Məhkəmə qərarları › İş №1(099)-244/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-244/2023

10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-244/2023 10.03.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1993-cü il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşamış, 03 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şirvan şəhər Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 4(032)-307/2022 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Şirvan şəhər Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 4(032)-44/2023 nömrəli qərarı ilə ev dustaqlığında saxlama müddəti 01 (bir) ay müddətə, 04 mart 2023-cü il tarixədək uzadılmış, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 1(099)-244/2023 nömrəli qərarı ilə barəsində seçilmiş ev dustaqlığı növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə külli miqdarda-2,034 qram narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edərək üzərində saxlamaqla daşımış, Şirvan Şəhər Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 03 oktyabr 2022-ci il tarixdə saat 21:30 radələrində yaşadığı Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində saxlanılaraq Şirvan Şəhər Polis Şöbəsinin inzibati binasına gətirilib həmin tarixdə saat 22:25-də üzərində axtarış keçirilən zaman həmin bir ədəd bükümdə külli miqdarda-2,034 qram narkotik vasitə heroin əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yaşadığını, 03 oktyabr 2022-ci il tarixdə gecə saat 10 radələrində polis əməkdaşlarının qarşısına çıxdıqlarını, üzərinə yerindəcə baxış keçirmək istədiklərini, polislərə üzərində baxış keçirmələrinə imkan verməyərək, üzərində 1 bükümdə olan nəşəni-yəni marixuananı çıxardıb onlara təqdim etdiyini, sonra polislərin onu Şirvan Şəhər Polis Şöbəsinə apardıqlarını, Polis Şöbəsində polis baş leytenantı rütbəsində olan təhqiqatçı Fərman Quliyev ona “səni 1 qram kakosla-heroinlə saxlamağımız barədə sənədləşdirək məhkəmədə sənə azadlığın məhdudlaşdırılması cəzası verəcəklər” dediyini, üzərindən marixuana aşkar olunduğu üçün təhqiqatçının dediyi ilə razılaşdığını, ancaq təhqiqatçı Fərman Quliyevə marixuana ilə tutulduğu üçün marixuana ilə də sənədləşdirilməyini dediyini, təqiqatçı Fərman Quliyevin isə ona “1 qram kakos-heroin külli miqdar hesab olunmadığı üçün problem olmayacaq, narkotik vasitə istifadəçisi kimi sənədləşdiriləcəksən” dediyini, cinayət işinin materiallarında ekspertiza rəyindən göründüyü kimi Maştağaya narkoloiji ekspertizaya aparıldığını, qanında marixuana aşkar olunduğunu, heroin aşkar olunmadığını, sonradan məhkəməyə sanksiyaya apardıqlarını, məhkəmədə barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçildiyini və evə buraxıldığını, ev dustaqlığında olanda əvvəllər məhkum olunmadığından, bu işlərdən məlumatı az olduğundan ağır cinayət törətməkdə təqsirləndirilərkən 04 ay müddətində sanksiya seçildiyini öyrəndiyini, faktiki olaraq üzərindən kakos-heroin yox, nəşə-marixuana aşkar olunduğunu bildirmişdir. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs polislərin onu gecə saat 10-11 radələrində saxladıqlarını, polislərin üzərinə başqa qanunsuz predmet qoyacaqlarından qorxduğu üçün, üzərində olan marixuananı çıxararaq özü polislər Namaz və Şahid2 təqdim etdiyini, polislər onu saxlayanda üzərində olan nəşəni çəkmək üçün siqaret almağa getdiyini, marixuananı gündüz vaxtı dükana gedəndə yerdən tapdığını, yaşadığı Şirvan şəhəri, Hacıqurbanlı qəsəbəsində heç kimin ona nəyinsə müqabilində narkotik vasitə vermədiyini, onun heç kimə narkotik vasitə vermədiyini, hədiyyə etmədiyini, satmadığını, kimləsə birlikdə oturub narkotik vasitə çəkmədiyini, tərəzisinin olmadığını, narkotik vasitələrdən marixuanadan siqaret kimi çəkməklə istifadə etdiyini, heroin narkotik vasitəsindən istifadə etmədiyini, bədənində ağrılar olduğu üçün 1-2 dəfə tramadoldan istifadə etdiyini, üzərindən aşkar olunan marixuananın 1 bükümdə, çəkisinin təxminən 1-2 qram olduğunu, polislərə nəşə-marixuana ilə tutmusunuz, nəşə ilə də sənədləşdirin dediyini, polislərin marixuana ilə sənədləşdirilməyə icazələrinin olmadığını dediklərini, təqdim etdiyi marixuananı, heroin ilə əvəz etməyi polis əməkdaşı Şahid2 təklif etdiyini, polislər tərəfindən ona işgəncə edildiyini, həmçinin üzərində şəxsi axtarış keçirilən zaman videoçəkilişdən əvvəl təhqiqatçı Fərman Quliyevin ona narkotik vasitənin çəkisinin 1 qramdan az olacağını və məhkəmədən buraxılacağını vəd etdiyindən, çəkiliş zamanı narkotik vasitəni çıxarıb stolun üzərinə qoymağını və getdiyi yerdə yolun qırağından tapmağını deməyini bildirdiyindən, hüquqi savadı və bu işlərdə anlayışı olmadığından, orta təhsilli olduğundan polislərin dedikləri ilə razılaşdığını, polis şöbəsində üzərinə baxış keçirilərkən iki dəfə videoçəkiliş aparıldığını, birinci çəkilişdə döyüldüyünü dediyi üçün, ikinci dəfə vəkilin iştirakı ilə üzərinə videoçəkilişlə baxış keçirdiklərini, üzərinə birinci dəfə şəxsi axtarış keçiriləndə vəkili olmadığını, polis şöbəsində üzərində ikinci dəfə axtarış keçirilməzdən əvvəl ona vəkil təqdim olunduğunu, lakin imtina etdiyini, təhqiqatçının ona vəkilin iştirakının məcburi olduğunu bildirdiyini, məhkəmədə barəsində qətimkan tədbiri seçiləndə hakim soruşmadığı üçün, həm də yenicə döyüldüyündən ayağında ağrılar hiss etmədiyi üçün məhkəmədə işgəncəyə məruz qaldığını bildirmədiyini, bədənində olan xəsarətlərin fəsadlarını MSY-dən evə buraxılandan sonra hiss etməyə başladığını, MSY-də olarkən təcili tibbi yardım çağırmadığını, ev dustaqlığında olanda, polislər tərəfindən ona təsirlər edildiyindən, o cümlədən təhqiqatçı tərəfindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham veriləcəyi vəd edildiyindən, həmçinin ilk dəfə məsuliyyətə cəlb olunduğu üçün hüquqi savadsızlığından polislər tərəfindən ona işgəncə verilməsi və bədənində xəsarətlər olması barədə heç bir quruma şikayət etmədiyini, ona işgəncə edən polis əməkdaşlarını tanımadığını, polislər onu üzərindən aşkar olunan narkotik vasitənin kimdən almağını demədiyi üçün döydüklərini, polis şöbəsində polislər tərəfindən ona işgəncələr verilməsi nəticəsində hətta ayağında xəsarətlər olduğu üçün ağsadığından müstəntiqdən taksi pulu alaraq evə maşınla getdiyini bildirmiş, azyaşlı uşaqlarının olmasını nəzərə alaraq ən az cəzanın verilməsini xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin izahat və ifadələrində təxminən 6 aydır narkotik vasitə heroindən istifadə etdiyini, xx.xx.2022-ci il tarixdə günorta saatlarında yaşadığı Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində gəzən zaman yerdə bir ədəd sellofan büküm gördüyünü, həmin büküm onun marağını cəlb etdiyi üçün həmin bükümü yerdən götürüb açdığını, əvvəllər də istifadə etdiyindən tanıdığı üçün içərisinə baxan zaman içərisində narkotik vasitə heroin olmasını bildiyini, həmin narkotik vasitə heroini tapmış olduğu sellofan bükümdə şalvarının yan cibinə gələcəkdə istifadə etmək məqsədilə qoyduğunu, həmin tarixdə saat 21:30 radələrində yaşadığı Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində olduğu zaman bir neçə şəxs ona yaxınlaşıb özlərini təqdim etdiklərini, polis əməkdaşları olduqlarını bildirdiklərini, sonra polis əməkdaşları ona üzərində narkotik vasitə saxlamağında və narkotik vasitədən istifadə etməyində şübhəli olduğunu bildirib onu ŞPŞ-nə gətirdiklərini, ŞPŞ-də olarkən otaqların birində saat 22:25-də polis əməkdaşlarının, vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərində axtarış aparılmağa başlanıldığını, axtarış aparılan zaman polis əməkdaşı ondan üzərində narkotik vasitə və ya hər hansı bir qanunsuz əşya olub-olmamasını soruşduğunu, olduğu halda könüllü təqdim etməyini təklif etdiyini, o da üzərində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb polis əməkdaşlarına təqdim etdiyini, həmin bükümün içərisində narkotik vasitə heroin olmasını söylədiyini, həmin bükümün içərisi açılıb baxıldıqda içərisində qəhvəyi rəngli, spesifik qoxulu narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edildiyini, sonra polis əməkdaşına təqdim etdiyi narkotik vasitə heroin sellofan bükümdə ağ zərfə qablaşdırıldığını, üzəri möhürləndiyini, bu barədə protokol tərtib olunduğu, tərtib olunmuş protokol vəkil, polis əməkdaşları və onun tərəfindən imzalandığını, onun üzərindən axtarış zamanı aşkar edilən ona məxsus narkotik vasitə heroinin təmiz çəkisinin 2,034 qram olmasını bildiyini, həmin narkotik vasitə heroini xx.xx.2022-ci il tarixdə günorta saatlarında yaşadığı Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində gəzən zaman yerdən tapdığını, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmadığını, yalnız istifadə etdiyini, narkotik vasitədən istifadə edərkən tək olduğunu, yanında heç kim olmadığını, narkotik vasitədən istifadə etməyindən heç kimin xəbəri olmadığını bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o, tutulan vaxt üzərində heroin deyil marixuana olmuşdur. Polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, üzərində aşkar olunmuş heroinin özünə məxsus olduğunu bildirmişdir. Əslində üzərindən heroin aşkar olunmamış, üzərində 1 bükümdə olan təxminən 1-2 qramlıq marixuananı özünü polislərə təqdim etmişdir. Üzərində aşkar olunmuş heroinlə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin narkotikdən istifadə etdiyi üçün özünü təqsirli bilir və əməlindən peşmandır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında üzərində olan marixuananı çıxararaq özü polislər Namaz və Şahid2 təqdim etdiyini, polislərə nəşə-marixuana ilə tutmusunuz, nəşə ilə də sənədləşdirin dediyini, polislərin marixuana ilə sənədləşdirilməyə icazələrinin olmadığını dediklərini, təqdim etdiyi marixuananı, heroin ilə əvəz etməyi polis əməkdaşı Şahid2 təklif etdiyini, polislər tərəfindən ona işgəncə edildiyi, həmçinin üzərində şəxsi axtarış keçirilən zaman videoçəkilişdən əvvəl təhqiqatçı Fərman Quliyevin ona narkotik vasitənin çəkisinin 1 qramdan az olacağını və məhkəmədən buraxılacağını vəd etdiyindən, çəkiliş zamanı narkotik vasitəni çıxarıb stolun üzərinə qoymağını və getiyi yerdə yolun qırağından tapmağını deməyini bildirdiyindən, hüquqi savadı və bu işlərdə anlayışı olmadığından, orta təhsilli olduğundan polislərin dedikləri ilə razılaşdığını, polis şöbəsində üzərinə baxış keçirilərkən iki dəfə videoçəkiliş aparıldığını, 1-ci çəkilişdə döyüldüyünü dediyi üçün, ikinci dəfə vəkilin iştirakı ilə üzərinə videoçəkilişlə baxış keçirdiklərini, üzərinə birinci dəfə şəxsi axtarış keçiriləndə vəkili olmadığını, polis şöbəsində üzərində ikinci dəfə axtarış keçirilməzdən əvvəl ona vəkil təqdim olunduğunu, lakin imtina etdiyini, təhqiqatçının ona vəkilin iştirakının məcburi olduğunu bildirdiyini, məhkəmədə barəsində qətimkan tədbiri seçiləndə hakim soruşmadığı üçün, həm də yenicə döyüldüyündən ayağında ağrılar hiss etmədiyi üçün məhkəmədə işgəncəyə məruz qaldığını bildirmədiyini, bədənində olan xəsarətlərin fəsadlarını MSY-dən evə buraxılandan sonra hiss etməyə başladığını, müvəqqəti saxlama yerində olarkən təcili tibbi yardım çağırmadığını, ev dustaqlığında olanda, polislər tərəfindən ona təsirlər edildiyindən, o cümlədən təhqiqatçı tərəfindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham veriləcəyi vəd edildiyindən, həmçinin ilk dəfə məsuliyyətə cəlb olunduğu üçün hüquqi savadsızlığından polislər tərəfindən ona işgəncə verilməsi və bədənində xəsarətlər olması barədə heç bir quruma şikayət etmədiyini, ona işgəncə edən polis əməkdaşlarını tanımadığını, polislər onu üzərindən aşkar olunan narkotik vasitənin kimdən almağını demədiyi üçün döydüklərini bildirməsi ilə bağlı hissədə verdiyi ifadəsinin cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan yekdil ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyən, polis leytenantı Şahid1 xx.xx.2022-ci il tarixdə icraatına Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olduğunu, əməliyyat məlumatı əsasında təxirəsalınmadan Təqsirləndirilən şəxs üzərində axtarış aparılması zərurəti yarandığından Şirvan ŞPŞ-nin MSY-nin polis nəfəri Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yeri tərəflərindən müəyyən edilərək xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində yaşadığı Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində saxlanılıb şəhər polis şöbəsinə gətirildiyini, Polis Şöbəsinin inzibati binasının otaqlarının birində saat 22:25-də videoçəkiliş vasitəsilə vəkilin və yuxarıda adı çəkilən polis əməkdaşının iştirakları ilə Təqsirləndirilən şəxs üzərində axtarış aparıldığını, axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan büküm aşkar olunduğu, həmin büküm açılıb içərisinə baxış keçirildikdə içərisində qəhvəyi rəngli, spesifik qoxulu narkotik vasitə heroinə bənzər maddənin olması müəyyən edildiyi, sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə ekspertizaya təqdim olunması üçün qablaşdırıldığını, üzəri möhürləndiyini, bu barədə protokol tərtib olunduğunu, həmin protokol onun, digər polis əməkdaşı, vəkil və Təqsirləndirilən şəxs tərəfindən imzalandığını bildirmişdir. Şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin MSY-nin polis nəfəri Şahid2 Şahid1 göstərdiyi xüsusatları olduğu kimi təsdiq edərək eyni məzmunlu ifadə verib, məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -03 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş əməliyyat məlumatının daxil olduğu barədə raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında təqsirləndirilən şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir (səh. 3-4,8, 27-29). -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 03 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 22:10-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. 19-20). -“şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında” 03 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür (i.v. 27-29). -məhkəmə-kimyəvi ekspertizasının 04 oktyabr 2022-ci il tarixli, 18/1095 nömrəli rəyindən görünür ki, “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümdə təmiz çəkisi-2,034 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. ( i.v. 35-37). -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 05 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir ( i.v. 47-48). -Şirvan şəhər Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli, 4(032)-307/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Şirvan şəhər Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli, 4(032)-44/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs ev dustaqlığında saxlama müddəti 01 (bir) ay müddətə, 04 mart 2023-cü il tarixədək uzadılmışdır (i.v. 64-66, 113-114). -verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan Şəhər Polis Şöbəsinin 09 dekabr 2022ci il tarixli, 305-37442-1222 nömrəli məktubunda göstərilmişdir ki, ********* nömrəli cinayət işi üzrə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini satış məqsədilə üzərində saxlaması, onun həmçinin narkotik vasitə heroindən istifadə etməsi, üzərindən aşkar olunmuş narkotik vasitə heroini kimdən, haradan əldə etməsi, o cümlədən hansı şəxslərə satması və ya satacağı barədə dəqiq məlumatın olmaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsindən ailə üzvlərinin və yaxılnlıqda yaşayan qonşularının xəbərləri olmamışdır (i.v. 91). -məhkəmə-narkoloji ekspertizasının 02 dekabr 2022-ci il tarixli, 7319 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 92-93). -məhkəmə-psixiatriya ekspertizasının 09 dekabr 2022-ci il tarixli, 3286 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət hadisəsini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək iqtidarındadır(i.v. 95-97). Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polislər tərəfindən saxlanılan zaman üzərində olan marixuananı çıxaraqa özü polislər Namaz və Şahid2 təqdim etdiyini, polislərə nəşə-marixuana ilə tutmusunuz, nəşə ilə də sənədləşdirin dediyini, polislərin marixuana ilə sənədləşdirilməyə icazələrinin olmadığını dediklərini, təqdim etdiyi marixuananı, heroin ilə əvəz etməyini polis əməkdaşı Şahid2 təklif etdiyini, polislər tərəfindən ona işgəncə edildiyi, həmçinin üzərində şəxsi axtarış keçirilən zaman videoçəkilişdən əvvəl təhqiqatçı Fərman Quliyevin ona narkotik vasitənin çəkisinin 1 qramdan az olacağını və məhkəmədən buraxılacağını vəd etdiyindən, çəkiliş zamanı narkotik vasitəni çıxarıb stolun üzərinə qoymağını və getdiyi yerdə yolun qırağından tapmağını deməyini bildirdiyindən, hüquqi savadı və bu işlərdə anlayışı olmadığından, orta təhsilli olduğundan polislərin dedikləri ilə razılaşdığını, polis şöbəsində üzərinə baxış keçirilərkən iki dəfə videoçəkiliş aparıldığını, 1-ci çəkilişdə döyüldüyünü dediyi üçün, ikinci dəfə vəkilin iştirakı ilə üzərinə videoçəkilişlə baxış keçirdiklərini, üzərinə birinci dəfə şəxsi axtarış keçiriləndə vəkili olmadığını, polis şöbəsində üzərində ikinci dəfə axtarış keçirilməzdən əvvəl ona vəkil təqdim olunduğunu, lakin imtina etdiyini, müstəntiqin ona vəkilin iştirakının məcburi olduğunu bildirdiyini, məhkəmədə barəsində qətimkan tədbiri seçiləndə hakim soruşmadığı üçün, həm də yenicə döyüldüyündən ayağında ağrılar hiss etmədiyi üçün məhkəmədə işgəncəyə məruz qaldığını bildirmədiyini, bədənində olan xəsarətlərin fəsadlarını MSY-dən evə buraxılandan sonra hiss etməyə başladığını, müvəqqəti saxlama yerində olarkən təcili tibbi yardım çağırmadığını, ev dustaqlığında olanda, polislər tərəfindən ona təsirlər edildiyindən, o cümlədən təhqiqatçı tərəfindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham veriləcəyi vəd edildiyindən, həmçinin ilk dəfə məsuliyyətə cəlb olunduğu üçün hüquqi savadsızlığından polislər tərəfindən ona işgəncə verilməsi və bədənində xəsarətlər olması barədə heç bir quruma şikayət etmədiyini, ona işgəncə edən polis əməkdaşlarını tanımadığını, polislər onu üzərindən aşkar olunan narkotik vasitənin kimdən almağını demədiyi üçün döydüklərini bildirməsi ilə bağlı ifadələri obyektiv həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayətə görə məsuliyyətindən kənarda qalmasına hesablanaraq bildirilmişdir. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin faktiki hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri, digər ittiham sənədləri və sübutları ilə tamamilə təkzib edildiyindən, obyektiv həqiqəti özündə əks etdirmədiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində narkotik vasitəni yerdən tapdığını, şəxsi istifadə etməsi üçün üzərində saxladığını, polis əməkdaşları tərəfindən ona hər hansı fiziki zor, hədə-qorxu tətbiq edilmədiyini bildirmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin əməkdaşları Şahid1 və Şahid2 da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən cibindən heroini çıxarıb təqdim etmiş, şifahi sorğu zamanı narkotik vasitənin ona məxsus olmasını, küçədə yerdən tapdığını bildirmiş, hər hansı etirazı olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Mövcud olan halda məhkəmə tərkibi Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlilləri - saxlanılarkən polis əməkdaşları tərəfindən döyüldüyü və hədələndiyi üçün həmin narkotik vasitə barədə etirafedici ifadə verməsi barədə göstərdiyi ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq hədəyə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlillərnarkotik vasitələrin satışı ilə məşğul olmaması, heroini üzərində şəxsi istifadə məqsədi ilə saxlaması barədə ifadəsində göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş heroinə dair niyyətinin satış deyil, şəxsən istifadə etmək olması barədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlil əslində obyektiv həqiqəti özündə ehtiva edir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni küllü miqdarda, həmçinin əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə hesab edilir. Heroinin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarında göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla, narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq 1 ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 2,034 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə etmiş, üzərində saxlamış və daşımışdır. Cinayət işi materiallarında olan “şübhəli şəxs qismində tutma haqqında” 03 oktyabr 2022ci il tarixli qərardan (i.v. 16) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə şübhəli şəxs qismində tutulduqdan 1 (bir) gün sonra, yəni “Cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında” 04 oktyabr 2022-ci il tarixli qərarla (i.v. 1) material üzrə Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə cinayət işi başlanmış, istintaq orqanı sonuncunun üzərindən aşkar edilmiş heroinə münasibətdə satış məqsədinin olması barədə hər hansı sübut növü əldə etmədən, qəbul etdiyi “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 05 oktyabr 2022-ci il tarixli qərarla (i.v. 45) yalnız Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin təmiz çəkisinin 2,034 qram olmaqla, külli miqdarının ən aşağı həddi olan 2,0 qramdan çox olmasına istinad etməklə sonuncunun törətdiyi əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə tövsif etmiş və həmin maddə ilə ona ittiham elan etmişdir. Halbu ki, Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə satması hər hansı halla təsdiq olunmamış, həmçinin istifadəsində olan telefon nömrələri ilə aparılmış danışıqlar və ötürülmüş məlumatlar ələ keçirilməmiş, narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı mötəbər və obyektiv həqiqəti özündə əks etdirən ittiham sübutları əldə edilməmişdir. Məhkəmə hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətləridir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki,: - həm ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən, yuxarıda göstərilmiş ilkin əlamətlər, həm də, - məhkəmə-narkoloji ekspertizasının 02 dekabr 2022-ci il tarixli, 7319 nömrəli rəyində Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunması, lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmaması, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülməsi, -onun üzərindən aşkar edilmiş heroinin bir ədəd bükümdə, təmiz çəkisi 2,034 qram, yəni külli miqdarının aşağı həddindən yalnız 0,034 qram çox olması, -onun məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş heroinin satış deyil, şəxsən istifadə etmək məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını göstərməsi, -ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əvvəllər psixotrop maddələr və ya narkotik vasitələrin satışı ilə məşğul olması, üzərindən aşkar edilmiş heroinə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı mötəbər məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları haqqında), heroinin hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, müvafiq sübutların olub-olmadığını yoxlamaq üçün Təqsirləndirilən şəxs yaşadığı evə və istifadəsində olmuş mobil telefona baxış keçirməməsi, -göstərilən halların ümumi məcmusunun sonuncunun üzərindən aşkar edilmiş heroini əldə etməsi, üzərində saxlamasından ibarət hərəkətləri həmin heroindən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütləyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də Təqsirləndirilən şəxs xeyrinə təfsir edilməli olması iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Dövlət ittihamçısı da Təqsirləndirilən şəxs iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə düzgün tövsif edilmədiyini bildirmiş və Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Məhkəmə göstərilənlərə əsasən ibtidai istintaq orqanı və ittiham tərəfinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifi ilə bağlı irəli sürdüyü dəlilləri əsassız, sonuncunun məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrində üzərindən aşkar edilmiş heroinin şəxsi istifadə məqsədi ilə əldə etməsi, üzərində saxlaması, həmin kütləyə dair satış niyyətinin olmaması barədə irəli sürdüyü dəlili isə əsaslı və işin faktiki halları ilə uzlaşan obyektiv nəticə hesab edir. Beləliklə, məhkəmə tərkibi ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və obyektiv nəticəni özündə ehtiva edən mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, Şahid1 və Şahid2 şahid qismində verdiyi ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, məhkəmə-kimyəvi ekspertizasının 04 oktyabr 2022-ci il tarixli, 18/1095 nömrəli, məhkəmə-narkoloji ekspertizasının 02 dekabr 2022-ci il tarixli, 7319 nömrəli, məhkəmə-psixiatriya ekspertizasının 09 dekabr 2022-ci il tarixli, 3286 nömrəli rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroinin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsas yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. -Şirvan ŞİHB-nın Hacıqəhrəmanlı qəsəbə İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 19 yanvar 2023-cü il tarixli, 015 və 016 nömrəli arayış, xasiyyətnamədən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində iki az yaşlı uşaqları vardır, yaşayış yeri üzrə normal xarakterizə edilmişdir (i.v. 99-106). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, himayəsində iki azyaşlı uşağının olması (CM-nin 59.1.4-cü maddəsi), yaşayış yerində müsbət xarakterizə olmasını, ilk məhkumluğunu, əməlini qismən etiraf etməsini (CM-nin 59.2-ci maddəsi) məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-cü maddəsinə əsasən (ağır cinayət törətmələri nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 03 oktyabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 1,984 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X1 X2 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 49 (qırx doqquz) manat, 74 (yetmiş dörd manat) qəpik məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 03 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 49 (qırx doqquz) manat, 74 (yetmiş dörd) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 1,984 qram təşkil edən heroin məhv edilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Neymət Məmmədov Hakimlər: Müşfiq Məmmədov Cavid Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar