Məhkəmə qərarları › İş №1(099)-225/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-225/2023

19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-225/2023 19.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1967-ci ildə Ağdam rayonunun Boyəhmədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, “Bolt” taksi şirkətində taksi sürücüsü işləyən, Ağdam rayonunun Boyəhmədli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 82, mənzil 38-də yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayının ortalarında tanışı “Aydın” adlı şəxs və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə olunması, saxlanması və daşınmasına razılaşaraq, həm də qrupun üzvü tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan narkotik vasitələri əldə edib realizə etməsinə qabaqcadan vəd vermiş, bundan sonra əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilmiş bir ədəd bağlamada külli miqdarda-1610 qram narkotik vasitə olan asetilə edilmiş tiryək və şəxsi istehlak miqdarından artıq miqdarda-100 qram narkotik vasitə olan qurudulmuş marixuananın Astara rayonunun ərazisində Xəzər dənizinin sahilində olan yarımtikilidə (daxmada) gizlədilməsi barədə ona məlumat verməsindən sonra o, 13 aprel 2022-ci il tarixdə, saat 21 radələrində icarəyə götürdüyü “Toyota Corolla” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin əraziyə gedib qeyd olunan yerdən bir ədəd çantada həmin narkotik vasitələri götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb daşıyarkən, daxil olmuş əməliyyat məlumatına əsasən 13 aprel 2022-ci il tarixdə, saat 21:35 radələrində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin ərazidə (“N” saylı hərbi hissəsinin 16-cı sərhəd zastavasının 17-ci sahəsinin arxa istiqamətində, Xəzər dənizinin sahilində) saxlanılaraq ondan bir ədəd bağlamanın içərisində külli miqdarda-1610 qram narkotik vasitə olan asetilə edilmiş tiryək və şəxsi istehlak miqdarından artıq miqdarda-100 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, Ağdam rayonunun Boyəhmədli kəndində qeydiyyatda olmaqla, Ağdam rayonundan məcburi köçkün kimi ailəsi ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 82, mənzil 38-də yaşamış və tutulan vaxtadək icarəyə götürdüyü “Toyota Corolla” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla “Bolt” taksi şirkətində taksi sürücüsü işləmişdir. Narkotik vasitələrdən istifadə etməsə də, bir-iki dəfə marixunadan istifadə etmişdir. Bir müddət əvvəl, təxminən 2021-ci ildə Türkiyənin İstanbul şəhərində olarkən Gürcüstan vətəndaşı olan “Aydın” adlı şəxslə tanış olmuş, sonra həmin şəxslə münasibətləri yaranmışdır. 13 aprel 2022-ci il tarixdə, günorta saatlarında evində olarkən “Aydın” adlı şəxs ona İrana aid telefon nömrəsi ilə zəng edib ondan xahiş etmişdir ki, Astara rayonuna getsin, orada deyəcəyi yerdən bir ədəd çantanı götürüb Bakı şəhərinə aparsın və sonradan deyəcəyi şəxsə həmin çantanı versin. “Aydın” adlı şəxsin xahişi ilə götürəcəyi çantanın içərisində nə olmasını bilməmişdir. “Aydın”la danışdıqdan az sonra o, axşam saatlarında idarə etdiyi “Toyota Corolla” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Astara rayonuna getmiş və gecə saat 21 radələrində Astara şəhərinin girişində dairə adlanan yerə çatdıqdan sonra “Aydın” adlı şəxslə əlaqa saxlayıb çantanın qoyulduğu yeri soruşmuş, sonra kimsə İrana aid telefon nömrəsindən onun telefonuna “konum” (yerin koordinatını) göndərməklə çantanın qoyulduğu yeri ona bildirmişdir. Sonra o, həmin yerin yaxınlığında, yəni dairənin yaxınlığında yolun kənarında avtomobili saxlayıb avtomobildən yerə düşüb çantanın qoyulduğu yerə-yarımtiki vəziyyətində olan daxmaya tərəf təxminən 25 metr hərəkət edib ora yaxınlaşarkən sərhədçilər tərəfindən tutulmuşdur. O, Xəzər dənizinin yaxınlığında olan yarımtiki daxmaya yaxınlaşıb oradan çantanı götürə bilməmiş, elə həmin daxmaya yaxınlaşan vaxt sərhədçilər onu tutmuşdur. Götürmək istədiyi çantanı ora kimin qoymasını bilməmiş, sərhədçilər onu tutanadək həmin çantanı görməmişdir. Tutulduqdan sonra sərhədçilər qarşısına bir ədəd çantanı qoyub ona həmin çantanı götürmək üçün gəldiyini bildirmiş, o da etiraf edib bildirmişdir ki, tanışı “Aydın” adlı şəxsin xahişi ilə çantanı götürmək üçün həmin yerə gəlmişdir. Sərhədçilər tərəfindən özünün iştirakı ilə çantaya baxış keçirilmiş və çantanın içərisində olan bağlamada narkotik maddələr aşkar edilmişdir. Aşkar olunmuş həmin narkotik maddələr ona aid deyil, həmin narkotik maddələr “Aydın” adlı şəxsə məxsusdur. Törətdiyi əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi 14 və 15 aprel 2022-ci il tarixli ifadələrində göstərmişdir ki, 13 aprel 2022-ci il tarixdə Türkiyədə yaşayan, 2021-ci ildə tanış olduğu Gürcüstan vətəndaşı olan “Aydın” adlı şəxs ona zəng edib Astaraya getməsini və orada ona bir ədəd bağlama veriləcəyini bildirmiş, həmin o, bağlamanın içərisində nə olduğunu soruşanda “Aydın” adlı şəxs ona bağlamanın içərisində "ot və “torpaq" olduğunu demiş, “Aydın” "ot" dedikdə qurudulmuş marixuananı, "torpaq" dedikdə isə heroini nəzərdə tutmuşdur. Bu söhbətlərlə bağlı Aydınla danışığı hələ əvvəldən olmuş, yəni 2022-ci ilin mart ayının ortalarında Aydın ona zəng edib tezliklə narkotik vasitələrin götürülüb başqa yerə aparılması barədə təklif etmişdir. Həmin vaxt Aydın ona götürəcəyi X2 olaraq İrandan Azərbaycana keçiriləcəyini bildirmiş, lakin kim tərəfindən keçiriləcəyini deməmişdir. O, Aydının bu təklifi ilə razılaşandan sonra “Aydın” ona telefon əlaqəsi zamanı özü qurudulmuş marixuanaya "ot" və heroinə "torpaq" adını kod şəklində deyəcəyini bildirmişdir. Aydın ona İrana məxsus olan əvvəli +98-lə və sonu ++3515-lə bitən telefon nömrəsindən zəng etmiş, həm də Aydın ona gedəcəyi yeri tapmaq üçün "konum" göndərəcəyini demiş və onlar bir-biri ilə vatsappla əlaqə saxlamışlar. Aydınla razılaşdıqdan sonra o, 13 aprel 2022-ci il tarixdə, axşam saatlarında icarəyə götürdüyü "Toyota Corolla" markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakıdan çıxıb yeni çəkilən asfalt yolla Astara rayonuna getmiş və ora çatmağa bir saat qalmış Aydına zəng etmiş, sonra Aydının tapşırığına əsasən tanımadığı və adını bilmədiyi İran vətəndaşı ona narkotik vasitələrin olduğu ərazinin "konum"unu göndərmişdir. O, Astarada olduğu müddətdə həmin İran vətəndaşı ona bir dəfə zəng edib harada olduğunu soruşmuş, həmçinin iranlı ona bildirmişdir ki, konum atdığı yerin yaxınlığında balaca daxma var, narkotik vasitələr olan bağlama daxmadadır gedib oradan götürsün. Sonra o, avtomaşından düşüb konum atılan əraziyə gedib daxmaya doğru hərəkət etmiş və həmin vaxt hava qaranlıq olmuşdur. O, içərisində narkotik vasitələr olan bağlamanı götürmək üçün daxmaya yaxınlaşıb içəriyə daxil olub oradan bağlamanı götürüb ərazidən uzaqlaşmağa cəhd göstərərkən sərhədçilər tərəfindən saxlanılmışdır. Həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 01 noyabr 2022-ci il tarixdə əvvəl verdiyi ifadəsinə uyğun ifadə vermiş və həmin ifadəsində əlavə olaraq bildirmişdir ki, o, narkotik vasitələrin qoyulduğu əraziyə gedərkən bağlamada dərman olduğunu bilib getmiş, lakin həmin bağlamanın içərisində marixuana və tiryək olduğunu bilməmişdir. İlkin ifadələrində narkotik vasitələrin arxasınca getdiyini bildirməsi barədə yazılanları təsdiq etmir. Həmin vaxt həyacanlı və gərgin olduğu üçün belə ifadə vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə əməliyyat tədbirinin keçirilməsinə dair protokollar tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrini qismən, 01 noyabr 2022-ci il tarixli ifadəsini isə təsdiq etdiyini bildirib əlavə ifadəsində göstərmişdir ki, o, tanışı “Aydın” adlı şəxsin xahişi ilə Astaraya çantanı götürmək üçün getmiş, buna görə heç bir maddi marağı olmamış, sadəcə olaraq tanışının xahişinə görə belə hərəkət etmişdir. O, götürəcəyi çantanın içərisində dərman olmasını bilsə də, narkotik maddələrin olmasını bilməmişdir. Sərhədçilər onu tutduqdan sonra çantaya baxış zamanı ona məlum olmuşdur ki, çantanın içərisində narkotik maddələr vardır. Tutulduqdan sonra sərhədçilər onu döyməsələr də, ona qarşı təzyiqlər olduğu üçün o, ilkin ifadəsində göstərmişdir ki, həmin gün narkotik maddələr götürmək üçün ora gəlib içərisində narkotik maddələr olan çantanı daxma adlanın tikilinin içərisindən götürmüşdür. Əslində isə o, həmin daxmanın içərisinə girməmiş, çantanı əlinə götürə bilməmişdir. Həmin yerə yaxınlaşan vaxt sərhədçilər onu tutduğundan o, çantanı götürə bilməmişdir. Həmçinin onun heç bir iranlı ilə əvvəlcədən danışığı, o cümlədən telefon danışığı olmamış, telefon danışıqlarına dair məlumatlarda göstərilən mesajları xatırlamır və bu mesajları kimin nə vaxt ona göndərməsini bilmir. Bütün bunlara baxmayaraq o, tanışı “Aydın” adlı şəxsin xahişi ilə çantanı götürmək üçün Astaraya getdiyinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, telefon danışıqlarına dair məlumatlar, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, o, DSX-nin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusudur. 13 aprel 2022-ci il tarixdə Astara rayonunun ərazisində hərbi hissənin 16-cı sərhəd zastavasının 17-ci sahəsinin arxa tərəfində narkotik vasitələrin gizlədilməsi barədə daxil olmuş məlumat əsasında qeyd olunan ərazidə özü də daxil olmaqla bir qrup hərbiçilərdən ibarət “Pusqu” sərhəd xidməti təşkil olunmuşdur. Həmin xidmətin təşkil olunduğu yer dövlət sərhəd xəttindən təxminən 3500 metr aralı, Xəzər dənizinin sahilində olan sahibsiz yarımtikili daxma yerləşən ərazidir. Həmin gün gecə saat 21 radələrində həmin yerin yaxınlığına markasını xatırlamadığı avtomobil gəlib dayandıqdan və avtomobildən bir nəfər şəxsin düşüb daxmaya tərəf getməsini görüb onu müşahidəyə götürmüşlər. Az sonra həmin şəxs daxmaya daxil olmuş, həmin vaxt o, (Şahid4) daxmanın arxa tərəfində, dəniz sahilində olan beton sədlərin arxasında olmaqla daxma yarımtikili olduğu üçün arxadan da baxılanda içəri tərəfi göründüyündən daxmaya daxil olan şəxsin hərəkətlərini nəzarətdə saxlamışdır. Bundan sonra həmin şəxs, yəni sonradan adı, soyadı məlum olan Təqsirləndirilən şəxs daxmanın içərisindən bir ədəd torbanı götürüb çölə çıxıb maşının dayandığı istiqamətində hərəkət edərkən o da beton sədlərin arxasından çıxıb yarımtikilinin içərisindən keçməklə Təqsirləndirilən şəxs arxasınca getmiş və ona “Dayan” komandası verilmiş, bu zaman həmin şəxs əlindəki torbanı yerə atıb qaçmaq istiyərkən onu tutub saxlamışlar. Sonra dərhal aidiyyət üzrə məlumat verilmiş və tutulmuş şəxs ona aid olan torba ilə birlikdə sərhəd zastavasına gətirilib aidiyyəti üzrə təhvil verilmiş, bundan sonra hərbi hissə komandanlığı təhqiqata başlamışdır. Zastavada tutulan şəxsə, yəni Təqsirləndirilən şəxs məxsus torbaya Təqsirləndirilən şəxs və hal şahidlərin iştirakı ilə baxış keçirilərkən həmin torbanın içərisindən narkotik maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra sərhədçilər tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin Təqsirləndirilən şəxs da hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid3, Şahid2 və Şahid1 Şahid4 ifadəsinə uyğun ifadələr vermişlər. İşdə olan, DSX-nin “N” saylı hərbi hissəsinin əməliyyat-axtarış şöbəsinin əməkdaşının 13 aprel 2022-ci il tarixli “Raport”u, habelə “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” və “Aşkar olunmuş predmetlərə baxış keçirilməsi haqqında” 13 aprel 2022-ci il tarixli protokollarla müəyyən olunur ki, 13 aprel 2022-ci il tarixdə, axşam saatlarında bir nəfər naməlum şəxsin Astara şəhəri ərazisində Xəzər dənizinin sahilində yerləşən sahibsiz yarımtikilinin yaxınlığından külli miqdarda narkotik vasitələri götürməyi planlaşdırması barədə qabaqlayacı əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında qeyd olunan ərazidə-“N” saylı hərbi hissəsinin 16-cı sərhəd zastavasının 17-ci sahəsinin arxa istiqamətində, dövlət sərhəd xəttindən 3500 metr aralı, Xəzər dənizinin sahilində “Pusqu” sərhəd xidməti təşkil olunmuşdur. 13 aprel 2022-ci il tarixdə, saat 21:35 radələrində göstərilən əraziyə bir nəfər şəxsin gəlməsi və həmin şəxsin orada olan yarımtikiliyə daxil olması, sonra bu şəxsin əlində 1 ədəd bağlama həmin yarımtikilidən çıxıb uzaqlaşarkən sərhədçilər tərəfindən “Dayan” komandası verilməklə həmin şəxs tutulub saxlanılmışdır. Saxlanılan şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Sonra təhqiqat orqanı (hərbi hissə) tərəfindən hal şahidləri və Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun saxlanıldığı yerə baxış keçirilmiş və həmin yerdən bir ədəd bağlama aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd olunan bağlamanı götürdükdən sonra sərhədçilər tərəfindən saxlanıldığını və bağlamanın içərisində narkotik vasitələrin olmalı olduğunu bildirmişdir. Bundan sonra şübhəli şəxsə aid bağlamaya baxış keçirilmiş və bağlamanın içərisində narkotik vasitələrə oxşar kütlələr aşkar edilmişdir. Aşkar olunmuş kütlələr qablaşdırılıb təhqiqat orqanı tərəfindən götürülmüşdür. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 15 aprel 2022-ci il tarixli, 6/2140 №-li rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, iki ədəd plastik qablarda ayrı-ayrılıqda təmiz çəkisi 1205 qram və 405 qram olmaqla ümumi təmiz çəkisi 1610 qram (1 kq 610 qram) qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-asetilə edilmiş tiryəkdir. Ekspertiza tədqiqatından sonra qalıq tiryək 1609,8 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat təşkil edir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 15 aprel 2022-ci il tarixli, 7/365 №-li rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində “İçərisində narkotik maddəyə bənzər ... marixuana vardır” yazısı və imzalar olan 1 ədəd karton qutunun içərisində bir ədəd sarı rəngli sellofonda təmiz çəkisi 100,0 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatından sonra qalıq qurudulmuş marixuana 99,95 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat təşkil edir. İşdə olan, “Maddi sübut kimi tanınma haqqında” 11 avqust 2022-ci il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 1609,8 qram tiryək və 99,95 qram qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün DSX-nin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 23 iyul 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, o, narkomaniyadan əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan, ambulator məhkəmə-psixiatrik ekspertizasının 25 iyul 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs hadisə baş verən dövrdə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan, “Mobil telefona baxış keçiriməsi haqqında” 22 aprel 2022-ci il tarixli protokolla müəyyən edilir ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefonun üzərində 070/384-67-67 saylı mobil telefon nömrəsi vardır. Həmin mobil telefonda olan “WhatsApp” tətbiqinə aid hissədə yaddaşda saxlanılmış məlumatlara əsasən 14 aprel 2022-ci il tarixdə “İran nömrəsi Aydın” kimi qeyd edilmiş şəxsin +98-***- ***-**-**” saylı nömrəsi arasında “Qabil, harda itdin batdın Qabil, telefonu niyə bağlayıb, cavab vermirsən, sən bilmirsənmi mən burda partlamaya düşmüşəm Qabil”, 16 aprel 2022-ci il tarixdə “Götürmə Qabil, Qabil götürmə, sağol ay Qabil, Allah qoysa görüşərik, Qabil özün-özünə quyu qazırsan Qabil, mənə heçne etmirsen, ne edirsen özünə edirsən, bu idimi Mirəlimin canı haqqı, Vüsalımın canı haqqı ay belədi ay elədi ağlaya-ağlaya elə bunumu gəzirdin Aydını ... senzuradan kənar sözlər, 1000 manat göndərim ki, ged İrana Aydın iranda zaloq qalsın ay-noyun göndərsin buna, sən də məni ... yenə senzuradan kenar ifadələr, hələ burdaykən .... senzuradan kenar ifadələr, orda olsam gör nağayrardın sən məni, çox sağ ol Qabil, özün-özünə çox peşman olacaqsan Qabil”, 18 aprel 2022-ci il tarixdə “Ayə telefona cavab ver ayə mənliyin olsun, insaniyyətdiyin olsun ayə, telefona cavab ver ayə, mən uje partlamaya düşmüşəm ayə, ə bütün dünya ayəğa qalxıb ayə telefona cavab verginən ayə, insansan ayə, mənim saa nə pisdiyim keçib ayə, Qabil ayıb döyülmü ay Qabil, sen utanmadımmı maa bu padubka eləməyə, bu hərəkəti maa eləməyə utanıb, ölmersənmi, mən pisdikmi elədim, dedim saa da olsun, maa da olsun, birtəhəri vəziyyətdən çıxsın, bunumu eləmək istəyirdin, niyə cavab vermirsən Qabil, ürəyin nədi, nədi fikrini nədi maa yazıb bildirsənə mən də işimi bilim Qabil, havağa kimi qaçıb belə gizlənəssən götürməyəcəksən telefonu, bax nə pislik eləmişəm ki, sən maa bu hərəkətləri eləyirsən, məni baltanın altına qoymusan, ə sen onu bilersənmi” məzmununda audio və SMS yazışmalar, habelə cavablandırılmamış bir neçə audio və video zənglərin olduğu müəyyən edilmişdir. İşdə olan, “Cinayət işinin materiallarından cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 07 yanvar 2023-cü il tarixli qərarla müəyyən olunur ki, cinayət işinin materiallarından “Aydın” adlı şəxs və qeyrilərinin barəsində CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, telefon danışıqlarına dair məlumatları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə şahidlər Şahid4, Elçin İsmayılov, Şahid3 və Şahid1 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (tutulduğu əraziyə narkotik vasitələr götürmək üçün deyil, içrərisində dərman olan çantanı götürmək üçün getməsi, çantanın qoyulduğu yerəyarımtikiliyə (daxmayaya) daxil olmaması və həmin yerdən çantanı götürə bilməməsi, çantanın içərisində narkotik maddəl olmasını bilməmsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni tutulduğu əraziyə narkotik vasitələr götürmək üçün deyil, içrərisində dərman olan çantanı götürmək üçün getməsi, çantanın qoyulduğu yerəyarımtikiliyə (daxmayaya) daxil olmaması və həmin yerdən çantanı götürə bilməməsi, çantanın içərisində narkotik maddələrin olmasını bilməmsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid4, Elçin İsmayılov, Şahid3 və Şahid1 ifadələri, telefon danıqlarına dair məlumatlar, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən əməliyyat tədbirinin keçirilməsi və maddi sübutların götürülməsi ilə bağlı protokollar, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 14 və 15 aprel 2022-ci il tarixli ifadələri ilə (həmin ifadələrində o, ittihamda göstərilən bütün xüsusatları təsdiq etmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma cinayəti, eləcə də qaçaqmalçılıq cinayəti törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Tiryək” və “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana olan maddələr narkotik vasitələrdir. Tiryəkin 0,5 qramdan və qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, tiryəkin 50 qramı və qurudulmuş marixuananın 500 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə həmin Qərarın 6-cı bəndində izah verilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Həmçinin bu Qərarın 11-ci bəndində izah edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 1610 qram tiryək şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir, habelə 100 qram qurudulmuş marixuana isə şəxsi istehlak miqdarından artıqdır. Həmçinin məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur ki, Təqsirləndirilən şəxs ilə cinayətkar qrupun digər üzvlərinin arasında olan razılaşmaya əsasən onların niyyəti həmin narkotik vasitələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma olmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyətləri məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmiş, saxlamış və daşımış, habelə həmin narkotik vasitələrin Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsində köməkçi qismində iştirak etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Eyni zamanda məhkəmə tədqiq olunmuş sübutları, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrinə hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsi təsdiq olunduğundan məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs bu əməli düzgün olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Eyni zamanda dövlət ittihamçısı çıxışında tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında deyil, bu cinayətin tək icraçısı kimi törədilməsində iştirakı təsdiq olunduğunu və buna görə də istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlinin CM-nin 206.3.2-ci maddəsi ilə düzgün tövsif olunmadığı qənaətinə gəlib onun bu əməlinin CM-nin 32-ci maddəsinə istinad olunmaqla CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməklə ittiham olunmalı olduğunu və Təqsirləndirilən şəxs CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərə tutulmuş cinayətləri törətməkdə ittiham olunmasını müdafiə edərək onun həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalı olmasını bildirmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq dövlət ittihamçısının ittihamla bağlı mövqeyini əsaslı hesab edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CMnin 32-ci maddəsinə istinad edilməklə CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməklə o, CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərə tutulmuş cinayətləri törətməkdə təqsirli hesab edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2-cü maddəsi ilə istinad edilən əməllə bağlı müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hal ondan ibarətdir ki, o, tanışı “Aydın” adlı şəxslə əvvəlcədən razılaşmışlar ki, sonuncunun İrandan qaçaqmalçılıq yolu ilə keçirəcəyi narkotik vasitələri o, (Təqsirləndirilən şəxs) qəbul edib Azərbaycan Respublikasında realizə olunmasını təmin edəcəkdir. Həmin razılaşmadan sonra şəxsiyyəti məlum olmayan “Aydın” adlı şəxsin narkotik vasitələrin İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsi və qoyulduğu yer barədə məlumat verdikdən sonra o, (Təqsirləndirilən şəxs) həmin yerdən narkotik vasitələri götürməklə satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Azərbaycan Respublikası CM-nin 34.1 və 34.2-ci maddələrinə əsasən “Qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur”, “Qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur”. Qeyd olunan normaların müqayisəli təhlilindən görünür ki, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi cinayətin qrupa daxil olan şəxslər (ən azı iki nəfər) tərəfindən birlikdə icra edilməsindən ibarətdir. Bu cinayət-hüquqi normalar hazırki iş üzrə müəyyən edilmiş hallarla əlaqələndirildikdə görünür ki, şəxsin qaçaqmalçılıq cinayətini bir qrup şəxslə qabaqcadan əlbir olaraq törətməkdə (CM-nin 206.3.2-ci maddəsi ilə) təqsirləndirilməsi üçün onun qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri ən azından daha bir şəxslə birlikdə icra etməsi, yəni başqa şəxslə və yaxud şəxslərlə birgə qaçaqmalını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və yaxud kənar keçirməsi cinayətini qabaqcadan əlbir olan bir qrup şəxslə törətməkdə təqsirləndirilməsi üçün onun bu cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri ən azından daha bir şəxslə birlikdə icra etməsi, yəni başqa şəxslə və yaxud şəxslərlə birgə (digər şəxslərin iştirakçılığı ilə) törətməsi tələb olunur. Məhkəmə hesab edir ki, iş üzrə müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bu cinayətin digər bir nəfər şəxsin (şəxsiyyəti məlum olmayan “Aydın” adlı şəxsin) icrası ilə törədilməsində köməkçi qismində iştirak etmişdir. Həmçinin Təqsirləndirilən şəxs qəsdinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən (ən azı iki nəfər icraçısı olan) qaçaqmalçılığa kömək etməyə yönəldiyi müəyyən edilməmiş, bunu təsdiq edən sübutlar əldə olunmamış və işin faktiki hallarına görə isə narkotik vasitənin qaçaqmalçılığını bir nəfər icra etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah edilir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslanmaqla nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Hazırki iş üzrə müəyyən edilmişdir ki, şəxsiyyəti məlum olmayan bir nəfər şəxs tərəfindən narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına keçirilməsi təmin edilib bu maddənin qoyulduğu yer barədə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs həmin maddəni qoyulduğu yerdən götürmüş, yəni göstərilən halda narkotik vasitənin qaçaqmalçılığı yalnız bir nəfər şəxs tərəfindən icra etmişdir. Eyni zamanda müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsində bilavasitə iştirak etməmiş, lakin bu maddələri satış məqsədi ilə əldə edilməsi üçün şəxsiyyəti məlum olmayan şəxs tərəfindən həmin maddələrin qaçaqmalçılıq yolu ilə keçiriləcəyini əvvəlcədən bilmiş, həmçinin bu maddələrin İrandan qaçaqmalçılıq yolu ilə keçirildikdən sonra əldə edib, saxlayıb realizə olunmasını təmin edəcəyinə vəd verərək qaçaqmalçılıq cinayətində qabaqcadan vəd etməklə iştirak etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirak etdiyindən onun hərəkətləri CM-nin 32-ci maddəsinə istinad edilməklə CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası CM-nin cinayətlərin təsnifatına dair 15-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə törədilən əməllər az ağır, Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə törədilən əməllər isə ağır cinayət hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 32-ci maddəsinə istinad edilməklə CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 13 aprel 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Ağdam rayon İHB-nın Boyəhmədli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 13 may 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən edilir ki, məcburi köçkün Təqsirləndirilən şəxs Ağdam rayonunun Boyəhmədli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 82, mənzil 38-də yaşamış və yaşayış yeri üzrə müsbət (yaşadığı ərazidə ictimai işlərdə iştirak etmiş və həmin ərazidə yaşayan sakinlərin hörmətini qazanmışdır) xarakterizə olunur. İşdə olan, Boyəhmədli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 13 may 2022-ci il tarixli arayışla müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində uşaqları- 2000-ci il təvəllüdlü X6 və 2006-cı il təvəllüdlü X5 vardır. İşdə olan, 238792 №-li Məcburi köçkün vəsiqəsinin surəti ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs 1993-cü ildən Ağdam rayonundan məcburi köçkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məcburi köçkün olması CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəza həddində cəzalandırılması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyəti, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Habelə Təqsirləndirilən şəxs törətdiyi cinayətlərə görə CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilərək cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 13 aprel 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və DSX-nin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutlar otağında saxlanılan 1609,8 qram tiryək və 99,95 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-202 (iki yüz iki) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 32.5,206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilərək təyin olunmuş cəzaları qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 13 aprel 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutlar otağında saxlanılan 1609,8 qram narkotik vasitə olan asetilə edilmiş tiryək və 99,95 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-202 (iki yüz iki) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar