Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-245/2025 23.05.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1993-cü ildə Laçın rayonun Vağazin kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Laçın rayonun Vağazin kəndində qeydiyyatında olmaqla Ağcabədi rayonun Taxta-körpü qəsəbəsi, “ünvan 1də yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-1292,9 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə edib, saxlayıb daşıyaraq yaşadığı Ağcabədi rayonun Taxtakörpü qəsəbəsi ərazisində kafe kimi işlətdiyi qeyri-yaşayış sahəsinə aparmış və bundan sonra həmin narkotik vasitənin satışını realizə etmək üçün 1100 qram, 107,83 qram və 85,07 qram olmaqla üç ədəd bükümə qablaşdırıb onları kafe kimi işlətdiyi qeyri-yaşayış sahəsi olan tikilidə gizlədib saxlamış, 25 oktyabr 2024-cü il tarixdə isə həmin narkotik vasitənin iki ədəd bükümdə 107,83 qram və 85,07 qram olan hissəsini, narkotik vasitənin miqdarının ölçülməsində istifadə etdiyi bir ədəd plastik qabı və bir ədəd elektron tərəzini gizlətdiyi yerdən götürüb yaşadığı Ağcabədi rayonun Taxtakörpü qəsəbəsi, “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aparıb həyətyanı sahəsindəki taxta konstruksiyalı dolabda gizlətməklə, qalan bir ədəd bükümdə olan 1100 qram hissəsini isə əvvəlki yerində gizlədib saxlamışdır. Daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra DİN-nin BNMİ-nin) əməkdaşları tərəfindən 28 oktyabr 2024-cü il tarixdə, saat 15 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılıb və onun iştirakı ilə qeyri-yaşayış sahəsi olan tikiliyə baxış zamanı bir ədəd bükümdə 1100 qram narkotik vasitə olan qurudulmuş marixuana, habelə yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı orada olan taxta konstruksiyalı dolabdan iki ədəd bükümdə 107,83 qram və 85,07 qram narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd plastik qab və bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, subaydır, Laçın rayonundan məcburi köçkün kimi Ağcabədi rayonun Taxta-körpü qəsəbəsində yerləşən “ünvan 1-də yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin yaşadığı ərazidə piknik keçirmək üçün gələn qonaqlara çay vermək işi ilə məşğul olmuşdur. O, 2012-ci ildə işləmək üçün Rusiyaya getmiş və orada olarkən marixuanadan istifadə etməyə başlamış, 2024-cü ilin fevral ayında Rusiyadan qayıtdıqdan sonra da marixuanadan istifadə etməyə davam etmişdir. Tutulmamışdan bir müddət əvvəl zibillikdən sellofan torbanın içərisində marixuana tapmış, istifadəçisi olduğu üçün içərisində marixuana olan torbanı yaşadığı evə (Ağcabədi rayonun Taxtakörpü qəsəbəsi, “ünvan 1 ünvanına) aparıb həyətdə olan dolaba qoyub gizlətmişdir ki, lazım olanda oradan götürüb istifadə etsin. Həmin marixuananı kiməsə satmaq məqsədi olmamışdır. 28 oktyabr 2024-cü il tarixdə, günorta saatlarında işlətdiyi, yəni yaşadığı ərazidə piknik keçirmək üçün olan yerə gələn qonaqlara çay verdiyi tikilinin yaxınlığında olarkən bir neçə polis əməkdaşı onu saxlayıb ona narkotik vasitələr əldə edib saxlamaqda şübhəli olduğu bildirilib üzərində yoxlama aparılmış və üstündən heç bir narkotik maddə aşkar olunmamışdır. Şifahi sorğu zamanı o, yaxınlıqda olan, piknik keçirmək üçün bir yerdə çayxana işlətdiyini bildirmişdir. Həmin vaxt polislərin əlində torba olmuş, onlar torbanı ona göstərib içərisində narkotik maddə olduğunu demişlər. Həmin vaxt o, torbanın içərisində plastik qab və tərəzi görməmişdir. Polislər ona qarşı təzyiqlər edərək həmin torbanın ona aid olduğunu bildirib torbanın hara qoyulmasını soruşmuş, o da piknik keçirmək üçün olan yerdə çayxana kimi işlətdiyi tikiliyə qoyulmasını demişdir. Sonra polis əməkdaşları onu həmin yerə aparmış və polislər özlərində olan torbanı oradakı çarpayının üzərinə qoymuş, bundan sonra onun iştirakı ilə və videoçəkilişlə həmin tikiliyə baxış keçirilmişdir. Baxış zamanı kafedəki çarpayının üzərində bir ədəd torba və həmin torbanın içərisində marixuana aşkar olunmuşdur. Orada şifahi sorğu zamanı o, həmin torbada olan marixuananın özünə məxsus olmasını bildirmişdir. Əslində isə aşkar olunan marixuana ona məxsus deyil, polis əməkdaşları həmin marixuananı gətirib tikilidəki çarpayının üzərinə qoymuş, sonra ona qarşı təzyiqlər edərək həmin marixuananın ona məxsus olmasını deməyə məcbur etmişlər. Həmçinin polislər onu sorğu-sual edərkən o, yaşadığı ünvanda az miqdarda marixuana olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu yaşadığı evə aparmış, orada o, marixuananı qoyduğu yeri-dolabı göstərmiş və polis əməkdaşları həmin dolabdan marixuananı, plastik qab və tərəzi götürmüşlər. Orada aşkar olunan marixuana özünə məxsus olsa da, plastik qab və tərəzi ona məxsus deyil, plastik qabın və tərəzinin dolaba necə qoyulmasını bilməmiş, görməmişdir, amma güman edir ki, plastik qabı və tərəzini dolaba polis əməkdaşları qoymuşdur. Aşkar olunan marixuananı istifadəsi üçün saxladığına görə əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, Ağcabədi rayonun Taxta-körpü qəsəbəsi ünvan 2 ünvanında yaşayır. 2012-ci ildən 2024cü ilin fevral ayınadək işləmək üçün RF-nın Moskva şəhərinə gedib-gəlmişdir. Rusiyada olarkən marixuanadan istifadə etməyə başlamışdır. 2024-cü ilin fevral ayında Rusiyadan Azərbaycan Respublikasına qayıtmış və bir daha Rusiya Federasiyasına getməmişdir. O, Azərbaycana qayıtdıqdan sonra narkotik vasitələrdən istifadə etməmişdir. 2024-cü ilin sentyabr ayının sonlarında Ağcabədi rayonun ərazisindən keçən “Qarabağ” su kanalından balıq tutmağa gedərkən su kanalının qırağında sellofan torbada marixuana tapmış, həmin torbanın içərisində elektron tərəzi də olmuşdur. Sonra o, həmin sellofan torbanı Ağcabədi rayonun Taxta-körpü qəsəbəsi ərazisində yerləşən, kafe kimi işlətdiyi obyektə gətirib orada olan çarpayının yanında gizlətmişdir. Həmin vaxt narkotik vasitəni satmaq niyyəti olmamış, öz istifadəsi üçün saxlamışdır. Bir müddət sonra, yəni 2024-cü ilin oktyabr ayının ortalarında “Azar videoçat” adlı sosial şəbəkəsində canlı yayımda olan zaman bir nəfər tanımadığı şəxslə bir qədər söhbətləşdikdən sonra həmin şəxs ondan narkotik vasitə əldə etməyin mümkün olub-olmadığını soruşmuş, o da həmin şəxsə köməklik edə bilməyəcəyini bildirmiş, lakin əlaqə nömrəsini verməsini, gələcəkdə mümkün olsa onunla əlaqə saxlayacağını demişdir. Dörd-beş gündən sonra tapdığı marixuananı həmin şəxsə satmaq qərarına gəlmiş, bu məqsədlə kafedə gizlətdiyi yerdə olan sellofan torbanın içərisindən marixuana qablaşdırılmış bir neçə paketdən iki ədədini və elektron tərəzini götürüb Taxtakörpü qəsəbəsi ərazisində yaşadığı evə aparmış, marixuananın qalan təxminən 01 kq hissəsi isə kafedə qalmışdır. Sonra evdə elektron tərəzidən istifadə edib 2 ədəd sellofanda olan marixuananı çəkmiş çəkisi təxminən 01 kq 115 qram olmuşdur. Növbəti gün, yəni oktyabr ayının 25-də qeyd olunan sosial şəbəkədə danışdığı şəxsin ona verdiyi, hazırda xatırlamadığı əlaqə nömrəsinə internet üzərindən vatsapla zəng edib həmin şəxsə nə qədər marixuana lazım olduğunu soruşmuş, o da 01 kq narkotik vasitə lazım olduğunu deyəndə o, həmin miqdarda narkotik vasitəni təşkil edə biləcəyini, Ağcabədi rayonun Taxta-körpü qəsəbəsi ərazisinə gəlib götürməsini demişdir. Həmin şəxslə narkotik vasitəni neçəyə satacağını danışmamışdır. Sonradan o, həmin şəxslə olan danışıqları telefonun yaddaşından silmişdir. Təxminən üç gündən sonra, yəni 28 oktyabr 2024-cü il tarixdə, saat 15 radələrində Ağcabədi rayonun Taxta-körpü qəsəbəsində işlətdiyi kafenin (çay verilməsi üçün istifadə olunan tikilinin) qarşısında olarkən polis əməkdaşları onu saxlayıb X1 dövriyyəsində şübhəli olduğu bildirilmiş, o isə üzərində heç bir narkotik vasitə olmadığını demişdir. Bundan sonra polis əməkdaşları onun üstünü axtarmış və üzərində heç bir narkotik vasitə aşkar edilməmişdir. Həmin vaxt özünə məxsus bir ədəd “Samsung” markalı mobil telefonu polis əməkdaşları götürmüşdür. Sonra polis əməkdaşları onu işlətdiyi kafeyə aparıb onun iştirakı ilə kafeyə baxış keçirilməyə başlamışlar. O, kafedə olan narkotik vasitənin tapılacağını bildiyi üçün özü könüllü olaraq oradakı çarpayının üzərində bir ədəd bağlamada qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Həmin kütlə onun iştirakı ilə polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş, sonra qablaşdırılıb götürülmüşdür. Şifahi sorğu zamanı o, həmin narkotik vasitəni 5-6 ay əvvəl tanışı “Nicat” adlı şəxsdən satmaq məqsədi ilə əldə etdiyini bildirmişdir. Əslində isə o, belə bir şəxsi tanımamış, yalandan uydurma olaraq belə bir adı polislərə demişdir. Həmçinin şifahi sorğu zamanı o, yaşadığı ünvanda da narkotik vasitə olduğunu etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu yaşadığı Ağcabədi rayonun Taxta-körpü qəsəbəsi “ünvan 3 ünvanına aparmış, orada onun iştirakı ilə baxış keçirilərkən o, evin həyətində olan taxta dolabın içərisindən iki ədəd bağlamada qurudulmuş marixuananı və bir ədəd elektron tərəzini götürüb polis əməkdaşlarına təqdim etmişdir. Həmin marixuana kütlələri onun iştirakı ilə polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş, sonra marixuana kütlələri və elektron tərəzi qablaşdırılıb götürülmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarış və evdə axtarışla bağlı aparılmış videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, istifadəsində üzərində 070/615-10-41 saylı mobil nömrə olan “Samsung” markalı mobil telefon olmuşdur. O, “Nicat” adlı şəxsdən narkotik vasitə almamış və sosial şəbəkədə narkotik vasitənin satışı ilə heç kimlə danışmamışdır. O, tutulan vaxt üzərində, piknik kimi istifadə olunan ərazidə olan tikilidə marixuana olmamış, tikilidə olan çarpayının üzərində aşkar olunan içərisində marixuana olan bağlamanı ora polis əməkdaşları qoymuşdur. Polislərin ona qarşı təzyiqləri olduğu üçün o, həmin marixuananın özünə məxsus olmasını demiş, sonra da polislərin dediyi kimi izahat və ifadə vermişdir. Həmçinin yaşadığı evin həyətində olan dolabda aşkar olunmuş marixuana özünə məxsus olsa da, həmin yerdə aşkar olunmuş plastik qab və tərəzi ona məxsus deyil. O, narkotik maddələrin satışı ilə məşğul olmamış və heç kimlə narkotik vasitənin satışı ilə bağlı danışıq aparmamışdır. Amma yaşadığı ünvanda aşkar olunmuş marixuananı istifadəsi üçün saxladığına görə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, DİN-nin BNMİ-nin əməkdaşıdır. 28 oktyabr 2024-cü il tarixdə ona Laçın rayon sakini, Ağcabədi rayonun Taxta-körpü inzibati ərazisində 552 saylı qəsəbədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib Ağcabədi rayonun ərazisində satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və 28 oktyabr 2024-cü il tarixdə, saat 15 radələrində əməliyyat-axtarış tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri zamanı əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs Ağcabədi rayonun Taxta-körpü qəsəbəsinin ərazisində saxlanılıb ona qanunsuz olaraq narkotik maddələr əldə edib satışı ilə məşğul olmaqda şübhəli olduğu bildirilib üzərində və ya başqa yerdə ona aid narkotik vasitələr olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs da üzərində narkotik maddə olmadığını bildirmişdir. Saxlandığı yerdə videoçəkilişlə Təqsirləndirilən şəxs üstü yoxlanılmış, üzərində qanunsuz əşyalar aşkar edilməmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs məxsus bir ədən mobil telefon və bir ədəd bank kartı götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs kafe kimi işlətdiyi qeyri-yaşayış sahəsi olan tikilidə özünə məxsus marixuana saxladığını bildirmişdir. Bundan sonra əməliyyat qrupu Təqsirləndirilən şəxs iştirakı ilə və videoçəkilişlə onun (Təqsirləndirilən şəxs) göstərdiyi ünvana baxış keçirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qeyri-yaşayış sahəsi olan tikilinin içərisində olan çarpayının üzərindən bir ədəd bağlamanı götürüb təqdim edib bağlamanı içərisində marixuana olduğunu bildirmişdir. Təqdim olunan bağlamanın içərisində qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin marixuananı bir müddət əvvəl bir nəfər şəxsdən satmaq məqsədi ilə aldığını bildirmişdir. Həmçinin sorğu-sual zamanı Təqsirləndirilən şəxs əldə etdiyi marixuananın bir hissəsini də yaşadığı evdə saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkilib qablaşdırılıb götürülmüşdür. Bundan sonra əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evə (ünvan 4 ünvanına), Təqsirləndirilən şəxs iştirakı ilə və videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evin həyətində olan taxta dolabın içərisindən iki ədəd bağlamanı, bir ədəd elektron tərəzini və bir ədəd boş plastik qabı çıxarıb təqdim etmişdir. Təqdim olunmuş bağlamaların içərisində marixuana kütlələri aşkar olunmuşdur. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr, bir ədəd elektron tərəzi və bir ədəd boş plastik qab qablaşdırılıb götürülmüşdür. Bundan sonra aparılmış əməliyyat-axtarış tədbiri ilə bağlı müvafiq protokollar tərtib olunmuş, daha sonra götürülmüş maddi sübutlar və Təqsirləndirilən şəxs təhqiqatçı Yelmar Vahabova təhvil verilmişdir. Əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində yoxlama, işlədiyi yerə və yaşadığı evə baxış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. İşdə olan, DİN-nin BNMİ-nin əməkdaşının 28 oktyabr 2024-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Laçın rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib Ağcabədi rayonun ərazisində narkotiklərin satışı ilə məşğul olması və yaşadığı Ağcabədi rayonun Taxta-körpü inzibati ərazisində 552 saylı qəsəbədəki evində narkotik vasitələr gizlədib saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. İşdə olan, “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına və ünvana baxış keçirilməsinə dair” və “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və evə baxış keçirilməsinə dair” 28 oktyabr 2024-cü il tarixli protkollarla müəyyən edilir ki, DİN-nin BNMİ-nin əməkdaşı Şahid1 rəhbəri olduğu əməliyyat qrupu tərəfindən 28 oktyabr 2024-cü il tarixdə, saat 15 radələrində əməliyyat-axtarış tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri zamanı əməliyyat qrupu tərəfindən Sadıqov X4 rayonun Taxta-körpü qəsəbəsinin ərazisində saxlanılıb ona qanunsuz olaraq narkotik maddələr əldə edib satışı ilə məşğul olmaqda şübhəli olduğu bildirilib üzərində və ya başqa yerdə ona aid narkotik vasitələr olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs da üzərində narkotik maddə olmadığını bildirmişdir. Sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üstü yoxlanılmış və üzərində qanunla dövriyyəsi qadağan edilmiş heç bir kütlə və ya əşya aşkar edilməmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefon götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs kafe kimi işlətdiyi qeyri-yaşayış sahəsi olan tikilidə özünə məxsus marixuana saxladığını bildirmişdir. Bundan sonra əməliyyat qrupu Təqsirləndirilən şəxs iştirakı ilə və videoçəkilişlə onun (Təqsirləndirilən şəxs) göstərdiyi ünvana baxış keçirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qeyri-yaşayış sahəsi olan tikilinin içərisində olan çarpayının üzərindən bir ədəd bağlamanı götürüb təqdim edib bağlamanın içərisində marixuana olduğunu bildirmişdir. Təqdim olunan bağlamanın içərisində qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin marixuananı bir müddət əvvəl bir nəfər tanışı “Nicat” adlı şəxsdən satmaq məqsədi ilə aldığını, həmçinin aldığı marixuananın bir hisəsini də yaşadığı evdə saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkilib qablaşdırılıb götürülmüşdür. Bundan sonra əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evə (ünvan 4 ünvanına), Təqsirləndirilən şəxs iştirakı ilə və videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evin həyətində olan taxta dolabın içərisindən iki ədəd bağlamanı, bir ədəd elektron tərəzini və bir ədəd boş plastik qabı çıxarıb təqdim etmişdir. Təqdim olunmuş bağlamaların içərisində marixuana kütlələri aşkar olunmuşdur. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr, bir ədəd elektron tərəzi və bir ədəd boş plastik qab qablaşdırılıb götürülmüşdür. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 29 oktyabr 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə ...” yazılar və imzalar olan qara rəngli bağlamada bir ədəd sellofanda təmiz çəkisi 1.100 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Üzərində “Təqsirləndirilən şəxs ...” yazılar olan ikinci bağlamada iki ədəd sellofanda hər birinin ayrıayrılıqda təmiz çəkisi 107,83 qram və 85,07 qram olmaqla, ümumi çəkisi 192,9 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin bağlamanın içərisində olan bir ədəd elektron tərəzi və bir ədəd içərisi boş plastik qabın içərisində cüzi miqdarda narkotik vasitə hissəcikləri vardır. Marixuana hissəcikləri cüzi miqdar olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Təqdim edilmiş marixuanaların ümumi çəkisi 1292,9 qram (bir kiloqram iki yüz doxsan iki tam onda doqquz qram) olub, tərkiblərinə görə eynidir. Ekspertiza tədqiqatından sonra qalıq qurudulmuş marixuana 1292,75 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 70 manat təşkil edir. İşdə olan, “Əşayanın maddi sübut hesab edilməsi haqqında” 26 yanvar 2025-ci il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra ayrı-ayrılıqda qablaşdırılmaqla cəmi 1292,75 qram qurudulmuş marixuana, üzərində qurudulmuş marixuananın izləri olan bir ədəd elektron tərəzi və bir ədəd plastik qab iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Laçın RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə əməliyyat-axtarış tədbiri və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı üç ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 19 dekabr 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutlar, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (işlədiyi yerdə olan tikilidən götürülmüş marixuana və yaşadığı ünvandan götürülmüş bir ədəd plastik qab və bir ədəd elektron tərəzinin ona məxsus olmaması, marixuananı tikiliyə və bir ədəd plastik qabı və bir ədəd elektron tərəzini yaşadığı evin həyətində olan dolabın içərisinə polis əməkdaşlarının qoyması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olması səbəbindən tikilidə aşkar olunmuş marixuananın və yaşadığı evin həyətində olan dolabın içərisində aşkar olunmuş bir ədəd plastik qab və bir ədəd elektron tərəzinin özünə məxsus olmasını deməyə məcbur olması, narkotik vasitələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən videoçəkilişlə aparılmış əməliyyat-axtarış tədbiri və baxışa dair protokollarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni işlədiyi yerdə olan tikilidən götürülmüş marixuana və yaşadığı ünvandan götürülmüş bir ədəd plastik qab və bir ədəd elektron tərəzinin ona məxsus olmaması, marixuananı tikiliyə və bir ədəd plastik qabı və bir ədəd elektron tərəzini yaşadığı evin həyətində olan dolabın içərisinə polis əməkdaşlarının qoyması, tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olması səbəbindən tikilidə aşkar olunmuş marixuananın və yaşadığı evin həyətində olan dolabın içərisində aşkar olunmuş bir ədəd plastik qab və bir ədəd elektron tərəzinin özünə məxsus olmasını deməyə məcbur olması, narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən videoçəkilişlə aparılmış əməliyyat-axtarış tədbiri və baxışa dair protokollarla, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, işlətdiyi yerdə olan tikilidən və yaşadı ünvanda aşkar olunmuş marixuananın, bir ədəd plastik qab və bir ədəd elektron tərəzinin özünə məxsus olmasını, həmin marixuananı kiməsə satmaq məqsədilə saxladığını göstərmişdir) tam təkzib olunur. Ona görə də Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana olan maddə narkotik vasitədir. Qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi xeyli miqdar, 500 qramdan 50000 qramadək külli miqdir, 50000 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində izah olunur ki, … təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 1292,9 qram narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar təşkil edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi qurudulmuş marixuananı çəkilib ayrı-ayrı bükümlərə qablaşdırması və onları ayrı-ayrı yerlərdə saxlaması, marixuana ilə bir yerdə saxlanılan plastik qab və elektron tərəzinin üzərində marixuananın izlərinin aşkar olunması halları onun bu maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Laçın Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 28 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Laçın RİHB-nın Vağazin kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06 noyabr 2024-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs subaydır, Laçın rayonun Vağazin kəndində qeydiyyatında olmaqla məcburi köçkün kimi Ağcabədi rayonun Taxta-körpü qəsəbəsi, “ünvan 1-də yaşamış və yaşıdığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məcburi köçkün olması CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 28 oktyabr 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli, o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.7-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Laçın RPŞ-nin maddi sübutlar otağında saxlanılan ayrı-ayrılıqda qablaşdırılmaqla cəmi 1292,75 qram narkotik vasitə olan qurudulmuş marixuana, üzərində qurudulmuş marixuananın izləri olan bir ədəd elektron tərəzi və bir ədəd plastik qab hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X1 X2 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin iş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, əməliyyat-axtarış tədbiri və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı üç ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-70 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 28 oktyabr 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun, habelə o, yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Laçın Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan ayrı-ayrılıqda qablaşdırılmaqla cəmi 1292,75 qram narkotik vasitə olan qurudulmuş marixuana, üzərində qurudulmuş marixuananın izləri olan 1 (bir) ədəd elektron tərəzi və 1 (bir) ədəd plastik qab hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş, əməliyyat-axtarış tədbiri və baxışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı 3 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-70 (yetmiş) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-245/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-245/2025
23.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver