Məhkəmə qərarları › İş №1(099)-239/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-239/2022

04.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-239/2022 04.05.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən) Nəbiyev Cəlil Cabbar oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Cəlal oğlunun iştirakları ilə 23 avqust 1967-ci ildə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda -13,012 qram çəkidə narkotik vasitə olan heroini əldə edib özü ilə yaşadığı evə daşıyaraq bir qədərini istifadə etdikdən sonra 01 ədəd sellofan və 01 ədəd kağız bükümündə qablaşdırmaqla satış məqsədi ilə qanunsuz olaraq yaşadığı evdə saxlamış, 26 oktyabr 2021-ci il tarixdə saat 17 radələrində Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində onun yaşadığı Astara şəhəri, R.Məmmədov küçəsi ev 14 ünvanına baxış keçirilən zaman evin ona məxsus yataq otağındakı kiçik ölçülü dolabın üzərində olan karton qutunun içərisindən 01 ədəd sellofan bükümündə təmiz çəkisi -10,098 qram və həmin otaqdakı paltar dolabının içərisindəki ona məxsus pencəyin sol üst cibindən 01 ədəd kağız bükümündə təmiz çəkisi -2,914 qram olmaqla ümumi təmiz çəkisi -13,012 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2021-ci il oktyabr ayının 26-da Astara şəhərində yaşadığı evin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış və şöbəyə aparılmışdır. Şöbədə ona zor tətbiq olunmuş və bundan sonra baxış üçün evinə aparılmışdır. Baxışda özü də iştirak etmişdir. Evində olarkən polis əməkdaşları paltar dolabında olan ona məxsus pencəyin cibindən və kiçik dolabda olan karton qutudan narkotik aşkar etmişlər. Karton qutuda olan heroin ona məxsus deyil, yalnız dolabdakı kurtkasının cibində olan yarım qram heroini öz istifadəsi üçün saxlamışdır. Karton qutuda olan narkotiki polis əməkdaşı - təhqiqatçı Qasım adlı şəxs ora qoymuşdur. Aşkar olunan narkotik tərəzidə çəkilməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik olmamışdır. Heç kimə narkotik satmamışdır. Narkotikdən istifadə edir, özünü narkotik satışı ilə bağlı təqsirli bilmir, istifadə etdiyi narkotiki ürək xəstəliyi ilə bağlı istifadə etmişdir. Evinə baxış videoçəkilişlə aparılmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində evinə baxışın onun razılığı ilə keçirildliyini, yaşadığı evin yataq otağında aşkar olunan 2 bükümdə heroinin özünə məxsus olduğunu göstərmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmə baxışı zamanı dindirilmiş şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Astara rayon polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Astara rayon sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 26 oktyabr 2021-ci il tarixdə saat 17 radələrində o, yaşadığı Astara şəhəri R.Məmmədov küçəsində yerləşən evinin yaxınlığında saxlanılmış və onlarla birlikdə polis şöbəsinə aparılmışdır. Təqsirləndirilən şəxs üzərində narkotik aşkar edilməmiş, lakin yaşadığı evdə narkotikin olduğunu bildirmişdir. Bundan sonra onun yaşadığı ünvana yollanmışlar. Videoçəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən evə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yataq otağında yerləşən dolabın üzərindənki qutunun içərisindən bir ədəd sellofan büküm aşkar olunmuşdur. Həmin bükümün içərisində qəhvəyi rəngli heorinə bənzər kütlə olmuşdur. Bundan sonra baxış davam etdirilmiş, baxış zamanı həmin otaqda olan paltar dolabının içərisindəki ona məxsus pencəyin sol üst cibindən bir ədəd qatlanmış formada olan kağızın içərisində heroin aşkar olunmuşdur. Videoçəkilişdən də görünür ki, Təqsirləndirilən şəxs qarşı zor tətbiq olunmamışdır. Təhqiqatçı Qasım tərəfindən Etibarın otağına hər hansı bir narkotik qoyulmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Astara RPŞ-nın əməkdaşları Şahid3 və Şahid2 eyni məzmunlu ifadələr verərək Şahid1 göstərdiyi xüsusatları təstiq etmişlər. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 27 oktyabr 2021-ci il tarixli 19/1074 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs fərdi yaşayış evindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi: -10,098 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs fərdi yaşayış evindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi: - 2,914 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs fərdi yaşayış evindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə....” sözlər və imzalar olan iki ədəd zərfdəki ümumi təmiz çəkisi: -13,012 qram olan heroinlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 1163 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhəkəmədə tədqiq edilmiş 26 oktyabr 2021-ci il tarixli “baxış və götürmə keçirilməsi haqqında” protokoldan və videçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən evinə keçirilən baxış zamanı evin yataq otağında olan dolabın üzrindəki qutunun içərisində sellofana bükülmüş bir bükümdə spesifik iyə malik olan, toz formada, qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə, paltar dolabının içində olan ona məxsus pencəyin sol üst cibindən kağızının içərisindən spesifik iyə malik olan, toz formada, qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 1 fevral 2021-ci il tarixli qərarla həmin cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında üzərində evində aşkar olunan narkotik vasitə heroinin ona məxsus olmaması, narkotikin evinə baxış zamanı təhqiqatçı Qasım tərəfindən qoyulması, polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunaraq hədələdiyindən zorla ifadə verməyə məcbur edilməsinə dair ifadəsində göstərdiyi xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Təqsirləndirilən şəxsin ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunması ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1,449.1.1. 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrin məzmununa görə təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, ibtidai araşdırmanın ilk günündən öz seçimi ilə cəlb edilmiş peşakar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda Təqsirləndirilən şəxs özü bu halı hər hansı bir dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində Astara Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilərkən o, izahatında 2-ci qrup əlil olduğunu bildirərək aşkar olunmuş narkotiklərin ona məxsus olmaqla satmaq niyyətinin olmadığını etiraf etmişdir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi etirafedici izahat, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrin məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, N-30364/09, && 42-43? 12 noyabr 2013;Məmmədov Azərbaycana qarşı, N-12 /11/2013, &&23-27? 11 yanvar 2007) Təqsirləndirilən şəxs karton qutuda olan heroinin ona məxsus olmadığını, yalnız paltar dolabındakı pencəyinin cibində olan yarım qram heroini öz istifadəsi üçün saxladığını, kardon qutuda olan külli miqdarda narkotikin otağa baxış keçirən polis əməkdaşı təhqiqatçı Qasım adlı şəxs tərəfindən ora qoyulması ilə bağlı göstərdiyi xüsusat videçəkilişlə aparılan evə baxış və götürmə aparılması haqqında istintaq hərəkətinin protokolu, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla təkzib olunur. Belə ki, məhkəmədə tədqiq olunmuş evə baxış və götürmə aparılması haqqında videoçəkilişdən görünür ki, evin giriş qapısı bağlı olduğundan açarı Etibarın ailə üzvləri tərəfindən gətirilir, qapı açılır, sonra Təqsirləndirilən şəxs istintaq hərəkətini aparan Astara RPŞ-nın TB-nin təhqiqatçısı Qasım Hüseynov və digər polis əməkdaşları ilə birgə evə daxil olurlar, özünün iştirakı ilə təhqiqatçı Qasım Hüseynov evə baxış keçirir, baxış zamanı yataq otağında dolabın üzərində olan karobkanın içərisində selofana bükülmüş bir bükümdə toz formada qəhvəyi rəngli heroinə bənzə kütlə, şkafın içərisində olan ona məxsus pencəyin sol üst cibindən kağız parçasının içərisində heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Həmin videçəkilişdən açıq-aydın görünür ki, baxış keçirilməmişdən əvvəl evə hər hansı bir polis əməkdaşa və ya digər şəxs daxil olmamışdır. Odur ki, heroinin evə təhqiqatçı Qasım Hüseynov və ya digər şəxs (lər) tərəfindən qoyulması mümkün deyildir. Bundan başqa, məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən yataq otağında dolabda aşkar olunan heroinlə pencəyin cibində aşkar olunan heroinin eyni tərkibli olması bir daha onu göstərir ki, həmin narkotik vasitələr kənar şəxslər tərəfindən qoyulmamış, məhz təqsirləndirilən şəxsin özünə məxsus olmuşdur. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə yuxarıda qeyd olunan verdiyi ifadələrini, habelə şahidlərin ifadələrini, eskpertizanın rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. İşin faktiki halları, o cümlədən heç yerdə işləməyən Təqsirləndirilən şəxs yataq otağında müxtəlif yerlərdən eyni tərkibli külli miqdarda heroinin aşkar edilməsi, təqsirləndirilən şəxsin həqiqətən də narkotik vasitələri qanunsuz əldə edilməsi, saxlanması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən «Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitəri satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Buna görə də, Təqsirləndirilən şəxs həmin maddədə qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. 26 oktyabr 2021-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 28 oktyabr 2021-ci il tarixdə CM-in 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Astara Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında inzibati ərazi nümayəndəliyinə şikayət daxil olmamışdır. Məhkəməyə təqdim olunmuş DSMF-nin 1 saylı Lənkəran-Astara Regionla filialının 26 aprel 2022-ci il tarixli məktubundan və Elmi-Tədqiqat Kardiologiya institutunun arayışından görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir, “gərginlik stenokardiyası İİİ faza, arterial hipertaniya İİ mər., infarktdan sonrakı kardioskleroz, ürək anevrizması” diaqnozu ilə xəstəlikdən əziyyət çəkir. İş materaillarında olan 4 may 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs arvadı Firuzə Əliyeva heç yerdə işləmir. İş materiallarında olan ailə tərkibi arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 4 uşağı var. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ürək çatışmazılığı xəstəliyindən əziyyət çəkməsini, İİ qrup əlil olmasını, himayəsində 4 uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.4.3-cü maddəsi “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin maddənin sanksiyasında beş idən on iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 26 oktyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunduğunu, lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda onun İİ dərəcəli əlil olmasını nəzərə alaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməməli, o, yalnız ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Astara RPŞ-də saxlanılan ümumi qalıq çəkisi 12, 912 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, evə baxış və götürmə aparılmasına dair 1 ədəd DVD disk isə cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 26 oktyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq hazırda Astara RPŞ-də saxlanılan ümumi qalıq çəkisi 12, 912 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, evə baxış və götürmə aparılmasına dair 1 ədəd DVD disk isə cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci 50 manat təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar