Məhkəmə qərarları › İş №1(099)-245/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-245/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-245/2024 06.03.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Lənkəran şəhəri X6 küçəsi, ev 78/14 mənzil 19-da qeydiyyatda olmaqla, Lənkəran rayonu Digah kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 10 sentyabr 2023-cü il tarixdə, səhər saatlarında Lənkəran şəhəri Z.Əliyeva küçəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 13,868 qram ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamini (bundan sonra – metamfetamin) əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, saat 08:40-da Lənkəran rayonu, Girdəni kəndi ərazisində saxlanılaraq polis şöbəsinin ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən satış məqsədi olmadan üzərində daşıdığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 13,868 qram olan metamfetamin əynində olan şalvarın sol yan cibindən aşkar edilərək edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 12 sentyabr 2023-cü il tarxdə səhər saatlarında qızına cehiz almaq üçün Bakı şəhərində yerləşən “Sədərək” bazarına gedərkən Girdəni kəndi ərazisində keçən zaman bir avtomobil onun avtomobilini saxlatmış, həmin avtomobildən iki nəfər mülki geyimli şəxs düşərək ona yaxınlaşmış və polis şöbəsinə getməli olduğunu bildirmişlər, o, həmin şəxslərdən nə məsələ olduğunu soruşmuş, onlar isə orada deyəcəklərini bildirmişlər. Buna görə də həmin şəxslərlə birlikdə Lənkəran ŞRPŞ-yə getmişdir. Şöbədə onu 1 saata yaxın müddətdə saxlamışlar, daha sonra bir mülki geyimli şəxs də otağa daxil olmuş və ona həbs edilib Bakı şəhərinə göndərilməli olduğunu demişdir. O, isə səbəbini soruşduqda , həmin şəxs səbəbi bilmədiyini, bunun bir sifariş olduğunu, onluq bir şey olmadığını bildirmişdir. Bundan sonra cibindən bir büküm çıxarıb bunu cibinə qoymağı tələb etmişdir. Əvvəllər polis şöbəsində bir neçə şəxsin tutulduğunu, onların təqsirsiz olduqlarını, lakin onlara işgəncə verildiyini eşitdiyindən həmin şəxsin dediklərini etmədiyi halda ona da işgəncə veriləcəyindən qorxduğu üçün həmin büküm götürüb cibinə qoymuşdur. Onun dörd uşağı var, 75 yaşlı anası vardır, İİ qrup əlildir, narkotikdən heç vaxt istifadə etməmiş, üzərində narkotik vasitə olmamışdır. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Bakı şəhərinə gedərkən ipək yoluna çıxan hissədə saxlanılmışdır, üzərinə şəxsi axtarış videoçəkilişdən istifadə edilməklə keçirilmiş, həmin vaxt polislərin ona dediyi kimi ifadə vermiş, ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməmiş, lakin ona psixoloji təzyiq edilmişdir. Polis əməkdaşı bir bükümü cibindən çıxarıb “sən getməlisən, tutulmalısan” deyib ona psixoloji təzyiq göstərmişdir. Narkotikdən heç vaxt istifadə etməmişdir. Saxlanılarkən də üzərində narkotik vasitə və psixotrop maddə olmamışdır. Lənkəran rayonunda şirniyyat sexində işləyir, şirniyyatçıdır. Həmçinin namaz qılıb, oruc tutmaqla dinlə məşğul olur. Polislər onu saxlayarakən avtomobilində ailəsi də olmuşdur. Konkret olaraq hansı polis əməkdaşının ona bir büküm narkotik verdiyini bilmir, həmin şəxsi tanımır, lakin görsə tanıyar. Həmin əməkdaş üzərinə şəxsi axtarış keçirilərkən iştirak etməmişdir. Polis şöbəsində vəkillə təmin edilmiş, lakin vəkilə psixoloji təzyiqə məruz qalmasını deməmişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən hakim qarşısına çıxarılarkən psixoloji təzyiqə məruz qalması barədə hakimə bildirmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı son sözündə heç bir günahı olmadığını, himayəsində uşaqlarının olmasını, İİ qrup əlil olmasını nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı müvafiq olaraq 12 və 13 sentyabr 2023-cü il tarixlərdə müvafiq olaraq şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməmiş və məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Lənkəran şəhəri, Z.Əliyeva küçəsində, mikrorayon ərazisində, 16-cı binanın yaxınlığında olarkən orada yerdən bir ədəd bükümdə sellofan görmüş, həmin sellofanın içərisini açıb baxdıqda içərisində ağ rəngdə, kristal formada maddə olduğunu görüb şüşə, yəni metamfetamin olduğunu güman edib maraqlı gəldiyi üçün götürüb üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə, saat 08 radələrində Bakı şəhərinə getmək üçün evdən çıxmış, həmin vaxtı 2 gün qabaq mikrorayon ərazisində yerdən tapdığı psixotrop maddə də şalvarının sol yan cibində olmuşdur. Ələt-Astara magistral avtomobil yolunun rayonun Girdəni kəndi ərazisindən keçən hissəsində, körpünün üzərinə çatan zaman yolda avtomobilini polis əməkdaşları saxlamış, onu idarə etdiyi “Ford” markalı **- XA-*** nömrə nişanlı avtomobili ilə Lənkəran ŞRPŞ-yə gətirmişlər. Şöbənin inzibati binasında müdafiəçisinin iştirakı ilə üzərində videoçəkiliş vasitəsilə şəxsi-axtarış keçirilmiş, o, da iki gün qabaq yerdən tapdığı və üzərində saxladığı bir bükümdə psixotrop maddəni əynində olan şalvarının sol yan cibindən, “Samsung” markalı mobil telefonunu isə şalvarının sağ yan cibindən çıxarıb təqdim etmişdir. Şəxsi axtarış zamanı üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkarlanmamışdır. Təqdim etdiyi bir bükümdə psixotrop maddə polis işçiləri tərəfindən götürülmüş, elektron tərəzidə çəkilmiş və çəkisinin sellofanla birlikdə 15,17 qram olması müəyyən edilmişdir. Daha sonra polis əməkdaşları eyni tərkibdə polis şöbəsinin həyətində videoçəkiliş vasitəsilə “Ford” markalı, ** XA *** dövlət nömrə nişanlı avtomobilinə baxış keçirmişlər. Lakin avtomobilindən qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, sonuncu həmin məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 12 sentyabr 2023-cü il tarixdə səhər saatlarında ailəsi ilə birlikdə Bakı şəhərinə gedərkən ipək yoluna daxil olan zaman Lənkəran rayonu, Girdəni kəndi ərazisində onun idarə etdiyi avtomobilin qarşısını başqa bir avtomobil kəsmiş və onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ona bir büküm şüşə deyilən maddə verərək boynuna almasını bildirmişlər, o, da bu kimi halların necə nəticələnəcəyini bildiyi üçün etiraz etmədən bütün yazılanlara imza etmişdir. Narkotik vasitə qəbul etmir, ümumiyyətlə həmin maddələr barədə anlayışı yoxdur. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı 13 sentyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi əlavə ifadəsində göstərmişdir ki, barəsində həbs qətimkan tədbiri seçilərkən hakim qarşısına çıxarılarkən məsuliyyətdən yayınmaq və barəsində həbs qətimkan tədbiri seçilməməsi üçün yuxarıda göstərilən formada ifadə vermişdir. Polis əməkdaşlarından heç bir şikayəti yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində bildirmişdir ki, polis əməkdaşları ona hədə-qorxu gəldiklərindən həmin ifadələrini oxumadan imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, 12 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması, daşıması, satışı ilə məşğul olması və idarə etdiyi “Ford Smax” markalı 10XA042 dövlət nömrə nişanlı avtomobilində saxlaması barədə icraatına əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 08:40-da Təqsirləndirilən şəxs Lənkəran rayonu Girdəni kəndi ərazisində, “Ələt-Astara” magistral avtomobil yolunun üzərində olan körpünün yaxınlığında idarə etdiyi “Ford Smax” markalı 10XA042 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən saxlanılmış, sonuncunu saxlayarkən avtomobilində arvadı və qızı oturmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən Bakı şəhərinə getdiklərini demiş, həmin yerdə insanların və avtomobillərin intensiv hərəkətini nəzərə alaraq üzərində şəxsi axtarış aparılmasından ötrü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə birlikdə Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirmişlər. Arvadını və qızını isə yoldan keçən taksi ilə evlərinə yola salmışlar. Şöbədə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmiş, bükümə baxıldıqda içərisində ağ rəngli, kristal formada psixotrop maddə metamfetaminə oxşar kütlə olması müəyyən edilmiş və götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütləni saxlanıldıqdan iki gün qabaq Lənkəran şəhəri Z.Əliyeva küçəsində 16-cı binanın yaxınlığında, küçədə yerdən tapdığını, psixotrop maddə metamfetaminə oxşadıb maraqlı gəldiyi üçün üzərində saxlamışdır. Narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi deyil. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Smax” markalı 10XA042 dövlət nömrə nişanlı avtomobilinə baxış keçirilmiş, lakin avtomobildən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni istifadə etmədiyini, maraqlı gəldiyi üçün yerdən götürdüyünü bildirmişdir. Şəxsi axtarış zamanı da özü psixotrop maddəni təqdim etmişdir. Həmin vaxt da heç bir təzyiqə məruz qalmadığını bildirmişdir. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin satışı ilə bağlı əməliyyat məlumatı olsa da həmin məlumat üzrə konkret fakt yoxdur, həmin fakt təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxsin kiməsə narkotik satması barədə konkret məlumat əldə edilməmişdir. Təqsirləndirilən şəxs hər hansı polis əməkdaşı psixotrop maddə verməmişdir. 10 ildir ki, Lənkəran rayonundə polis kimi xidmət edir, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin satışı ilə bağlı məlumat olsa da təsdiqini tapmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin əməkdaşları Şahid2 və Şahid3 da Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - 12 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması, daşıması, satışı ilə məşğul olması və idarə etdiyi “Ford Smax” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlamasına dair əməliyyat məlumatının daxil olduğu barədə raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi və avtomobilinə baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın və baxışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxsin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir. (i.v. 04-06; 09-11; 30-31; 33-35) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 12 sentyabr 2023-cü il il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 09:10-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 13) - “şəxsi axtarış və götürmə aparılması haqqında” 12 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman sonuncunun əynində olan şalvarın sol yan cibindən bir bükümdə 15,17 qram çəkidə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş kütləni 2 gün qabaq Lənkəran şəhəri Z.Əliyeva küçəsində, 16-cı binanın ətrafında yerdən tapdığını, maraqlı gəldiyi üçün götürüb üzərində saxladığını, narkotik vasitə və psixotrop maddədən istifadə etmədiyini bildirmişdir. (i.v. 30-31) -materialların məhkəmə ekspertizasının 12 sentyabr 2023-cü il tarixli, 19/859 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd şəffaf sellofana bükülmüş bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə......” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -13,868 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Tədqiqata sərf edildi-0,1 qram, qalıq- 13,768 qram ( i.v. 47-50) -Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 13 sentyabr 2023-cü il tarixli, 888 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 56) - məhkəmə tibbi ekspertizasının 13 sentyabr 2023-cü il tarixli, 939 nömrəli rəyində göstərilmişdir ki, məhkəmə tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. ( i.v. 57-58) - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 13 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 59-60) -Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(049)-251/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 12 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 86-88) - “baxış keçirilməsi haqqında” 13 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən götürülmüş bir ədəd “Samsung Galaxy A21s” modelli telefona baxış keçirilmiş, telefonda ***-***-**-** saylı sim nömrə olması müəyyən edilmiş, iş üçün əhəmiyyətli hal müəyyən edilməmişdir. (i.v. 89-90) - 04 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilmiş və ekspert tədqiqatından sonra qalıq çəkisi 13,768 qram olan metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılması qərara alınmışdır. (i.v. 133-134) - Lənkəran ŞRPŞ-nin vəzifəli şəxsi tərəfindən imzalanmış 10 noyabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirləri keçirilmiş və onun psixotrop maddələrin istifadəsi ilə yanaşı satışı ilə məşğul olması barədə əməliyyat məlumatları əldə edilmişdir. Lakin Təqsirləndirilən şəxs psixotrop maddələri satdığı şəxslərin kimliyini, yaşadıqları ünvanları əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. (i.v. 139) - “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 31 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən Lənkəran Rayon Məhkəməsində polis əməkdaşları tərəfindən psixi təzyiqlərə məruz qaldığını bildirməsi faktı üzrə Lənkəran rayon prokurorluğunda ilkin yoxlanma aparılmış, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixi və fiziki təzyiqlərə məruz qalması təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. (i.v. 142-145) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilərkən üzərində hər hansı psixotrop maddə olmaması, polis əməkdaşlarının ona qarşı fiziki zor tətbiq edəcəyindən qorxduğu üçün onların verdiyi bükümü cibindən çıxararaq təqdim etməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadələri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə ilkin izahatında, bundan sonra isə şübhəli və təqsirləndirilən şəxs qismində sonrakı ifadələrində psixotrop maddəni xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Lənkəran şəhəri, Z.Əliyeva küçəsində, mikrorayon ərazisində, 16-cı binanın yaxınlığında olarkən yerdən tapdığını, maraqlı olduğu üçün üzərində saxladığını, polis əməkdaşları tərəfindən ona hər hansı fiziki zor, hədəqorxu tətbiq edilmədiyini bildirərək həmin protokolları imzalamışdır. Bundan əlavə Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdən görünür ki, sonuncu üzərində aşkar olunmuş bükülünün metamfetamin olmasını, yerdən tapmasını bildirmiş, hər hansı hala etiraz etməmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin yuxarıda adı qeyd edilən əməkdaşları da ifadəsində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən sonuncu cibindən metamfetamini çıxarıb təqdim etmiş, şifahi sorğu zamanı narkotik vasitənin ona məxsus olmasını, Lənkəran şəhəri ərazisində yerdən tapdığını, hər hansı etirazı olmadığını bildirmiş, Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilməmişdir. Həmçinin “Ekspert rəyinin şübhəli şəxsə elan edilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə məhkəmə kimyəvi ekpertizanın 12 sentyabr 2023-cü il tarixli 19/859 nömrəli rəyi ilə tanış olarkən üzərindən çıxan psixotrop maddə ilə bağlı hər hansı etiraz etməmişdir. Hazırkı iclasda isə ümumiyyətlə üzərində psixotrop maddə olmadığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətə baxılması üçün hakim qarşısına çıxarılan Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən verilən bükmü üzərinə götürüb təqdim etdiyini bildirsə də əlavə ifadəsində məsuliyyətdən yayınmaq və barəsində həbs qətimkan tədbiri seçilməməsi üçün belə izahat verdiyini bildirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırkı halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyi və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin izahatını və ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini (üzərində hər hansı miqdarda psixotrop maddənin olmaması, polis əməkdaşlarının psixi təzyiqi nəticəsində onların verdiyi bükümdə olan metamfetamini təqdim etməsi hissədə) özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki və psixi təzyiqə məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata Təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Həmçinin təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı üzərində hər hansı növdə narkotik vasitə olmadığını bildirsə də ibtidai istintaq zamanı verdiyi ifadələrində belə bir hal göstərməmiş, əksinə verdiyi ifadələrinə özünü elan olunmuş ittihamla deyil, CM-in 234.1-1ci maddəsi ilə təqsirli bilmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz psixi təzyiq nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onlardan ifadələrin cinayətprosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12- 20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili – narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə ibtidai istintaq zamanı ifadə verməsi ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində narkotik vasitələrin satışı ilə məşğul olmadığını qeyd edərək özünü müdafiə etmək üçün dəlil irəli sürmüşdür. Məhkəmə cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən metamfetamin psixotrop maddə hesab edilir. Metamfetamin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarında göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla, narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 13,868 qram, yəni külli miqdar təşkil edən metamfetamini əldə etmiş, üzərində saxlamışdır. Cinayət işi materiallarında olan “Cinayət işinin başlanması haqqında” 12 sentyabr 2023-cü il tarixli qərardan (i.v.1) görünür ki cinayət işi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə başlamış və sonuncunun üzərindən aşkar edilmiş metamfetaminə münasibətdə satış məqsədinin olması barədə hər hansı sübut növü əldə etmədən, yalnız Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetaminin təmiz çəkisinin 13,868 qram olmaqla, külli miqdarının ən aşağı həddi olan 2,0 qramdan çox olmasına istinad etməklə sonuncuya Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Halbu ki, Təqsirləndirilən şəxsin hər hansı şəxsə psixotrop maddə satması hər hansı halla təsdiq olunmamışdır. Məhkəmə hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətləridir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki,: - həm ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən, yuxarıda göstərilmiş ilkin əlamətlər, həm də, - onun üzərindən aşkar edilmiş metamfetaminin bir ədəd bükümdə, təmiz çəkisi 13,868 qram, yəni külli miqdarının aşağı həddindən yalnız 7 dəfə çox olması, - onun ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş metamfetaminin satış deyil, maraqlı gəldiyindən əldə etməsi, saxlaması və daşımasını göstərməsi, - ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetaminə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları haqqında), metamfetaminin hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, müvafiq sübutların olub-olmadığını yoxlamaq üçün Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirməməsi, istifadəsində olmuş mobil telefona və avtomobilinə baxış keçirildikdə isə iş üçün əhəmiyyətli olan hər hansı əşya və predmet aşkar edilmədiyinə, - göstərilən halların ümumi məcmusunun sonuncunun üzərindən aşkar edilmiş metamfetamini əldə etməsi, üzərində saxlamasından ibarət hərəkətləri həmin metamfetamindən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütləyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də Təqsirləndirilən şəxs xeyrinə təfsir edilməli olması iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində üzərindən aşkar edilmiş metamfetaminin maraqlı olduğu üçün əldə etməsi, üzərində saxlaması, həmin kütləyə dair satış niyyətinin olmaması barədə irəli sürdüyü dəlili əsaslı hesab edir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, Şahid1, Şahid2 və Şahid3 şahid qismində verdiyi ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, materialların məhkəmə ekspertizasının 12 sentyabr 2023-cü il tarixli, 19/859 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 13 sentyabr 2023-cü il tarixli, 888 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış metamfetamin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 99) - Lənkəran ŞİHB-nın Şiləvar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində 4 uşağı və anası vardır. Uşaqlarından biri 2015-ci il təvəllüdlü olmaqla azyaşlıdır. Təqsirləndirilən şəxs təmkinli və intizamlıdır, kəndin ictiamai işlərində fəal iştirak edir, ona verilən hər hansı bir tapşırığın öhdəsindən layiqincə gəlir. Onda vətənpərvərlik hissi daha yüksəkdir. Onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (i.v. 118-126) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, üzərindən aşkar edilmiş metamfetaminin təmiz çəkisinin 13,868 qram olması, İİ qrup əlil olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halları, himayəsində 1 azyaşlı uşağının olması ilə bağlı cəzasını yüngülləşdirən halın olduğunu (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən) və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki,: Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 12 sentyabr 2023-cü il tarixdən hesablanmalı və Lənkəran Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 65 (altımış beş) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 13,768 qram təşkil edən heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan- 12 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altımış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 13,768 qram çəkidə narkotik vasitə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və avtomobilinə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar