Məhkəmə qərarları › İş №1(099)-242/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-242/2022

14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-242/2022 14.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X7, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər-Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri X2 və X4 iştirakı ilə xx xxxxxx 1984-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olan, Kürdəmir şəhəri, Aran qəsəbəsi, ev 3 mənzil 24-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1987-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, məhkum olunmamış, evli, Kürdəmir şəhəri, İ.Məmmədov küçəsi, ev 41 mənzil 1-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitənin və psixotrop maddənin əldə edilməsi, saxlanması, daşınması və satışı ilə bağlı cinayət əlaqəsinə girərək külli miqdarda-11,194 qram narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarından artıq miqdarda- 1,077qram psixotrop maddə olan metamfetamini birgə əldə edib, saxlayıb, daşıyaraq Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanına aparmış və həmin maddələrin satışını realizə etmək üçün heroini ayrı-ayrılıqda-3,889 qram, 0,419 qram, 0,435 qram, 0,405 qram, 0,425 qram 0,431 qram, 0,891 qram, 0,437 qram, 0,401 qram, 0,439 qram, 0,438 qram, 0,425 qram, 0,816 qram, 0,401 qram və 0,05 qram olmaqla 14 ədəd bükümlərə, metamfetamini ayrı-ayrılıqda-0,420 qram, 0,289 qram, 0,197 qram və 0,171 qram olmaqla 04 ədəd bükümlərə qablaşdırıb otaqdakı stolun üzərində, 1 ədəd bükümdə 0,395 qram heroin Təqsirləndirilən şəxs1 üzərində, 1 ədəd bükümdə 0,388 qram heroin Təqsirləndirilən şəxs2 üzərində, həmin vaxt orada olan və onlar tərəfindən istifadəsi üçün verilmiş 1 ədəd bükümdə 0,109 qram heroin Şahid2 üzərində saxlamış və daxil olmuş məlumat əsasında Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 05 sentyabr 2021-ci il tarixdə, saat 14 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanına baxış keçirilərkən otaqda olan stolun üzərində 14 ədəd bükümdə, ayrı-ayrılıqda, 3,889 qram, 0,419 qram, 0,435 qram, 0,405 qram, 0,425 qram 0,431 qram, 0,891 qram, 0,437 qram, 0,401 qram, 0,439 qram, 0,438 qram, 0,425 qram, 0,816 qram, 0,401 qram və 0,05 qram olmaqla cəmi-10,302 qram heroin, 04 ədəd bükümdə, ayrıayrılıqda, 0,420 qram, 0,289 qram, 0,197 qram, 0,171 qram olmaqla cəmi-1,077 qram metamfetamin, habelə üzərində heroinin izi olan iki ədəd elektron tərəzi aşkar edilib götürülmüş, daha sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən 1 ədəd bükümdə 0,395 qram heroin, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən 1 ədəd bükümdə 0,388 qram heroin və Şahid2 üzərində şəxsi axtarış zamanı əynindəki şortikin cibindən 1 ədəd bükümdə 0,109 qram heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, subaydır, heç bir yerdə işləməmiş, anası ilə birlikdə Kürdəmir şəhəri, Aran qəsəbəsi, bina 3, mənzil 24-də yaşamışdır. Əvvəllər bir dəfə, 2007ci ildə adamöldürmə cinayətinə görə 10 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2016-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. Xeyli müddətdir ki, narkotik vasitələrdən istifadə etməyə başlamış, əsasən də heroindən istifadə etmişdir. Təqsirləndirilən şəxs2 tanışıdır, aralarında münasibətləri yaxşı olmuşdur, Aqşin də narkotiklərin istifadəçisidir. 05 sentyabr 2021-ci il tarixdə, səhər saatlarında qonşuluqda yaşayan, narkotik maddələrdən istifadə edən tanışı Lalə adlı qadın evinə gəlmiş, həmin vaxt bacısı oğlu Səbuhi də onun evində olmuşdur. Səbuhi də narkotik maddələrin istifadəçisidir. Həmin vaxt ağrıları olduğundan, lakin istifadəsi üçün narkotik maddə olmadığından o, Laləyə narkotikə ehtiyacı olduğunu demiş, Lalə də tanışı Aqşində narkotik olacağını bildirib Aqşinə zəng etmiş, sonra Aqşinin onun (Təqsirləndirilən şəxs1) evinə gələcəyini demiş, az sonra evdən çıxıb getmişdir. Bir az sonra Aqşin evinə gəlib onda (Aqşində) heroin və metamfetamin olduğunu bildirmişdir. Aqşinin gətirdiyi heroin və metamfetamin bükümlərdə olmuş, neçə ədəd bükümün olmasını xatarlamır. Aqşin özü ilə bir ədəd elektron tərəzi də gətirmiş, həmçinin evdə özünün də bir ədəd elektron tərəzisi olmuşdur. Evdə istifadə etmələri üçün Aqşinin gətirdiyi heroin və metamfetamini həmin elektron tərəzidə çəkmişlər, sonra bir büküm heroini istifadəsi üçün özü götürüb cibinə qoymuş, bir büküm heroini Aqşin götürmüş, bir büküm heroni də Səbuhiyə pay vermişlər. Qalan bükümlər evdə stolun üstündə qalmışdır. Günorta saatlarında bir qrup polis əməkdaşları yaşadığı mənzilə gəlib ona evdə narkotik vasitələr saxlamaqda şübhəli olduğu, evə baxış keçiriləcəyi bildirmiş, o da etiraz etməmidir. Sonra onun, Aqşinin və Səbuhinin iştirakları ilə, həm də videoçəkilişlə mənzilinə baxış keçirilmişdir. Baxış zamanı evdə stolun üstündə olan bükümlər və 2 ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Sonra polis əməkdaşları onları polis şöbəsinə aparılmış və orada müdafiəçilərin iştirakı ilə və videoçəkilişlə onların üzərilərində axtarış keçirilmişdir. Axtarış zamanı əynindəki şalvarın cibində istifadəsi üçün saxladığı bir bükümdə heroin, həmçinin Aqşinin üzəridən bir büküm heroin və Səbuhinin üzərindən bir büküm heroin aşkar edilib götürülmüşdür. Şifahi sorğu zamanı o, evində aşkar olunmuş narkotik maddələrin və bir ədəd elektron tərəzinin Aqşinə məxsus olduğunu, həmin narkotik maddələri və elektron tərəzini Aqşinin evinə gətirdiyini, üzərində aşkar olunmuş heroini isə özünün şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1un ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, 05 sentyabr 2021-ci il tarixdə, səhər saatlarında tanışı, qonşuluqda yaşayan Laləni söhbət etmək üçün evinə dəvət edib söhbət edərkən narkotik vasitəyə ehtiyacı olmasını bildirdiyindən Lalə tanışları olan Aqşində narkotik vasitə olmasını deyib Aqşinə zəng etmiş, sonra Aqşində narkotikin olduğunu və onlara gələcəyini bildirmiş, bir qədər evdə olduqdan sonra Lalə çıxıb getmişdir. Bir az keçəndən sonra Aqşin evinə gəlmiş və onda heroin və metamfetamin olmuşdur. Aqşinə ağrıları olduğunu, ağrıdan çıxmağa ona köməklik etməsini demiş, Aqşin də cibindən 01 ədəd sellofanı çıxarıb stolun üzərinə qoymuşdur. Aqşinin gətirdiyi heroin və metamfetamin təxminən 20 ədəd bükümdə olmuş, həmin bükümlərdən çoxu heroin olmuşdur. Yaşadığı evdə bir ədəd elektron tərəzi olmuş və həmin tərəzidən istifadə etməklə Aqşinin gətirdiyi narkotikləri çəkmişlər, sonra o, istifadəsi üçün bir büküm heroini götürüb cibinə qoymuşdur. Həmin vaxt bir büküm heroin qohumu Səbuhiyə pay verilmiş, orada olan bükümlərdən birini də Aqşin özünə götürmüşdür. Aqşinin gətirdiyi narkotik vasitələrin satışını təşkil etməkdə ona kömək üçün həmin narkotikləri elektron tərəzidə çəkib ayrı-ayrı bükümlərə qablaşdırmışlar. Həmin vaxt stolun üzərində boş kağız bükümlər və elektron tərəzilər də olmuşdur. X8 arasında olan məsələyə qarışmamış, bu məsələyə onun aidiyyatı olmamışdır. Narkotik vasitənin satışı barədə Aqşinlə söhbət edərkən Səbuhi onların yanında olmamışdır. Həmin gün saat 14 radələrində onun yaşadığı evə polis əməkdaşları gəlib ona evdə narkotik vasitələr saxlamaqda şübhəli olduğu izah edilib yaşadığı evə baxış keçiriləcəyi bildirilmiş, o da etiraz etməmidir. Həmin vaxt evində tanışı Aqşin və bacısı oğlu Səbuhi olmuşdur. Sonra polis əməkdaşları onun, Aqşinin, Səbuhinin iştirakı ilə və videoçəkilişlə yaşadığı evə baxış keçirmişlər. Baxış zamanı otaqdakı stolun üzərində bir ədəd polietilen sellofanda 14 ədəd bükümdə heroin, 04 ədəd bükümdə metamfetamin 02 ədəd elektron tərəzi aşkar edilmişdir. Aşkar olunmuş maddələr elektron tərəzidə çəkilmiş, sonra həmin maddələr və 02 ədəd elektron tərəzi qablaşdırılıb polis əməkdaşları tərəfindən götürülmüşdür. Sonra onlar Kürdəmir RPŞ-ə aparılmış və orada vəkillərinin (müdafiəçilərin) işitrakı ilə üzərlərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı özünün əynindəki şalvarının cibindən 01 büküm heroin, Aqşinin üzərindən 01 büküm heroin və və Səbuhin üzərindən 01 büküm heroin aşkar olunmuş və həmin maddələr qablaşdırılıb polis əməkdaşları tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı o, evində stolun üzərindən aşkar olunan kütlələrin heroin və metamfetamin olduğunu, həmçinin üzərindən aşkar olunan kütlənin də heroin olduğunu, tərəzilərdən birinin Aqşinə digərinin özünə məxsus olduğunu, aşkar olunan narkotik maddələri Aqşinin gətirdiyini, Aqşinlə birlikdə narkotik maddədən istifadə edəcəklərini, həm də Aqşinlə birlikdə narkotik və psixotrop maddələri sataraq gəlir əldə etmək məqsədləri olduğunu bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə baxış və şəxsi axtarışın aparılması zamanı çəkilmiş videoçəkilişlər tədqiq edildikdən sonra Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrini qismən təsdiq etdiyini bildirib əlavə ifadəsində göstərmişdir ki, tanışı Aqşin narkotik maddələri onun evinə satmaq üçün deyil, birlikdə bu narkotiklərdən istifadə etmək məqsədilə gətirmişdir. Onun Aqşinlə narkotik maddələrin satışı ilə bağlı razılaşması olmamış, həmçinin o, narkotik maddələrin satışı ilə məşğul olmamış və bununla bağlı ona verilən ittiham üzrə özünü təqsirli bilmir, lakin Aqşindən götürüb şəxsi istifadəsi üçün cibində saxladığı az miqdarda heroinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində iki azyaşlı uşağı vardır, rəsmi olaraq heç bir yerdə işləməmiş və ailəsi ilə birlikdə Kürdəmir şəhəri, İ.Məmmədov küçəsi, ev 41 mənzil 1-də yaşamışdır. Bir neçə ildir ki, narkotik vasitələrdən istifadə etməyə başlamış, əsasən də heroindən istifadə etmişdir. Təqsirləndirilən şəxs1 tanıyır, münasibətləri yaxşı olmuşdur. Əvvəllər Elnurla birlikdə narkotik maddə qəbul etmə halları da olmuşdur. 05 sentyabr 2021-ci il tarixdə, səhər saatlarında tanışı Lalə adlı qadın ona zəng edib narkotik maddə olub-olmamasını soruşmuş, o da narkotik maddə olmadığını demiş, Lalə də Elnurla əlaqə saxlayıb ona zəng edəcəyini bildirmişdir. Bir qədər sonra Lalə ona zəng edib Elnurgildə olduğunu bildirib onu Elnurun evinə dəvət etmiş, həmin vaxt o, Lalədən orada (Elnurda) narkotik maddə olub-olmadığını soruşmuş, o da “yəqin ki, olar” demişdir. Bundan sonra o, narkotik maddə qəbul etmək məqsədi ilə tanışı Elnurun evinə getmişdir. Evdə Elnur və qohumu Səbuhi adlı şəxs olmuş, Lalə orada olmamışdır. Evdə stolun üstündə içərisində narkotik maddə olan bükümlər və elektron tərəzilər olmuşdur. Stolun üstündə olan narkotik maddələr və tərəzilər Elnura məxsus olmuşdur. Həmin vaxt o, içərisində heroin olan bir ədəd bükümü götürmüşdür ki, istifadə etsin. Elnur sotolun üstündə olan bükümlərdən birini özü üçün, birini də Səbuhi üçün götürmüşdür ki, istifadə etsinlər. Həmin gün günorta saatlarında Elnuru kimsə çölə çağırmış, bir azdan Elnurla birlikdə bir qrup polis əməkdaşları mənzilə daxil olmuşlar. Sonra polis əməkdaşları onların iştirakı ilə və videoçəkilişlə mənzilə baxış keçirmiş və stolun üstündə olan bükümləri və elektron tərəziləri götürmüşlər. Bundan sonra polis əməkdaşları onları polis şöbəsinə aparmış, orada vəkillərin iştirakı ilə və videoçəkilişlə üzərilərində axtarış aparılmışdır. Axtarış zamanı üstündə saxladığı bir büküm heroin aşkar olunmuşdur. Həmin vaxt Elnur və Səbuhinin üstündən bir büküm heroin aşkar olunmuşdur. Onun Elnurla narkotik maddələrin satışı ilə bağlı razılaşması olmamış, həmçinin o, narkotik maddələrin satışı ilə məşğul olmamış və bununla bağlı ona verilən ittiham üzrə özünü təqsirli bilmir, lakin şəxsi istifadəsi üçün cibində saxladığı az miqdarda heroinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, o, Kürdəmir RPŞ-nin əməkdaşıdır. 04 sentyabr 2021-ci il tarixdə Kürdəmir şəhər sakini Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması, üzərində və yaşadığı mənzildə (ünvan 1) saxlaması və tanışları Təqsirləndirilən şəxs2 və Şahid2lə birlikdə narkotik maddələr qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Belə ki, həmin gün gönorta saatlarında əməliyyat qrupu Təqsirləndirilən şəxs1 yaşadığı mənzilə (Kürdəmir şəhəri, Aran qəsəbəsi, ev 3, mənzil 24-ə) getmiş, müstəntiq İsmayıl Əmirli ev sahibi Təqsirləndirilən şəxs1 daxil olmuş məlumat barədə bildirilib mənzilə baxış keçiriləcəyi izah edilmiş, Təqsirləndirilən şəxs1 də etiraz etməmişdir. Bundan sonra mənzilə Təqsirləndirilən şəxs1, həmin vaxt orada olan digər şəxslərin, yəni Elnurun tanışları Təqsirləndirilən şəxs2 və Şahid2 iştirakları ilə və videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı mənzildə, otaqdakı stolun üstündə çoxsaylı bükümlərdə heroinə və metamfetaminə oxşar kütlələr və 2 ədəd elektron tərəzi aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 aşkar olunmuş kütlələrin narkotik maddələr olduğunu, həmin maddələri və elektron tərəziləri evinə Aqşinin gətirdiyini, özünün, Aqşnin və bacısı oğlu Səbuhinin nakotik maddələrdən istifadə edən olduqları üçün həmin maddələri istifadə etmələri üçün hər birinin bir büküm narkotik maddə götürdüklərini bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 aşkar olunmuş narkotik maddələrin və elektron tərəzilərin ona məxsus olmamasını, onun həmin maddələri gətirmədiyini, bu maddələrin və elektron tərəzilərin kimə məxsus olmasını bilmədiyini, narkotikdən istifadə etməsi üçün Elnurun evinə gəldiyini, istifadəsi üçün üzərində bir büküm heroin olduğunu bildirmişdir. Şifahi sorğu zamanı Şahid2 Elnurun onun dayısı olduğunu, evdə aşkar olunmuş narkotik maddələri dayısı Elnurun evinə Aqşinin gətirməsini, narkotikdən istifadə etməsi üçün özünün bir büküm heroin götürdüyünü bildirmişdir. Aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr və elektron tərəzilər qablaşdırılıb müstəntiq tərəfindən götürülmüş, bundan sonra baxışla bağlı protokol yazılmışdır. Daha sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid2 polis şöbəsinə aparılmış və orada müdafiəçilərin iştirakı ilə üzərilərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı onların hər birinin üzərindən bir büküm narkotik maddə aşkar olunmuş və həmin maddələr tərəzidə çəkildikdən sonra qablaşdırılıb müstəntiq tərəfindən götürülmüş, daha sonra axtarışla bağlı protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahidlər Şahid4 və Şahid5 Şahid3 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 və Elnur Taverdiyevi tanıyır və onlarla münasibəti yaxşı olmuşdur. Onların hər ikisi, həm də özü narkotik vasitə istifadəçisidir. 05 sentyabr 2021-ci il tarixdə, səhər saatlarında küçədə qonşusu Elnuru görmüş və Elnur ona narkotik vasitə tapa bilmədiyi üçün ağrılarının başladığını deyib ondan telefonunu istəmişdir ki, tanışı Aqşinə zəng edib ondan ağrıdan çıxmaq üçün heroin alsın. Bundan sonra Elnur ondan telefonu götürüb bir qədər aralanıb Aqşinə zəng etmiş, sonra telefonunu ona qaytarıb getmişdir. Həmin tarixdə axşam saatlarında Elnur və Aqşindən narkotik vasitə aşkar olunduğunu və onların həbs olunmalarını eşitmişdir. 05 sentyabr 2021-ci il tarixdə o, Elnurun einə getməmiş, Elnur narkotiklə bağlı Aqşinə zəng etməsinə ona deməmiş, o, Aqşinə zəng etməmiş, küçədə o, Elnurla rastlaşmış və Elnur ondan telefonu götürüb Aqşinə zəng etmişdir. İşdə olan, Kürdəmir RPŞ-nin əməkdaşının 05 sentyabr 2021-ci il tarixli «Raport»u ilə müəyyən edilir ki, həmin tarixdə Kürdəmir şəhəri, Aran qəsəbəsi, ev 3 mənzil 24-də yaşayan X1 qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması, üzərində və yaşadığı mənzildə saxlaması, habelə tanışları Təqsirləndirilən şəxs2 və Şahid2 ilə birlikdə narkotik maddə qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. İşdə olan, təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 05 sentyabr 2021-ci il tarixli qərarla müəyyən olunur ki, həmin tarixdə təhqiqat orqanı tərəfindən Kürdəmir şəhəri, Aran qəsəbəsi, ev 3 mənzil 24-də yaşayan X1 qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması, üzərində və yaşadığı mənzildə saxlaması barədə daxil olmuş məlumatın yoxlanılması üçün təxirəsalınmaz əməliyyat-axtarışın tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İşdə olan, Kürdəmir Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli qərarı ilə təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 05 sentyabr 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir İşdə olan, “Baxış keçirilməsi haqqında” 05 sentyabr 2021-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə müstəntiq İsmayıl Əmirli tərəfindən X5, Təqsirləndirilən şəxs2 və Şahid2 iştirakı ilə, həm də videoçəkilişlə Elnur Taverdiyevin yaşadığı ünvan 1 ünvanına baxış keçirilmişdir. Baxış zamanı mənzildəki otaqda olan stolun üzərində 14 ədəd sellofan kəsiyi bükümdə narkotik vasitə olan heroinə oxşar kütlələr, 04 ədəd psixotrop maddə olan metamfetaminə oxşar kütlələr və iki ədəd işlək vəziyyətdə olan elektron tərəzilər aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 stolun üzərindən aşkar olunmuş kütlələrin narkotik və psixotrop maddələr olduğunu, həmin maddələri Təqsirləndirilən şəxs2 həmin gün evinə gətirdiyini, elektron tərəzilərin də Təqsirləndirilən şəxs2 məxsus olduğunu bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 narkotik vasitələrin kimə məxsus olmasını bilmədiyini, tərəzilərin də ona məxsus olmadığını bildirmişdir. Şifahi sorğu zamanı Şahid2 stolun üzərindən aşkar olunan kütlələri Təqsirləndirilən şəxs2 həmin gün Elnurun evinə gətirdiyini, tərəzilərin kimə məxsus olmasını bilmədiyini bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr və elektron tərəzilər qablaşdırılıb götürülmşdür. Baxışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd CD disk protokola əlavə edilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” 05 sentyabr 2021-ci il tarixli protokolla müəyən edilir ki, həmin tarixdə ünvan 1-də yaşayan X1 narkotik vasitələr əldə etməsi, daşıması, üzərində və yaşadığı mənzildə saxlaması barədə məlumat daxil olmuş və həmin məlumat əsasında 05 oktyabr 2021-ci il tarixdə, saat 14 radələrində Kürdmir RPŞ-nin əmkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində yaşadığı ünvan 1-də Təqsirləndirilən şəxs1 və həmin vaxt mənzildə olmuş Təqsirləndirilən şəxs2 və Şahid2 də saxlanılıb polis şöbəsinə gətirilmişlər. Polis şöbəsində müstəntiq İsmayıl Əmirli tərəfindən müdafəçilərin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sol yan cibindən 01 ədəd bükümdə heroinə oxşar kütlə, Təqsirləndirilən şəxs2 əynindəki şalvarın arxa sağ cibindən 01 ədəd bükümdə heroinə oxşar kütlə və Şahid2 əynindəki şortikin sol yan cibindən 01 ədəd bükümdə heroinə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 heroin aludəçisi olduğunu, tutulduğu gün evində olarkən narkotikə ehtiyacı olduğundan tanışı Lalə adlı qadına dediyini, onun da Təqsirləndirilən şəxs2 zəng etdiyini və Aqşinin narkotik maddələr, yəni heroin və metamfetamin gətirdiyini, evində aşkar olunan tərəzilərin də Aqşinə məxsus olduğunu, Aqşinin gətirdiyi narkotikdən (heroindən) bir büküm götürüb üstümdə saxladığını, bir bükümün də çəkməsi üçün Şahid2 pay verildiyini, Aqşinin narkotik vasitələrin satışı ilə məşğul olduğunu, aşkar olunmuş tərəzilərin özünə, narkotik maddələrin isə Aqşinə məxsus olduğun, Aqşinin narkotik vasitələri gətirməkdə məqsədinin onların satışını təşkil etmək olduğun və özünün də məqsədi Aqşinə köməklik etmək olduğunu bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 heroin istifadəçisi olduğunu, həmin gün səhər saatlarında ona tanışı Lalə adlı qadının zəng edib narkotik vasitə olub-olmadığını, olacağı halda birlikdə istifadə etmək istədiyini bildirdiyini, ona narkotik vasitə olmadığını, Elnurgildə narkotik vasitə olub-olmadığını soruşduğunu, bir az keçəndən sonra Lalənin ona zəng edib Elnurgildə narkotik vasitə olduğunu bildirib onu ora dəvət etdiyini, Elnurgildə olarkən bir büküm heroini üstündə saxladığını bildirmişdir. Şifahi sorğu zamanı Şahid2 heroin istifadəçisi olsa da, Kürdəmir rayonuna gəlməkdə məqsədinin, nənəsi ilə bağlı olduğunu, 04 sentyabr 2021-ci il tarixdə Kürdəmir şəhərinə gəldiyini, dayısı Elnurun evində qaldığını, Elnurun evində narkotik vasitə olmadığını, səhər saatlarında Lalə adlı qadının Elnurun evinə gəldiyini, Elnurun “lomkası” olduğundan Laləyə bu barədə dediyini, Lalənin də tanışı Təqsirləndirilən şəxs2 zəng etdiyini, bir qədər sonra Təqsirləndirilən şəxs2 Elnurun evinə gəldiyini, Təqsirləndirilən şəxs2 əlindəki polietilen torbada narkotik vasitələr olduğunu, Aqşinnin əlində tərəzi gətirmədiyini, tərəzilərin Elnura məxsus olduğunu, orada olan zaman Elnurun bir büküm heroini pay kimi ona verdiyini, həmin bükümü özündə saxladığını bildirmişdir. Aşkar olunmuş olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra həmin kütlələr və elektron tərəzilər qablaşdırılıb götürülmüş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd CD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 06 sentyabr 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs1 yaşadığı evdən ...” sözləri yazılmış kağız paketi açdıqda 14 ədəd şəffaf polietilen bükümdə ayrıayrılıqda təmiz çəkisi-3,889 qram, 0,419 qram, 0,435 qram, 0,405 qram, 0,425 qram 0,431 qram, 0,891 qram, 0,437 qram, 0,401 qram, 0,439 qram, 0,438 qram, 0,425 qram 0,816 qram, 0,401 qram, 01 ədəd kağız bükümdə təmiz çəkisi-0,05 qram olmaqla ümumi təmiz çəkisi-10,302 qram olan qəhvəyimtil rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə-heroindir. 04 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi- 0,420 qram, 0,289 qram, 0,197 qram, 0,171 qram olmaqla ümumi təmiz çəkisi-1,077qram eyni tərkibli olan ağımtıl rəngli maddələr kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. 02 ədəd elektron tərəzinin üzərində heroinin izi vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən də iz mikrohissəciklərinin miqdarını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs1 üzərindən ...” sözləri yazılmış kağız paketi açdıqda 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi- 0,395qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs2 üzərindən ...” sözləri yazılmış kağız paketi açdıqda 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi-0,388qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata təqdim edilmiş üzərində “... Şahid2 üzərindən ...” sözləri yazılmış kağız paketi açdıqda 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi-0,109qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Təqsirləndirilən şəxs1 üzərindən üzərindən aşkar olunan heroin, evindən aşkar olunan heroin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan heroin və Şahid2 üzərindən aşkar olunan heroin xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. Ekspertiza tədqiqatından sonra qalıq heroin 10,954 qram və qalıq metamfetamin 0,877 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 qəpik təşkil edir. İşdə olan, “Maddi sübut kimi tanımaq haqqında” 08 sentyabr 2021-ci il tarixli qərarla müəyyən edilir ki, ekspertiza tədqiqatından sonra qalıq-10,954 qram heroin, 0,877 qram metamfetamin və 02 (iki) ədəd üzərində heroin izi olan elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanması üçün Kürdəmir RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə baxış və şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı iki ədəd CD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 11 noyabr 2021-ci il tarixli 1354 və 1360 №-li rəyləri ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkirlər və narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacları vardır. Narkoloji kabinetdə qeydiyyata alınmaları məsləhət görülür. İşdə olan, istintaq orqanının “cinayət təqibinə hissəvi xitam verilməsi haqqında” 07 sentyabr 2021-ci il tarixli qərarla müəyyən edilir ki, Şahid2 üzərində aşkar edilmiş 0,109 qram heroin miqdarına görə cinayət məsuliyyəti yaratmadığından onun barəsində CM-nin 234.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş və barəsində inzibati tədbirinin götürlməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. İşdə olan, Kürdəmir Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli qərarı ilə müəyyən edilir ki, Şahid2 satış məqsədi olmadan şəxsi istehlak miqdarında 0,109 qram heroin əldə edib üzərində saxladığına görə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta törətməkdə təqsirli bilinib barəsində 15 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. İşdə olan, istintaq orqanının “sübutların qiymətləndirilməsi, cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və ayrılmış işin icraata qəbul edilməsi haqqında” 11 fevral 2022-ci il tarixli qərarla müəyyən olunur ki, təqsirləndirilən şəxslərdən götürülmüş narkotik vasitə və psixotrop maddənin mənbəyi ilə bağlı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, telefon danışıqlarana dair məlumatları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələri (Təqsirləndirilən şəxs2 ifadələrində göstərilən Elnurun evinə yalnız narkotik maddə qəbul etmək məqsədi ilə getməsi, Elnurun evinə narkotik maddələr aparmaması, Elurun evində aşkar olunmuş narkotik maddələrin və elektron tərəzilərin ona məxsus olmaması, Elnurla narkotik maddələrin satışı ilə bağlı razılaşmasının olmaması, narkotik maddələrin satışı ilə məşğul olmamasına dair hallar, eləcə də Təqsirləndirilən şəxs1 ifadələrində göstərilən aşkar olunmuş heroin və metamfetamini satmaq məqsədi ilə yox, şəxsi istifadələri məqsədi ilə ayrı-ayrı bükümlərə qablaşdırılması, onun Aqşinlə narkotik maddələrin satışı ilə bağlı razılaşmasının olmaması, narkotik maddələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs2 məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni Elnurun evinə yalnız narkotik maddə qəbul etmək məqsədi ilə getməsi, Elnurun evinə narkotik maddələr aparmaması, Elurun evində aşkar olunmuş narkotik maddələrin və elekron tərəzilrin ona məxsus olmaması, Elnurla narkotik maddələrin satışı ilə bağlı razılaşmasının olmaması, həm də narkotik maddələrin satışı ilə məşğul olmamasına dair hallar, habelə Təqsirləndirilən şəxs1 məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdikləri xüsusatlar, yəni onun aşkar olunmuş heroin və metamfetamini satmaq məqsədi ilə yox, şəxsi istifadələri məqsədi ilə ayrı-ayrı bükümlərə qablaşdırılması, onun Aqşinlə narkotik maddələrin satışı ilə bağlı razılaşması olmaması, həm də narkotik maddələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid3, Şahid4, Şahid5 və Şahid1 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə, o cümlədən baxış və şəxsi axtarıhla bağlı protokollarla, eləcə də Təqsirləndirilən şəxs1 ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrlə tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onların bu ifadələri özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni qanunsuz olaraq əldə etmə, saxlama və daşıması cinayətini törətmələri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Habelə bu Qanunun İİ Siyahıya əsasən beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir. Heroin və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, təqsirləndirilən şəxslərdən götürülmüş 11,194 qram heroin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir, habelə 1,077qram metamfetamini şəxsi istehlak miqdarından artıqdır. Habelə məhkəmə təqsirləndirilən şəxslərə məxsus, üzərində heroinin izi olan iki ədəd elektron tərəzinin olması, heroin və metamfetaminin çoxsaylı bükümlərə, o cümlədən birdəfəlik istifadə üçün çoxsaylı bükümlərə qablaşdırılması da onların həmin maddələri sataraq qazanc əldə etmələri niyyəti ilə əldə etmələrini özündə ehtiva edən hallar kimi qiymətləndirir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz aralaranda və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni əldə etmiş, saxlamış, daşımış və üzərilərində saxlamışlar. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmələri təsdiq olunur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməlində təqsirlərini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Kürdəmir Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli tutulduqları vaxtdan, yəni 05 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamələrlə müəyyən olunur ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 01 may 2007-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinib 10 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 30 dekabr 2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən (ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir) 01 may 2007-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Ona görə də hazırda o, məhkumluğu olan şəxsdir. Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin təhlükəli residivi yaranır. Beləliklə, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən onun bu əməli cinayətin təhlükəli residivini yaradır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən onun bu əməli cinayətin təhlükəli residivi yaratdığından ona CM-nin ittiham olunduğu maddələr üzrə cəza təyin edilərkən CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəza təyin edilməli, habelə cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi də nəzərə alınmalıdırir. İşdə olan, Kürdəmir rayon rayon MİS-dən verilmiş 24 sentyabr 2021-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Kürdəmir şəhəri, Aran qəsəbəsi, ev 3, mənzil 24-də qeydiyyatda olmaqla yaşamış, ailə üzvləri özü və anasından ibarət olmaqla yaşayış yeri üzrə qənaətbəxş (barəsində ərizə və şikayət daxil olmamışdır) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar (CM-nin 59-cu maddəsində göstərilən və başqa) yoxdur. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi olması Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamələrlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşdə olan, Kürdəmir rayon MİS-dən verilmiş 24 sentyabr 2021-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Kürdəmir şəhəri, İ.Məmmədov küçəsi, ev 41, mənzil 1-də qeydiyyatda olmaqla yaşamış, himayəsində 08 noyabr 2008-ci il təvəllüdlü X9 və 15 may 203-cü il təvəllüdlü X11 oğlu vardır, habelə o, yaşayış yeri üzrə qənaətbəxş (barəsində ərizə və şikayət daxil olmamışdır) xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, eləcə də əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onların CM-nin ittiham olunduqları maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılmaları qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halı (Təqsirləndirilən şəxs2 münasibətdə), cəzanı ağırlaşdıran halı (Təqsirləndirilən şəxs1 münasibətdə), habelə təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxslərin islah olunmalarına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün onlara azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təhlükəli residivə görə cəza təyin edilməli, yəni ona təyin olunacaq azadılqdan məhrumetmə cəzasının müddəti ittiham olunduğu CM-nin maddədələri üzrə müəyyən edilmiş daha ciddi cəza növü-azadılqdan məhrumetmə cəzasının son həddinin üçdə ikisindən az olmamalıdır. Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 05 sentyabr 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını CMnin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 05 sentyabr 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəylərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-nin 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onlar cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, həm də yaşadıqları ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.4-cü maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Kürdəmir RPŞ-nin maddi sübutlar otağında saxlanılan 10,954 qram narkotik vasitə olan heroin, 0,877 qram psixotrop maddə olan metamfetamin və 02 (iki) ədəd üzərində heroin izi olan elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə «Azərbaycan Respublikasının Narkomanlığa və X3 X6 üzrə Dövlət Komissiyası» tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərci-31 (otuz bir) manat 95 (doxsan beş) qəpik təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni Təqsirləndirilən şəxs1 15 (on beş) manat 97 qəpik və Təqsirləndirilən şəxs2 15 (on beş) manat 97 qəpik tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 05 sentyabr 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 05 sentyabr 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Kürdəmir Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 10,954 qram narkotik vasitə olan heroin, 0,877 qram psixotrop maddə olan metamfetamin və 02 (iki) ədəd üzərində heroin izi olan elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məhkum olunmuş şəxslərdən bərabər qaydada, yəni məhkum Təqsirləndirilən şəxs1 15 (on beş) manat 97 qəpik və məhkum Təqsirləndirilən şəxs2 15 (on beş) manat 97 qəpik tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surətini aldıqları vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Oruc Cəlilov Hakimlər: Xamməd Nuriyev Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar