Məhkəmə qərarları › İş №1(099)-237/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-237/2024

18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-237/2024 18.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxx 1991-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmuş və məhkumluğu olan, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi, ev 49 A-da qeydiyyatda olmaqla Lənkəran şəhəri, Z.Əliyeva küçəsi ev 78/10, mənzil 18-də yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs şəxsiyyətləri məlum olmayan şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə olunması, saxlanması və daşınmasına razılaşaraq, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun şəxsiyyəti məlum olmayan üzvləri tərəfindən məlum olmayan vaxtda və şəraitdə iki ədəd torbalarda qablaşdırılmış, ayrı-ayrılıqda bağlamalarda olmaqla külli miqdarda-9106,7 qram narkotik vasitə olan qurudulmuş marixuananın, külli miqdarda-5066,4 qram narkotik vasitə olan tiryəkin və təsir maddəsinin ümumi miqdarı 280 qram təşkil edən külli miqdarda-7000 ədəd narkotik vasitə olan metadon həblərin Astara rayonunun Şahağacı kəndinin ərazisində (Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin 16-cı sərhəd zastavasının 5-ci sahəsinin arxa istiqamətində) olan yarımtikilidə gizlədilməsi barədə 28 aprel 2023-cü il tarixdə məlumat verilməsindən sonra o, 29 aprel 2023-cü il tarixdə, saat 01 radələrində cinayət barədə xəbərsiz olan atası, X2 idarə etdiyi “Mercedes” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin əraziyə gedib qeyd olunan yerdə, yarımtikilidə gizlədilmiş iki ədəd torbalarda qablaşdırılmış, ayrı-ayrılıqda bağlamalarda olmaqla külli miqdarda-9106,7 qram qurudulmuş marixuananı, külli miqdarda-5066,4 qram tiryəki və təsir maddəsinin ümumi miqdarı 280 qram təşkil edən külli miqdarda-7000 ədəd metadon həbləri axtarıb tapıb götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayıb daşımağa cəhd edərkən, daxil olmuş əməliyyat məlumatına əsasən 29 aprel 2023-cü il tarixdə, saat 01 radələrində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs göstərilən ərazidə saxlanıldığından öz iradəsindən aslı olmayan səbəblərə görə niyyətini başa çatdıra bilməyərək iki ədəd torbada qablaşdırılmış, ayrı-ayrılıqda bağlamalarda olmaqla 9 ədəd bağlamada külli miqdarda-9106,7 qram narkotik vasitə olan qurudulmuş marixuananı, 5 ədəd bağlamada külli miqdarda-5066,4 qram narkotik vasitə olan tiryəki və təsir maddəsinin ümumi miqdarı 280 qram təşkil edən külli miqdarda-7000 ədəd narkotik vasitə olan metadon həbləri satış məqsədi ilə qanunsuz olaraq olaraq əldə edib saxlayıb daşımağa cəhd etmiş, daha sonra təhqiqat orqanı tərəfindən həmin ərazidən (Astara rayonunun Şahağacı kəndinin ərazisində, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin 16-cı sərhəd zastavasının 5-ci sahəsinin arxa istiqamətində) olan yarımtikilidən iki ədəd bağlamada qablaşdırılmış, ayrı-ayrılıqda bağlamalarda olmaqla külli miqdarda-9106,7 qram (9 kq 106,7 qram) narkotik vasitə olan qurudulmuş marixuananı, külli miqdarda- 5066,4 qram (5 kq 66,4 qram) narkotik vasitə olan tiryəki və təsir maddəsinin ümumi miqdarı 280 qram təşkil edən külli miqdarda-7000 ədəd narkotik vasitə olan metadon həbləri aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdiyini, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etdiyinə və həmin ifadələri tam sərbəst verdiyini bildirmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, 28 aprel 2023-cü il tarixdə istifadəsində olan 050/562-67-97 saylı mobil telefon nömrəsinə İrana telefon operatoruna aid +**********69 nömrəsindən tanımadığı şəxs ona zəng edib Astara rayonun ərazisində narkotik vasitə olduğunu, həmin narkotik vasitəni gizlədilən ünvandan götürüb sonradan deyəcəyi yerə qoymağı və buna görə ona 1000 manat pul verəcəyini təklif etmiş, o da razılaşmışdır. Həmin vaxt özünün idarə etdiyi avtomobil nasaz olduğundan atası Rafael Əskərova zəng edib Astara rayonunda müştəriyə məxsus əşya olduğunu və həmin əşyanı götürmək üçün onu Astara rayonuna aparmağı xahiş etmiş, atası da idarə etdiyi “Mercedes” markalı avtomobillə saat 23 radələrində Lənkəran şəhərində yerləşən “Ufa” marketin yanına gəlib onu götürmüş və onlar Astara rayonuna getmişlər. Yolda olarkən o, İran vətəndaşının onun mobil telefonuna vatsapla göndərdiyi kordinat üzrə atası Rafael Əskərova yolu göstərmişdir. Saat 23:50- 00:05 radələrində narkotik vasitənin olduğu əraziyə çatdıqdan sonra o, atasına avtomobili geri döndərməyi və müştəriyə məxsus əşyanı götürüb gələnə kimi onu gözləməsini deyib avtomobildən düşmüşdür. Bundan sonra o, İran vətəndaşının onun mobil telefonuna vatsapla göndərdiyi şəkildəki ərazini tapıb narkotik vasitələri axtarsa da, həmin yerdə gizlədilmiş narkotik maddələri tapa bilməmiş, sonra ərazini yenə də axtarmağı davam edərkən, sərhədçilər (Dövlət Sərhəd Xidmətinin əməkdaşları) tərəfindən tutulmuşdur. Şifahi sorğu zamanı o, həmin əraziyə qoyulmuş yükü, yəni narkotik maddələri götürmək üçün gəldiyini bildirmişdir. Sonra özünün iştirakı ilə sərhədçilər tərəfindən saxlandığı ərazidə axtarış aparılmış və iki ədəd bağlama (torba) aşkar edilib götürülmüşdür. Daha sonra hərbi hissədə sərhədçilər tərəfindən özünün iştirakı ilə iki ədəd bağlamaya (torbalara) baxış keçirilmiş və bağlamaların içərisində narkotik maddələr aşkar olunmuşdur. İbtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri elan olunduqdan, habelə verilən sualları cavablandıran Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini qismən təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, o, subaydır, Lənkəran şəhəri, Z.Əliyeva küçəsi ev 78/10, mənzil 18-də qeydiyyatda olmaqla yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin avtomobili ilə fərdi qaydada taksi fəaliyyəti ilə, yəni Lənkəran və Bakı marşurtu üzrə sərnişin daşımaqla məşğul olmuşdur. İstifadəsində 050/562-67-97 saylı mobil telefon nömrəsi olmuş, həmçinin instaqram sosial şəbəkəsində onun səhifəsi vardır və sərnişin daşıma ilə bağlı müştərilər həmin səhifəyə daxil olub telefon nömrəsini götürüb ona zəng edirlər. Xatırlamadığı tarixdə tanımadığı, özünü iranlı kimi təqdim edən şəxs sosial şəbəkədən telefon nömrəsini götürüb ona zəng edib “siz tərəfdə mənim yüküm olacaq” demiş, amma yükün nədən ibarət olmasını deməmişdir. Təxminən bir ay sonra (29 aprel 2023-cü il tarixdə) yenə də həmin şəxs ona zəng edib yükü olduğunu, Astara rayonuna gedib dediyi yerdən yükü götürüb dediyi yerə qoyub yükün qoyduğu yerin şəklini çəkib ona göndərəndən sonra ona 1000 manat pul verəcəyini demiş, o da razılaşmışdır. Sonra həmin şəxs telefonla ona yükün olduğu ərazinin “konumu”nu və “fotoşəkil”ini göndərmişdir. Ona zəng edən şəxs götürəcəyi yükün içərisində nə olmasını deməmiş, özü də ondan bu barədə soruşmamışdır. Sonra o, 29 aprel 2023-cü il tarixdə, axşam saatlarında atası Rəfailin idarə etdiyi avtomobillə Astara rayonuna gedib “konumu”da göstərilən ərazini axtarmış, lakin ona zəng edən şəxsin dediyi yükü tapa bilməyib geri qayıdarkən yolda sərhədçilər onu tutmuşdur. Tutulandan sonra sərhədçilər ona geri qaytarıb əvvəl baxdığı əraziyə aparmış, orada özünün iştirakı ilə sərhədçilər ərazini axtarmış və bir ədəd bağlama aşkar edilib götürülmüşdür. Sona hərbi hissədə özünün iştirakı ilə sərhədçilər həmin bağlamaya baxış keçirmiş və bağlamanın içərisində “nəşə” (marixuana), tiryək və dərmanlar (metadon həbləri) aşkar olunmuşdur. Sərhədçilər tərəfindən saxlanılan vaxt və sonra ona qarşı heç bir təzyiq və zorakılıq hallarına yol verilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadələrini qismən təsdiq edərək əlavə ifadə verərək göstərmişdir ki, ona zəng olunduqdan sonra konuma əsasən o, Astara rayonuna narkotik maddələri götürmək üçün getsə də, ora çatandan sonra könüllü olaraq fikrindən imtina etmiş və narkotik maddələri götürməyib geri qayıdarkən arxadan əməliyyatçılar (DSX-nin əməkdaşları) gəlib ona “hara gedirsən, biz səhərdən səni gözləyirik, bilirik ki, sən sumka dalınca gəlmisən, gözlə biz indi sumkanı axtarıb taparıq” deyib onu saxlamışlar, sonra əməliyyatçılar sumkanı öz əlləriylə qoymuş kimi götürüb gətirmişlər və bununla da o, əməliyyatçılar qurduqları oyun nəticəsində tutulmuşdur. Ona görə də o, verilmiş ittiham üzrə özünü təqsirli bilmir və narkotik maddələri götürmək üçün göstərilən yerə getsə də, ora çatandan sonra əməlindən peşman olub könüllü olaraq fikrindən imtina etdiyindən barəsində olan cinayət işinin xitam edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, DSX-nin SQnın N saylı hərbi hissəsinin hərbi qulluqçusudur. Naməlum şəxslər tərəfindən Astara rayonun Şahağacı kəndinin ərazisində (hərbə hissənin 16-cı sərhəd zastavasının ərazisində) yerləşən, istifadə olunmayan yarımtikili yaşayış binasının ətrafına narkotik vasitələr qoyulmasına dair daxil olmuş əməliyyat məlumatı əsasında 28 aprel 2023-cü il tarixdə özü də daxil olmaqla digər hərbi qulluqçulardan ibarət Astara rayonun Şahağacı kəndinin ərazisində istifadə olunmayan yarımtikili yaşayış binasının yaxınlığında “Pusqu” xidməti təşkil olunmuşdur. Xidmətdə olduğu vaxt 29 aprel 2023-cü il tarixdə, saat 00:25 radələrində yarımtikilinin yaxınlığında avtomobilin dayandığını və avtomobildən bir nəfər şəxsin düşüb həmin yarımtikiliyə yaxınlaşıb yerdə nəsə axtarmağını görüb bu şəxsin özünü şübhəli aparmasını müşahidə etmişdir. Sonra əməliyyat qrupu tərəfindən həmin şəxs, yəni sonradan şəxsiyyəti məlum olan Təqsirləndirilən şəxs, həm də onun gəldiyi avtomobilin sürücüsü saxlanılmışdır. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs İran vətəndaşının sifarişi ilə içərisində narkotik maddələr olan bağlamanı götürmək üçün həmin əraziyə gəldiyini bildirmişdir. Bundan sonra əməliyyat qurupunun üzvləri tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə ərazi axtarılmış və ərazidə iki ədəd bağlama aşkar olunub götürülmüşdür. Daha sonra saxlanmış şəxslər, avtomobil və iki ədəd bağlama sərhəd zastavasına aparılıb aidiyyəti üzrə təhvil verilmişdir. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, o, 29 aprel 2023-cü il tarixdə, gecə saatlarında sərhədçilər xahişi ilə N saylı hərbi hissənin 16-cı sərhəd zastavasının inzibati binasında iki ədəd bağlamaya baxış keçirilməsində hal şahidi kimi iştirak etmişdir. Həmin vaxt özündən başqa bir nəfər şəxs də (Şahid4) orada hal şahidi kimi iştirak etmişdir. Baxış zamanı bağlamaların içərisindən narkotik maddələr aşkar olunmuşdur. Baxış zamanı tutulmuş şəxsin (Təqsirləndirilən şəxs) heç bir etirazı olmamışdır. Sonra sənədləşmə aparılmışdır. Məhkəmə iclasında Şahid4 Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, DSX-nin N saylı hərbi hissəsinin əməliyyat-axtarış şöbəsinin əməkdaşının 29 aprel 2023-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, daxil olmuş əməliyyat məlumatı əsasında 29 aprel 2023-cü il tarixdə hərbi hissənin 16-cı sərhəd zastavasının 5-ci sahəsində (Astara rayonunun Şahağacı kəndinin ərazisində) təşkil olunmuş “Pusqu” xidməti (əməliyyat qupu) tərəfindən 29 aprel 2023-cü il tarixdə, saat 00:25 radələrində göstərilən ərazidə “Mercedes” markalı avtomobilin dayanması və həmin avtomobildən bir nəfər şəxsin düşüb yarımtikiliyə yaxınlaşıb yerdə nəsə axtarması müşahidə edilmiş, sonra əməliyyat qrupu tərəfindən həmin şəxs, daha sonra isə avtomobildə olan şəxs saxlanılmışlar. Saxlanılan şəxslərin Təqsirləndirilən şəxs və X6 olmaları müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs İran vətəndaşının sifarişi ilə içərisində narkotik maddələr olan bağlamanı (torbaları) götürmək üçün həmin əraziyə gəldiyini bildirmişdir. Bundan sonra əməliyyat qurupunun üzvləri tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə ərazi axtarılmış və ərazidə iki ədəd bağlama (torba) aşkar olunub götürülmüşdür. Daha sonra saxlanmış şəxslər, avtomobil və iki ədəd bağlama (torba) sərhəd zastavasına aparılıb aidiyyəti üzrə təhvil verilmişdir. İşdə olan, “Aşkar edilmiş predmetlərə baxış keçirilməsi haqqında” 29 aprel 2023-cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə DSX-nin N saylı hərbi hissəsinin zabititəhqiqatçı vəzifəsini icra edən Babək Göyüşov tərəfindən Təqsirləndirilən şəxs və hal şahidlərinin iştirakı ilə iki ədəd torbalara (29 aprel 2023-cü il tarixdə, 16-cı sərhəd zastavasının sağ cinahı 5-ci sahəsinin arxa istiqamətində, yəni Astara rayonun Şahağacı kəndi ərazisində yerləşən yarımtiklidən onun iştirakı ilə hadisə yerindən aşkar edilib götürülmüş) baxış keçirilmişdir. Baxış zamanı birinci torbadan 6 ədəd və ikinci torbadan 3 ədəd bağlamalar və bu bağlamaların içərisindən narkotik vasitə olan marixuanaya oxşar kütlələr, habelə ikinci torbadan 5 ədəd bağlama və həmin bağlamaların içərisindən narkotik vasitə olan tiryəkə oxşar kütlələr, eləcə də üzərinə “Medhadone 40” yazısı yazılmış 7000 (yeddi) min ədəd həblər aşkar olunmuşdur. Aşkar olunmuş kütlələr və həblər qablaşdırılıb təhqiqat orqanı tərəfindən götürülmüşdür. İşdə olan, “Mobil telefona baxış keçirilməsi haqqında” 01 may 2023-cü il tarixli protokol və protokola əlavə edilmiş foto şəkillərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefonun vatsap tətbiqi hissəsinin yaddaşında İran İslam Respublikasına telefon operatoruna məxsus +98-911-637-1269 saylı telefon nömrəsi ilə 28 aprel 2023-cü il tarixdə saat 22:02-də 30 saniyə, 22:28-də 25 saniyə, 23:53də 30 saniyə, 29 aprel 2023-cü il tarixədə 00:07-də 09 saniyə, 00:20-də 22 saniyə danışıqların aparılması və narkotik vasitələrin gizlədildiyi yerin foto şəkilləri və kordinatların vatsapla göndərilməsi müəyyən edilmişdir. İşdə olan, məhkəmə-bioloji ekpertizasının 29 aprel 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş iki ədəd qara rəngli sintetik torbada ümumi sayı 09 (doqquz) ədəd yapışqan lentlə bağlanmış sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri- 1001,8 qram, 981,8 qram, 992,7 qram, 1019,2 qram, 998,3 qram, 1081,8 qram, 1006,8 qram, 1018,7 qram, 1005,6 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır və ümumi çəkisi 9106,7 qramdır. Ekspertiza tədqiqatından sonra qalıq qurudulmuş marixuana 9106,25 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. İşdə olan, məhkəmə fiziki-kimyəvi ekpertizasının 29 aprel 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş və üzərində “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Zərflər üçün № 29” dairəvi möhür əksi olan bir ədəd qara rəngli sintetik torbada 5 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 1014,5 qram, 1009,2 qram, 1012,6 qram, 1011,4 qram, 1018,7 qram ümumi təmiz çəkisi 5066,4 qram qəhvəyi rəngli spesifik tiryək iyli, qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Təqdim olunmuş ümumi sayı 7000 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə üzərindəki göstəriciyə əsasən metadonun təsir maddəsinin ümumi miqdarı 280,0 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edir. Ekspertiza tədqiqatından qalıq tiryək 5066,15 qram və qalıq metadon həbləri 6930 ədəd. Aparılmış ekspertiza tədqiqatının dəyəri 89 manat təşkil edir. İşdə olan, “Əşyanın maddi sübut kimi tanınması haqqında” 01 may 2023-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 9106,25 qram qurudulmuş marixuana və qalıq 6930 ədəd metadon həbləri iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün DSX-nin İTİ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 27 may 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur İşdə olan, istintaq orqanın “Şəxsin azad edilməsi haqqında” 01 may 2023-cü il tarixli qərar ilə müəyyən olunur ki, X2 cinayət törətməsinə dair şübhələr təsdiq olunmadığına görə o, müvəqqəti saxlandığı yerdən azad edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid1, Şahid2, Şahid4 və Şahid3 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (götürəcəyin yükün içərisində nə olmasını bilməməsi, o, Astara rayonuna narkotik maddələri götürmək üçün getsə də, ora çatandan sonra könüllü olaraq fikrindən imtina edib narkotik maddələri götürməyib geri qayıdarkən arxadan əməliyyatçılar (DSX-nin əməkdaşları) gəlib ona “hara gedirsən, biz səhərdən səni gözləyirik, bilirik ki, sən sumka dalınca gəlmisən, gözlə biz indi sumkanı axtarıb taparıq” deyib onu saxlamaları və sonra əməliyyatçılar sumkanı öz əlləriylə qoymuş kimi götürüb gətirmələri, əməliyyatçılar qurduqları oyun nəticəsində tutulması və törədəcəyi cinayətdən könüllü imtina etdiyi üçün barəsində cinayət işinin xitam edilməli olmasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2, Şahid4 və Şahid3 ifadələri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni götürəcəyin yükün içərisində nə olmasını bilməməsi, o, Astara rayonuna narkotik maddələri götürmək üçün getsə də, ora çatandan sonra könüllü olaraq fikrindən imtina edib narkotik maddələri götürməyib geri qayıdarkən arxadan əməliyyatçılar (DSX-nin əməkdaşları) gəlib ona “hara gedirsən, biz səhərdən səni gözləyirik, bilirik ki, sən sumka dalınca gəlmisən, gözlə biz indi sumkanı axtarıb taparıq” deyib onu saxlamaları və sonra əməliyyatçılar sumkanı öz əlləriylə qoymuş kimi götürüb gətirmələri, əməliyyatçılar qurduqları oyun nəticəsində tutulması və törədəcəyi cinayətdən könüllü imtina etdiyi üçün barəsində cinayət işinin xitam edilməli olmasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2, Şahid4 və Şahid3 ifadələri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar, ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, habelə Təqsirləndirilən şəxs ibtidai istintaq, eləcə də məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, Astara rayonunun Şahağacı kəndinin ərazisində olan yarımtikilinin ətrafında gizlədilmiş narkotik maddələrin axtararkən sərhədçilər (DSX-nin əməkdaşları) tərəfindən saxlanılmasını, sonra özünün iştirakı ilə həmin ərazidən iki ədəd bağlamanın (torbanın) aşkar edilib götürülməsini və ittihamda göstərilən digər xüsusatları təsdiq tam etmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsinə cəhd etməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya (29 aprel 2023-cü il tarixdə qüvvədə olan) əsasən dərman preparatı kimi beynəlxalq adı “Tiryək”, “Metadon” və “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana olan maddələr narkotik vasitələrdir. Tiryəkin 0,5 qramdan, metadonun 1,6 qramdan və qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, tiryəkin 40 qramdan, metadonun 1,6 qramdan və qurudulmuş marixuananın 500 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində izah olunur ki, … təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə həmin Qərarın 12-ci bəndində izah edilir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-nin 34.2-ci maddəsinin mənasına görə, CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Göründüyü kimi, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs aid olmaqla götürülmüş 9106,7 qram narkotik vasitə olan qurudulmuş marixuana, 5066,4 qram narkotik vasitə olan tiryək və təsir maddəsinin ümumi miqdarı 280 qram olan 7000 ədəd narkotik vasitə olan metadon həbləri külli miqdar təşkil edir. Həmçinin məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur ki, təqsirləndirilən şəxsin cinayətkar qrupun digər üzvlərinin arasında olan razılaşmaya əsasən onun niyyəti narkotik maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma olmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə tövsif edilmişdir. İşdə olan, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 29 aprel 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən edilir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2012-ci il tarixdə hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 10 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 24 fevral 2014-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə həmin hökm dəyişdirilərək onun üzərində qəti olaraq 09 il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış və 13 may 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən (ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir) 16 noyabr 2012-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Ona görə də hazırda o, məhkumluğu olan şəxsdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin təhlükəli residivi yaranır. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən onun bu əməli cinayətin təhlükəli residivini yaradır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətdiyindən onun bu əməli cinayətin təhlükəli residivi yaratdığından ona CM-nin ittiham olunduğu maddələr üzrə cəza təyin edilərkən CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəza təyin edilməli, habelə cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi də nəzərə alınmalıdır. İşdə olan, Lənkəran Şəhər Mənzil Təsərrüfatı İdarəsindən verilmiş 08 oktyabr 2024cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi, ev 49 A-da qeydiyyatda, Lənkəran şəhəri, Z.Əliyeva küçəsi ev 78/10, mənzil 18-də yaşamış və yaşayış yeri üzrə müsbət (yaşadığı məhəllədə qonşuları ilə münasibəti yaxşı olmuş, məhəllədə keçirilən ictimai işlərdə iştirak etmiş və ondan heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar (CM-nin 59-cu maddəsində göstərilən və başqa) yoxdur. Habelə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı kifayət qədər əsaslı hesab edir və onun CM-nin 63.3-cü maddənin müddəaları (cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz) nəzərə alınmaqla həmin Məcəllənin 29,234.4.1 və 29,234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı ağırlaşdıran halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 63.3-cü maddəsinin müddəaları nəzərə alınmaqla cəza təyin edilməli, yəni Təqsirləndirilən şəxs CM-nin 29,234.4.1 və 29,234.4.3-cü maddələri ilə cəza təyin edərkən ona təyin olunacaq cəza həmin maddə üzrə müəyyən edilmiş daha ciddi cəza növünün-azadlıqdan məhrumetmə növündə cəzanın son həddinin (12 ilin) dörddə üçündən (09 ildən) çox olmamalı, habelə CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təhlükəli residivə görə cəza təyin edilməli, yəni ona təyin olunacaq azadılqdan məhrumetmə cəzasının müddəti ittiham olunduğu CM-nin 29,234.4.1 və 29,234.4.3-cü maddələri üzrə müəyyən edilmiş daha ciddi cəza növü-azadlıqdan məhrumetmə cəzasının son həddinin (09 ilin) üçdə ikisindən (06 ildən) az olmamalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən (cinayətlərin residivi nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 29 aprel 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutlar otağında saxlanılan 9106,25 qram (9 kq 106,25 qram) narkotik vasitə olan qurudulmuş marixuana, 5066,15 qram (5 kq 66,15 qram) narkotik vasitə olan tiryək və 6930 ədəd narkotik vasitə olan metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X3 X4 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin iş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərcləri-154 (bir yüz əlli dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,234.4.1 və 29,234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 29 aprel 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutlar otağında saxlanılan 9106,25 qram (9 kq 106,25 qram) narkotik vasitə olan qurudulmuş marixuana, 5066,15 qram (5 kq 66,15 qram) narkotik vasitə olan tiryək və 6930 ədəd narkotik vasitə olan metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-65 (altmış beş) manat məhkum olunmuş şəxs X1 tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. İş üzrə ekspertiza tədqiqatı xərcləri-154 manat (bir yüz əlli dörd) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar