Məhkəmə qərarları › İş №1(099)-229/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-229/2022

08.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-229/2022 08.07.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Lənkəran rayon vəkil bürosunun vəkili X6 və Bakı şəhəri, 20 saylı vəkil bürosunun vəkili X2 iştirakı ilə, xx xxxx 1992-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsi, ev 33-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Ş.Mirzəyev küçəsində yaşamış, barəsində 01 noyabr 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1993-cü ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Cəlilabad şəhəri, Dədə Qorqud küçəsi, ev 42-də qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsi, ev 40-da yaşamış, barəsində 01 noyabr 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 qanunsuz yolla qazanc əldə etmək üçün şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı və qohumu Təqsirləndirilən şəxs2 ilə razılığa gələrək qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətiriləcək külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair razılaşaraq, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun müəyyən edilməmiş üzvləri tərəfindən İran İslam Respublikasında qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, məlum olmayan vaxtda və yerdə naməlum şəraitdə qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli Azərbaycan Respublikasına keçirilərək, Ələt-Astara yolunun Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisindən keçən 98-ci kilometrliyini göstərən yol nişanının yanında gizlədilmiş bir ədəd bağlamadakı, 1 (bir) ədəd bükümdə külli miqdarda 4260,0 qram narkotik vasitə heroini, 1 (bir) ədəd bükümdə 240 qram narkotik vasitə qurudulmuş marixuananı, 1 (bir) ədəd bükümdə külli miqdarda 3160,0 qram psixotrop maddə metamfetamini, təsiriedici maddəsinin ümumi miqdarı 1,6 qram təşkil edən külli miqdarda 40 (qırx) ədəd narkotik vasitə metadon həblərini götürüb satış məqsədilə ilə əldə edərək Bakı şəhərinə gətirmək üçün qohumu Təqsirləndirilən şəxs2 ilə birgə 30 oktyabr 2021-ci ildə saat 19:40 radələrində cinayətlər barədə xəbərsiz olan X8 idarə etdiyi «Saipa Tipa» markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gələrək, qeyd edilən narkotik vasitə və psixotrop maddələri gizlədildiyi yerdən götürüb avtomobilin arxa sol ayaqaltı hissəsində və avtomobilin sağ ön ayaqaltı hissəsinə qoyaraq, satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşıyarkən Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin yerin yaxınlığında narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, şöbənin inzibati ərazisində avtomobilə baxış keçirilərkən avtomobilin salonundan həmin narkotik vasitə və psixotrop maddələr aşkar edilərək edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmiş, tikinti işlərində fəhləlik edib çörək pulu qazanmaqla ailəsini dolandırmışdır. «İnstagram» sosial şəbəkəsində adını bilmədiyi «Qardaş» deyə müraciət etdiyi iranlı şəxslə tanış olmuş, onunla vatsapla narkotik vasitə barəsində söhbət etmiş, narkotik vasitə istifadəçisi olduğu üçün ona narkotik vasitə marixuana göndərməsini xahiş etmiş, 30 oktyabr 2021-ci ildə səhər saatlarında həmin şəxs ona zəng vuraraq Biləsuvar rayonu ərazisində «98-ci» kilometrliyi göstərən yol nişanın yanında içərisində narkotik vasitə qurudulmuş marixuana olan bağlama olduğunu, həmin marixuananı özü istifadə etmək üçün götürməsini, pulunu sonra verə biləcəyini demiş, sonra bibisi oğlu Təqsirləndirilən şəxs2 zəng edərək tanışının Biləsuvar rayonuna içində marixuana olan bağlama qoyduğunu, həmin bağlamanı götürməyin lazım olduğunu, lakin ora getmək üçün maşın olmadığını deyərkən Azad dostu Asəfin maşını ilə ora gedə biləcəklərini bildirmiş, narkotik vasitəni götürəcəyi halda həmin narkotikdən ona pay verəcəyini demiş, Azad onunla razılaşmış, həmin gün axşam saat 19 radələrində Asəfin idarə etdiyi «Saipa Tipa» markalı avtomobillə Biləsuvar rayonuna yola düşmüş, o, arxa oturacaqda, Azad isə qabaq oturacaqda əyləşmiş, Biləsuvarda 98-ci kilometrliyi göstərən yol nişanının yanına çatanda artıq hava qaranlıq olmuş, o, ayaqyoluna gedəcəyini bəhanə edib maşını saxlatdırıb düşərək deyilən yol nişanının yanına gedib oradan bir ədəd bağlamanı götürüb avtomobilə qoyarkən sürücü əlindəki torbanı görməmiş, arxa oturacaqda torbanı açıb içinə baxarkən Azad da geriyə boylanıb torbaya baxmış, həmin torbanın içərisində narkotik vasitələr və psixotrop maddə olduğunu görmüş, 2-3 dəqiqə sonra yol polisi əməkdaşları tərəfindən avtomobilləri saxlanılmış, həmin vaxt yolun kənarından götürdüyü torbanı qarşı tərəfdə əyləşmiş Azadın oturacağının alt hissəsində gizlətmiş, onlar polis əməkdaşları tərəfindən avtomobillə rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən heç nə aşkar edilməmiş, Asəfin idarə etdiyi avtomobilə baxış keçirilərkən, avtomobilin arxa sol ayaqaltısından yolun kənarından götürdüyü, üzərində fars əlifbası ilə sözlər yazılmış sarı rəngli torba aşkar edilərək götürülmüş, torbanın içərisində olan bükülülər açılıb baxıldıqda orada marixuanaya, «Metadon 40» sözləri yazılmış dərman həbləri və psixotrop maddə metamfetaminə oxşar maddə olması aşkar edilərək elektron tərəzidə çəkilmiş, bununla bağlı protokol tərtib edilərək orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. «İnstagram» sosial şəbəkəsində adını bilmədiyi «Qardaş» deyə müraciət şəxsin iranlı olmasını bilməmiş, ondan şəxsi istifadəsi üçün yalnız marixuana istəmişdir. Lakin Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı ona heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisədən təxminən iki-üç ay əvvəl «İnstagram» sosial şəbəkəsində iranlı şəxslə tanış olmuş, həmin iranlı ona adını deməmiş, iranlı şəxsdən adını soruşanda iranlı ona «Qardaş» deyə müraciət edə biləcəyini demiş, həmin iranlı şəxsin istifadə etdiyi +**********94 nömrəsi ilə istifadəsində olan ***-***-**-** nömrənin «WhatsApp» proqramında narkotik vasitə barəsində söhbət etmiş, narkotik vasitə istifadəçisi olduğu üçün iranlı tanışına ona qəbul etməsi üçün narkotik vasitə göndərməsini xahiş etmiş, 30 oktyabr 2021-ci ildə səhər saatlarında iranlı ona zəng vuraraq Biləsuvar rayonu ərazisində «98-ci» kilometrliyi göstərən yol nişanın yanında içərisində narkotik vasitə heroin, qurudulmuş marixuana, metadon həbləri və psixotrop maddə metamfetamin olduğunu demişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 30 oktyabr 2021-ci ildə günorta saatlarında qohumu Təqsirləndirilən şəxs1 ona zəng vuraraq Biləsuvar rayonuna getmək üçün ona maşın lazım olduğunu demiş, Vüqara «taksi taparam, onsuz da mən Cəlilabad rayonuna məhlə uşağım Asiflə birlikdə gedəcəm, gəl səni də yolüstü aparım, Vüqarın narkotik istifadə etdiyini bilib ona sən də narkotik vasitə olur, mənə də bir az çəkməyə verərsən» demiş, Vüqar əvvəllər ona bir neçə dəfə çəkmək üçün narkotik vasitə vermiş, onlar Asəfin idarə etdiyi «Saipa Tipa» markalı avtomobillə Biləsuvar rayonuna gələrkən yolda tanımadığı iki nəfər sərnişin də götürmüş, onları Biləsuvarda düşürdükdən sonra çayxanaya getmiş, Asəf onların yanında olmayanda Vüqar işi olduğu üçün Asəfə maşını 98-ci kilometrliyi göstərən yol nişanın yanında saxlatdıracağını demiş, Asəf onların yanına gələndən sonra Vüqar Asəfə «bizim işimiz alınmadı və Bakıya geri dönək» demiş, o, qabaq oturacaqda, Vüqar isə arxa oturacaqda əyləşib Bakı şəhəri istiqamətində geri qayıdarkən 98-ci kilometrliyi göstərən yol nişanın yanına çatanda Vüqar taksi sürücüsü Asəfə ayaqyoluna gedəcəyini deyib maşını saxlatdırmış, maşından düşəndən bir neçə dəqiqə sonra Vüqar əlində torba ilə gələrək avtomobildə arxa oturacaqda əyləşib torbanı açarkən həmin torbanın içərisinə baxanda torbada çoxlu narkotik vasitənin olduğunu görmüş, Vüqarın Biləsuvar rayonuna narkotik vasitə götürmək üçün gəldiyini başa düşmüş, sonuncu yolun kənarından götürdüyü narkotik vasitə və psixotrop maddələr Vüqara məxsus olmuş, Vüqarın narkotik vasitə götürmək üçün Biləsuvar rayonuna gəlməsindən xəbəri olmamışdır. Lakin Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı ona heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan olunmuş ittiham üzrə CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ona iranlı tanışının olduğunu və o, Vüqara narkotik vasitə göndərəcəyini demiş, aralarındakı razılaşmaya əsasən Vüqar narkotik vasitəni götürəcəyi halda, ona da istifadə etmək üçün verəcəyinə söz vermişdir. 30 oktyabr 2021-ci ildə günorta saatlarında Vüqar ona zəng edərək iranlı tanışının narkotik vasitə və psixotrop maddə göndərdiyini, Biləsuvar rayonuna gedib onları oradan götürmək üçün onlara maşın lazım olduğunu demiş və ora getmək üçün maşın tapmasını xahiş etmiş, qonşuda yaşayan Asəflə bibisi oğlu Vüqarı Biləsuvar rayonuna aparıb gətirmək üçün 25 manata razılaşmış, həmin günü saat 16 radələrində Asəfin maşını ilə Biləsuvar rayonuna getmiş, orada çayxanada əyləşib çay içərkən Asəf maşının yanına getmiş, həmin vaxt Vüqar ona 98-ci kilometrliyi göstərən yol nişanın yanına çatanda ayaqyoluna getmək adı ilə maşını saxlatdıracağını, əlində gətirəcəyi torbanı Asifin görməməsi üçün onun başını qatmasını demiş, həmin yerə çatanda Vüqar maşını saxlatdırmış, sonra maşından düşərək torbanı götürüb maşına tərəf gələrkən Asəfin telefonla məşğul olmuş, Vüqar sellofan torbanı oturduğu arxa oturacağa qoymuş, sonra götürdüyü torbanı açarkən o da torbanın içərisinə baxmış, torbada narkotik vasitənin çox olduğunu görmüş, oradan 2-3 dəqiqə uzaqlaşmamış yol patrul əməkdaşları tərəfindən maşın saxlanılmış, mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılaraq Biləsuvar rayon polis şöbəsinə aparılmışlar. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətmələrini, həmçinin onların bu əməllərin törədilməsində təqsirli olub-olmamalarını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə istintaqında Biləsuvar rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən X9 şahid qismində dindirilərkən məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs1 Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona daxil olmuş əməliyyat məlumatı əsasında 30 oktyabr 2021-ci ildə əməliyyat qrupu yaradılmış, məlumata əsasən həmin gün saat 19:30 radələrində Təqsirləndirilən şəxs1 içərisində olduğu ehtimal olunan «Saipa Tipa» markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar rayonunun Əliabad kəndi ərazisində hərəkətdə olarkən əməliyyat müşahidəsinə götürülmüş, avtomobil Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndi ərazisindən keçən 98-ci kilometrliyini göstərən yol nişanının yaxınlığında Bakı şəhəri istiqamətinə gedərkən rayon polis şöbəsinin DYPB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, şöbədə müdafiəçinin iştirakı ilə avtomobildə olan şəxslər, sürücü Asəf Həsənlinin və avtobildə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onların üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmiş, sonra Asəf Həsənlinin idarə etdiyi avtomobilə baxış keçirilərkən avtomobilin arxa sol ayaqaltısından bir ədəd üzərində fars əlifbası ilə sözlər yazılmış sarı rəngli torba və bir ədəd üzəri yapışqan lentlə örtülmüş plastik qab, avtomobilin sağ ön ayaqaltı hissəsindən isə sellofana bükülmüş sarı rəngli bükülü aşkar edilmiş, həmin bükülülər açılıb baxıldıqda onların içərisində narkotik vasitə marixuanaya, «Metadon 40» sözləri yazılmış dərman həblərinə və psixotrop maddə metamfetaminə oxşar maddələr olması aşkar edilmiş, sonra bu barədə protokol tərtib edilərək orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da şahid X4 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 oğlu istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, «Saipa Tipa» markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürüb Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olur. 30 oktyabr 2021-ci ildə saat 15 radələrində tanışı Azad ona zəng edərək qohumu Vüqarla birlikdə onları 25 manat pulun müqabilində Biləsuvar rayonuna aparmasını xahiş etmiş, əlavə olaraq da iki nəfər sərnişini götürə biləcəyini demiş, həmin gün saat 16 radələrində onları və əlavə olaraq iki nəfər şəxsi götürüb Biləsuvar rayonuna getmiş, rayon mərkəzində müştəriləri düşürüb sonra çayxanaya girib çay içmiş, sonra Vüqar işlərinin alınmadığını, Bakıya qayıda biləcəklərini demiş, Vüqar arxa oturacaqda Azad isə qabaq oturacaqda əyləşməklə Bakıya yola düşmüş, yolda 98-ci kilometriliyi göstərən yol nişanın yanına çatanda Vüqar ayaqyoluna getmək üçün maşını saxlamasını istəmiş, o da maşını yolun kənarında saxlamış, Vüqar maşından düşüb gedərkən o, siqaret çəkə-çəkə telefonunun vatsapına baxmış, az sonra Vüqar qayıdaraq maşına əyləşmiş, onlar yoluna davam edərkən təxminən 2-3 dəqiqə sonra yol patrul əməkdaşları ona işarə verərək maşını saxlamış, mülki geyimli polis əməkdaşları özlərini təqdim edərək sonra hər üçünü polis şöbəsinə aparmış, polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən qanunla qadağan edilmiş heç nə aşkar edilməmiş, idarə etdiyi «Saipa Tipa» markalı avtomobilə baxış keçirilərkən avtomobilin arxa sol ayaqaltısından bir ədəd üzərində fars əlifbası ilə sözlər yazılmış sarı rəngli torba və bir ədəd plastik qab, avtomobilin sağ ön ayaqaltı hissəsindən isə sellofana bükülmüş sarı rəngli bükülü aşkar edilmiş, bükülünün içərisində narkotik vasitə marixuanaya, «Metadon 40» sözləri yazılmış dərman həblərinə və psixotrop maddə metamfetaminə oxşar maddələr olması aşkar edilmiş, sonra bu barədə protokol tərtib edilərək orada iştirak edən şəxslər eləcə də onun tərəfindən imzalanmışdır. Vüqar maşına əyləşib əlində olan torbanı açarkən Azad dönüb həmin torabaya baxmış, torbada nə olduğunu soruşmağa imkan olmamış polis əməkdaşları onları saxlamış, bunu görən Vüqar əlində olan torbanın içindəki bükümləri oturacaqların altına yerləşdirməyə başlamış, həmin vaxtı bilmişdir ki, Vüqar onun avtomobilinə narkotik vasitə qoymuş, onun isə torbada narkotik vasitə olmasından xəbəri və məlumatı olmamış, orada başa düşmüşdür ki, Azadla qohumu Vüqar Biləsuvar rayonuna narkotik götürmək üçün gəlmişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 Biləsuvar rayonuna narkotik vasitə götürmək üçün gəlməsindən xəbərsiz olmuş, Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni yolun kənarında götürdüyünü və maşında onun götürdüyü torbaya baxan vaxtı Vüqarın Biləsuvar rayonuna narkotik vasitə götürmək üçün gəlməsinin səbəbini anlamışdır. Təqsirləndirilən şəxs1 üzləşmə zamanı göstərmişdir ki, adını bilmədiyi iranlı şəxslə 2-3 ay bundan əvvəl «İnstagram» sosial şəbəkəsində tanış olaraq danışdığını, bundan qohumu Təqsirləndirilən şəxs2 xəbərinin olduğunu, telefonda iranlı ilə danışmasını bunu Azada göstərdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 göstərmişdir ki, iranlı tanışının ona narkotik vasitə göndərəcəyini qabaqcadan bildiyinə görə Azadla əvvəlcədən Bakı şəhərində olarkən öz aralarında razılaşmışlar ki, narkotik məsələsini o, həll edəcək, Biləsuvar rayonuna gəlib narkotik vasitəni götürmək üçün maşın məsələsini isə Təqsirləndirilən şəxs2 özü həll edəcəkdir. O, həmçinin bildirmişdir ki, həm narkotik vasitənin əldə olunması, həm də ki, həmin narkotik vasitənin deyilən yerdən götürərək Bakı şəhərinə aparmaları barədə əvvəlcədən qohumu Təqsirləndirilən şəxs2la razılığa gəlmiş və birlikdə bu istiqamətdə hərəkət etmişlər. İş materiallarında olan “avtomobilə baxış keçirilməsi haqqında” 30 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, araşdırma zərurəti ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs1, müdafiəçisi Fədai Quliyevin, Təqsirləndirilən şəxs2, müdafiəçisi Habil Məmmədovun, Asəf Həsənlinin və müdafiəçisi Səfərəli Baxşiyevin və polis əməkdaşlarının iştirakları ilə Asəf Həsənlinin idarə etdiyi «Saipa Tipa» markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla şöbənin həyətində baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa sol ayaqaltısından bir ədəd üzərində fars əlifbası ilə sözlər yazılmış sarı rəngli torba və bir ədəd üzəri yapışqan lentlə örtülmüş plastik qab, avtomobilin sağ ön ayaqaltı hissəsindən isə sellofana bükülmüş sarı rəngli bükülü aşkar edilmişdir. Həmin bükülülər açılıb baxıldıqda sarı rəngli sellofana bükülmüş bükülünün içərisində marixuanaya oxşar bitki kütləsi aşkar edilmiş və elektron tərizidə çəkildikdə bükülü ilə birlikdə 255 (iki yüz əlli beş) qram olması müəyyən olunmuşdur. Bundan sonra üzəri yapışqan lentlə sarılmış plastik qaba baxış zamanı qabın üzərinə yapışqan lentlə yapışdırılmış 4 (dörd) list, hər birində 10 (on) ədəd olan «Metadon 40» sözləri yazılmış dərman həbləri, plastik qabın içərisindən isə narkotik vasitə heroinə oxşar maddə aşkar olunmuş və elektron tərəzidə çəkildikdə qabla birlikdə 4525 (dörd min iyirmi beş) qram olması müəyyən edilmişdir. Daha sonra sarı rəngli sellofana torbaya baxış zamanı içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması aşkar edilmiş və elektron tərəzidə çəkildikdə bükülü ilə birlikdə 3170 (üç min yüz yetmiş) qram olması məlum olmuşdur. Avtomobilə baxış zamanı başqa heç nə aşkar edilməmişdir. Avtomobilə baxış keçirilməsi barədə protokol tərtib edilmiş, həmin protokolla orada iştirak edən iştirakçılar tanış olaraq imzalamış, baxış zamanı «Redmi» markalı videokamera ilə çəkilmiş videogörüntülər olan diskə baxış keçirilmiş və toplanmış sənədlər istintaq materiallarına əlavə edilmişdir. İş materiallarında olan məhkəmə kimyəvi ekspertizasının 31 oktyabr 2021-ci il tarixli 19/1091 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Saipa Tipa markalı **-NM-*** dövlət nömrə nişanlı avtomobildən aşkar edilmiş bükülülər...» sözlər və imzalar olan bir ədəd bağlamadakı, 01 ədəd bükümdə təmiz çəkisi-4260,0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bükümdə təmiz çəkisi-3160,0 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi-240,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır və 04 ədəd konvalyutda hər birində 10 (on) ədəd olmaqla ümumi sayı 40 (qırx) ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadondur, həblərin təsiredici maddəsinin ümumi miqdarı-1,6 qramdır (bir həbdə 0,04 qram). Heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına (siyahı İ) daxildir.Metadon Azərbaycan Respublikasının ərazisində məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahının İ bəndinə (sıra №6) daxildir. İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının 10 yanvar 2022-ci il tarixli 29 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda xroniki xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir xəstəliyin əlamətləri müəyyən edilmir. Onda hər hansı bir xəstəlik aşkar olunmur və onun barəsində tibbi xarakterli məcburi müalicə tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək və onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək, onları dərk etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının 10 yanvar 2022-ci il tarixli 30 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda xroniki xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir xəstəliyin əlamətləri müəyyən edilmir. Onda hər hansı bir xəstəlik aşkar olunmur və onun barəsində tibbi xarakterli məcburi müalicə tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək və onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək, onları dərk etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. İş materiallarında olan Təqsirləndirilən şəxs1 məxsus «Redmi» markalı telefonun yaddaş kitabçasına, zənglər siyahısına və mesajlara baxış zamanı İran mobil operatoruna aid +**********94 nömrəsi qeyd olunmuşdur. Həmin İran mobil opratoruna aid nömrələr ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil telefon nömrənin vatsap proqramında qarşılıqlı olaraq çoxsaylı zənglər qeydə alınaraq danışıqlar aparılmışdır. İş materiallarında olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələri yerində yoxlanılması haqqında protokoldan görünür ki, onlar ifadələrində göstərdiyi xüsusatları əyani olaraq göstərib təqdim etməklə bir daha təsdiq etmiş, bu barədə müvafiq protokollar və fotocədvəllər tərtib olunaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 04 noyabr 2021-ci il tarixli 1191 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 04 noyabr 2021-ci il tarixli 1192 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 4259,95 qram narkotik vasitə heroin, 3159,95 qram psixotrop maddə metamfetamin, 240 qram narkotik vasitə qurudulmuş marixuana, 239,98 qram 36 ədəd metadon həbləri maddi sübut kimi tanınaraq Biləsuvar rayon polis şöbəsində saxlanılır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanıb cinayətin yuxarıda təsvir edilən formada törədildiyi qənaətinə gələrək, təqsirləndirilən şəxslərin məhkəmədəki ifadələrində göstərdikləri bu xüsusatları onlara təyin ediləcək cəzadan, başqa sözlə, onların cinayət məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş narkotik vasitələri və psixotrop maddəni satış məqsədi ilə əldə etmələri qənaətinə gəlir. Məhkəmə həmin sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında verdikləri ifadələrinə məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadələr obyektiv olmayıb özlərini müdafiə xarakteri daşıyır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən təqsirləndirilən şəxslərin əldə etdiyi narkotik vasitələr heroin, metadon və psixotrop maddə olan metamfetamin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-in 32,5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və onlar həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin tövsifi məsələsini müzakirə edərək onların hərəkətlərini Azərbaycan Respublikası CM-in 32,5, 206.3.2, 234.4.1, 234.4.3-cü maddələrinin dispozisiyası şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 32,5, 206.3.2, 234.4.1, 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, ona təqsirli bilindiyi hər bir maddə üzrə, əsas cəza növündə, maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onların şübhəli şəxs qismində tutulduğu gündən, yəni 30 oktyabr 2021-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, Biləsuvar rayon məhkəməsinin 01 noyabr 2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 30 oktyabr 2021-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Abıyev X3 rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsi, ev 33-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Ş.Mirzəyev küçəsində yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Muradov X7 şəhəri, Dədə Qorqud küçəsi, ev 42-də qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsi, ev 40-da yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların ilk məhkumluğunu, məhkəməyədək icraat zamanı özlərini təqsirli bilməklə peşmançılıq keçirmələrini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra ümumi qalıq 4259,95 qram çəkidə narkotik vasitə heroin, 3159,95 qram psixotrop maddə metamfetamin, 239,98 qram narkotik vasitə qurudulmuş marixuana, 36 (otuz altı) ədəd narkotik vasitə metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Redmi» markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs1 anası X5 qaytarılmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak vəs. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Qeyd edilənlərlə yanaşı, ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat hər birindən 32 (otuz iki) manat 50 qəpik olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq Dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və CM-in 32.5, 206.3.2-ci maddəsi ilə 5 (beş ) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs1 qəti cəza 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən – 30 oktyabr 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və CM-in 32.5, 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs2 qəti cəza 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən – 30 oktyabr 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınaraq Biləsuvar rayon polis şöbəsində saxlanılan 4259,95 qram narkotik vasitə heroin, 3159,95 qram psixotrop maddə metamfetamin, 239,98 qram narkotik vasitə qurudulmuş marixuana, 36 (otuz altı) ədəd narkotik vasitə metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Redmi» markalı mobil telefon aparatı Təqsirləndirilən şəxs1 anası X5 qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat - hər birindən 32 (otuz iki) manat 50 qəpik olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq Dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar