Məhkəmə qərarları › İş №1(099)-229/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-229/2023

20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-229/2023 20.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər- Məmmədov Neymət Hüsən oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə -CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 oktyabr 2022-ci il tarixdə Lənkəran rayonunun “Kiçik Bazar” adlanan ərazisində qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq 1,77 qram çəkidə narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq 1,34 qram psixotrop maddə metamfetamini məlum olmayan mənbədən və vaxtda əldə edərək üzərində daşımaqla saxlamış, 21 oktyabr 2022-ci il tarixdə, saat 16:30-da DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran-Lerik avtomobil yolunun 27-ci km-də yerləşən “Təbəssüm” istirahət mərkəzinin yaxınlığında sərnişin olduğu taksi fəaliyyəti göstərən Şahid4 idarə etdiyi VAZ-2106 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq Lerik RPŞ-yə aparılmış, üzərində şəxsi axtarış və baxış keçirilən zaman əynində olan şalvarının kiçik ölçülü sağ yan cibindən bir ədəd sellofan bükümdə 1,77 qram tiryəkdən kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin və bir ədəd gümüşü rəngli kağız bükümdə içərisində şəxsi istehlak miqdarından artıq miqdarda 1,34 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, tutulana qədər fəhləçiliklə məşğul olmuşdur. 21 oktyabr 2022-ci il tarixdə Lənkəran şəhərində Musa adlı taksi sürücüsü ilə 15 manata razılaşaraq Lerik rayonuna istirahət etmək məqsədilə yollanmışdır. Lerik yolunun üzərində olan «Təbəssüm» istirahət mərkəzinin yaxınlığında taksidən enərkən polis əməkdaşları tərəfindən saxlanılmış və Lerik rayon polis şöbəsinə aparılmışdır. Lerik rayon polis şöbəsində polis əməkdaşları ona narkotik verərək və hədə qorxu gələrək narkotiki üzərinə götürməsini bildirmişlər. Polislərin hədəsindən qorxduğu üçün onlarla razılaşmışdır. Saxlanılarkən üzərində öz istifadəsi üçün hər birində 0,17 qram heroin olmaqla iki büküm olmuşdur. Heroini Lənkəran şəhərində Əfqan adlı şəxsdən almışdır. Narkotik istifadəçisidir, heç vaxt narkotikin satışı ilə məşğul olmamışdır. Üzərində metamfetamin olmamışdır. İstintaq vaxtı verdiyi ifadəsini təsdiq etmir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələrində və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə verdiyi izahatı və müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri elan olunmuş, o, həmin izahat və ifadələrində özünü təqsirli bilərək 21 oktyabr 2022-ci ildə Lənkəran şəhəri, «Kiçik bazar» ərazisində Əfqan adlı şəxsdən 18 manata kakos, 15 manata isə «şüşə»ni qəbul etmək üçün almış, istirahət etmək üçün Lerik rayonunda yaşayan tanışı Muradın yanına getmək qərarına gəlmiş, buna görə də Lənkəran şəhəri, «Böyük bazar» məscidinin yanında təsadüfən avtomaşınla yoldan keçərkən taksini saxlatdırdırıb onu Lerik rayonuna aparmaq üçün adını sonradan bildiyi taksi sürücü Musa ilə 15 manata razılaşmışlar. Həmin gün saat 16 radələrində Musanın idarə etdiy maşınla Lerik rayonu istiqamətinə yollanarkən «Təbəssüm» istirahət mərkəzinin yaxınlığında küçədə polis əməkdaşları tərəfindən saxlanılmış və Lerik RPŞ-yə aparılmışlar. Şöbənin həyətində üzərinə keçirilən şəxsi axtarış zamanı şalvarının sağ cibindən bir büküm heroin və bir büküm metamfetamini çıxarıb təqdim etmişdir. Bükümlər özünün iştirakı ilə videoçəkilişlə elektron tərəzidə çəkilmişdir.Taksi sürücüsünün onun üzərində heroin və metamfetaminin olmasından məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir zor tətbiq olunmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı vermiş olduğu etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübut və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsində baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 21 oktyabr 2022-ci il tarixdə Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs olduğu yeri öyrənib Lerik rayonu istiqamətinə yollanmışlar. Həmin gün saat 16 radələrində Səxavətin olduğu taksi Lerik rayonu istiqamətində hərəkətdə olarkən «Təbəssüm» istirahət mərkəzinin qarşısında saxlanılmışdır. Səxavət və taksi sürücüsü Lerik rayon polis şöbəsinə aparılmışlar. Şöbənin həyətində Səxavətin üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış keçirilmiş, o, şalvarının cibindən bir büküm heroini və bir bükümi metamfetamini çıxarıb təqdim etmişdir. Onun üzərində aşkar olunan digər əşyalar özünə qaytarılmışdır. Taksi sürücüsünün Səxavətin üzərində aşkar olunan narkotikdən məlumatı olmamışdır. Səxavətin kiməsə narkotik satmasından məlumatı yoxdur. Təqsirləndirilən şəxs yalnız narkotik istifadəçisi olduğunu bilir. Səxavət heroini və metamfetamini Lənkəran şəhəri, «Kiçik bazar» adlanan yerdən Əfqan adlı şəxsdən qəbul etmək üçün aldığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadələr verərək sonuncunun göstərdiklərini təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, VAZ-2106 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 21 oktyabr 2022-ci il tarixdə saat 16 radələrində öz maşını ilə Lənkəran şəhərində “Böyük Bazar” məscidinin yaxınlığından keçərkən Səxavət onu saxlatdırıb Lerik şəhərinə aparmasını demiş və yol haqqı olaraq onunla 15 manata razılaşmışdır. Lerik yolunda yerləşən “Təbəssüm” istirahət mərkəzinin həyətində küçədə Səxavət maşını saxlatdırmış və maşından düşmüşdür. Bu vaxtı mülki geyimdə olan polislər Səxavəti saxlamış və birlikdə Lerik RPŞ-yə gəlmişlər. Polis şöbəsinin həyətində Səxavətin üzərinə axtarış və idarə etdiyi avtomobilə video çəkilişlə baxış keçirilmiş, Səxavət əynindəki şalvarının sağ yan cibindən bir ədəd sellofan büküm, bir ədəd gümüşü rəngli kağız büküm və bir ədəd qara rəngli mobil telefonu çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı o, bildirmişdir ki, heroini və metamfetamini 21 oktyabr 2022-ci il tarixdə Lənkəran şəhəri, “Kiçik bazar” deyilən yerdən Əfqan adlı şəxsdən almışdır. Səxavətin üzərində narkotikin olmasından məlumatı olmamışdır. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin təhqiqatçısı X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 21 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Lerik yolunda yerləşən “Təbəssüm” istirahət mərkəzinin yaxınlığında saxlanılmış, Lerik RPŞ-yə aparılmış və şöbənin həyətində videoçəkiliş zamanı Səxavətin şalvarının cibində aşkar olunan heroin və metamfetamin elektron tərəzidə çəkilmiş, istifadə etdiyi tərəzi standartlara uyğun olmamışdır. Həmçinin narkotik vasitə maşının arxa hissəsində əyri səthdə çəkildiyindən heroinin miqdarında fərq olmuşdur. Polislər tərəfindən Səxavətin üzərinə əlavə narkotik qoyulmamışdır. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X7 şöbəsinin eksperti X6 ifadəsində bildirmişdir ki, ekspertizaya təqdim olunan maddi sübut ilkin olaraq gətirən əməkdaş vasitəsilə çəkilir, sonradan maddi sübutun laboratoriya şəraitində xalis çəkisi çəkilir, maddi sübut çəkildikdən sonra özlərinə məxsus şəkildə qəhvəyi paketlə qablaşdırılır. Maddi sübut çəkilərkən otaqda havalandırma olmasına qədər hər xırdalıq nəzərə alınır. Narkotik vasitə açıq havada çəkilərkən çəkisində az miqdarda yalnışlıq ola bilər. Təqsirləndirilən şəxs aşkarlanan narkotik barədə rəy verdiyi zaman həmin narkotik nəm vəziyyətdə olmuşdur. Tərtib etdiyi xx.xx.2022-ci il tarixli 19/1101 N-li məhkəmə fiziki kimyəvi ekspertizasının rəyini bütövlüklə bir daha təsdiq edir. Ona nə təqdim olunubsa həmin obyektin tədqiqatını da aparıb. Məhkədə tədqiq edilmiş və iş materiallarında olan 21 oktyabr 2022-ci il tarixli “şəxsi axtarış və baxış keçirilməsi haqqında” protokoldan və videoçəkilişdən açıq aydın vizual olaraq görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan kiçik ölçülü cibindən bir ədəd sellofan bükümdə heroinə və metamfetamin bənzər kütlələri təqdim edir. Həmin bükümlər elektron tərəzidə çəkilir, heroinə bənzər kütlənin çəkisi 1,77 qram və metamfetaminə bənzər kütlənin isə 1,34 qram olması müəyyən olunur. Şəxsi axtarış zamanı aşkar edilmiş kütlələr götürülərək qablaşdırılmış, videoçəkiliş diskə köçürülməklə tərtib olunmuş protokola əlavə edilmişdir. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 22 oktyabr 2022-ci il tarixli, 19/1101 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi - 2,576 qram olan qəhvəyi rəngli maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 1,653 qram olan ağ rəngli, kristal şəkilli maddə metamfetamindir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan Lənkəran şəhər X1 X8 Yoxlamanın nəticəsinə dair tərtib olunmuş 24 oktyabr 2022-ci il tarixli, 1098 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında 2017-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər psixiatriya xəstəxanasından daxil olmuş 25 noyabr 2022-ci il tarixli, 657 nömrəli məktubdan görünür ki, Lənkəran şəhər sakini, xx.xx.1985-ci il təvəllüdlü Yusubov X2 şəhər psixiatriya xəstəxanasında qeydiyyatda deyil. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 29,206-cı maddələri ilə təqsirli bilinib 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Lənkəran rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına və Lənkəran rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzasını çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə məhkumluğu ödənilmiş şəxs hesab edilir. İş materiallarında olan 23 yanvar 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarın 4-cü bəndinə əsasən Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və baxış zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. 21 oktyabr 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 23 oktyabr 2022-ci il tarixdə CM-in 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin gün Lerik Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 21 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. 23 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlil gətirərək üzərində yalnız hər birində 0,17 qram olmaqla iki büküm heroinin aşkar olunduğunu, üzərində metamfetaminin olmadığını, ittihamda göstərilən heroinin və metamfetaminin çəkiləri ilə razılaşmadığını, metamfetaminin üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi xüsusatlara tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, məhkəmədə tədqiq edilmiş «şəxsi axtarış və baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokola əlavə olunmuş videoçəkilişdən açıq aşkar vizual olaraq görünür ki, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şalvarının sağ yan cibindən iki ədəd sellofan bükümləri çıxarıb təqdim edərək heroinin və metamfetaminin özünə məxsus olduğunu etiraf edir, həmin kütlələr elektron tərəzidə çəkilir, heroinə bənzər kütlənin çəkisi 1,77 qram, metamfetaminə bənzər kütlənin çəkisi 1,34 qram olması müəyyən olunur, narkotik vasitənin və psixotrop maddənin üzərinə polis əməkdaşları tərəfindən qoyulması müşahidə olunmur, özü də üzərinə polis əməkdaşları tərəfindən hər hansı bir narkotik vasitənin qoyulması ilə bağlı hər hansı bir dəlil irəli sürmür. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi etirafedici ifadələrini ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə yuxarıda qeyd olunan verdiyi etirafedici ifadəsini, habelə şahidlərin ifadələrini, məhkəmə fiziki-kimyəvi eskpertizanın rəylərini (heroinin və metamfetaminin çəkiləri qeyd olunan hissə istisna olmaqla), “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolu, ona əlavə olunmuş videoçəkilişi və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Məhkəmə tərkibi yuxarıda qeyd olunan və iş materiallarında olan digər sübutlara əsaslanaraq Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsinə dair müqayisəli qiymət verərək hesab edir ki, ibtidai istintaq orqan tərəfindən təqsirləndirilən şəxsin əməli CM-nin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Belə ki, CM-nin 234.1-1-ci maddəsinin dispozisiyasına görə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, saxlama cinayət məsuliyyəti yaradır. Şəxsin həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri şərt narkotik vasitənin və ya psixotrop maddənin killi miqdar olmasıdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş “şəxsi axtarış və baxış keçirilməsi haqqında” 21 oktyabr 2022-ci il tarixli istintaq hərəkətinin protokolundan, həmin istintaq hərəkətinin icrası zamanı aparılmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən üzərində aşkar olunan heroin və metamfetamin elektron tərəzidə çəkilərək heroinin çəkisi 1,77 qram, metamfetaminin çəkisi isə 1,34 qram müəyyən edilmişdir. İstintaq materiallarında olan 22 oktyabr 2022-ci il tarixli 19/1101 №li məhkəmə fizikikimyəvi ekspertizasının rəyi ilə isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin çəkisi külli miqdar - 2,576 qram, metamfetaminin çəkisi isə 1,653 qram olması göstərilmişdir. Məhkəmə heroinin və metamfetaminin çəkiləri ilə bağlı olan bu ziddiyətləri və şübhələri aradan qaldırmaq üçün təhqiqatın gedişatında şəxsi axtarış və baxış keçirilməsi zamanı heroinin və metamfetaminin çəkilməsində istifadə olunan «BP-N» seriyalı elektron tərəzinin işlək vəziyyətdə olub-olmamasını müəyyən etmək üçün həmin tərəzi məhkəməyə təqdim olunaraq maddi sübut kimi tanınmışdır. Bundan sonra, məhkəmə öz təşəbbüsü ilə məhkəmə-mühəndis texniki ekspertizası təyin etmiş, eskpertizanın 10 aprel 2023-cü il tarixli 10/2255 №-li rəyi ilə tərəzinin üzərində mexaniki zədə və çatışmazlıqların olmadığı, elektron tərəzinin işlək vəziyyətdə olması müəyyən edilmişdir. Habelə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroinin və metamfetaminin dəqiq çəkilərini təkrarən müəyyən etmək üçün məhkəmə öz təşəbbüsü ilə 28 aprel 2023-cü il tarixdə əlavə məhkəmə-kimyəvi ekspertizası təyin etmiş, alınmış eskpertin 4 may 2023-cü il tarixli 6/2513 №-li rəyində heroinin təmiz çəkisinin külli miqdar - 2,371 qram, metamfeaminin təmiz çəkisi isə 1,603 qram olması müəyyən edilmişdir. Bundan başqa, iş üzrə Təqsirləndirilən şəxs aşkar olunmuş heroinin və metamfetaminin çəkisinin dəqiqləşdirilməsi məqsədi ilə məhkəmə öz təşəbbüsü ilə istintaq ekspertimenti keçirmiş, eksperiment zamanı heroin və metamfetamin təhqiqat zamanı istifadə olunan və hazırda işlək vəziyyətdə olan “BP-N” seriyalı elektron tərəzidə çəkilmiş, heroinin qalıq çəkisi 2,25 qram, metamfetaminin qalıq çəkisi isə 1,50 qram olması müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə tərkibi 22 oktyabr 2022-ci il tarixli 19/1101 №li məhkəmə-kimyəvi ekspertizasının və 4 may 2023-cü il tarixli 6/2513 №-li materialların məhkəmə ekspertizasının rəylərində heroinin çəkisinin külli miqdar, yəni 2,371 qram, metamfetaminin çəkisinin isə 1,603 qram qeyd olunmasına tənqidi yanaşır və hesab edir ki, həmin çəkilər «şəxsi axtarış və baxış keçirilməsi haqqında» protokolla espertizanın rəyləri ilə kəskin ziddiyyət təşkil edir və şübhə doğurur, odur ki, həmin rəylərdə göstərilən çəkilər iş üzrə ittihamın qanuni və əsaslı həlli üçün əsas kimi götürülə bilməz. Habelə, məhkəmədə əlavə şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin təhqiqatçısı X3 ifadəsində təhqiqat zamanı istifadə etdiyi elektron tərəzinin standartlara uyğun olmaması, narkotik vasitə maşının arxa hissəsində əyri səthdə çəkildiyindən çəkidə fərq olmasına dair göstərdiyi xüsusata tənqidi yanaşaraq ifadəsinin bu hissəsini işin obyektiv hallarına uyğun olmayan xüsusatlar kimi qiymətləndirir və elektron tərəzinin işlək vəziyyətdə olması haqqında məhkəmə-mühəndis texniki eskpertizanın 10 aprel 2023-cü il tarixli 10/2255 №-li rəyi ilə təkzib olunur. CM-nin 234.1-1-ci maddəsilə cinayət məsuliyyəti narkotik vasitənin və ya psixotrop maddənin çəkisi külli miqdarda, yəni 2 qramdan artıq olduqda yaranır. Həmin Məcəllənin 234.1-ci maddəsinə görə isə cinayət məsuliyyəti satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma yaradır. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.2-ci maddəsində də oxşar norma nəzərdə tutulmuş və qeyd olunmuşdur ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrində təsbit edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab olunur. Məhkəmə tərkibi narkotik vasitənin və psixotrop maddənin çəkilərində olan kəskin fərqlərə münasibətdə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təhqiqat zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroinin və metamfetamin çəkilməsində istifadə olunan «BP-N» seriyalı elektron tərəzi işlək vəziyyətdə olmuş, buna görə də xx.xx.2022-ci il tarixli «şəxsi axtarış və baxış keçirilməsi haqqında» protokolda qeyd olunan heroinin və metamfetaminin çəkiləri tam reallığı əks etdirir, bu çəkilərin düzgün olmaması məhkəmədə hər hansı bir şübhə doğurmur. Buna görə də, iş materiallarında olan «şəxsi axtarış və baxış keçirilməsi haqqında» 21 oktyabr 2022-ci il tarixli protokolda qeyd olunan heroinin çəkisinin 1,77 qram, metamfetaminin çəkisinin isə1,34 qram olmasını məhkəmə əsas götürərək ittihamın qanuni və əsaslı həlli üçün iş üzrə mötəbər sübut kimi qəbul edir. Bundan başqa, məhkəmə tərkibi tədqiq edilmiş 22 oktyabr 2022-ci il tarixli 19/1101 №li məhkəmə fiziki-kimyəvi ekspertizasının və 4 may 2023-cü il tarixli 6/2513 №-li materialların məhkəmə ekspertizasının rəylərini heroinin və metamfetaminin çəkilərinə dair hissəsi istisna olunmaqla iş üzrə ittihamın qanuni və əsaslı həlli üçün mötəbər sübut kimi qəbul edir. Məhkəmə tərkibi, elektron tərəzinin işlək vəziyyətdə olmasına dair məhkəməmühəndis texniki ekspertizasının 10 aprel 2023-cü il tarixli 10/2255 №-li rəyini iş üzrə ittihamın qanuni və əsaslı həlli üçün mötəbər sübut kimi qəbul edir. Məhkəmə istintaqında cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmış, yoxlama zamanı toplanmış sübutlar təhlil olunub bir-biri ilə müqayisə edilərək Təqsirləndirilən şəxs üzərində şəxsi istehlak miqdarından artıq çəkidə - 1,77 qram heroinin və 1,34 qram metamfetaminin aşkar olunması iş üzrə mötəbər sübut olan vəkilin iştirakı ilə videoçəkilişlə aparılmış “şəxsi axtarış və baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokolla təsdiq olunur. Lakin, məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş şəxsi istehlak miqdarından artıq çəkidə (1,77 qram) heroinin məlum olmayan şəraitdə birdən-birə külli miqdar (2,576 qram) təşkil etməsinin mənbəyi mötəbər sübutlarla təsdiq olunmur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs aşkar olunmuş heroinin və metamfetaminin çəkilərində olan əhəmiyyətli fərqlərə dair gəldiyi qənaəti ilə bağlı qeyd edir ki, heroinin çəkisinin külli miqdar - 2,576 qram və metamfetaminin çəkisinin 1,653 qram təşkil etməsinə dair iş üzrə əsaslı və mötəbər sübutlar müəyyən edilmədiyindən ibtidai istintaq orqanının bu barədə gəldiyi nəticəni əsassız hesab edir. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi, yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.1-1-ci maddəsinin tərkib əlamətlərinin olması, onun tərəfindən həmin cinayətin törədilməsi barədə ittihamın sübut olunmasında (heroinin külli miqdarda olması) əsaslı şübhələr mövcuddur, təqsirləndirilən şəxsə CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham konkret və mötəbər sübutlarla deyil, mülahizələrlə əsaslandırıldığından Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlama kimi tövsif edilməli, ona həmin maddə ilə cəza təyin olunmalıdır. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün, habelə barəsində həmin Məcəllənin 62 və 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona həmin maddədə nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən hallara gəldikdə isə məhkəmə qeyd edir ki, o, əvvəllər məhkum olunmasına və məhkumluğu ödənilməsinə baxmayaraq kifayət qədər islah olunmamışdır. Bu da onu göstərir ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətməyə meyilli olan şəxsdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 21 oktyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı, onun 2017-ci ildən «opium narkomanlığı» diaqnozu ilə ərazi narkoloji xəstəxanasında qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olub Lerik RPŞ-nın maddi sübutların saxlanc otağında saxlanılan istintaq eksperimentindən sonra qalıq qalan 2,25 qram narkotik vasitə heroin və 1,50 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış keçirilməsi zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 01 ədəd disk cinayət işində saxlanılmalı, təhqiqatın gedişatında şəxsi axtarış və baxış keçirilməsi zamanı heroinin və metamfetaminin çəkilməsində istifadə olunan və iş üzrə maddi sübut kimi tanınmış «BP-N» seriyalı elektron tərəzi DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinə, Təqsirləndirilən şəxs məxsus «İtel» markalı mobil telefon isə onun yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 270 (iki yüz yetmiş) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirənin tətbiq olunması üçün əsaslar yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 2 (iki) il 6 (altı ) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 21 oktyabr 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun, onun 2017-ci ildən «opium narkomanlığı» diaqnozu ilə ərazi narkoloji xəstəxanasında qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Lerik RPŞ-də saxlanılan istintaq eksperimentindən sonra qalıq qalan 2,25 qram narkotik vasitə heroin və 1,50 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilməsi zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 01 ədəd disk cinayət işində saxlanılsın, təhqiqatın gedişatında “şəxsi axtarış və baxış keçirilməsi haqqında” istintaq hərəkətinin aparılması zamanı heroinin və metamfetaminin çəkilməsində istifadə olunan və iş üzrə maddi sübut kimi tanınmış «BP-N» seriyalı elektron tərəzi Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinə, Təqsirləndirilən şəxs məxsus «İtel» markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 270 (iki yüz yetmiş) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar