Məhkəmə qərarları › İş №1(099)-24/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-24/2022

21.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-24/2022 21.01.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, müdafiəçilər- Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi4 və Müdafiəçi3 iştirakı ilə xx xxxxxxx 1994-cü ildə Bakı şəhəri, Sabunçu rayonunun Maştağa qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Sabunçu rayonunun Maştağa qəsəbəsi, S.Vurğun küçəsi, ev 47-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 32.5,206.3.2, 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxx 1999-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, “Vətən” mühafizə xidmətində mühafizəçi işləyən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 8-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin və psixotrop maddənin əldə olunması, saxlanması, daşınması, qrupun üzvləri-şəxsiyyəti məlum olmayan özünü “Cavanşir” kimi təqdim edən şəxs və digərləri tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan narkotik vasitəni və psixotrop maddəni əldə edib qrupun digər üzvlərinə çatdırılmaqla realizə olunmasına qabaqcadan vəd verərək, ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvləri tərəfindən İran İslam Respublikasında qanunsuz olaraq satış məqsədilə əldə edilib, saxlanılıb daşınmaqla məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilmiş bir ədəd torbada 4 plastik qablarda ayrı-ayrılıqda 1990 qram, 1695 qram, 2020 qram və 2010 qram olmaqla cəmi, külli miqdarda-7715 qram narkotik vasitə olan heroini, külli miqdarda-2000 qram narkotik vasitə olan tiryəki, külli miqdarda-1030 qram psixotrop maddə olan metamfetamini, 190 qram narkotik vasitə olan qurudulmuş marixuananı və soyuq silah hesab edilən bir ədəd “Kukri” tipli Nepal milli bıçağı “Biləsuvar-İran” sərhəd yolunun Biləsuvar rayonunun Yuxarı Ağalı kəndindən keçən hissəsində, kəndin çıxışını göstərən “Yuxarı Ağalı” sözləri yazılmış lövhənin yanında gizlədilməsi barədə məlumat verməsindən sonra onlar birlikdə 14 iyul 2021-ci il tarixdə saat 03 radələrində bu cinayətlərdən xəbərsiz olan X5 idarə etdiyi VAZ-2106 markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gedib avtomobildən yerə düşdükdən sonra Təqsirləndirilən şəxs1 avtomobilin yanında dayanmış, Təqsirləndirilən şəxs2 isə gizlədildiyi yerdən bir ədəd torbanın içərisində olan narkotik və psixotrop maddələri və bıçağı götürüb narkotik və psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq birgə əldə edib, saxlayıb daşıyarkən, habelə soyuq silah hesab edilən bir ədəd bıçağı əldə edib və gəzdirərkən, daxil olmuş əməliyyat məlumatına əsasən Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılıb onlardan bir ədəd torbanın içərisində 4 plastik qablarda ayrı-ayrılıqda qablaşdırılmış 1990 qram, 1695 qram, 2020 qram və 2010 qram olmaqla cəmi, külli miqdarda-7715 qram narkotik vasitə olan heroini, külli miqdarda-2000 qram narkotik vasitə olan tiryəki, külli miqdarda-1030 qram psixotrop maddə olan metamfetamini, 190 qram narkotik vasitə olan qurudulmuş marixuananı və soyuq silah hesab edilən bir ədəd “Kukri” tipli Nepal milli bıçağı aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, subaydır, valideynləri yoxdur, heç bir yerdə işləməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, S.Vurğun küçəsi, ev 47-də tək yaşamışdır. Təqsirləndirilən şəxs1 həmkəndlisidir, aralarında yaxın münasibətləri vardır. Xeyli müddətdir ki, narkotik maddələrdən istifadə etməyə başlamışdır. Nicat da narkotiklərdən istifadə edir. Tutulmamışdan təxminən 5 ay əvvəl “İnstagram” sosial şəbəkəsində özünü İran vətəndaşı “Cavanşir” kimi təqdim edən şəxslə tanış olmuşdur. Daha sonra bir-birilərinə telefon nömrələrini verib telefonla danışıb əlaqə saxlamışlar. 2021-ci ilin iyul ayının əvvələrində telefonda danışarkən Cavanşir ona narkotik maddələr göndərəcəyini, həmin maddələri dediyi yerdən götürüb Bakı şəhərinə aparıb özündə saxlamasını, sonra ona zəng edib nə edəcəyini deyəcəyini bildirimiş, o da razılaşıb narkotikləri göndərməyi barədə Cavanşirin xəbərini gözləməyə başlamışdır. 13 iyul 2021-ci il tarixdə, saat 19 radələrində Nicatla bir yerdə olan vaxt iranlı tanışı Cavanşir vatsappla ona zəng vurub Biləsuvar rayonu ərazisində, gömrük yolunun kənarına içərisində narkotik vasitə olan bağlama qoydurduğunu, gedib narkotik maddəni götürüb Bakı şəhərinə apamasını, sonra ona zəng edib nə etmək lazım olduğunu deyəcəyini bildirmişdir. Həmin vaxt o, Cavanşirə Biləsuvara getməyə pulunun olmadığını bildirmiş, Cavanşir də ona bank kartının şəklini göndərməsini və həmin karta 50 manat pul yükləyəcəni, pulu götürüb Biləsuvara gedib dediyi yerdən içərisindən narkotik maddə olan bağlamanı götürməsini demişdir. Həmin vaxt Nicat da onun yananda olduğu üçün Cavanşirlə onun narkotiklə bağlı danışıqları və Cavanşirin ona (Təqsirləndirilən şəxs2) narkotik maddə göndərəcəyini eşitmişdir. Özünün bank kartı olmadığına gərə o, Nicatdan bank kartının ona verməsini demiş, Nicatda ona kartını vermiş və o, həmin kartın fotoşəklini iranlı Cavanşirə göndərmişdir. Bir az sonra Cavanşir ona zəng edib karta 50 (əlli) manat pul yüklədiyini bildirmişdir. Sonra o, Nicatla birlikdə Maştağa qəsəbəsində yerləşən bankomatlardan birindən həmin kartla 50 manat pulu çıxarıb götürmüşdür. Bundan sonra o, Biləsuvar rayonuna getməyə hazırlaşarkən Nicat təkidlə ona narkotik maddəni götürmək üçün birlikdə Biləsuvar rayonuna getməyi demiş, o da Nicatla razılaşmışdır. Nicatın onunla birlikdə getməkdə məqsədi götürəcəkləri narkotikdən bir az özü üçün götürmək olmuşdur. Həmin gün gecə saatlarında Nicat və o, həmkəndliləri, taksi fəaliyyəti ilə məşğul olan Alim adlı şəxslə (X8) danışıb Biləsuvara gedib-gəlməyə 120 manata, əvvəlcədən 40 manat, geri qayıdandan sonra 80 manat verməyə razılaşıb onun idarə etdiyi taksi maşını ilə (VAZ-2106 markalı **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobillə) Biləsuvar rayonuna getmişlər. Biləsuvara çatanda gecə saat 02-03 radələri (14 iyul 2021-ci il tarixi) olmuşdur. Taksi sürücüsü X6 əsgər yoldaşını görmək üçün getdiklərini bildirmişlər. Biləsuvara gedərkən o, yolboyu iranlı Cavanşirlə vatsappla danışmış, Cavanşir ona narkotik maddə olan bağlamanı Biləsuvar sərhədkeçmə məntəqəsi istiqamətində yolun kənarındakı “Yuxarı Ağalı” sözləri yazılmış lövhənin yanında gizlədildiyini danışıq səsi ilə bildirib həmin yerin fotoşəklini vatsappla ona göndərmişdir. Həmin lövhənin yanına çatanda o, Alimə maşını saxlamasını, ayaqyoluna getmək istədiyini bildirmiş, Alim də həmin yerdə maşını saxlamışdır. Bundan sonra o, maşından düşüb yolun kənarındakı “Yuxarı Ağalı” sözləri yazılmış lövhənin yanına gedib oradan içərisində narkotik olan çantanı götürüb maşına tərəf gələrkən polis əməkdaşları tərəfindən tutulmuşdur. O, maşından yerə düşüb narkotik maddəni götürməyə gedərkən Nicat maşında qalmışdır. Sonra polis əməkdaşları Nicatı və taksi sürücüsü Alimi də tutmuş, bundan sonra onları Biləsuvar RPŞ-nə aparmışlar. Polis şöbəsinə aparılarkən içərisində narkotik olan çantanı da polislər götürmüşlər. Polis şöbəsində vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmış və üzərində narkotik maddə aşkar edilməmişdir. Həmin vaxt özünə məxsus bir ədəd “Samsung” markalı mobil telefonu polislər götürmüşdür. Sonra polis əməkdaşları ondan yol kənarındakı lövhənin yanından götürdüyü çantanın içərisində nə olması soruşulmuş, o da çantanın içərisində narkotik maddələr olduğunu bildirmişdir. Bundan sonra özünün və vəkilin iştirakı ilə, həm də videoçəkilişlə həmin çantaya baxış keçirilmişdir. Baxış zamanı çantadan bağlamalar və plastik qablar, həmin bağlamalar və qabların içərisində narkotik maddələr və bir ədəd bıçaq aşkar olunmuşdur. Şifahi sorğu zamanı o, həmin çantanı ona iranlı tanışı Cavanşir adlı şəxsin göndərdiyini, çantanın içərisində narkotik maddələrin olmasını bilsə də, bıçağın olmasını bilmədiyini, həmin çantanı Bakı şəhərinə apardıqdan sonra narkotiklərin kimə verilməli və ya harasa qoyulması barədə Cavanşirin ona deyəcəyini, buna görə Cavanşir ona həm pul, həm də narkotik maddə verməli olduğunu bidirmişdir. Polis əməkdaşları tərəfindən aşkar olunmuş narkotik maddələr və bıçaq qablaşdırılb götürülmüş, sonra protokol tərtib olunmuşdur. Nicat iranlı Cavanşirin ona narkotik maddələr göndərməsini bilsə də, onun Cavanşirlə heç bir əlaqəsi olmamışdır. Həmçinin onun əvvəlcədən narkotik maddələri əldə etməsi ilə bağlı Nicatla heç bir razılığı olmamış, sadəcə olaraq Nicat onunla yol yoldaşı kimi Biləsuvara getmişdir. Hazırda cinayət törətdiyinə görə əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, subaydır, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 8-də yaşamış və Bakı şəhərində “Vətən” mühafizə xidmətində mühafizəçi işləmişdir. Təqsirləndirilən şəxs2 tanıyır, aralarında yaxın münasibətləri vardır. Xeyli müddətdir ki, narkotiklərdən istifadə etməyə başlamış, əsasən də heroindən istifadə etmişdir. Fatimənin də narkotiklərdən istifadə etməsini bilmişdir. 13 iyul 2021-ci il tarixdə, axşamüstü bir yerdə olarkən Fatimə kiminləsə telefonla danışarkən danışılardan bilmişdir ki, Fatimə kiminləsə narkotik barədə danışır. Sonra o, Fatimədən kiminlə telefonda danışdığı soruşmuş, o da iranlı Cavanşir adlı şəxslə danışdığını, Cavanşirin ona narkotik göndərdiyini, narkotiki götürmək üçün Biləsuvar rayonuna gedəcəyini bildirmişdir. Narkotik istifadəçisi olduğu üçün o, Fatiməyə demişdir ki, o da onunla birlikdə Biləsuvar rayonuna getsin və onun götürəcəyi narkotikdən istifadəsi üçün ona da bir az versin. Əvvəl Fatimə razı olmamış, lakin o, təkid etdiyi üçün Fatimə etiraz etməmiş və birlikdə Biləsuvara getməyə razılaşmışlar. X7 getməsi üçün pulu olmadığını bildirib iranlı Cavanşirə zəng edib Biləsuvara getməyə pulu olmadığını deyib ondan pul istəmiş, Cavanşir də kartına pul göndərəcəyini bildirmişdir. Fatimə Cavanşirə kartı olmadığını bildirəndə ki, o, kənardan onların söhbətinə qarışıb Fatiməyə onun bank kartı olduğunu, pulun həmin karta göndərilə biləcəyini demişdir. Sonra Fatimə onun bank kartının şəklini çəkib iranlıya göndərmişdir. Bir az sonra Cavanşir Fatiməyə zəng vurub karta 50 manat pul yüklədiyni demiş və o, Fatimə ilə birlikdə Maştağa qəsəbəsində olan bankomatlardan birindən 50 manat pulu çıxarmışlar. Bundan sonra o, Fatimə ilə birlikdə həmin gün gecə saatlarında tanıdığı taksi sürücüsü Alimlə (X8 ilə) danışıb Biləsuvara gedib-gəlməyə 120 manata, əvvəlcədən 40 manat, geri qayıdandan sonra 80 manat verməyə razılaşıb onun idarə etdiyi taksi maşını ilə (VAZ-2106 markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobillə) Biləsuvar rayonuna getmişlər. Biləsuvara çatanda gecə saat 03 radələri (14 iyul 2021-ci il tarixi) olmuşdur. Taksi sürücüsü Alimə Biləsuvara özünün əsgər yoldaşını görmək üçün getdiyini bildirmişdir. Biləsuvar rayonu ərazisində, yolda tanımadığı yerdə Fatimə taksi sürücüsünə ayaqyoluna getmək adı ilə maşını saxlamasını demiş, sürücü də həmin yerdə maşını saxlamışdır. Sonradan bilmişdir ki, maşının dayandığı yerdə yolun kənarındakı “Yuxarı Ağalı” sözləri yazılan yol nişanı vardır. Fatimə maşından düşüb həmin yol nişanının yanına getmiş, özü də maşından yerə düşüb maşının yanında dayanıb Fatimənin gəlməsini gözləmişdir. Bir az sonra Fatimənin maşına tərəf gəlməsini və elə həmin vaxt bir neçə nəfərin onu saxlamasını görmüş, daha sonra isə bir neçə şəxs, yəni polis əməkdaşları onu və taksi sürücüsü də orada tutub saxlamış, daha sonra onlar Biləsuvar RPŞ-nə aparılmışlar. Onlar polis şöbəsinə aparılarkən Fatimənin yolun kənarndan götürdüyü bir ədəd çantanı polislər götürmüşlər. Polis şöbəsində vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmış və üzərində narkotik maddə və ya başqa qadağan olunmuş əşyalar aşkar edilməmişdir. Daha sonra Fatimənin yolun kənarndan götürdüyü bir ədəd çantaya baxış keçrildiyini və çantadan narkotiklər və bir ədəd bıçaq aşkar olunduğunu bilmişdir. Aşkar olunmuş narkotik maddələr və bıçaq ona məxsus deyil, kimə məxsus olmasını bilmir. Bildiyinə görə sorğu zamanı Fatimə həmin narkotiklərin iranlı Cavanşir adlı məxsus olmasını, bu narkotikləri ona Cavanşirin göndərdiyini və həmin maddələri götürmək üçün onunla (Nicat Tağyevlə) birlikdə Biləsuvara gəldiklərini bildirmişdir. O, iranlı Cavanşir adlı şəxsi tanımamış, onunla heç bir əlaqəsi olmamışdır. İranlı Cavanşirlə yalnız Fatimə danışmış və Cavanşir narkotik maddələri Fatiməyə göndərmişdir. Aşkar olunmuş narkotik maddələrin və bıçağın ona heç bir aidiyyəti yoxdur. O, narkotik istifadəçisi olduğu üçün Fatimənin götürəcəyi narkotikdən ona verəcəyi az miqdarda narkotiki götürüb istifadə etməsi məqsədi ilə Fatimə ilə birlikdə Biləsuvara getmiş və buna görə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşmandır. Həmçinin o, 2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 10dək İİ Qarabağ Müharibəsinin iştirakçısı olmuş, Füzuli və Xosavənd istiqamətində gedən döyüş əməliyyatlarda iştirak etmiş, 27 oktyabr 2020-ci il tarixdə yaralanmış və 12 dekabr 2020-ci il tarixdə ordudan tərxis olunmuşdur. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Nicat Tağyevin yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Biləsuvar RPŞ-nin əməkdaşıdır. 14 iyul 2021-ci il tarixdə Bakı şəhər sakini Təqsirləndirilən şəxs2 Biləsuar rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyat tədbiri həyata keçirilmişdir. Belə ki, həmin gün gecə saat 03 radələrində Təqsirləndirilən şəxs2 olduğu VAZ-2106 markalı avtomobil (VAZ-2106 markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobil) Biləsuvar rayonu ərazisində, Bləsuvar gömrük sərhədkeçmə məntəqəsi istiqamətində yolda hərəkətdə olan zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Az sonra həmin maşın yolda “Yuxarı Ağalı” sözləri yazılmış lövhənin yanında dayanmışdır. Təqsirləndirilən şəxs2 maşından düşüb yolun kənarında olan həmin lövhənin yanına gedib oradan bir çantanı götürüb maşına tərəf qayıdarkən əməliyyat qurupu tərəfindən saxlanlmışdır. Sonra Fatimə ilə birlikdə həmin yərə gəlmiş Nicat adlı şəxs (Təqsirləndirilən şəxs1), həmçinin onların gəldikləri taksinin sürücüsü də əməliyyat qrupu tərəfindən saxlanılıb polis şöbəsinə aparılmışlar. Polis şöbəsində təhiqatçı Vüsal Adışov tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış və üzərində narkotik maddələr və başqa qadağan edilmiş əşyalar aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi çantaya baxış keçirilmişdir. Baxış çantadan bağlamalar və plastik qablar, həmin bağlamalar və qabların içərisində narkotik maddələr və bir ədəd bıçaq aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 çantada aşkar olunmuş narkotik maddələrin iranlı Cavanşir adlı şəxsə məxsus olması, həmin çantanı ona iranlı tanışı Cavanşir adlı şəxsin göndərdiyini, həmin çantanı Bakı şəhərinə aparmalı olduğunu, Nicatın da onunla birlikdə narkotik maddələri götürmək üçün Biləsuvara gəldiyini bildirmişdir. Sonra təhqiqatçı tərəfindən aşkar olunmuş narkotik maddələr və bıçaq qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olunmudur. Həmçinin təhiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs1 və taksi sürücüsünün üzərində şəxsi axtarış aparılmış, eləcə də maşına baxış keçirilmiş, lakin onların üzərində və maşında narkotik maddələr və başqa qadağan edilmiş əşyalar aşkar edilməmişdir. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Biləsuvar RPŞ-nin əməkdaşının 14 iyul 2021-ci il tarixli “Raport”ları ilə müəyyən olunur ki, “Fatimə” adlı şəxsin Biləsuar rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması, saxlaması və istifadəsində şübhəli olması barədə məlumat daxil olmuş, əməliyyat yolu ilə “Fatimə” adlı şəxsin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, S.Vurğun küçəsi 20, ev 47-də qeydiyyatda olan Təqsirləndirilən şəxs2 olması müəyyən edilmiş, habelə daxil olmuş məlumat əsasında həmin tarixdə, saat 03:30 radələrində Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Biləsuvar rayonunun Yuxarı Ağalı kəndinin ərazisində, “Yuxarı Ağalı” sözləri yazılmış lövhənin yanında Təqsirləndirilən şəxs2 və onunla birlikdə olan Təqsirləndirilən şəxs1, eləcə də onların gəldikləri avtomobilin sürücüsü saxlanılıb Btləsuvr RPŞ-nə gətirilmişlər. İşdə olan, “Şəxsi axtarış, şübhəli şəxsə məxsus çantaya baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” 14 iyul 2021-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə təhqiqatçı Vüsal Adışov tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmiş, habelə Təqsirləndirilən şəxs2 və müdafiəçinin iştirakı ilə, həm də videoçəkilişlə Təqsirləndirilən şəxs2 məxsus bir ədəd çantaya baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 bir ədəd idman çantasını təqdim edib çantanın içərisində narkotik maddələr olduğunu bildirmiş, daha sonra çantaya baxış keçirilmiş və baxış zamanı çantanın arxa hisəsinə sarı yapışqan lentlə bağlanmış daha bir ədəd sarı rəngli bağlamanın olması və həmin bağlamanın içərisində iki ədəd plastik qab və bu qablardan birinin içərisində heroinə, digər qabda tiryəkə oxşar kütlələr aşkar edilmişdir. Çantanın içərisində bir ədəd sellofan torba və torbanın içərisində 5 ədəd plastik qablar, bu qabların içərisində marixuanaya, metamfetaminə və heroinə oxşar kütlələr, habelə gümüşü rəngli kağız bükülüdə bir ədəd bıçaq aşkar olunmuşdur. Aşkar olunmuş olunmuş kütlələr və bir ədəd bıçaq qablaşdırılıb götürülmüş, şəxsi axtarış və baxışın zamanı aparılmış videoçəkiliş bir ədəd CD diskə köçürülüb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi-bioloji ekspertizasının 14 iyul 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs2 yanında olan çantadan..heroinə bənzər, metamfetaminə bənzər, tiryəkə bənzər ... ” sözləri yazılmış kağız paketi açdıqda 01 ədəd ağ rəngli sintetik 04 ədəd plastik qablarda ayrıayrılıqda təmiz çəkisi-1990 qram, 1695 qram, 2020 qram, 2010 qram, ümumi təmiz çəkisi- 7715 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd plastik qabda təmiz çəkisi-2000 qram olan tünd qəhvəyimtil rəngli, spesifik iyli, qatrana bənzər maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir, 01 ədəd plastik qabda təmiz çəkisi-1030 qram olan ağımtıl rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd plastik qabda təmiz çəkisi-190 qram olan bitki mənşəki kütlə olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitksindən ksutar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatından sonra qalıq heroin 7714,80 qram, qalıq tiryək 1999,90 qram, qalıq metamfetamin 1029,95 qram və qurudulmuş marixuana 189,98 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 63 (altmış üç) manat 90 qəpik təşkil edir. İşdə olan, məhkəmə-ballistik ekspertizasının 16 iyul 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş 01 (bir) bıçaq-kustar üsulla hazırlanmış, çapıcı, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, “Kukri” Nepal milli bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, soyuq silah hesab edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 57 (əlli yeddi) manat təşkil edir. İşdə olan, “Əşyanın maddi sübut kimi tanınması və həlli barədə” 15 iyul 2021-ci il tarixli qərarla müəyyən edilir ki, ekspertiza tədqiqatından sonra qalıq-7714,80 qram heroin, 1999,90 qram tiryək, 1029,95 qram metamfetamin, 189,98 qram qurudulmuş marixuananı və “Kukri” Nepal milli bıçağı iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanması üçün Biləsuvar RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, “Mobil telefonun yaddaş kitabçasına, zənglər siyahısına və mesajlara baxış keçirilməsi haqqında” 19 iyul 2021-ci il tarixli protokolla müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 istifadsində olmuş “Samsung Galaxy” markalı mobil telefon yaddaşında İran mobil operatoruna aid +**********34 saylı telefon nömrəsi “Qaqawi, Adil Fazilin”, +98914 5960496 saylı telefon nömrəsi “Cavawir2”, +98 939 0837 978 saylı telefon nömrəsi “Cavwir”, +98 ********** nömrəsi «İrak Eli”, +**********96 saylı telefon nömrəsi “İran”, +98 ********** saylı telefon nömrəsi “İranpi”, +**********51 saylı telefon nömrəsi “Saccad”, +98 **********1 saylı telefon nömrəsi “Sercan” adları ilə qeyd olunmuşdur. Telefonun “WhatsApp” proqramında “Cavawir2” adı ilə qeyd olunan İran mobil operatoruna aid +**********78 saylı telefon nömrəsi arasında çoxsaylı zənglər, o cümlədən mesajlar qeydə alınaraq danışıqlar aparılmışdır. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 16 iyul 2021-ci il tarixli 687 və 688 №-li rəyləri ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır və ərazi narkoloji kabinetində qeydiyyata alınmaları məsləhət görülür. İşdə olan, istintaq orqanının “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 01 sentyabr 2021-ci il tarixli qərarla müəyyən olunur ki, təqsirləndirilən şəxslərdən götürülmüş narkotik vasitələr və psixotrop maddənin mənbəyi və cinayətin digər iştirakıçılarının barəsində Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, telefon danışıqlarana dair məlumatları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri, telefon danışıqlarına dair məlumatları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələri (Təqsirləndirilən şəxs2 ifadələrində iranlı Cavanşirin Nicatla heç bir əlaqəsinin olmaması, əvvəlcədən narkotik maddələri əldə etməsi ilə bağlı onun Nicatla heç bir razılığının olmaması, Nicatın sadəcə yol yoldaşı kimi onunla birlikdə Biləsuvara getməsinə dair hallar, eləcə də Təqsirləndirilən şəxs1 ifadələrində onun iranlı Cavanşirlə heç bir əlaqəsinin olmaması, narkotik maddələrin yalnız Fatiməyə göndərilməsi, aşkar olunmuş narkotik maddələrin və bıçağın ona heç bir aidiyyətiin olmaması, narkotik vasitə istifadəçisi olduğu üçün Fatimənin götürəcəyi narkotikdən ona verəcəyi az miqdarda narkotiki götürüb istifadə etməsi məqsədi ilə Fatimə ilə birlikdə Biləsuvara getməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs2 məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni iranlı Cavanşirin Nicatla heç bir əlaqəsinin olmaması, əvvəlcədən narkotik maddələri əldə etməsi ilə bağlı onun Nicatla heç bir razılığının olmaması, Nicat sadəcə yol yoldaşı kimi onunla birlikdə Biləsuvara getməsinə dair hallar, habelə Təqsirləndirilən şəxs1 məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdikləri xüsusatlar, yəni onun iranlı Cavanşirlə heç bir əlaqəsinin olmaması, narkotik maddələrin yalnız Fatiməyə göndərilməsi, aşkar olunmuş narkotik maddələrin və bıçağın ona heç bir aidiyyətiin olmaması, narkotik vasitə istifadəçisi olduğu üçün Fatimənin götürəcəyi narkotikdən ona verəcəyi az miqdarda narkotiki götürüb istifadə etməsi məqsədi ilə Fatimə ilə birlikdə Biləsuvara getməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid2 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, telefon danışıqlarına dair məlumatlar, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə, o cümlədən “Şəxsi axtarış, şübhəli şəxsə məxsus çantaya baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” protokolla tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onların bu ifadələri özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni qanunsuz olaraq əldə etmə, saxlama və daşıması cinayətini törətmələri, habelə qaçaqmalçılıq cinayəti törətmələri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən beynəlxalq adları “Tiryək” və “Heroin” olan maddələr narkotik vasitələrdir. Habelə bu Qanunun İİ Siyahıya əsasən beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir. Tiryəkin 0,5 qramdan, heroin və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, tiryəkin 50 qramı, heroin və metamfetaminin 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə həmin Qərarın 6-cı bəndində izah verilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Həmçinin bu Qərarın 11-ci bəndində izah edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Göründüyü kimi, təqsirləndirilən şəxslərdən götürülmüş 7715 qram heroin, 2000 qram tiryək və 1030 qram metamfetamin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir, habelə 190 qram qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıqdır. Habelə təqsirləndirilən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə etdikləri külli miqdarda narkotik vasitələri və psixotrop maddəni realizə etmək və ya cinayətkar qrupun digər üzvlərinə çatdırmaq müqabilində qazanc əldə etmələri niyyəti onların həmin maddələri məhz satış məqsədi ilə əldə etmələrini özündə ehtiva edən hallar kimi qiymətləndirilir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 öz aralaranda və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımış, habelə həmin maddələrin Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsində köməkçi qismində iştirak etmişlər. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmələri təsdiq olunur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq CM-nin 32.5,206.3.2, 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin cinayət əməlində təqsirlərini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Biləsuvar Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli tutulduqları vaxtdan, yəni 14 iyul 2021-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamələrlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. İşdə olan, 14 iyul 2021-ci il tarixdə verilmiş “Müvəqqəti şəxsiyyət vəsiqəsi” ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 xx xxxxxxx 1994-cü ildə doğulmuş və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, S.Vurğun küçəsi ev 47-də qeydiyyatda olmaqla yaşamışdır. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar (CM-nin 59-cu maddəsində göstərilən və başqa) yoxdur. İşdə olan, şəxsiyyəti təsdiq edən 14 iyul 2021-ci il tarixli arayışla müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 xx xxxx 1999-cu il ildə doğulmuş və Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev 8-də qeydiyyatda olmaqla yaşamışdır. İşdə olan, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon idarəsinin 20 dekabr 2021-ci il tarixli arayışı və SX ******* №-li hərbi biletin surəti ilə müəyyən edilir ki, xx xxxx 1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs1 müvafiq qaydada verilmiş əmrə əsasən 21 sentyabr 2020-ci il tarixdə hərbi təlim toplanışlarına çağırılmış və 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək N №-li hərbi hissəsinin tərkibində manqa komandiri vəzifəsində Füzuli və Xocavənd istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmiş, 27 oktyabr 2020-ci il tarixdə «Sol əlinin arxa səthinin kor qəlpə yaraları» diaqnozu ilə yaralanmış və verilmiş müvafiq əmrə əsasən12 dekabr 2020-ci il tarixdə ordu sıralarından tərxis olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 İİ X2 və Xocavənd istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etməsi və yaralanması CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. İş üzrə təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, eləcə də əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onların CM-nin ittiham olunduqları maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılmaları qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halı (Təqsirləndirilən şəxs1 münasibətdə), habelə təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxslərin islah olunmalarına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün onlara azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməllərinə görə CM-nin bir neçə maddəsi ilə təqsirli bilindikləri üçün onlara həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 14 iyul 2021-ci il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəylərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-nin 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onlar cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, həm də yaşadıqları ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Biləsuvar RPŞ-nin maddi sübutlar otağında saxlanılan 7714,80 qram (7 kq 714,80 qram) narkotik vasitə olan heroin, 1999,90 qram (1 kq 999,90 qram) narkotik vasitə olan tiryək, 1029,95 qram (1 kq 29,95 qram) psixotrop maddə olan metamfetamin və 189,98 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə «Azərbaycan Respublikasının Narkomanlığa və X1 X3 üzrə Dövlət Komissiyası» tərəfindən həyata keçirilməlidir. Habelə Azərbaycan Respublikası CPM-nin 132.1.7-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Biləsuvar RPŞ-nin maddi sübutlar otağında saxlanılan bir ədəd «Kukri» Nepal milli bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin İş üzrə maddi sübut olan və Biləsuvar RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Samsung Galaxy” markalı mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs2 şəxsi əşyası kimi saxlanılıb sonradan ona təhvil verilməsi üçün onun cəzaçəkdiyi yer üzrə göndərilməlidir. İş üzrə ekspertiza xərcləri-120 (bir yüz iyirmi) manat 90 qəpik təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni Təqsirləndirilən şəxs2 60 (altmış) manat 45 qəpik və Təqsirləndirilən şəxs1 60 (altmış) manat 45 qəpik tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 228.4, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 14 iyul 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 228.4, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 14 iyul 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Biləsuvar Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 7714,80 qram (7 kq 714,80 qram) narkotik vasitə olan heroin, 1999,90 qram (1 kq 999,90 qram) narkotik vasitə olan tiryək və 1029,95 qram (1 kq 29,95 qram) psixotrop maddə olan metamfetamin, 189,98 qram narkotik vasitə olan qurudulmuş marixuana və 1 (bir) ədəd «Kukri» Nepal milli bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Habelə İş üzrə maddi sübut olan və Biləsuvar Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs2 məxsus 1 (bir) ədəd “Samsung Galaxy” markalı mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs2 şəxsi əşyası kimi saxlanılıb sonradan ona təhvil verilməsi üçün onun cəzaçəkdiyi yer üzrə göndərilsin. İş üzrə ekspertiza tədqiqatı xərcləri-120 (bir yüz iyirmi) manat 90 (doxsan) qəpik təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni Təqsirləndirilən şəxs2 60 (altmış) manat 45 qəpik və Təqsirləndirilən şəxs1 60 (altmış) manat 45 qəpik tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hökmün surətini aldıqları vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Oruc Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar