Məhkəmə qərarları › İş №1(099)-246/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-246/2025

07.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-246/2025 07.03.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Nəbiyev Cavanşir Şirvan oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2009-cu il tarixdə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Masallı şəhəri, 1 saylı orta məktəbdə təhsil alan, məhkum olunmamış, ünvan 3-də qeydiyyatda olmaqla yaşayan, 03 noyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 noyabr 2024-cü il tarixli qərarla barəsində nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsinin) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 02 noyabr 2024-cü il tarixdə saat 18 radələrində anası Şahid məxsus ünvan 1 ünvanında yerləşən evin həyətində olarkən anasının sevgi münasibətində olduğu Zərərçəkmiş şəxs ilə həmin həyətdə rastlaşmış, bu zaman sonuncunun həmin həyətə hansı səbəbdən gəlməsini aydınlaşdırmaq istəyərkən Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əlində olan soyuq silah hesab edilməyən məişət təyinatlı cib bıçağı ilə sonuncunun qarın nahiyəsinə qəsdən bir zərbə və sol çiyin nahiyəsinə bir zərbə vuraraq Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərərvurmaya aid olan sol çiyin nahiyəsinin kəsilmiş-deşilmiş yarası və qarnın ön divarının qarın boşluğuna nüfuz edən qida borusunu, mədəni, böyük piyliyi və dalağı zədələyən kəsilmiş-deşilmiş yarası ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində demişdir ki, Masallı şəhərində yerləşən orta məktəbdə oxuyur. Nənəsi ilə birlikdə Masallı şəhəri ərazisində yerləşən fərdi yaşayış evində yaşamış, anası Emilya Əhmədova atası Nurlan Novruzovdan ayrılmışlar. Anası Bakı şəhərində işi ilə əlaqədar daha çox olmuş və tez-tez Masallı şəhərində nənəsi ilə birlikdə yaşadığı evə gəlmişdir. 02 noyabr 2024-cü il tarixdə saat 16 radələrində anası Emilya Əhmədova Bakı şəhərindən yaşadığı evə gəlmiş, həmin günü saat 18 radələrində anası Emilya Əhmədova özünə məxsus evin açarını ona vermiş və gödəkçəsini götürməkdən ötrü həmin evə piyada getmişdir. Evin yerləşdiyi həyətə çatdıqda həyətin giriş dəmir darvazasının azca aralı olmasını görmüş, darvazanın qapısını açarla açıb həyətə daxil olmuş, həyətə daxil olub evin giriş qapısına tərəf getdikdə həyətin ağaclıq sahəsinə tərəf kiminsə qaçmasının ayaq səslərini eşitmiş, uca səslə “orada kim var” sözlərini demiş və həmin istiqamətdə, yəni evin arxa tərəfinə irəliləmişdir. Əlində mobil telefon işığı ilə ağaclıq sahəyə tərəf getmiş, ağacın arxasında kiminsə bir ayaqüstə divara söykənib gizlənməsini görmüş, “orada kimdi” sözlərini təkrarlamış, lakin həmin şəxs cavab verməmiş, irəliləmiş, tanımadığı şəxs də ağacların arxasından çıxıb ona tərəf irəliləmişdir. Həmin şəxs yaxınlaşdıqda əvvəllər tanıdığı Zərərçəkmiş şəxs olmasını bilmiş, Zərərçəkmiş şəxs yaşadığı məhəllə ilə qonşu olan məhəllədə yaşamış və Samiri uzun müddətdir tanımışdır. Samirdən oraya nə səbəbə gəlməsini soruşduqda onu axtardığını demiş, Samirdən nə səbəbə axtarmasını soruşmuş, Samir onun ünvanına nalayiq küçə söyüşü söyərək köynəni dartmağa başlamış, Samirdən yaşca balaca və fiziki cəhətdən zəif olduğundan gödəkçəsinin cibində saxladığı açılıb-qatlanan bıçağı çıxartmış, bir dəfə Zərərçəkmiş şəxs qarın nahiyəsinə xəsarət yetirmiş, Samir əli ilə qarnını tutub yerə tərəf əyilmiş, Samir paltarından tutub özünə tərəf dartmış, Samirin əlindən çıxmaqdan ötrü ikinci dəfə bıçaqla sol çiyin nahiyəsinə yüngül zərbə atmışdır. Samirin əlindən çıxmış, həyətdən iti addımlar ilə getmişdir. Daha sonra oradan yaşadığı evə gedərkən bıçağı zibillik əraziyə tullamışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Samiri əvvəldən tanımış, Samirin anası ilə əlaqəsi olduğunu bilmişdir. Hadisə vaxtı anası evdə olmamış, anası nənəsigildə olmuşdur. Hadisənin baş verdiyi yer nənəsinin evi olmuş, nənəsinin evinə «kurtkasın» götürməyə getmişdir. Qapı bağlı olmuş, Samir də hasardan həyətə keçəndə səs gəldiyi üçün onu görmüşdür. Samir ona əl uzatmış o, qorxduğu üçün onu vurmuşdur. Hadisə vaxtı evin pəncərəsi açıq olmuş, evin işığı yanmamışdır. Samir birinci əlini ona tərəf uzatmış o, da Samiri vurub getmişdir. Zərərçəkmiş şəxslə barışmış, dəymiş maddi ziyanı ödəmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Samiri vurmamışdan əvvəl danışmışlar, sonra Samiri vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmədən ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəyini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 10 ildir həmin evə ailə kimi gedib-gəlmişdir. Hadisə günü Emilya ona zəng edib ağrıları olduğunu demiş o, da onlara getmişdir. Evdə olduğu zaman açarların səsi gəlmiş, Mehran evə girmişdir. Mehranın ayaq səslərindən onun olduğunu bilmiş, əlindəki işığı onun üzünə tutmuş, o da əli ilə gözünü tutmuş və sonra ağrı hiss etmiş, Mehran onu vuranda «burda nə gəzirsən» demişdir. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, Mehran ona burada nə gəzirsən deyib, onu vurmuşdur. Mehrangilin evinə gedib-gəlmiş, hətta Mehranla bir yerdə çörək də yemişdir. Mehran onu vuranda «sən nə etdin» demişdir. Hadisə günü o, pəncərə şüşəsi sındırmamış Mehranı söyməmişdir. Mehran qaranlıqda onun üzünə işıq salaraq onu görmüşdür. Mehranın onu vuracağını gözləməmişdir. Mehrangillə ailə kimi yaşamışdır. 3 ildir ki evlidir. Mehrandan şikayət və tələbi yoxdur. Həmin gün Emilya Bakıdan gəlməli idi, Emilyaya zəng etmiş, amma o telefona cavab verməmiş, o da evlərinə getmişdir. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 bildirmişdir ki, Zərərçəkmiş şəxs təxminən 10 ildir tanıyır və həmin vaxtdan Samir ilə sevgi münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs evlənməsi səbəbindən sevgi münasibətlərində soyuqluq yaranmışdır. Təqsirləndirilən şəxs oğludur. Təqsirləndirilən şəxs başqa bir azyaşlı qızı olmuşdur. Hər iki uşaq keçmiş həyat yoldaşı Nurlan Novruzovdan olmuş, həyat yoldaşından 12 ildir ayrılmış, övladları həm onunla, həm də ataları ilə yaşamışlar. 02 noyabr 2024-cü il tarixdə saat 16 radələrində Bakı şəhərindən Masallı şəhərinə anasına məxsus evə gəlmiş, oğlu Mehran anası ilə birlikdə evdə olmuş, Mehran digər qonşu məhəllədə yerləşən evinin açarını verməsini və gedib evdən qış gödəkçəsini götürmək istədiyini demişdir. Mehrana evin açarını vermiş, bundan təxminən 15-20 dəqiqə sonra, yəni həmin günü saat 18 radələrində oğlu Təqsirləndirilən şəxs anasının evinə gələrək Zərərçəkmiş şəxs bıçaqlamasını demişdir. Mehrandan hansı səbəbdən Samiri bıçaqlamasını soruşmuş, Mehran Samiri ona məxsus evin həyətində kolun dibində gizləndiyini, həmin vaxtı aralarında yaranan mübahisə zamanı Samirin qolunu tutub itələdiyini və bundan sonra üzərində olan bıçaqla Samirə xəsarət yetirdiyini bildirmişdir. Mehran ilə aralarında olan bu söhbətdən 20 dəqiqə sonra Zərərçəkmiş şəxs istifadəsində olan «whatsapp» mobil tətbiqində mesaj yazaraq Mehran tərəfindən bıçaqlanmasını demiş, daha sonra yaşadığı evdən çıxıb Masallı rayon Mərkəzi xəstəxanasına Zərərçəkmiş şəxs səhhəti ilə maraqlanmağa getmişdir. Verilən suallara cavab olaraq şahid Emilya Əhmədova bildirmişdir ki, hadisə günü Samirlə telefonla danışmış, sonra isə Samirin zənglərinə cavab verməmişdir. Samirə rayona gələcəyini demiş, amma nə vaxt gələcəyini deməmişdir. Mehran ona heç vaxt «Samiri vuraram» deməmişdir. Samirlə 10 il bir yerdə ailə kimi yaşamışlar. Mehranın Samiri niyə vurduğunu bilməmişdir. Samirlə barışmışlar. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 03 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 noyabr 2024-cü il tarixdə saat 18 radələrində anası Şahid məxsus ünvan 2 ünvanında yerləşən evin həyətində olarkən anasının sevgi münasibətində olduğu Zərərçəkmiş şəxs ilə həmin həyətdə rastlaşması, sonuncunun həmin həyətə hansı səbəbdən gəlməsini aydınlaşdırmaq istəyərkən Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əlində olan soyuq silah hesab edilməyən məişət təyinatlı cib bıçağı ilə sonuncunun qarın nahiyəsinə qəsdən bir zərbə və sol çiyin nahiyəsinə bir zərbə vuraraq Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərərvurmaya aid olan sol çiyin nahiyəsinin kəsilmiş-deşilmiş yarası və qarnın ön divarının qarın boşluğuna nüfuz edən qida borusunu, mədəni, böyük piyliyi və dalağı zədələyən kəsilmiş-deşilmiş yarası ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurması barədə toplanmış material əsasında fakta görə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmışdır.(i.v.1) -«baxış keçirilməsi haqqında» 02 noyabr 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 02 noyabr 2024-cü il tarixdə saat 18 radələrində anası Şahid məxsus ünvan 2 ünvanında yerləşən evin həyətində, anasının sevgi münasibətində olduğu Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsi hadisəsi ünvan 3 ünvanında yerləşən həyətyanı sahədə baş vermişdir.(i.v.5-9) -«götürmə və baxış keçirmə haqqında» 02 noyabr 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, 02 noyabr 2024-cü il tarixdə baş vermiş hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd ağ rəngli qolsuz mayka və 1 (bir) ədəd qara rəngli qısaqol köynəyə baxış zamanı üzərində qan və qanabənzər ləkələr, deşilmiş-kəsilmiş zədələr olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs 1 (bir) ədəd ağ rəngli qolsuz mayka, 1 (bir) ədəd qara rəngli qısaqol köynək həkim Ədalət Əliyevdən götürülərək qablaşdırılmışdır.(i.v.12-17) -«cinayət haqqında şifahi məlumatın qəbul edilməsi barədə» 03 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 02 noyabr 2024-cü il tarixdə saat 18:00 radələrində Mehran adlı şəxs tərəfindən kəsici alətlə qəsdən vurularaq xəsarət aldığını bildirmiş və həmin şəxsin məsuliyyətə cəlb edilməsini xahiş etmişdir.(i.v.24-25) -«cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 03 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:00-də şübhəli şəxs qismində tutulmuşdur.(i.v.49-50) -«şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması barədə» 04 noyabr 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zamanı o, 02 noyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxsun sağlamlığına qəsdən ağır zərərvurma cinayət əməli üzrə ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmiş, hadisə vaxtı istifadə etdiyi bıçağı tulladığı yeri təqdim etmiş və həmin bıçaq götürülmüşdür.(i.v.74-81) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 05 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir.(i.v.82-83) -Masallı Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 4(050)-96/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina olunmuşdur.(i.v.97-106) -«təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında» 05 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində nəzarət altına vermə qətimkan tədbiri seçilmişdir.(i.v.107-109) -«məhkəmə-tibbi ekspertizası»nın 06 noyabr 2024-cü il tarixli, 1021 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol əlin İİİ barmağının orta falanqa nahiyyəsinin kəsilmiş səthi yarası müəyyən olundu, müəyyən olunan xəsarət kəsici əşyanın, ola bilər ki, bıçağın təsirində törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 02 noyabr 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir.(i.v.121-122) -«Masallı Rayon Mərkəzi Xəstəxanası» X7 21 noyabr 2024-cü il tarixli, 18-1-60/2- 1868/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın narkoloji və psixo-nevroloji kabinetlərində dispanser qeydiyyatında durmur.(i.v.140) -«Lənkəran Şəhər Psixatriya Xəstəxanası» X7 29 noyabr 2024-cü il tarixli, 4582 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda deyil.(i.v. 147) -Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 noyabr 2024-cü il tarixli 4(106)-139/2024 nömrəli qərarı ilə Masallı rayon prokuroru, baş ədliyyə müşaviri Vəli Mustafayev tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi barədə Masallı Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 4(050)-96/2024 nömrəli qərarı həmin protestə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (i.v.149-157) -«məhkəmə-tibbi ekspertizası»nın 29 noyabr 2024-cü il tarixli, 1091 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qarnın ön divarının qarın boşluğuna nüfuz edən qida borusunu, mədəni, böyük piyliyi və dalağı zədələyən bir ədəd kəsilmiş-deşilmiş yarası, sol çiyin nahiyəsini bir ədəd kəsilmiş-deşilmiş yarası müəyyən olundu, müəyyən olunan xəsarətlər deşici-kəsici əşyanın, ola bilər ki, ekspertizaya təqdim olunan bıçağın və ya buna oxşar digər alətin təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 02 noyabr 2024-cü il tarixə uyğun gəlir. Qarnın ön divarının qarın boşluğuna nüfuz edən qida borusunu, mədəni, böyük piyliyi və dalağı zədələyən bir ədəd kəsilmiş-deşilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sol çiyin nahiyəsinin bir ədəd kəsilmiş-deşilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir.(i.v.160-162) -"xxxx"nın 06 dekabr 2024-cü il tarixli, 576/2024-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol nahiyəsində üç ədəd və köynəyin arxa səthinin sağ yuxarı nahiyəsində bir ədəd dəlib keçən zədələr aşkar olundu. Bu zədələr, deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli, deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, o cümlədən, ekspertizaya təqdim edilən bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus mayka üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı.(i.v.171-174) -"xxxx"nın 10 dekabr 2024-cü il tarixli, 577-2024/MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş bıçsaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı cib bıçağıdır və soyuq silah hesab edilmir.(i.v.175-178) -«məhkəmə tibbi-bioloji ekspertizası»nın 18 dekabr 2024-cü il tarixli, 827/2024 MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: O alfa,beta(İ)-dir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd qolsuz mayka və bir ədəd qısaqol kofta üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “H” antigeni alındı, “A”, “B” antigenləri və aqqlyutininlər isə alınmadı. «H” antigeni O(İ) qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkələri ABO sistemi üzrə O alfa, beta(İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər.(i.v.179-184) -«əşyanın maddi sübut hesab edilməsi haqqında» 28 dekabr 2024-cü il tarixli qərardan görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olan 1 (bir) ədəd ağ rəngli qolsuz mayka, 1 (bir) ədəd qara rəngli qısaqol köynək və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi 1 (bir) ədəd bıçaq maddi sübut kimi tanınmış və saxlanılması üçün Masallı RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir.(i.v.188) -«üzləşdirmə aparılması haqqında» 18 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir.(i.v.201-205) -«təqsirləndirilən şəxsə yeni məzmunda ittiham elan etmək haqqında» 31 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Samir Əhmədova Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir.(i.v.221-222) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayət məsuliyyətinin əsaslarına dair Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Həm qanunvericiliyin tələblərindən, həm də Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən çıxış edən məhkəmə tərkibi hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsüf edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün hər hansı dəlillər irəli sürməmiş və törətdiyi əməli tam şəkildə etiraf etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X1rşı» iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadəsini müdafiəçinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. «X4 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, ifadə vermiş şahidə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün məhkəmə istintaqı və ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı zərərçəkmiş şəxsin və şahid qismində dindirilmiş şəxslərin ifadələri, digər istintaq hərəkəti protokolları, digər sənədlər, yəni, toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma üçün əsas yoxdur. Şərh edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 07 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.(i.v.124) -Masallı rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 17 yanvar 2025-ci il tarixli, 180 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anasından və bacısından ibarətdir, o, Masallı şəhəri, Dadva küçəsi ev 48-də yaşayır.(i.v.199) -Masallı şəhəri, 1 saylı orta məktəbdən verilmiş 18 yanvar 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs təhsil aldığı orta məktəbdə mənfi xarakterizə olunur.(i.v.200) Məhkəmə göstərilənlərə əsasən təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, şəxsiyyətlərini xarakterizə edən halı, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (Cinayət Məcəlləsinin 59.1.12 maddəsi), Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman yetkinlik yaşına çatmamasını (Cinayət Məcəlləsinin 59.1.2 maddəsi), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli səmimi etiraf etməsini, məktəbli olmasını (Cinayət Məcəlləsinin 59.2-ci maddəsi) məhkəmə yüngülləşdirici hallar kimi, cəzasını ağırlaşdıran halların olmadığını (Cinayət Məcəlləsinin 61-ci maddəsi) nəzərə alıb təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət-Prosessual Məcəlləsinin 435.4.1 və 435.4.2-ci maddələrinin müddəalarını əsas tutaraq Cinayət Məcəlləsinin 126.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının minimum həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara, cinayətin törədilməsində iştirak dərəcəsinə əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 84.1-ci maddəsinin tələbinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayan şəxslər hesab olunur. Cinayət Məcəlləsinin 84.2 və 85.1.4-cü maddələrinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə onlara cəza, o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilə bilər. Cinayət Məcəlləsinin 86.1-ci maddəsinin tələbinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. «Uşaq hüquqları haqqında» konvensiyanın 1-ci bəndində göstərilir ki, uşaqlar barəsində bütün tədbirlərdə diqqət uşaq mənafeyinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbir sosial təminat məsələləri ilə məşğul olan dövlət idarəsi və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyanın 37-ci maddəsinin b) bəndində göstərilir ki, «heç bir uşaq qanunsuz və ya özbaşına azadlıqdan məhrum edilməsin. Uşağın həbsə alınması, tutulması və ya həbsxanaya salınması qanunauyğun həyata keçirilir və yalnız son tədbir kimi və mümkün qədər daha qısa olan müddət ərzində tətbiq edilir». «Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Plenumunun 30 iyun 2008-ci il tarixli qərarının 11-ci bəndində göstərilir ki, Yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələləri həll edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa həmçinin Cinayət Məcəlləsinin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də ( yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsri və s.) nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdır ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə tərkibi qeyd edir ki, cəza vəzifəli şəxslərin mülahizəsinə görə deyil, xalqa bəlli olan qanunla müəyyən edilməlidir. Cəza təyin edilərkən mövcud qanun əsas götürülməli və əməlin xarakteri xarakterizə edilməlidir, cəza təyini ilə bağlı bu müddəaların təkmilləşmiş forması artıq bir çox ölkələrdə olduğu kimi ölkəmizin də cinayət-hüquq tarixində dəyişikliklərə məruz qalmış və qüvvədə olan Cinayət Məcəlləsinin sivil formada öz əksini tapmışdır. Məhkəmə tərkibinin fikrinə əsasən, təyin edilən, cəza o halda ədalətli ola bilər ki, konkret iş üzrə cəza təyin edilərkən cəza təyininə dair bütün müddəalar nəzərə alınmış olsun. Cəza təyin edilərkən Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınır. Bununla əlaqədar, cinayət məsuliyyətinin əsasları, şəxsin əməlində cinayət tərkibinin olub-olmaması araşdırılır, hansı əmələ görə ona cəza təyin ediləcəyi aydınlaşdırılır. Eyni zamanda əməlin hansı məkanda və hansı zamanda baş verdiyi, cinayətin hansı kateqoriyadan olub-olmaması, təkrar cinayətin olub-olmaması cinayətin təkbaşına və ya iştirakçılıqla törədilməsi, əməlin ictimai-təhlükəliliyini istisna edən halların olub-olmaması aydınlaşdırılır. Məhkəmə tərkibi qeyd edir ki, məhkəmələrin cəza təyinində nəzərə aldığı hallardan biri də cinayətin xarakteridir. Bu konkret cinayətlərin tipik əlamətidir. Cinayətin xarkteri müəyyən qrup, yaxud da növ cinayətlər üçün təsnifat meyarı rolunu oynayır. Belə ki, konkret əməlin ictimai-təhlükəliliyinin xarkterinə görə, onun hansı qrupa mənsub olmasından asılı olaraq qiymət verilir və nəzərə alınır. Cəza təyin edilərkən əməlin təhlükəlilik dərəcəsinə görə hansı cinayətlər qrupuna daxil olduğunu, cinayət məcəlləsinin Xüsusi hissəsinin hansı fəslində nəzərdə tutulduğunu, belə cinayətlərə dövlətin cinayət hüquqi mübarizə siyasətini nəzərə alır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi müəyyən edilərkən, konkret cinayət hərəkətinin törədilmə vəziyyətinin məcmuyu (təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nətcəyə səbəb olması, xarakteri və sair.) nəzərə alınmalıdır. Məhkəmə tərkibi bildirir ki, cinayətin ctimai-təhlükəlilik dərəcəsi konkret əməlin fərdi əlaməti olub, edilən cinayətin ağırlığını müəyyən edir. Cinayətin ictimai təhlükəlilik dərəcəsi, edilmiş konkret əməlin həmin növündən olan başqa konkret cinayətlə müqayisədə fərqlənən təhlükəliliyidir. Təhlükəliliyinə görə bir-birindən fərqlənən cinayətlərə cinayət qanunu müxtəlif qiymət verir. Bu da müəyyən növ cinayətlərə görə məsuliyyət nəzərdə tutan ayrı-ayrı maddələrin sanksiyalarında öz əksini tapmışdır. Cinayət tərkibində göstərilən əlamətlər, habelə cinayət tərkiblərinin növlərə ayrılmasında qanunu meyar kimi istifadə etdiyi əlamətələr heç də konkret əməlin deyil, müəyyən sinfə daxil olan əməllərin təhlükəlilik dərəcəsini xarakterizə edir. Bununla yanaşı, eyni sinfə daxil olan konkret əməllər müxtəlif təhlükəlilik dərəcəsinə malik olur. Əksər hallarda qanun cinayətin nəticəsini, edilmə üsulunu, hərəkətin intensivliyini, qəsd və ya ehtiyatsızlığın növünü, cinayətin motiv və məqsədini səciyyələndirən əlamətləri cinayət tərkibinə daxil etmir. Halbuki, müxtəlif üsulla, müxtəlif motiv dərəcə və məqsədlə edilən eyni növündən olan cinayət əməli müxtəlif dərəcədə ictimai təhlükəli olar. Eləcə də, əməlin nəticəsini dərk etmək dərəcəsinə görə, qəsdin yaranma vaxtına görə (birbaşa qəsd, dolayı qəsd, qəfilətən yaranan qəsd, əvvəlcədən düşünülmüş qəsd və sair.) fərqlənən cinayətlərin ictimai təhlükəlilik dərəcəsi müxtəlif olur. Əməlin ictimai təhlükəlilik dərəcəsi müəyyən edilərkən, həm cinayət tərkibində bu və ya başqa əlamətin nəzərdə tutduğu hallar konkretləşdirilir, həm də tərkibə daxil olmayan hallar araşdırılır və cəzanın fərdiləşdirilməsində nəzərə alınır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi bir qayda olaraq, cinayətin obyektiv cəhəti, cinayətin xarakterini isə cinayətin obyektiv və subyektiv cəhəti xarakterizə edir. Cəza təyinində törədilən cinayətin xarkteri və təhlükəlilik dərəcəsi müəyyən edilərkən konkret cinayətlərə bağlı bütün hallar məcmu qaydasında götürülərək nəzərə alınır. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxsin ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etməsini, onun şəxsiyyətini, Masallı şəhəri, 1 saylı orta məktəbdə təhsil almasını, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər; Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarına əsasən şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və sair nəzərə alaraq məhkumun üzərinə Cinayət Məcəlləsinin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Həmin qərarda göstərilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə tərkibi qanunvericlik normalarını, o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının müvafiq müddəalarını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, özünün şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınaraq onun azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən islah olunması mümkün hesab edildiyindən barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək qəti olaraq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışları ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərlərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. İş üzrə ekspertiza xərci yoxdur. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan baş vermiş hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olan 1 (bir) ədəd ağ rəngli qolsuz mayka, 1 (bir) ədəd qara rəngli qısaqol köynək və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi 1 (bir) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə tərkibi gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli, «Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında» 30 iyun 2008-ci il tarixli və «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin və sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini dəyişməmək, müəyyən yerlərə getməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Masallı rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olan 1 (bir) ədəd ağ rəngli qolsuz mayka, 1 (bir) ədəd qara rəngli qısaqol köynək və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi 1 (bir) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar