Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-231/2023 13.04.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Şirvan şəhəri S.Zeynalov küçəsi, ev 2, mənzil 49-da qeyyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq külli miqdarda - 2,830 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 22 sentyabr 2022-ci il tarixdə saat 02:30 radələrində Şirvan şəhəri, İ.Qabiov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib, üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman 2,830 qram narkotik vasitə heroin əynində olan şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, narkotik vasitə olan heroin istifadəçisidir. 22 sentyabr 2022-ci il tarixdə Şirvan şəhərində küçədə gedərkən bir ədəd bükümdə heroin tapmış və öz istifadəsi üçün götürmüşdür. Heroinin bir hissəsini istifadə etmiş, qalan hissəsini isə üzərində saxlamışdır. Heroini tapmasından təxminən bir saat sonra saat 02 radələrində Şirvan şəhərində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis şöbəsinə aparılmaqla şübhəli şəxs kimi tutulmuş, üzərində vəkilin iştirakı ilə və videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılarkən özü bir ədəd bükümdə olan heroini təqdim etmişdir. Onda aşkar olunan heroin onun yanında tərəzidə çəkilməmişdir. Üzərində aşkar olunan heroinin miqdarı təxminən 1 qram olmuşdur. Polis işçiləri tərəfindən ona qarşı heç bir təzyiq-təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid1 məhkəmədə göstərdi ki, Şirvan Şəhər Polis Şöbəsinin Cinayət axtarış bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 22 sentyabr 2022-ci il tarixdə Şirvan şəhəri S.Zeynalov küçəsi ev 2, mənzil 49-da yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə həmin gün saat 02:30 radələrində Təqsirləndirilən şəxs Şirvan şəhərində İ.Qayıbov küçəsində saxlamış, üzərində narkotik vasitələr saxlamaqda şübhəli olmasını bildirməklə polis şöbəsinə dəvət etmişlər. O, polis şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutulmuş, üzərində müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə olunaraq şəxsi axtarış aparılan zaman əynində olan şalvarının sağ yan cibindən bir ədəd sellofan büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümdə narkotik vasitə heroin olduğunu, onu Şirvan şəhərində N.Nərimanov küçəsində yerdən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. O, Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə qoymamış və ona qarşı heç bir təsir və ya təzyiq göstərməmişdir. Məhkəmədə şahid qismində dindirilən polis əməkdaşı Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Şəxsi axtarış və götürmə aparılması haqqında 22 sentyabr 2022-ci il tarixli protokoldan və protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroini təqdim etmiş, onu Şirvan şəhərində N.Nərimanov parkında yerdən tapdığını və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Matierialların məhkəmə ekspertizasının 22 sentyabr 2022-ci il tarixli, 18/1057 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, 01 ədəd bükümdə təmiz çəkisi 2,830 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Məhkəmə-narkoloji ekspertizasının 04 yanvar 2023-cü il tarixli, 5753 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. «Şirvan Şəhər Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsin 05 oktyabr 2022-ci il tarixli, 1012 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkoloji və ruhiəsəb kabinetlərində qeydiyyatda yoxdur. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində xx.xx.2016 və xx.xx.2022-ci illərdə doğulmuş iki azyaşlı uşaqları vardır. Yaşayış yerindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində ərazi nümayəndəliyinə şikayət daxil olmaması göstərilmişdir. Təqsirləndirilən şəxs iş üzrə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və barəsində Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 2,830 qram narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinəəsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalı, məhkəmə iclas zalında həbsə alınmalı, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 22 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 2,780 qram narkotik vasitə heroin məhv edilməlidir. Ekspertiza xərci 31 manat 95 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və məhkəmə iclas zalında həbsə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 22 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 2,780 qram narkotik vasitə heroin məhv edilsin. Ekspertiza xərci 31 manat 95 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-231/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-231/2023
13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver