Məhkəmə qərarları › İş №1(099)-229/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-229/2025

20.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-229/2025 20.10.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs və onun müdafiəçisi- Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Cəlil oğlunun iştirakları ilə, 19 iyul 1974-cü il təvəllüdlü, Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, Şirvan şəhəri S.Vurğun küçəsi ev 25 ünvanında qeydiyyatda olmaqla ünvan 1imkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra ARCM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə 7,624 qram külli miqdarda narkotik vasitə olan heroini əldə edərək həmin heroinin 2,108 qram külli miqdarda olan hissəsini 14 iyul 2024cü il tarixdə saat 15 radələrində Şirvan şəhəri H.Əliyev prospekti ilə Vəli Axundov küçəsinin kəsişməsində yerləşən Füzuli parkında tanışı Şahid4 100 manat pul müqabilində satmış, xx.xx.2024-cü il tarixdə saat 13:00-da Şahid4 Yevlax şəhəri Vidadi küçəsində Yevlax rayon polis şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib üzərində həmin gün saat 13:40-dan 14:10-dək olan müddət ərzində Şahid4 əynindəki qara rəngli şalvarın sağ yan cibindən Təqsirləndirilən şəxs 100 manat pul müqabilində əldə edib saxladığı 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükülüdə 2,108 qram külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq qanunamüvafiq qaydada götürülmüş, bundan sonra, Yevlax rayon polis şöbəsinin polis əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:40-da Şirvan şəhəri, Xəqani küçəsində Yevlax rayon polis şöbəsinin polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon Polis şöbəsinin inzibati binasının 311 nömrəli xidməti iş otağına gətirilib orada üzərində həmin gün saat 21:35-dən 22:10-dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə videoçəkilişlə keçirilmiş şəxsiaxtarış nəticəsində əynindəki şalvarın sol yan cibindən Şahid4 satdığı narkotik vasitə olan heroinlə eyni tərkibli olan 01 (bir) ədəd sellofana bükülmüş bükülüdə 5,516 qram külli miqdarda olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunub rəsmiləşdirilərək, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, Hafiz adlı şəxslə heç bir tanışlığı yoxdur, onunla ünsiyyətdə olmamış və görüşməmişdir. Şirvanda çayçıda oturan vaxt polis əməkdaşları gələrək onu saxlamışlar. Şöbədə olanda ona Hafiz adlı şəxsin tutulduğunu və onun adını verdiyini bildirmişlər. Saxlanılan vaxt üzərində öz istifadəsi üçün saxladığı 5 qram narkotik vasitə heroin olmuşdur, belə ki, üzərindən aşkar olunmuş heroin ona məxsus olmuşdur, polislər tərəfindən cibinə qoyulmamışdır. Hafizi cəzaçəkmə müsəssisəsindən tanıyır, azadlığa çıxdıqdan sonra görüşməmişlər, heç həmin vaxt da münasibəti olmamışdır. Polis əməkdaşları tərəfindən Şahid4 üzərindən aşkar olunmuş narkotik vasitəni onun satdığının deməsi ilə bağlı ona təzyiq göstərilmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı ifadələrində qeyd etmişdir ki, 2024-cü ilin iyul ayının 14-də əvvəllər tanıdığı, 7 saylı cəzaçəkmə müəssisəsində birlikdə cəza çəkdiyi, məhkum yoldaşı olmuş Yevlax şəhər sakini Şahid4 onun mobil telefonuna zəng edərək ona narkotik vasitə olan heroin satmasını istəmişdir. O da Hafizlə birlikdə bir müəssisədə cəza çəkdiyindən ona etibar edərək Hafizə narkotik vasitə olan heroin satmaq qərarına gəlmişdir. O, 2024-cü ilin iyul ayının 14-də saat 15 radələrində Şirvan şəhəri H.Əliyev prospekti ilə Vəli Axundov küçəsinin kəsişməsində yerləşən Fizuli parkında Şahid4la görüşmüş və 400 (dörd yüz) manat pul müqabilində Şahid4 bir ədəd sellofan torbada 10 qramdan çox narkotik vasitə olan heroin satmışdır.O, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini və Şahid4 satmış olduğu narkotik vasitə-heroini uzun müddət öncə, dəqiq tarixini xatırlamadığı zaman İran vətəndaşından xatırlamadığı məbləğə almışdır. Onun Şahid4 satmış olduğu və üzərindən aşkar edilmiş narkotik vasitə heroindən başqa narkotik vasitəsi və ya psixotrop maddəsi yoxdur. O, Şahid4 narkotik vasitə satmışdır. Həmçinin, üzləşdirmə zamanı bildirmişdir ki, o, Şahid4 dedikləri doğrudur, o, Şahid4 100 manat müqabilində 2 qramdan bir az artıq narkotik vasitə heroin satmışdır. Müdafiəçi tərəfindən dəfələrlə verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona qarşı təzyiq olunmamışdır. ( C-İ 98-100,121-123) Təqsirləndirilən şəxs ifadələr arasındakı ziddiyyətin səbəbini polis əməkdaşlarının ona təzyiq etməsi ilə əsaslandırmışdır. Sonda təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə görə CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə dindirilmiş Şahid1 Rəfael oğlu ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, 17 iyul 2024-cü il tarixdə Hafiz adlı şəxsin Yevlax rayon ərazisində narkotik vasitələrin daşınması və saxlanmasında şübhəli bilinməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat üzrə Hafiz adlı şəxs saxlanılmış və polis şöbəsinə gətirilmişdir. Şəxsin üzərinə baxış keçirilən zaman üzərindən 2 qram narkotik vasitə heroin aşkar edilmişdir. Şəxs həmin narkotiki 15 iyul 2024-cü il tarixdə Şirvan şəhər sakini Teymur adlı şəxsdən pul müqabilində aldığını bildirmişdir. 18 iyul 2024-cü il tarixdə Teymuru Şirvan şəhərində Xəqani küçəsində saxlamışlar və Yevlax Rayon Polis Şöbəsinə aparmışlar. Şəxsin üzərinə baxış zamanı 5.78 qram narkotik vasitə heroin aşkar edilmişdir. O, həmin narkotik vasitəni tanımadığı İİR vətəndaşından aldığını və həmin narkotik vasitədən Hafiz adlı şəxsə satdığını bildirmişdir. Şəxsə qarşı zor tətbiq edilməmişdir. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. İş üzrə dindirilmiş Şahid3 ifadəsində göstərmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, 17 iyul 2024-cü il tarixdə Hafiz adlı şəxs Yevlax rayon ərazisində saxlanılmış və polis şöbəsinə gətirilmişdir. Şəxsin üzərinə baxış keçirilən zaman üzərindən 2 qram narkotik vasitə heroin aşkar edilmişdir. Şəxs həmin narkotik vasitəni Şirvan şəhər sakini Teymur adlı şəxsdən pul müqabilində aldığını bildirmişdir. 18 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Şirvan şəhərində Xəqani küçəsində saxlamışlar və Yevlax Rayon Polis Şöbəsinə gətirmişlər. Şəxsin üzərinə baxış zamanı 5 qramdan çox narkotik vasitə heroin aşkar edilmişdir. Şəxslərin hər ikisi vəkillə təmin olunmuş və onlara qarşı zor tətbiq edilməmişdir. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. İş üzrə dindirilmiş Şahid4 ifadəsində göstəmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs 7 saylı çəzaçəkmə müəssisəsindən tanıyır, onunla məhkum yoldaşı olmuşdur. O, Şirvan şəhərində Ramin adlı tanışının evinə qonaq getmiş, həmin tanışından Təqsirləndirilən şəxs nömrəsini almış və onunla dost kimi görüşmək istəmişdir. Ancaq Təqsirləndirilən şəxs işi çıxdığı üçün görüşməmişlər. Şirvan şəhərinə getdikdən bir neçə gün sonra polis əməkdaşları onu saxlayaraq şöbəyə aparmışlar, orada onu döymüşlər və Təqsirləndirilən şəxs adını verməyə məcbur etmişlər. Saxlanılan vaxt onun üzərində 2 qram narkotik vasitə heroin olmuşdur. Üzərində olan narkotik vasitəni Təqsirləndirilən şəxs almamamışdır. İfadələr arasında ziddiyyət yarandığı üçün Şahid4 təqsirləndirilməsinə dair məhkəmənin əldə etdiyi Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(091)- 84/2025 saylı hökmündə qeyd edilmiş Şahid4 ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Şahid4 məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində qeyd etmişdir ki, özünü təqsirli bilmir, polis əməkdaşları onun üzərindən narkotik vasitə aşkar etməmişlər, zibilə atdığı narkotik vasitəni Şirvan şəhərində Teymur Əkbərov adlı şəxsdən əldə etmişdir, belə ki, 2 qram narkotik vasitə üçün Teymur Əkbərova iki ədəd 50 manatlıq olmaqla 100 manat pul vermişdir. Şəxsi axtarış zamanı onun üzərindən aşkar olunan narkotik vasitəni onun üzərinə qoymuşlar. Həmçinin, Şahid4 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd olunmuşdur ki, 2024-cü ilin iyul ayının 14-də əvvəllər tanıdığı, 7 saylı cəzaçəkmə müəssisəsində birlikdə cəza çəkdiyi, məhkum yoldaşı olmuş Şirvan şəhər sakini Təqsirləndirilən şəxs ilə mobil telefonu vasitəsilə əlaqə saxlayaraq ona narkotik vasitə olan heroin satmasını istəmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilmişdir. O, 2024-cü ilin iyul ayının 14-də saat təxminən 12 radələrində Şirvan şəhərinə Teymurun dediyi “Füzuli” parkına getmiş, saat 15 radələrində Teymurla görüşərək, Teymura iki ədəd 50 manatlıq əskinas şəklində olmaqla 100 manat pul verərək Teymurdan bir ədəd bükümdə 2 qramdan çox narkotik vasitə olan heroin almış və bundan sonra yaşadığı Yevlax şəhərinə qayıtmışdır. Şəxsi axtraış zamanı onun şalvarının sağ yan cibindən bir ədəd siqaret kağızına bükülmüş bükülüdə olan, Şirvan şəhər sakini Teymur Əkbərovdan almış olduğu narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. (İ cild, i.v: 163-165) Sorğu zamanı Şahid4 ifadələr arasındakı ziddiyyətin səbəbini əsaslandıra bilməmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və Şahid4 hər ikisinin ibtidai istintaq zamanı verdikləri ifadələri, həmçinin, digər şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - «Şübhəli şəxsin tutulması haqqında» 18 iyul 2024-cü il tarixli, 624 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:15-də ARCM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. ( C-İ, i.v. 79-80) - «Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə» 18 iyul 2024-cü il tarixli, 628 nömrəli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən bir ədəd çəkisi 5,78 qram olan sellofan bükülüdə olan narkotik vasitə heroinə bənzər kütlə və “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. ( C-İ, i.v. 87-94) - «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» 19 iyul 2024-cü il tarixli, 684 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( C-İ, i.v. 142-143) - «Diskə baxış keçirilməsi haqqında » 22 avqust 2024-cü il tarixli, 786 nömrəli protokoldan görünür ki, ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələr Şahid4 adınadır. ***-***-**-** və ***-***-**-** saylı mobil nömrəyə daxil olmuş və mobil nömrədən çıxan sms mətinlərinə baxış keçirdikdə narkotik vasitələrin alqı-satqısı ilə bağlı sms mətinləri aşkar edilməmişdir. Şahid4 məxsus olan ***-***-**-** saylı mobil nömrədən çıxan və həmin mobil nömrəyə daxil olan zənglər cədvəlinə baxdıqda Şahid4 məxsus olan ***- ***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2024-cü il tarixdə saat 18:55- də, xx.xx.2024-cü il tarixdə saat 11:31-də, saat 11:35-də, saat 11:38-də və saat 12:40-da mobil telefon danışıqları həyata keçirildiyi müəyyən edilmişdir. Şahid4 məxsus olan ***-***-**-** saylı mobil nömrədən çıxan və həmin mobil nömrəyə daxil olan zənglər cədvəlinə baxdıqda Şahid4 məxsus olan ***- ***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2024-cü il tarixdə saat 18:48- də, saat 18:49-da, xx.xx.2024-cu il tarixdə saat 15:23-de, saat 15:32-de, saat 15:33-da, saat 15:34-da, saat 15:56-da, saat 16:03-də, saat 16:29-da və saat 21:38-də mobil telefon danışıqları həyata keçirildiyi müəyyən edilmişdir. Şahid4 məxsus olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin anten dairəsinə baxdıqda həmin mobil nömrələrin 14 iyul 2024-cü il tarixdə saat 15 radələrində Şirvan şəhəri H.Əliyev prospekti ərazisində istifadə edildiyi aşkar edilmişdir ( C-İİ, i.v. 34) - « Diskə baxış keçirilməsi haqqında » 22 avqust 2024-cü il tarixli, 788 nömrəli protokoldan görünür ki, ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs adınadır. ***- ***-**-** saylı mobil nömrənin kimə məxsus olması göstərilməmişdir. ***-***-**-** ve ***-***- **-** saylı mobil nömrəyə daxil olmuş və mobil nömrədən çıxan sms mətnlərinə baxış keçirdikdə narkotik vasitələrin alqı-satqısı ilə bağlı sms mətinləri aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məxsus olan ***-***-**-** saylı mobil nömrədən çıxan və həmin mobil nömrəyə daxil olan zənglər cədvəlinə baxdıqda X2 məxsus olan ***-***-**-** saylı mobil nömrə ilə Şahid4 məxsus olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2024-cü il tarixdə saat 18:48-de, saat 18:49-da saat 18:55-de, xx.xx.2024-cü il tarixdə saat 11:31-də, saat 11.35-də, saat 11:38-də, saat 12:40-da, saat 15:23-də, saat 15:32-de, saat 15:33-de, saat 15:34-də, saat 15:56-da, saat 16:03-də, saat 16:29-da və saat 21:38-də mobil telefon danışıqları həyata keçirildiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məxsus olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin anten dairəsinə baxdıqda həmin mobil nömrələrin 14 iyul 2024-cü il tarixdə saat 15 radələrində Şirvan şəhəri H.Əliyev prospekti ərazisində istifadə edildiyi aşkar edilmişdir. (C-İİ, i.v. 35) - Yevlax Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 4(039)-67/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. ( C-İ, i.v. 185-189) - Məhkəmə-narkoloji ekspertizasının 31 avqust 2024-cü il tarixli, 1505 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. ( C-İİ, i.v 102) - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Şirvan şəhər Mərkəzi xəstəxanası” Publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 18-1-35/2-1187/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanasının psixo-nevroloji və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. ( C-İİ, i.v. 27) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X8 Bölməsinin 19 iyul 2024-cü il tarixli, 3-16-16/2-17/640 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01(bir) ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə.” Yazısı, adlar və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi- 5,516 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01(bir) ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə.” Yazısı, adlar və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd şəffaf sellofan bükümdə olan heroin ilə üzərində üzərində “01(bir) ədəd bükümdə heroin. Şahid4 oğ..” yazısı və digər yazılar olan 01(bir) ədəd MEM-nə məxsus kağız paketin içərisindəki 01(bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Qeyd: Heroinin təmiz çəkisi-5,516 qr., tədqiqata sərf edildi-0,050 qr, qalıq-5,446 qr. Qeyd: Heroinin təmiz çəkisi-2,058 qr., tədqiqata sərf edildi-0,050 qr, qalıq-2,008 qr. ( C-İ, i.v. 107-108) - «Əşyanın maddi sübut hesab edilməsi və saxlanca verilməsi haqqında» 23 iyul 2024-cü il tarixli, 726 nömrəli qərardan görünür ki, Şahid4 üzərindən aşkar edilərək götürülmüş 01 ədəd zərfdə təmiz çəkisi 2,108 qram olan, ekspertiza tədqiqatlarından sonra faktiki təmiz çəkisi 2,008 qram olan narkotik vasitə olan heroin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və Yevlax rayon polis şöbəsinin maddi sübutların saxlanılma otağına təhvil verilməsi göstərilmişdir. ( C-İ. i.v. 221) - «Əşyanın maddi sübut hesab edilməsi və saxlanca verilməsi haqqında» 23 iyul 2024-cü il tarixli, 728 nömrəli qəraradan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd zərfdə qablaşdırılmış təmiz çəkisi 5,516 qram olan, ekspertiza tədqiqatlarından sonra faktiki təmiz çəkisi 5,466 qram olan narkotik vasitə heroin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və Yevlax Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılma otağına təhvil verilməsi göstərilmişdir. ( C-İ. i.v. 222-223) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Müdafiə tərəfinin dəlillərinə qiymət verilməsi: Məhkəmə Təqsirləndirilən şəxs Şahid4 adlı şəxsi ümumiyyətlə tanımaması, onunla heç bir tanışlığının olmaması, ona narkotik vasitə satmaması və polis əməkdaşları tərəfindən ona təzyiqlər göstərilməsi nəticəsində narkotik vasitəni üzərinə götürməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər aşağıda qeyd edilənlərə əsasən iş materialları ilə uzlaşmadığından mötəbər dəlillər kimi qiymətləndirilməməlidir. Belə ki, əvvəla, Cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla, tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarının 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Lakin iş materiallarından görünür ki, nə təqsirləndirilən şəxs nə də müdafiəçisi polis əməkdaşlarının ona qarşı qanunsuz hərəkətlərə yol verməsi ilə bağlı müvafiq orqana şikayət verməmişlər. Əksinə, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində, həmçinin, Şahid4la videoçəkilişlə üzləşdirmə zamanı ona elan edilmiş ittihamı bütünlüklə qəbul etmiş, həmçinin, müdafiəçisinin təkidlə verilmiş suallarına cavab olaraq ona qarşı polislər tərəfindən təzyiq olunmadığını bildirmişdir. Bundan əlavə, işdə olan məhkəmə-bioloji ekspertizasının müvafiq rəyindən görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid4 üzərindən aşkar edilmiş kütlələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və tədqiqata təqdim olunmuş narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Yuxarıda qeyd edilən ekspert rəyi təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsinin yəni, üzərindən aşkar olunmuş 5,516 qram narkotik vasitənin polislər tərəfindən saxlanılarkən üzərində olması, ona məxsus olması ilə bağlı hissəsi ilə birlikdə qiymətləndirildikdə məhkəmə tərkibi hesab edir ki, X11 Məmmədova narkotik vasitə satmaması ilə bağlı məhkəmə istintaqında verdiyi ifadəsi, həmçinin, Şahid4 onun işinə X16 Cinayətlər Məhkəməsində baxılarkən verdiyi ifadəsinin polis əməkdaşları ona yaxınlaşarkən Təqsirləndirilən şəxs aldığı narkotik vasitəni yerə tullaması, üzərindən aşkar olunmuş narkotik vasitənin həminki olmaması, polislər tərəfindən başqa narkotik vasitə üzərinə qoyulması ilə bağlı hissəsi tədqiq edilmiş sübutlarla uzlaşmadığından, mötəbər sübut kimi qəbul edilməməlidir. Cinayət Prosessual Məcəlləsinin 126.6-cı madddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Yuxarıda təhlil olunan sübutların məzmunundan görünür ki, təqsirləndirilən şəxsin ibtidai istintaq dövründəki etirafedici ifadəsi iş üzrə digər sübutlarla təsdiq olunur, onun məhkəmədəki ifadəsinin, yəni, Şahid4 tanımaması, onunla Şirvan şəhərində görüşüb ona narkotik vasitə satmaması, ona qarşı zor tətbiq edilməsi ilə bağlı hissəsi isə iş materialları ilə təsdiq olunmur. Odur ki, məhkəmə tərkibi təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini qeyri-inandırıcı, özünümüdafiə xarakterli və qeyri-mötəbər hesab edərək, ibtidai istintaq dövründəki ifadəsini mötəbər sübut kimi qəbul edir. Həmçinin, iş üzrə dindirilmiş şahidlərin ifadələri, o cümlədən Şahid4 iş materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarında olan sübutlarla təsdiq edildiyindən, onları ittihamın digər sübutları ilə birlikdə mötəbər sübut kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi xeyli miqdar, 2 qramı və ya ondan artıq hissəsi külli miqdar, 800 qramdan artıq hissəsi isə xüsusilə külli miqdar (təmiz halda qramlarla) hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması- miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmədə tədqiq edilmiş təkzibedilməz sübutlarla müəyyən edilir ki, Şahid4 və Teymur Əkbərov əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarına görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müəssisəsində birlikdə olmuş, 13-14 iyul 2024-cü il tarixlərdə bir-birləri ilə 14 dəfə telefonla danışmış (saat və dəqiqələr : 2-ci cild, i.v.34), ondan əvvəl şəxslər arasında telefon danışığı müəyyən edilməmiş, Teymur Əkbərovun yaşayış yeri Şirvan şəhəri olmuş, Şahid4 14 iyul 2024-cü il tarixdə Şirvan şəhəri, H.Əliyev prospekti ərazisində olmuş, bundan sonra, Şahid4 xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən üzərində 2,108 qram narkotik vasitə heroinlə yaxalanmış, saxlanılarkən həmin narkotik vasitəni Şirvan şəhər sakini Təqsirləndirilən şəxs 14 iyul 2024-cü il tarixdə, Şirvan şəhərində görüşüb aldığını bildirmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış və götürmə haqqında protokollar, üzləşdirmə haqqında protokol, maddi sübutlar: 5,466 qram olan və 2,008 qram olan narkotik vasitə heroinlər, 05 ədəd CD disk digər istintaq sənədləri ilə sübuta yetirilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsində cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş aşağıda qeyd olunanları nəzərə alır: - DİN-in BƏSİİ-dən verilmiş 29 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 77-ci maddəsinə əsasən çəkilməmiş qalan 01 il 10 ay 28 gün cəzası azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuş, xx.xx.2009-cu ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2009-cu il tarixli Amnistiya qərarına əsasən azad olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli Amnistiya qərarına əsasən cəzadan azad olunmuşdur. Bundan başqa Əkpərov X4 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən xx.xx.2015-ci il tarixli hökm ləğv edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1, 234.4.3, 66.3 və 93.1.4-cü maddələri ilə təqsirli bilinərək 09 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. ( C-İ, i.v 229-230) - Şirvan şəhər İcra Hakimiyyəti Başçısının Yevlax şəhər 1 saylı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 avqust 2024-cü il tarixli, 3965 nömrəli arayışdan və 335 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri: 1) arvadı 1983-cü il təvəllüdlü X7, 2) qızı 2009-cu il təvəllüdlü X3, 3) oğlu 2010-cu il təvəllüdlü X5 ilə birlikdə yaşamışdır. Təqsirləndirilən şəxs yaşayış yerində müsbət xarakterizə olunmuşdur. ( C-İİ, i.v. 22-25) Cinayət Məcəlləsinin 234.4.3-cümaddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin təhlükəli residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin 2/3-dən az ola bilməz. Göründüyü kimi, Təqsirləndirilən şəxs 8 ildən aşağı həddə cəza təyin edilə bilməz. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ARCM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivinin olması cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təqsirləndirilən şəxs barəsində olan tələbnamədən görünür ki, o, xx.xx.2007-ci ildən 3 dəfə narkotik vasitələrin qanunsuz dövriyəsinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, sonuncu dəfə ona 9 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsinə və cəzasının sonu ilə azad olunmasına baxmayaraq, yenidən eyni xarakterli cinayət törətmişdir. Qeyd olunanlar onu göstərir ki, təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyəsinə meyilli şəxsdir və islah olunmamışdır. Yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlin ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən halın olmamasını və ağırlaşdıran halın olmasını, cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin tələbləri daxilində elə həddə cəzalandırılmalıdır ki, təyin ediləcək cəza cəzanın məqsədlərinə xidmət etsin. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, “Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 18 iyul 2024-cü il tarixdən hesablanmalı, Yevlax Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 4(039)- 67/2024 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Bundan başqa, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 69,10 (altmış doqquz manat on) qəpik məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 69,10 (altmış doqquz manat on) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, İş üzrə maddi sübut kimi tanınaraq Yevlax RPŞ-də saxlanılan- ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkiləri 5,466 qram və 2,008 qram olan narkotik vasitə heroinlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 5 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, xüsusi müsadirə təyin edilməsi üçün (ARCM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 18 iyul 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Yevlax RPŞ-də saxlanılan- ayrı-ayrılıqda faktiki olaraq təmiz çəkiləri 5,466 qram və 2,008 qram olan narkotik vasitə heroinlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 5 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatı xərci kimi - 69,10 (altmış doqquz manat on) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Məhkəmə Ekspertiza Mərkəzinə köçürülsün. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Cavid Səfərli Aqil Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar