Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-226/2024 24.01.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər - Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1978-ci ildə Lənkəran rayonu Nərimanabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, 18 iyun 2021-ci ildə Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 08 iyul 2021-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, 02 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Lənkəran rayonu Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 iyul 2023-cü il tarixdə Lənkəran şəhərində məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, öz istifadəsi üçün külli miqdar hesab edilən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,291 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, həmin tarixdə saat 20 radələrində Lənkəran ŞRPŞ-nın Liman PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonu, Nərimanabad qəsəbəsində saxlanılaraq X2 gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibindən bir büküm 2,291 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 iyul 2023-cü il tarixdə səhər saatlarında Lənkəran rayonu Nərimanabad qəsəbəsində evində olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq X2 aparılmış, 14 iyul 2023-cü il tarixədək axşam saatlarına qədər bölmədə saxlanılmışdır. Evdən aparılarkən polis əməkdaşları onu oğurluqla bağlı apardıqlarını demişlər. Bölmədə polis əməkdaşları tərəfindən üzərinə az çəkidə, bir bükümdə narkotik qoyulmuş, ona təzyiq olunaraq polis əməkdaşları demişlər ki, əgər bu narkotikin özünün olduğunu etiraf etməsə onu daha çox çəkidə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına görə sənədləşdirəcəklər. Vurğun adlı polis əməkdaşı işi CM-nin 234.1-ci maddə ilə sənədləşdirəcəyini demiş, məcbur olub onunla razılaşmışdır. Polislərin hədəsindən qorxduğundan çəkiliş zamanı narkotiki öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, istintaq vaxtı müstəntiqə verdiyi ifadəsi onunla razılaşdırılmışdır. Saxlanılarkən əməliyyatçılar tərəfindən döyülmüş, lakin bədənində heç bir xəsarət olmamışdır. Saxlanılarkən üzərində narkotik olmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri elan olunmuş, o, həmin ifadələrində özünü CM-nin 234.1-1-ci maddəsilə təqsirli bilərək üzərində aşkar olunan bir büküm metamfetamini saxlanılmamışdan bir necə saat əvvəl-xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Lənkəran şəhəri, “Kiçik bazar” adlanan yerdən üzdən tanıdığı adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 30 manata aldığını, bükümü şalvarının sağ yan cibinə qoyduğunu, həmin günü saat 20 radələrində Lənkəran raoynu Nərimanabad qəsəbəsində küçədə polis əməkdaşları tərəfindən tutulub X2 aparıldığını, şəxsi axtarış zamanı şalvarının yan cibindən bir büküm metamfetamini çıxarıb təqdim edib şəxsi istifadəsi üçün üzərində saxladığını, saxlanılarkən polis əməkdaşları tərəfindən hər hansı bir təzyiqə məruz qalmadığını göstərmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə tədqiq olunmuş ekspertizanın rəyləri, istintaq hərəkətinin protokolları, cinayət işində olan digər sənədlərlə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Liman polis bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 15 iyul 2023-cü il tarixdə Lənkəran rayonu Nərimanabad qəsəbə sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmış, 15 iyul 2023-cü il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs Lənkəran rayonu Nərimanabad qəsəbəsində saxlanılaraq Liman PB-ə aparılmışdır. Müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, o, əynində olan şalvarın sağ yan cibindən 1 ədəd sellofan kəsiyi bükümünü çıxarıb təqdim edərək bildirmişdir ki, bükümdə metamfetamindir, Lənkərn şəhəri “Kiçik bazar” adlanan ərazidən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 manat almışdır. Həmin kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərinə heç kim tərəfindən psixotrop maddə qoyulmamış, ona qarşı zor tətbiq edilməmiş, Təqsirləndirilən şəxs ilk gündən bükümün özünə məxsus olduğunu etiraf etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin Liman PB-nin polis nəfərləri polis serjantı Şahid2 və Şahid3, Şahid1 ifadəsində göstərdiyi xüsusatlar üzrə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 16 iyul 2023-cü il tarixli, 19/733 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi: - 2,291 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 2828 N-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs anlaqlı hesab edilmiş, onun əməli CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, psixiki vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq olunmasına ehtiyac yoxdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 17 iyul 2023-cü il tarixli, 747 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan və protokola əlavə olunmuş DVD-R diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən bir bükümdə 2,66 qram psixotrop maddə metamfetamini çıxarıb təqdim etmiş və həmin psixotrop maddənin özünə məxsus olduğunu, istifadəsi üçün üzərində gəzdirdiyini göstərmişdir. İşdə olan əməliyyat tapşırığının cavabında göstərilmişdir ki, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Lənkəran rayonu Nərimanabad qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadə etməsi barədə əməliyyat məlumatları əldə edilmişdir. 26 oktyabr 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarın 7-ci bəndinə əsasən ekspertiza tədqiqatından sonra qalıq qalan 2,191 qram psixotrop maddə metamfetamin və «Şəxsi axtarış və götürmə» zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmışlar. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlillər gətirərək saxlanılan zaman üzərində heç bir psixotrop maddənin olmadığını, metamfetaminin üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, polis şöbəsində hədə-qorxuya və təzyiqlərə məruz qaldığı üçün məcbur olub qeyd olunan çəkidə metamfetaminin özünə məxsus olmasını yalandan etiraf etdiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi bu dəlillərə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması, üzərinə metamfetaminin polis əməkdaşları tərəfindən qoyulması ilə bağlı heç yerə şikayət etməmiş, ümumiyyətlə ifadələrində bu xüsusatla bağlı hər hansı bir fikir irəli sürməmişdir. Məhkəmədə tədqiq olunmuş videoçəkilişdən də görünür ki, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində olan bir büküm metamfetamini çıxarıb təqdim edərək özünə məxsus olduğunu səmimi etiraf edir, həmin maddənin polis əməkdaşları tərəfindən cibinə qoyulması, döyülməsi, hədə-qorxuya və ya təzyiqlərə məruz qalması ilə bağlı müdafiəçinin iştirakı ilə hər hansı bir dəlil irəli sürmür. Eyni zamanda, işdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 698 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərkən qapalı məhkəmə iclasında o, polis təzyiqlərə məruz qalaraq metamfetaminin üzərinə əməliyyatçılar tərəfindən qoyulduğunu göstərərək yalnız CM-nin 234.1-ci maddəsilə məhkəmə məsuliyyətinə veriləcəyi ona bildirilmişdir. Həmin fakt üzrə Lənkəran rayon prokurorluğunda araşdırma aparılmış, Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən psixi-fiziki təzyiqlərə məruz qalması və üzərinə psixotrop maddənin qoyulması təsdiq olunmadığı üçün prokurorluğun 26 oktyabr 2023-cü il tarixli qərarı ilə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Odur ki, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi etirafedici ifadələrin məhz fiziki zorakılıq və hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Habelə, Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşları tərəfindən metamfetaminin qoyulması ilə bağlı göstərdiyi xüsusat ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri ilə yanaşı videoçəkilişlə aparılan üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinin protokolu, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla təkzib olunur. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin məhkəmədə tədqiq edilmiş ibtidai araşdırma dövründə öz xətti ilə yazdığı etirafedici izahatı, habelə verdiyi ifadələri ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə yuxarıda qeyd olunan verdiyi etirafedici ifadələrini, habelə şahidlərin ifadələrini, eskpertizanın rəylərini, “şəxsi axtarış və götürmə aparılması” haqqında protokolu, əməlini etiraf etməsinə dair videoçəkilişləri və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan metamfetamin psixotrop maddədir. Metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunun külli miqdarda psixotrop maddə metamfetamini satış ilə deyil, şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə edib üzərində saxlamış və daşımışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Buna görə də, ona həmin maddədə qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmaldır. İşdə olan məhkumluq haqqında tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs 09 iyul 1998-ci il tarixdə Qazax Qarnizonu Hərbi Məhkəməsinin hökmü ilə CM-nin 241-ci maddəsinin ”V” (köhnə redaksiyada) bəndi ilə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1997-ci il tarixli amnistiya qərarına əsasən azad edilmişdir. Bundan sonra o, xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Nizami rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan sonra o, xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan sonra o, xx.xx.2021-ci il tarixdə Lənkəran rayon Məhkəməsinin hökmü ilə CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Binəqədi rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılıb, 02 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İlkin Qasmıovun məhkumluğu hazırda ödənilməmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhrum olunmuş şəxs yenidən qəsdən cinayətin törətdilməsi cinayətin residivi sayılır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Hazırki iş üzrə əvvəllər az ağır cinayət əməli törətdiyinə görə məhkum olunmuş Təqsirləndirilən şəxs iki il keçmədən, məhkumluğu qanunla müəyyən edilmiş qaydada götürülmədiyindən və ya ödənilmədiyindən onun qəsdən CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayətlərin residivini yaradır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə qənaətbəxş xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. İşdə olan 15 iyul 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 17 iyul 2023-cü il tarixdə CM-nin 234.1-1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Lənkəran Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 15 iyul 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.1-1-ci maddəsi “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin maddənin sanksiyasında iç ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hallar əhalinin sağlamlığına ciddi zərər vurur. Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişdir. CM-nin 65.2-ci (residivə görə cəzanın təyin olunması) maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası onun təqsirləndirildiyi CM-nin 234.1-1-ci maddəsinin son həddinin, yəni 8 ilin yarısından az ola bilməz. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsilə təqsirli bilinib ona 4 ildən az olmayaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin olunmuş cəza çəkilməlidir. CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. CPM-nin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 15 iyul 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Lənkəran ŞRPŞ-də saxlanılan 2,191 qram qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 65 manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1. və 99-1.1.2. maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1).Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344–349, 351–353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 15 iyul 2023-cü ildən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Lənkəran ŞRPŞ-də saxlanılan 2,191 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Müşfiq Məmmədov Cavid Səfərli Cəlil Nəbiyev
Məhkəmə qərarları › İş №1(099)-226/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-226/2024
24.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver