Məhkəmə qərarları › İş №1(099)-218/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-218/2022

01.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-218/2022 01.03.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 09 avqust 1978-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Cəlilabad şəhəri Nizami küçəsi ev 31-də qeydiyyatda olmaqla yaşayan, iş üzrə 23 avqust 2021-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-14,669 qram narkotik vasitə heroini əldə etmiş, daşımaqla üzərində saxlamış, 23 avqust 2021-ci il tarixdə saat 18 radələrində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonu Göytəpə şəhərində “Qurtuluş” küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, orada üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sol yan cibindən şəffaf sellofana bükülmüş bir ədəd bükümdə 14,669 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, özü narkotik vasitə heroindən istifadə edir. Əvvəllər narkotik vasitəyə görə cəza çəkmişdir. Lakin 23 avqust 2021-ci il tarixdə Cəlilabad rayonu Göytəpə şəhərində “Qurtuluş” küçəsində polis əməkdaşları tərəfindən saxlanıldığı zaman onun üzərində heç bir narkotik vasitə olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra polis əməkdaşı Şahid2 tərəfindən cibinə narkotik vasitə qoymuşdur. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində isə göstərmişdir ki, 23 avqust 2021-ci il tarixdə səhər 10 radələrində bədənində ağrılar olduğu üçün narkotik vasitə əldə etmək istəmiş və bu barədə tanışı Elman Hətəmova demişdir. Elman Lənkəran rayonunda tanışı olduğunu və oraya gedib narkotik əldə edə biləcəklərini dedikdən sonra onlar tanımadıqları taksi ilə Lənkəran rayonu Qumbaşı kəndinə getmiş, orada tanımadıqları şəxsdən 100 manat pul verib bir ədəd bükümdə 15 qram narkotik vasitə heroin almışdır. Həmin gün, yəni 23 avqust 2021ci il tarixdə saat 17 radələrində tanışlarıyla görüşüb “Bazar” adlanan yerdə çay içməyə gedən zaman polis işçiləri onu saxlamışlar. Polis işçiləri ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmadığını soruşmuşlar. O, üzərində bir ədəd bükümdə el arasında “kakos” adlanan heroin olduğunu demişdir. Bundan sonra polis işçiləri ilə birlikdə Cəlilabad rayon polis şöbəsinə getmişlər. Orada vəkilin iştirakı ilə və videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və üzərində qanunla qadağan olunmuş hər hansı əşya vardırsa, təqdim etməsi təklif edilmişdir. O da əynində olan qara rəngli şalvarının sol yan cibinə qoyduğu bükülünü polis əməkdaşlarına təhvil vermişdir. Həmin maddəni xx.xx.2021-ci il tarixdə Cəlilabad rayonu Göytəpə şəhəri ərazisindən tapdığını bildirmiş və həmin maddə elektron tərəzidə çəkilən zaman onun kütləsinin 15,02 qram olması müəyyən edilmiş və götürülmüşdür. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid1 oğlu məhkəmədə göstərdi ki, Cəlilabad Rayon Polis Şöbəsində cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işlədiyi zaman 23 avqust 2021-ci il tarixdə Cəlilabad rayonu Göytəpə kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirləri keçirilməklə Təqsirləndirilən şəxs həmin gün saat 18 radələrində Göytəpə şəhəri “Qurtuluş” küçəsində saxlanılmış, rayon polis şöbəsinə gətirilmiş, şübhəli şəxs kimi tutulmaqla üzərində müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilərək şəxsi axtarış aparılmasından əvvəl ona üzərində narkotik vasitə vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş kütləni təqdim edərək həmin maddənin narkotik vasitə heroin olduğunu, heroini xx.xx.2021-ci il tarixdə Göytəpə şəhəri ərazisində tapdığını bildirmişdir. Həmin maddə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs heç bir təsir və ya təzyiq göstərməmişlər. Təqsirləndirilən şəxs narkotik vasitənin üzərinə polis işçiləri tərəfindən qoyulması barədə ifadəsi yalandır. Məhkəmədə şahid qismində dindirilən polis əməkdaşı Şahid2 da Şahid1lə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Həmçinin göstərdi ki, Təqsirləndirilən şəxs saxlanılarkən onun üzərinə narkotik vasitə qoymamışdır. Cinayət işi materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli protokoldan və videoçəkilişdən görünür ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə əlaqədar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən o əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxardaraq təqdim etmiş və bükülüdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin maddə elektron tərəzidə çəkilmiş, çəkisi 15,02 qram olmuş və qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi heroini xx.xx.2021-ci il tarixdə Göytəpə şəhəri ərazisində yerdən tapdığını və özünün narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Materialların məhkəmə ekspertizasının 24 avqust 2021-ci il tarixli, 19/813 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 14,669 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 897 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixiatrik ekspertizasının 28 avqust 2021-ci il tarixli, 1971 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, törətdiyi əməl barəsində anlaqlı hesab olunur, əməli CM-nin 21-ci maddəsinin təsiri altına düşm və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyacı yoxdur. İş materiallarında olan tələbnamədən, məhkəmə hökmünün və qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayon məhkəməsinin 01 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə 02 il 09 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkm edilmiş, həmin cəzasını çəkməkdən boyun qaçırdığına görə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində azadlığın məhdudlaşdırılması cəzası 08 ay 08 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmuşdur. Həmin cəzasını xx.xx.2021-ci il tarixdə çəkib qurtarmışdır. Göytəpə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 14 oktyabr 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Göytəpə şəhəri ünvan 1 ünvanda yaşamırlar. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etməsi, saxlaması və daşıması, əmlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədtqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi-üzərinə heroinin polis əməkdaşları tərəfindən qoyulması barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Belə ki, onun üzərində şəxsi axtarış aparılması zamanı aparılmış və məhkəmədə nümayiş etdirilmiş videoçəkilişdən də görünür ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə narkotik vasitəni cibindən çıxarmaqla təqdim etmiş və öz istifadəsi üçün saxladığını bildirmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinəəsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 23 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan 14,619 qram heroin məhv edilməlidir. Ekspertiza xərci 65 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 23 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan 14,619 qram narkotik vastə heroin məhv edilsin. Ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar