Məhkəmə qərarları › İş №1(099)-227/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-227/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-227/2024 06.03.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: - Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi- Əmirli Hüseyn Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Astara rayonu, Çuvaş kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Astara rayonu, Çuvaş kəndində qeydiyyatda olmaqla yaşamış, Astara Rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 11 oktyabr 2023-cü il tarixli qərarı ilə barəsində təhlükəsizlik tədbiri qismində xüsusi tibb müəssisəsinə (psixi stasionara) yerləşdirmə təhlükəsizlik tədbiri tətbiq olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 120.2.4 və 120.2.9-cu maddələrində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat materialına Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs “Space” TV-də yayımlanan “Gəl, Danış” verilişində iştirak etmək üçün bir neçə dəfə ailə üzvlərinin icazəsi olmadan Bakı şəhərinə gedərək həmin verilişdə iştirak etdiyinə görə atası X2 mübahisə edib onu dəfələrlə təhqir etməsi səbəbindən Qubad Əliyevi qəsdən öldürmək qərarına gələrək niyyətini həyata keçirmək üçün xx.xx.2023-cü il tarixdə saat 10 radələrində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmayaraq, yəni anlaqsız vəziyyətdə ailə üzvləri ilə birgə yaşadığı Astara rayonu Çuvaş kəndində yerləşən fərdi yaşayış evinin mətbəxindən götürdüyü tiyəsi bozumtul-gümüşü, dəstəyi isə gümüşü rəngli kəsici-deşici xassəyə malik soyuq silah hesab edilməyən məişət təyinatlı bıçaqla evin ikinci otağında giriş qapısı ilə üzbəüz çarpayıda yatmış vəziyyətdə, yəni onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olub, hər hansı bir müqavimət göstərmək iqtidarında olmayan atası Qubad Əliyevi qəsdən öldürmək məqsədilə sonuncunun bədəninə çoxsaylı bıçaq zərbələri vurub müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, sonuncuya xüsusi ağrılar, əzab və işgəncə verdiyini dərk edərək və bunu arzu edərək, yəni xüsusi amansızlıqla Qubad Əliyevə ölümünə səbəb olmaqla dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin sol yarısından daxilinə keçən ürəyi, sol ağciyəri zədələyən, güclü daxili və xarici qanaxma ilə müşayiət olunan döşün 1 ədəd kəsilmiş-deşilmiş yarası, eləcə də sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid döş qəfəsi, boyun, alt çənə, çənəaltı, sağ kürəküstü, sağ körpücük, sağ körpücük oynağı, ənsə, onurğa sütununun döş şöbəsi, sol qoltuqaltı, sağ bazu oynağı, sol said, sağ diz qapağı nahiyələrində kəsilmiş-deşilmiş (kəsilmiş) yaralar xəsarətləri və sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən alın, sağ said, sağ baldır nahiyələrində sıyrıqlar kimi xəsarətlər yetirərək, anlaqsız vəziyyətdə onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan Qubad Əliyevi xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə baxışında dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs ona istinad olunan əməl üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, atasını avqust ayında vurmuş, buna görə də etdiyi əməlindən çox peşmandır. Həmin hadisə vaxtı atası evdə olmuş və o, evdə olan bıçaqla atasını vurmuşdur. Bu hadisə təxminən saat 09 radələrində olmuşdur. Həmin vaxt atası çarpayıda yatmış vəziyyətdə olmuş, evdə də heç kim olmamışdır. O, mətbəxdən bıçağı götürüb bir dəfə atasına vurmuş, daha sonra vurduğu zərbələrin sayı yadında qalmamışdır. Atasına bıçaqla vurduqdan sonra ayılmış, ayağa dursa da yerə yıxılmışdır. Lakin özünün sonrakı hərəkətləri yadında deyil. Hadisədən sonra DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək qardaşı Rəşadın atasını vurduğunu bildirmişdir. Rəşad atası ilə çox vaxt dalaşdığı üçün polisə bu hadisənin Rəşad tərəfindən törədildiyini bildirmişdir. Həmin hadisə vaxtı atasına heç kim köməyə gəlməmiş, özü evdə olmuşdur. Həmin vaxt atası dəhlizdə uzanıqlı vəziyyətdə qalmış, özü iə evin içinə girmişdir. Az sonra evə polislər və qonşular gəlmişlər. Hadisədən 15 gün qabaq atasının onun burnundan vurduğu üçün burnundan qan açılmışdır, atası onu öldürmək istədiyindən o, atasını öldürmüşdür. Əməlindən çox peşmandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkdiyi üçün müxtəlif tarixlərdə müxtəlif xəstəxanalarda uzunmüddətli stasionar müalicə almış, 2022-ci ilin sonlarında isə yaşadığı evə qayıdıb onlarla birlikdə yaşamağa başlamışdır. Ruhəngiz xəstə olduğuna görə televiziyaya çıxıb onları rüsvay etmiş, Rəşad da atasına televiziyaya çıxması üçün Ruhəngizə pul verməməsini bildirmişdir. Buna görə də, Ruhəngizin Rəşaddan xoşu gəlməmiş və təxminən hadisədən 5-6 ay əvvəl Rəşada onların yaşadığı evə gəlməməsini bildirmişdir. Ruhəngiz 2023-cü ilin əvvəlindən etibarən müxtəlif tarixlərdə Bakı şəhərinə gedərək “Space” TV-də yayımlanan “Gəl Danış” adlı verilişdə iştirak etməyə başlamışdır. Kənddə rüsvay olduqları üçün Ruhəngizin televiziya kanalında iştirak etməsini istəməsələr də, Ruhəngiz bəzən onlardan icazəsiz Bakı şəhərinə getmişdir. Bundan başqa, X3 sevmiş və fürsət olduqca onunla görüşmüşdür. Qubad da, bəzən Ruhəngizlə İlhamla görüşüdüyünə, icazəsiz Bakı şəhərinə getdiyinə və verilişə çıxıb onları rüsvay etdiyinə görə Ruhəngizlə mübahisə etmişdir. Buna görə də, Ruhəngiz Qubadı öldürmüşdür. xx.xx.2023-cü il tarixdə, saat 05 radələrində yuxudan oyanmış və evdə təsərrüfat işləri görməyə başlamışdır. Həmin vaxt Qubad yuxudan oyanıb yataq otağına gəlmiş və çarpayısında yatmışdır. Saat 10 radələrində Qubadın yanına gəlib, qonşunun evinə gedib-gələcəyini bildirmiş, sonuncu da onun səsinə ayılaraq getməsinə razılıq verib yatmışdır. Evdən çıxanda Qubad eyvanın girişindən solda yerləşən ikinci otaqda giriş qapısı ilə üzbəüz olan çarpayıda, Ruhəngiz isə öz otağında yatmış və saat 10:00 olmuşdur. Qonşusu Peyman əməliyyat olunduğuna görə sonuncunu ziyarət etməyə getmiş, saat 11:30 radələrində evə qayıdanda həyətdə polis əməkdaşlarının olduğunu görmüş və əri Qubadın bıçaqlanıb qətlə yetirildiyini öyrənmişdir. Qubadı Ruhəngiz qətlə yetirmişdir. Ruhəngiz hər gün kibritlə fala baxıb onlara müxtəlif yalanlar danışmışdır. Həmçinin, Ruhəngiz psixiatriya xəstəxanalarında müalicə aldığı dövrlərdə onlarla tez-tez mübahisə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə yaşadığı evdə olmuş, səhər saat 8-9 radələrində Rəşadı evindən təxminən 100 metr məsafədə yerləşən meşədən evinə odun gətirərkən görmüşdür. Rəşadın odun gətirdiyi yer həyətinə yaxındır. Sonra Astara rayon İcra Hakimiyyəti başçısının kənddə keçirilən qəbulunda olmuş, həmin vaxt icra nümayəndəsi ona Qubadın öldürülməsi barədə məlumat vermişdir. Daha sonra polis əməkdaşlarının gəldiyini öyrənmiş və əmisi Qubadın həyətinə gəlmişdir. Orada polis əməkdaşları ondan Rəşadın harada yaşadığını soruşmuş, o, da, polislərlə birlikdə Rəşadın evinə getmişdir. Onlar çatanda Rəşad evdə olmamış, meşədən odun gətirmiş və bacısı Təranə gedib Rəşadı çağırmışdır. Rəşad gəldikdən sonra polislər Rəşaddan baş vermiş hadisə barədə xəbəri olub-olmadığını soruşmuş, Rəşad da heç bir hadisə barəsində xəbəri olmadığını bildirmişdir. Həmin vaxt o, polislərə Rəşadın səhər saatlarından etibarən meşəyə gedibgəldiyini, atasının evinə getmədiyi üçün baş vermiş hadisədən xəbəri olmadığını bildirmişdir. Bundan sonra polislər X8 bıçaq xəsarətləri yetirilərək öldürüldüyünü bildirmiş və onlar birlikdə Qubad Əliyevin yaşadığı evə getmişlər. Rəşadla Qubad arasında heç bir ədavət olmamışdır. Çünki, Ruhəngiz səhhətində olan psixi xəstəliklərdən dolayı Rəşadı yaşadığı evə buraxmamış, həmçinin Rəşad hadisə günü, yəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında meşədən odun gətirdiyi üçün atasının yaşadığı evə getməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 01 avqust 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə cinayət işinin başlanmasına səbəb və əsas Astara rayonu, Çuvaş kənd sakini xx.xx.1952-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə yaşadığı evdə qəsdən öldürülməsi faktı və həmin faktla əlaqədar toplanmış ilkin materiallar olmuşdur. (cild 1, i.v. 1-8) -«hadisə yerinə baxış keçirilməsi haqqında» 01 avqust 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Astara rayon Çuvaş kəndində yerləşən X5 məxsus ikimərtəbəli fərdi yaşayış evidir. Taxta pilləkənlər vasitəsilə ikinci mərtəbəyə çıxdıqda eyvanın ortasında üzü üstə yerə uzadılmış vəziyyətdə kişi cinsli insan meyiti aşkar olunmuşdur. Baxış zamanı həmin şəxsin X6 olduğu müəyyən edilmiş və sonuncunun bədəni üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərin olduğu aşkar edilmişdir. Qubad Əliyevin meyitinin yanında üzərində qanabənzər ləkələr olan 01 ədəd boz rəngli bıçaq aşkar olunmuşdur. Bund san başqa, eyvanda müxtəlif yerlərdə çoxsaylı qanabənzər ləkələr aşkar olunmuşdur. Dəhlizdən içəri daxil olduqda sol tərəfdən birinci otaq mətbəxdir. Mətbəxin giriş qapısı və döşəməsi üzərində qanabənzər ləkələr müşahidə edilmişdir. Dəhlizin girişində solda yerləşən ikinci otaq yataq otağıdır. Həmin otağın mərhum Qubad Əliyev və arvadı X1 yataq otağı olduğu müəyyən edilmişdir. Yataq otağının girişindəki qapının, döşəmənin, müxtəlif məişət əşyalarının və hadisə vaxtı çarpayının üstündə olmuş mələfənin üzərində qanabənzər ləkələr müşahidə edilmişdir. Baxış keçirilərkən Qubad Əliyevin hadisə vaxtı həmin otaqda giriş qapısı ilə üzbəüz olan çarpayıda yatmış vəziyyətdə olduğu müəyyən edilmişdir. Həmçinin, evin zirzəmisinə baxış keçirilmişdir. Zirzəmiyə baxış keçirilən zaman eyvanda döşmənin üzərində və Qubad Əliyevin meyitinin yanında olan qanabənzər ləkələrin taxtların arasından maye formasında axaraq birinci mətəbədə yerləşən zirzəmidəki torpağın və 01 ədəd əlcəyin üzərinə tökülməsi müşahidə edilmişdir. (cild 1, i.v. 9-21) -«meyitə baxış keçirilməsi haqqında» 01 avqust 2023-cü il tarixli protokoldan görünür ki, meyitin bədəni üzərində sağ yanaq (ord) nahiyəsində 2,0x0,3 sm, sağ alt çənə bucağı nahiyəsində 1,0x0,6 sm, sağ bazunun yuxarı 1/3-nin tış səthində 2,0x0,6 sm, sağ bazunun yuxarı 1/3-nin arxa səthində 1,2x0,5 sm, sağ bazunun orta 1/3-nin ön səthində 0,5x0,2 sm, sağ bazunun aşağı 1/3-nin ön səthində 1,2x0,5 sm, sağ saidin yuxarı 1/3-nin ön səthində 1,2x0,5 sm, sağ saidin orta 1/3-nin arxa səthində 1,5x0,6 sm, sol bazunun yuxarı 1/3-nin ön səthində 5,0x2,0 sm, sol bazunun yuxarı 1/3-nin arxa səthində 2,2x0,4 sm, sol bazunun yuxarı 1/3-nin arxa səthində 1,2x0,3 sm, döş qəfəsinin orta 1/3-nin sol arxa-tış səthində 1,5x0,5 sm, döş qəfəsinin orta 1/3-nin ön səthində 0,8x0,3 sm, döş qəfəsinin orta 1/3-nin sol ön səthində 2,0x0,6 sm, döş qəfəsinin yuxarı 1/3- nin sol ön səthində 2,2x0,6 sm, döş qəfəsinin yuxarı 1/3-nin sol ön səthində 2,2x0,6 sm, döş qəfəsinin orta 1/3-nin sol bir qədər iç səthində 1,8x0,4 sm, qarının aşağı 1/3-nin sol tış səthində 1,3x0,2 sm ölçülərdə kənarları hamar, qurtaran ucları iti, qanaxmalı, daxilə keçməyən, kəsilmiş yaralar, döş qəfəsinin orta 1/3-nin sol tış səthində qoltuqaltı nahiyədə 2,3x0,6 sm, döş qəfəsinin yuxarı 1/3-nin sol ön səthində 2,2x0,6 sm, döş qəfəsinin orta 1/3-nin arxa iç səthində 2,0x0,6 sm ölçülərdə kənarları hamar, qurtaran ucları iti, mənfəzi açıq, mənfəzindən qan axıntısı müşahidə olunan daxilə nüfuz etmiş, kəsilmiş-deşilmiş yara xəsarətləri aşkar edilmiş, başqa xəsarət aşkar edilməmişdir. (cild 1, i.v. 25-34) -«şübhəli şəxsin tutulması haqqında» 02 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsinə şübhə etməyə kifayət qədər əsaslar olduğundan 02 avqust 2023-cü ildə saat 15:55-də şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, i.v. 66-67) -«şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» 02 avqust 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs ifadəsi yoxlanılmış, istintaq hərəkəti zamanı da sonuncu törətdiyi cinayət əməlini etiraf etmiş və törətdiyi cinayətə dair ifadəsindəki xüsusatları yerində göstərmişdir. (cild 1, i.v. 84-86) -«təqdim edilmiş əşyalara baxış keçirmə və götürmə haqqında» 02 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli məxməri xalat üzərində zədə aşkar olunmuş və qanabənzər ləkələr müşahidə edilmişdir. 01 ədəd göy rəngli şalvar üzərində hər hansı bir zədə aşkar olunmamış, lakin qanabənzər ləkələr müşahidə edilmişdir. (cild 1, i.v. 87-89; 117-120) -«əşyalara baxış keçirmə haqqında» 03 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Qubad Əliyevin meyitindən götürülmüş, hadisə zamanı sonuncunun əynində olan 01 ədəd bej rəngli köynək və 01 ədəd qara rəngli şalvar üzərində zədələr aşkar olunmuş və qanabənzər ləkələr müşahidə edilmişdir. 01 ədəd naxışlı, qara rəngli bel kəməri və 01 ədəd ağ-boz rəngli tuman üzərində hər hansı bir zədə aşkar olunmamış, lakin qanabənzər ləkələr müşahidə edilmişdir. (cild 1, i.v. 121-125) -«əşyaya baxış keçirmə haqqında» 03 avqust 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı hadisənin baş verdiyi yerdə aşkar edilərək götürülən və cinayətin aləti olan 01 ədəd bıçağın üzərində işlənmə izləri və qanabənzər ləkələr müşahidə edilmişdir. (cild 1, i.v. 125-126) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 03 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və Astara Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 4(018)-83/2023 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, i.v. 134-135; 166-170) -«məhkəmə-tibb ekspertizasının» xx.xx.2023-cü il tarixli, 256 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində - sol bazu , hər iki baldır nahiyyələrində qançırlar aşkar edilmişdir.Qeyd edilən xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, müxtəlif şəraitdə bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən 5-7 gün əvvələ uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcələri təyin edilmir. (cild 1, i.v. 154-155) -«zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında» 07 avqust 2023-cü il tarixli qərardan görünür ki, X4 iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. (cild 1, i.v.184) -«Astara Rayon Mərkəzi Xəstəxanası» X9 05 avqust 2023-cü il tarixli 3811 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Poliklinika şöbəsinin ruhi-əsəb kabinetində “Yüngül əqli gerilik” diaqnozu ilə dispanser qeydiyyatda durur. (cild 1, i.v. 200) - “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, 10240 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həmin xəstəxanada stasionar qaydada müalicə edilmiş və sonuncuya “Yüngül dərəcəli əqli gerilik, darvanış pozuntuları ilə” diaqnozu təyin edilmişdir. (cild 1, i.v. 204-255) -Lənkəran şəhər Psixiatriya Xəstəxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli, 559 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən “Rekurent affektiv pozunutu, remissiya vəziyyətində” diaqnozu ilə həmin xəstəxanada qeydiyyatdadır. (cild 2, i.v. 5-17) - Salyan Rayonlararası Psixiatriya Xəstəxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli, 220 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək; xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək “Bipolyar affektiv pozğunluq, psixotik simptomlarla müşahidə olunan ağır dərəcəli depressiv epizod, suisid cəhdlərlə” diaqnozu ilə həmin xəstəxanada stasionar müalicə olunmuşdur. (cild 2, i.v. 29-46) -«məhkəmə-tibbi ekspertizası»nın 21 avqust 2023-cü il tarixli, 7 nömrəli rəyindən görünür ki, X2 ölümü zorakıdır, ölüm döş qəfəsinin sol yarısından daxilinə keçən ürəyi, sol ağciyəri zədələyən, güclü daxili və xarici qanaxma ilə müşayət olunan döşün 1 ədəd kəsilmiş-deşilmiş yarasından baş vermişdir. Qeyd olunan xəsarətlər həyati olub, döş qəfəsinə nüfuz edən kəsilmiş-deşilmiş yaranın onun ölümü ilə birbaşa səbəbli əlaqəsi vardır. Q.C.Əliyevin ölümü ilkin meyit əlamətlərinə görə meyitin məhkəmə-tibbi müayinəsindən 4-8 saat əvvəl baş vermişdir. Mərhum: X2 bədənində - döş qəfəsinin sol yarısının ön divarını dəlib keçən, döş boşluğuna nüfuz edən, ürək, sol ağ ciyəri zədələyən güclü xarici və daxili qanaxma ilə müşaiyət olunan 1 ədəd kəsilmiş-deşilmiş yara, boyun (1 ədəd), alt çənə (2 ədəd), çənəaltı (1 ədəd), sağ kürəküstü (1 ədəd), sağ körpücük (1 ədəd), sağ körpücük oynağı (1 ədəd), ənsə (1 ədəd), onurğa sütununun döş şöbəsi (1 ədəd), döş qəfəsi (5 ədəd), sol qoltuqaltı (1 ədəd), sağ bazu oynağı (3 ədəd), sol said (5 ədəd), sağ diz qapağı (1 ədəd) nahiyələrində kəsilmiş-deşilmiş yaralar, alın, sağ said, sağ baldırın nahiyələrində sıyrıqlar aşkar edilmişdir. Aşkar edilmiş xəsarətlər həyatı olub, onlardan döş qəfəsi, boyun, alt çənə, çənəaltı, sağ kürəküstü, sağ körpücük, sağ körpücük oynağı, ənsə, onurğa sütununun döş şöbəsi, sol qoltuqaltı, sağ bazu oynağı, sol said, sağ diz qapağı nahiyələrində kəsilmiş-deşilmiş yaralar kəsici- deşici əşyanın (əşyaların) təsirindən, digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni ekspertizaya təqdim edilmiş bıçaqla kəsilmiş-deşilmiş (kəsilmiş) xəsarətlərin aşkar olunan nahiyələrinə vurma nəticəsində əmələ gələ bilərdi, digər xəsarətlər isə qarşılıqlı mübarizə zamanı yarana bilər, xəsarətlərin yaranma müddəti meyitin müayinəsindən bir neçə saat əvvələ uyğun gəlir və hər bir xəsarət ayrı-ayrılıqda canlı şəxslərdə dərəcəsinə görə ürək, sol ağciyəri zədələyən, güclü daxili və xarici qanaxma ilə müşaiyət olunan döş qəfəsin 1 ədəd kəsilmiş-deşilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya, döş qəfəsi, boyun, alt çənə, çənəaltı, sağ kürəküstü, sağ körpücük, sağ körpücük oynağı, ənsə, onurğa sütununun döş şöbəsi, sol qoltuqaltı, sağ bazu oynağı, sol said, sağ diz qapağı nahiyələrində kəsilmiş-deşilmiş (kəsilmiş) yaralar sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamığa yüngül zərər vurmaya digər xəsarətlər isə sağlmalığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməyən xəsarətlər kimi qiymətləndirilir. Qubad Əliyevin qanında məhkəmə-kimya tədqiqatı zamanı narkotik, alkoqol, psixatrop və güclü təsiredici maddələr aşkar edilməmişdir. Qubad Əliyevin düz bağırsağının arxa keçəcəyi ətrafında zorlamaya və digər növ seksual xarakterli aşkar edilməmişdir. (cild 2, i.v. 86-92) - Ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2338 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs barəsində istintaq tərəfindən qoyulmuş suallara ambulator şəraitdə cavab vermək mümkün olmamış, sonuncunun psixiatrik müayinəsini stasionar şəraitdə davam etdirmək və ekspertlər qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə onun stasionar məhkəmə-psixiatrik ekspertizası şöbəsinə göndərilməsi zəruri olmuşdur. (cild 2, i.v. 93-96) -«məhkəmə-tibbi-bioloji ekspertizasının» 03 aprel 2023-cü il tarixli, 144/2023-MTBŞ nömrəli rəyindən görünür ki, xx.xx.2023-cü il tarixli, 540/2023-MTBŞ saylı rəyində göstərilmişdir ki, X2 ABO sistemi üzrə qan qrupu- Oalfa,beta(İ); Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən onun qan qrupu-A(İİ); Şahid1 təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən onun qan qrupu-AB(İV). Ekspertizaya təqdim olunan 04 ədəd çubuqlu pambıq tampon, 01 ədəd bıçaq, 01 ədəd süfrə, 01 ədəd əlcək, Q.C.Əliyevə məxsus trusik, köynək, şalvar, kəmər, Təqsirləndirilən şəxs məxsus ev şalvarı və xalat üzərində insan qanı aşkar olundu.Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «H» antigeni, əksər ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri alındı.Bu qan ləkələri Oalfabeta/İ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş X5 aid ola bilər. Tədqiqata təqdim olunan Şahid1 məxsus şalvar və köynək üzərində qana şübhəli ləkələr aşkar olunmadı. (cild 2, i.v. 131-137) - məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 380-2023/MTKŞ saylı rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş və mərhum X5 məxsus bir ədəd şalvarın sağ ayaqlığının ön səthinin orta hissəsində, dizlik nahiyəsində 01 (bir) ədəd və bir ədəd köynəyin ön səthinin sol yarısının orta hissəsində 02 (iki) ədəd, ön səthinin sağ yarısının orta hissəsində 01 (bir) ədəd, ön səthinin sağ yarısının yuxarı hissəsində 02 (iki) ədəd, sağ qolunun üst hissəsində 04 (dörd) ədəd və sağ qolunun arxa səthində 01 (bir) ədəd (cəmi 10 (on) ədəd) deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici- kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş və mərhum X5 məxsus köynəyin ön səthinin sağ yarısının yuxarı hissəsində bir ədəd kənari kəsilmiş zədə vardır. Bu zədə iti kənara malik olan hər hansı bir alətin (əşyanın/predmetin) kəsici kənarının təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş və mərhum X5 məxsus şalvarın arxa səthinin yuxarı hissəsinin orta nahiyəsində küt yaranma mexanizminə malik və şalvarın müvafiq nahiyəsinin kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterik 02 (iki) ədəd sökülmə zədələri vardır. Bu zədələrin müxtəlif şəraitlərdə, o cümlədən qarşılıqlı dalaşma, əlbəyaxa olma, müqavimət göstərmə və dartma nəticəsində əmələ gələ bilmələri istisna olunmur. Ekspertizaya təqdim edilmiş və mərhum X5 məxsus bir ədəd kəmərin və bir ədəd tumanın üzərində əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş və Təqsirləndirilən şəxs məxsus bir ədəd xalatın ön səthinin sağ yarısının aşağı hissəsində 02 (iki) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim olunmuş və Təqsirləndirilən şəxs qızma məxsus bir ədəd şalvarın üzərində əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş və Şahid1 məxsus bir ədəd köynəyin və bir ədəd şalvarın üzərində əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Tədqiqata təqdim edilmiş bıçağın tiyəsi deformasiyaya uğradığı, yəni tiyənin ucu küt mexanizmlə qarşılıqlı təsirdən sındığı üçün bıçaqla eksperimental zədələr yetirilməsi, bu səbəbdən də, mərhum X6 və Təqsirləndirilən şəxs məxsus geyim əşyaları üzərində olan deşilmiş-kəsilmiş və kənari kəsilmiş zədələrin tədqiqata təqdim edilmiş bıçağın təsirindən əmələ gəlib-gəlməməsi barədə fikir söyləmək mümkün deyildir. Heç bir elmimetodiki əsaslar olmadığına görə, mərhum X6 və Təqsirləndirilən şəxs məxsus geyim əşyaları üzərində aşkar olunmuş zədələrin əmələ gəlmə müddətləri barədə fikir söyləmək qeyri-mümkündür. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu, ilə hazırlanmış deşicikəsici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. (cild 2, i.v. 138-148) - Kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 131 saylı ekspert rəyinin məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissəsinə əsasən Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən «Yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə» formasında kəmağıllıqdan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs da, aşkarlanan əqli gerilik yüngül dərəcəli olmaqla intellektin ümumi səviyyəsini müəyyən edən və inkişaf prosesində meydana çıxan vərdişlərin zəifləməsi ilə xarakterizə olunur. Qeyd olunan psixi patologiya uşaqlıqdan yaranan və ömrü boyu davam edən əqli inkişaf geriliyi və şəxsin yetkin dövründə belə müxtəlif yardım növlərinə möhtac olması, çox vaxt yanaşı gedən davranış pozuntularının olması ilə səciyyələnən bir patologiyadır. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman yüngül dərəcəli əqli gerilikdən əziyyət çəkmiş, həmin pozuntu qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə təzahür etmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən əziyyət çəkdiyi «Yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə» formasında kəmağıllıq nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə münasibətdə anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinə tənqidi münasibəti formalaşmadığından həmin şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi yüngül dərəcəli əqli gerilik hal-hazırda da kəskin təzahür etdiyi və davranış pozuntusu nəzərəçarpacaq dərəcədə özünü göstərdiyi üçün onun stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırda özü və ətrafdakılar üçün ciddi sosial təhlükə kəsb edir. Azərbaycan Respublikası CM-nin 97.3-cü maddəsinə əsasən öz psixi vəziyyətinə görə daimi müşahidə tələb edən şəxslərə xüsusi ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyəti daimi müşahidə tələb etdiyindən onun barəsində Azərbaycan Respublikası CM-nin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs hal-hazırkı psixi durumu onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Belə ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini və iş üçün əhəmiyyət kəsb edən halları, etdiyi hərəkətləri düzgün qavramaq və təsvir etmək, hərəkətlərinin məsuliyyətini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək, həmçinin öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onları lazımi səviyyədə yerinə yetirmək, digər məhkəmə-istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malik deyildir. Kompleks stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 131 saylı rəyinin məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissəsinə əsasən Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərini tədqiq edərkənmühakimələrində səthilik, təsəvvürünün kasad olması, ixtiyari yadda saxlamasının normaya uyğun olmaması, mexaniki yaddasaxlamasının üstünlük təşkil etdiyi, qavrama və mənimsəmə proseslərində zəiflik, təfəkkürünün konkretliyi, ümumiləşdirmə, analizetmə və proqnozlaşdırma funksiyalarının zəif çıxış etməsi, tənqidi münasibətinin çatışmazlığı, diqqətinin həcminin normadan aşağı olması (dayanıqsızlıq, tez yayınıb gec mərkəzləşməsi, həcminin məhdud olması), əsas məzmunu dərk edə bilməməsi, məlumatlar təhrif edərək çatdırması, mücərrəd anlayışları dərk edib izah edə bilməməsi, maraq dairəsində bəsitlik, dünyagörüşünün və elmi biliklərinin kasad olması aşkar olunmaqla əqli- intellektual inkişafında yüngül dərəcəli gerilik, həmçinin emosional sferada emosiyalarının kasadlığı - empatiya və məsuliyyət hissinin inkişaf etməməsi; davranışında - özünü tənzimləmənin çatışmazlığı, konfliktli olması, xaotik hərəkətlərə meyllilik, adekvatlığın təcəssüm olunmaması; xarakterində səthilik, yalan danışmağa və özündən uydurmağa meyllilik müəyyən edilir. Təqsirləndirilən şəxs onda müəyyən edilən əqliintellektual imkanlarının inkişafdan qalması, həmçinin emosional-iradi sferasında, davranışında olan pozuntu ilə əlaqədar öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmamışdır. Təqsirləndirilən şəxs hadisə zamanı psixi- emosional vəziyyətində aqressiya yaranmış, həmin halın yaranması onda müəyyən edilən əqli-inkişafdan geri qalma, emosional-iradi sferasında, davranışında olan pozuntu ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs baş vermiş hadisəni törədərkən fizioloji affekt halında olmamışdır. (cild 2, i.v. 149-157) - 09 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Astara Rayon Prokurorluğunda «anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə» icraat başlanmışdır.(cild İİ, i.v.158-160) - 09 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə iş üzrə icraatda iştirak edə bilməməsi haqqında protokol tərtib edilmiş, həmin protokol Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məsələyə baxılması üçün Astara rayon Məhkəməsinə göndərilmişdir. (cild 2, i.v. 162-163; 164-166) -Astara Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü tarixli, 4(018)-94/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri təhlükəsizlik tədbiri qismində xüsusi tibb müəssisəsinə (psixiatrik stasionara), yəni Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” PHŞ-yə yerləşdirmə ilə əvəz olunmuşdur.(cild İİ, i.v.175-176) - Astara Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü tarixli, 7(018)-55/2023 nömrəli qərarından görünür ki, Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-cü maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. (cild İİ, i.v.179-181) -«anlaqsız vəziyyətdə cinayət qanunu ilə nəzərdə tuitulmuş əməlin törədilməsi istinad edilən şəxsə qanuni nümayəndə təyin edilməsi haqqında» 17 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Qanuni nümayəndə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınmışdır.(cild İİ, i.v.184-187) - “sübutların qiymətləndirilməsi haqqında” 26 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlinin CM-in 120.1-ci maddəsindən həmin Məcəllənin 120.2.4 və 120.9-cu maddələrinə tövsif edilməsi, sonuncuya ittiham elkan edilməsi mümkün olmadığından həmin qərarla müdafiəçisi və qanuni nümayəndəsinin iştirakı ilə tanış edilməsi, elcə də iş üzrə əhəmiyyət kəsb edən predmetlərin maddi sübut kimi tanınması qərara alınmışdır. (cild İİ, i.v.205-223) - 27 oktaybr 2023-cü il tarixli qərardan görünür ki, anlaqsız vəziyyətdə cinayət törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişiklik edilərək barəsində həmin Məcəllənin 120.2.4 və 120.9-cu maddələrində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsinin izah edilməsi və həmin qərarın müdafiəçisinin və qanuni nümayəndəsinin iştirakı ilə elan edilməsi haqqında qərar qəbul edilmişdır. (cild İİ, i.v.224-225) Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, məhkəmədə mübahisəsiz surətdə obyektiv olaraq təsdiq edilmişdir ki, cinayəti anlaqsız vəziyyətdə törətməklə Təqsirləndirilən şəxs hazırkı qərarın yuxarı hissəsində qeyd ediən əməli törətmişdir. Məhkəmə baxışı zamanı aşkar surətdə köməksiz vəziyyətdə olan Qubad Əliyevi xüsusi amansızlıqla qəsdən öldürməklə, yəni qəsdən həyatdan məhrum etməklə Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələrində nəzərdə tutulan cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi, Təqsirləndirilən şəxs cinayəti anlaqsız vəziyyətdə törətməsi və məhkəmə baxışı zamanı da anlaqsız vəziyyətdə olması, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac olduğu öz təsdiqini tapmışdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunammışdır. (cild 2, i.v 77; 116-117) - Astara rayonu İcra Hakimiyyəti Başçısının Siyaku kənd İƏD-i üzrə nümayəndəliyindən verilmiş 14 avqust 2023-cü il tarixli, 1907 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anası, qardaşı, gəlini, qardaşı qızından ibarətdir. Xasiyyətnamədə qeyd edilir ki, Təqsirləndirilən şəxs əvvəllər müsbət xarakterizə olunsa da son 12 ildə özünü ərazidə qeyri səmimi aparmış, valideyinləri onu dəfələrlə tibbi müayinədən keçirmiş və onda psixoloji əlamətlər aşkar edilmişdir. Lənkəra, Salyan rayonunda və Bakı şəhərində psixoloji dispanserlərdə müalicə almışdır. Nümayəndəliyə hüquq mühafizə orqanlarından Rühəngi Əliyevanın Bakı şəhərində yerləşən psixonevroloji disapanserədn qaçması barədə məlumatlar daxil olmuşdur. (cild 2, i.v.71-72) «Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli 8№-li qərarının 14-cü bəndində göstərilmişdir ki, cinayət qanununda nəzərdə tutulmuş əməlin şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirildikdə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi əsasları müəyyən edildikdə məhkəmə CM-nin 21.1-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edir. Bu zaman qərarın təsviri hissəsində məhkəmə tərəfindən tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmiş şəxsin törətdiyi əməlin halları, əməllərinə hüquqi qiymət verilməsi və qəbul edilmiş qərarın motivləri, nəticə hissəsində isə şəxsin cinayət məsuliyyətindən azad edilməsi və ona tətbiq edilən tibbi xarakterli məcburi tədbirin növü, habelə maddi sübutların taleyinin həlli göstərilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə tərkibi hesab edir ki, iş üzrə maddi sübut qismində tanınmış və Astara rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan X2 hadisə zamanı əynində olan paltarlar – 01 ədəd bej rəngli köynək; 01 ədəd qara rəngli şalvar; 01 ədəd naxışlı, qara rəngli bel kəməri və 01 ədəd ağ-boz rəngli tuman; Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan paltarlar – 01 ədəd qara rəngli məxməri xalat və 01 ədəd göy rəngli şalvar; Şahid1 hadisə zamanı əynində olan paltarlar – 01 ədəd qəhvəyi rəngli şalvar və 01 ədəd bej rəngli köynək; hadisə yerinə baxış keçirilən zamanı aşkar edilmiş 01 ədəd ağ rəngli mələfə; 01 ədəd ağımtıl rəngli əlcək; cinayətin törədilməsi zamanı alət kimi istifadə edilmiş 01 ədəd tiyəsi bozumtul-gümüşü, dəstəyi isə gümüşü rəngli bıçaq və 04 ədəd çubuqlu pambıq tamponda qanabənzər ləkələrqərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus “Redmi 9A markalı və mərhum zərərçəkmiş şəxs Qubad Əliyevə məxsus “İTEL” markalı mobil telefonlar yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs və mərhum Qubad Əliyevin istifadəsində olmuş mobil nömrələr üzrə aparılmış danışıqlar və sms-ləri özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş CD-diski iş materiallarında saxlanılmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verməklə hesab edir ki, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda göstərilən ittiham üzrə cinayət əməli törədilmişdir, həmin əməldə cinayət tərkibi vardır; bu əməl Təqsirləndirilən şəxs tərəfindən törədilmiş və o, cinayəti törədərkən anlaqsız vəziyyətdə olmuşdur. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs cinayəti anlaqsız vəziyyətdə törətdiyi üçün o, cinayət məsuliyyətindən və cəzadan azad edilməli, onun barəsində tibbixarakterli məcburi tədbirlər tətbiq olunmalıdır. Odur ki, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1-1.1, 93.2, 95.0.3 və 97.2-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsini zəruri hesab edir. «Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli 8№-li qərarının 22-ci bəndində göstərilmişdir ki, tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraatla əlaqədar verilmiş mülki iddia baxılmamış saxlanır və bu sonradan mülki mühakimə icraatı qaydasında həmin iddiaya baxılmasını istisna etmir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsoğlu barəsində seçilmiş xüsusi tibb müəssisəsinə (psixi stasionara) yerləşdirmə təhlükəsizlik tədbiri o, qərar qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. «Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli 8№-li qərarının 23-cü bəndinə əsasən tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qəbul etdiyi qərar, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraat aparılan şəxs, onun müdafiəçisi və qanuni nümayəndəsi, zərər çəkmiş şəxs və onun nümayəndəsi və ya prokuror tərəfindən apellyasiya qaydasında mübahisələndirilə bilər. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 348.2.1, 358, 383-385 və 477.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələrində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunsun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələrində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş xüsusi tibb müəssisəsinə (psixi stasionara) yerləşdirmə təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Astara rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan X2 hadisə zamanı əynində olan paltarlar – 01 ədəd bej rəngli köynək; 01 ədəd qara rəngli şalvar; 01 ədəd naxışlı, qara rəngli bel kəməri və 01 ədəd ağ-boz rəngli tuman; Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan paltarlar – 01 ədəd qara rəngli məxməri xalat və 01 ədəd göy rəngli şalvar; Şahid1 hadisə zamanı əynində olan paltarlar – 01 ədəd qəhvəyi rəngli şalvar və 01 ədəd bej rəngli köynək; hadisə yerinə baxış keçirilən zamanı aşkar edilmiş 01 ədəd ağ rəngli mələfə; 01 ədəd ağımtıl rəngli əlcək; cinayətin törədilməsi zamanı alət kimi istifadə edilmiş 01 ədəd tiyəsi bozumtul-gümüşü, dəstəyi isə gümüşü rəngli bıçaq və 04 ədəd çubuqlu pambıq tamponda qanabənzər ləkələrqərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Astara rayon prokurorluğunun maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus “Redmi 9A“ markalı və mərhum zərərçəkmiş şəxs Qubad Əliyevə məxsus “İTEL” markalı mobil telefonlar yaxın qohumlarına qaytarılsın. Təqsirləndirilən şəxs və mərhum Qubad Əliyevin istifadəsində olmuş mobil nömrələr üzrə aparılmış danışıqlar və sms-ləri özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş CDdiski iş materiallarında saxlanılsın. Qərardan elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar