Məhkəmə qərarları › İş №1(099)-230/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-230/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-230/2024 29.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxx 1973-cü ildə Astara rayonunun Ərçivan kəndində doğulmuş,, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Astara rayonunun Ərçivan kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində 02 fevral 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 167-3.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz yolla qazanc əldə etmək üçün külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanılması, daşınması və satışına dair şəxsiyyəti müəyyən edilməmiş İran İslam Respublikasının vətəndaşı Mohsin Samavati adlı şəxslə razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun müəyyən edilməmiş üzvləri tərəfindən məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən qanunsuz olaraq əldə edilib saxlanılmış və daşınaraq Biləsuvar-Bəhrəmtəpə yolunun Biləsuvar rayonunun Nəsimi kənd ərazisindən keçən hissəsində Əzizbəyov su kanalın;n üzərindəki “Daş körpü” adlanan körpünün yaxınlığında gizlədilmiş külli miqdarda, yəni 14,221 qram çəkidə narkotik vasitə heroini əvvəlcədən razılaşdıqları kimi 01 fevral 2023-cü il tarixdə saat 12:30 dəqiqədə piyada həmin əraziyə gələrək, gizlədildiyi yerdən götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Biləsuvar Rayon Polis X6 Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonu, Nəsimi kəndində yerləşən “Daş körpü”nün yaxınlığında saxlanılaraq Biləsuvar RPŞ-nin inzibati binasına gətirilmiş və üzərində aparılmış şəxsi axtarış zamanı həmin narkotik vasitə bir ədəd bağlamada olmaqla əynindəki gödəkcənin sol iç cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, dini ekstremist materialları saxlama və yayma məqsədilə məlum olmayan şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran dini ekstremist materialları, yəni məzmununda Azərbaycan Respublikasında hakimiyyətin dəyişməli olub İslam hakimiyyətinin qurulmasına yönələn, insanları hakimiyyətə qarşı mübarizəyə dəvət etməklə təhrikedici ifadələr işlədilən, Azərbaycanda “vilayəti-fəqih” ideologiyasına əsaslanan siyasi sistemin və dini dövlətin yaradılmasına hesablanan radikal, dini-ekstremist ideyalar təbliğ edilən, üzərində “Hüseynçilər: Azərbaycan İslam Müqavimət Hərəkatı”nın loqosunun təsviri və Azərbaycanın dövlət başçısı və Azərbaycan hökümətinə qarşı nifrət ifadə edilən yazılar olan A4 formatlı 02 ədəd vərəqəni və üzərində “Hüseynçilər: Azərbaycan İslam Müqavimət Hərəkatı”nın sarı rəngli bayrağının, bayrağın fonunda İran İslam Respublikasının ali dini lideri X13 və “Hizbullah” təşkilatının lideri X11 fotoşəkillərinin, Azərbaycan Respublikası Dövlət Gerbinin, “Azərbaycan İslam Müqavimət Hərəkatı”nın loqosunun, yəni Azərbaycan Respublikasının xəritəsi və snayper tüfəngi tutan əlin təsviri olan, logonun üzərində Qurani-Kərimin “əl-Həcc” surəsinin 39-cu ayəsinin məzmunu, alt hissəsində isə “hüseynçilər” mənasını verən “hüseyniyyun” yazılmış, həmçinin fars və azərbaycan dillərində “Azərbaycan İslam Müqaviməti olan Hüseyniyyun təşkilatı Azərbaycan gənci üçün milli məfkurənin dini-mənəvi hissləri ilə peyvəndi olan ən ideal model olacaq, düşmən bunu istəsə də, istəməsə də bu baş verəcək. Bu, ilahi bir vəddir və biz bunda zərrə qədər şübhə etmirik. X14 - 2016” yazısı olan A4 formatlı 02 ədəd vərəqəni istintaqa məlum olmayan vaxtda, şəraitdə və mənbədən əldə edərək yayma məqsədi ilə 03 fevral 2023-cü il, saat 01:30-dək, yəni Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən evində axtarış aparılıb aşkar edilənədək həmin evdə saxlamışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 167-3.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, dindar olmaqla məclislərdə quran, həmçinin yas mərasimlərində xütbələr oxumuşdur. 31 yanvar 2023-cü ildə Bakı şəhərində olarkən axşam saatlarında tanışı, Abşeron rayonu, Xocəsən qəsəbəsindən yaşayan Asəf Xurşudov ona zəng edərək Biləsuvar rayonunda yaşayan bibisinin rəhmətə getdiyini bildirmiş və fevralın 1-də yas mərasiminin 3-ü günü onunla birlikdə mərasimdə iştirak etməsini xahiş etmiş, Asəfin təklifi ilə razılaşaraq həmin gün Asəfin idarə etdiyi avtomobillə Biləsuvar rayonunun Nəsimi kəndinə yola düşmüş, həmin vaxt avtomobildə Asəfin bacısı və yoldaşı da avtomobildə olmuş, onlar səhər saat 8 radələrində yas mərasiminə gəlmiş, təxminən 2 saat yas mərasimində iştirak etdikdən sonra onlar yas mərasmindən çıxıb Asəf Xurşudovun avtomobilinə əyləşib oradan təxminən 50 metr aralanmış, polis əməkdaşları onları saxlayaraq Səmədabad polis bölməsinə gətirmiş, şöbədə olarkən rəis müavini Elnur müəllim ona «sənin iranla danışıqların olub, götür bu narkotik vasitəni qoy cibinə”, demiş, polis əməkdaşları onu təhqir etmiş, saqqalını yolmuş, həmin vaxt halı pisləşdiyindən bölməyə təcili tibb yardım briqadası gələrək ona ilkin tibbi yardım göstərilmiş, sonra ailəsi ilə təhdid edilməklə ona psixi və fiziki zorakılıq göstərildiyindən məcbur olub ilkin izahat və ifadələrində narkotik vasitəni İran İslam Respublikası vətəndaşı Mohsin Səmavatinin sözünə görə Nəsimi kəndi ərazisindən götürdüyünü, həmçinin həmin narkotik vasitəni onun dediyi şəxsə Astara rayonunda çatdıracağını bildirmişdir. Dini təhsil almaq, alver etmək və müalicə məqsədilə 2019-cu ilə kimi bir neçə dəfə İran İslam Respublikasına getmiş, Qum şəhərində dini təhsil almış, fars dilini mükəmməl, ərəb dilini isə müəyyən qədər öyrənmiş, təhsil alarkən şəkillər çəkdirmiş, bir neçə ədəd quranın təsviri olan kitablar alaraq gömrük nəzarətindən keçirib yaşadığı evə gətirib evində saxlamışdır. O, heç vaxt narkotik vasitə istifadə etməmiş, Nəsimi kəndi ərazisində “daş körpü” adlanan yerə getməmiş, onun üzərində narkotik vasitə eləcə də yaşadığı evdə dini ekstremizmi təbliğ edən heç bir material olmamış, üzərinə narkotik vasitə, həmçinin evinə dini ekstremizmi təbliğ edən materiallar polis əməkdaşları tərəfindən qoyulmuşdur. İranda təhsil alarkən Mohsin Səmavati ilə tanış olmuş, o, fars dilli olduğu üçün ona tərcüməçilik etmişdir. Heç bir günahı olmadığından barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilməklə tədqiq olunarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs bir təsir-təzyiq göstərilmədən müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilən zaman ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ətraflı ifadələr verərək göstərmişdir ki, ailəsi ilə birgə Astara rayonunun Ərçivan kəndində qeydiyyatda olmaqla orada yaşamiş, 1995-ci ildə İran İslam Respublikasının Qum şəhərinə dini təhsil almaq üçün getmiş, 2011-ci ildə təhsilini başa vurub geri qayıtmışdır. Əvvəllər məhkum olunmamış və narkotik vasitələrdən istifadə etməmiş, rayonda meyvə-tərəvəz alveri ilə məşğul olmaqla ailəsini dolandırmışdır. İran vətəndaş Mohsin Samavatini tanımış, onunla telefon əlaqələri olmuş, 01 fevral 2023-cü ildə Mohsinlə telefonla danışan zaman Biləsuvar rayonuna gələcəyi deyərkən sonuncu ona Biləsuvar rayonunun Nəsimi kəndinin ərazisində, Daş körpü adlanan yerin yaxınlığında yolun kənarında içərisində narkotik vasitə olan bağlama olduğunu və həmin bağlamanı oradan götürüb Astaraya apararaq onun deyəcəyi şəxsə çatdırmasını xahiş etmiş, həmin gün səhər saatlarında Biləsuvar rayonu, Nəsimi kəndinə hüzür məclisinə gəlmiş, orada iştirak etdikdən sonra Mohsinin dediyi yerə gedərək yolun kənarında və içərisində narkotik vasitə olan bağlamanı götürüb əynindəki gödəkçəmin sol iç cibinə qoymuş, bir az piyada getdikdən sonra polis əməkdaşları ona yaxınlaşıb özlərini tədqdim edərək narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu polis şöbəsinə aparmış, şöbədə öz seçiminə əsasən hüquqlarını müdafiə etmək üçün vəkil Əli Hüseynov dəvət olunmuş, üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilərkən ona üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olması, varsa könüllü təqdim etməsi təklif olunmuş, o, əynindəki qara rəngli gödəkçənin sol iç cibindən sellofana bükülmüş bir ədəd bükülünü çıxarıb masanın üstünə qoyaraq içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitənin İran vətəndaşı Mohsin Samavati tərəfindən ona göndərildiyini, narkotik vasitəni sonuncunun deyəcəyi şəxsə çatdıracağının bildirmiş, bükülüyə onun, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilərkən bükülünün içərisində narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuş, həmin maddə elektron tərəzidə çəkilən zaman çəkisinin 17,89 qram olması müəyyən edilmiş, şəxsi axtarışdan sonra tərtib olunan protokolu müdafiəçisi ilə tanış olub imzalamışlar. Evindən aşkar olunan 12 ədəd üzərində iran sözləri yazılmış vərəq və İran generalı Qasim Süleymaninin fotoşəkilləri, İmam Rzanın şəkili onun evində olmamışdır. Evindən aşkar olunmuş 2 ədəd yaşıl bayrağı və 1 ədəd qara bayrağı Kərbəlayi şəhərindən gətirmiş, 37 ədəd diskdə olan yazılar isə dini mövzularla bağlı olmuşdur. Saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilən zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təzyiq və ya təsir olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətməsini, həmçinin onun bu əməllərin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında Biləsuvar rayon polis X6 bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 şahid qismində dindirilərkən məhkəməyədək icraat zamanı verdiyi ifadələrini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 01 fevral 2023-cü ildə Astara rayonu, Ərçivan kənd sakini Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş, sonuncunun cinayət əməlinin ifşa edilməsi üçün həmin gün polis əməkdaşlarından ibarət əməliyyataxtarış qrupu yaradılmış, Təqsirləndirilən şəxs saat 12:25 radələrində rayonun Nəsimi kəndinin ərazisində müşahidəyə götürülərək "Daş körpü" adlanan yerin yaxınlığında piyada hərəkət edərkən polis əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, şöbədə ona hüquq və vəzifələri izah edildikdən sonra sonuncunun seçdiyi müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı saxlanılan şəxs əynindəki qış gödəkçəsinin sol iç cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb masanın üstünə qoyaraq bükülünün içərisində özünə məxsus olan narkotik vasitə heroin olduğunu bildirmiş, bükülü açılaraq ona baxış keçirilərkən içərisində narkotik vasitə heroinə bənzər maddə, çəkisi isə qablaşdırması ilə birgə -17,89 qram olmuş, şəxsi axtarış keçirilməsi ilə bağlı tərtib edilmiş protokola heç bir etiraz olmadan Təqsirləndirilən şəxs, onun müdafiəçisi və polis əməkdaşları tərəfindən imzalanmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirinin davamı olaraq Astara Rayon Məhkəməsinin qərarı əsasında Təqsirləndirilən şəxs Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən fərdi yaşayış evinə sonuncunun həyat yoldaşının iştirakı ilə axtarış keçirilmiş, axtarış zamanı sonuncunun İranın müxtəlif şəhərlərində çəkdirdiyi fotoşəkillər, üzərində ərəb və ya fars dilində yazılar olan vərəqələr və şəhadətnamələr, üzərində “Ərbəin” sözləri yazılmış 4 ədəd kitabça, İranın generalı Qasım Süleymaninin, İİR-nın lideri Xameneinin və Qasim Süleymaninin yanaşı foto şəkili, eləcə də kitablar və xeyli sayda disklər aşkar olunaraq götürülmüş, sonra protokol tərtib edilərək axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətitilərkən, polis şöbəsində izahat və ifadəsi alınarkən ona hər hansı bir polis əməkdaşı tərəfindən təzyiq göstərilməmiş, hədə-qorxu gəlinməmiş və ya digərı heç bir fiziki və psixi zor tətbiq edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 da Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında X5 əlavə şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, 02 fevral 2023-cü ildə səhər saat 9 radələrində evdə olarkən qapıları döyülmüş, anası Fatimə qapını açarkən gələn şəxsin polis əməkdaşı olduğunu, həmin şəxs evə baxış keçiriləcəyini və evdə olan hər kəsin evdən çıxmasını bildirmiş, evə baxış keçirilməsi üçün icazə qərarının olmasını tələb etdikdə icazə qərarı təxminən 3 saat sonra gətirilmiş, həmin vaxt həyətdə 40-nəfərə yaxın polis əməkdaşı olmuş, baxışdan əvvəl mobil telefonlar onlardan alınaraq stolun üzərinə qoyulmış, sonra çəkilişə başlanılmış, polis rəisinin müavini “Seyranı haqq yoluna gətirməyə” gəldiyini demiş, onu və bacılarını aşağı həyətə düşürmüş, anası tək polis əməkdaşları ilə birgə axtarışda iştirak etmiş, həyətdə olarkən ağacların arasında tərəzi və maşının arxasında isə kisələr görmüş, həmin kisələrin içərisində narkotik maddələr olduğunu düşünmüş, onları orada görən polis əməkdaşları onlara təzyiq göstərərək onları oradan uzaqlaşdırmış, axtarış başa çatdıqdan sonra anasına yazılan protokolu diqqətlə oxumasını demiş, sonra protoklu özü oxumuş, protokol əl yazısı ilə yazılan qısa bir yazı olmuş, protokolda “evdə qeyri qanuni hər hansı bir əşya tapılmamışdır” yazılmışdır. Evdə aşkar olunan şəkillər və bayraq onların evində olmamışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X4 da şahid X3 ifadəsində göstərilənləri təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan 01 fevral 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş diskə keçirilmiş baxışdan görünür ki, Biləsuvar RPŞ-nin əməkdaşları və saxlanılan şəxsin hüquqlarını müfadiə etmək etmək üçün şöbəyə dəvət olunmuş müdafiəçinin iştirakı ilə, həmçinin videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən sonuncuya hüquq və vəzifələri izah edildikdən sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd cib dəsmalı, sağ yan cibindən 8 (səkkiz) ədəd 100 (yüz) manatlıq və 2 (iki) ədəd 50 (əlli) manatlıq əskinazlar, qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd “Samsung” markalı mobil telefon, 1 (bir) ədəd qara rəngli papaq, sol yan cibindən 1 (bir) ədəd təsbeh, 1 (bir) ədəd “Samsung” markalı mobil telefon, sol iç cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü, əlindəki qara rəngli əl çantası açılıb baxdıqda içərisində 2 (iki) ədəd ərəb əlifbası ilə yazılmış kitab, 2 (iki) ədəd “Qurani- Kərim” kitabı və 1 (bir) ədəd “Quran” ayələri yazılmış kitabça aşkar edilmiş, eyni zamanda sonuncunun üzərindən aşkar edilmiş bir ədəd şəffaf rəngli sellofanın içərisində narkotik vasitə heroinə bənzər maddə olan bükülü elektron tərəzisində çəkildikdə, çəkisinin bükülü ilə birlikdə 17,89 qram olması müəyyən edilmiş, həmin bükülü zərfə qoyularaq qablaşdırılb götürülmüş, keçirilmiş şəxsi axtarışla bağlı tərtib olunmuş protokolun düzgünlüyü orada iştirak edən şəxslər, o cümlədən Təqsirləndirilən şəxs tərfəndən imzalanmışdır. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli qərarından görünür ki, Biləsuvar Rayon Polis X6 bölməsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olan, Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair 01 fevral 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan Astara Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs yaşadığı Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən fərdi yaşayış evinə sonuncunun həyat yoldaşı X2 iştirakı ilə, həmçinin videoçəkilişlə “axtarış və götürmə” aparılması haqqında istintaq hərəkəti keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs evində narkotik vasitələr və ya psixotrop maddələr aşkar edilməsə də, Təqsirləndirilən şəxs məxsus yataq otağına baxış keçirilərkən otaqdan sonuncunun İran İslam Respublikasının müxtəlif şəhərlərində çəkdirdiyi 23 ədəd fotoşəkil, üzərində ərəb və ya da ki fars dilində, aşağı hissəsində @unity_story, www.unity-story.com yazılar olan sarı fonlu iki ədəd A4 formatlı vərəqə, üzərində “Ərbəin” sözləri yazılmış 4 ədəd kitabça, üzərində fars dilində yazılar və İmam Rzanın ziyarətgahının təsviri olan 4 ədəd şəhadətnamə, övladına məxsus otaqdan 01 ədəd 2000-lik İran pulu, 01 ədəd 5000lik İran pulu, 01 ədəd İran İslam Respublikasına aid çek dəftəri, 2 ədəd İran İslam Respublikasına aid kitab, istirahət otağı kimi təqdim edilən otaqdan isə üzərində “İmam Rzanın mövludu mübarək” yazısı olan 01 ədəd banner, İran İslam Respublikasına aid 01 ədəd kitab, iki ədəd kiçik ölçülü yaşıl rəngli bayraq, 1 ədəd böyük ölçülü qara və yaşıl rəngli bayraq, üzərində İran İslam Respublikası generalı Qasım Süleymaninin fotoşəkili olan 01 ədəd A4 formatlı şəkil, üzərində İran İslam Respublikasının lideri Xameneinin və Qasim Süleymaninin yanaşı foto şəkili olan 01 ədəd A4 formatlı şəkil, üzərində “Hüseynçilər” Azərbaycan İslam Müqavimət Hərəkatı yazısı olan 05 ədəd A4 formtalı vərəqə, üzərində azərbaycan dilində və farsca yazılar olan 06 ədəd A4 formatlı vərəqə, televizorun alt hissəsindən 37 ədəd disk aşkar edilərək götürülmüş, götürülən bütün əşyalar Fatimə Rzayevaya təqdim edilmiş, “axtarış və götürmə” istintaq hərəkətinin aparılması ilə bağlı tərtib edilmiş protokol axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmış və videoçəkilişi özündə əks etdirən 1 ədəd CD disk iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-dən götürülərək iş materiallarına əlavə edilmiş bir ədəd “CD” diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ********* nömrəyə İran İslam Respublikasına aid **********55 nömrədən fars dilində sms-lər gəlmiş, ********* nömrənin anten dairəsi sonuncu dəfə 01 fevral 2023cü ildə saat 05:13:12-də ünvan 1 ünvanı ətrafında olmuşdur. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 19/141 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən olunmuş maddənin qablaşdırıldığı zərf” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: - 14,221 qram maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 136 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmaqdan narkotik vasitə istifadə hallar olub. Lakin asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 515 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ona edilən ittihamın mahiyyətini dərk etmək iqtidarındadır. İş materiallarında olan təkrar məhkəmə-linqvistik və dinşünaslıq ekspertizasının 12 may 2023-cü il tarixli 4/810 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş dini təyinatlı ədəbiyyat nümunələrindən və dini məzmunlu məlumat materiallarından üzərində “Hüseynçilər: Azərbaycan İslami Müqavimət Hərəkatı”nın loqosunun təsviri və "Hüseyniyyun Azərbaycan İslam Müqaviməti Allahın yardımı və müsəlman xalqın himayəsi ilə qüdrətlə və tədbirlə öz yolunu davam edəcək, Azərbaycanın dövlət başçısı və Azərbaycan hökümətinə qarşı nifrət ifadə edilən yazıları olan A4 formatlı vərəqə və üzərində İran İslam Respublikasının ali dini lideri X13, "Hizbullah" təşkilatının lideri X11 foto şəkilləri, "Hüseynçilər: Azərbaycan İslami Müqavimət Hərəkatı"nın sarı rəngli bayrağının təsviri olan A4 formatlı vərəqə dini ekstremist materiallardır. Belə ki, həmin vərəqələrdə dini ekstremist fəaliyyət həyata keçirən Hüseyniyyun Azərbaycan İslam Müqavimət Hərəkatı” adlı qanunsuz silahlı qruplaşma təşviq və təbliğ olunur, ona rəğbət ifadə edilir. Sözügedən təşkilatın yaradılma məqsədi və əsas hədəflərindən biri isə Azərbaycan Respublikasının konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə yönələn hərəkətlərin törədilməsidir. İş materiallarına əlavə edilmiş Biləsuvar rayon prokurorluğunun 28 sentyabr 2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunaraq döyülməsi, təhqir olunması və ailəsilə təhdid olunması ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş şikayəti prokurorluqda ətraflı araşdırılmış, araşdırma zamanı Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş tibbi kitabçada olan məlumatlarla, eləcə də məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tibbi müayinədən keçərkən bədəni üzərində heç bir zədə və ya xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs şikayət ərizəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə maddi sübut kimi tanınan və ekspretiza tədqiqatından sonra qalıq çəkisi 14,171 qram narkotik vasitə heroin, eyni zamanda üzərində “Hüseynçilər: Azərbaycan İslami Müqavimət Hərəkatı”nın loqosunun təsviri və "Hüseyniyyun Azərbaycan İslam Müqaviməti Allahın yardımı və müsəlman xalqın himayəsi ilə qüdrətlə və tədbirlə öz yolunu davam edəcək, Azərbaycanın dövlət başçısı və Azərbaycan hökümətinə qarşı nifrət ifadə edilən yazıları olan A4 formatlı 02 ədəd vərəqə və üzərində İran İslam Respublikasının ali dini lideri X13, "Hizbullah" təşkilatının lideri X11 foto şəkilləri, "Hüseynçilər: Azərbaycan İslami Müqavimət Hərəkatı"nın sarı rəngli bayrağının təsviri olan A4 formatlı 02 ədəd vərəqə Bakı şəhəri Səbail Rayon Polis İdarəsində saxlanılır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi qismən etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq ittihamı təsdiq edən sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 167-3.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə iş üzrə obyektiv həqiqəti müəyyən edərkən təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrini düzgün, obyektiv, məntiqli və işin faktiki hallarına uyğun gəldiyi qənaətinə gəlir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlil gətirərək üzərində aşkar olunan narkotik vasitə heroinin, eləcə də onun evində aşkar edilən dini düşmənçilik - dini ekstremist materialları hazırlama və yayamaqla bağlı olan materialların ona məxsus olmaması, onların polis əməkdaşları tərəfindən üzərinə və evinə qoyulduğunu, polis şöbəsində təzyiqlərə məruz qaldığından məcbur olub narkotik vasitə heroinin özünə məxsus olmasını yalandan etiraf etdiyini, müstəntiqə verdiyi ifadəsini təsdiq etmədiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi xüsusatlara tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, təqsirləndirilən şəxsin ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunması və ya hədə-qorxu gəlmələri ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, həmin fakt üzrə məhkəmə-tibbi ekspertizası keçirilərək müvafiq rəy alınmış, həmin rəylə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmiş, eyni zamanda barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması, döyülməsi, ailəsilə təhdid olunması ilə bağlı şikayətlə müraciət etməmiş, hətta sonradan belə onun polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı hər hansı bir dövlət orqanına şikayəti olmamışdır. Eyni zamanda məhkəmə məhkəmədə əlavə şahid qismində dindirilmiş şəxslərin ifadələrinə münasibət olaraq bildirir ki, həmin ifadələr Təqsirləndirilən şəxs müdafiə xarakterli olmaqla onu törətdiyi cinayət əməlinə görə daşıyacağı məsuliyyətdən kənarda qoymaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi etirafedici ifadələrin məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Belə ki, Biləsuvar Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılarkən sonuncu ona elan edilmiş ittihamda özünü tam təqsirli bilərək məhkəmədən barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitə heroinin, eləcə də evində aşkar edilən dini düşmənçilik - dini ekstremist materialları hazırlama və yayamaqla bağlı olan materialların ona məxsus olmaması, onların polis əməkdaşları tərəfindən üzərinə və evinə qoyulması ilə bağlı göstərdiyi xüsusat məhkəməyədək icraat zamanı müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünün verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə aparılan şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinin protokolu, həmçinin barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə bu hallar barədə heç bir fikir bildirməməsi, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla təkzib olunur. Məhkəmədə tədqiq olunmuş videoçəkilişdən də görünür ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofana bükülmüş büküm çıxarıb təqdim edərək içərisində olan narkotik vasitə heroinin özünə məxsus olduğunu etiraf edir, narkotik vasitənin üzərinə polis əmkdaşları tərəfindən qoyulması və ya hədə-qorxuya məruz qalaraq polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı hər hansı bir dəlil irəli sürmür. Məhkəmə hesab edir ki, artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə icraatı zamanı verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə, başqa sözlə onun cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi qismən etirafedici ifadələri ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun məhkəməyədək icraat zamanı müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi qismən etirafedici ifadəsini, həmçinin barəsində məhkəmədə həbs qətimkan tədbiri seçilərkən cinayəti etiraf etməsini, eyni zamanda şahidlərin ifadələrini, eskpertiza rəylərini, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolu, əməlini etiraf etməsinə dair videoçəkilişi və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətini Azərbaycan Respublikası CM-in 167-3.1, 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 167-3.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində saxlanıldığı vaxtdan, yəni 01 fevral 2023-cü ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 01 fevral 2023-cü ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 167-3.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, ona təqsirli bilindiyi hər bir maddə üzrə, əsas cəza növündə, maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Rzayev X7 rayonunun Ərçivan kəndində qeydiyyatda olmaqla himayəsində heç bir yerdə işləməyən arvadı və ikisi yetkinlik yaşına çatmayan olmaqla 3 uşağı ilə birgə orada yaşamış, yaşayış yerindən mənfi xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun məhkəməyədək icraat zamanı özünü qismən təqsirli bilməsini, himayəsində heç bir yerdə işləməyən arvadı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədi. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Səbail Rayon Polis İdarəsində saxlanılan və ekspretiza tədqiqatından sonra qalıq çəkisi 14,171 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Səbail Rayon Polis İdarəsində saxlanılan və üzərində “Hüseynçilər: Azərbaycan İslami Müqavimət Hərəkatı”nın loqosunun təsviri və "Hüseyniyyun Azərbaycan İslam Müqaviməti Allahın yardımı və müsəlman xalqın himayəsi ilə qüdrətlə və tədbirlə öz yolunu davam edəcək, Azərbaycanın dövlət başçısı və Azərbaycan hökümətinə qarşı nifrət ifadə edilən yazıları olan A4 formatlı 02 ədəd vərəqə və üzərində İran İslam Respublikasının ali dini lideri X13, "Hizbullah" təşkilatının lideri X11 foto şəkilləri, "Hüseynçilər: Azərbaycan İslami Müqavimət Hərəkatı"nın sarı rəngli bayrağının təsviri olan A4 formatlı 02 ədəd vərəqə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv olunmalıdır. İş üzrə məhkəmə ekspertiza xərcləri olan 560 (beş yüz altmış) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 167-3.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-in 167-3.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti cəza 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 01 fevral 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Səbail Rayon Polis İdarəsində saxlanılan və ekspretiza tədqiqatından sonra qalıq çəkisi 14,171 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Səbail Rayon Polis İdarəsində saxlanılan və üzərində “Hüseynçilər: Azərbaycan İslami Müqavimət Hərəkatı”nın loqosunun təsviri və "Hüseyniyyun Azərbaycan İslam Müqaviməti Allahın yardımı və müsəlman xalqın himayəsi ilə qüdrətlə və tədbirlə öz yolunu davam edəcək, Azərbaycanın dövlət başçısı və Azərbaycan hökümətinə qarşı nifrət ifadə edilən yazıları olan A4 formatlı 02 ədəd vərəqə və üzərində İran İslam Respublikasının ali dini lideri X13, "Hizbullah" təşkilatının lideri X11 foto şəkilləri, "Hüseynçilər: Azərbaycan İslami Müqavimət Hərəkatı"nın sarı rəngli bayrağının təsviri olan A4 formatlı 02 ədəd vərəqə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə məhkəmə ekspertiza xərcləri olan 560 (beş yüz altmış) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev

2. Cavid Səfərli

3. Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar