Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-230/2022 07.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2001-ci ildə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməyən, Saatlı şəhəri, Ü.Hacıbəyov küçəsi ev 44-də qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs Saatlı şəhəri, A.Abuzərov küçəsində yerləşən çayxananın qarşısından keçən avtomobil yolunda 01 oktyabr 2021-ci il tarixdə saat 20:55 radələrində tanışı Zərərçəkmiş şəxs1 onun qardaşı Şahid1 ilə bir gün əvvəl domino oynayarkən udduqları 10 manat pulun 5 manatını istəməsi səbəbindən yaranmış mübahisəni sakitləşdirdikdən sonra Zərərçəkmiş şəxs1 onun ünvanına nalayiq söyüş söydükdə, davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla, söyüş söyməyə adekvat olmayan hərəkət edib, xuliqanlıq niyyətilə və hadisə yerində olan sonuncunun qardaşı Zərərçəkmiş şəxs2 gözü qarşısında xüsusi əzab və iztirab verdiyini dərk edib müstəsna dərəcədə rəhimsizlik nümayiş etdirərək xüsusi amansızlıq etməklə üstündə gəzdirdiyi məlum olmayan bıçaqla qarın nahiyəsinə bir dəfə qəsdən vuraraq, ona qarnın sol qalça nahiyəsində qarın boşluğuna keçən, böyük piyliyi və S-vari bağırsağı yaralayan bir ədəd insan həyatı üçün təhlükəli olan kəsilmiş-deşilmiş yara xəsarəti yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuş, cinayət əməlini davam etdirərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsində, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıqda ifadə olunan, vətəndaşlar üzərində zor tətbiq olunması müşayiət edilən qərəzli hərəkətlər edib, üstündə gəzdirdiyi məlum olmayan, silah qismində istifadə olunan bıçaqla, eyni zamanda hadisə yerində olmaqla mübahisəyə qoşulmayan Zərərçəkmiş şəxs2 yaxınlaşıb heç bir səbəb olmadan döş qəfəsi nahiyəsinə bir dəfə qəsdən vuraraq, ona döş qəfəsinin sol yan səthində, sol qoltuqaltı xətt üzrə 12-ci qabırğa səviyyəsində döş və qarın boşluğuna keçməyən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bir ədəd kəsilmiş-deşilmiş yara xəsarəti yetirməklə ətrafdakı çoxlu sayda şəxslərin dincliyini pozub silah qismində istifadə olunan əşyadan istifadə etməklə qəsdən xuliqanlıq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən yəni CM-nin 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə deyil həmin məcəllənin 126.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Saatlı şəhərində qeydiyyatdadır, lakin həbs olunanadək Bakı şəhərində yaşamışdır. Şahid1 onun qardaşıdır, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 Saatlı şəhərində qonşularıdır, onlarla normal münasibəti olmuş, heç bir düşmənçilik və ədavəti olmamışdır. 01 oktyabr 2021-ci il tarixdə Bakı şəhərindən çıxıb Saatlı şəhərinə getmiş, axşam radələrimdə qardaşı Ruslan ona zəng edib evlərinin yaxınlığındakı Əlmədətin işlətdiyi kafedə əyləşdiyini və onun ora gəlməyini demiş, təxminən saat 19 radələrində o, həmin yerə getmiş, Ruslan, qonşuları Zeynal, İmanverdi və digər tanışları ilə kafedə yemək yemışlər. Sonra kafedən bayırda çıxaraq Rahiblə söhbət etmiş, sonra Bakı şəhərinə getməli olduğu üçün piyada Saatlı şəhəri istiqamətində getmiş, arxada səs-küy eşidib baxdıqda qardaşı Ruslanın İmanverdi ilə əlbəyaxa olduğunu görüb dərhal geri onların yanına getmiş, Ruslanı tutub kənara çəkmiş ki, İmanverdi ilə dalaşmasın, orada səs-küy yaranmış, səsə kafedə əyləşən çoxlu sayda şəxslər çıxıb gəlmişlər, lakin həmin şəxsləri tanımamışdır. Ruslan qışqıraraq onu buraxmağını tələb etmiş, Ruslan içkili olduğundan ona əli ilə sifətindən bir neçə dəfə vurmuş, İmanverdi söyüş söydüyü üçün İmanverdinin üstünə getmiş, o, da, Ruslanın arxasınca getmiş, Ruslanı orada olan şəxslər tutub saxlamış, Ruslan ilə İmanverdinin mübahisəsi yekunlaşsa da, İmanverdi onun varyoxuna nalayiq söyüş söymüş, o, bundan bərk əsəbləşmiş, yerdən tapdığı bıçaqla İmanverdinin üstünə gedib sol qasıq nahiyəsinə bir dəfə vurmuş və arxaya çəkilmiş, həmin vaxt Zeynal onlardan 2-3 metr aralıqda olmuş, çox güman ki, Zeynal bunu görmüş, ona görə də, Zeynal da, onun varyoxuna söyüş söymüş, bu səbəbdən əlində olan həmin bıçaqla Zeynal oradan uzaqlaşarkən arxasınca gedib arxadan belinin sol tərəfindən bir dəfə vurmuş və arxaya çəkilmişdir. Bundan sonra çıxıb Bakı şəhərinə getmiş, polis tərəfindən axtarıldığını düşünərək Yevlax şəhərinə gedib orada kirayə yaşamış, 20 noyabr 2021-ci il tarixdə Yevlax şəhərində olarkən polis əməkdaşları onu saxlamışlar. Əməlindən peşimandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 dindirilərək ifadəsində göstərmişdir ki, Saatlı şəhərində qardaşı Zeynal ilə birlikdə yaşayır, Təqsirləndirilən şəxs və Şahid1 qonşularıdır, onlarla münasibəti normal olmuşdur, heç bir düşmənçilik və ədavəti olmamışdır. Tərlan arada Saatlı şəhərindəki ata evinə gəlib-getmiş, 01 oktyabr 2021-ci il tarixdə dostları ilə Saatlı şəhərində kafeyə getmişlər. Kafedə Tərlanı görərək onunla bir masada əyləşib yeyib içmişlər, sonuncunun qardaşı Ruslan gəlib onlarla birlikdə spirtli içki qəbul etmişdir. Təxminən bir saatdan sonra qardaşı Zeynal onların yanına gəlmiş, saat 20:40 radələrində onlar kafedən bayıra çıxıb söhbət etmişlər. Söhbət əsanısında Ruslanla iki gün əvvəl domino oynayarkən udduğu 10 manat pulu istədikdə Ruslanla mübahisə etmişlər, pulu verməyəcəyini demiş, Ruslanın qardaşı Tərlan “mən türmədən çıxmışam, sən bizdən pul istəyə bilməzsən” sözlərini demişdir. Bundan sonra Ruslanla əlbəyaxa dalaşmışlar. Bu zaman orada olan şəxslər onları aralamışlar və dava bitmişdir. Bu zaman Tərlan qəfildən onun üstünə gəlib üzbəüz vəziyyətdə bıçaqla sol qasıq nahiyəsindən vurmuş, bu vaxt qardaşı Zeynal ondan təxminən 3 metr kənarda olmuşdur. İlk olaraq bıçaqla vurulduğunu hiss etməmiş, lakin bir dəqiqə sonra sol qasıq nahiyəsində ağrıların olduğunu və qan axtığını görmüşdür. Dərhal kəndarakı yola daxil olub qaçarkən sinif yoldaşı Elnuru görmüş, onun mobil telefonundan DİN-in “102” xidmətinə zəng vuraraq Tərlan tərəfindən bıçaqlandığını demişdir. Bundan sonra təcili tibbi yardım avtomobili gəlmiş, ilk olaraq Saatlı rayon mərkəzi xəstəxanasına aparmışlar, ilkin tibbi yardım göstərilmiş, oradan isə Şirvan şəhər mərkəzi xəstəxanasına aparmışlar. Xəstəxanada olanda bilmiş ki, Tərlan qardaşı Zeynalı da belinin sol tərəfindən bıçaqla vurmuşdur. O, xəstəxanada olarkən Zeynalı da yaralı vəziyyətdə ora gətirmişlər. Təqsirləndirilən şəxs və ya onun ailə üzvləri tərəfindən onun müalicə xərclərinə köməklik olunmamış, ona maddi yardım göstərilməmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmamış, şikayətçidir, ona qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 dindirilərək ifadəsində göstərmişdir ki, qardaşı İmanverdi ilə birlikdə Saatlı şəhərində yaşayır, Təqsirləndirilən şəxs və Şahid1 qonşularıdır, onlarla münasibəti normal olmuş, heç bir düşmənçilik və ədavəti olmamışdır. Tərlan Bakı şəhərində yaşayır, arada Saatlı şəhərindəki ata evinə gəlib-getmişdir. 01 oktyabr 2021-ci il tarixdə Saatlı şəhərində olarkən qardaşı İmanverdi dostları ilə birlikdə evlərinin yaxınlığında yerləşən kafeyə yeyib-içməyə getmişdilər. Təxminən bir saat sonra o, da qardaşının yanına getmiş, kafedə Tərlan, Ruslan, Əli, Orxan və qardaşı İmanverdi olmuşlar. Bir qədər sonra kafedən çıxıb söhbət etmişlər, sonra Əlini Bakı şəhərinə yola salmaq üçün piyada Saatlı şəhəri istiqamətində getmişlər, təxminən 300 metr getmişlər ki, İmanverdi arxadan qaça-qaça gəlib Ruslanın ona dominoda uduzduğu 5 manat pulu vermədiyini, onu döydüyünü və pulunu alıbqaytarılmasında köməklik etməyini demiş, sonra qaça-qaça kafenin qarşısına getmiş, o, İmnaverdinin dalınca getmiş, ora çatanda baxıb görmüş ki, Ruslan ilə İmanverdini orada olan çoxlu sayda şəxslər aralaşdırırlar. Aralaşandan sonra dava artıq bitmişdir. Bu vaxt qəfildən Tərlan İmanverdinin üstünə gedib bıçaqla onu vurmuş, həmin an o, qaradşından təxminən 3 metr aralıda olmuşdur. Bundan sonra oradan uzaqlaşmaq üçün gedərkən qəfildən arxadan belinin sol tərəfindən nəsə dəydini hiss etmiş, çevrilib baxdıqda görmüş ki, Tərlan əlində bıçaqla “səni bıçaqla vurdum” sözlərini demişdir. Həmin nahiyyədən qan axdığını görmüş, dərhal o, oradan tanımadığı yol maşını ilə Saatlı rayon mərkəzi xəstəxanasına getmiş, ilkin tibbi yardım göstərildikdən sonra, Şirvan şəhər mərkəzi xəstəxanasına aparmışlar. Təqsirləndirilən şəxs və ya onun ailə üzvləri tərəfindən onun müalicə xərclərinə köməklik olunmamış, ona maddi yardım göstərilməmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmamış, şikayətçidir, ona qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Saatlı şəhərində yaşayır. Qardaşı Tərlan isə anası Aynur ilə Bakı şəhərində yaşayır, arada Saatlı rayonuna gəlib gedir. 01 oktyabr 2021-ci il tarixdə Tərlan Saatlıya gəlmiş, sonuncu ilə Əlmədət adlı şəxsin işlətdiyi kafeyə getmişlər. Təxminən 5 dəqiqə sonra tanışları İmanverdi gəlib onlarla oturmuş, sonra 5 dəqiqəyə tanışları Əli və Orxan qardaşları və İmanverdinin qardaşı Zeynal kafeyə gəlmiş, onlarla yeyib-içmişlər. Saat 20:30 radələrində kafedən çıxmışlar, İmamverdi ilə aralarında dominoda oynadıqları pul üstündə mübahisələri düşmüş və o, İmamverdi ilə dalaşmışdır. Orada olan şəxslər onları aralamışlar. Dalaşma zamanı görməsə də , sonradan bilmiş ki, qardaşı Tərlan həmin vaxt bıçaqla İmanverdi və Zeynalı bıçaqla vurmuşdur. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Saatlı şəhərində yaşayır. Təqsirləndirilən şəxs dayısı oğludur. 01 oktyabr 2021-ci il tarixdə axşam saatlarında Əlmədətin işlətdiyi kafeyə gedib dostları ilə çay içmişlər. Həmçinin həmin kafedə Tərlan, Tərlanın qardaşı Ruslan, qonşuları Əli və Orxan, Zeynal və İmanverdi qardaşları kabinetdə olmuşlar, o, spirtli içki qəbul etmədiyi üçün onlarla əyləşməmiş, sadəcə görüşüb otaqdan bayıra çıxmış, gedib domino oynamışdır. Təxminən saat 20:45 radələrində o, Tərlanla birlikdə kafedən bayıra Əsgərin mağazasının qarşısına asfalt yola çıxmışlar, orada Tərlanla söhbət etmişlər, sonradan onların yanına Tərlanla birlikdə əyləşən şəxslər gəlmişlər, birlikdə söhbət etmişlər. X3 domino borcuna görə dalaşmışlar. Orada olan şəxslər onları aralamışlar. Dava bitəndən sonra İmanverdi və Ruslan birbirlərinə nalayiq söyüşlər söymüşdür. O, Ruslanı bir neçə metr kənara çəkib Saatlı şəhəri istiqamətinə aparmış, elə həmin vaxt Tərlan bıçaq əlində Əliyə nəsə söz deyərək mağazanın yanında kəndarası yola girib qaçmışdır. Sonradan məlum olmuşdur ki, Tərlan dava zamanı İmanverdi və Zeynalı bıçaqla vurmuşdur. Şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Saatlı şəhərində yaşayır. 01 oktyabr 2021-ci il tarixdə axşam saatlarında Əlmədətin işlətdiyi kafeyə gedib dostları ilə vaxt keçirmişdir. Saat 20:40 radələrində kafedən bayıra çıxmış, orada Tərlan və Ruslanın İmanverdi ilə söhbət etdiyini görmüş, Ruslanla İmanverdi sözlə mübahisə edirlər, sonuncu Ruslana bir neçə gün öncə birlikdə domino oynayarkən udduğu 5 manatı tələb etmişdir. Tərlan isə kənarda dayanmışdır. İmanverdi ilə Ruslan əlbəyaxa dava etməyə başlamışlar. Ruslanı Tərlan tutub kənara çəkmiş, İmanverdini isə Rahib tutub kənara çəkib aralaşdırmışlar. Bu vaxt Tərlan əlində saxladığı bıçaqla Zeynalın belinə bir dəfə vurmuş, həmin anı görmüş, bundan sonra Tərlan arxaya çəkilmişdir. Hadisədən sonra bilmiş ki, Tərlan əlindəki bıçaqla Zeynalı vurmamışdan az əvvəl İmanverdinin ona söyüş söyməsi səbəbindən sol qasıq nahiyəsində bir dəfə bıçaqla vurmuşdur. Şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Saatlı şəhərində yaşayır. 01 oktyabr 2022-ci il tarixdə təxminən saat 21 radələrində siqaret çəkmək üçün evdən küçəyə çıxmış, bu zaman qaça-qaça kiminsə gəldiyini görmüş, həmin şəxs yaxınlaşdıqda onun sinif yoldaşı Zərərçəkmiş şəxs1 olduğunu görmüşdür. Nə baş verdiyini soruşduqda İmanverdi “məni bıçaqlayıblar” sözlərini demişdir. Bundan sonra İmanverdi ondan telefonu alaraq “102” Xidmətinə zəng verərək məlumat vermiş, bundan başqa “103” Təcili tibbi yardım xidmətinə zəng etmişdir. Sonradan İmanverdidən eşitdiyinə görə, Tərlan əlində olan bıçaqla əvvəl İmanverdini, sonra İmanverdinin qardaşı Zeynalı vurmuşdur. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “baxış keçirilməsi və götürmə haqqında” 01 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə Saatlı şəhəri, A.Abuzərov küçəsində “Bizim çay evi” kafesinin qarşısında avtomobil yolunda baş vermişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 300 nömrəli rəyində göstərilir ki, 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – qarnın sol qalça nahiyəsində qarın boşluğuna keçən, böyük piyliyi və S-vari bağırsağı yaralayan bir ədəd kəsilmiş-deşilmiş yara kəsici-deşici alətin, bıçağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2021-ci il tarixə uyğundur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Qeyd olunmuş üst dodaqda selikli qişada qansızma küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2021-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs1 bədən səthindəki xəsarətin lokalizasiyası, təqdim olunmuş şalvar üzərindəki zədənin lokalizasiyasına uyğundur. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 301 nömrəli rəyində göstərilir ki, 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – döş qəfəsinin sol yan səthində, sol qoltuqaltı xətt üzrə 12-ci qabırğa səviyyəsində döş və qarın boşluğuna keçməyən bir ədəd kəsilmiş-deşilmiş yara kəsici-deşici alətin, bıçağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2021-ci il tarixə uyğundur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs2 bədən səthindəki xəsarətin lokalizasiyası, təqdim olunmuş paltarlar üzərindəki zədələrin lokalizasiyasına uyğundur. İş materiallarında olan məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2021-ci il tarixli 624-2021/MTKŞ nömrəli rəyində göstərilir ki, ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs1 məxsus şalvarın ön səthinin sol yarısının yuxarı hissəsində bir ədəd deşilmişkəsilmiş zədə aşkar edildi. Bu zədə kafi itilikli ülgücü, kafi itilikli ucu və özünü kafi dərəcədə biruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin, ola bilsin ki, bıçağın tiyəsinin təsirindən əmələ gəlmişdir. 2. Ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs2 məxsus köynəyin və maykanın arxa səthinin sol yarısının aşağı hissəsində bir ədəd deşilmişkəsilmiş zədə aşkar edildi. Bu zədə kafi itilikli ülgücü, kafi itilikli ucu və özünü kafi dərəcədə biruzə edən küpü olan yastı tiyə tipli deşici-kəsici alətin, ola bilsin ki, bıçağın tiyəsinin təsirindən əmələ gəlmişdir. 3. Ekspertizaya təqdim olunmuş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus geyim əşyaları üzərində əlbəyaxa olma, dartılma nəticəsində yaranmaya xarakterik heç bir zədə aşkar olunmadı. 4. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs1 məxsus şalvarın ön səthinin sol yarısının yuxarı hissəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəni üzərində olan qarnın sol qalça nahiyyəsində qarın boşluğuna keçən bir ədəd kəsilmiş-deşilmiş yara xəsarəti ilə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşür. 5. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs2 məxsus köynəyin və maykanın arxa səthinin sol yarısının aşağı hissəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəni üzərindəki döş qəfəsinin sol yan səthində döş və qarın boşluğuna keçməyən bir ədəd kəsilmiş-deşilmiş yara xəsarəti ilə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşür. İş materiallarında olan məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli 757-2021/MTBŞ nömrəli rəyində göstərilir ki, 1. Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qan qrupu – Oalfabeta (İ) 2. Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu – Abeta (İİ) (Təqdim edilmiş portalların kserosurətinə əsasən) 3. Tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs2 məxsus 01 alt mayka və vodolazka üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda “H” antigeni, alt mayka üzərindəki ləkələrdə həmçinin alfa və beta aqlyutininləri alındı. Bu qan ləkələri Oalfabeta (İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs2 məxsus ola bilər. 4. Tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd idman şalvarı üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 3016 nömrəli rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan yaşayış yeri üzrə verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Saatlı şəhəri, Ü.Hacıbəyov küçəsi ev 44-də qeydiyyatda olmaqla yaşamış, ailə tərkibi anasından və qardaşından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan «maddi sübut kimi tanınma haqqında» 02 oktyabr 2021-ci il taixli qərarından görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş 1 ədəd idman şalvarı, Zərərçəkmiş şəxs2 əynində olmuş 1 ədəd tünd qara rəngli boğazlı uzunqol jaket və 1 ədəd ağ rəngli mayka həmin tarixli qərarla maddi sübut kimi tanınaraq Saatlı RPŞ-nin saxlanc otağına təhvil verilmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyindən ünvanlanmış tələbnamədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünün və Qaradağ Rayon Məhkəməsinin qərarının surətlərindən görünür ki, Mahmudov X4 Ağır Cinayətlər Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 66.5-ci maddəsinə əsasən 3 il 3 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 2 ay 25 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmişdir. İş materiallarında olan «axtarışda olanın tutulması haqqında» protokodan görünür ki, Təqsirləndirilən şəxs 20 noyabr 2021-ci il tarixdə Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulmuşdur. İş materiallarında olan «həbs qətimkan tədbirinin seçilməsi haqqında» Saatla Rayon Məhkəməsinin 22 noyabr 2021-ci il tarixdə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 20 noyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Saatlı Rayon Mərkəzi X5 şəxsin 08 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsində psixonevroloji, narkoloji və digər xəstəliklərlə bağlı dispanser qeydiyyatından deyildir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi və təqsirliyi tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə düzgün tövsif edilərək ittiham edilmişdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşiman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivinin olması cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edilərkən ona ittiham olunan CM-in müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Respublikası CM-in 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və təyin olunmuş cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-in 18.2.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayətin təhlükəli residivi sayılır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixi qərarının 2ci hissəsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş üzrə mülki iddia yoxdur və eksptiza xərci yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Saatlı rayon polis şöbəsində saxlanılan hadisə zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 əynində olmuş 1 ədəd idman şalvarın məhv edilməsini, Zərərçəkmiş şəxs2 əynində olmuş 1 ədəd tünd qara rəngli boğazlı uzunqol jaket və 1 ədəd ağ rəngli maykanın ona qaytarılmasını, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-nin 126.2.3 və 126.2.4-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 noyabr 2021-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış - Saatlı rayon polis şöbəsində saxlanılan hadisə zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 əynində olmuş 1 ədəd idman şalvar məhv edilsin və Zərərçəkmiş şəxs2 əynində olmuş 1 ədəd tünd qara rəngli boğazlı uzunqol jaket və 1 ədəd ağ rəngli mayka ona qaytarılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-230/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-230/2022
07.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver