Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-223/2025 30.10.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs və onun müdafiəçisi- Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1980-ci ildə Sabirabad rayonu, Mürsəlli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Mürsəlli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra ARCM-in) 234.1-1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayının ortalarında yaşadığı Sabirabad rayonu, Mürsəlli kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində torpağı şumlayıb əkinə yararlı hala gətirməklə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq əkib, onlara aqrotexniki qaydada qulluq etməklə istintaqa və məhkəməyə məlum olmayan sayda çətənə bitkisi yetişdirmiş, 2024-cü ilin avqust ayının ortalarında əkdiyi həmin narkotik tərkibli çətənə bitkilərdən külli miqdarda olmaqla 2765,86 qram çəkidə tərkibində narkotik maddə olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı qanunsuz əldə etmiş, eləcə də həmin ilin sentyabr ayının əvvəllərində narkotik tərkibli çətənə bitkilərinin 49 ədəd, yəni külli miqdarda hissələrini toplayaraq, həmin hissələri və dörd ədəd sellofan torbada olmaqla qurudulmuş marixuananın 2765,0 qram çəkidə olan hissəsini yaşadığı evdə, 0,86 qram hissəsini isə üzərində saxlamış, 13 sentyabr 2024-cü il tarixdə Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində saat 21:50-də Sabirabad rayonu, Mürsəlli kəndi ərazisində saxlanılaraq üstü yoxlanılan zaman əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə 0,86 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, həmin tarixdə saat 22:18-də yaşadığı evə keçirilmiş baxış zaman evin yataq otağından dörd ədəd sellofan torbada ayrı-ayrılıqda çəkiləri 855,0 qram, 550,0 qram, 805,0 qram və 555,0 qram olmaqla, ümumi təmiz çəkisi 2765,0 qram narkotik vasitə qurudulmuş marixuana və 49 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 2860 qram tərkibinində narkotik aktivliyə malik komponentlər olan narkotik tərkibli çətənə bitkilərinin hissələri aşkar edilərək götürülmüşür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, əsəb xəstəliyi olduğundan, kolları özü istifadə etmək məqsədilə əkmişdir. Onları öz ərazisində kollektorun içində əkmiş, özü qurutmuş və avqust ayında toplamışdır. Evindən aşkar edilən tərəzini əkin işləri ilə bağlı istifadə etmişdir. O, ümumilikdə 3 ağac əkmiş, ancaq işlə tanış olarkən 49 ədəd budaq olduğunu öyrənmiş, bununla bağlı etirazını bildirmişdir. Saxlanılan vaxt videoçəkiliş aparılarkən o, narkotik vasitənin təsirində olmuşdur, evindən aşkar olunmuş qurudulmuş marixuanalar da ona məxsusdur. Polislər tərəfindən ona qarşı təzyiq göstərilməmiş, özünə qarşı ifadə verməyə məcbur edilməmişdir, işlə tanış olarkən müdafiəçi ilə təmin edilmişdir. Sonda təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1 və 237.1-ci maddələri ilə təqsirli bilinib barəsində şərti məhkumetmə tətbiq olunmasını xahiş etmişdir. İş üzrə dindirilmiş Şahid1 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, 13 sentyabr 2024-cü il tarixdə polis baş leytenantı Şahid2 Təqsirləndirilən şəxs narkotik vasitələri evində və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş və bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evə yaxın yolun kənarında ona yaxınlaşıb özlərini təqdim etmişlər. Şəxsi axtarış zamanı üzərindən bir büküm narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, telefon, pul və açar aşkar edilmişdir. İlkinin yaşadığı evə baxış zamanı evin içərisində 4 ədəd torbada budaq halında ağac aşkarlanmış, şəxs sorğu zamanı həmin narkotik vasitələri öz istifadəsi üçün əkdiyini bildirmişdir. Şəxs saxlanılan zaman onlara etiraz etməmiş, ona qarşı heç bir təzyiq göstərilməmişdir. İş üzrə Şahid2 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması və yaşadığı evdə saxlaması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat qrupu yaradılmış və şəxsin yaşadığı Mürsəlli kəndi ərazisinə yollanmışlar. Şəxsə yaxınlaşıb özlərini təqdim etmiş, üzərinə baxış keçirmişlər. Üzərində olan cins şalvarın sağ yan cibindən bir ədəd büküm aşkar edilmiş, o həmin bükümün narkotik vasitə marixuna olduğunu bildirmişdir. Başqa harada narkotik vasitə olduğunu soruşduqda yaşadığı evdə olduğunu bildirmişdir. Həmin evə getdikdə orada qapısı açarla bağlı otaq olmuş, açar şəxsin üzərində olmuşdur. Otaqda kisə olmuş, kisənin içərisində narkotik vasitə çətənə bitkisinin tərkib hissələri olmuşdur, həmçinin yatağın yanında sellofan bükümlər olmuş, onun içərisində də təxmini 3-4 kq narkotik vasitə marixuna olmuşdur. Həmin narkotik vasitələr qablaşdırılaraq götürülmüşdür, narkotik vasitələr ona aid olmuşdur, ona təzyiq göstərilməmişdir. İş üzrə Şahid3 Əlmövsüm oğlu şahidlər Şahid1 və Şahid2 ilə eyniməzmunlu ifadə vermiş və suallara cavab olaraq bildirmişdir ki, şəxsə qarşı heç bir fiziki və ya psixi təsir edilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - «Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair» 13 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Sabirabad rayonu Mürsəlli kəndi ərazisində piyada hərəkət edərkən saxlanılmış, onun üstü yoxlanılan zaman əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. (i.v. 9-10) - « Əməliyyat-axtarış tədbiri qismində yaşayış sahəsinə baxış keçirilməsi haqqında» 13 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu Mürsəlli kəndində yerləşən fərdi yaşayış evinin ona məxsus yataq otağına baxış keçirilən zaman oradan dörd ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuaya bənzər kütlə, bir ədəd sintetik kisədə narkotik tərkibli çətənə bitkilərinin gövdə və köklərinə bənzər bitki hissələri və 23 ədəd sayda narkotik tərkibli çətənə bitkilərinin budaqlarına bənzər bitki hissələri aşkar edilərək götürülmüşdür. ( i.v. 12- 14) - «Şübhəli şəxsin tutulması haqqında» 13 sentyabr 2024-cü il tarixli, 2006 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:40-da ARCM-in 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 29) - «Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında» 15 sentyabr 2024-cü il tarixli, 918 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ARCM-in 234.1-1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. (i.v. 51-52) - «Təqsirləndirilən şəxsin azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında» 15 sentyabr 2024-cü il tarixli, 919 nömrəli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs saxlanıldığı Sabirabad RPŞ-nin MSY-dən azad edilməklə barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 64-65) - Məhkəmə-bioloji ekspertizasının 14 sentyabr 2024-cü il tarixli, 18/804 nömrəli məhkəmə-bioloji rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evdən ...çətənə gövdələri...” sözləri və imzalar olan 01 ədəd sintetik torbada ümumi sayı 26 (iyirmi altı) ədəd, yaş vəziyyətdə, ümumi çəkisi - 1960,0 qram olan bitki hissələri çətənə (kannabis) bitkilərinin hissələridir, həmin hissələrin tərkibində narkotik aktivliyə malik komponentlər vardır. Tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evdən ...bitki nümunələri...” sözləri və imzalar olan 01 ədəd sintetik torbada ümumi sayı 23 (iyirmi üç) ədəd, yaş vəziyyətdə, ümumi çəkisi -900,0 qram olan bitki hissələri çətənə (kannabis) bitkilərinin hissələridir, həmin hissələrin tərkibində narkotik aktivliyə malik komponentlər vardır. Tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evdən ...kütlələr...” sözləri və imzalar olan sintetik torbada 04 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkisi -855,0 qram, 550,0 qram, 805,0 qram, 555,0 qram, ümumi çəkisi -2765,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş cəmi 49 ədəd çətənə hissələri və marixuanalar tərkiblərinə görə eynidir. (i.v. 41-45) - “Əşyaya baxış keçirilməsi haqqında” 16 sentyabr 2024-cü il tarixli protokol və ona əlavə edilmiş videodiskdən görünür ki, aşkar edilmiş kütlələrə mütəxəssis-aqronomun iştirakı ilı baxış keçirilmişdir. (i.v. 78-79) - 16 sentyabr 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, mütəxəssis aşkar olunmuş narkotik xassəli çətənə bitkilərinin kök, gövdə və budaq hissələrinə baxış keçirilərkən bitkilərin kök sisteminin güclü inkişaf etməsi, gövdələrinin yoğun olması, budaq və yarpaqlarının böyük və enli olmasına əsasən bu bitkilərə aqrotexniki qulluq etdiyini müəyyən etmişdir, təqsirləndirilən şəxsin evinin arxa hissəsinə baxış keçirərkən həmin yerdə bitki yataqlarının olması, torpağın kultivasiya olunması, peyinin torpağa verilməsinə əsasən burada çətənə bitkilərinin əkilib-becərilməsi mümkündür. - «Maddi sübut kimi tanıma və təhvil vemə haqqında» 17 sentyabr 2024-cü il tarixli, 941 və 2071 nömrəli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş ümumilikdə 3 ədəd sintetik kisə və bir ədəd kağız zərdə olan tədqiqatdan sonrakı çəkisi 2855,10 qram olan narkotik tərkibli çətənə bitkiləri, 2765,36 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Sabirabad RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. ( i.v. 86-87) Müdafiə tərəfinin dəlilinə qiymət verilməsi: Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qismən etirafedici ifadə verərək aşkar olunan narkotik vasitələrin ona məxsus olduğunu, lakin onun sadəcə 3 ədəd ağac əkdiyini, aşkar edilmiş 49 ədəd budağın isə ona aid olmadığını bildirməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər iş materialları ilə uzlaşmamışdır. Belə ki, əvvəla, təqsirləndirilən şəxs özü məhkəmə istintaqında dəfələrlə bildirmişdir ki, ona qarşı polis əməkdaşları tərəfindən təzyiq olunmamışdır, ibtidai istintaqın əvvəlindən axırına qədər də əməlini tam etiraf etmişdir. Həmçinin, məhkəmə-bioloji ekspertizasının 14 sentyabr 2024-cü il tarixli, 18/804 nömrəli məhkəmə-bioloji rəyində də qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitələr orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidir. Cinayət Prosessual Məcəlləsinin 126.6-cı madddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Yuxarıda təhlil olunan sübutların məzmunundan görünür ki, təqsirləndirilən şəxsin ibtidai istintaq dövründəki etirafedici ifadəsi iş üzrə digər sübutlarla təsdiq olunur, onun məhkəmədəki ifadəsinin yalnız 3 ədəd narkotik tərkibli kol əkməsi ilə bağlı hissəsi isə iş materialları ilə təsdiq olunmur. Belə ki, yuxarıda qeyd edildiyi kimi, təqsirləndirilən şəxsin israrla polis əməkdaşlarının ona təsir və təzyiq göstərmədiyini bildirdiyi halda, ittihamı qismən qəbul etməsinin ağlabatan izahı yoxdur. Odur ki, məhkəmə həmin hissədə ifadəni qeyri-inandırıcı, özünümüdafiə xarakterli və qeyri-mötəbər hesab edərək, ibtidai istintaq dövründəki ifadəsini mötəbər sübut kimi qəbul edir. Məhkəmə təqsirləndirilən şəxsə elan edilmiş ittihamla bağlı aşağıdakı hüquq normalarını nəzərə alır: Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» «Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər»ə aid İİİ Siyahıya əsasən “Çətənə bitkiləri” narkotik vasitədir və onun 3-15 ədədi xeyli miqdar, 16-800 ədədi külli miqdar hesab olunur. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Göründüyü kimi, təqsirləndirilən şəxsin ittihamda qeyd edilən miqdarda tərkibində narkotik vasitələr olan çətənə bitkisini əkib-becərib qulluq etməsi, yetişdirməsi, külli miqdarda qurudulmuş marixuana növündə narkotik vasitələri əldə edib yaşadığı evin yataq otağında saxlaması, bir qismini isə üzərində saxlayıb gəzdirməsi özünün etirafedici ifadələri ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübut və müvafiq protokollarla təsdiq edilir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələrini və ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq edilən yuxarıda qeyd olunan sübutları mötəbər sübut kimi qəbul edir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Ona görə də Təqsirləndirilən şəxs ARCM-in 234.1-1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası daxilində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən işdə olan aşağıda qeyd edilən sübutları nəzərə alır: - DİN-nin BƏSİİ-dən daxil olmuş 05 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 95) - Sabirabad RİHB-nin Ulacalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Ağaşov X2 rayonu Mürsəlli kəndində qeydiyyatda olmaqla ailə üzvləri: X4, oğlu 12 senytabr 2010-cu il təvəllüdlü X5 və digər oğlu 25 yanvar 2014-cü il təvəllüdlü X6 ilə birlikdə qeydiyyatda olmaqla yaşamışdır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. ( i.v. 89-93) Məhkəmə cəza təyinində Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəza siyasətinin humanistləşdirilməsinə dair formalaşmış təcrübəni, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). İş üzrə ARCM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı övladının olması onun cəzasını yüngülləşdirən hal müəyyən edilmişdir. İş üzrə ARCM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs hər iki maddə üzrə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, təyin ediləcək azadlıqdan məhrumetmə cəzası elə həddə seçilməlidir ki, cəza təqsirləndirilən şəxsin islah olunmasına xidmət etsin. ARCM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 30 oktyabr 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə zalında həbs edilməli, Təqsirləndirilən şəxs Pentensiar Xidmətin Lənkəran Pentensiar Kompleksinə təhvil verilməlidir. ARCM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Məhəmmədvəli oğlunun 2 gün həbsdə saxlanıldığı müddət azadlıqdan məhrumetmə cəzasının bir gününə bir gün hesab edilməklə cəza müddətindən çıxılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1.1 və 132.1.6-cı maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Sabirabad Rayon Polis Şöbəsinin sübutları saxlama otağında saxlanılan 3 ədəd sintetik kisə və bir ədəd kağız zərdə olan faktiki çəkisi 2855,10 qram olan narkotik tərkibli çətənə bitkisi, 2765,36 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci kimi 31,95 ( otuz bir manat doxsan beş qəpik) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Məhəmmədvəli oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. ARCM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs Məhəmmədvəli oğluna 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. ARCM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Məhəmmədvəli oğlunun 2 gün həbsdə saxlanıldığı müddət azadlıqdan məhrumetmə cəzasının bir gününə bir gün hesab edilməklə cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 3 il 5 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Məhəmmədvəli oğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalında həbs edilsin. Ağaşov X1 Xidmətin Lənkəran Pentensiar Kompleksinə təhvil verilsin. Təqsirləndirilən şəxs Məhəmmədvəli oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 30 oktyabr 2025-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Məhəmmədvəli oğlu ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Sabirabad Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan 2855,10 qram olan narkotik tərkibli çətənə bitkisi, 2765,36 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatı xərci kimi- 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs Məhəmmədvəli oğlundan tutulub Azərbaycan Respublikasının Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs Məhəmmədvəli oğluna münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Cavid Səfərli Aqil Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-223/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-223/2025
30.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver