Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-232/2023 21.02.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X7, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi- müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 20 avqust 1995-ci il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, 25 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 26 sentyabr 2022-ci il tarixdən barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə külli miqdarda-2,098 qram narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək üzərində saxlamaqla daşımış, Şirvan Şəhər Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 25 sentyabr 2022-ci il tarixdə, saat 17 radələrində Şirvan şəhəri, Leytenant İbrahimov küçəsində piyada hərəkət edən zaman saxlanılaraq Şirvan Şəhər Polis Şöbəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman həmin bir ədəd bükümdə külli miqdarda-2,098 qram narkotik vasitə heroin əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində 25 sentyabr 2022-ci il tarixdə, saat 11:30 radələrində Şirvan şəhəri 20 Yanvar küçəsində hərəkətdə olarkən “Mersedes benz” markalı avtomobilin ona yaxınlaşdığını, polis əməkdaşları İsmayıl Səfərli, Fuad və Elşadın ondan ad və soyadını soruşduqlarını, cavabında sonunculara Təqsirləndirilən şəxs olduğunu bildirdiyini, bu zaman ondan əvvəllər məhkumluğununun olubolmamasının soruşulduğunu, cavabında əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunduğunu dediyini, bu vaxtı “Mersedes benz” markalı avtomobilin arxa oturacağında olan 2 nəfər şəxsin onu tutaraq Şirvan Şəhər Polis Şöbəsinə apardıqlarını, üzərində aparılan şəxsi axtarış zamanı heç bir narkotik vasitə aşkar olunmadığını, polis əməkdaşı İsmayıl Səfərli əynindəki tünd-göy şalvarı çıxardaraq üzərindəki kəmərlə başına vurduğunu, Cinayət Məcəlləsinin 234.1-ci maddəsini qəbul edib həbs edilməli olduğunu, etiraz etdikdən sonra onu Şirvan Şəhər Polis Şöbəsinin inzibati binasının 1-ci mərtəbəsinə endirdiklərini, həmin gün saat 15:30 radələrində polis işçiləri Şahid1 və Şahid2 yenidən Şirvan Şəhər Polis Şöbəsinin inzibati binasının 3-cü mərtəbəsinə qaldırdıqlarını, Şirvan Şəhər Polis Şöbəsinə gəlmişsə buradan əliboş gedə bilməyəcəyini, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmalı olduğunu, həbsə getməli olduğunu, etiraz etdikdə qarşısına 1 kq narkotik vasitə qoyulduğunu, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini etiraf etmədikdə həmin 1 kq narkotik vasitəni aparıb evinə qoyacaqlarını, videoçəkilişlə, hal-şahidləri ilə evindən aşkar olunacağını, bu hədələrdən qorxduğu üçün polislərin təklifi ilə razılaşdığını, bundan sonra videoçəkiliş aparıldığını, 26 sentyabr 2022-ci il tarixdə üzərindən aşkar olunan narkotik vasitəsinin miqdarının külli miqdarda narkotik vasitə olduğunu bildiyini, hansıki ilkin sənədlərdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı sənədlərə qol çəkdiyini, faktiki olaraq həmin narkotik vasitənin onun üzərindən çıxmadığını, külli miqdarda narkotik vasitə əgər üzərindən çıxmışdırsa hansı səbəbdən aşkar olunan narkotik vasitənin elektron tərəzidə çəkilmədiyini, Şahid1 aşkar olunan narkotik vasitənin çox olduğunu soruşduqda, sonuncunun narkotik vasitənin 1 qram olduğunu bildirdiyini, 26 sentyabr 2022-ci il tarixdə Şirvan şəhər prokurorluğuna gedəndə, barəsində həbs qətimkan tədbiri seçilərkən Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə deyil, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə ittiham verildiyini bildiyini, həmin vaxtı bədənində xəsarətlər olduğunu, həmin xəsarətlərin 3 saylı İstintaq Təcridxanasına qəbul olunanda həkim müayinəsindən keçirilərkən qeydiyyata alındığını bildirmişdir. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs onu saxlayan polis əməkdaşlarını əvvəldən polis şöbəsində işlədikləri üçün tanıdığını, birinci dəfə 25 sentyabr 2022-ci il tarixdə saat 11:30-da saxlanıldığını Şirvan Şəhər Polis Şöbəsinə aparılarkən İsmayıl Səfərli tərəfindən döyüldüyünü, daha sonra Şirvan Şəhər Polis Şöbəsinin növbətçi hissəsindən 1-ci mərtəbəyə endirildiyini, daha sonra saat 15:30-da Şahid1 və Şahid2 onu polis şöbəsinin 1-ci mərtəbəsindən 3-cü mərtəbəsinə qaldırdıqlarını, orda Şahid1 tərəfindən ona işgəncə edildiyini, Şahid2 ona işgəncə vermədiyini, Şirvan Şəhər Polis Şöbəsinin inzibati binasının 3cü mərtəbəsində Şahid1 saçından tutaraq baş nahiyəsini inzibati binanın divarlarına vurduğunu, işgəncələrə dözdüyünü, üzərinə qoyulan narkotik vasitəni qəbul etmədiyi halda 1 kq narkotik vasitəni aparıb evinə qoyacaqlarını, videoçəkilişlə axtarış aparılaraq evindən çıxaracaqlarını, işgəncə və hədələrin nəticəsində razılaşdığını, atası Hilal Hüseynov və anası Xanım Həsənova ilə yaşadığını, ailənin yeganə övladı olduğunu, nişnalı olduğunu, hər hansı xəstəliyinin olmadığını, üzərində aparılan şəxsi axtarış zamanı yalnız 3 manat pul vəsaiti aşkar olduğunu, başqa heç nə, o cümlədən narkotik vasitə və mobil telefon olmadığını, mobil telefon işlətmədiyini, üzərinə narkotik vasitənin Şahid1 tərəfindən qoyulduğunu, birinci dəfə onu “Mersedes benz” markalı avtomobillə polis əməkdaşları İsmayıl Səfərli, Fuad və Elşadın saxladıqlarını, maşında polislər tərəfindən işgəncə verilmədiyini, maşına əyləşərkən üzərinə baxış keçirildiyini, maşınla Şirvan Şəhər Polis Şöbəsi istiqamətində hərəkət edərkən İsmayıl Səfərlinin sürücüyə maşını saxlayıb yerə düşməyini, üzərinə təkrar baxış keçirmələrini bildirdiyini, üzərinə ikinci dəfə polislər tərəfindən baxış keçirildikdən sonra Şirvan Şəhər Polis Şöbəsinə apardıqlarını, əvvəllər narkotik vasitə istifadəçisi olduğunu, həbsdən çıxdıqdan sonra narkotik vasitə istifadə etmədiyini, ibtidai istintaq zamanı müstəntiqə verdiyi ifadəsində özünü təqsirli bilmədiyini, bir ay ərzində bədənində xəsarət izləri qalmadığı üçün məhkəmə nəzarəti qaydasında prokurorluğun qərarından şikayət vermədiyini, X3rkən təcili tibbi yardım çağırmadığını, 3 saylı İstintaq Təcridxanasına keçiriləndə yoxlanıldığını, bədənindəki xəsarət izlərinin qeydiyyata alındığını və xəsarətlərlə bağlı prokurorluğa verdiyi izahatında qeyd etdiyini, məhkəmə-tibb ekspertinin həbs edildikdən bir aydan sonra onu müayinə etdiyini və bədənində xəsarət aşkar olunmadığını bildirmiş, hər iki valideyininin xəstə olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin izahat və ifadələrində 26 sentyabr 2022-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan edilərkən özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində heç vaxt ruhi-əsəb xəstəliyi keçirmədiyini, bununla bağlı müalicə almadığını, bir neçə müddətdir narkotik vasitə heroin istifadə etdiyini, 25 sentyabr 2022-ci il tarixdə günorta saatlarında siqaret almaq üçün mağazaya gedən zaman yerdə bir ədəd sellofan büküm gördüyünü, həmin büküm diqqətini cəlb etdiyi üçün onu yerdən qaldırıb içinə baxdığını, bükümün içərisində narkotik vasitə heroin olduğunu, özü heroindən istifadə etdiyi üçün həmin bükümü cibinə qoyduğunu, həmin gün saat 17 radələrində Şirvan şəhəri, Leytenant İbrahimov küçəsində piyada hərəkət etdiyi zaman bir neçə nəfər polis əməkdaşlarının yaxınlaşaraq özlərini təqdim etdiklərini, üzərində narkotik vasitələrin gəzdirilməsində şübhəli olduğunu bildirib polis şöbəsinə dəvət etdiklərini, üzərində heroin olduğu üçün buna etiraz etdiyini, lakin sonra razılaşaraq polis əməkdaşları ilə Şirvan Şəhər Polis Şöbəsinə getdiyini, təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunduğunu, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X1, vəkil Eyvaz Əhədov gəldikdən sonra üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanıldığını, axtarış zamanı üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyini təklif etdikdə, əynində olan göy rəngli cins şalvarımın sağ yan cibindən bir ədəd sellofan büküm çıxarıb masanın üzərinə qoyduğunu, həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirdiyini, daha sonra üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı üzərindən başqa qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə aşkar olunmadığını, heroini yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini dediyini, sonra isə təqdim etdiyi narkotik vasitə heroinin təhqiqatçı tərəfindən götürülərək qablaşdırıldığını, protokol tərtib olunduğunu, protokolla tanış olduqdan sonra ona imza etdiyini, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, polis şöbəsinə gətirilərkən və ya polis şöbəsində olarkən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilmədiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o, tutulan vaxt üzərində narkotik maddə olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, üzərində aşkar olunmuş heroinin özünə məxsus olduğunu bildirmişdir. Əslində üzərində aşkar olunmuş heroini üzərinə polis əməkdaşı Şahid1 qoymuşdur. Üzərində aşkar olunmuş heroinlə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin narkotikdən istifadə etdiyi üçün özünü təqsirli bilir və əməlindən peşmandır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında polislər tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə aşkar olunmadığını, üzərindən yalnız 3 manat pul vəsaiti aşkar olduğunu, başqa heç nə, o cümlədən narkotik vasitə və mobil telefon olmadığını, mobil telefon işlətmədiyini, üzərinə narkotik vasitənin Şahid1 tərəfindən qoyulduğunu, birinci dəfə onu “Mersedes benz” markalı avtomobillə polis əməkdaşları İsmayıl Səfərli, Fuad və Elşadın saxladıqlarını, maşında polislər tərəfindən işgəncə verilmədiyini, maşına əyləşərkən üzərinə baxış keçirildiyini, maşınla Şirvan Şəhər Polis Şöbəsi istiqamətində hərəkət edərkən İsmayıl Səfərlinin sürücüyə maşını saxlayıb yerə düşməyini, üzərinə təkrar baxış keçirmələrini bildirdiyini, üzərinə ikinci dəfə polislər tərəfindən baxış keçirildikdən sonra Şirvan Şəhər Polis Şöbəsinə apardıqlarını, orada baxış keçiriləndə üzərindən 1 qram heroin aşkar olunduğunu, üzərində şəxsi axtarış zamanı aşkar olunan narkotik vasitənin, yəni 1 qram heroinin əvəzində polislərin evindən 1 kq narkotik vasitə aşkar edəcəklərini dedikləri ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan yekdil ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində 25 sentyabr 2022-ci il tarixdə xidmətdə olarkən Şirvan şəhəri, H.Əliyev prospekti ev 1-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz yolla narkotik vasitələr əldə edib üzərində saxlamaqla, istifadəsi ilə və satışı ilə məşğul olması ilə bağlı məlumat daxil olduğunu, tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edildiyini, həmin qərarın icrası ilə bağlı CAB-nin əməliyyat müvəkkili Şahid2 və TB-nin təhqiqatçısı X5 ibarət əməliyyat qrupu yaradıldığını, təxminən saat 17 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, Leytenant İbrahimov küçəsinə getdiklərini, həmin küçədə olarkən Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşdığını, özlərini təqdim edib, barəsində qanunsuz yolla narkotik vasitələr əldə etməsi, saxlaması, istifadəsi və satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, sonuncunu Şirvan Şəhər Polis Şöbəsinə dəvət etdiklərini, Təqsirləndirilən şəxs ilk öncə yayınmaq istəsə də, sonra etiraz etməyib onlarla birlikdə Şirvan Şəhər Polis Şöbəsinə gəldiyini, polis şöbəsində raportla rəhbərliyə müraciət etdikdən sonra raport üzrə araşdırma aparılması təhqiqat bölməsinə həvalə olunduğunu, təhqiqatçı İsmail Qasımov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunduğunu, vəkil gəldikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildiyini, ilk öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyduğunu və həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirdiyini, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildiyini, lakin başqa hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmadığını, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini xx.xx.2022-ci il tarixdə günorta saatlarında mağazaya gedərkən yerdən tapdığını bildirdiyini, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan narkotik vasitə heroin təhqiqatçı tərəfindən qablaşdırıldığını, sonra protokol tərtib olunduğunu və bütün iştirakçılar həmin protokola imza etdiklərini, Təqsirləndirilən şəxs heç bir etrazının olmadığını, Təqsirləndirilən şəxs narkotik vasitə satışını realizə etməsini müəyyənləşdirmək mümkün olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid, Şirvan ŞPŞ-nin Cinayət Axtarış Bölməsinin Əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Şahid1 göstərdiyi xüsusatları olduğu kimi təsdiq edərək eyni məzmunlu ifadə verib, məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -25 sentyabr 2022--ci il tarixdə Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş əməliyyat məlumatının daxil olduğu barədə raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında təqsirləndirilən şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir (səh. 3-6, 10, 29-31). -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 25 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:30-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 25-26). -“şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında” 25 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür (i.v. 29-31). -Məhkəmə-kimyəvi ekspertizasının 26 sentyabr 2022-ci il tarixli, 18/1068 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «…Təqsirləndirilən şəxs cins şalvarının sağ…» sözləri yazılmış kağız paketdə 01 ədəd polietilen kəsiyi bükümündə, təmiz çəkisi 2,098 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir ( i.v. 37-39). -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 26 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir ( i.v. 50-51). -Şirvan şəhər Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərək, həbs olunmasının əvvəlinin 25 sentyabr 2022-ci il tarixdən hesablanması göstərilmişdir (i.v. 67-68). -verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan Şəhər Polis Şöbəsinin 18 oktyabr 2022-ci il tarixli, 305-38505-1222 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini haradan və hansı mənbədən əldə etməsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması barədə əməliyyat məlumatları və məxfi aqentlərdən əldə olunmuş məlumatlara əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən olunmuşdur (i.v. 88). -ambulator məcburi-narkoloji tibbi yoxlamanın 14 yanvar 2023-cü il tarixli, 171 nömrəli rəyində görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olmasıını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 125-126). Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polislər tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə aşkar olunmadığını, üzərindən yalnız 3 manat pul vəsaiti aşkar olunduğunu, başqa heç nə, o cümlədən narkotik vasitə və mobil telefon olmadığını, mobil telefon işlətmədiyini, üzərinə narkotik vasiəsinin Şahid1 tərəfindən qoyulduğunu, birinci dəfə onu “Mersedes benz” markalı avtomobillə polis əməkdaşları İsmayıl Səfərli, Fuad və Elşadın saxladıqlarını, maşında polislər tərəfindən işgəncə verilmədiyini, maşına əyləşərkən üzərinə baxış keçirildiyini, maşınla Şirvan Şəhər Polis Şöbəsi istiqamətində hərəkət edərkən İsmayıl Səfərlinin sürücüyə maşını saxlayıb yerə düşməyini, üzərinə təkrar baxış keçirmələrini bildirdiyini, üzərinə ikinci dəfə polislər tərəfindən baxış keçirildikdən sonra Şirvan Şəhər Polis Şöbəsinə apardıqlarını, orada baxış keçiriləndə üzərindən 1 qram heroin aşkar olunduğunu, üzərində şəxsi axtarış zamanı aşkar olunan narkotik vasitənin, yəni 1 qram heroinin əvəzində polislərin evindən 1 kq narkotik vasitə aşkar edəcəklərini dedikləri barədə məhkəmə istintaqı zamanı verdiyi ifadələri obyektiv həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayətə görə məsuliyyətindən kənarda qalmasına hesablanaraq bildirilmişdir. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin faktiki hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri, digər ittiham sənədləri və sübutları ilə tamamilə təkzib edildiyindən, obyektiv həqiqəti özündə əks etdirmədiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində narkotik vasitəni yerdən tapdığını, şəxsi istifadə etməsi üçün üzərində saxladığını, polis əməkdaşları tərəfindən ona hər hansı fiziki zor, hədə-qorxu tətbiq edilmədiyini bildirmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin əməkdaşları Şahid1 və Şahid2 da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən cibindən heroini çıxarıb təqdim etmiş, şifahi sorğu zamanı narkotik vasitənin ona məxsus olmasını, küçədə yerdən tapdığını bildirmiş, hər hansı etirazı olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Mövcud olan halda məhkəmə tərkibi Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlilləri - saxlanılarkən polis əməkdaşları tərəfindən döyüldüyü və hədələndiyi üçün həmin narkotik vasitə barədə etirafedici ifadə verməsi barədə göstərdiyi ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İş materiallarında olan Şirvan şəhə prokurorluğunun 23 oktyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs bədənində zorakılıq əlamətlərinin olub-olmaması, onun hüquqlarının qanunsuz hərəkətlər tətbiq edilməklə pozulub-pozulmamasını müəyyən etmək üçün qəbul edilmiş Şirvan şəhər Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli xüsusi qərarı əsasında araşdırma aparılmış, araşdırma zamanı verilmiş məhkəmə-tibbi ekspertizasının 22 oktyabr 2022-ci il tarixli, 594 nömrəli rəyi ilə Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmadığı müəyyən edilmiş, toplanmış materialda cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq hədəyə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlillər-narkotik vasitələrin satışı ilə məşğul olmaması, heroini üzərində şəxsi istifadə məqsədi ilə saxlaması barədə ifadəsində göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş heroinə dair niyyətinin satış deyil, şəxsən istifadə etmək olması barədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlil əslində obyektiv həqiqəti özündə ehtiva edir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni küllü miqdarda, həmçinin əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə hesab edilir. Heroinin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarında göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla, narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq 1 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 2,098 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə etmiş, üzərində saxlamış və daşımışdır. Cinayət işi materiallarında olan “şübhəli şəxs qismində tutma haqqında” 25 sentyabr 2022-ci il tarixli qərardan (i.v. 11) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə şübhəli şəxs qismində tutulduqdan 1 (bir) gün sonra, yəni “Cinayət işinin başlanması haqqında” 26 sentyabr 2022-ci il tarixli qərarla (i.v. 1) material üzrə Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə cinayət işi başlanmış, istintaq orqanı sonuncunun üzərindən aşkar edilmiş heroinə münasibətdə satış məqsədinin olması barədə hər hansı sübut növü əldə etmədən, qəbul etdiyi “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 26 sentyabr 2022-ci il tarixli qərarla (i.v. 47-48) yalnız Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin təmiz çəkisinin 2,098 qram olmaqla, külli miqdarının ən aşağı həddi olan 2,0 qramdan çox olmasına istinad etməklə sonuncunun törətdiyi əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə tövsif etmiş və həmin maddə ilə ona ittiham elan etmişdir. Halbu ki, Ağakişi Hüsenovun hər hansı şəxsə narkotik vasitə satması hər hansı halla təsdiq olunmamış, həmçinin istifadəsində olan telefon nömrələri ilə aparılmış danışıqlar və ötürülmüş məlumatlar ələ keçirilsə də narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı möhtəbər və obyektiv həqiqəti özündə əks etdirən ittiham sübutları əldə edilməmişdir. Məhkəmə hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətləridir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki, - həm ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən, yuxarıda göstərilmiş ilkin əlamətlər, həm də, - ambulator məcburi-narkoloji tibbi yoxlamanın 14 yanvar 2023-cü il tarixli, 171 nömrəli rəyində müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması, lakin, halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olmasıını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmaması, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülməsi, -«Şirvan şəhər Mərkəzi Xəstəxanası» X12 05 oktyabr 2022-ci il tarixli, 1015 nömrəli məktubunda Təqsirləndirilən şəxs Şirvan ŞMP-nın “Tiryək narkomaniyası” diaqnozu ilə narkoloji kabinetində qeydiyyatda olmasının göstərilməsi, -onun üzərindən aşkar edilmiş heroinin bir ədəd bükümdə, təmiz çəkisi 2,098 qram, yəni külli miqdarının aşağı həddindən yalnız 0,098 qram çox olması, -onun məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş heroinin satış deyil, şəxsən istifadə etmək məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını göstərməsi, -ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əvvəllər psixotrop maddələr və ya narkotik vasitələrin satışı ilə məşğul olması, üzərindən aşkar edilmiş heroinə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı mötəbər məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları haqqında), heroinin hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, müvafiq sübutların olub-olmadığını yoxlamaq üçün Təqsirləndirilən şəxs yaşadığı evə və istifadəsində olmuş mobil telefona baxış keçirməməsi, -göstərilən halların ümumi məcmusunun sonuncunun üzərindən aşkar edilmiş heroini əldə etməsi, üzərində saxlamasından ibarət hərəkətləri həmin heroindən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütləyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də Təqsirləndirilən şəxs xeyrinə təfsir edilməli olması iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Dövlət ittihamçısı da Təqsirləndirilən şəxs iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə düzgün tövsif edilmədiyini bildirmiş və Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Məhkəmə göstərilənlərə əsasən ibtidai istintaq orqanı və ittiham tərəfinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifi ilə bağlı irəli sürdüyü dəlilləri əsassız, sonuncunun məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrində üzərindən aşkar edilmiş heroinin şəxsi istifadə məqsədi ilə əldə etməsi, üzərində saxlaması, həmin kütləyə dair satış niyyətinin olmaması barədə irəli sürdüyü dəlili isə əsaslı və işin faktiki halları ilə uzlaşan obyektiv nəticə hesab edir. Beləliklə, məhkəmə tərkibi ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və obyektiv nəticəni özündə ehtiva edən mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, Şahid1 və Şahid2 şahid qismində verdiyi ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, məhkəmə-kimyəvi ekspertizasının 26 sentyabr 2022-ci il tarixli, 18/1068 nömrəli, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 14 yanvar 2023-cü il tarixli, 171 nömrəli rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroinin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Şirvan Şəhər Məhkəməsi tərəfindən 01 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin qərarı ilə “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq edilərək, onun azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmışdır (i.v.85-87). -Şirvan şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 1(032)-98/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. -Şirvan ŞİHB-nın 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs subaydır, yaşayış yeri üzrə normal xarakterizə edilmişdir (i.v. 82-83). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, məhkumluğunun olmasını, üzərindən aşkar edilmiş heroinin təmiz çəkisinin 2,098 qram olmasını, cəzasını yüngülləşdirən hal olmadınığını (CM-nin 59-cu maddəsində göstərilən və başqa), cəzasını ağırlaşdıran halın kimi residiv olduğunu (CM-nin 61.1.1-ci maddəsi) təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir) Şirvan Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 1(032)-98/2021 nömrəli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Ona görə də hazırda o, məhkumluğu olan şəxsdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivi yaranır. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən onun bu əməli cinayətin residivini yaradır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs residivə görə cəza təyin edilməli, yəni ona təyin olunacaq azadılqdan məhrumetmə cəzasının müddəti ittiham olunduğu CM-nin 234.1-1-ci maddəsi üzrə müəyyən edilmiş daha ciddi cəza növü-azadılqdan məhrumetmə cəzasının son həddinin yarısından az olmamalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3-cü maddəsinə əsasən (cinayətlərin residivi nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 25 sentyabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. «Şirvan şəhər Mərkəzi Xəstəxanası» X12 05 oktyabr 2022-ci il tarixli, 1015 nömrəli məktubunda Təqsirləndirilən şəxs Şirvan ŞMP-da “Tiryək narkomaniyası” diaqnozu ilə narkoloji kabinetdə qeydiyyatda olmasının göstərilməsi nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 2,048 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X6 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 49 (qırx doqquz) manat, 74 (yetmiş dörd manat) qəpik məbləğdə pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı tutulduğu 25 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Şirvan ŞMP-da “Tiryək narkomaniyası” diaqnozu ilə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 49 (qırx doqquz) manat, 74 (yetmiş dörd) qəpik məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,048 qram təşkil edən heroin məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-232/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-232/2023
21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver