Məhkəmə qərarları › İş №1(099)-230/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-230/2023

09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-230/2023 09.03.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X8, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1989-cu il tarixdə Əli Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, işsiz, Şirvan şəhəri, Ə.Qarayev küçəsi ev 4-də qeydiyyatda olan və yaşamış olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan külli miqdarda 2,880 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, üzərində daşımaqla saxlamış, 22 sentyabr 2022ci il tarixdə saat 01:00-da Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, 1 May küçəsində saxlanaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibində qanunsuz olaraq saxladığı 01 ədəd polietilen bükümdə təmiz çəkisi-2,880 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür.. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilib ifadəsində göstərmişdir ki, özü metamfetamindən istifadə edir. 20 sentyabr 2022-ci ildə saat 03:30 radələrində Şirvan şəhəri 1 May küçəsində avtomobilində olarkən polis əməkdaşları onun yanında maşını saxlayıb, polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt avtomobilində istifadə etdiyi metamfetaminin bankada olan qalığı olmuşdur. Daha sonra polis şöbəsinə aparılmış, orada Namaz adlı polis əməkdaşı demişdir ki, “buda 234.1-lə məsuliyyət yaradır, o da 234.1-lə məsuliyyət yaradır, bir büküm heroini üzərinə götür, sənədlərə qol çək, sənədlərə qol çəkməsən isə evindən yatdığın yerdən bir kq mal çıxararıq”. Eyni zamanda döyülmüş, fiziki təzyiqlərə məruz qalmışdır. Onu şöbədə Namaz və Farid adlı polis əməkdaşları döymüşdür. Həmin narkotik vasitə heroini vəkilinin gözü qarşısında Namaz onu otaqdan çıxararaq, qapıda cibinə qoymuşdur. O da məcbur olub razılaşmışdır. Lakin videoçəkiliş zamanı Namazın ona verdiyi bir bükümün çəkisinin çox olduğunu bilmiş, həmin bükümün tərəzidə çəkilməyini tələb etmişdir. Həmin vaxt narkotikin iki qram olmasını demiş və stola qoymuşdur ki, çəksinlər amma polislər demişdir ki, daha çəkilmə məsələsi yoxdur, təqdim etdiyi bükümü tərəzidə çəkməmişlər. Döyülməyi ilə bağlı şikayətlər etmiş, demişlər ki, araşdırılacaq daha sonra isə nəticəsi barədə məlumatı olmamışdır. Üzərindən çıxan narkotik vasitə heroinin ona aidiyyəti olmamış, saxlanılarkən üzərində az miqdarda metamfetamin olmuş, məhkəmədən narkotik vasitə istifadəçisi kimi barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu izahatı ilə və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra verdiyi ilkin izahatı elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin iştirakı ilə verdiyi izahatında göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. Şirvan şəhərində yaşadığı evin yaxınlığında bir ədəd sellofan görmüş və həmin sellofan diqqətini cəlb etdiyi üçün onu yerdən qaldırıb içərisinə baxmışdır. Həmin vaxt sellofan bükümdə narkotik vasitə heroin olduğunu görmüş və bu səbəbdən həmin sellofanı cibinə qoymuşdur ki, ondan sonra istifadə edər. 22 sentyabr 2022-ci ildə saat 01:50 radələrində şəhərin 1 May küçəsində hərəkət edərkən bir neçə nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim etmişlər və polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları üzərində narkotik vasitələrin qanunsuz gəzdirilməsi ilə bağlı şübhəli olduğu üçün üzərində şəxsi axtarış aparacaqlarını demişlər. Həmin vaxt ətrafda çoxlu sayda insan olduğu üçün, həmçinin onun üzərində heroin olduğu üçün o şəxsi axtarış aparılmasına etiraz etmişdir. Bu zaman polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. O, da etiraz etməmiş və birlikdə Şirvan RPŞ-nə gəlmişlər. Polis şöbəsinin təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və o həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X1. Bir müddət sonra vəkil Kənan Əbdürəhmanov gəldikdən sonra üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyini təklif etdikdə, o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümünü çıxarıb masanın üzərinə qoymuş, bildirmiş ki, həmin sellofan bükümdə heroin var. Həmin sellofan büküm onun və digər iştirakçıların iştirakı ilə açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən olunmuşdur. Polis əməkdaşları həmin heroinə bənzər kütləni hardan əldə etməyini soruşduqda, demişdir ki, həmin kütləni Şirvan şəhərində yerləşən Şirin Şükürov adına parkda yerdən tapmış və istifadə etmək üçün üzərində gəzdirmişdir. Daha sonra protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən ona imza edilmişdir. Şirvan şəhər polis şöbəsinə gətirilərkən və ya polis şöbəsində olarkən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi izahatı elan olunduqdan sonra Təqsirləndirilən şəxs, həmin izahatını təsdiq etmədiyini, orada təzyiq və təsir altında olduğundan izahatı imzaladığını bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Şirvan şəhər PŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 22 sentyabr 2022-ci il tarixdə xidmətdə olarkən Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələrin satışı və üzərində saxlamaqla məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar tərəfindən Təqsirləndirilən şəxs ətrafında təxirə salınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi ilə əlaqədar qərar qəbul olunmuşdur. 22 sentyabr 2022-ci il tarixdə saat 01 radələrində o, Şirvan ŞPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 ilə birlikdə Şirvan şəhəri, 1 May küçəsinə getmişlər. Həmin küçədə əməliyyat tədbirləri keçirərkən Təqsirləndirilən şəxs görmüşlər və məlumatın yoxlanılması məqsədilə onu Şirvan şəhər PŞ-nə dəvət etmişlər. PŞ-də Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, şəsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü təqdim etmiş, həmin 1 ədəd sellofan bükümün içərisindən narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən olunmuş, şifahi sorğulara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 1 ədəd sellofan bükümdə olan kütlə narkotik vasitə heroindir, həmin maddəni yerdən tapmışdır və istifadə etmək üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs Şirvan şəhər sakini kimi tanımış, onun Şirvan şəhər ərazisində narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması barədə ona məlumat daxil olmuş, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olsa da, sonuncunun kimə və ya kimlərə narkotik vasitə satması barədə müsbət nəticə əldə etmək mümkün olmamış, bu barədə olan məlumat tərəflərindən realizə edilməmişdir. Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə qoyulmamış, ona qarşı saxlanılarkən və polis şöbəsində olarkən heç bir fiziki zor və ya təhdid edilməmişdir, bu barədə bildirdikləri tamamilə yalan və böhtandır, özünü müdafiə xarakteri daşıyır. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2022-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz yolla əldə etdiyi, narkotik vasitə istifadə etməkdə, üzərində gəzdirməkdə və satışı ilə məşğul olmaqda şübhəli olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 3) İşdə olan, «təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2022-ci il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 4-5) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:00-da şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 27-28) İşdə olan, xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncunun əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. (c İ, i.v 29-31) İşdə olan, materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 18/1056 №li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “.../imza var/ Əliyev...” sözləri yazılmış kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-2,880 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinidir. Tədqiqata sərf edildi- 0,05 qr, qalıq-2,830 qr. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 manat təşkil edir. (c İ, i.v 37- 39) İşdə olan, Şirvan Şəhər Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 22 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. (c İ, i.v 72-73) İşdə olan, xx.xx.2022-ci il tarixli Şirvan şəhər İHB-nın 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Əliyev X9 şəhəri, Ə.Qarayev küçəsi, ev 4 ünvanında qeydiyyatdadır. Onun barəsində nümayəndəliyə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. (c İ, i.v 82-83) İşdə olan, xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Şirvan Şəhər Məhkəməsinin qərarından və Şirvan şəhəri üzrə icra və probasiya şöbəsindən daxil olmuş məktubdan görünür ki, Əliyev X10 Qubadlı Hərbi Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinərək, 06 ay A.M.E cəzasına məhkum edilmiş, xx.xx.2010-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.2.2, 315.1-ci maddələri ilə təqsirli bilinərək, 04 il A.M.E cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən hökm dəyişdirilmiş, Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.2.2, 315.1-ci maddələrinə əsasən 03 il A.M.E cəzası təyin edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 04 ay azadlığın məhdudlaşdırıması cəzasına məhkum edilmiş, 28 oktyabr 2022-ci il tarixli Şirvan Şəhər Məhkəməsinin hökmü ilə həmin Məhkəmənin 1(032)-68/2022 saylı, 15 mart 2022-ci il tarilxi hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 02 (iki) il 04 (ay) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 01 (bir) ay 23 (iyirmi üç) günü, 01 (bir) il 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. (c İ, i.v 85-87, 92-94, 99) İşdə olan, 24 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə polis əməkdaşı X5 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. (c İ, i.v 96-98) İşdə olan, xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olsa da, sonuncunun kimə və ya kimlərə narkotik vasitə satması barədə müsbət nəticə əldə etmək mümkün olmamışdır. (c İ, i.v 121) İşdə olan, məhkəmə-narkoloji ekspertizasının 13 oktyabr 2022-ci il tarixli 6019 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanerində qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 125-126) İşdə olan, 16 yanvar 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonrakı 2,830 qram narkotik vasitə heroinin qalığı maddi sübut kimi tanınmış saxlanılması üçün Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (c İ, i.v 127-133) Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs yuxarıda elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: saxlanılarkən üzərində az miqdarda psixotrop maddə metamfetamin olmuş, ondan başqa üzərində heç bir narkotik vasitə və qanunla qadağan edilmiş əşya və ya predmet olmamış, narkotik vasitə heroin polis əməkdaşları tərəfindən üzərinə qoyulmuş, polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər və təhdidlər edildiyi üçün həmin narkotik vasitə heroinin özünə məxsus olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxsin irəli sürdüyü ikinci dəlillə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və təhdidlərə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründə ondan izahatın zorakılıq, fiziki təzyiq hərəkətləri və təhdidlər tətbiq edilməklə alındığını bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 125.2.2-ci maddəsinə əsasən zorakılıq, hədəqorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə tərkibi qanunvericiliyin qeyd olunan normasında əks olunan halların, xüsusilə də zorakılıq və işgəncə hərəkətlərinin təqsirləndirilən şəxsə münasibətdə tətbiq edilib-edilməməsinin müəyyən edilməsi istiqamətində araşdırma aparılmasını zəruri hesab edir. Məhkəmə ilk olaraq Təqsirləndirilən şəxs zorakılıq, fiziki təzyiqə və təhdidə məruz qalaraq etirafedici izahat verməsinə münasibət bildirərək qeyd edir ki, bununla bağlı Şirvan Şəhər Prokurorluğunda cinayət təqibi aparılmış, müvafiq olaraq xx.xx.2022-ci il tarixli qərarla (cild İ, i.v 96-98) cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın surəti təqsirləndirilən şəxsə göndərilsə də, nə sonuncu, nə də ki, onun müdafiəçisi tərəfindən həmin qərar mübahisələndirilməmişdir. X14 Məhkəməsi «X3rşı» işi ilə bağlı qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Təqsirləndirilən şəxs tutulduqdan sonra zorakılıq, fiziki təzyiqə məruz qalması ilə bağlı göstərdikləri xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan izahatın cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən “Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür”. Müdafiə tərəfi cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş təqsirləndirilən şəxsin şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı bildirdiklərini və ilkin izahatını CPM-nin 124-ci maddəsi baxımından sübut hesab etməsə də, işin məhkəmə baxışı zamanı həmin sübutların yolverilməzliyini əsaslandıra bilməmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş polis əməkdaşları təqsirləndirilən şəxsə qarşı tərəflərindən hər hansı bir fiziki və ya psixi təsirlərin edilmədiyini bildirmişlər, eyni zamanda təqsirləndirilən şəxsdə üzərinə şəxsi axtarış keçirilərkən müdafiəçisi tərəfindən verilmiş suala cavab olaraq, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki və ya mənəvi təsirlərin edilmədiyini, aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu səsli nitqində bildirmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı tutulduqdan sonra zorakılıq, fiziki təzyiqlərə məruz qalmaqla ondan şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı, eləcədə şübhəli şəxs kimi izahat alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatlar, üzərindən aşkar edilmiş narkotik vasitə heroinin ona aidiyyətinin olmaması, həmin narkotik vasitənin üzərinə polis əməkdaşları tərəfindən qoyulması, daha sonra ona fiziki təzyqilər və təhdidlər edilməsi və nəticədə rəsmiləşdirilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma dövründə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı söylədiyi səsli nitqi və şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin iştirakı ilə vermiş olduğu izahatı, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs həm ibitidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2022-ci ildə (cild İ – i.v. 32-33) şübhəli şəxs qismində verdiyi izahatında, eləcə də üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn izahatlar vermişdir. Həmin istintaq hərəkətində təqsirləndirilən şəxs üzərindən çıxan narkotik vasitə heroinin özünə məxsus olmasını, tapmasını və istifadə etmək üçün üzərində saxladığını səsli nitqi ilə bilavasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Bununla yanaşı müdafiəçinin suallarına cavab olaraq üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu, polis əməkdaşları tərəfindən hər hansı bir fiziki və ya mənəvi təzyiqlərə məruz qalmadığını bildirmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründə şəxsi axtarış keçirilərkən söylədikləri, eləcə də izahatında bildirdiklərindən fərqli ifadə verməsini hər hansı bir mötəbər dəlillə əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən fiziki təsirə və hədə-qorxuya məruz qalmasını bildirməklə özünə qarşı verdiyi izahatları inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını birbirindən tam fərqli və bəsit formada təhrif edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Lakin təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı şəxsi axtarış keçirilərkən söylədikləri, eləcə də izahatında bildirdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan şəxsi axtarış keçirilərkən və izahatında üzərindən aşkar edilmiş narkotik vasitə heroinin ona aid olduğunu, istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs istər ibtidai araşdırma dövründə, istərsə də məhkəmə baxışı zamanı verdiyi aşkar edilmiş narkotik vasitə heroinin ona aidiyyətinin olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması barədə ifadələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şəxsi axtarış zamanı söylədiyi səsli nitqində, eləcədə şübhəli şəxs qismində verdiyi ilkin izahatında heç bir təsir və təzyiq göstərilmədən, müdafəçinin iştirakı ilə üzərindən aşkar edilmiş narkotik vasitə heroinin özünə məxsus olmasını və istifadə etmək məqsədilə üzərində gəzdirməsini, daha sonra həmin maddənin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsini etiraf etmiş və onun bu izahatı iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Məhkəmə tərkibi eyni zamanda qeyd edir ki, dövlət ittihamçısı öz çıxışında tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma cinayət əməlini satış məqsədi ilə deyil, bu cinayətin satış məqsədi olmadan törədilməsinin təsdiq olunduğunu və buna görə də istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlinin CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmadığı qənaətinə gəlib onun bu əməlinin CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməklə ittiham olunmalı olduğunu və Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərə tutulmuş cinayəti törətməkdə ittiham olunmasını müdafiə edərək onun həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalı olmasını bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 84.6.9-1-ci maddəsinə görə dövlət ittihamçısının şəxsə qarşı irəli sürülmüş ittihamla müqayisədə onun əməlinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsif edilməsini və ya şəxsə qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndlərin çıxarılmasını təklif etmək hüququ vardır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq dövlət ittihamçısının ittihamla bağlı mövqeyini əsaslı hesab edir və belə nəticəyə gəlir ki, dövlət ittihamçısı Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamla müqayisədə onun əməlinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsif edilməsini təklif etdiyindən, Təqsirləndirilən şəxs hərəkətlərini xarakterizə edən yuxarıda qeyd olunan hallar da Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin dispozisiyası ilə uzlaşdığından, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət qanunvericiliyinin qeyd olunan müddəalarını nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan Şəhər Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli qərarı ilə təyin edilmiş və çəkilməmiş 08 (səkkiz) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası yeni təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməli, onun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı onun tutulduğu vaxtdan 22 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,830 qram narkotik vasitə heroin məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan olan 49,74 (qırx doqquz manat, yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli qərarı ilə təyin edilmiş və çəkilməmiş 08 (səkkiz) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası yeni təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 22 sentyabr 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,830 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-49,74 (qırx doqquz manat, yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar