Məhkəmə qərarları › İş №1(099)-235/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-235/2025

15.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-235/2025 15.01.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 və müdafiəçi- “Qanunçuluq” vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1959-cu ildə Sabirabad rayon Yastıqobu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmamış, Sabirabad rayon Yastıqobu kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayında Sabirabad rayonu Yastıqobu kəndində yaşadığı evin həyətyanı sahəsində torpağı şumlayıb tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını torpaq üzərində və 03 ədəd dibçəkdə qanunsuz olaraq əkmiş, onlara aqrotexniki qaydada qulluq etməklə külli miqdarda, yəni 27 ədədini yetişdirərək kultivasiya etmiş, 09 may 2024-cü il tarixdə saat 15 radələrində Sabirabad rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman, evin bağçasındakı tikilinin arxasında 03 ədəd, bağçanın sağ tərəfində 02 ədəd, oradan bir qədər irəlidə hər birində 01 ədəd olmaqla 03 ədəd dibçəkdə əkilmiş, bağçadakı nar ağacının yanında 03 ədəd, eləcə də bağçaya bitişik əkin sahəsində, su kollektorunun kənarında qamışların arasında, əkilmiş müxtəlif yerlərdəki 05 ədəd, 06 ədəd və 05 ədəd olmaqla, ümumilikdə 27 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 09 may 2024-cü il tarixdə polis əməkdaşları həyətinə daxil olaraq ona məxsus olmayan, dövlətə məxsus torpaq sahəsində çətənə kollarını aşkar etmişlər. Polis əməkdaşları onun üzərinə silah çıxarıb hədə-qorxu gələrək məcburi çətənə kollarının əkildiyi yerə aparmışlar. O, həyətində çətənə bitkiləri əkməmiş, onlara qulluq etməmiş, narkotik vasitədən istifadə etməmişdir. Bu barədə polis əməkdaşlarına da bildirmişdir. Lakin polis əməkdaşları onu şöbəyə aparmışlar və məsuliyyətə cəlb etmişlər. Polislər protokol tərtib edərək ona məcbur imzalatdırmışdırlar. Çətənə bitkilərinin ona aidiyyəti yoxdur, onun həyətində olmayıb, həyətindən kənar bitib. 1991-1995-ci ildə Qarabağ müharibəsində döyüşlərdə iştirak edərək Cəbrayıl rayonunda ağır yaralanmış, bundan başqa da 25 il Daxili İşlər orqanlarında işləmişdir. Hazırda 66 yaşı var, heç vaxt narkotik vasitə əkməmiş, istifadə etməmişdir. Himayəsində 2 övladının ailəsi olmaqla 8 nəvəsi vardır. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs polis əməkdaşlarının həyətinə daxil olaraq ona heç bir sənəd təqdim etmədiklərini, çətənə kollarının aşkar olunduğu ərazinin ona məxsus olmadığını, həmin ərazi yaşadığı evdən təxminən 300-400 metr aralıda yerləşdiyini, tərtib olunmuş protkolu ona oxumadan məcbur qaydada imza etdirdiklərini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq həmdə məhkəmə baxışında verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxsin ifadələrində göstərdiyi «hər hansı bir çətənə bitkiləri əkməməsi, onlara qulluq eləməməsi, bitkilərin ona məxsus olmaması» xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadələrində göstərdiyi sözü gedən xüsusatları onun cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir və sübut növü kimi qəbul etmir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə zamanı Sabirabad rayonu Kürkəndi Bələdiyyəsinin sədri vəzifəsində işləmiş, 09 may 2024-cü il tarixdə axşam saatlarında polis əməkdaşlarının iştirakı ilə Sabirabad rayonu Yastıqobu kənd sakini Təqsirləndirilən şəxs həyətində və həyətyanı sahəsinə baxış keçirilməsində icra nümayəndəliyində baş mühasib vəzifəsində işləyən Şahid4 ilə birlikdə hal şahidi qismində iştirak etmişdir. Onların, aqronom mütəxəssisin və polis əməkdaşlarının iştirakı ilə həyətyanı sahəyə baxış keçirilən zaman, həyətdəki bağçadan və əkin sahəsinin ətrafından keçən su kollektorunun kənarından ümumilikdə 27 ədəd çətənə bitkiləri aşkar edilmişdir. Onlarla birlikdə gələn aqronom da çətənə bitkilərinə baxıb, həmin bitkilərə qulluq olunması barədə rəy tərtib edib polis əməkdaşlarına vermişdir. Aşkar edilmiş 27 ədəd çətənə bitkiləri 01 ədəd sintetik kisəyə yığılaraq qablaşdırılmışdır. İş üzrə şahid qismində dindirilmiş X3 oxşar məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışında aşağıda adları çəkilən şahidlərin əvvəlki məhkəmə iclaslarında və ibtidai istintaq verdiyi ifadələri elan edilmişdir: xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Sabirabad rayon polis şöbəsinin əməkdaşı Şahid2 bildirmişdir ki, 09 may 2024-cü il tarixdə Sabirabad rayonu Yastıqobu kənd sakini Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik tərkibli çətənə bitkilərinin əkilibbecərilməsi ilə məşğul olması barədə məlumat daxil olmuş və bununla bağlı əməliyyat qurupu yaradılmışdır. Əməliyyat qurupu ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Yastıqobu kəndində yerləşən evinə getmişlər, orada hal şahidlərinin, aqronom mütəxəssisin və Təqsirləndirilən şəxs iştirakı ilə həyətyanı sahəyə baxış keçirilən zaman həyətdəki bağçadan və əkin sahəsinin ətrafından keçən su kollektorunun kənarından ümumilikdə 27 ədəd çətənə bitkiləri aşkar edilmişdir. Aşkar edilmiş 27 ədəd çətənə bitkiləri 01 ədəd sintetik kisəyə yığılaraq qablaşdırılmışdır. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Şahid6 bildirmişdir ki, Təqsirləndirilən şəxs əridir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında evlərində olmuşlar, nəvəsi həyətdə kimlərinsə olduğunu demiş, həyətə çıxdıqda polis əməkdaşlarının həyətdə axtarış etdiklərini görmüşlər. Habil onlara nə etdiklərini soruşmuş, onlar da həyəti axtardıqlarını demişdirlər. Polislər 3-4 saat axtarış apardıqdan sonra həyətlərindən təxminən 300-400 metr aralıqda «kollektor» deyilən ərazidə, dövlətə məxsus ərazidə kanalın ətrafında çətənə kolları aşkar etmişlər. Habil onlara həmin ərazinin ona məxsus olmadığını bildirsə də polislər Habil tərəfindən əkildiyini deyib onu polis şöbəsinə aparmışlar. Polis əməkdaşları həyətlərində deyil, həyətdən kənarda çətənə kollarını aşkar etmişdir. Əri heç vaxt narkotik vasitə əkməmiş, o müharibə iştirakçısı olmuş, 25 il polisdə işləmişdir. Şahid6 ibtidai istintaqa verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, hadisədən təxminən 15 gün əvvəl sığorta işçiləri onların həyətinə gəlmiş, nəvələri onları formada gördükləri üçün polis olduqlarını zənn edib polislər gəldiyini bildirmişlər. Bu zaman Habil böyük həyəcan keçirtmişdir. Nəyə görə bu qədər həyəcanlandığını soruşduqda Habil ona “sən qarışma, sənlik deyil” demişdir. xx.xx.2024-cü il tarixdə evinin həyətyanı sahəsindən aşkar edilən çətənə kollarını oğlu Ramin deyil, əri Habil əkmişdir. Ramin atasına görə yalan danışaraq həmin cinayəti boynuna götürmüşdür. Narkotikləri əri Habilin əkməsindən şübhələnir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid6 elan olunmuş ifadənin ona məxsus olmadığını, o həmin məzmunda ifadə vermədiyini bildirmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Şahid5 Xanoğlan oğlu bildirmişdir ki, Təqsirləndirilən şəxs atasıdır. 09 may 2024-cü il tarixdə Bakı şəhərində olarkən polis əməkdaşlarının evlərinə gələrək çətənə bitkiləri aşkar etdiklərini və atasının saxlanıldığını eşitmişdir. Dərhal Bakı şəhərindən rayon polis şöbəsinə gələrək, atasının və onun aşkar olunmuş çətənə kollarında heç bir günahının olmadığını bildirmişdir. Ona kağıza imza etdirib, heç bir günahının olmadığını, onu cərimə edib buraxacaqlarını demişdirlər. Sonra onları məhkəməyə çıxararaq atası Təqsirləndirilən şəxs və ona 4 ay həbs qətimkan tədbiri seçmişdirlər. Ümumilikdə onu 9 ay istintaqda saxladıqdan sonra onun barəsində cinayət işinə xitam vermişlər. İstintaq zamanı 7 aydan sonra onu həyətlərindən kənara apararaq çətənə kolları əkilən ərazidə çəkiliş aparmışdırlar. Çətənə kolları əkilən yer onların yaşadıqları evdən 400-500 metr aralıda yerləşmişdir, həmin ərazi çöllük ərazi olmuşdur. Aşkar edilən çətənə bitkiləri Habilə, ümumiyyətlə ailələrinə məxsus olmamışdır. Habil həmin bitkiləri əkməmiş, qulluq etməmiş, polis əməkdaşları qərəzli olaraq Habili həbs etmişlər. Şahid5 ibtidai istintaqa verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, həbs edilməmişdən əvvəl o, Bakı şəhərinə gedərək orada kirayədə yaşamış, arvadı və uşaqları isə atası Təqsirləndirilən şəxs evində qalmışdır. Evlərinin həyətyanı sahəsindən aşkar edilmiş narkotik tərkibli 27 ədəd çətənə bitkilərini o, əkməmiş, bu barədə istintaqa verdiyi əvvəlki ifadələri həqiqəti əks etdirməmişdir. Belə ki, 09 may 2024-cü il tarixdə Bakı şəhərində olarkən polis əməkdaşlarının evlərinə gəldiyini, həyətlərində çətənə bitkiləri aşkar etdiklərini və atası Təqsirləndirilən şəxs saxlanıldığını bilib dərhal Sabirabad rayon Polis şöbəsinə gəlmiş və aşkar edilmiş həmin 27 ədəd çətənə bitkilərini guya ki, 05 aprel 2024-cü il tarixdə Bakı şəhərindən gizlincə ailə üzvülərinə xəbər vermədən Yastıqobu kəndindəki evlərinə gələrək əkdiyini, 10 və 27 aprel 2024-cü il tarixlərdə isə yenidən Bakı şəhərindən gəlib həmin bitkilərə qulluq etdiyini və suvardığını bildirmişdir. Əslində isə o, 05 aprel, 10 aprel və 27 aprel 2024-cü il tarixlərdə Bakı şəhərində olmuş, Sabirabad rayonuna gəlməmiş, yaşadığları evin həyətində çətənə bitkilərini o əkməmişdir. İstintaqa yalan ifadə verməsinə səbəb atası Habilin həbs olunması ilə barışmaması və sonuncunun əvəzində cəza çəkmək istəməsi ilə bağlı olmuşdur. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid5 elan olunmuş ifadədə istintaq zamanı ifadəsinin müstəntiq tərəfindən yazıldığını, ona onların yazdıqları məzmunda ifadə verməsini, əks təqdirdə hər ikisinə əlbirlik verib cəlb edəcəklərini, o da həmin ifadəni oxumadan imzaladığını bildirmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Şahid7 bildirmişdir ki, Təqsirləndirilən şəxs qayınatasıdır. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları onların yaşadığı evin həyətyani sahəsinə baxış keçirmişlər. Baxışda iştirak etməmiş, ona məlum olmuşdur ki, çətənə bitkiləri aşkar edilmişdir. Həmin bitkilərdən məlumatı yoxdur, lakin bitkilər nə qayınatasına, nədə ki, ərinə məxsus olmuşdur. Qyınatası Habil həmin bitkiləri əkməmişdir. Məhkəmə şahid Ağabacı Abuşova, Şahid5 və Şahid7 ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli təqiq edərək hesab edir ki, məhkəmə baxışında ifadələrində göstərdikləri «aşkar edilən çətənə bitkilərinin Habil Abışova məxsus olmamış, Habil həmin bitkiləri əkməmiş, qulluq etməmiş, polis əməkdaşları qərəzli olaraq Habili həbs etmişlər» xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir, yaxın qohumları Təqsirləndirilən şəxs müdafiə xarakteri daşıyır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan 09 may 2024-cü il tarixli «hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan və fotoşəkillərdən görünür ki, Sabirabad rayonu Yastıqobu kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman, evin həyətində yerləşən bağçadan və əkin sahəsinin ətrafından keçən su kollektorunun kənarından ümumilikdə 27 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüş. İş materiallarında olan 09 may 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs Sabirabad rayonu Yastıqobu kəndində həyatyanı sahəyə baxış keçirilən zaman 27 ədəd narkotik tərkibli çətənə kolları aşkar olundu. Həmin bitkilərə aqrotexniki qaydada qulluq edilməsi müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 10 may 2024-cü il tarixli, 3- 16-16/2-18/480 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində: Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunub götürülmüş ümumi sayı 27 (iyirmi yeddi) ədəd, yaş vəziyyətdə, ümumi çəkisi-950,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir.Aqronomun rəyinə əsasən təqdim olunmuş 27 (iyirmi yeddi) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Aparılmış təhqiqatın dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik təşkil edir. İş materiallarında olan 31 may 2024-cü il tarixli, 3884 nömrəli “ambulator məcburinarkoloji tibbi yoxlama” rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan 12 may 2024-cü il tarixli Sabirabad Rayon Məhkəməsinin qərarı ilə Sabirabard RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis-leytenantı Şahid1 tərəfindən qəbul edilmiş 09 may 2024-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan 12 may 2024-cü il tarixli “maddi sübut kimi tanınması haqqında” qərar ilə ekspertiza tədqiqatından sonrakı qalıq 27 ədəd 947,30 qram çətənə bitkiləri maddi sübut kimi tanınaraq Sabirabad RPŞ-nin saxlanc kamerasına təhvil verilmişdir. İş materiallarında olan 09 may 2024-cü il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin 12 may 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 09 may 2024-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan Sabirabad rayonu Kürkəndi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Abuşov X1 rayon Yastıqobu kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından, gəlini və xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X6 adlı azyaşlı nəvələrindən ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətə görə ona ittiham verildiyi CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 237.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinə əsasən isə cinayət məsuliyyəti qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməyə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) görə yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 21-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 237-ci maddəsində işlədilən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının izahı Qanunun 1.0.6-cı maddəsində verilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.6-cı maddəsində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi və ya yetişdirilməsidir. Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin predmeti xeyli miqdarda əkilməsi və yetişdirilməsi qadağan edilən, tərkibində narkotik maddələr olan bitkilər və ya onların hissələridir. Belə bitkilərin siyahısı, xeyli, külli və ya xüsusilə külli miqdarı (habelə hissələrinin xeyli, külli və ya xüsusilə külli miqdarı) 961-İİQ nömrəli Qanun ilə (İİİ siyahı) müəyyən edilmişdir. Əkmə dedikdə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsi ilə düzgün ittiham verilmişdir. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını, ahıl yaşda olmasını, ilk məhkumluğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Sabirabad rayon polis şöbəsində saxlanılan 27 (iyirmi yeddi) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilməli, onun barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 09 may 2024-cü il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 may 2024-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış – Sabirabad Rayon Polis Şöbsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 27 ədəd çətənə (kannabis) bitkiləri qurudulmuş marixuana məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar