Məhkəmə qərarları › İş №1(099)-224/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-224/2023

14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-224/2023 14.02.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1981-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, 23 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 noyabr 2022-ci il tarixdən barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə külli miqdarda-4,810 qram psixotrop maddə metamfetamini 23 noyabr 2022-ci il tarixdə Lənkəran şəhərində istintaqa məlum olmayan şəxsdən əldə edərək üzərində saxlamaqla daşımış, 23 noyabr 2022-ci il tarixdə, saat 18:30 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X2 Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri, Vidadi küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman həmin bir ədəd bükümdə külli miqdarda-4,810 qram psixotrop maddə metamfetamin əynində olan şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqıda təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirili bilərək, istintaq zamanı verdiyi izahat və ifadələrini olduğu kimi təsdiq etdiyini, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşadığını, evli olsa da uşağının olmadığını, fəhləliklə məşğul olduğunu, narkotik vasitə istifadəçisi olduğunu, 2016-ci ildə CM-nin 234.1-ci maddəsi ilə məhkum olunduğunu, bədənində olan dözülməz ağrılar səbəbindən psixotrop maddə olan metamfetamindən istifadə etdiyini, metamfetamini Lənkəran şəhərində tanımadığı şəxslərdən əldə etdiyini, 23 noyabr 2022ci il tarixdə səhər saatlarında narkotik vasitə əldə etmək üçün Lənkəran şəhərində “mərkəzi bazara” getdiyini, orada bir nəfər tanımadığı şəxsdən 50 manat müqabilində istifadəsi üçün bir bükümdə metamfetamin aldığını, axşam istifadə etmək üçün əynində olan şalvarının sağ yan cibinə qoyduğunu, həmin tarixdə saat 18 radələrində Lənkəran şəhəri, Vidadi küçəsində “Əli” marketin yaxınlığında piyada hərəkətdə olan zaman bir neçə nəfər şəxsin ona yaxınlaşıb özlərini təqdim etdiklərini, ona üzərində narkotik vasitə saxlamağında şübhələri olduğuna görə üzərinə şəxsi axtarış keçirilməsi üçün şəhər ərazisində yerləşən regional polis şöbəsinə dəvət etdiklərini, polis əməkdaşlarının üzərində narkotik vasitə olduğunu bildiklərini, onlara etiraz etmədən birlikdə polis şöbəsinə getdiklərini, polis şöbəsində otaqların birində hüquq və vəzifələrinin izah olunduğunu, müdafiəçilərin siyahısının təqdim edildiyini, həmin siyahıdan özünə Vəliəhəd Həbibovu hüquqlarını müdafiə etməsi üçün seçdiyini, müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı üstündə qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunduğunu, əynində olan şalvarının sağ yan cibində saxladığı bir ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini təqdim etdiyini, təqdim etdiyi kütləni elektron tərəzidə çəkdiyini, çəkisinin 5,09 qram olduğunu, şəxsi axtarış zamanı üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmadığını, təqdim etdiyi metamfetaminin ekspertizaya göndərilməsindən ötrü qablaşdırılaraq möhürləndiyini, ekspert rəyi ilə metamfetaminin miqdarının 4,810 qram olmasının müəyyən edildiyini bildirmişdir. Məhkəmə tərkibi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün ifadəsi ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri, tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları və biri digəri ilə uzlaşan mötəbər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X2 Şöbənin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, polis baş leytenantı rütbəsində olduğunu, icraatına Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması və qəbul etməsi ilə bağlı əməliyyat məlumatları daxil olduğunu, həmin məlumat icra olunmasından ötrü tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsini xahiş etdiyini, bunda sonra əməliyyat qrupu yaradıldığını, əməliyyat qrupuna rəhbərliyi özü etdiyini, 23 noyabr 2022-ci il tarixdə, saat 19 radələrində Lənkəran şəhəri, Vidadi küçəsində yerləşən “Əli” marketin yanında Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb onu nəzarətə götürdüklərini, yaxınlaşaraq özlərini təqdim etdiklərini, İdraka üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirdiyini, İdrakı şöbəyə dəvət etdiklərini, Polis şöbəsində təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparıldığını, şəxsi axtarış zamanı İdrakın üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyin təklif olunduğunu, İdrakın da əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü, 8 manat pulu, sol yan cibindən 2 ədəd “Samsung” markalı mobil telefonları, üç ədəd ev açarını təqdim etdiyini, sellofan bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, öz istifadəsi üçün həmin günü Lənkəran şəhərində “Bazar” tərəfdə, tanımadığı şəxsdən 50 manata əldə etdiyini bildirdiyini, İdrakdan götürülmüş bükümün elektron tərəzidə çəkildiyini, çəkisinin 5,09 qram olduğunu, İdrakın üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş BNMİ-nin CBRŞ-nin polis nəfərləri, polis serjantı Şahid3 ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları olduğu kimi təsdiq edərək eyni məzmunlu ifadə verib, məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - 23 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş əməliyyat məlumatının daxil olduğu barədə raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında təqsirləndirilən şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir (səh. 04,06, 10, 31- 34). - “cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 23 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur.(i.v. 14) - “şəxsi axtarış və götürmə aparılması haqqında” 23 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 noyabr 2022-ci il tarixdə saat 18:30 dəqiqədə BNMİ-nin CBRŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri Vidadi küçəsində piyada hərəkətdə olan zaman “Əli” marketin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarının sol yan cibindən iki ədəd “Samsung” markalı mobil telefonlar, 03 ədəd ev qapısının açarları, şalvarının sağ yan cibindən 01 ədəd sellofan büküm və 8 manat pul aşkar olunaraq götürülür. Təqsirləndirilən şəxs götürülmüş bir ədəd sellofan bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, öz üzərində istifadəsi üçün saxladığını, 23 noyabr 2022-ci il tarixdə səhər saatlarında Lənkəran şəhərində “Bazar” adlanan ərazidə tanımadığı şəxsdən 50 manata aldığını, aldıqdan sonra istifadə etmədiyini, narkotiklərin satışı ilə məşğul olmadığını bildirir. Götürülmüş kütlə polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilir və ümumi çəkisi 5,09 qram olur (i.v. 31-34). -məhkəmə fiziki-kimyəvi ekspertizasının 24 noyabr 2022-ci il tarixli, 19/1198 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə metamfetaminə bənzər kütlə qablaşdırıldı və möhürləndi...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi 4,810 qram olan maddə ağ rəngli kristallardan ibarət maddə metamfetamindir (i.v. 41-43). -“təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittihamın elan olunması haqqında” 25 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir ( i.v. 55-56). -Lənkəran rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 4(049)-376/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 23 noyabr 2022-ci il tarixdən, saat 18:30dan hesablanmışdır (i.v. 77-78). -məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1006 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində 2014-cü il tarixdən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur (i.v. 63). -Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat tapşırığına verilmiş 01 dekabr 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisidir. Onun narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir real məlumat şöbənin cinayət axtarış bölməsinə daxil olmamışdır (i.v. 86). -BNMİ-nin CBRŞ-nin əməliyyat tapşırığına verilmiş 15 dekabr 2022-ci il tarixliş 150/3046/22 nömrəli cavabından görünür ki, ünvan 1 ünvanında yaşayan, 1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində, üzərində qanunsuz olaraq narkotik vasitələr gəzdirməsi və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatlarını realizə etmək üçün, 23 noyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Lənkəran şəhəri ərazisində saxlanılmış və üzərindən 4,810 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs konkret olaraq narkotik vasitələrin satışı ilə məşğul olması barədə şöbəyə real məlumatlar daxil olmamışdır (i.v. 97). -“maddi sübut kimi tanıma haqqında” 30 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sellofan bağlamada təmiz çəkisi 4,810 qram psixotrop maddə metamfetamin və cinayət işinin materialların əlavə edilmiş bir ədəd CD diskdə videogörüntü iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmışdır (i.v. 83). -Lənkəran rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(049)-448/2022 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində keçirilmiş təxirəsalınmaz əməliyyataxtarış tədbiri qanuni və əsaslı hesab edilmişdir (i.v. 80). -Lənkəran rayonlararası psixiatriya xəstəxanasının 03 dekabr 2022-ci il tarixli, 988 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada hər hansı bir diaqnozla qeydiyyatda durmur (i.v. 91). Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində şatış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda, həmçinin əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən metamfetamin psixotrop maddə hesab edilir. Metamfetamin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin külli miqdarda olmaqla 4,810 qram təşkil etmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, Şahid1 və Şahid3 şahid qismində verdiyi ifadəsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, məhkəmə fiziki-kimyəvi ekspertizasının 24 noyabr 2022-ci il tarixli, 19/1198 nömrəli, məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1006 nömrəli rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış metamfetaminin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayon Məhkəməsinin 26 dekabr 2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinirək 1 (bir) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 22 may 2018-ci ildə cəzasının sonu ilə zad olunmuş, hazırda məhkumluğu yoxdur (i.v. 89-90). -Lənkəran şəhəri 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Rcəbəli oğlu evlidir, uşağı yoxdur, yaşayış yeri üzrə normal xarakterizə edilmişdir (i.v. 92-93). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, üzərindən aşkar edilmiş metamfetaminin külli miqdarda olmaqla 4,810 qram təşkil etməsini, məhkumluğu olmayan şəxs olmasını və yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halların, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və aailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki,: Cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün həmin Məcəllənin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının orta həddə təyin edilməsi zəruridir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə barəsində həbs qətimkan tədbiri seçildiyi üçün tutulduğu 23 noyabr 2022-ci il tarixdən hesablanmalı və Lənkəran rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 4(049)-376/2022 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınaraq, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, onun ərazi narkoloji kabinetində “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 4,760 qram təşkil edən metamfetamin məhv edilməli, iş materiallarına əlavə edilmiş, istintaq hərəkətləri barədə 01 ədəd videodisk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 60 (altmış) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı tutulduğu 23 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durması nəzərə alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 60 (altmış) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 4,760 qram təşkil edən metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar