Məhkəmə qərarları › İş №1(099)-225/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-225/2022

31.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-225/2022 31.05.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi - hakim Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər: Nəbiyev Cəlil Cabbar oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun Vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1981-ci ildə Beyləqan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxladığı psixotrop maddə olan metamfetamini etibarnamə əsasında idarə etdiyi atası Şahid4 məxsus “Mercedes Benz E-280” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan şəhəri, Habil Hacıyev küçəsinə daşımış, o, 13 avqust 2021-ci il tarixdə saat 21:30-da Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən Beyləqan şəhəri, Habil Hacıyev küçəsində saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilib həmin gün saat 22:20-də üzərində şəxsi axtarış aparılarkən əynində olan boz rəngli şalvarın sol arxa cibindən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla atasına məxsus avtomobillə Beyləqan şəhəri, Habil Hacıyev küçəsinə daşıdığı şəffaf polietilen kəsiyinə bükülməklə qablaşdırılmış təmiz çəkisi 1,211 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, həmçinin həmin gün saat 23:15-də yaşadığı evə baxış keçirilən zaman evin yataq otağındakı divanın arxasında olan elektron tərəzinin qapağının altından onun satış məqsədilə qanunsuz olaraq əldə edib daşımaqla yaşadığı evdə saxladığı dörd ədəd sarı rəngli kağıza bükülməklə qablaşdırılmış ayrı-ayrılıqda təmiz çəkiləri 0,348 qram, 0,364 qram, 0,452 qram, 0,331 qram, iki ədəd qara rəngli polietilen kəsiyinə bükülməklə qablaşdırılmış ayrı-ayrılıqda təmiz çəkiləri 1,259 qram və 0,146 qram, cəmi 2,900 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, ümumilkdə yeddi ədəd bükümdə ümumi təmiz çəkisi 4,111 qram kustar üsulla hazırlanmış və eyni tərkibli külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2021-ci il avqust ayının 13-də Beyləqan rayonunda axşam saat 22 radələrində atasına məxsus Mersedes markalı maşını ilə evinə gedərkən polis əməkdaşları tərəfindən saxlamış və Beyləqan rayon Polis şöbəsinə aparılmışdır. Bir müddətdən sonra vəkil və hal şahidləri gəlmişlər. Polis şöbəsinə aparıldıqdan sonra polis əməkdaşları ona “sənin üzərində narkotik var” demişlər və bundan sonra onun cibinə narkotik qoymuşlar. Çəkiliş vaxtı arxa cibindən nəyisə çıxarıb yerə atmışdır. Şöbədə tanımadığı polis əməkdaşları ona hədə qorxu gələrək “əgər narkotiki öz üzərinə götürməsən valideynlərini bura gətirəciyik” demişlər. Polis əməkdaşları ona hədə qorxu gəlsələr də, şalvarının cibindən çıxan narkotikin ona aid olmadığını bildirmişdir. Sonra idarə etdiyi maşına baxış keçirilmiş və maşından narkotik aşkar olunmamışdır. Şöbədən polis əməkdaşları ilə birlikdə valideyinləri ilə birgə yaşadığı evə aparılmış, yatdığı otağa baxış keçirilərkən elektron tərəzi və bükümlərdə narkotik aşkar olunmuşdur. Evindən aşkar olunan tərəzi və narkotik polis əməkdaşları tərəfindən evinə qoyulmuşdur. Həmin şəxsi tanımır. Heç kimə narkotik satmamış və narkotikdən istifadə etməmişdir. Üzərinə və evinə baxış keçirilərkən vəkil və hal şahidləri iştirak etmişlər. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmuşdur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ilkin və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə verdiyi ilkin etirafedici izahatı elan olunmuş, həmin izahatında polis şöbəsində şəxsi axtarış zamanı əynində olan cins şalvarının sol arxa cibində olan 1 ədəd bükümdə psixotrop maddə metamfetamini çıxarıb yerə atdığını və sonra ayağı ilə vurub irəliyə itələdiyini, həmin maddəyə baxış keçirildiyini və çəkisinin 1,40 qram olduğunu, daha sonra yatdığı otağa baxış keçirilərkən divanın arxasından elektron tərəzi, tərəzinin qapağının altından isə 6 bükümdə metamfetaminin aşkar olunduğunu, həmin protokolu imzaladığını, polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmadığını, narkotiki vasitələrin satışı ilə məşğul olmadığını, üzərində və yataq otağında aşkar olunan tərəzi və metamfetamin barədə heçnə deyə bilmədiyini göstərmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli ibtidai istintaq zamanı verdiyi ilkin etirafedici izahatı ilə yanaşı, şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istinatqında şahid qismində dindirilmiş Beyləqan RPŞ-nın Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 13 avqust 2021-ci il tarixdə Beyləqan rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və satışında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupu yaradılmış və həmin gün saat 21.30 radələrində Təqsirləndirilən şəxs Beyləqan rayonunda evinin qarşısında idarə etdiyi “Mersedes” markalı maşında saxlanılmışdır. Ceyhuna özünü təqdim edərək polis əməkdaşının olduğunu demiş və onun saxlanıldığı yerdə üzərinə baxış keçirilməsi üçün əlverişli şərait olmadığından, o, əməliyyat qrupu ilə birlikdə Beyləqan rayon polis şöbəsinə aparılmışdır. Saat 22 radələrində şöbəyə vəkil və hal şahidləri dəvət olunmuş, bu zaman Təqsirləndirilən şəxs şalvarının arxa cibində olan bükümü yerə atıb ayağı ilə özündən uzuqlaşdıraraq ona aid olmadığını bildirmişdir. Bükümə baxış keçirilmiş, içərisində metamfetamin olması müəyyən edilmişdir. Sonra vəkilin və hal şahidlərin iştirakı ilə Təqsirləndirilən şəxs idarə etdiyi maşına baxış keçirilmiş və maşında heç bir qeyri qanuni əşya aşkar olunmamışdır. Daha sonra vəkil, hal şahidləri və Təqsirləndirilən şəxslə birlikdə onun yaşadığı evə yollanmışlar. Ceyhunun yataq otağına baxış keçirilən zaman divanla divarın arasında bir ədəd elektron tərəzi, tərəzinin qapağı açıldıqda 6 bükümdə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Baxışda Ceyhunun atası da iştirak etmişdir. Təqsirləndirilən şəxs “patı” deyilən bəla ilə Beyləqan rayonunu bərbad günə salmışdır. Onun bu işlə məşğul olması barədə əvvəllər də ona məlumatlar daxil olmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmamışdır. Ceyhunun evinə baxış zamanı iştirak etmişdir, onun cibinə və evinə heç kim tərəfindən metamfetamin və tərəzi qoyulmamışdır.Təqsirləndirilən şəxs üzərində və evində aşkar olunan metamfetaminə bənzər kütlələr qablaşdırılaraq ekspertizaya göndərilmişdir.Protokolları Ceyhun imza etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Beyləqan RPŞ-nın əməkdaşları Şahid2, Şahid3, Şahid8, Şahid9 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək Beyləqan rayon sakini Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən sonra vəkilin və hal şahidlərin iştirakı ilə üzərinə baxış keçirilərkən şalvarının cibindən bir büküm metamfetamini çıxarıb yerə ataraq ayağı ilə özündən uzaqlaşdırdığını, daha sonra onun yaşadığı evə baxış keçirilərkən yatdığı otaqda divanın arxasında bir ədəd elektron tərəzinin, tərəzinin qapağının altında 6 bükümdə metamfetaminin aşkar olunduğunu, Təqsirləndirilən şəxs üzərinə və evinə heç kim tərəfindən tərəzi və metamfetamin qoyulmadığını, ona qarşı hər hansı bir zor tətbiq olunmadığını göstərmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə hər hansı bir düşmənçiliyi, qohumluğu və ədavəti yoxdur. 13 avqust 2021-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı tanımadığı polis əməkdaşı tərəfindən hal şahidi qismində Beyləqan rayon polis şöbəsinə dəvət olunmuşdur. Polis şöbəsində Təqsirləndirilən şəxs cibindən bükümü çıxarıb yerə atmış və ayağı ilə özündən uzaqlaşdırmağa çalışmışdır. Lakin həmin büküm yerdən götürülmüş, baxış keçirilmiş, metamfetamin olması məlum olmuş və tərəzidə çəkilərək qablaşdırılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən və maşınından başqa qanunsuz əşya aşkar olunmamışdır. Daha sonra polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə yollanmışlar. Təqsirləndirilən şəxs yataq otağına onun iştirakı ilə baxış keçirilmiş, divanın arxa tərəfindən elektron tərəzi və bükümlərdə metamfetamin aşkar olunmuşdur. Əvvəllər məhkəmə iclaslarında hal şahidi qismində ifadə verməmişdir. Təqsirləndirilən şəxs üzərinə və evinə keçirilən baxışlarda vəkil iştirak etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Beyləqan rayonunda çayxanada işləyir. Təqsirləndirilən şəxslə hər hansı bir düşmənciliyi qohumluğu və ədavəti yoxdur. 13 avqust 2021-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı tanımadığı polis əməkdaşları tərəfindən hal şahidi qismində Beyləqan rayon polis şöbəsinə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləkən o, şalvarın arxa cibindən bir büküm çıxarıb yerə atmış və ayağı ilə itələmişdir. Həmin bükümə baxış keçirilmiş və metamfetamin olduğu müəyyən edilmişdir. Metameftamin tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Sonra Təqsirləndirilən şəxs maşınına keçirilən baxış zamanı başqa qanunsuz əşya aşkar olunmamışdır. Daha sonra vəkil və polislərlə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə yollanmışlar. Baxış zamanı Ceyhunun yatdığı otaqdan divanın arxa tərəfindən elektron tərəzi və 6 ədəd bükümlərdə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs evində axtarış zamanı polis şöbəsinin rəis müavini Taleh müəllim də iştirak etmişdir. Təqsirləndirilən şəxs rayon sakini kimi uşaqlıqdan tanıyır, onun narkotik satmasını eşitmişdir. Baxışlarda vəkil də iştirak etmişdir Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 13 avqust 2021-ci il tarixdə axşam saat 23 radələrində evdə olarkən sahə müvəkkili və mülki geyimli şəxs onlara gələrək ona Ceyhunun tutulduğunu bildirmiş və Ceyhunun yatdığı otağı onlara göstərməsini istəmişlər. Ceyhunun otağına birlikdə baxdıqdan sonra birazdan evə polislərin gəlib baxış keçirəcəklərini, polislər gəldikdə Ceyhunun yatdığı otağı onlara göstərməsini bildirmiş və polislər gələnə qədər onların yanında Ceyhunu gözləmişlər. Həmin vaxt polis əməkdaşlarının əlində hər hansı bir çantanın olmasını görməmişdir. Gecə saat 24 radələrində təxminən 20 nəfər polis əməkdaşı onlara gəlmiş və Ceyhunun yatdığı otağa baxış keçirmişlər. Baxış zamanı Ceyhun özü və vəkili də iştirak etmişlər. Yataq otağında divanın arxasında elektron tərəzi və bükümlərdə mtamfetamin aşkar olunmuşdur. Ceyhun tərəzinin ona məxsus olmadığını bildirmişdir. Ceyhunun narkotikdən istifadə etməsi barədə məlumatı olmamışdır. Evə baxış keçirilməsi haqqında ərizəni özü imzalamışdır. Ərizədə yazılanları anlamamışdır. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizanın 14 avqust 2021-ci il tarixli 18/880 N-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs yaşadığı...” sözləri və imzalar olan kağız paketdəki 4 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri- 0,348 qram, 0,364 qram, 0,452 qram, 0,331 qram, 2 ədəd poletilen kəsiyi bükümündə ümumi təmiz çəkisi-2,900 qram olan maddələr kustar üsulla hazırlanmış, eyni tərkibli psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərinə...” sözləri və imzalar olan kağız paketdə 1 ədəd poletilen kəsiyi bükümündə təmiz çəkisi-1,211 qram olan maddə kustar üsulla hazırlanmış, psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs yaşadığı evdən və üzərindən götürüldüyü qeyd edilən metamfetaminlər eyni tərkiblidir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 28 oktyabr 2021-ci il tarixli 4185 N-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 13 avqust 2021-ci il tarixli “Şəxsi axtarış keçirilməsi haqqında” protokola əsasən Təqsirləndirilən şəxs üzərində Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən şəxsi axtarış aparılarkən əynində olan boz rəngli şalvarın sol arxa cibindən 01 ədəd şəffaf polietilen kəsiyinə bükülərək qablaşdırılmış, bükümlə birlikdə ümumi çəkisi 1,40 qram olan psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 13 avqust 2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokola əsasən Təqsirləndirilən şəxs yaşadığı Beyləqan şəhəri, Habil Hacıyev küçəsi, ev 114 ünvanında yerləşən yaşayış evinə və evin həyətyanı sahəsinə Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilərkən evin Təqsirləndirilən şəxs məxsus yataq otağındakı divanın arxasından 1 ədəd elektron tərəzi və həmin elektron tərəzinin qapağının altından qara rəngli sellofan bükümlərdə olan bükümlə birlikdə ümumi çəkiləri müvafiq olaraq 0,35 qram və 1,58 qram olmaqla 2 ədəd bükümdə, sarı rəngli kağız bükümlərdə olan bükümlə birlikdə ümumi çəkiləri müvafiq olaraq 0,54 qram, 0,52 qram, 0,60 qram və 0,61 qram olmaqla 4 ədəd bükümdə, ümumilikdə 6 ədəd bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. 13 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs cinayət törətməsinə əsaslı şübhələr olduğundan onun üzərinə şəxsi axtarış, idarə etdiyi avtomobilə və yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsi barədə təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Beyləqan Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, idarə etdiyi avtomobilə və yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsi barədə təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında Beyləqan RPŞ-nın 13 avqust 2021-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. 20 avqust 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş və məhkəmə-kimyəvi ekspertizası tədqiqatından sonra faktiki olaraq qalmış 3,761 qram psixotrop maddə metamfetamin və yaşadığı evdən aşkar edilərək götürülmüş bir ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Beyləqan rayon Polis şöbəsinin “Maddi sübutların saxlanması otağı”na təhvil verilmişdir. Bundan başqa, 9 sentyabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə aid məlumatlara dair Azercell MMC-dən daxil olmuş, üzərində xx.xx.2021, 19715 sözləri yazılmış CD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 16 noyabr 2021-ci il tarixli qərarla həmin cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında üzərində və evində aşkar olunan metamfetaminlərin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən ona qarşı təzyiq olunaraq zor tətbiq olunduğuna dair ifadəsində göstərdiyi xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Təqsirləndirilən şəxsin ona qarşı polis əməkdaşları tərəfindən təzyiq olunması ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1,449.1.1. 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrin məzmununa görə təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşakar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs, istər onun vəkili Müdafiəçi ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda Təqsirləndirilən şəxs özü bu halı hər hansı bir dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Həmçinin, təqsirləndirilən şəxsin vəkili Müdafiəçi ibtidai araşdırma zamanı dəfələrlə Təqsirləndirilən şəxs əsassız cinayət məsuliyyətinə cəlb olunması ilə əlaqədar müxtəlif orqanlara rəsmi müraciət etsə də, həmin müraciətlərində Təqsirləndirilən şəxs döyülməsi və ya ona qarşı zor tətbiq olunması ilə bağlı hər hansı bir fikir irəli sürməmişdir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi etirafedici izahat, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrin məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, N-30364/09, && 42-43? 12 noyabr 2013;Məmmədov Azərbaycana qarşı, N-xx/xx/2013, &&23-27? 11 yanvar 2007; ) Bundan başqa, Ceyhun Qulievin evində aşkar olunan elektron tərəzinin, evində külli miqdarda metametaminin və üzərində aşkar olunan metamfetaminin ona məxsus olmaması ilə bağlı göstərdiyi xüsusat onun üzərində aparılan şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkəti protokolu, ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ilkin etirafedici izahatı, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla tam təkzib olunur. Belə ki, məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3, Şahid8, Şahid9, Şahid6 və Şahid5 Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən sonra şalvarını arxa cibindən bir bükümdə olan metamfetamin çıxarıb yerə ataraq ayağı ilə özündən uzaqlaşdırmasını, daha sonra Təqsirləndirilən şəxs özünün və atasnın iştirakı ilə yataq otağına baxış keçirilərkən divanın arxasından bir ədəd elektron tərəzi, tərəzinin qapağının altından 6 bükümdə metamfetaminin aşkar olunduğunu bir daha israrla təsdiq etmişlər. Eyni zamanda məhkəmədə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin atası Şahid4 ifadəsində polis əməkdaşları tərəfindən oğlu Ceyhunun yataq otağına baxış keçirilərkən divanın arxasında eletron tərəzinin aşkar olunduğunu, baxışdan əvvəl polis əməkdaşlarının əlində hər hansı bir çantanın olmasını görmədiyini təsdiq etmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs barəsində cinayət təqibi başlanan andan mudafiəçisinin iştirakı ilə verdiyi ilkin izahatında polis əməkdaşları tərəfindən üzərinə hər hansı bir psixotrop maddənin və ya narkotikin qoyulması ilə bağlı fikir ifadə etməmişdir. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi ilkin izahat və ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi ilkin izahatını, habelə şahidlərin ifadələrini, eskpertizanın rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. İşin faktiki halları, o cümlədən Təqsirləndirilən şəxs üzərində bir büküm metamfetaminin, evində elektron tərəzinin, həmin tərəzinin qapağında 6 bükümdə külli miqdarda metamfeatminin aşkar edilməsi, həmin maddələrin eyni tərkibli olması və işin digər halları təqsirləndirilən şəxsin həqiqətən də psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan metamfetamin isə psixotrop maddədir. Metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddələri satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş və onun bu əməli düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs CM-nin qeyd olunan maddəsi ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. 13 avqust 2021-ci il tarixli qərar və protokoldan görünür ki, Rövşən Qabilov cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 15 avqust 2021-ci il tarixdə CM-in 234.4.3cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Beyləqan Rayon Məhkəməsinin 15 avqust 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 13 avqust 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən və hökmlərin surətindən görünür ki, Beyləqan Rayon Məhkəməsinin 23 oktyabr 2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25 may 2015-ci il tarixdə cəzanın sonu azad edilmişdir. Bundan sonra Beyləqan Rayon Məhkəməsinin 03 noyabr 2016-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1 və 264-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli qərarı ilə 21 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 07 fevral 2018-ci il tarixli qərarı ilə Quliyev X1 Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli hökmü ilə CM-nin 263-1.1 və 264-cü maddələri ilə təyin olunmuş 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 20 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin tələblərinə əsasən qanunla müəyyən edilmiş qaydada ödənildiyindən o, hazırda məhkumluğu olmayan şəxs hesab edilir. İş materiallarında olan Beyləqan rayon İHB-nın Beyləqan şəhər İƏD-si üzrə nümayəndəliyinin 5 oktyabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kafi xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.4.3-cü maddələri “ağır” cinayətlər kateqoriyasına aiddir, həmin maddənin sanksiyasında beş idən on iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlər nəticəsində əhalinin sağlamlığına ciddi zərər vurulur. Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, onların ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və həmin cəza çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 13 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və hazırda Beyləqan RPŞ-də saxlanılan 3,761 qram metamfetamin və 1 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 (bir) ədəd CD disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 13 avqust 2021-ci ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Beyləqan RPŞ-də saxlanılan 3,761 qram metamfetamin və 1 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 (bir) ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar