Məhkəmə qərarları › İş №1(099)-237/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-237/2025

18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-237/2025 18.03.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cavanşir Şirvan oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun X7 İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2000-ci ildə İmişli rayonu, Məhəmmədli kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, müharibə veteranı, İmişli rayonu Məhəmmədli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs (FİN xxxxxxx) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 18 mart 2025-ci il tarixdə saat 11:20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 1 nömrəli məhkəmə iclas zalında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 8 avqust 2024-cü il tarixdə saat təxminən 15:00 radələrində İmişli şəhəri, Heydər Əliyev prospektində idarə etdiyi “VAZ-21074” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən arxadan hərəkətdə olan “VAZ-2107” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Zərərçəkmiş şəxs yaxın məsafədən uzaq və yaxın işıqları yandırıb-söndürməklə “yol ver” işarəsini verdiyini görüb, avtomobili İmişli şəhəri, Heydər Əliyev prospekti 204 ünvanında yerləşən “Gülşən Studio” gözəllik salonunun yanında saxlayıb avtomobildən düşərək Zərərçəkmiş şəxs etdiyi əmələ görə öz iradını bildirərkən, bununla bağlı aralarında şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Zərərçəkmiş şəxs yaxasından tutub dartaraq onu əsas yoldan dalan yola aparmış və orada qəflətən kəlləsi ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən bir dəfə zərbə vurduqdan sonra həmin zərbənin təsirindən dizləri üstə yerə oturan Zərərçəkmiş şəxs alın nahiyəsinə sağ dizi ilə iki dəfə qəsdən zərbə vuraraq, ona alın sümüyünün frontal sinusu anterior divarında qəlpəli, yerdəyişən minimal basılmış sınığı, əsas sümük sağ bayır qanadabənzər çıxıntısının sınığından ibarət insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya, burun sümüyünün sağda yerdəyişən sınığı, sol almacıq sümüyü cisminin sol orbitanın distal divarında, sol maksilyar sinusun anterior divarında sınığı, sol almacıq qövsünün yerdəyişən sınığından ibarət qəsdən sağlamlığa az ağır zərər vurmaya, baş beyin silkələnməsi halında qapalı kəllə-beyin travması, hər iki gözətrafı nahiyyənin hematomasından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, daha sonra zərbələrin təsirindən yerdə uzanıqlı vəziyyətdə qalan Zərərçəkmiş şəxs qabırğa nahiyəsinə qəsdən təpiklə dörd dəfə zərbə vuraraq, ona sol Vİİ-Vİİİ qabırğaların ön qövsündə yerdəyişməyən sınığından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə, zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən sağlamlığına insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində tanışı Şahid1 məxsus VAZ-21074 markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə İmişli şəhəri, Heydər Əliyev prospektində üzü İmişli şəhəri istiqamətində hərəkətdə olmuş, Şahid1 və Şahid2 da onun idarə etdiyi avtomobildə olmuşlar. Həmin vaxt onlarla eyni istiqamətdə, onlardan arxada hərəkət edən sonradan tanıdığı Zərərçəkmiş şəxs idarə etdiyi ağ rəngli VAZ-21074 markalı avtomobili ilə avtomobilin “yaxın-uzaq” işıqlarını ardıcıl olaraq yandırıb-söndürməklə ondan ona yol verməsini işarə etmiş, o isə əli ilə avtomobilin üzərində yük olduğunu və ona görə də avtomobili yavaş sürətlə sürdüyünü bildirmişdir. Bundan sonra da Elxan avtomobilin yaxın və uzaq işıqlarından istifadə edərək ondan yol verməsini tələb etməyə davam etmişdir. İmişli şəhəri, Heydər Əliyev prospektində yerləşən “Qlobus” adlı tikinti materialları mağazasının yanında Elxan ötmə əməliyyatı edərək onun idarə etdiyi avtomobili keçmiş və keçdikdən sonra “Gülşən Studio” gözəllik salonunun yanında avtomobili onun avtomobilinin qarşısında saxlayaraq avtomobildən düşmüşdür. O da idarə etdiyi avtomobili Elxanın idarə etdiyi avtomobilin arxasında saxlayaraq avtomobildən düşmüşdür. Elxan ona yol vemədiyi üçün irad bildirərək “sürə bilmirsən bu zibili sürmə” demiş, bu zaman aralarında sözlü mübahisə yaranmışdır. O, Elxanı küçədən dar ensiz dalana apararaq orada başı ilə onun sifət nahiyyəsinə bir dəfə zərbə vurmuş, zərbənin təsirindən Elxan dizi üstə yerə çökməş, bu zaman o, dizi ilə Elxanın alın nahiyyəsinə iki dəfə zərbə vurmuşdur. Zərbələrin təsirindən Elxan yerdə uzanıqlı vəziyyətdə qalmış, o əsəblərini cilovlaya bilmədiyindən Elxana yerdə olarkən daha bir neçə təpik zərbəsi vurmuşdur. Bundan sonra Ramil və Əmrah yaxınlaşaraq onları aralamış, Ramil Elxanı evlərinə aparmışdır. O, əsəbiləri sakitləşdikdən sonra həmin gün Elxanla görüşərək ondan üzr istəmişdir. Elxanın sağlamlığına zərər vurmaq niyyəti olmamış, Vətən müharibəsi zamanı aldığı travmalarla bağlı dərmanlar qəbul etdiyindən, həmin vaxt da həmin dərmanların təsirində olduğundan əsəblərini cilovlaya bilməmiş, mübahisə zamanı Elxana xəsarət yetirmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, Ramil və Əmrah o, Elxanla sözlü mübahisə edərkən avtomobildə əyləşmiş, o, Elxana zərbə vurduqdan avtomobildən enərək onlara yaxınlaşmışlar. O, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmış, ona vurulmuş ziyanı ödəmişdir, hal-hazırda münasibətləri yaxşıdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxslə barışdığını, Vətən müharibəsi iştirakçısı olduğunu, müharibə zamanı yaralandığını bildirərək məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, yaşadığı İmişli şəhərində mülkiyyətində olan VAZ-2107 markalı, **-LM- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində o, idarə etdiyi avtomobil ilə İmişli şəhəri, Heydər Əliyev prospekti ilə hərəkət edərkən, həmin vaxt qarşısında qırmızı rəngli VAZ-21074 markalı, **- FL-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olmuşdur. Həmin avtomobilin sürücüsü avtomobili aşağı sürətlə idarə etdiyindən o, bir neçə dəfə idarə etdiyi avtomobilin “uzaqyaxın” işıqlarını yandırıb-söndürməklə qarşıdakı avtomobilin sürücüsünə ona yol verməsini işarə etmişdir. Yol ensiz və dar olduğundan, bundan başqa VAZ-21074 markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili aşağı sürətlə idarə etdiyindən o, həmin avtomobili ötüb keçə bilməmişdir. O, əsəbləşdiyindən Heydər Əliyev prospektində yerləşən “Qlobus” tikinti materialları mağazasını keçdikdən sonra “ötmə” manevri edərək VAZ-21074 markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobili ötüb yolun sağ tərəfində yerləşən “Gülşən Studio” gözəllik salonunun yanında saxlamış və avtomobildən düşmüşdür. VAZ-21074 markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü də idarə etdiyi avtomobili onun avtomobilin arxasında saxlayaraq avtomobildən düşüb ona tərəf yaxınlaşmışdır. O, daha sonra həmin sürücünün Təqsirləndirilən şəxs olduğunu bilmişdir. O, Araza ona yol vermədiyi üçün əsəbi halda irad bildirmiş, Araz isə avtomobilin üzərində yük olduğundan aşağı sürətlə hərəkət etdiyini, bu səbəbdən də ona yol verə bilmədiyini bildirmişdir. Bu zaman onlar arasında sözlü mübahisə yaranmış, mübahisə zamanı Araz onu yaxasından tutub dartaraq yaxınlıqdakı dar, ensiz dalana aparmış, orada onun sifət nahiyyəsinə başı ilə qəflətən zərbə vurmuşdur. O, zərbənin təsirindən müvazinətini itirərək dizi üstə yerə çökmüş, bu zaman Araz dizi ilə onun alın nahiyyəsinə iki dəfə zərbə vurmuşdur. Bundan sonra o, yerə yıxılaraq ayağa qalxa bilməmiş, yerdə uzanıqlı vəziyyətdə qalmışdır. Yerdə olarkən Araz ona təpiklə bir neçə dəfə zərbə vurmuşdur. Sonradan tanıdığı Ramil və Əmrah adlı şəxslər onlara yaxınlaşmış, Əmrah ona kömək edərək evlərinə aparmışdır. Daha sonra həmin gün Araz onun yanına gələrək ona yetirdiyi xəsarətlərə görə ondan üzr istəmiş, müharibə iştirakçısı olduğunu, müharibədə aldığı travmalarla bağlı əsəblərini cilovlaya bilmədiyini bildirmişdir. Hal-hazırda Arazla barışmış, ona dəymiş ziyan Araz tərəfindən tam ödənilmişdir, Arazdan heç bir şikayət və tələbi yoxdur, məhkəmədən Araz Mehdiyevə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs və Şahid2 ilə birlikdə ona məxsus VAZ-21074 markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli rayonundan Heydər Əliyev prospektində üzü İmişli şəhəri istiqamətində hərəkətdə olmuş, avtomobili Təqsirləndirilən şəxs idarə etmişdir. Avtomobilin üzərində yük olduğundan Araz avtomobili aşağı sürətlə idarə etmişdir. Həmin vaxt onlardan arxada onlarla eyni istiqamətdə hərəkət edən sonradan tanıdığı Zərərçəkmiş şəxs idarə etdiyi VAZ-2107 markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə avtomobilin “uzaq-yaxın” işıqlarını yandırıb-söndürməklə Araza yol verməsini işarə etmiş, lakin yol ensiz olduğundan, eləcə də, avtomobilin üzərində yük olması ilə əlaqədar Araz avtomobili aşağı sürətlə idarə etdiyindən ona yol verə bilməmişdir. Elxan idarə etdiyi avtomobillə “Qlobus” tikinti materialları mağazasının qarşısında onları ötüb keçərək qarşıda saxlamış, Araz da avtomobili onun avtomobilin arxasında saxlayaraq avtomobildən enmişdir. Onlar bir qədər söhbət etdikdən sonra yaxınlıqdakı dalana getmişlər. Həmin vaxt o və Ramil avtomobildən enməmişlər. Arazın Elxana zərbə vurub yerə yıxdığını gördükdə Ramillə birlikdə avtomobildən düşərək onları aralamağa getmişlər. Elxanın burnundan qan axdığını görmüş, Elxana kömək edərək öz avtomobili ilə onu evlərinə aparmışdır. Daha sonra Araz da onların yanına gələrək Elxandan üzr istəmiş, müharibədə aldığı travmalarla bağlı əsəbini cilovlaya bilmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 4 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurulması faktına görə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. (i.v. 01-02;) - İmişli RPŞ-nin DYPB-nin inspektoru polis baş serjantı Ülvü Əhmədov tərəfindən İmişli RPŞ-nin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Ülvü Əhmədov 08 avqust 2024-cü il tarixdə saat 15 radələrində İmişli şəhəri Heydər Əliyev prospektində **-YP-*** dövlət qeydiyyat nömrəli avtomobillə xidmət apararkən “Toyota Prado” markalı avtomobilin sürücüsü ona yaxınlaşaraq “Gülşən studio” gözəllik salonunun yanında bir neçə nəfər şəxsin dalaşması barədə məlumat vermiş, o, həmin əraziyə yaxınlaşdıqda dörd nəfər şəxsin VAZ 21074 markalı avtomobilə əyləşərək oradan uzaqlaşmışdır. (i.v. 5;) - “Baxış keçirilməsi haqqında” 08 avqust 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri İmişli şəhəri Heydər Əliyev prospektində yerləşən “Qlobus” inşaat materialları mağazasının qarşısındadır (i.v. 6-10;) - İmişli RPŞ-nin məsul növbətçisi polis mayoru Nəbi Babaşovun xx.xx.2024-cü il tarixli raportundan görünür ki, İmişli RMX-nin həkimi İlkin Quliyev xx.xx.2024-cü il tarixdə saat 22:25-də İmişli RPŞ-nin növbətçi hissəsinə zəng edərək Zərərçəkmiş şəxs “alın sümüyünün sınığı, sol almacıq sümüyünün sınığı, hər iki gözaltı nahiyyənin hematoması, kəllə-beyin travması və beyin silkələnməsi” diaqnozu ilə İmişli RMX-yə daxil olması barədə məlumat vermişdir. (i.v. 20;) - Zərərçəkmiş şəxs İmişli RPŞ-nin rəisinə ünvanladığı xx.xx.2024-ci il tarixli ərizəsində göstərmişdir ki, 08 avqust 2024-cü il tarixdə sat 15 radələrində əvvəllər tanımadığı adını sonradan bildiyi İmişli rayonu Məhəmmədli kənd sakini Təqsirləndirilən şəxs İmişli şəhəri Heydər Əliyev prospektində yerləşən “Gülşən studio” gözəllik salonunun yanında onun sifət nahiyyəsinə başı və dizi ilə çoxsaylı zərbələr vuraraq ona xəsarət yetirmiş, bundan sonra o halsız vəziyyətdə yerdə uzanarkən onun sol qabırğa nahiyyəsinə təpiklə çoxlu sayda zərbə vurmuşdur. ( i.v. 21;) - məhkəmə-tibbi ekspertizasının 21 avqust 2024-cü il tarixli 535 saylı rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs üzərində aşkar edilmiş xəsarətlər- alın sümüyünün frontal sinusun anterior divarında qəlpəli, yerdəyişən minimal basılmış sınığı, burun sümüyünün sağda yerdəyişən sınığı, sol almacıq sümüyü cisminin sol orbitanın distal divarında, sol maksilyar sinusun anterior divarında sınığı, sol almacıq qövsünün yerdəyişən sınığı, əsas sümük sağ bayır qanadabənzər çıxıntısının sınığı, sol Vİİ-Vİİİ qabırğaların ön qövsündə yerdəyişməyən sınığı, baş beyin silkələnməsi halında qapalı kəllə-beyin travması, hər iki gözətrafı nahiyənin hematoması, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən xx.xx.2024-cü il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Qeyd olunmuş xəsatlər-alın sümüyünün frontal sinusu anterior divarında qəlpəli, yerdəyişən minimal basılmış sınığı, əsas sümük sağ bayır qanadabənzər çıxıntısının sınığı dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya, burun sümüyünü sağda yerdəyişən sınığı, sol almacıq sümüyü cisminin sol orbitanın distal divarında, sol maksilyar sinusun anterior divarında sınığı, sol almacıq qövsünün yerdəyişən sınığı, sol Vİİ-Vİİİ qabırğaların ön qövsündə yerdəyişməyən sınığı dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya, baş beyin silkələnməsi halında qapalı kəllə-beyin travması, hər iki gözaltı nahiyyənin hematoması isə dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. (i.v. 36- 38;) - “Zərərçəkmiş şəxs qismində tanıma” haqqında 12 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir. (i.v. 62-65;) - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs hadisə yerini əyani şəkildə göstərərək ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. (i.v. 121- 124;) - Zərərçəkmiş şəxs İmişli RPŞ-nin rəisinə ünvanladığı xx.xx.2024-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncu tərəfindən ona vurulmuş ziyan tam şəkildə ödənilmiş, ondan heç bir şikayət və tələbi yoxdur. (i.v. 138;) - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 04 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərara alınmışdır. (i.v. 147-148;) - “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçmək haqqında” 04 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 162-163;) - Azərbaycan Vətən Müharibəsi X2 73484 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin ictimai birliyin üzvüdür. (i.v. 166;) - Azərbaycan Respublikas Medalının Vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli 2353 nömrəli sərəncamı ilə “Cəsur döyüşçü” medalı, 24 dekabr 2020-ci il tarixli 2358 nömrəli sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı, 25 dekabr 2020-ci il tarixli 2362 nömrəli sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı, 25 dekabr 2020-ci il tarixli 2364 nömrəli sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı, 24 iyun 2021-ci il tarixli 2716 nömrəli sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı, Azərbaycan Respublikası Baş nazirinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. (i.v. 168-170;) - Təqsirləndirilən şəxs məxsus Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsindən verilmiş SX №0448502 seriya nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs səfərbərlik çağırışı üzrə xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissədə qumbaraatan vəzifəsinə təyin olunmuş, xx.xx.2020-ci il tarixdən Füzuli-Cəbrayıl-Şuşa istiqamətində gedən döyüşlərdə iştirak etmiş, döyüş əməliyyatları zamanı yaralanmışdır. (i.v. 171-175;) - Zərdab rayon Mərkəzi xəstəxanasından təqdim olunmuş ambulator kitabçadan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həmin tibb müəssisəsində “sarğı nahiyyəsində qəlpə yarası” diaqnozu ilə müalicədə olmuşdur. (i.v. 176;) - “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator kitabçadan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “posttravmatik stress pozuntusu” diaqnozu qoyulmuşdur. (i.v. 190;) - N nömrəli hərbi hissədən verilmiş xx.xx.2021-ci il tarixli 11 nömrəli “Travma haqqında arayış”dan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Xocavənd rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində sarğı nahiyyəsindən qəlpə yarası almışdır. (i.v. 196) - Ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 3559 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman yüngül ifadə olunmuş posttravmatik stress pozuntusu müəyyən edilir, Təqsirləndirilən şəxs hazırda yüngül ifadə olunmuş posttravmatik stress pozuntusu aşkar olunur, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir, Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyətinə görə özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etmir, Təqsirləndirilən şəxs barəsində keçirilən istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir, Təqsirləndirilən şəxs barəsində keçirilən istintaq hərəkətlərinin mahiyyətini dərk edir. (i.v.210-212;) - “İfadənin yerində yoxlanılması haqqında” 15 dekabr 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs istintaq hərəkəti zamanı hadisə yerini əyani olaraq göstərərək ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. (i.v. 214-217.) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq Zərərçəkmiş şəxs sağlamlığına yetirilən xəsarətlə bağlı əməlin tövsifinə dair ibtidai istintaq orqanının gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaya görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin maddənin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini qəsdən törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi ictimalitəhlükəli hərəkətləri törətməsi və bunun müvafiq nəticələrə səbəb olması əməlində Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətini yaratmışdır. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb Azərbaycan Respublikası CPM-nin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələri ilə, cinayət işi materiallarında olan “baxış keçirilməsi” haqqında 08 avqust 2024-cü il tarixli, “ifadənin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli protokollar, məhkəmə-tibbi ekspertizasının 21 avqust 2024-cü il tarixli 535 saylı rəyi və digər sənədlərlə müəyyən edilmiş işin faktiki halları, yəni toplanmış sübutların məcmusu ilə, həmin əməli anlaqlı vəziyyətdə törətməsi isə ambulator məhkəmə-psixiatrik ekspertizasının 05 dekabr 2024-cü il tarixli, 3559 nömrəli rəyi ilə tam sübut edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - Məhkumluq haqqında xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v. 50;) - İmişli rayon İcra Hakimiyyəti başçısının Rəsullu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən 07 oktyabr 2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İmişli rayonu Məhəmmədli kəndində atası X9 və anası X5 ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 102-103;) - Cəlilabad şəhər İcra Hakimiyyəti başçısının Cəlilabad şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 aprel 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, X1 şəhəri, S.Axundov küçəsi 21 ünvanında yaşamış, ailə tərkibi anası və qardaşından ibarət olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir (i.v. 104-105) Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrundan aparılan döyüş əməliyyatlarında işirak etməsini, döyüş əməliyyatları zamanı düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində xəsarət almasını (Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən), müharibə zamanı aldığı travma ilə bağlı hazırda da anlaqlılığı istisna etməyən psixi pozuntudan – “yüngül ifadə olunmuş posttravmatik stress pozuntusu” xəstəliyindən əziyyət çəkməsini (Azərbaycan Respublikası CM-nin 59.1.9-cu maddəsinə əsasən), zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını (Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsində göstərilmişdir ki, 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilə bilər. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini müəyyən edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmiş cinayətlərin zorakı cinayət əməlinə aid olmasını, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halların məcmusunu, yəni ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsini, Azərbaycan Respublikasının müdafiəsi zamanı xəsarət almasını, hal-hazırda da müharibə zamanı aldığı travma ilə əlaqədar anlaqlılığı istisna etməyən psixi pozuntudan əziyyət çəkməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların məcmusunu, təyin ediləcək cəzanı çəkəcəyi təqdirdə onun müharibə zamanı aldığı travma nəticəsində yaranan “yüngül ifadə olunmuş posttravmatik stress pozuntusu” xəstəliyi ilə bağlı sağlamlıq vəziyyətinin pisləşəcəyini, yenidən cəmiyyətə adaptasiya olmasının mürəkkəb məsələyə çevriləcəyini, o cümlədən müharibə iştirakçılarına dövlət və cəmiyyət tərəfindən göstərilən ehtiram və rəğbəti, Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tədbiq edilməsini və azadlıqdan məhrum etmə cəzasını çəkmədən onun islah olunmasını mümkün sayır. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1 və 70.2-ci maddələrinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunan maddi hüquq normasının məna və mahiyyətinə görə, şəxs barədə şərti məhkum etmənin tətbiqi üçün məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar araşdırılmalıdır. Həmçinin şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, şəxsin təyin olunmuş cəzanı real çəkməsi məqsədəmüvafiq olmadıqda tətbiq edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 8 dekabr 2021-ci il il tarixli qərarında göstərilir ki, şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Azərbaycan Respublikası CM-nin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsiil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəlikdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti hesab edilməli, ona öz davranışı ilə islah olunmasını sübut etmək üçün sınaq müddəti müəyyən edilməli, üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən iş yerini, daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə onun davranışı üzərində nəzarət İmişli rayon Probasiya şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmü qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi və maddi sübut yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilsin və 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən iş yerini, daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Hökmün icrası İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar