Məhkəmə qərarları › İş №1(099)-241/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-241/2022

16.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-241/2022 16.06.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1979-cu il tarixdə Astara şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs digər şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitəni əldə etmə, saxlama və daşıma barədə əvvəlcədən razılıq əldə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən sonra, bu məqsədlə təmiz çəkisi 2,886 qram, yəni külli miqdar təşkil edən narkotik vasitə olan heroin (bundan sonra - heroin) və təmiz çəkisi 4,501 qram, yəni külli miqdar təşkil edən psixotrop maddə olan metamfetamini (bundan sonra - metamfetamin) əldə etmiş, saxlamış, daşımış, həmin metamfetaminin bir ədəd bükümdə təmiz çəkisi 1,92 qram təşkil edən hissəsini 19 oktyabr 2020-ci il tarixdə saat 13 radələrində Astara şəhərində tanışı X1, bir ədəd bükümdə təmiz çəkisi 2,581 qram təşkil edən hissəsini və göstərilən heroini bir ədəd elektron tərəzi ilə birlikdə əynində olmuş gödəkçənin sol yan cibindəki əl çantasında saxlamışdır. 19 oktyabr 2021-ci il tarixdə saat 16:30 radələrində Astara Rayon Polis Şöbəsinin (bundan sonra – Astara RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Astara şəhəri ərazisində saxlanıldıqdan və şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən hər biri ayrıayrılıqda bir ədəd bükümdə, müvafiq olaraq təmiz çəkiləri 2,581 qram və 2,886 qram təşkil edən metamfetamin və heroin, bir ədəd elektron tərəzi saxlanıldığı göstərilmiş yerdən, saat 18 radələrində isə X11 şəhəri ərazisində saxlanıldıqdan və şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs aldığı bir ədəd bükümdə təmiz çəkisi 1,92 qram təşkil edən metamfetamin əynində olmuş gödəkçənin sol yan cibindən aşkar edilmiş, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı videokonfrans əlaqə sistemindən istifadə edilməklə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs verdiyi ifadəsində ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, əvvəllər heroindən istifadə etmiş, metamfetamindən istifadə etməmiş, hər hansı şəxsə, o cümlədən tanışı X6 (bundan sonra - Vahid) narkotik vasitə və psixotrop maddələr satmamış, hər hansı şəxslə narkotik vasitə və psixotrop maddələrin satışının həyata keçirilməsi barədə razılaşmamış, o cümlədən İran İslam Respublikası (bundan sonra – İran İR) vətəndaşı ilə sonuncunun İran İR-dən Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirəcəyi narkotik vasitə və ya psixotrop maddələri satış məqsədi ilə əldə edəcəyi barədə razılaşmamışdır. 19 oktyabr 2021-ci il tarixdə Lənkəran şəhərində tanımadığı şəxsdən satış deyil, şəxsən istifadə etməsi üçün təxminən iki qram heroin almış, həmin heroindən istifadə etmək məqsədi ilə Vahidin Astara şəhərində təmir işi gördüyü evə getmişdir. Həmin vaxt onun üzərində metamfetamin olmamışdır. Bundan təxminən yarım saat sonra üzərindəki heroindən istifadə etməyə nail olmamış həmin evə polis əməkdaşları daxil olub onu və Vahidi saxlayıb Astara RPŞ-yə aparmışlar. Sonradan polis əməkdaşlarının Vahidin üzərindən metamfetamin aşkar etdiklərini bilmişdir. Sonuncuya həmin metamfetamini o, satmamış və ya pay verməmişdir. Əvvəlcədən Vahidin üzərində metamfetamin olmasını bilməmişdir. Astara RPŞ-də olarkən tanımadığı polis əməkdaşı onun gödəkçəsinin cibinə bir ədəd bükümdə metamfetamin və bir ədəd elektron tərəzi qoymuşdur. Buna görə də videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən gödəkçəsinin cibində hər biri bir ədəd bükümdə olmuş heroin və metamfetamini, bir ədəd elektron tərəzini təqdim etmiş, həmin kütlələr və tərəzi qablaşdırılıb götürülmüşdür. Bu barədə tərtib edilmiş protokola imza etmişdir. Lakin həmin metamfetamin və elektron tərəzi ona məxsus olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilməmişdir. İbtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə adından tərtib edilmiş bütün izahat və ifadələri hər hansı qanunsuz təsir olmadan imzalamışdır. Lakin göstərdiyi səbəblərdən həmin izahat və ifadələrinin, üzərinə şəxsi axtarış keçirilməsi barədə protokolun məzmununu təsdiq etmir. Onun və Vahidin üzərindən aşkar edilmiş metamfetaminlərin eyni tərkibli olmasının səbəbini izah edə bilmir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə 19 oktyabr 2021-ci il tarixdə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən şübhəli şəxs qismində şifahi qaydada verdiyi izahatı, 20 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs, 21 oktyabr 2021 və 15 yanvar 2022-ci il tarixlərdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət və təqdimata baxılarkən Astara Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qərarında əks olunmuş izahatında məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, əvvəllər narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmuşdur. 19 oktyabr 2021-ci il tarixdə tanışı X5 (bundan sonra - Vahid) Astara şəhərində təmir işi gördüyü evdə olarkən üzərində ayrı-ayrılıqda bir ədəd bükümdə olmuş heroin və metamfetamini stolun üzərinə qoymuş, sonuncuya həmin metamfetamindən götürə biləcəyini deyib tualetə getmişdir. Ola bilsin ki, bundan sonra Vahid həmin metamfetamindən özü üçün götürmüşdür. Lakin bu halın şahidi olmamış, Vahidə metamfetamin satmamışdır. Sonuncu uşağını məktəbdən götürmək üçün gedəcəyinə görə o, masanın üzərinə qoyduğu heroin və metamfetamini götürüb oradan çıxmış, yaşadığı evə getmişdir. Sonra Astara şəhərində piyada hərəkətdə olarkən polis əməkdaşları onu üzərində narkotik vasitə və psixotrop maddə olması şübhəsilə saxlayıb Astara RPŞ-yə gətirmişlər. Orada videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən gödəkçəsinin cibində hər biri bir ədəd bükümdə olmuş heroin və metamfetamini, bir ədəd elektron tərəzini təqdim etmişdir. Həmin kütlələri 2021-ci ilin sentyabr ayının ortalarında şəxsən tanımadığı, mobil telefonun “WhatsApp” proqramı vasitəsilə danışarkən özünü ona İran İslam Respublikasının Astara şəhərində yaşayan “Fərəməz” adı ilə təqdim etmiş şəxsdən (bundan sonra – “Fərəməz”) heroin və metamfetamin istədikdən sonra sonuncunun Ələt-Astara avtomobil yolunun Astara rayonu ərazisindən keçən hissəsinə göndərib qoydurduğu yerdən bir hissəsini satmaq, digər hissəsindən istifadə etmək məqsədi ilə götürməklə nisyə qaydada əldə etmiş, bir ədəd elektron tərəzi ilə birlikdə üzərində saxlamışdır. “Fərəməz”ə həmin kütlələrin dəyərini satdıqdan sonra ödəyəcəkdi. Sonuncudan əvvəllər də eyni qaydada cəmi üç dəfə heroin və metamfetamin almışdır (İ cild, səh. 23, 24, 72-75, 105-108, 219- 223). Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara RPŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, 19 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs (bundan sonra – Siyavuş) narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona daxil olmuş əməliyyat məlumatı üzrə qəbul etdiyi təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərar əsasında saat 16:30 radələrində Astara şəhəri ərazisində piyada hərəkətdə olarkən üzərində narkotik vasitə olması şübhəsi ilə saxlayıb Astara RPŞ-yə gətirmişlər. Orada sonuncu videoçəkiliş aparılmaqla, həmçinin müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin cibində hər biri bir ədəd bükümdə olmuş heroin və metamfetamini, bir ədəd elektron tərəzini təqdim etmiş, həmin kütlələri “Fərəməz” adlı İran İR vətəndaşından əldə etdiyini bildirmiş, üzərindən aşkar edilənlərlə bağlı hər hansı narazılıq etməmişdir. Həmin kütlələr və elektron tərəzi qablaşdırılıb götürülmüş, bu barədə tərtib edilmiş protokola imza etmişdir. Siyavuşun üzərinə metamfetamin və elektron tərəzi qoyulmamışdır. Sonradan Astara RPŞ-yə gətirilmiş X5 üzərindən aşkar edilmiş metamfetamini Siyavuşdan aldığı barədə ifadə verdiyini eşitmişdir. Müstəntiq tərəfindən verilmiş əməliyyat tapşırığı əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Siyavuşun ona qarşı irəli sürülmüş ittihamda göstərilən heroin və metamfetamini əldə etdiyi mənbəyi dəqiqləşdirmək mümkün olmamış, konkret olaraq həmin kütlələri əldə etdiyi şəxsin məhz İran İR vətəndaşı olması, həmin kütlələrin Siyavuşa İran İR-dən Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə göndərilməsi və sonuncunun bundan qabaqcadan məlumatlı olması müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara RPŞ-nin polis nəfəri Şahid4 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək Şahid1 ilə sonuncunun iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin mexanizmi və nəticəsi ilə bağlı bildirdiyi müvafiq hallarla barədə eyni məzmunda göstərmişdir. Məhkəmə istintaqı zamanı videokonfrans əlaqə sistemindən istifadə edilməklə şahid qismində dindirilmiş, 16 saylı cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə cəzasını çəkən məhkum X8 ifadəsində, həmçinin hazırki iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilərkən və Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən (İ cild, səh. 147, 148, 240-242), eləcə də təqsirli bilindiyi cinayət işi üzrə məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, 19 oktyabr 2021-ci il tarixdə Astara RPŞ-də üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş, bir ədəd bükümdə təmiz çəkisi 1,92 qram təşkil edən metamfetamini həmin tarixdə Astara şəhərində təmir etdiyi evdə olarkən Təqsirləndirilən şəxs ona satmamış, pay kimi vermişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - ilkin araşdırma materiallarından, yəni 19 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında raport, təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar, keçirilmiş əməliyyat-axtarış tədbirinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşlarının və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs verdikləri ifadələrində göstərdikləri qaydada baş verdiyi, həmçinin sonuncunun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin sol cibindən çıxarıb təqdim etdiyi, hər biri ayrı-ayrılıqda bir ədəd bükümdə olmuş heroin və metamfetamin, bir ədəd elektron tərəzinin ona məxsus olduğunu göstərməsi, iş üzrə hər hansı halı mübahisələndirməməsi müəyyən edilir (səh. 4-6, 23, 24). - X5 üzərinə şəxsi axtarış keçirilməsi haqqında 19 oktyabr 2021-ci il tarixli protokolun surətindən görünür ki, sonuncu üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin cibindən çıxarıb təqdim etdiyi, bir ədəd bükümdə olmuş metamfetamini Siyavuş adlı şəxsdən aldığını göstərmişdir (İ cild, səh. 51, 52). - Məhkəmə fiziki-kimyəvi ekspertizasının 20 oktyabr 2021-ci il tarixli, 19/1053 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş ...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,886 qram təşkil edən maddə tiryəkdən kustar üsulla hazırlanmış heroin, bir ədəd bükümdə təmiz çəkisi 2,581 qram təşkil edən maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş ...” sözləri yazılmış zərfdəki bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 2,836 qram təşkil edir. Ekspertiza xərci 50 manatdır (İ cild, səh. 60-62). - Məhkəmə fiziki-kimyəvi ekspertizasının 20 oktyabr 2021-ci il tarixli, 19/1054 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “X4 aşkar edilmiş ...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,92 qram təşkil edən maddə metamfetamindir (İ cild, səh. 65, 66). - Məhkəmə fiziki-kimyəvi ekspertizasının 01 fevral 2022-ci il tarixli, 19/135 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərilərində “Təqsirləndirilən şəxs aşkar edilmiş ...” və “X4 aşkar edilmiş ...” sözləri yazılmış zərflərdəki metamfetaminlər xarici görünüşləri və kimyəvi tərkiblərinə görə eynidirlər. Ekspert tədqiqatından sonra metamfetaminin ümumi qalıq çəkisi 4,301 qram təşkil edir. Ekspertiza xərci 50 manatdır (İ cild, səh. 244, 245). - Hazırki iş üzrə preyudisial qüvvəyə malik olmayan Astara Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 20 aprel 2021-ci il tarixli, 1(018)49/2022 nömrəli hökmünün surətindən görünür ki, həmin cinayət işi üzrə məhkəmə X5 19 oktyabr 2021-ci il tarixdə Astara RPŞ-də üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş, bir ədəd bükümdə təmiz çəkisi 1,92 qram təşkil edən metamfetamini həmin tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs aldığını müəyyən etmiş, buna görə də sonuncu Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. - Məhkəmə-narkoloji ekspertizasının 21 oktyabr 2021-ci il tarixli, 1137 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 144). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci və “Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarlarında göstərilmişdir ki, “cinayətin tövsifi” törədilən konkret cinayət əməlinin faktiki hallarının cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi proses olmaqla, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə və ona ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Məhkəmə göstərilən hüquqi mövqeyə uyğun olaraq, iş üzrə Təqsirləndirilən şəxs törətdiyi əməlin ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilib-edilməməsinə hüquqi qiymət verilməsi üçün aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və ya kənar keçirilməsi, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində müvafiq olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və ya satma cinayət əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CPM-in): - 21.3-cü maddəsinə əsasən ittihamı sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. - 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olmasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. - 139.0.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. - 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. - 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. - 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə göstərilən cinayət-prosessual qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Müvafiq ittihamın sübut edilməsinə maneə yaradan şübhələr digər sübut növü ilə aradan qaldırılmadıqda təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə hökmündə şəxsin cinayət əməlini törətməkdə təqsiri ehtimal əsasında deyil, yalnız sübutlara əsasən müəyyən edilməlidir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə ona görə ittiham irəli sürülmüşdür ki, o, İran İR vətəndaşı ilə əvvəlcədən müvafiq məzmunda razılaşdıqdan sonra qabaqcadan əlbir olan bir qrup halında müvafiq olaraq təmiz çəkiləri 2,886 qram və 4,501 qram təşkil edən heroin və metamfetamini İran İR-dən Azərbaycan Respublikasına Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli Qərarında göstərilmişdir ki,: - malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi yolu ilə törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan mal və ya əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. Əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq kimi qiymətləndirilərkən bu tövsifedici əlamətin anlayışı verilmiş Azərbaycan Respublikası CM-in 34.2-ci maddəsinin tələblərinə əsaslanmaq lazımdır. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı biri və ya bir neçəsini etməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Məhkəmə bu hüquqi mövqeydən belə nəticəyə gəlir ki, əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq kimi tövsif edilməsi üçün həmin cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı biri və ya bir neçəsinin bu barədə əvvəlcədən razılaşmış iki və ya daha çox şəxs tərəfindən törədilməsinin müəyyən edilməsi tələb olunur. - Şəxsin mal və ya digər əşyaları qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməmişdən əvvəl bu barədə məlumat aldıqdan sonra qəbul etməsi əməlində qaçaqmalçılıq cinayətinin tərkib əlamətlərini yaradır. Məhkəmə bu hüquqi mövqeydən belə nəticəyə gəlir ki, qaçaqmalçılıq cinayətinin predmeti olan mal və ya əşyaları Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən əvvəl bu barədə məlumat almış, onları Azərbaycan Respublikası ərazisində qəbul edəcəyini qabaqcadan vəd etmiş və Azərbaycan Respublikasının ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən, yəni cinayət başa çatdıqdan sonra bilavasitə keçirildiyi yerdə deyil, yaşayış məntəqəsində qəbul etmiş şəxs cinayətin köməkçisi kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın məzmununda sonuncunun qaçaqmalçılıq cinayət əməlinin obyektiv cəhətini “Fərəməz” adlı İran İR vətəndaşı ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında törətdiyi göstərilsə də, cinayət işi materiallarında bu halı, eləcə də həmin cinayət əməlinin obyektiv cəhətinə aid əlamətlərin baş verməsini təsdiq edən hər hansı sübut növü mövcud deyildir. Cinayət işi materiallarında olan Astara RPŞ-nin 06 noyabr 2021-ci il tarixli məktubunda (İ cild, səh. 157) keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs iş üzrə ona qarşı irəli sürülmüş ittihamda göstərilən heroin və metamfetamini “Fərəməz” adlı İran İR vətəndaşı ilə telefon danışığı zamanı sonuncunun İran İR-dən Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsini təmin edəcəyi narkotik vasitə və ya psixotrop maddələrin Azərbaycan Respublikasında qanunsuz olaraq satışını həyata keçirmək barədə razılığa gəlməsi, bunun üçün “Fərəməz”ə heroin və metamfetamin sifariş verməsi, beləliklə də sonuncu tərəfindən həmin kütlələrin İran İR-dən Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinin təmin ediləcəyindən qabaqcadan məlumatlı olduqdan sonra Ələt-Astara avtomobil yolunun Astara rayonu ərazisindən keçən hissəsində gizlədilmiş yerdən götürməsinin müəyyən edildiyi göstərilsə də, həmin məktubda müvafiq nəticəyə gəlməyə əsas olmuş hallar göstərilməmişdir. Digər tərəfdən, cinayət işi materiallarında Təqsirləndirilən şəxs həmin kütlələrin Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçiriləcəyindən qabaqcadan məlumatlı olmasına dair hər hansı sübut növü, o cümlədən sonuncunun bu məzmunda etirafedici ifadələri, şahid ifadələri, eləcə də telefon danışıqları haqqında məlumatlar mövcud deyildir. Əksinə,: - Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi bütün izahat və ifadələrində ona qarşı irəli sürülmüş ittihamda göstərilən heroin və metamfetamini 2021-ci ilin sentyabr ayının ortalarında şəxsən tanımadığı, mobil telefonun “WhatsApp” proqramı vasitəsilə danışarkən özünü ona İran İslam Respublikasının Astara şəhərində yaşayan “Fərəməz” adı ilə təqdim etmiş şəxsdən (bundan sonra – “Fərəməz”) istədikdən sonra sonuncunun Ələt-Astara avtomobil yolunun Astara rayonu ərazisindən keçən hissəsinə göndərib qoydurduğu yerdən götürməklə əldə etdiyini, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə Lənkəran şəhərində tanımadığı şəxsdən aldığını, hər hansı İran İR vətəndaşı ilə İran İR-dən Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçiriləcək narkotik vasitə və ya psixotrop maddələri satış məqsədi ilə əldə edəcəyi barədə razılaşmadığını göstərmişdir. - Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara RPŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində müstəntiq tərəfindən verilmiş əməliyyat tapşırığı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs iş üzrə ona qarşı irəli sürülmüş ittihamda göstərilən heroin və metamfetamini əldə etdiyi mənbəyin dəqiqləşdirilməsinin mümkün olmadığı, konkret olaraq həmin kütlələri əldə etdiyi şəxsin məhz İran İR vətəndaşı olması, həmin kütlələrin Təqsirləndirilən şəxs İran İR-dən Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə göndərilməsi və sonuncunun bundan qabaqcadan məlumatlı olmasının müəyyən edilmədiyini göstərmişdir. - Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş “Mobil telefona baxış keçirilməsi barədə” 10 noyabr 2021-ci il tarixli protokol, müvafiq olaraq "xxxx" MMC-nin 30 noyabr 2021-ci və "xxxx" MMC-nin 07 dekabr 2021-ci il tarixli məktubu ilə təqdim edilmiş, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil nömrələrə dair telefon danışıqları haqqında məlumatlar, onlara baxış keçirilməsi barədə 03 və 13 dekabr 2021-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə ona qarşı irəli sürülmüş ittihamda göstərilən heroin və metamfetaminin İran İR-dən Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi üçün sifariş verməsi və ya bu haldan digər formada qabaqcadan məlumatlı olmasına işarə edən telefon danışıqları haqqında məlumat aşkar edilməmişdir (İ cild, səh. 158, 166, 167, 172, 173). Beləliklə, ibtidai istintaq orqanı 16 yanvar 2022-ci il tarixli qərarla (İ cild, səh. 228, 229) Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda göstərilən heroin və metamfetamini əldə etdiyi mənbəyə görə hazırki cinayət işindən Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə başqa cinayət işini ayrıca icraata ayırsa da, Təqsirləndirilən şəxs həmin kütlələri əldə etdiyi şəxsin şəxsiyyətini, konkret olaraq İran İR vətəndaşı olmasını dəqiq müəyyən edə bilməmişdir. Məhkəmə hesab edir ki,: - Təqsirləndirilən şəxs iş üzrə ona qarşı irəli sürülmüş ittihamda göstərilən heroin və metamfetamini əldə etdiyi şəxsin konkret olaraq İran İR vətəndaşı olması yalnız Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində həmin kütlələri əldə etdiyi şəxsin özünü ona “Fərəməz” adlı İran İR vətəndaşı kimi təqdim etməsinə görə İran İR vətəndaşı olmasını ehtimal etdiyini göstərməsi əsasında ehtimal şəklində müəyyən edilə bilməz. - Qaçaqmalçılıq cinayəti ilə bağlı yuxarıda şərh olunan hüquqi mövqelərə görə Təqsirləndirilən şəxs göstərilən kütlələri əldə etdiyi şəxsin İran İR vətəndaşı olmasının müəyyən edilməsi də özü-özlüyündə, Təqsirləndirilən şəxs həmin kütlələrin Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçiriləcəyini qabaqcadan bilməsinə əsas vermir. Bu hal konkret sübut növləri ilə müəyyən edilməli və ya sübut edilməlidir. - Yuxarıda göstərilən hallara əsasən iş materiallarında olan Astara RPŞ-nin 06 noyabr 2021-ci il tarixli məktubunun Təqsirləndirilən şəxs göstərilən kütlələri əldə etməsindən əvvəl Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçiriləcəyindən qabaqcadan məlumatlı olmasına dair hissəsi cinayət işi materiallarında olan digər sübut növü ilə təsdiq edilməyən ehtimal xarakterli məlumat kimi qiymətləndirilməli və sübut növü kimi qəbul edilməməlidir. - İbtidai istintaq orqanı və dövlət ittihamçısı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda göstərilən qaçaqmalçılıq cinayət əməlinin obyektiv cəhətini icra etməsini və ya həmin cinayətin törədilməsinə köməklik etməsini sübut edə bilməmişdir. Beləliklə, məhkəmə şərh olunanlara əsasən cinayət işi materialları ilə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda göstərilən heroin və metamfetaminin İran İR-dən Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinin obyektiv cəhətini icra etməsi və ya həmin cinayətin törədilməsinə köməklik göstərməsinin sübut edilməməsinə və ya müəyyən edilməməsinə görə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın qaçaqmalçılıq cinayətinə dair hissəsinin sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxs kimi sonuncunun xeyrinə həll edilməli olduğu halda, ona qarşı Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə şübhə və ehtimallar üzrə ittiham irəli sürməsi əsassız olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı 15 yanvar 2022-ci il tarixdə verdiyi ifadələrində qaçaqmalçılıq cinayət əməlini törətmədiyi barədə irəli sürdüyü dəlili əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 42.1.4 və 350.2-ci maddələrinin məzmunundan görünür ki, məhkəmə baxışı nəticəsində həmin Məcəllənin 39.2-ci maddəsində nəzərdə tutulmuş halın, yəni şəxsin təqsirliliyinin sübuta yetirilmədiyi müəyyən edildiyi halda bəraət hökmü çıxarılır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməlidir. Ona görə ki, onun həmin cinayət əməlini törətməsinə dair təqsirliliyi cinayət işi materialları ilə sübuta yetirilmir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin məzmunundan görünür ki, onun özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlillər iş üzrə X6 metamfetamin satmaması və ya pay verməməsi, üzərinə şəxsi axtarış keçirilərkən təqdim etdiyi metamfetamin və bir ədəd elektron tərəzinin ona məxsus olmaması, həmin metamfetamin və tərəzinin üzərinə qabaqcadan tanımadığı polis əməkdaşı tərəfindən qoyulması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində 19 oktyabr 2021-ci il tarixdə X5 üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş metamfetamini sonuncuya satmaması barədə özünü müdafiə etmək üçün dəlil irəli sürsə də, həmin tarixdə Vahid Nəzirovun usta işlədiyi evdə olarkən üzərində ayrı-ayrılıqda bir ədəd bükümdə olmuş heroin və metamfetamini stolun üzərinə qoyub sonuncuya həmin metamfetamindən götürə biləcəyini və tualetə getdikdən sonra Vahid Nəzirovun ola bilsin ki, həmin metamfetamindən götürdüyünü deməklə, faktiki olaraq 19 oktyabr 2021-ci il tarixdə sonuncuya üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş metamfetamini verməsini istisna etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı özünü müdafiə etmək üçün irəli sürdüyü həmin dəlillər ibtidai araşdırma zamanı ona qarşı irəli sürülmüş ittihamın Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə bağlı olan hissəsi üzrə müdafiəçisinin iştirakı ilə və hər hansı qanunsuz təsir olmadan, əvvəlcə videoçəkiliş aparılmaqla şifahi qaydada, sonra isə yazılı qaydada verdiyi, yuxarıda göstərilmiş qismən etirafedici izahat və ifadələri, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə müvafiq halın araşdırılması üçün üzərinə şəxsi axtarış keçirilərkən təqdim etdiyi metamfetamin və bir ədəd elektron tərəzinin konkret olaraq hansı polis əməkdaşı tərəfindən qoyulduğunu göstərməməsi ilə yanaşı, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları və X5 verdikləri ifadələr, Siyavuş Mirzyevin üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol, ona əlavə edilmiş videogörüntülər, məhkəmə fiziki-kimyəvi ekspertizasının 01 fevral 2022-ci il tarixli, 19/135 nömrəli rəyində Siyavuş Mirzyev və Vahid Nəzirovun üzərindən aşkar edilmiş metamfetaminlərin xarici görünüşləri və kimyəvi tərkiblərinə görə eyni olmasının göstərilməsi, Astara Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 20 aprel 2021-ci il tarixli, 1(018)49/2022 nömrəli hökmü ilə sonuncuya aid hissədə müəyyən edilmiş hallar və işin digər faktiki halları ilə tam təkzib edilir. Məhkəmə göstərilən fikirin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi və ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrinin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərlə bağlı olan hissələrini cinayət məsuliyyətindən yayınmaq məqsədilə özünü müdafiə etmək hüququndan irəli gələn dəlil kimi, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 verdiyi ifadəsinin 19 oktyabr 2021-ci il tarixdə üzərindən aşkar edilmiş metamfetamini Təqsirləndirilən şəxs ona satmaması, pay verməsi ilə bağlı olan hissəsini isə həm hazırki iş üzrə, həm də Astara Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 20 aprel 2021-ci il tarixli, 1(018)49/2022 nömrəli hökmü ilə müəyyən edilmiş işin faktiki hallarına uyğun olmamasına görə sonuncunu müvafiq cinayət məsuliyyətindən yayındırmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirərək əsassız hesab edir, sübut kimi nəzərə almır və Təqsirləndirilən şəxs 19 oktyabr 2021-ci il tarixdə təmiz çəkisi 1,92 qram təşkil edən metamfetamini Vahid Nəzirova pay verdiyi kimi deyil, satdığı kimi qəbul edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilən hüquqi mövqeyə və işin halları ilə bağlı gəldiyi qənaətlərə uyğun olaraq, Təqsirləndirilən şəxs ibtidai araşdırma və məhkəmə istintaqı zamanı verdiyi bütün izahat və ifadələrinin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərlə bağlı olmayan hissələrini müdafiəçisinin iştirakı ilə, hər hansı qanunsuz təsir və məcburetmə olmadan verdiyinə, iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə, metamfetamin psixotrop maddə hesab edilir. Heroin və metamfetaminin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı hədləri 0,15 qram, külli miqdarının (qramla) aşağı hədləri 2,0 qramdır. Məhkəmə hesab edir ki,: - iş üzrə Təqsirləndirilən şəxs 19 oktyabr 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl, saat 13 radələrində X6 bir ədəd bükümdə təmiz çəkisi 1,92 qram təşkil edən metamfetamin satmasının müəyyən edilməsi və üzərinə şəxsi axtarış keçirilərkən bir ədəd elektron tərəzinin aşkar edilməsi üzərindən aşkar edilmiş, müvafiq olaraq təmiz çəkiləri 2,581 qram və 2,886 qram, yəni hər biri ayrı-ayrılıqda külli miqdar təşkil edən metamfetamin və heroinə münasibətdə də niyyətinin satış olmasını sübut edir. Məhkəmə bu nəticəyə gələrkən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi bütün izahat və ifadələrində əvvəllər narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, iş üzrə ona qarşı irəli sürülmüş ittihamda göstərilən heroin və metamfetamini bir hissəsini satmaq məqsədi ilə əldə etməsini göstərdiyini də nəzərə alır. - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi ibtidai araşdırma zamanı verdiyi bütün izahat və ifadələrində iş üzrə ona qarşı irəli sürülmüş ittihamda göstərilən heroin və metamfetamini “Fərəməz” adlı şəxsdən nisyə qaydada əldə etdiyini, sonuncuya həmin kütlələrin dəyərini satdıqdan sonra ödəyəcəyini, “Fərəməz”dən əvvəllər də eyni qaydada cəmi üç dəfə heroin və metamfetamin aldığını göstərməsi ilə sübut edilir. Beləliklə, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi ictimai-təhlükəli hərəkəti törətməsi əməlində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətlərini yaratmışdır. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai araşdırma zamanı özünün verdiyi izahat və ifadələrinin sübut kimi qiymətləndirilən hissələri, şahid qismində dindirilmiş Şahid1, Şahid4 və X5 verdikləri ifadələr, Təqsirləndirilən şəxs və Vahid Nəzirovun üzərinə şəxsi axtarış keçirilməsi barədə 19 oktyabr 2021-ci il tarixli protokollar, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokola əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, digər istintaq hərəkəti protokolları, məhkəmə fiziki-kimyəvi ekspertizasının 20 oktyabr 2021-ci il tarixli, 19/1053 nömrəli, 20 oktyabr 2021-ci il tarixli, 19/1054 nömrəli və 01 fevral 2022-ci il tarixli, 19/135 nömrəli rəyləri, digər sənədlər və iş üzrə maddi sübut qismində tanınmış heroin və metamfetamin qalıqları, bir ədəd elektron tərəzi ilə tam sübut edilir. Məhkəmə şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs iş üzrə törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamə və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2014-cü il tarixli, 1(089)-58/2014 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin məhkəmə hökmü ilə Azərbaycan Respublikası CM-in 206.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib qəti olaraq 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli qərarı ilə həmin cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir (İ cild, səh. 195-202). Azərbaycan Respublikası CM-in 15.3, 15.4, 18.2.2, 83.1, 83.3.3, 83.3.4 və 83.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2014-cü il tarixli hökmü ilə təqsirli bilindiyi, Azərbaycan Respublikası CM-in 206.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkumluğunun ödənilməsi müddətinin axımının başlandığı 25 oktyabr 2019-cu il tarixdən müvafiq olaraq iki il və altı il keçməmiş 19 oktyabr 2021-ci il tarixdə törətdiyinə, beləliklə də həmin cinayət əməllərinə görə məhkumluğu ödənilmədiyinə görə hazırki iş üzrə məhkumluğu olan şəxsdir, əməlində cinayətlərin təhlükəli residivi mövcuddur. - Astara RİHB-nın Astara şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlar və xasiyyətnamələr, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2014-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs subaydır, valideynləri ilə birlikdə yaşamış, himayəsində bir nəfər azyaşlı uşağı vardır, yaşayış yeri üzrə normal xarakterizə edilmişdir (İ cild, səh. 176-178). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3 və 65.1-ci maddələrini rəhbər tutaraq, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2014-cü il tarixli hökmü ilə təqsirli bilindiyi, Azərbaycan Respublikası CM-in 206.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş, məhkumluğunun ödənilmədiyi və ya götürülmədiyi cinayət əməllərinin xarakteri, ağırlığı və nəticələrini, məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasının islah təsirinin yetərli olmamasına səbəb olan halları, hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, himayəsində bir nəfər azyaşlı uşağın olmasından ibarət cəzasını yüngülləşdirən halın olduğunu, əməlində cinayətlərin təhlükəli residivindən ibarət cəzasını ağırlaşdıran halın olduğunu, təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki,: Göstərilən cinayət qanunu normalarının tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının əməlində cinayətlərin təhlükəli residivi olduğuna görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasının həmin Məcəllənin 65.2-ci maddəsində təhlükəli residivə görə müəyyən edilmiş həddən az olmayan həddində, konkret olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə təyin edilməsi Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün kifayətdir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 19 oktyabr 2021-ci il tarixdən hesablanmalı və Astara Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qərarı (İ cild, səh. 115-117) ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 21 oktyabr 2021-ci il tarixli, 1137 nömrəli rəyi nəzərə alınaraq, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 100 (bir yüz) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Astara RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 4,301 qram təşkil edən metamfetamin, qalıq çəkisi 2,836 qram təşkil edən heroin və bir ədəd elektron tərəzi məhv edilməlidir. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 19 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 100 (bir yüz) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Astara RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 4,301 qram təşkil edən metamfetamin, qalıq çəkisi 2,836 qram təşkil edən heroin və bir ədəd elektron tərəzi məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar