Məhkəmə qərarları › İş №1(099)-247/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-247/2022

06.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-247/2022 06.06.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, Ağayev Elmar Sakit oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4 və onun nümayəndəsi-Bərdə Rayon Vəkil bürosunun vəkili Nümayəndə, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1987-ci ildə Ağcabədi rayonu, Kəhrizli kəndində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Kəhrizli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 120.1 və 134-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs əvvəlcədən tanıdığı və həmkəndlisi X6 ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun onun ünvanına “sən kişi deyilsən, səndən uşaq əmələ gələ bilməz, sənin dörd gün əvvəl dünyaya gələn uşağın səndən deyil” sözlərini deməsinə görə onu qəsdən öldürməklə qisas almaq qərarına gəlmiş, planlaşdırdığı cinayət əməlini başa çatdırmaq üçün Rahib Həsənovun heç nədən şübhələnməməsi məqsədilə 04 noyabr 2021-ci il tarixdə saat 14 radələrində ona və digər həmkəndliləri Zərərçəkmiş şəxs, Şahid1 uşağının olması səbəbi ilə rayonun Boyat kəndində yerləşən “Azərhüseyn” deyilən kafedə yeyib-içmək məclisi təşkil etmək istədiyini deyərək onlarla birlikdə özünə məxsus olan həmin vaxt Şahid1 idarə etdiyi “Vaz 2106” markalı ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib Ağcabədi rayonunun Kəhrizli kəndi ərazisindən rayonun Boyat kəndi istiqamətində olan yardımçı torpaq yol ilə hərəkət edərək Boyat kəndinə 600 metr məsafə qalarkən, Kəhrizli kənd qəbiristanlığının yaxınlığında avtomobili saxlatmış, bundan sonra avtomobildən yerə düşüb avtomobilin yük yerinə əvvəlcədən qoyduğu rəsmi qeydiyyatda olmayan, babasından qalmış 1958-ci ildə istehsal olunmuş «M» (Zlatoustov maşınqayırma zavodu) 16 kalibrli, «3K » modelli, 9753HQ - nömrəli ilkin təyinatı dəyişdirilməmiş, yivsiz tək lülə ov tüfəngini götürərək həmin vaxt avtomobilin arxa sağ oturacağında əyləşmiş vəziyyətdə olan Rahib Həsənova yaxın məsafədən avtomobilin açıq vəziyyətdə olan qabaq sol pəncərəsindən onun ürək nahiyəsinə tuşlayıb bir dəfə atəş açmış, bundan sonra əlindəki silahı hadisə yerindən qaçmağa cəhd göstərən Zərərçəkmiş şəxs yaxın məsafədən tuşlamaqla onu hədənin icra ediləcəyi üçün real əsaslar olmaqla öldürməklə hədələmiş, daha sonra isə Rahib Həsənovun ölməməsinə şübhə edib təkrar baş nahiyəsinə ikinci dəfə atəş açaraq ona dərəcəsinə görə həyat üçün təhlükəli olmaqla ürəyin və sol ağciyərin zədələnməsi nəticəsində meydana çıxmış kəskin qanitirimə ilə ölümünə səbəb olmuş sağlamlığa AĞİR zərər vurmaya aid, patronu qırma ilə doldurulmuş ov tüfəngindən atılan atəş nəticəsində əmələ gəlmiş bədən xəsarətləri, başın sol təpə nahiyəsində kəllə boşluğuna keçməyən bir ədəd kor odlu silah yarası və döş qəfəsinin sol yarısının ön səthindən döş boşluğuna daxil olaraq sol 3-cü qabırğanın, ürəyin, sol ağ ciyərin zədələnmələri ilə müşayiət edilən kor odlu silah yaralanması, döş qəfəsinin sol yarısında olan bir ədəd mərkəzi yara ətrafında 15 (on beş) ədəd xırda deşilmiş yara xəsarətləri yetirməklə onu qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, həmçinin Zərərçəkmiş şəxs hədənin icra ediləcəyi üçün real əsaslar olmaqla öldürməklə hədələmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Ağcabədi rayonu Kəhrizli kəndində yaşayır. Mərhum həmkəndlisi Rahib Həsənovu uşaqlıqdan tanımışdır. Baş vermiş hadisədən təxminən 2 ay əvvəl sahəyə su suvarmağa gedərkən şəxsi telefonunu evdə qoymuş, evə qayıdıb telefonunu götürərək yenidən sahəyə qayıtmış, telefona baxan zaman ona məxsus olan telefon nömrəsindən Rahib Həsənovun telefon nömrəsinə “İndi danışa bilmirəm, məni sonra yığarsınız” mətnli mesajın getdiyini görmüşdür. Rahib Həsənovdan bu barədə soruşmuş, Rahib Həsənov isə bunun səbəbini bilmədiyini, təsadüf olduğunu demişdir. Lakin həmin məsələ ilə bağlı onda şübhələr qalmışdır. Həmkəndlisi və tanışı Zərərçəkmiş şəxs, Rahibin ona “Məharət kişi deyil ondan uşaq olmaz” dediyini bildirmişdir. Bu söz namusuna toxunaraq ona çox pis təsir etmiş və bu sözlərdən sonra Rahibi öldürmək qərarına gəlmişdir. 2021-ci il noyabr ayının 4-də uşağının doğulmasını qeyd etmək məqsədi ilə tanışı Rabilə yeyib-içməyi təklif etmiş, X7 da zəng edərək qonaqlığa onu da dəvət etməsini istəmişdir. Daha sonra Şahid1 də onların yanına gəlmişdir. Həmin gün saat 14 radələrində öz avtomobili ilə Zərərçəkmiş şəxs və Şahid1lə birlikdə Rahib Həsənovu yaşadığı Kəhrizli kəndin yuxarı tərəfindən götürüb yenidən Boyat kəndində yerləşən “Azərhüseyin” adlanan kafe istiqamətində getmişlər. Həmin vaxt onun avtomobilini Şahid1 idarə etmiş, özü Zöhrabın arxasındakı oturacaqda, Zərərçəkmiş şəxs digər ön sərnişin oturacağında əyləşmiş, Rabilin arxasında isə Rahib Həsənov olmuşdur. Yolda Zöhrabdan ayaqyoluna getmək istədiyini deyərək maşını saxlamasını demiş, Zöhrab maşını saxlamış o, və özü də avtomobildən enmiş, Zərərçəkmiş şəxs və Rahib Həsənov isə avtomobildə qalmışlar. Ayaqyoluna gedib qayıtdıqdan sonra maşının “baqajı”ndan ov tüfəngini götürərək avtomobilin sürücü oturacağı tərəfə, yəni Şahid1 olan tərəfə gəlmişdir. Rahib Həsənov onun əlində tüfəngi gördükdə qapını açıb avtomobildən düşmək istəyən zaman silahdan bir dəfə atəş açaraq Rahibi sol boyun tərəfindən güllə ilə vurmuşdur. Bu zaman Rahib Həsənov avtomobildən yerə düşərək yıxılmışdır. Bundan sonra Zərərçəkmiş şəxs maşından enib qaçmağa başlamışdır. O,qışqıraraq Zərərçəkmiş şəxs dayanmasını tələb etmiş və Rabil dayandıqdan sonra yanına getmişdir. Tüfəngi Zərərçəkmiş şəxs tərəf tutaraq ona Rahibi öldürməkdən düz edib-etmədiyini soruşmuş, Rabil düz etdiyini deyərək ona heç nə etməməsi üçün yalvarmışdır. O, Zərərçəkmiş şəxs atəş açmamış və Rahib Həsənovun öldüyünə əmin olmaq üçün tüfəngə ikinci gülləni qoyaraq ona yenidən atəş açmışdır. Hadisədən sonra Ağdam rayonu Xındırıstan kəndində yaşayan qaynatasının evinə getmiş və onu oradan polis şöbəsinə aparmışlar. Bundan başqa o, əlavə olaraq ifadəsində göstərmişdir ki, hadisə baş verdiyi gün Rahiblə səhər saatlarında mübahisə baş vermiş, bundan sonra onu öldürmək qərarına gəlmiş, bu məqsədlə evdə babasının ona hədiyyə etdiyi ov tüfəngini götürüb maşının arxasına qoymuşdur. Həmin ov tüfəngini 16 ildir ki, babası ona bağışlamış, tüfəngdən ov etmək məqsədi ilə istifadə etmişdir. 2021-ci ilin iyun ayında “Ovçular Nazim ” deyilən yerdən öv etmək üçün 2 güllə almış, hər ikisini də hadisə vaxtı istifadə etmişdir. Arvadının mərhum Rahib Həsənovla heç bir münasibəti olmamış, onların görüşməklərini görməmişdir. Silahı Zərərçəkmiş şəxs tərəf tuşlamaqla onu qorxutmaq olmuşdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, tədqiq olunmuş ekspertizanın rəyləri, cinayət işində olan istintaq sənədləri və protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, mərhum Rahib Həsənov onun oğludur. 04 noyabr 2021-ci il tarixdə saat 14 radələrində Rahib işdən evə gəlib yuyunmuş, daha sonra evdən çıxmışdır. Təxminən bir saat sonra qızı Sadə Nuriyeva evə gəlib Məharətin silahla Rahibin ürəyindən vuraraq öldürdüyünü demişdir. Həmin gün saat 21 radələrində Rahib Həsənovun meyiti təcili yardım maşını ilə yaşadıqları evə aparılmışdır. Təqsirləndirilən şəxs şikayətçidir, ona ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, baş vermiş hadisədən təxminən bir ay əvvəl həmkəndlisi Məharət ona demişdir ki, telefonu evdə olan zaman telefonundan Rahib Həsənova “işim var, sonra zəng edəcəm” məzmunlu mesaj göndərilmiş, bu mesajdan sonra Rahiblə arvadı Aygülün arasında hər hansı bir münasibətlərinin olmasından şübhələnmişdir. 04 noyabr 2021-ci il tarixdə saat 12 radələrində Məharət oğlu dünyaya gəldiyinə görə onlara qonaqlıq verəcəyini demiş və zəng edib Rahib Həsənovu da çağırmasını istəmiş, Rahibə zəng edib onu qonaqlığa dəvət etmiş, saat 14 radələrində həmkəndliləri Zöhrab və Məharətlə ona məxsus mağazada görüşmüşlər. Birlikdə Məharətin maşınına oturub yola düşmüş, həmin vaxt maşını Zöhrab idarə etmişdir. Özü avtomobilin ön sağ oturacağında, Məharət isə arxada əyləşmişdir. Rahib Həsənovu yaşadığı evin qarşısından götürərək Boyat kəndində yerləşən “Azərhüseyin” deyilən kafe istiqamətinə getmişlər. Rahib Həsənov arxa tərəfdə Təqsirləndirilən şəxslə birlikdə oturmuşdur. Kafeyə gedən torpaq yolda olarkən Təqsirləndirilən şəxs avtomobili dayandırmağı, yol kənarında ayaqyoluna gedəcəyini demişdir. Zöhrab maşını saxlamış və maşından düşmüş, bir qədər sonra Məharət və Zöhrab təbii ehtiyaclarını ödəyərək geri qayıtmış, sonuncu təkrar sükan arxasına keçmişdir. Bir qədər sonra Məharət əlində tüfənglə avtomobilə yaxınlaşmış və nalayiq ifadələrlə onlardan aşağı enmələrini tələb etmiş, onlar isə donub yerlərində qalmışlar. Məharət Rahibə söyüş söyərək Zöhrabın əyləşdiyi oturacağın, yəni maşının ön sol pəncərəsinin yanına gəlib arxada əyləşən Rahibə tüfənglə atəş açmış və o, maşından yerə yıxılmışdır. Zöhrab ağlaya-ağlaya maşından düşərək Məharətə “sən neylədin, niyə belə elədin” sözlərini demişdir. O, isə maşından düşən kimi qorxusundan qaçmağa başlamışdır. Məharət arxadan onu çağıraraq “yat, yerə qaçma” demiş, dizlərini və əllərini yerə qoyaraq gözləmiş, daha sonra Məharət əlində tüfənglə ona tərəf gələrək silahı bir metr məsafədən ona tuşlayıb “tərpənmə, sənin hər şeydən xəbərin olub, gizlədib mənə demirsən” sözlərini demişdir. O da heç nədən xəbərinin olmadığını demiş, Məharət də ona inanmışdır. Daha sonra Məharət tüfəngi yenidən Rahibə tərəf tuşlayaraq “bu niyə ölmür” deyib ikinci atəşi açmışdır. Daha sonra Məharət maşını sürüb oradan uzaqlaşmışdır. Hal hazırda Məharətlə barışmış, ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəməyə təqdim olunmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs Məhəmmd oğlu ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 04 noyabr 2021-ci il tarixdə saat 14 radələrində Məharət oğlu doğulduğuna görə onlara qonaqlıq vermək istəmiş, qonaqlığa Rahibi də çağırmışlar. Maşın Məharətin olsa da, ancaq həmin vaxt maşını o, idarə etmiş, maşına əyləşərək Boyat kəndində yerləşən “Azərhüseyn” adlanan kafeyə yollanmışlar. Məharət onun arxasında, Rabil isə qabaq sağ yan tərəfdə əyləşmişlər. Rahib də arxa tərəfdə Təqsirləndirilən şəxslə birlikdə oturmuşdur. Yolda Məharət maşını saxlatdıraraq yol kənarında təbii ehtiyacını ödəyəcəyini, yüngül ayaqyoluna gedəcəyini demişdir. O, avtomobili saxlamış, bu vaxt özü və Məharət maşından düşmüş, Rahiblə Rabil isə elə maşında oturmuşlar. Sonra maşına qayıdıb sükan arxasına keçmiş, Rabil isə qabaq sağ oturacaqda oturmuşdur. Qəflətən Məharətin əlində tüfəng görmüş, Məharət söyüş söyərək onlardan aşağı düşmələrini tələb etmiş, onlar da donub yerlərində qalmışlar ki, bu nə məsələdir belə. Məharət Rahibə söyüş söyərək maşının qabaq sol qapısının yanına gələrək açıq pəncərədən onun boynunun sol tərəfindən tüfəngi nişanlamaqla Rahib Həsənova tüfənglə atəş açmış, Rahib maşından yerə yıxılmışdır. Dərhal ağlaya-ağlaya avtomobildən düşərək Məharətə “sən neylədin, niyə belə elədin” sözlərini demiş, Rabil isə maşından düşən kimi qorxub qaçmış, Məharət isə arxadan Rabili çağıraraq “yat yerə qaçma” sözlərini demiş, Zərərçəkmiş şəxs isə dizlərini və əlini də yerə qoyaraq gözləmiş, daha sonra Təqsirləndirilən şəxs əlində tüfəng ona tərəf gedərək silahı 1 metr məsafədən tuşlayıb nalayiq ifadələrlə Zərərçəkmiş şəxs “tərpənmə, sənin hər şeydən xəbərin olub, gizlədib mənə demirsən Rahib ölməliydi, mən də öldürdüm” sözlərini demişdir. O, da and içərək yalan deyənə söyüşlər söyüb “ mənim sənin telefona gələn sms məsələsindən xəbərim yoxdur, mən heç nə bilmirəm” sözlərini demiş, Məharət də ona inanmışdır. Bundan sonra Məharət Rabilə “düz elədimmi onu öldürdüm?” sözlərini demiş, Rabil Bəyşiov da ona “düz elədin” sözlərini dedikdən sonra Məharət sağ əli tüfəngi yenidən Rahibə tuşlayaraq “ə bu niyə ölmür” sözləri deyib ikinci atəşi açmışdır. Birinci güllə Rahibin ürəyindən dəymiş və o, ölmüşdür. İkinci güllə isə Rahib Həsənovun başınının arxasından dəymiş, daha sonra Təqsirləndirilən şəxs öz maşınına əyləşərək gedib uşaqları ilə görüşəcəyini demişdir. Məharət maşını sürüb ordan uzaqlaşmış, Zərərçəkmiş şəxs da təcili-tibbi yardıma və 102 xidmətinə zəng edərək hadisə haqqında məlumat vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Məharət onun qardaşının oğludur. 04 noyabr 2021-ci il tarixdə saat 14 radələrində evdə olan zaman qardaşı oğlu Məharət ona zəng edərək “Rahibi öldürmüşəm, uşaqlar sənə əmanətdir” sözlərini demişdir. Bundan sonra Zöhraba zəng etmiş, onun nömrəsinə zəng çatmadığından Rabilə zəng etmiş, sonuncu Zöhrabın öldüyünü demişdir. Dərhal hadisə yerinə getdikdə Rahibin meyitini ağacın altında uzanıqlı vəziyyətdə görmüşdür. Sonra ona məlum olmuşdur ki, polislər Məharəti tutub şöbəyə aparmışlar. Bundan başqa o, ifadəsində göstərmişdir ki, 2021-ci ilin avqust ayında kənddə pambıq suvaran zaman Məharət öz telefonunda olan sms-i ona göstərərək demişdir ki, telefonu evdə qaldığı və özü evdə olmayan zaman Rahibin telefon nömrəsindən onun telefonuna “zəng edə bilmirəm mesaj yaz” mətnində mesaj gəlmiş, ondan nə məsələ olmasını soruşduqda özündən asılı olmadan sms məsələsinə görə əsəbləşdiyini, qısqandığını, durduq yerdə əsəbləşib coşduğunu demişdir. Onu sakitləşdirməyə çalışmışdır. Məharətətin arvadı Aygülün Rahib arasında hər hansı bir münasibətinin olmasını eşitməmişdir. Hadisə vaxtı Məharətin istifadə etdiyi ov tüfəngi atası Ədildən yadigar qalmış, uzun müddətdir ki, silahı Məharət saxlamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Məharət onun əridir. Baş vermiş hadisədən 2 ay əvvəl əri Məharət öz telefonunu ona göstərib ona “ mən evdə olmayanda gecə saat 22 radələrində bu nə sms-dir mənim nömrəmə gəlib” sözlərini demiş, o isə bu barədə məlumatının olmadığını bildirmişdir. Məharət bir daha bu söhbətə qayıtmamışdır. Hadisə baş verən gün, yəni xx.xx.2021-ci il tarixdə o, oğlunu yeni dünyaya gətiridi üçün Ağdam rayonunun, Xındırıstan kəndində yerləşən atası evində xəstə yatırmış. Həmin gün günorta saatlarında əri Məharət ona zəng edərək telefonda ona demişdir ki, Rahib öldürmüş, uşaqlar ona əmanətdir. Bir neçə dəqiqə sonra Məharət evə gəlmiş və Rahibi söyüş və namus üstündə öldürdüyünü demişdir. Bir neçə dəqiqə sonra isə polslər gəlib onu aparmışlar. Rahib Həsənovu tanımır, onunla heç bir əlaqəsi və tanışlığı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Məharət qızı Aygülün əridir. 04 noyabr 2021-ci il tarixdə saat 17 radələrində Ağdam rayonu, Kəlbəhüseynli kəndində olan evinə gələn zaman evin həyətində Məharətlə Aygülün söhbət etdiklərini görmüş, Məharət ona Rahibi öldürdüyünü, onlarla görüşməyə gəldiyini demişdir. Sonra polislər gəlib onu evdən aparmışlar. X3 tanımamış, onun kimliyi haqqında da heç bir məlumatı yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 04 noyabr 2021-ci il tarixdə saat 16 radələrində idarə etdiyi traktorla Kəhrizli kəndindən Boyat kəndinə gedən zaman kəndə çatmağına az qalmış, Kəhrizli kənd qəbiristanlığının yaxınlığında Rahibin üzü üstə torpağın üzərində uzanıqlı vəziyyətdə olmasını görmüş, həmkəndlisi Zərərçəkmiş şəxs onu saxlatmış və Məharətin silahla Rahibi öldürməsini demişdir. Hadisənin baş vermə səbəbini bilmir. Onun yanında Rabil 102 xidmətinə zəng edib məlumat vermişdir. Sonra oradan çıxıb getmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 04 noyabr 2021-ci il tarixli, 19 N-li ekspert rəyindən görünür ki, X2 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı başın sol təpə nahiyəsində kəllə boşluğuna keçməyən bir ədəd kor odlu silah yarası və döş qəfəsinin sol yarısının ön səthindən döş boşluğuna daxil olaraq sol 3-cü qabırğanın, ürəyin, sol ağ ciyərin zədələnmələri ilə müşayət edilən kor odlu silah (qırma) yaralanması aşkar edilmişdir. Döş qəfəsinin sol yarısında olan bir ədəd mərkəzi yara ətrafında on beş ədəd xırda deşilmiş yaralar olduğundan (səpələnmiş qırmaların təsirindən əmələ gəlmişdir) göstərmək olar ki, atəş yaxın məsafədən açılmışdır. X2 başının sol təpə nahiyəsində və döş qəfəsində odlu silah yaraları aşkar edildiyindən göstərmək olar ki, həmin xəsarətlər iki atəş nəticəsində əmələ gəlmişdir. X2 bədənində olan xəsarətlər həyati olmaqla paronu qırma ilə doldurulmuş ov tüfəngindən açılan atəş nəticəsində əmələ gəlmişdir. Xəsarətin yetirilmə müddəti 04 noyabr 2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AGİR zərər vurmanın əlamətlərinə malikdirlər. X2 bədənində olan xəsarətin (başın sol təpə nahiyəsində və döş qəfəsinin sağ yarısının ön səthində olan qırmaların giriş dəliyinin) yerləşmə lokalizasiyasını nəzərə alaraq göstərmək olar ki, həmin xəsarətlər kənar şəxslər tərəfindən ov tüfəngindən atəş açmaqla yetirilmiş, şəxsin özü-özünə yetirməsi mümkün deyildir. X2 ölümünə səbəb ürəyin və sol ağciyərin zədələnməsi nəticəsində meydana çıxmış kəskin qanitirimə olmuşdur. Meyitin əlamətlərinin inkşaf dinamikasına əsasən göstərmək olar ki, ölüm X2 meyitinin meyitxanada məhkəmə-tibbi müyainəsindən 2-4 saat əvvəl, yəni 04 noyabr 2021-ci il tarixdə baş vermişdir. X2 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı nəticəsində onun qanında etil spirti və eləcə də alkoloidlər aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilmiş kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji eskpertizasının 30 noyabr 2021-ci il tarixli, 730/239 N-li rəyinə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər-hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhkükəliliyini dərk etmək və ya hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nın 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərini ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Aparılmış psixoloji müayinə zamanı (Spilberger, Xanin, Hans və Sibella Ayzenq, USK, LD, Luşer testlərinə əsasən) Təqsirləndirilən şəxs neqativ əhval ruhiyyə, daxilində kəskin narahatlıq hissləri keçirməsi aşk olunur, əhval-ruhiyyəsi qaneedicidir. Həmçinin analiz və sintez müayinələri aşağıdakı nəticək vermişdir: Verbal qiymət - 66 VQ; Qeyriverbal qiymət - 70 RQ, Ümumi qiymət - 89 ZQ-dır ki, bu da intellektin orta səviyyəsinə uyğun gəlir. Şəxsiyyəti tərəfindən Təqsirləndirilən şəxs aşağıdakılar aşkar olunur: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Yuxarıda göstərilənləri nəzərə alınaraq aşağıda nəticəyə gəlinir. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olan özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən əsəbi psixi emosional halda olmuş, onun keçirdiyi bu emosional halın yaranma səbəblərindən biri zərəçəkmişin onun ailəsi haqqında söylədiyi fikirlər olar bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır. Məhkəmədə tədqiq edilmiş məhkəmə-ballistik ekspertizanın xx.xx.2021-ci il tarixli, 3/1875;1876 saylı ekspert rəyində göstərilmişdir ki, təqdim edilmiş bir ədəd silah - zavod üsulu ilə hazırlanmış, patronluğunun uzunluğu 70 mm olan, 16 kalibrli, “3K” modelli, HQ9753 №-li, xarici çaxmaqlı, təklüləli tüfəngdir, sonradan lüləsi kustar üsulla kəsilib qısaldılmışdır, lakin lüləsinin kəsilməsi nəticəsində konstruksiyasında və ballistik xüsusiyyətlərində az əhəmiyyətli dəyişiklik yaransa da, ilkin təyinatı dəyişməmiş- yivsiz odlu ov silahıdıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır və döyüş vəziyyətinə gətirib tətiyini çəkmədən ondan öz- özünə atəş açılmır. Təqdim edilmiş 2 (iki) ədəd giliz - zavod üsulu ilə hazırlanmış, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 16 kalibrli patronların atəşlə ayrılmış hissələridirlər - gilizləridirlər. Həmin 2 (iki) ədəd giliz, təqdim edilmiş 16 kalibrli, “3K” modelli, HQ9753 №-li təklülə ov tüfəngindən atılmışlar. Təqdim edilmiş 4 (dörd) ədəd metal predmet - zavod üsulu ilə hazırlanmış, müxtəlif kalibrli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, atəş komponentlərinin atəşlə ayrılmış hissələridirlər diametrləri təxminən 3 mm olan qırmalardırlar. Təyinatlarına uyğun olaraq, həmin qırmaların, təqdim olunmuş 2 (iki) ədəd 16 kalibrli gilizlərin hər hansı birinə digər atəş komponentləri ilə birlikdə doldurulması ilə hazırlanmış patronlardan istifadə olunmaqla, təqdim edilmiş 16 kalibrli, “3K” modelli, HQ9753 №-li təklülə ov tüfəngindən də atəş açılması mümkündür, lakin qırmaların üzərdində doldurulduqları gilizin daxili divarlarından və atıldıqları silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri eyniləşmə tədqiqatı üçün yararsız olduqlarına görə, onların təqdim edilmiş 2 (iki) ədəd 16 kalibrli gilizlərin hər hansı birinə və ya başqa hansısa konkret bir gilizə atəş komponenti kimi doldurulub-doldurulmamaqlarını, o cümlədən həmin gilizlərin hansındansa və eləcə də təqdim edilmiş 16 kalibrli “3K” modelli, HQ9753 №-li təklülə ov tüfəngindən, yaxud başqa hansısa konkret bir gilizdən və silahdan atılıb-atılmadıqlarını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş 16 kalibrli “3K” modelli, HQ9753 №-li təklülə ov tüfənginin lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə əsasən, həmin silahdan atəş (atəşlər) açılmışdır. Lakin müvafiq elmi metodik vəsait olmadığından atəşin vaxtını, o cümlədən həmin silahdan atəşin atılma vaxtının qərarın təsviri hissəsində qeyd edilən vaxta uyğun gəlib- gəlməməsini müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş üzərində “X5” məxsus olduğu qeyd edilən bir ədəd xaki rəngli gödəkçənin ön, sol, yuxarı hissəsində boyunluq tikişindən 80 mm aşağıda, sol qolluq dairə tikişindən 110 mm sağda 100x90 kv-mm sahədə, çoxsaylı 35x30 m, 30x25 mm 5x4 mm və.s ölçülərdə deşib-keçən zədələr, tədqiqata təqdim edilmiş bir ədəd ağqara rəngli, uzunqol köynəyin ön, sol, yuxarı hissəində sol çiyinin tikişindən 140 mm aşağıda, sol qolluq dairə tikişindən 110 mm sağda, 130x130 kv-mm sahədə çoxsaylı 45x30 mm, 15x10 mm 5x4 mm və.s ölçülərdə deşib-keçən zədələr, bir ədəd qara rəngli uzunqol köynəyin ön, sol, yuxarı hissəsində sol çiyin tikişindən 160 mm aşağıda, sol qolluq dairə tikişindən 90 mm sağda 110x90kv-mm sahədə çoxsaylı 50x30 mm, 30x30mm 5x4 mm və.s ölçülərdə deşib-keçən zədələr vardır. Zədələrin ətrafında atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəciklərinin və qurğuşun metal izinin aşkar edilməsinə, onların formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən, həmin zədələr giriş zədəsi olmaqla hamarlüləli odlu silahdan açılan bir atəş nəticəsində mərmilərin-qırmaların təsirindən, 3 sm-dən 20 sm-dək olan məsafə daxilində, öndən arxaya doğru istiqamətdə yetirilməyə xarakterikdir. Bu zədələr təqdim edilmiş silahdan açılan atəş nəticəsində təqdim edilən gilizin və onun hissəsi olan qırmaların təsirindən də yarana bilər. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” məxsus olduğu qeyd edilən geyim əşyalarının səthində odlu silahdan açılan atəş nəticəsində mərmilərinqırmaların təsirindən yaranmağa xarakterik zədələr aşkar edilməmişdir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” məxsus olduğu qeyd edilən geyim əşyalarının səthində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi-bioloji ekspertizanın xx.xx.2021-ci il tarixli, 843/2021-MTBŞ N-li ekspert rəyində göstərilmişdir ki, zərərçəkmiş X2 ABO sistemi üzrə qan qrupu- AB(H)/İV, təqsirləndirilən Təqsirləndirilən şəxs təqdim olunan portalından çıxarılışın kserosurətinə əsasən qan qrupu-A/İİ/-dir. Ekspertizaya təqdim olunmuş 02 ədəd pambıq tampon, 02 paketdə torpaq qarışmış bitki örtüyü, X5 məxsus kofta, gödəkcə və alt köynək üzərində insan qanı ləkələri aşkar olunmuş, həmin qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda «A», «B» və «H» antigenləri alınmışdır. Bu qan ləkələri AB(H)/İV/ qruplu şəxsə, o cümlədən X5 məxsus ola bilər. Belə olan halda ləkələrdə Təqsirləndirilən şəxs qanı ABO sistemi üzrə inkar edilir. Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus köynək və gödəkcə üzərində isə qana şübhəli ləkələr aşkar olunmamışdır. İş materiallarında olan 4 noyabr 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Ağcabədi rayonu, Hindarx-Boyat avtomobil yolunun sol kənarında olan “Boyat Petrol” yanacaq doldurma məntəqəsinə 100 metr məsafə qalmış, sola doğru istiqamətdə Boyat-Kəhrizli yardımçı avtomobil yolunun 600 metr məsafəsində, Kəhrizli kənd qəbiristanlığının yaxınlığındakı ərazidə yerləşir. Baxış keçirilən zaman müəyyən edilmişdir ki, X2 meyiti hadisə yerində yardımçı avtomobil yolunun sol tərəfində yerə uzanıqlı vəziyyətdə olmuşdur. Hadisə yerinin müayinəsi zamanı oradan 02 ədəd 16 kalibrli giliz, meyitin ətrafında olan torpaq üzərindən pambıq tampona hopdurulmuş 02 ədəd qanabənzər nümunə, meyitin ətrafında müxtəlif yerlərdən olmaqla üzərində qanabənzər ləkələr olan 02 bağlamada torpaq örtüyü, 01 ədəd siqaret kötüyü, eləcə də üzərində “mustang” sözləri yazılmış 3 litrlik plastik qab müvafiq qaydada götürülərək qablaşdırılmışdır. İş materiallarında olan 4 noyabr 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “VAZ 2106” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobilin arxa oturacağının üzərində olan 01 ədəd üzərində “X10” sözləri yazılmış 1 litr tutumlu şüşə qabda qablaşdırılmış spirtli içki, eləcə də avtomobilin qabaq sağ oturacağında olan 9753HQ nömrəli, tək lüləli, 16 kalibrli tüfəng müvafiq qaydada götürülərək qablaşdırılmışdır. İş materiallarında olan 4 noyabr 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, mərhum X2 bədəninin müxtəlif hissələrindən aşkar edilmiş 04 ədəd qırma, meyitin əynində olmuş 01 ədəd tünd yaşıl rəngli gödəkçə, 01 ədəd ağ-qara rəngli poliver, belində qara rəngli kəməri olan 01 ədəd qaramtıl-göy rəngli cins şalvar, 01 cüt qara rəngli ayaqqabı, 01 cüt qara rəngli corab, 01 ədəd göy rəngli qış isti geyim paltarı, 01 ədəd qara rəngli uzunqol kofta, 01 ədəd dama-dama ağ-qara rəngli kişi alt geyimi, götürülərək qablaşdırılmışdır. İş materiallarında olan 4 noyabr 2021-ci il tarixli “götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş bir ədəd göy rəngli sviter, bir ədəd qara rəngli gödəkçə götürülərək qablaşdırılmışdır. İş materiallarında olan 5 noyabr 2021-ci il tarixli “əşyanın tanınmasının aparılması haqqında” protokoldan görünür ki, “VAZ 2106” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı götürülmüş 9753 HQ nömrəli, tək lüləli, 16 kalibrli tüfəng Təqsirləndirilən şəxs tanımaya təqdim edilmiş və sonuncu həmin tüfəngi tanıdığını göstərmişdir. İş materiallarında olan "xxxx" MMC-dən əldə edilmiş telefon məlumatlarına “baxış keçirilməsi haqqında” 6 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrədən X2 istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə 4/07/2021 tarixdə saat 22:18:29-də “İndi danışa bilmirəm. Bir az sonra zəng edərəm”, saat 22:19:35-də “İndi məşqulam. Mənə sms yaz”, xx/xx/2021 tarixdə saat 03:58:30-də “Nedi” məzmunlu mesajlar daxil olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə xx/xx/2021 tarixdə, saat 16:24:48-də “İndi məşqulam. Mənə sms yaz” məzmunlu mesaj daxil olmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, yuxarıda göstərilənlər təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında işin mahiyyəti üzrə verdiyi ifadələrini sübut kimi qəbul edir. Təqsirləndirilən şəxsin əməlində onun təqsiriliyini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 21-ci bəndində göstərilir ki, qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır. Məhkəmə cinayət qanunvericiliyinin müddəalarını, habelə məhkəmədə tədqiq olunmuş sübutlara, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin və şahidlərin, eləcə də təqsirləndirilən şəxsin ifadələri, ekspert rəyləri, maddi sübutlar məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənədlərə və iş materiallarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs niyyəti mərhum Rahib Həsənovu qəsdən öldürmək, Zərərçəkmiş şəxs isə hədənin icra edilədiyi üçün real əsaslar olmaqla öldürməklə hədələmək olmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 134-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması sübuta yetirilmiş, onun əməlləri istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1 və 134-cü maddələri ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). İş materiallarında olan 24 noyabr 2021-ci il tarixli 321 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı Ayğül Nuriyevadan, 3 sentyabr 2013-cü il təvəllüdlü qızı Fidan, 26 may 2016-cı il təvəllüdlü qızı Məlahət və 1 noyabr 2021-ci il təvəllüdlü oğlu Murad Nuriyevdən ibarətdir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 4 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 5 noyab 2021-ci il tarixdə barəsində Ağcabədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını, habelə təqsirləndirildiyi CM-nin 134-cü maddəsinə münasibətdə Zərərçəkmiş şəxsla barışıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cinayəti odlu silahdan istifadə etməklə törətməsi Azərbaycan Respublikası CM-in 61.1.10-cu maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin həddinin dörddə üçündən artıq olmamalıdır. Lakin, CM-nin 60.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs cinayəti odlu silahdan istifadə etməklə törətməsi cəzanı ağırlaşdıran hal olduğundan onun təqsirləndirildiyi CM-nin 134-cü maddəsinə münasibətdə barəsində 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilə bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş törətdiyi cinayət xüsusilə ağır və CM-nin 134-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli isə böyük ictimai təhlükə törətməyən cinayətlər katerqoriyasına aiddir, CM-nin 120.1-ci maddəsinin sanksiyasında 9 ildən 14 ilədək azadlıqdan məhrum etmə cəzası, CM-nin 134-cü maddəsinin sanksiyasında alternativ cəza ilə yanaşı iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Bu cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, insanların həyat və sağlamlığı təhlükə altına alınır, onlara qəsd olunur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1 və 134-cü maddələrində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli onun faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan – tutulduğu 4 noyabr 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan və hazırda Ağcabədi rayon prokurorluğunda saxlanılan pambıq tampona hopdurulmuş 02 ədəd qan nümunəsi, üzərində qan ləkələri olan 02 ədəd bağlamada torpaq örtüyü, meyitin bədən səthindən aşkar edilmiş 04 ədəd qırma, hadisə baş verən zaman meyitin əynində olmuş 01 ədəd tünd yaşıl rəngli gödəkcə, 01 ədəd ağ-qara rəngli poliver, 01 ədəd qara rəngli uzunqol kofta, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd göy rəngli sviter, 01 ədəd qara rəngli gödəkcə yaxın qohumlarına qaytarılmalı, Ağcabədi rayon polis şöbəsində saxlanılan 9753HQ nömrəli, tək lüləli, 16 kalibrli tüfəng, 02 ədəd 16 kalibrli giliz Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. İş üzrə ekspertiza xərci 350 (üç yüz əlli) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1 və 134-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 134-cü maddəsilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ona cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 4 noyabr 2021-ci ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Ağcabədi rayon prokurorluğunda saxlanılan pambıq tampona hopdurulmuş 02 ədəd qan nümunəsi, üzərində qan ləkələri olan 02 ədəd bağlamada torpaq örtüyü, meyitin bədən səthindən aşkar edilmiş 04 ədəd qırma, hadisə baş verən zaman meyitin əynində olmuş 01 ədəd tünd yaşıl rəngli gödəkcə, 01 ədəd ağ-qara rəngli poliver, 01 ədəd qara rəngli uzunqol kofta, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd göy rəngli sviter, 01 ədəd qara rəngli gödəkcə yaxın qohumlarına qaytarılsın, Ağcabədi rayon polis şöbəsində saxlanılan 9753HQ nömrəli, tək lüləli, 16 kalibrli tüfəng, 02 ədəd 16 kalibrli giliz Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 350 (üç yüz əlli) manat təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar