Məhkəmə qərarları › İş №1(099)-247/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-247/2025

04.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-247/2025 04.04.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, Katib katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - xx xxxxxx 1996-cı ildə Salyan rayonunun Seyidsadıqlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş (elektrik işləmiş), əvvəllər məhkum olunmamış, Salyan rayonu, Seyidsadıqlı kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs arvadı X1 ilə həmkəndlisi Zərərçəkmiş şəxs arasında yaxın münasibətin olmasından şübhələnərək, 28 oktyabr 2024-cü il tarixdə, saat 16:30 radələrində Salyan şəhəri, X.R.Ulutürk küçəsi ərazisində yerləşən “Terrasa” çay evinin yaxınlığında Zərərçəkmiş şəxs işlədiyi avtomobil təmiri sexinə gəlib orada sonuncuya arvadı X1 ilə yaxın münasibət saxlamasına görə aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə qarın nahiyəsinə bir bıçaq zərbəsi vuraraq, ona qarının ön divarında bir ədəd daxilə keçən, nazik bağırsağı zədələyən yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhərində 20ci sahə deyilən ərazidə kirayədə qalmış, X1 ilə evləndikdən sonra kəndə köçmüşlər. Kənddə yaşadıqları müddətdə arvadı Elmiranın ona xəyanət etməsindən şübhələnməyə başlamış, aralarında sözlü mübahisələr olmuş, yaşadıqları evin pəncərəsinə ışıq salınmış, damına xırda qırmızı kərpic qırıntıları atılmış, dama çıxaraq həmin qırıntıları şəxsən görmüşdür. Bu problemlərdən uzaqlaşmaq üçün Bakıya köçüb bir müddət də orada yaşamışdır. Arvadı Elmiranın ona, kənddəki qonşusu Zərərçəkmiş şəxsla xəyanət etməsindən şübhələnmiş, çünki, evlərinin arxasında olan damın (toyuq hininin) qapısı açıldıqdan sonra bütün bu proseslər baş vermişdir. Bundan başqa, gecələr pəncərədən taqqıltı gəlmiş, baxmış, gözləmiş, lakin kimisə görməmiş, bir qədər səs-küy eləmiş, həyətdə bir nəfərin hərəkət etməsini görsə də, pəncərə xrustal olduğundan şəxsin kimliyini bilməmişdir. Zərərçəkmiş şəxs evində tək yaşamış, arvadı rayonda qalmış, arada gəlib təsərrüfatını yerbəyer edib getmişdir. Elmira ilə son dəfə mübahisə zamanı onu tənbeh eləmiş, bir şillə vurmuş, sonra da babası Şahid1 zəng vurub, onu anasıgilə aparmalarını bildirmiş, özü isə gedib Azərlə söhbət etmək niyyətində olmuşdur. Elmira babasıgillə getdikdən sonra özü də oraya getmiş, Elmiradan mobil telefonunu baxmaq üçün istəmiş, lakin Elmira onun ünvanına nalayiq ifadə işlədərək telefonu vermək istəməmişdir. Həmin vaxt mətbəxdən bıçağı götürərək Elmiraya onu vuracağını demişdir. Elmira ilə arasında dəfələrlə belə hadisə olmuş, bu mövzuda mübahisə etmiş, bir-birilərinə qarşı nalayiq ifadələr işlətmişlər. Elmira ona kişiliyinin çatmadığını, həyətinə girən şəxsi belə vura bilmədiyini bildirmiş, o, da bundan əsəbləşərək bıçağın ucu ilə onun qoluna xəsarət yetirmiş, sonra bıçağı yerə atıb öz evinə getmişdir. Bundan sonra qonşusu Azəri çağırmış, cavab verən olmadığı üçün onun iş yerinə getmişdir. Azəri vurmaq niyyəti olmamış, söhbət edərək başa salmaq istəmiş, çünki, yetimçiliklə böyümüş və əzab-əziyyətlə ailə sahibi olmuşdur. Həmin vaxt Azər ona qarşı pis söyüş söymüşdür. Eyni qaydada, yəni bıçağın ucu ilə Azərin qarın nahiyəsinə xəsarət yetirmişdir. Azərə xəsarət yetirdiyi bıçaq başqa bıçaq olmuşdur. Bundan sonra polis şöbəsinə getmiş və könüllü təslim olmuşdur. Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesi iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, 2013-2014-cü illərdə psixoloji müalicə almış, siqaretlə özünə xəsarət yetirdiyi üçün hərbi xidmətdə olmamışdır. On altı ildir ki, elektrik işləyir. X1 ilə xadimə işləyəndə tanış olmuş, nişanlanmışlar və qanuni nikahları var. Elmira Bakı şəhərində “28 May” ərazisində yerləşən Çin səfirliyinin yanında yaşamışdır. Öz atası rəhmətə getmiş, anası ikinci dəfə ailə həyatı qumuşdur. Yaşadıqları ev anasının adına olmuşdur. Hadisəyə qədər altı ay idi ki, Elmira ilə evli idilər. Bu müddət ərzində Elmira ilə aralarında qısqanclıq zəminində mübahisələri olmuş, ona dəfələrlə iradını bildirmiş, onu anasıgilə aparmış, sonra ürəyi ilə bacarmamış və geri qaytarmışdır. Elmiranın da valideynləri var. Elmira əvvəllər sərbəst yaşayan adam olmuş, ailəli olmamış, ilk dəfə onunla ailə həyatı qurmuşdur. Evdə Elmira ilə özündən əlavə başqa kimsə yaşamamışdır. Evləndikdən iki-üç ay sonra Elmiranın ona xəyanət etməsindən şübhələnməyə başlamışdır. Bir gün güya işə gedirmiş kimi davranmış, evinin zirzəmisində gizlənmiş, həmin vaxt qonşusu Zərərçəkmiş şəxs həyətlərinə girərək arvadı Elmiranı çağırmış, bu zaman çölə çıxmış, lakin ona belə bir şeyin olmadığı bildirilmişdir. Elmiraya məxsus “İphone” markalı telefonda Azərlə Elmiranın səsini qeydə almış, lakin telefon format olunduğu üçün səslər silinmişdir. Azərdən Elmiraya telefon vasitəsilə mesaj gəldiyini görməmişdir. Əvvəllər evdə olmayanda Azər həyətlərinə daxil olmuş, buna səbəb də toyuq-cücəsinin onun həyətinə daxil olması olmuşdur. Həmin vaxtlar söyüş də söymüş, Azərə öz iradını bildirmiş və evdə olmayanda həyətlərinə daxil olmamağı tapşırmışdır. Əvvəldən Azəri vurmaq niyyəti olsaydı, həyətlərində görəndə vurardı. Azəri bıçaqla vuranda kimsə görməmiş, bıçağı da polisə özü təqdim etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, belə olan halda özünü qismən təqsirli bilməsini isə onunla əsaslandırmışdır ki, Azərə bıçaqla xəsarət yetirmişdir, amma onu öldürmək və ya sağlamlığına ağır xəsarət yetirmək niyyəti olmamış, ona məhkəmə-tibbi ekspertizasının rəyində göstərilən kimi ağır xəsarət yetirməmişdir. Buna görə də, təkrar məhkəmə-tibbi ekspertizası keçirilməsini xahiş etmişdir, çünki, belə olan halda Azərə ağır xəsarət yetirmədiyi məlum olacaqdır. Bundan başqa, əvvəllər ara-sıra narkotik vasitə istifadə etmişdir. Məlum hadisədən sonra, yəni 28 oktyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirəndən sonra polis şöbəsinə gedib təslim olmuş, şöbənin inzibati binasındakı xidməti otaqların birində saxlanılmış, sərbəst buraxılmamış, səhəri gün, yəni 29 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Təqsirləndirilən şəxs məhkəmədəki son sözündə zərərçəkmişə dəymiş ziyanı ödəməsini və bunun yüngülləşdirici hal kimi nəzərə alınaraq, barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın ən aşağı həddində cəza təyin edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin, yəni təqsirləndirilən şəxsin qismən etirafedici, zərərçəkmiş şəxs və şahidlərin ifadələrini dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə uzun illərdir ki, qonşudur, aralarında normal münasibətləri olmuşdur. Salyan rayonunun Seyidsadıqlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Gündüz vaxtı Salyan şəhəri, X.R.Ulutürk küçəsində yerləşən maşın təmiri sexində qaynatası İxtiyar Kazımovla birlikdə motorist, gecə vaxtı isə “Veysəloğlu” şirkətində fəhlə kimi işləyir. İyirmi ilə yaxın kənddəki evində yaşamamış, evdə olmayanda Mədətgil onun evinə baxmışlar. Təxminən 2024-cü ilin iyul ayında saat 22:30 radələrində ailəsi ilə birlikdə öz həyətində olarkən Mədət onların həyətlərinin arasında olan çəpərdən boylanaraq ona “həyətimdə neyniyirsən?” demiş, niyə belə dediyini öyrənmək üçün sonuncunu yanına çağırmış, Mədət isə qaçıb getmişdir. Bu hadisədən sonra Mədətlə aralarında heç bir mübahisə olmamışdır. 28 oktyabr 2024-cü il tarixdə həmişəki kimi sexdə işlədiyi vaxt saat 16:30 radələrində Mədət sexə gələrək sexin içərisində ona həyətində uşaqların olduğunu demişdir. Mədətə həyətində heç kimin olmadığını və qapıların bağlı olduğunu demişdir. Belə ki, onun övladları Bakı şəhərində ali təhsil alır, arvadı da övladlarının yanında olmuşdur. Mədət təkidlə uşaqların həyətində ora-bura qaçdıqlarını demiş, o isə belə bir şeyin mümkün olmadığını bildirmişdir. Mədət ona yəqin özünün səhv etdiyini demişdir. Yarım saata yaxın söhbət etmişlər. Daha sonra Mədət ondan getməsi üçün pul istəmiş, o da içəridən pul götürüb Mədətə vermək istəyəndə sonuncu bıçaqla onun qarın nahiyəsinə bir zərbə vurmuş və qaçıb getmişdir. Mədətin arxasınca sexdən küçəyə çıxıb təcili tibbi yardıma zəng etmiş, bir neçə dəqiqədən sonra təcili tibbi yardım gəlmiş və onu Salyan Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Zərərçəkmiş şəxs cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, əvvəllər Salyan şəhərində kirayədə yaşamış, son üç-dörd il imiş ki, Mədətgilin qonşuluğundakı evinə qayıtmışdır. Təqsirləndirilən şəxs yaxşı insan kimi tanımış, sonuncunun ona qarşı əvvəllər heç bir qüsuru olmamışdır. Mədətlə arasında olan sözsöhbət barədə ailəsinə və Mədətin yaxınlarına məlumat vermişdir. Mədətin qonşular arasında arvadı ilə münasibətinin olması barədə niyə məhz ondan şübhələndiyini bilmir. Mədətin arvadı X1 ilə heç bir əlaqəsi, telefon danışığı olmamış, sonuncu ondan nəsə istəməmişdir. Mədət ona deyirmiş ki, güya o sonuncunun həyətinə daş atır, həyətinə girir və arvadı Elmira ilə əlaqəsi var. Elmiranı kəndə gəldiyi gündən tanımamışdır. Mübahisə zamanı Mədətə əqli geriliyi olması barədə deməmişdir. Təqsirləndirilən şəxs şikayətçi deyil, onunla barışmışdır, ona qarşı heç bir tələbi yoxdur, hansı növdə və həddə cəza təyinini məhkəmənin mülahizəsinə buraxmış, hadisə zamanı əynində olmuş və maddi sübut kimi tanınmış paltarların məhv edilməsini bildirmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadələr arasında yaranmış ziddiyyətlə əlaqədar, onun ibtidai istintaqa vermiş olduğu ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 330.1 və 327.1.3-cü maddəsinə (zərərçəkmiş şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən ziddiyyətli hissədə hissəvi olaraq elan edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, qonşusu Təqsirləndirilən şəxs arvadı X1nı 28 oktyabr 2024-cü il tarixinə qədər görməmiş, onunla heç bir əlaqəsi olmamışdır. 28 oktyabr 2024-cü il tarixdə həmişəki kimi sexdə işləyirmiş. X2 həmin gün işə gəlməmişdir. Saat 16:30 radələrində Mədət sexə gələrək sexin içərisində ona həyətində uşaqların olduğunu demiş, Mədətə həyətində heç kimin olmadığını və qapıların bağlı olduğunu bildirmişdir. Mədət ona demişdir ki, “onda belə çıxır ki, mən yalan danışıram”. Sonra Mədət ona onun nə vaxt və hara getdiyini bildiyini demiş, Mədətə gündüz vaxtı burada, gecə isə “Veysəloğlu”da işlədiyini və başqa heç bir yerə getmədiyini söyləmişdir. Mədət ona onun səsini telefon vasitəsilə qeydə aldığını və həmin səslərdə Elmira ilə danışdığını demiş, Mədətə başının xarab olduğunu və çıxıb getməli olmasını söyləmiş, Mədət ona Elmira ilə aralarında olan münasibətdən məlumatının olduğunu bildirmişdir. Mədətin bu sözü onu əsəbləşdirmiş və ona Elmira ilə heç bir münasibətinin olmadığını deyib, ünvanına təhqiramiz ifadələr işlətmiş, ondan əl çəkməsini, onu rahat buraxmasını bildirmişdir. Mədətdə əqli gerilik olduğunu bildiyi üçün onun hərəkətlərinə çox əhəmiyyət verməməyə çalışmışdır. Onunla söhbət edən vaxt Mədət sağ əlini arxasında gizlətmiş, lakin, Mədətin onu bıçaqlamaq istədiyini düşünməmiş, ona yaxınlaşaraq sexdən çıxarmaq istəyəndə Mədət gözlənilmədən əynindəki uzunqol köynəyin qolunda gizlətdiyi bıçaqla onun qarın nahiyəsinə bir zərbə vurmuş və dərhal da qaçaraq çıxıb getmişdir. Mədətlə arasında baş vermiş sözlü mübahisə və Mədətin onu bıçaqla vurmağı təxminən bir-iki dəqiqə ərzində baş vermişdir. Hadisə zamanı ətrafa kənar şəxslər toplaşmamış, heç bir ictimai qayda pozulmamışdır (iş vərəqi 188-190). Zərərçəkmiş şəxs ifadələri arasındakı ziddiyyəti izah edə bilməmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini ziddiyyət yarandığı hissədə təsdiq etmədiyini, məhkəmədəki ifadəsinin doğru olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, hal-hazırda rəsmi nikahda olduğu Təqsirləndirilən şəxs ilə Salyan rayonunun Seyidsadıqlı kəndində birlikdə yaşamışlar. Nikahda olduqları müddətdə hərdən aralarında mübahisə olmuş, Mədət onun ünvanına nalayiq ifadələr işlətmişdir. Mədət onu, evlərinin arxa tərəfində qonşuluqda yaşayan Zərərçəkmiş şəxsla münasibət saxlamaqda günahlandırmışdır. Azər də daxil olmaqla heç bir qonşusunu tanımır. Mədətə Azəri tanımadığını və onunla heç bir münasibətinin olmadığını desə də, Mədət ona inanmamış, həqiqəti danışmadığını iddia etmişdir. Aralarında bu mövzuda bir neçə dəfə mübahisə olmuş, sonradan bilmişdir ki, onlarla qonşuluqda yaşayan Azər öz həyətinin onların evinə tərəf hissəsində damda qaz saxlayır. Mədət gecə vaxtı qazların səsini eşidəndə onun üstünə qışqıraraq Azərin gəldiyini deyir, dərhal yerindən qalxaraq o tərəf, bu tərəfə gedib kimisə axtarır, səhərə kimi oyaq qalırmış. Həqiqətdə heç kimin gəlmədiyini, Mədətin qulağına səs gəldiyini bilirmiş. Əvvəllər belə hallar gec-gec baş vermiş, son zamanlar isə Mədətin hərəkətlərində belə hallar, yəni anormallıqlar bir qədər çoxalmışdır. Bundan başqa qalan vaxtlarda Mədətlə aralarında heç bir problem olmamış, Mədət ona diqqət və qayğı göstərmiş, onu incitməmişdir. Hadisə baş verən gün, yəni 28 oktyabr 2024-cü il tarixdə, gecə saat 03:00 radələrində yatdıqları yerdə Mədət qəfildən onun sifətinə şillə vuraraq kiminsə onu çağırdığını demiş, nə baş verdiyini anlamamış, sonra Mədət ona sakit qalmağını tapşırmış, bir qədər sakit qaldıqdan sonra Mədətə heç bir səs gəlmədiyini demiş, Mədət isə ona inanmayaraq səs gəldiyini və kiminsə onu çağırdığını demişdir. Mədətin əqli geriliyi olduğu üçün belə səslər eşitdiyini anlamış, ona görə də dediklərinə əhəmiyyət verməmiş, lakin Mədət oyandıqdan sonra yatmamış, səhərə kimi oyaq qalmış, bir yerdə dayanmamış, həyətə düşərək evin o tərəf, bu tərəfinə baxaraq kimisə axtarmış, lakin heç kimi tapa bilməmişdir. Mədət həmin gün onun mobil telefonunu əlindən alaraq telefonda Azərlə onun səsini qeydə aldığını bildirmiş, telefonu bir qədər qarışdırdıqdan sonra heç nə tapa bilməmiş və ona, həmin səsyazısını sildiyini demişdir. Mədət mobil telefonu ona qaytardıqdan sonra telefonda səs qeydinin olub-olmadığına baxmış, lakin heç bir səs qeydi aşkar etməmişdir. Səhər açılsa da, Mədət sakitləşməmiş, ona Azərlə münasibət saxladığını bildiyini demiş, nə qədər çalışsa da, Mədəti belə bir şeyin olmadığına inandıra bilməmişdir. Mədət onunla yaşamaq istəmədiyini demiş, sonra öz babası Şahid1 zəng edib onlara gələrək onu aparmalarını demiş, bir qədər sonra Mədətin babası Ədalət və nənəsi Şahid2 onlara gəlmişlər. Onlara baş verənləri danışmış, onlar da hər ikisini evlərinə aparmağa cəhd etmişlar. Ədalət və Pikəxanımla razılaşmış, Mədət isə evdə qalacağını demiş, təkid etsələr də Mədətin fikrini dəyişə bilməmişlər. Ədalət və Pikəxanımla birlikdə onların evinə getmiş, yolda Pikəxanım narahat olduğunu, geri qayıdaraq Mədəti də götürüb gələcəyini demiş, bundan sonra maşından düşüb geri qayıtmış, o isə Ədalətlə birlikdə sonuncunun evinə getmişdir. Ədalətgildə evin ikinci mərtəbəsinə qalxıb divanda əyləşmiş, Ədalət isə onunla otaqda qalmamış, həyətə düşmüşdür. Bir qədər sonra həyətdən Mədətin səsini eşitmiş, Ədalət Mədəti qarşılamış və onun yuxarıda olduğunu bildirərək, Mədəti də yanına göndərmişdir. Mədət onun yanına gəlib, nə etdiyini soruşmuş, cavab vemişdir ki, telefonda şəkillərə baxır. Mədət ona inanmayaraq, Azərlə danışdığını demiş, telefonu göstərib heç kimlə danışmadığını bildirmişdir. Mədət ondan telefonu alıb baxandan sonra cibinə qoymaq istəmiş, telefonunu geri istədikdə telefonun içərisində heç bir nömrə olmadığını demişdir. Telefonun üzərində Mədətə məxsus nömrə var imiş. Həmin nömrəni öz evlərində olan zaman Mədətə vermiş, Mədət də nömrəni itirmiş, lakin bunu xatırlamadığı üçün nömrəni ondan gizlətdiyini, yenidən Azərlə münasibətinin olduğunu bildirmişdir. Bir qədər uca səslə Mədətə heç kimlə münasibətinin olmadığını və ondan əl çəkməsini demiş, bu zaman Mədət qəfil əyinindəki uzunqol köynəyin qolundan bıçağı çıxardaraq onun sol çiyninə bıçaqla bir zərbə endirmiş, sonra bıçağı evdə ataraq çıxıb getmişdir. Mədət onu bıçaqla vuran zaman qışqıraraq Ədalət və Pikəxanımı çağırmış, onlar gələnə qədər Mədət artıq çıxıb getmişdir. Ədalət və Pikəxanımın köməkliyi ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Şahid X1 cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən günə kimi Mədətlə təxminən altı ay əvvəl ailə həyatı qurmuş, iki ay olardı ki, aralarında narazılıq yaranmışdır. Gəlin gələndə ayağında qüsur olmuş, zənn etmişdir ki, Mədət buna görə ondan boşanmaq istəyir. Halbuki, Mədət onu bu formada qəbul etmişdir. Ailə qurandan həm qayınanası, həm də anasıgildə qalmışdır. Mədətdə olan psixoloji narahatçılıqla bağlı həkimə müraciət olunmamışdır. Mədətin öz mobil telefonu olsa da, adətən onun telefonundan istifadə etmişdir. Onda neqativ hal olmamış, telefonundan nəsə silməmişdir. Onunla bağlı neqativ məzmunda səs qeydi olmamışdır. Mədət evin pəncərəsini kağızla tutmuş və kənd həyatı barədə hər hansı təsəvvürü olmadğı üçün bunu təbii hal kimi qəbul etmişdir. Mədət onun kimləsə əlaqəsi olması barədə kiminsə ona dediyini, onu pis halda tutsa, ona xəsarət yetirəcəyini bildirmişdir. Məlum hadisəyə kimi Mədətin onun üzərinə bıçaqla hücum etməsi, ona xəsarət yetirməsi kimi hallar olmamış, bıçaq götürüb kimisə vurmağa getməsini görməmişdir. İttiham olunduğu cinayət əməlini törədən ana qədər Mədətin bu kimi hallara yol verəcəyinə inanmamışdır. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hal-hazırda Salyan rayonu Seyidsadıqlı kəndində yaşayır və heç yerdə işləmir. Təqsirləndirilən şəxs onun nəvəsidir. Mədət məlum hadisədən altı ay qabaq X1 ilə evlənmiş, Elmira ilə normal münasibəti olmuş, aralarında heç bir mübahisə olmamışdır. Normal münasibətdə olduğu Zərərçəkmiş şəxs həmkəndlisi kimi tanıyır. Mədətlə Elmira arasında hərdən sözlü mübahisələr olmuş, öz aralarında həll edib barışmışlar. 28 oktyabr 2024-cü il tarixdə günorta saatlarında Mədət ona zəng edərək Elmira ilə birlikdə yaşamaq istəmədiyini, boşanmaq istədiyini bildirmiş, arvadı Şahid2 ilə birlikdə onların evinə getmişdir. Evdə Elmira onlara Mədətin gecə saat 03:00 radələrindən oyanaraq yuxusuz qaldığını, gözünə kölgə göründüyünü, bəzi səslər eşitdiyini, həmçinin onu qonşuluqda yaşayan Azərlə münasibət saxlamaqda təqsirləndirdiyini və bu barədə mübahisə etdiklərini bildirmişdir. Bundan sonra Mədətlə Elmiranı öz evlərinə aparmaq qərarına gəlmişlər. Elmira onlarla gəlməyə razılaşsa da, Mədət gəlmək istəmədiyini bildirmiş, Mədətin fikrini dəyişdirməyə cəhd etsələr də, sonuncu israrla evdə qalacağını bildirmiş, onlar da Elmiranı götürüb öz evlərinə getmişlər. Yolun yarısında Pikəxanım Mədətə görə narahat olduğunu və geri qayıdaraq onu da gətirəcəyini deyib geri qayıtmış, o isə Elmira ilə birlikdə evinə gəlmişdir. Elmira fiziki qüsurlu olduğu üçün Elmiraya kömək edib evin ikinci mərtəbəsində yerləşən qonaq otağına aparmış və həmin otaqdakı divanda əyləşməyinə yardım etmiş, sonra həyətə düşərək Pikəxanım və Mədətin gəlməsini gözləmişdir. Bir qədər sonra Mədət evə tək gəlmiş, Mədətdən Pikəxanımın harada olduğunu soruşmuş, cavabında iti addımlarla gəldiyi üçün Pikəxanımın geridə qaldığını bildirmişdir. Mədətə Elmiranın qonaq otağında olduğunu deyib, onu da həmin otağa göndərmişdir ki, aralarında olan anlaşılmazlığı həll edib barışsınlar. Bir neçə dəqiqədən sonra Elmiranın qışqırdığını eşitmiş, dərhal evə gedib nə baş verdiyini öyrənməyə çalışmış, evə qalxanda Mədət sürətlə yanından keçib getmişdir. İmkan tapıb Mədətdən hadisəni soruşa bilməmişdir. Evə qalxdıqdan sonra Elmiranın əli ilə çiynini tutduğunu görmüş, nə baş verdiyini soruşduqda Elmira Mədətin onu bıçaqladığını bildirmişdir. Həmin vaxt Pikəxanım da gəlib evə çatmış və birlikdə Elmiranı Salyan Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Şahid1 cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs münasibəti normal olmuş, arada olan söz-söhbət isə qaz, toyuq və ördəklərin həyətə keçmələri səbəbindən baş vermişdir. Azəri kənd sakini tanımış, kənddə onunla bağlı hər-hansı söz-söhbət eşitməmişdir. Elmira onların yaşadıqları kənddən olmamış, Mədətlə Elmiranı o, evləndirməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 iş üzrə digər Şahid1 ilə eyni məzmunda ifadə vermiş, cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun böyük nəvəsidir, onu həmişə nə qulluğa göndəribsə, yerinə yetirmişdir. Mədətlə arvadı X1nın arasında arada mübahisə xarakterli söz-söhbət olsa da, Elmira yaxşı gəlin olmuşdur. Hadisə baş verən gün Mədəti evə aparmaq istəyəndə əsəbi olmuşdur. Mədətdə qəribə davranışları az müddət olardı ki, hiss etməyə başlamışdır. Mədət kənddə müsbət xarakterizə olunmuşdur. Elmiranın özünü şübhəli aparmasını, başqa şəxslərlə münasibəti olmasını görməmişdir. 28 oktyabr 2024-cü il tarixdə Mədətə paltarını dəyişərək onlara getməyi təklif etmiş, ilkin olaraq razılaşmasa da, sonradan razılaşmışdır. Evin qapısını bağlayıb həyətdə Mədəti görməmiş, onu axtarmış, lakin tapa bilməyərək nigaran halda evinə getmişdir. Yolda Mədəti görmüş, Mədət Elmiranı bıçaqla vurduğunu və təslim olmaq üçün şöbəyə getdiyini bildirmişdir. Həmin vaxt Mədətə geri qayıtmasını, nə baş verdiyini bildirsə də, o yolundan dönməmişdir. Bundan sonra evə qayıtmış, Elmiranın xəsarət aldığını, bıçağın da yerə atıldığını görmüşdür. Mədət Azərə xəsarət yetirmək niyyətində olduğu barədə ona bildirməmişdir. Hadisədən sonra polis şöbəsində izahat verib çıxanda Zərərçəkmiş şəxs yarası sarınmış vəziyyətdə orada görmüşdür. Mədət Elmira ilə Azərin hərəsinə ayrı-ayrılıqda bir bıçaq zərbəsi vurmuşdur. Mədətin Azəri vurmasına səbəb arvadı Elmiranı ona qısqanması olmuşdur. Mədətlə Azər çəpər qonşusu olmuşlar, Azərin təsərrüfatı Mədətin həyətinə girib orada otlayırmış. Mədət 28 oktyabr 2024-cü il tarixdə polis şöbəsinə gedib könüllü təslim olandan sonra bir daha geri qayıtmamış, şöbədə qalmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokolları, habelə digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmiş və Zərərçəkmiş şəxs fiziki zərər yetirildiyindən iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (iş vərəqi 01). Salyan Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, şöbənin növbətçi hissəsinə həmin tarixdə, saat 16:40-da Zərərçəkmiş şəxs Salyan şəhəri, T.Xəlilbəyli küçəsində yerləşən “Terrasa” çay evinin yaxınlığında bıçaqlanması və xəstəxanaya aparılması barədə məlumat daxil olmuşdur (iş vərəqi 04). Zərərçəkmiş şəxs Salyan Rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, həmin tarixdə Salyan şəhəri, X.R.Ulutürk küçəsində Təqsirləndirilən şəxs onu bıçaqlayaraq sağlamlığına xəsarət yetirmişdir (iş vərəqi 06). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, həmin tarixdə, saat 16:50 dəqiqədə Təqsirləndirilən şəxs könüllü olaraq şöbəyə getmiş, həyat yoldaşı X1, qonşusu Zərərçəkmiş şəxs bıçaqladığını, əməlindən səmimi olaraq çox peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirmiş, eyni zamanda sonuncuya xəsarət yetirdiyi bir ədəd bıçağı təqdim etmişdir (iş vərəqi 07). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bir ədəd bıçağın dəstəyi 9,4 sm uzunluğunda, plastik, ağ və tündgöy rəngli, tiyəsi 5 sm uzunluğunda, metal, iti olan hissəsi mişar quruluşundadır və tiyənin üzərində qana bənzər ləkələr vardır; X1nın təqdim etdiyi bir ədəd bıçağın dəstəyi plastik, qara rəngli, tiyəsi metal və iti olan hissəsi mişar quruluşundadır. Hər iki bıçaq iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş və bu barədə fotocədvəllər protokola əlavə edilmişdir (iş vərəqi 09-10; 12-13). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, hadisənin baş verdiyi, yəni Təqsirləndirilən şəxs həyat yoldaşı X1nı bıçaqladığı yer Salyan rayonunun Seyidsadıqlı kəndində Şahid1 məxsus fərdi yaşayış evinin ikinci mərtəbəsində olan qonaq otağıdır. Həmin yer X1 tərəfindən göstərilmiş, bu barədə fotocədvəl protokola əlavə olunmuşdur (iş vərəqi 14-16). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, hadisə yeri, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqladığı yer Salyan şəhəri, X.R.Ulutürk küçəsində yerləşən “Şirinlər” əyləncə mərkəzinin sol tərəfində olan avtomobil təmiri sexinin içərisidir. Həmin yer Zərərçəkmiş şəxs tərəfindən göstərilmiş, bu barədə fotocədvəl protokola əlavə olunmuşdur (iş vərəqi 17-19). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərar və protokolundan görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş qara rəngli uzunqol köynək, tünd boz rəngli jilet və açıq boz rəngli maykaya baxış zamanı müəyyən edilmişdir ki, həmin köynəyin və jiletin ön tərəfdən bir ədəd təxminən 0,3-0,5 sm ölçüdə kəsilmiş-deşilmiş, maykanın ön tərəfdən qarın hissəsində geniş sahədə nəm və yaş halda qan ləkəsi və bir ədəd təxminən 0,3-0,5 sm uzunluğunda kəsilmiş-deşilmiş zədə izi vardır. Həmin predmetlər iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş və bu barədə fotocədvəl protokola əlavə edilmişdir (iş vərəqi 29-31). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərar və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 10:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və bu barədə yaxın qohumuna məlumat verilmişdir (iş vərəqi 36; 45). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 54-55). Salyan Rayon Məhkəməsinin 4(057)-95/2024 nömrəli, xx.xx.2024-cü tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 29 oktyabr 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətə həbs qətimkan seçilmişdır (iş vərəqi 72-74). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “sağlamlığa zərər vurmanın təyininə dair” 524 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, X1nın məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sol bazunun yuxarı 1/3-nin bayır səthinin yarası deşici-kəsici alətin təsirindən törənmiş, qərarda göstərilən müddətdə müxtəlif şəraitlərdə xx.xx.2024-cü il tarixdə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir (iş vərəqi 79). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (iş vərəqi 102). Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli, 18-1-68/2-2118/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2023-cü ildən “Opiatların, Psixostimulyatorların” qəbulu nəticəsində yaranan asılılıq sindromu ilə həmin xəstəxanada narkoloji qeydiyyatdadır, həkim-psixiatr qeydiyyatında isə deyildir (iş vərəqi 103). Zərərçəkmiş şəxs və X1nın Salyan Rayon Polis Şöbəsinə ünvanladıqları xx.xx.2024cü il tarixli ərizələrindən, habelə sonuncunun xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar və ona qarşı şikayət və tələbləri yoxdur (iş vərəqi 118-119; 126). Salyan Rayon İcra Hakimiyyəti başçısının Marışlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu, Seyidsadıqlı kəndində qeydiyyatda olmaqla yaşamışdır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqi 127-128). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin kompleks məhkəmə-ballistik və məhkəmə-trasoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3/1827 və 3/1828 nömrəli rəyindən görünür ki, tədqiqata X1 və Təqsirləndirilən şəxs tərəfindən ayrı-ayrılıqda təqdim edilmiş bıçaqlar (cəmi iki ədəd) zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deçici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçaqlarıdır, soyuq silah hesab edilmirlər. Bundan başqa, tədqiqata təqdim edilmiş bir ədəd mayka, bir ədəd pulover, bir ədəd jiletin ön hissəsinin sol aşağı tərəfində rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr vardır. Həmin zədələr kəsici-deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Ümumi əlamətlərinə əsasən mayka, pulover, jiletin səthində olan zədələrin təqdim edilmiş bir ədəd tünd göy rəngli plastik materialdan dəstəyi və mişarvari tiyəsi olan qatlanmayan bıçağın da təsirindən yaranması mümkündür, lakin həmin zədələrdə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədələrin hər hansı konkret bir bıçaqla, o cümlədən təqdim edilmiş bıçaq ilə təsir nəticəsində yaranıb-yaranmadığını müəyyən etmək mümkün deyildir. Aparılmış tədqiqatın dəyəri 126 (bir yüz iyirmi altı) manat müəyyən edilmişdir (iş vərəqi 135-139). “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “sağlamlığa zərər vurmanın təyininə dair” 595 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər qarnın ön divarında bir ədəd daxilə keçən, nazik bağırsağı zədələyən yarası, deşici-kəsici alətin təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə təqdim olunmuş bıçaqla vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir (iş vərəqi 140-141). “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxsin kompleks ambulator məhkəmə-psixiatriya və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3184 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları aşkar olunur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs müəyyən edilən əqli gerilik yüngül ifadə olunduğundan o, törətdiyi cinayət hadisəsini adekvat olaraq qavramaq qabiliyyətinə malik olmuşdur, onun əqli inkişafında yüngül dərəcəli gerilik əlamətləri müəyyən edilir və fərdi-psixi xüsusiyyətlərinə görə özündən uydura və yalan danışa, həmçinin əqli və psixi inkişafına görə başqalarının təsiri altına düşə bilər. Bundan başqa, Təqsirləndirilən şəxs müəyyən edilən əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, o, qərarda qeyd edilən əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. O, qərarda qeyd edilən əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də, ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir (iş vərəqi 142-146). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş mayka, pulover və jilet, həmçinin Təqsirləndirilən şəxs və X1nın təqdim etdikləri iki ədəd bıçaq maddi sübut kimi tanınaraq saxlanılması üçün şöbənin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir (iş vərəqi 150-151). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, X1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və onlar ifadələrində qeyd etdikləri xüsusatları bir-birlərinin üzünə qarşı bildirmişlər (iş vərəqi 155-159). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları əyani olaraq hadisə yerində bildirmiş və bu barədə fotocədvəllər protokola əlavə edilmişdir (iş vərəqi 160-164). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “sübutların qiymətləndirilməsi haqqında” və “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2025-ci il tarixli qərarlarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə yeni məzmunda ittham elan edilmiş; X1nın zərərçəkmiş şəxs statusuna xitam verilmişdir (iş vərəqi 165-174; 176-177). Təqsirləndirilən şəxs barədə elektron məhkəmə informasiya sistemi vasitəsilə çap edilmiş portal məlumatında onun X1 ilə rəsmi nikahda olduğu müəyyən edilmişdir. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi zərərçəkmiş şəxs Azər Abbasovun notariat qaydasında təsdiq olunmuş ərizəsinin məzmunundan görünür ki, o, Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bundan başqa, zərərçəkmiş şəxs Azər Abbasov məhkəmə iclasında ifadə verdikdən sonra eyni məzmunlu ərizə təqdim etmiş, ərizəsində əlavə olaraq Təqsirləndirilən şəxsa cəza təyini məsələsini məhkəmənin mülahizəsinə buraxmasını bildirmişdir. Salyan Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubları, “şəhər, rayon xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarışın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsi faktı ilə əlaqədar xx.xx.2024-cü ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanılmış, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə könüllü olaraq müstəntiq Samir Eynullazadənin yanına gəlmiş, müstəntiq bu barədə protokol tərtib etmiş, buna görə də, onun polis şöbəsinə gəlməsi qeydiyyat kitabında qeydə alınmamış, baş vermiş hadisə nəticəsində Zərərçəkmiş şəxs və X1nın aldığı xəsarətlərin ağırlıq dərəcəsini müəyyən etmək mümkün olmadığından, onlar xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra evə buraxılaraq izahat vermələri üçün polis şöbəsinə dəvət edilərək müəyyən istintaq hərəkətləri keçirilmiş, lakin Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verilməsi mümkün olmadığına görə sonuncu şöbədə saxlanılmayaraq xx.xx.2024cü il tarixdə, saat 09 radələrində rayon polis şöbəsinə gəlməsi bildirilərək sərbəst buraxılmış və növbəti gün Zərərçəkmiş şəxs aldığı xəsarətin dərəcəsinin ağır olması ilə bağlı tibbi arayış alındıqdan sonra Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 14 (on dörd) iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsi, habelə törətdiyi əməlin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, hər iki tərəfin hüquqlarına hörmətlə yanaşılmış, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə müdafiəçisi vasitəsi ilə suallar, habelə özü tərəfindən vəsatət verilmiş, lakin ona qarşı irəli sürülmüş ittihamı yalnız zərərçəkmişə vurulmuş xəsarətin dərəcəsi istisna olmaqla qalan hissədə mübahisələndirməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd etməyi məqsədə uyğun hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlinin sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin müəyyən etdiyi hüquqi prosedurlar daxilində aparılır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət-Prosessual Məcəllənin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Bəhs olunan Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Sözü gedən Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İstinad olunan Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər ki, bu da öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun özünü müdafiə üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirsə də, ona ağır xəsarət yetirmək niyyətinin olmaması, məhkəmə-tibbi ekspertizasının rəyində göstərilən kimi ağır xəsarət yetirməməsi barədə dedikləri əsassız olaraq törətdiyi əmələ görə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinin yuxarıda göstərilən hissəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsi onun özünün, həmçinin zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə yanaşı, məhkəmə-tibbi ekspertizasının rəyi ilə öz təsdiqini tapdığından işin mübahisələndirilməyən halıdır. Təqsirləndilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs vurduğu bıçaq zərbəsinin dərəcəsini mübahisələndirməsinə gəlincə, bu barədə ekspertiza rəyi vardır. Belə ki, “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin 595 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onda aşkar edilmiş xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olmuşdur. Bundan başqa, cinayət işinin materiallarında olan Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı yuxarıda sözü keçən məhkəmə-tibbi ekspertizasının rəyi ilə tanış olarkən heç bir şikayət və tələbinin olmamasını qeyd etmişdir (iş vərəqi 148). Bundan əlavə, cinayət işinin materiallarından o da görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən aldığı bıçaq xəsarəti nəticəsində əməliyyat olunmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsinə dair Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında onun elan olunmuş ittihamla özünü təqsirli bilərək, əməlindən peşman olduğunu bildirməsi qeyd edilmişdir. Təqsirləndirilən şəxs habelə ibtidai istintaq zamanı verdiyi bütün izahat və ifadələrində, zərərçəkmişlə üzləşdirmə, ifadəsinin yerində yoxlanılması zamanı ona ittiham olunan əməli törətməsini səmimi olaraq etiraf etmişdir (iş vərəqi 27-28; 50-52; 63-65; 155- 157; 160-164). Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs iş üzrə təkrar məhkəmə-tibbi ekspertizasının keçirilməsini xahiş etməsi lüzumsuzdur. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək əməlin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmaya görə cinayət məsuliyyəti müəyyən edilir. Göründüyü kimi, Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Bu zaman həyat üçün təhlükəli zərər dedikdə, yetirilən anda zərərçəkmiş şəxsin həyatı üçün təhlükə törədən və ya adi gedişində ölümlə nəticələnən zərər başa düşülür. Sağlamlığa zərər vurmanın həyat üçün təhlükəli olmasını qiymətləndirdikdə tibbi yardım nəticəsində ölüm halının qarşısının alınması nəzərə alınmamalıdır. Şərh edilən cinayət maddi tərkibli olmaqla Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyasında göstərilmiş nəticələrdən hər hansı biri mövcud olduğu andan başa çatmış hesab ediləcəkdir. Hər bir halda zərərçəkmişə dəymiş zərərlə təqsirkarın qanunazidd əməli arasında səbəbli əlaqə olmalıdır. Bu cinayət subyektiv cəhətdən həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Təqsirkar başqa şəxsin sağlamlığı üçün təhlükəli olan əməl törətdiyini dərk edir, bunun həmin şəxsin sağlamlığına ağır zərər vuracağını qabaqcadan görür, belə zərərin vurulmasını arzu edir (birbaşa qəsd) və ya onun vurulmasına şüurlu surətdə yol verir (dolayı qəsd). Bu cinayətlər üzrə qəsd çox vaxt qeyri-müəyyən olur. Ona görə də, təqsirkarın əməli faktiki baş vermiş nəticələrə görə tövsif edilməlidir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməlində cinayət tərkibi vardır və bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs 28 oktyabr 2024-cü il tarixdə, saat 16:30 radələrində Salyan şəhəri, X.R.Ulutürk küçəsi ərazisində yerləşən “Terrasa” çay evinin yaxınlığında Zərərçəkmiş şəxs işlədiyi avtomobil təmiri sexinə gəlib orada Azərin onun arvadı X1 ilə yaxın münasibət saxlamasına görə aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə qarın nahiyəsinə bir bıçaq zərbəsi vuraraq, ona qarının ön divarında bir ədəd daxilə keçən, nazik bağırsağı zədələyən yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməsi ibtidai istintaq orqanı tərəfindən doğru olaraq həyat və sağlamlıq üçün təhlükəli olduğundan qəsdən sağlamlığa ağır zərərvurma kimi qiymətləndirilmiş və əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir, əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2, 5.1, 7.1, 8.1, 9.2-ci maddələrində göstərilir ki, bu Məcəllə cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir; əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz (başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Göstərilən maddələrin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət Məcəlləsinin kommentariyasında göstərilir ki, ictimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münsibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır və qanunverici orqanın mülahizəsindən asılı olmayaraq mövcud olur. Məhz bu əlamətin köməyi ilə qanunverici orqan bu və ya digər əməli kriminallaşdırır. Əməlin ictimai təhlükəiliyinə cinayət tərkibinin bütün əlamətləri təsir göstərir. Lakin əməlin qəsd etdiyi ictimai münasibətlərin onun bu xassəsinə təsiri daha mühümdür. Cinayət qanunvericiliyi cinayətin ictimai təhlükəliliyinin kəmiyyət və keyfiyyət tərəfini fərqləndirir. Belə ki, ictimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır, ictimai təhlükəliliyin dərəcəsi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallara cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Bu mənada məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimaitəhlükəliliyini azaldan zərərçəkmiş şəxslə razılıq əldə etməsi, ona vurduğu ziyanı ödəməsini iddia etməsi, zərərçəkmişin də onunla barışması kimi halların olmasına baxmayaraq, şəxsiyyətini xarakterizə edərkən qeyd etməyi zəruri hesab edir ki, onun arvadı X1nı da bıçaqla vurması, lakin zərbənin dərəcəsinə görə xəsarətin sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid olduğu və Elmiranın ondan şikayətçi olmaması nəticəsində zərərçəkmiş statusuna xitam verilməsi nəticəsində cinayət məsuliyyətinə cəlb olunmaması onu göstərir ki, o, bu qəbildən olan ictimai-təhlükəli əməlləri törətməyə meyillidir. Eyni gündə iki nəfərə qarşı analoji hadisəyə yol vermiş, hər iki şəxsə bıçaqla müxtəlif dərəcəli xəsarətlər yetirmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyəti barədə onu da qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarında olan “Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2023-cü ildən “Opiatların, Psixostimulyatorların” qəbulu nəticəsində yaranan asılılıq sindromu ilə həmin xəstəxanada narkoloji qeydiyyatdadır. Bundan başqa, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əvvəllər ara-sıra narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, habelə ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ailənin yeganə gəlir gətirən fərdi olduğunu, habelə könüllü gəlib təqsirini boynuna alaraq təslim olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, əməlindən peşmançılıq çəkdiyini bildirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin edilməsindən bəhs edən 60-cı maddəsində qeyd olunur ki, “Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs məlum hadisədən sonra polis şöbəsinə gələrək könüllü təslim olmuş, Zərərçəkmiş şəxsla barışıq əldə etmişdir və belə olan halda onun barəsində cəza təyin edilərkən Cinayət Məcəlləsinin yuxarıda bəhs olunan 60-cı maddəsinin tətbiq edilməsi qanuni və əsaslıdır. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarı). “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunmaqla həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunur. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.1 və 132.1.7-ci maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; dəyəri olmayan digər əşyalar isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş mayka, pulover, jilet, bundan başqa soyuq silah hesab edilməyən iki ədəd bıçaq məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, ona məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə olan halda müdafiəçilərin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, cinayət işi üzrə məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 126 (bir yüz iyirmi altı) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Hazırki cinayət işi üzrə Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “şəxsin könüllü gəlməsi barədə” xx.xx.2024-cü il tarixli protokolunda göstərilmişdir ki, həmin tarixdə, saat 16:50 dəqiqədə Təqsirləndirilən şəxs könüllü olaraq şöbəyə getmiş, həyat yoldaşı X1 və qonşusu Zərərçəkmiş şəxs bıçaqladığını, əməlindən səmimi olaraq çox peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirmiş, eyni zamanda sonuncuya xəsarət yetirdiyi bir ədəd bıçağı təqdim etmişdir. Qeyd olunan hal sözü gedən polis şöbəsinin xx.xx.2025-ci il tarixli məktubunda da öz təsdiqini tapmışdır. Bundan başqa, iş materiallarında olan Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” xx.xx.2024-cü il tarixli protokolunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 10:00 dəqiqədən azadlığı məhdudlaşdırılmış və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Lakin, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona ünvanlanmış suala cavab olaraq bildirmişdir ki, 28 oktyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs bıçaqla zərbə yetirdikdən sonra elə həmin tarixdə, saat 16:50-də Salyan Rayon Polis Şöbəsinə gedib törətdiyi əməl barədə məlumat vermiş, bundan sonra polis şöbəsinin inzibati binasındakı xidməti otaqların birində saxlanılmış və bir daha sərbəst buraxılmamışdır. Məhkəmədə şahid qismində dindirilən təqsirləndirilən şəxsin nənəsi Şahid2 da ifadəsində bildirmişdir ki, nəvəsi Təqsirləndirilən şəxs məlum hadisədən sonra 28 oktyabr 2024-cü il tarixdə Salyan Rayon Polis Şöbəsinə gedib əməlini etiraf etmiş və həmin gündən şöbədə saxlanılmış, sərbəst buraxılmamışdır. Yaranmış ziddiyyətlə əlaqədar verilmiş sorğuya Salyan Rayon Polis Şöbəsindən alınmış xx.xx.2024-cü il tarixli məktublar və məktuba əlavə edilmiş “şəhər, rayon xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarışın surətindən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə könüllü olaraq müstəntiq Samir Eynullazadənin yanına gəldiyi və müstəntiq də bu barədə protokol tərtib etdiyi üçün onun polis şöbəsinə gəlməsi qeydiyyat kitabında qeydə alınmamış, baş vermiş hadisə nəticəsində Zərərçəkmiş şəxs və X1nın aldığı xəsarətlərin ağırlıq dərəcəsini müəyyən etmək mümkün olmadığından, onlar xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra evə buraxılaraq izahat vermələri üçün polis şöbəsinə dəvət edilərək müəyyən istintaq hərəkətləri keçirilmiş, lakin Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verilməsi mümkün olmadığına görə o, şöbədə saxlanılmamış və xx.xx.2024-cü il tarixdə, saat 09 radələrində polis şöbəsinə dəvət olunaraq həmin tarixdə Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə belə olan halda cinayət-prosessual qanunvericiliyin müddəlarının tələbinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli məhz hadisədən sonra polis şöbəsinə gəlib könüllü təslim olduğu vaxtdan hesablanmalıdır. Çünki, şəxs həmin vaxtdan sonra polis şöbəsində saxlanılmaqla sərbəst buraxılmamış, barəsində tutulma həyata keçirilməsə də, hərəkətləri faktiki olaraq 28 oktyabr 2024-cü il tarixdən məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Göründüyü kimi prosessual qanunvericilik ilk növbədə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtla hesablanmasını, sonra isə həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddətin daxil olmasını qeyd edir. Cinayət-Prosessual Məcəllənin 7.0.39-cu maddəsində qeyd olunur ki, tutulma bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada şəxsin azadlığını qısa müddətə məhdudlaşdırmaqla onun müvəqqəti saxlanılma yerində saxlanılmasdır. Təqsirləndirilən şəxs 28 oktyabr 2024-cü il tarixdə Salyan Rayon Polis Şöbəsinə gəlib törətdiyi əməli könüllü etiraf etməsinə, lakin prosessual şəxs qismində tanınmamasına baxmayaraq o, faktiki olaraq həmin gecə şöbədə saxlanılmış, onun bu barədə dedikləri şahid ifadəsi ilə öz təsdiqini tapmış, bundan başqa, polis şöbəsindən bunun əksini göstərən, yəni təkzibedici hər hansı bir sənəd təqdim olunmamışdır. Bundan başqa, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ibtidai istintaq orqanı sorğuya cavabda Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə könüllü olaraq müstəntiq Samir Eynullazadənin yanına gəldiyini və müstəntiq də bu barədə protokol tərtib etdiyi üçün onun polis şöbəsinə gəlməsinin qeydiyyat kitabında qeydə alınmamasını qeyd etməsinə baxmayaraq, bu qaydanın hansı əsasla həyata keçirilməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu qənaətə gəlir ki, neçə ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gəlib törətdiyi əməl barədə məlumat verməklə könüllü təslim olması barədə protokol qüvvədədir və bu hal şəxsin törətdiyi əməldə yüngülləşdirici hal kimi qəbul edilir, bundan başqa təqsirləndirilən şəxsin 28 oktyabr 2024-cü il tarixdən polis şöbəsində saxlanılması məzmunda ifadəsi şahid ifadəsi ilə də təsdiq olunur və ibtidai istintaq orqanı tərəfindən şəxsin 28 oktyabr 2024-cü il tarixdə könüllü təslim olması barədə protokol tərtib olunduqdan sonra sərbəst buraxılması barədə hər hansı əsaslandırılmış rəsmi sənəd təqdim edilməyib, belə olan halda onun həbs etmə müddətinin əvvəli hərəkətlərinin faktiki məhdudlaşdırıldığı 28 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Cinayət-Prosessual Məcəllənin 21.2-ci maddəsinə əsasən, cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. Məhkəmə heyəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözü gedən Qərarı və Cinayət-Prosessual Məcəllənin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs hadisədən sonra polis şöbəsinə gəlib könüllü təslim olduğu vaxtdan şübhəli şəxs qismində tutulanadək, həmçinin tutulduğu, habelə həbsdə saxlanıldığı ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 28 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 28 oktyabr 2024-cü il tarixdən hesablansın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 126 (bir yüz iyirmi altı) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini aldıqdan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş mayka, pulover, jilet, bundan başqa soyuq silah hesab edilməyən iki ədəd bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar