Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-221/2025 02.04.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi-Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1959-cu ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, Astara rayonu, Vaqo kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra ARCM-in) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 20 oktyabr 2024-cü il tarixdə, təxminən saat 18 radələrində özü və oğlu Zərərçəkmiş şəxs yaşadığı Astara rayonu, Vaqo kəndindəki evin həyətyanı sahəsində əkdiyi naringi ağaclarındakı meyvələri Zərərçəkmiş şəxs icazəsiz dərib satmasına görə aralarında yaranmış mübahisə zamanı sonuncuya bir dəfə üz nahiyəsindən yumruqla zərbə vurub, daha sonra yaşadığı evdə saxladığı rəsmi dövlət qeydiyyatından keçirilməmiş, istifadəsində olan “ШИ-216” №-li TOZ-34-28 modelli, şaquli qoşa lüləli ov tüfəngini götürüb Zərərçəkmiş şəxs tərəf bir dəfə atəş açaraq yoğun bağırsağın zədələnməsi, daxili və xarici qanaxma ilə müşahidə olunan, onurğa sütunun bel (giriş), qarın (çıxış) nahiyələrində dəlib-keçən odlu silah (güllə) yaralanması anında dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə günü oğlu Zərərçəkmiş şəxs ilə arasında siqaret qoxusu səbəbindən mübahisə yaranmış, oğlu ona şiddət göstərib əl qaldırmış və bu səbəbdən o, oğlunu qorxutmaq üçün onu tüfənglə vurmuşdur. Hazırda onun oğlu ilə arasında heç bir ədavət və düşmənçilik yoxdur. Sonda təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə günü evinin həyətində yoldaşı ilə birlikdə qaraj düzəldirmiş. Həyətdən siqaret qoxusu gəldiyindən, haradan gəldiyini öyrənmək üçün yuxarı qalxmış və atasının su çəlləyinin yanında oturduğunu görmüşdür. Ondan nə etdiyini soruşduqda isə o, əsəbiləşərək yumruq atmışdır. Yoldaşı gəldikdən sonra atası evə getmiş, o, anasına atasının içkili olduğunu söyləmiş, sonra o, yuxarı qalxanda atasının tüfənglə onu gözlədiyini görmüş və qaçmağa başlamış, həmin vaxt tüfənglə belindən vurulmuşdur. Meşəyə tərəf qaçmağa başlamış, sonradan isə yol tərəfə getmişdir. Yolda onu maşına mindirib Lənkəran şəhərinə aparmışlar. Hazırda atası ilə arasında heç bir düşmənçilik və ədavət yoxdur. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, atası ilə aralarındakı mübahisənin səbəbi atasının içki içməsi deyil, ifadəsində göstərmiş olduğu səbəb olmuşdur və o, atasını döyməmişdir. Sonda zərərçəkmiş şəxs atası Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. İş üzrə dindirilmiş Şahid2 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə günü həyat yoldaşı ilə birlikdə maşın üçün yer düzəldirmiş. Siqaret qoxusu gəldiyindən yoldaşı bağa getmiş və siqaret çəkənin atası olduğunu görüb orada nə etdiyini soruşmuşdur. Yoldaşı gələndə atası da onun arxasınca gəlmiş, axşam olduğundan o, evə girib qapını bağlamışdır. Pəncərədən yoldaşının gəldiyini gördükdə qapını açmağa getmiş və həmin vaxt tüfəng səsi eşitmişdir. Yoldaşı vurulandan sonra ona qapını örtüb içəri keçməsini söyləmişdir. Bundan sonra, o, heçnə görməmişdir. Sonradan yoldaşının xəstəxanada olması ilə bağlı məlumat almışdır. İş üzrə dindirilmiş Şahid1 ifadəsində göstərmiş və verilən sualara cavab olaraq bildirmişdir ki, hadisə günü həyat yoldaşı ilə oğlu arasındakı mübahisədə oğlunun vurulduğunu görməmişdir, onu yaralı halda görmüşdür. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə yanaşı, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş aşağıda qeyd olunan sübutlarla da təqsirləndirilən şəxsin ona istinad edilən cinayət əməlini törətməsi sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş: - «Şübhəli şəxsin tutulması haqqında» 22 oktyabr 2024-cü il tarixıi protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:30-da ARCM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 26) - «Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 23 oktyabr 2024-cü il tarixli, 16 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs ARCM-in 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. ( i.v. 47-48) - Astara Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 4(018)-70/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v.65-67) - «Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında» 24 dekabr 2024-cü il tarixli, 21 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs ARCM-in 126.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. ( i.v. 144-145) - «Hadisə yerinə baxış keçirilməsi haqqında» 15 iyul 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer Astara rayonu, Vaqo kəndi ərazisindəki Zərərçəkmiş şəxs yaşadığı evin həyəti olmuş, ətrafda sonuncuya məxsus “Lada-Niva” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobil, 01 ədəd fərdi yaşayış evi, olmuş, yerin üst səthi yaşıl rəngli kollarla örtülmüş, mübahisənin baş verdiyi yerdə qana bənzər ləkələr olmuşdur. (i.v. 05-11) - Məhkəmə-tibbi ekspertizanın 20 noyabr 2024-cü il tarixli, 366 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində yoğun bağırsağın zədələnməsi, daxili və xarici qanaxma ilə müşahidə olunan, onurğa sütunun bel (giriş), qarın (çıxış) nahiyələrində dəlib-keçən odlu silah (güllə) yaralanması aşkar edilmişdir. Qeyd olunan xəsarətlər patronu güllə ilə doldurulmuş odlu silahdan açılmış atəş nəticəsində əmələ gəlmişdir, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə odlu silahdan bel nahiyəsində bir dəfə açılmış atəş nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə həyat üçün təhlükəli olan ağır zərər vurmaya aiddirlər. (i.v.130-133) - Məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş silah odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və hər iki lülədən atəş açmaq üçün yararlıdır, tədqiqata təqdim edilmiş 01 ədəd giliz 28*70 mm kalibrli olmaqla, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov patronlarının bir hissəsidir-atılmış gilizdir. Həmin giliz tədqiqata təqdim edilmiş ШИ-216” №-li TOZ-34-28 modelli, şaquli qoşa lüləli ov tüfənginin üst lüləsindən atılmışdır. - Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət törədilən zaman hər hansı psixi xəstəlik aşkar olunmamışdır, ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə təqsirləndirilən şəxsə elan edilmiş ittiham üzrə təqsirin sübuta yetirilməsi ilə bağlı qeyd edir ki, Cinayət Prosessual Məcəlləsinin 126.6-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. İş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs özünün müdafiəsi üçün heç bir dəlil gətirməyərək zərərçəkmiş şəxsi tüfənglə yaraladığını etiraf etmiş, zərərçəkmiş şəxs və şahidlər də işin müvafiq faktiki halını təsdiq etmiş, həmin ifadələr məhkəmə-tibbi və məhkəmə ballistik ekspertizanın müvafiq rəyləri və digər istintaq hərəkətinin protokolları ilə təsdiq olunmuşdur. Beləliklə, iş üzrə dindirilmiş şəxslərin-təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələrin, müvafiq ekspertiza rəylərinin və istintaq hərəkətinin protokollarının əlaqəli təhlilindən görünür ki, X2 əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində qanunamüvafiq qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi zamanı aşağıda qeyd olunanları nəzərə alır: - AR DİN BƏSİİ-dən əldə verilmiş 29 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Hüseynov X3 Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli hökmü ilə CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 15 iyul 2022-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 06 ay 16 gün vaxtından əvvəl şərti azadlığa buraxılmış və məhkumluğu ödənilməmişdir. (i.v. 87- 88) - Azərbaycan Respublikası Astara RİHB-nin Siyaku kənd İƏDÜN tərəfindən verilmiş 29 oktyabr 2024-cü il tarixli, 1334 saylı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu Vaqo kəndində arvadı Şahid1, oğulları X4 və X1 ibarət ailə tərkibi ilə qeydiyyatda olmaqla yaşamışdır. Yaşadığı ərazi üzrə müsbət xarakterizə edilmişdir. (i.v. 89-90) - Astara rayon Notariat Ofisi tərəfindən təsdiq olunmuş 15 noyabr 2024-cü il tarixli, **********669 saylı Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, sonuncu Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tam ödədiyi üçün onunla barışıb, ona görə də heç bir şikayət və tələbi yoxdur. (i.v. 100). Yuxarıda qeyd olunan müvafiq hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs 31 iyul 2020-ci il tarixdə oğlu Zərərçəkmiş şəxs tüfənglə iki dəfə atəş açmaqla qəsdən yaralamış, buna görə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli hökmü ilə CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə, yəni, minimum həddə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 15 iyul 2022ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 06 ay 16 gün vaxtından əvvəl şərti azadlığa buraxılmış, lakin, 22 oktyabr 2024-cü il tarixdə yenidən həmin üsulla oğlu Zərərçəkmiş şəxs tüfənglə yaralamışdır. Bütün qeyd edilənlər onu göstərir ki, birinci törətdiyi əmələ görə təqsirləndirilən şəxsə təyin edilmiş minimum həddə azadlıqdan məhrumetmə cəzası onun islah olunmasına kifayət etməmişdir. Odur ki, ona cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza təyin edilməsi qanunamüvafiq deyildir. Təqsirləndirilən şəxs CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivinin olması cəzasını ağırlaşdıran haldır. Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə 3 ildən 8 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli residiv sayılır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Göründüyü kimi, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təqsirli bilindiyi cinayət qanunun maddəsinin yuxarı həddinin, yəni, 8 ilin üçdə ikisindən, yəni, 5 (beş) il 4 (dörd) aydan az olmamaqla cəza təyin edilə bilər. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ARCM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 22 oktyabr 2024-cü il tarixdən hesablanmalı və Astara Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 4(018)-70/2024 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınmış və Astara Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs istifadəsində olmuş 01 ədəd ШИ-216” №-li TOZ-34-28 modelli tüfəng DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak və məhkəmə xərcləri yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-in 99-1-ci maddəsinə əsasən) yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının, “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin 24 dekabr 2021ci il tarixli Plenum Qərarının, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44.1, 51-2, 132, 344 – 349, 351 – 353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il, 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 22 oktyabr 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Astara Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs istifadəsində olmuş 01 ədəd ШИ-216” №-li TOZ-34-28 modelli tüfəng DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətinin rəsmi qaydada təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Cavid Səfərli Aqil Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-221/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-221/2025
02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver