 ədəd idman şalvarı iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar Cəlilabad rayon prokurorluğunda maddi sübutlar otağında saxlanılır. İşdə olan, “Baxış keçirilməsi haqında” 23 oktyabr 2021-ci il tarixli protokolla müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi CD diskdə olan videogörütüyə baxış zamanı müəyyən edilmişdir ki, həmin videogörüntü 09 saniyədən ibarətdir. Görüntüdə Zərərçəkmiş şəxs1 videokamera ilə rəqs edən şəxsləri videolentə alır, Zərərçəkmiş şəxs1 özü isə həmin videogörüntünü çəkən şəxs (Zərərçəkmiş şəxs2) tərəfindən videolentə alınır.Həmin məclisdə kənarda başqa şəxslər əyləşmiş, Miseyidəli Əliyevin sağ tərəfində isə bir nəfər yeniyetmə qız əlində telefon dayanmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (Zərərçəkmiş şəxs1 öldürmək niyyətinin olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərdiyi hallar, yəni Zərərçəkmiş şəxs1 öldürmək niyyətinin olmamasına, yalnız onu cəzalandırmaq məqsədilə xəsarət yetirməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid1 ifadələri, ekspert rəyləri, maddi sübutlar, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur.Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrinin yuxarıda qeyd olunan hissələrini obyektiv həqiqət kimi qəbul etmir və onun bu ifadələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətdiyi ittihamda göstərilən cinayətlərin tövsifi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Habelə "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 2-ci bəndində bildirilir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər.Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir.Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin Qərarın 6-cı bəndində izah edilir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Habelə bu Qərarın 8-ci bəndində izah verilir ki, qəsdən adam öldürmə o vaxt CMnin 120.2.4-cü maddəsi ilə (xüsusi amansızlıqla adam öldürmə) tövsif olunur ki, bu zaman təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəlmişdir.Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diridiri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə qeyd olunanları nəzərə alıb, habelə məhkəmədə tədqiq olunmuş sübutlara, o cümlədən şahid və zərərçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, məhkəmədə elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materiallarına əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxs Kənan Xubaliyevin heç bir əsaslı səbəblər olmadan bıçaqla Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurması və sonuncunun aldığı zərbələrdən əzab və ağrılar çəkərək təqsirkara yalvarıb imdad diləyib qışqırmasına baxmayaraq təqsirkarın zərərçəkmişə zərbələri vurmaqda davam etməsi, bundan sonra digər Zərərçəkmiş şəxs2 ictimai borcunu yerinə yetirərək təqsirləndirilən şəxs Kənan Xubaliyevi əlləri ilə tutub saxlamasına baxmayraq ona da bıçaqla xəsarət yetirdikdən sonra Zərərçəkmiş şəxs1 yenidən bıçaq zərbəliri vurmaqla xəsarətlər yetirməkdə davam etməsi, daha sonra Zərərçəkmiş şəxs1 anası Şahid1 hadisə yerinə gəlib oğlunu bıçaqla vuran Kənan Xubaliyevi əlləri tutub saxlamasına mare olmasına baxmayaraq Kənan Xubaliyevin bıçaqla Zərərçəkmiş şəxs1 xəsarət yetirməkdə davam etməsi halları, təqsirkarın zərərçəkmişə xüsusi ağrıların yetirilməsi ilə müşayiət olunan xəsarətlərin yetirilməsi, əvvəl zərərkmiş şəxs Zərərçəkmiş şəxs2, sonra Zərərçəkmiş şəxs1 anasının hadisə yerinə gəlib onu əlləri ilə tutub hərəkətlərinin qarşısını almağa çalışmalarına baxmayaraq təqsirkar şəxsin hərəkətlərini davam etirməsi hallarını xüsusi amansızlıqla qəsdən adam öldürmənin əlamətləri kimi qiymətləndirir və hesab edir ki, təqsirləndirilən şəxs Kənan Xubaliyev xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla Zərərçəkmiş şəxs2 qəsdən öldürməyə cəhd etmiş, habelə Zərərçəkmiş şəxs2 ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar ona sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, “Cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında” 01 oktyabr 2021-ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhəli şəxs kimi istintaq orqanı tərəfindən tutulmuşdur. İşdə olan, Cəlilabad Rayon Məhkəməsinin 03 oktyabr 2021-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli şübhəli şəxs kimi tutulduğu vaxtdan-01 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Eyni zamanda işdə olan, Cəlilabad RPŞ-nin Növbətçi Hissəsində icra olunan “Şəhər, rayon, xətt polis orqanlarında gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan götürülmüş məlumatla (kitabın aidiyyəti hissəsinin kserosurəti ilə) müəyyən olunur ki, kitabın sıra sayı 269-cu qrafasında “Azərbaycan Respublikası vətəndaşı, xx xxxxxxx 2003-cü ildə anadan olmuş, Cəlilabad rayonunun Sərhədabad kəndində yaşayan, fərdi əməklə məşğul olan Təqsirləndirilən şəxs 30 sentyabr 2021-ci il tarixdə, saat 19:00-da cinayət barədə məlumat verməsi üçün özü gəlmişdir və aidiyyəti üzrə İB-nə təqdim olundu” məzmunlu qeydlər anarılmışdır. Habelə işdə olan, Cəlilabad RPŞ-nin 16 aprel 2022-ci il tarixli məlumat məktubu ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs 30 sentyabr 2021-ci il tarixdə, saat 19:00-da könüllü olaraq Cəlilabad RPŞ-nə gedərək törətdiyi cinayət barədə məlumat vermişdir. Qeyd olunan sənədlərlə, eləcə də şahidlər Sücayət Quliyev və Hüseyn Xubalıyevin ifadələri ilə müəyyən edilir ki, cinayət törətməkdə şübhəli olan Təqsirləndirilən şəxs 30 sentyabr 2021-ci il tarixdə, saat 21 radələrində könüllü olaraq Cəlilabad RPŞ-nin Növbətçi Hissəsinə gedib törətdiyi cinayət barədə məlumat verib təslim olmuş və həmin tarixdən etibarən tutulmuş, bundan sonra onun şübhəli şəxs kimi tutulması barədə istintaq orqanı tərəfindən protokol tərtib olunmuşdur.Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli onun faktiki olaraq tutulduğu vaxtdan, yəni 30 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Cəlilabad rayon İHB-nın Sərhədabad İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 14 yanvar 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs Cəlilabad rayonunun Sərhədabad kəndində qeydiyyatda olmaqla orada yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (ondan ərazi nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, AA******* №-li şəxsiyyət vəsiqəsi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2003-cü ildə doğulmuşdur. Qeyd olunan cinayətləri törədilən vaxt-30 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan olmuşdur. Azərbaycan Respublikası CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətləri törədərkən yetkinlik yaşına çatmayan olması Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə, təqsirləndirilən şəxsin könüllü gəlib təqsirini boynuna alması bu Məcəllənin 59.1.10-cu maddəsinə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 29,120.2.2, 29,120.2.4 və 126.2.2-ci maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı kifayət qədər əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 63.3 və 85.5-ci maddələrinin müddəaları nəzərə alınmaqla həmin Məcəllənin 29,120.2.2, 29,120.2.4 və 126.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəza həddində cəzalandırılması qənaətinə gəlir. Azərbaycan Respublikası CM-nin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 84.2 və 85.1.4-cü maddələrinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə onlara cəza, o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilə bilər. Habelə bu Məcəllənin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayan məhkumlara on ildən çox olmayan müddətə təyin edilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 63.3 və 85.5-ci maddələrinin müddəaları nəzərə alınmaqla cəza təyin edilməli, yəni Təqsirləndirilən şəxs CM-nin 29,120.2.2 və 29,120.2.4-cü maddələri ilə cəza təyin edərkən ona təyin olunacaq cəza həmin maddələr üzrə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmamalı, habelə CM-nin 29,120.2.2, 29,120.2.4 və 126.2.2-ci maddələri ilə təyin olunan cəza həddi on ildən çox olmayan müddətə təyin edilməlidir. Habelə məhkəmə, təqsirləndirilən şəxsin könüllü gəlib təqsirini boynuna alması Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə və təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qəbul edib, bu Məcəllənin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, cəza təyini zamanı həmin Məcəllənin 60-cı maddəsinin müddəalarının tətbiq edilməsi üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 63.3 və 85.5ci maddələrinin müddəaları nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın müddəti ittiham olunduğu CM-nin 29,120.2.2, 29,120.2.4 və 126.2.2-ci maddələr üzrə müəyyən edilmiş daha ciddi cəza növünün- azadlıqdan məhrum etmə cəzasının son həddi 10 ildən çox olmamalı, eyni zamanda onun barəsində həmin Məcəllənin 60-cı maddəsinin müddəaları tətbiq edilərək cəza təyin edilərkən ona təyin olunacaq cəzanın həddi ittiham olunduğu CM-nin 29,120.2.2 və 29,120.2.4-cü maddələri üzrə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçün dörddə üçündən çox olmamalı, eləcə də ittiham olunduğu CM-nin 126.2.2-ci maddəsi üzrə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamalıdır. Hazırda Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 30 sentyabr 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Eyni zamanda Azərbaycan Respublikasının CPM-nin 132.1.1 və 132.1.7-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan, Cəlilabad rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan bir ədəd mətbəx bıçağı, zərərçəkiş şəxslərə məxsus üç ədəd şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərcləri-320 (üç yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.2, 29,120.2.4 və 126.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 29,120.2.2 və 29,120.2.4-cü maddəsi ilə 5 (beş) il 7 (yeddi) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 126.2.2-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilərək təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 30 sentyabr 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Cəlilabad rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd mətbəx bıçağı və 3 (üç) ədəd şalvar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərcləri-320 (üç yüz iyirmi) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar