Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-22/2023 24.01.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1994-cü il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçildiyinə görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd şəffaf polietilən bükümdə külli miqdarda təmiz çəkisi - 2,865 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini (bundan sonra heroin) istintaqa məlum olmayan mənbədən və vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamış, 31 mart 2022-ci il tarixdə Şirvan Şəhər Polis Şöbəsinin (bundan sonra – Şirvan ŞPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində saxlanıldıqdan və şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən göstərilən kütlə əynində olmuş şalvarın sol yan cibindən aşkar edilmiş, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, bir müddətdir ki, narkotik vasitə heroindən istifadə edir. 31 mart 2022-ci il tarixdə Şirvan şəhərində küçədə hərəkət edən zaman polis əməkdaşları ona yaxınlaşıb onu Şirvan şəhər Polis Şöbəsinə aparmışlar. Həmin vaxt üzərində bir bükümdə, təxminən 0,5 qram çəkidə heroin olmuşdur. Orada üzərində hər hansı narkotik vasitə olub-olmaması soruşulduqda o, cibində olan bir bükümdə heroini təqdim etmişdir. Polis əməkdaşları həmin bükümü başqa bir bükümlə əvəz etmiş və videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılan zaman təqdim etməyi tələb etmişlər. O, da polis əməkdaşlarından qorxduğu üçün onların dediklərini etmiş, onlar tərəfindən verilmiş bükümü şalvarının cibindən çıxarıb təqdim etmişdir. Lakin o, heç kimə narkotik vasitə satmamış, ümumiyyətlə narkotik satışı ilə məşğul olmamışdır. Üzərində ona elan olunmuş ittihamda göstərilmiş çəkidə narkotik vasitə olmasa da özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilir. Himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində ədalətli cəza təyin edilməsini xahiş edir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı müvafiq olaraq 31 mart və 01 aprel 2022-ci il tarixlərdə müvafiq olaraq şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmiş və məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, narkotik vasitə aludəçisidir. 31 mart 2022-ci il tarixdə saat 08:00 radələrində yaşadığı evdən çıxıb Şirvan şəhəri İ.Qayıbov küçəsində gəzən zaman yerdən 01 (bir) ədəd sellofan bükülü tapmış, həmin bükülünü açıb içərisinə baxdıqda sellofan bükülüdə narkotik vasitə olan heroin olduğunu görüb həmin bükülünü içərisində olan heroindən istifadə etmək üçün cibinə qoyub saxlamışdır. Həmin gün saat 10:35 radələrində özünü şübhəli apardığına görə yaşadığı Şirvan şəhəri İ.Qayıbov küçəsində hərəkətdə olarkən polis işçiləri ona yaxınlaşıb onu polis şöbəsinə aparmış, həmin vaxt üzərinə baxış keçirilmiş, baxış zamanı əynindəki qara rəngli cins şalvarının sol yan cibindən 1 ədəd ağ sellofan bükülünün içərisində heroin narkotik vasitəsi aşkar edilib götürülmüş, həmin heroini şəxsi istifadəsi məqsədi ilə üstündə gəzdirmiş, ondan heç kimə satmamış və verməmişdir. Əməlindən peşmandır. Polis əməkdaşları onu polis şöbəsinə gətirərkən və polis şöbəsində olarkən ona zor tətbiq etməmişdir. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş ifadələrini qismən təsdiq edir, özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilir, polis əməkdaşlarının şifahi hədəsi səbəbindən belə ifadə vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında saxlanılarkən üzərində 0,5 qram heroin olmasını, lakin polis əməkdaşları tərəfində başqa bir bükümün ona verilməsini və sonuncuların hədəsi ilə həmin bükümü cibindən çıxararaq təqdim etməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə (yəni elan edilmiş ittihamda göstərilmiş çəkidə heroinin ona aid olmaması) təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 31 mart 2022-ci il tarixdə işlədiyi PŞ-nin əməliyyat müvəkkili Şahid1 ünvan 1-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz yolla narkotik vasitələri üzərində saxlayıb, dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, buna görə onun ətrafında təxirə salınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi ilə əlaqədar qərar qəbul olunmuş, əməliyyat qrupu təşkil olunmuş, o, da qrupun üzvü olmuşdur. Həmin gün saat 10 radələrində əldə etdikləri məlumat əsasında əməliyyat qrupu ilə birlikdə Şirvan şəhərinin İsmət Qayıbov küçəsinə getmiş, saat 10:35 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlayıb Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Burada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəni yaşadığı evin yaxınlığında yerdən tapdığını və istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı Şahid1 daxil olmuş, lakin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onda hər hansı məlumat olmamışdır. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki zor tətbiq edilməmiş, hədə-qorxu gəlinməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - ilkin araşdırma materiallarından, yəni 31 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş əməliyyat məlumatının daxil olduğu barədə raport, “Əməliyyataxtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında təqsirləndirilən şəxs və şahid qismində dindirilmiş şəxsin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir (səh. 4-8, 9, 29-31). -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 31 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:35-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 21-22) - “şəxsi axtarış və götürmə aparılması haqqında” 31 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. (i.v. 29-31) -materialların məhkəmə ekspertizasının 31 may 2022-ci il tarixli, 18/372 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs üzərindən…» sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 2,865 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. ( i.v. 37-40) - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 01 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 51-52) -Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(032)-71/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. (i.v. 73-74) -01 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 75-76) - Şirvan ŞPŞ-nin əməliyyat işləri üzrə rəis müavini tərəfindən imzalanmış 13 may 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini haradan və hansı mənbədən əldə etməsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs narkotik vasitə heroinin satışı ilə məşğul olması barədə dəfələrlə əməliyyat məlumatları daxil olmuş, sonuncu dəfə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncu saxlanılaraq polis şöbəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilməklə üzərindən narkotik vasitə aşkar olunaraq götürülmüşdür. (i.v. 116) -Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 20 may 2022-ci il tarixli, 3355 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 241) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilərkən üzərində 0,5 qram heroin olması, polis əməkdaşlar tərəfindən üzərində olan bükümün digər bükümlə əvəz edilməsi və sonuncuların hədəsi ilə onların verdiyi bükülünü cibindən çıxararaq təqdim etməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadələri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadəsi, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində narkotik vasitəni yerdən tapdığını, şəxsi istifadə etməsi üçün üzərində saxladığını, polis əməkdaşları tərəfindən ona hər hansı fiziki zor, hədə-qorxu tətbiq edilmədiyini bildirmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin yuxarıda adı qeyd edilən əməkdaşı da ifadəsində bir daha təsdiq etmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən cibindən heroini çıxarıb təqdim etmiş, şifahi sorğu zamanı narkotik vasitənin ona məxsus olmasını, küçədə yerdən tapdığını bildirmiş, hər hansı etirazı olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyi və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadəsi ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini ( narkotik vasitənin miqdarının üzərində olandan daha artıq miqdarda olması hissədə) özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlilləri - saxlanılarkən polis əməkdaşları tərəfindən hədələndiyi üçün həmin narkotik vasitə barədə etirafedici ifadə verməsi barədə göstərdiyi ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq hədəyə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili – narkotik vasitələrin satışı ilə məşğul olmaması, üzərində şəxsi istifadəsi məqsədi ilə heroin saxlaması barədə ifadə verməsi barədə göstərdiyi ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş heroinə dair niyyətinin satış deyil, şəxsən istifadə etmək olması barədə özünü müdafiə etmək üçün dəlil irəli sürmüşdür. Məhkəmə cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda, həmçinin əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə hesab edilir. Heroin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarında göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla, narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 2,865 qram, yəni külli miqdar təşkil edən heroini əldə etmiş, üzərində saxlamışdır. Cinayət işi materiallarında olan “Cinayət işinin başlanması haqqında” 31 mart 2022-ci il, “şübhəli şəxs qismində tutma haqqında” 31 mart 2022-ci il tarixli qərarlardan (i.v. 1; 18) görünür ki, cinayət işi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə başlandıqdan və Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulmuş cinayət əməlinə görə şübhəli şəxs qismində tutulduqdan 1 (bir) gün sonra ibtidai istintaq orqanı sonuncunun üzərindən aşkar edilmiş heroinə münasibətdə satış məqsədinin olması barədə hər hansı sübut növü əldə etmədən, qəbul etdiyi “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərarla yalnız Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin təmiz çəkisinin 2,865 qram olmaqla, külli miqdarının ən aşağı həddi olan 2,0 qramdan çox olmasına istinad etməklə sonuncunun törətdiyi əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə tövsif etmiş və həmin maddə ilə ona ittiham elan etmişdir. Halbu ki, Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə satması hər hansı halla təsdiq olunmamış, həmçinin istifadəsində olan telefon nömrələri ilə aparılmış danışıqlar və ötürülmüş məlumatlar ələ keçirilsə də narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı sübut əldə edilməmişdir. Məhkəmə hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətləridir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki,: - həm ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən, yuxarıda göstərilmiş ilkin əlamətlər, həm də, - məhkəmə-narkoloji ekspertizasının 20 may 2022-ci il tarixli, 3355 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması, - onun üzərindən aşkar edilmiş heroinin bir ədəd bükümdə, təmiz çəkisi 2,865 qram, yəni külli miqdarının aşağı həddindən yalnız 0,865 qram çox olması, - onun məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş heroinin satış deyil, şəxsən istifadə etmək məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını göstərməsi, - ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əvvəllər psixotrop maddələr və ya narkotik vasitələrin satışı ilə məşğul olması, üzərindən aşkar edilmiş heroinə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları haqqında), heroinin hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, müvafiq sübutların olub-olmadığını yoxlamaq üçün Təqsirləndirilən şəxs yaşadığı evə və istifadəsində olmuş mobil telefona baxış keçirməməsi, - göstərilən halların ümumi məcmusunun sonuncunun üzərindən aşkar edilmiş heroini əldə etməsi, üzərində saxlamasından ibarət hərəkətləri həmin heroindən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütləyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də Təqsirləndirilən şəxs xeyrinə təfsir edilməli olması iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Məhkəmə göstərilənlərə əsasən ibtidai istintaq orqanı və ittiham tərəfinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifi ilə bağlı irəli sürdüyü dəlilləri əsassız, sonuncunun məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrində üzərindən aşkar edilmiş heroinin şəxsi istifadə məqsədi ilə əldə etməsi, üzərində saxlaması, həmin kütləyə dair satış niyyətinin olmaması barədə irəli sürdüyü dəlili isə əsaslı hesab edir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, Şahid2 şahid qismində verdiyi ifadəsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, materialların məhkəmə ekspertizasının 31 mart 2022-ci il tarixli, 18/372 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 20 may 2022-ci il tarixli, 3355 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroinin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki,Təqsirləndirilən şəxs törətdiyi əməl “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 26 aprel tarixli 516-VİQD nömrəli Qanunun qüvvəyə minməsindən əvvəl yəni 31 mart 2022-ci il tarixdə törədildiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. (i.v. 100). - Şirvan ŞİHB-nın 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə, nikah və doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində iki nəfər azyaşlı uşağı vardır, yaşayış yeri üzrə normal xarakterizə edilmişdir (i.v. 62-63; 118-119). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, üzərindən aşkar edilmiş heroinin təmiz çəkisinin 2,865 qram olması, məhkumluğu olmayan şəxs olması və yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halları, himayəsində iki nəfər azyaşlı uşağının olmasından (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən) ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki,: Cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının orta həddə təyin edilməsi zəruridir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə barəsində həbs qətimkan tədbiri seçildiyi üçün tutulduğu 24 noyabr 2022-ci il tarixdən hesablanmalı və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Həmçinin cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs 31 mart 2022ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şirvan şəhər Məhkəməsinin 01 aprel 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətdən imtina edilmiş, buna görə də həmin tarixdə Təqsirləndirilən şəxs həbsdən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Buna görə də Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 mart 2022-ci il tarixdən 01 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınaraq, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,815 qram təşkil edən heroin məhv edilməlidir. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 mart 2022-ci il tarixdən 01 aprel 2022-ci il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş 1 (bir) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına hesablanıb həmin cəzadan çıxılsın və üzərində 1 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı tutulduğu 24 noyabr 2022ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 31 (otuz bir) manat, 95 (doxsan beş) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,815 qram təşkil edən heroin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-22/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-22/2023
24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver