Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-249/2022 17.05.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi - hakim Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər: Nəbiyev Cəlil Cabbar oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Lənkəran Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1962-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda -2,711 qram çəkidə narkotik vasitə heroini, şəxsi istehlak miqdarından artıq miqdarda -0,825 qram çəkidə narkotik vasitə tiryəki və şəxsi istehlak miqdarından artıq miqdarda -1,054 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşımaqla üzərində saxlamış, 06 noyabr 2021-ci il tarixdə, saat 16 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının Cəlilabad rayonu, Göytəpə şəhəri, Sabir küçəsi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən sol əlində saxlamış olduğu kibrit qutusundan göy rəngli kağız parçasına bükülmüş 01 ədəd bükümdə həmin psixotrop maddə olan metamfetamin, şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə həmin narkotik vasitə olan tiryək, şəffaf sellofana bükülmüş 02 bükümdə və qırmızı rəngli kağız parçasına bükülmüş 01 ədəd bükümdə həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci il noyabr ayının 6-da günorta saat 14 radələrində Lənkəran şəhərinin Qumbaşı kəndindən tanımadığı şəxsdən narkotik alıb Cəlilabad rayon Göytəpə şəhərinə qayıdarkən polis əməkdaşları tərəfindən saxlanılmış və Cəlilabad rayon polis şöbəsinə aparılmışdır. Vəkilin iştirakı ilə üzərinə baxış keçirilmiş, üzərində olan kibrit qutusunda üç qram heroin, bir qram tiryək və yarım qram metamfetamin aşkar olunmuşdur. Narkotiki Qumbaşı kəndində tanımadığı şəxsdən 100 manata almışdır. Tutulmamışdan 7 ay əvvəl narkotik istifadə etməyə başlamış, hər gün bir dəfə narkotik istifadə etmişdir. Heç kimə narkotik satmamışdır. Narkotiki öz istifadəsi üçün almışdır.Saxlanılarkən polis əməkdaşları tərəfindən ona zor tətbiq olunmamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, habelə məhkəmədə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs 06 noyabr 2021-ci il tarixdə rayonun ərazisində qanunsuz olaraq nakotik vasitələri əldə edib saxlaması və daşıması ilə məşğul olması ilə bağlı RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən əməliyyat qrupu yaradılmış və həmin gün saat 16 radələrində o, Göytəpə şəhəri, Sabir küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı ilə şəxsi axtarış aparılmış, o, sol əlində tutduğu bir ədəd kibrit qutusunun içərisində beş ədəd bükülünü çıxarıb təqdim edərək həmin bükülülərin içərisində narkotik vasitələr olduğunu bildirmişdir. Həmin bükülülərə baxış keçirildikdə bükülülərdən qırmızı rəngli siqaret kağızına bükülmüş bükülüdə heroinə, göy rəngli siqaret kağızına bükülmüş bükülüdə metamfetaminə bənzər kütlə, bir ədəd şəffaf sellofana bükülmüş bükülüdə isə tiryəkə, digər iki ədəd şəffaf sellofana bükülmüş bükülüdə isə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri Masallı rayonu ərazisində tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin əməkdaşları Şahid2 və Şahid3 anoloji ifadə verməklə Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 07 noyabr 2021-ci il tarixli, 19/1117 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 5 büküm kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi -0,825 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir; 1 ədəd bükümdə təmiz çəkisi-1,054 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir; 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-1,326 qr. -0,779 qr. -0,606 qr. ümumi təmiz çəkisi 2,711 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birlərindən fərqlidirlər. Qeyd: - tiryəkin təmiz çəkisi – 0,825 qram, cəmi tədqiqata sərf olundu – 0,05 qram, qalıq -0,775 qramdır. metamfetaminin təmiz çəkisi – 1,054 qram, cəmi tədqiqata sərf olundu – 0,05 qram, qalıq -1,004 qramdır. Heroinin təmiz çəkisi – 2,711 qram, cəmi tədqiqata sərf olundu – 0,15 qram, qalıq - 2,561 qramdır. Məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 1209 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş 06 noyabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında”protokoldan və istintaq hərəkətlərinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs sol əlində tutmuş olduğu kibrit qutusunun içərisindən beş ədəd bükümdə, bir ədəd qırmızı rəngli siqaret kağızına bükülmüş bükülüdə narkotik vasitə olan heroinə, göy rəngli siqaret kağıza bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütlə, bir ədəd şəffaf sellofana bükülmüş büküldə narkotik vasitə olan tiryəkə, iki ədəd şəffaf sellofana bükülmüş bükülüdə isə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. 15 noyabr 2021-ci il tarixli qərarla ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,775 qram narkotik vasitə tiryək, 1,0004 qram psixotrop maddə metamfetamin və 2,561 qram metamfetamin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Gəlilabad RPŞ-nin saxlama kamerasına təhvil verilmişdir. «Şəxsi axtarış keçirilməsi və götürmə» haqqında istintaq hərəkətinin videoçəkilişi əks olunmuş 1 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan 8 fevral 2022-ci il tarixli qərarla həmin cinayət işindən qanunsuz əldə olunmuş narkotik vasitələrin və psixotrop maddənin mənbəyini müəyyən etmək üçün Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında psixotrop maddə metamfetaminin çəkisi ilə razılaşmadığını, metamfetaminin çəkisi 1 qramdan artıq deyil yarım qram olduğunu, həmçinin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığına dair ifadəsində göstərdiyi xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunan metamfetaminin çəkisinin yarım qram olması ilə bağlı göstərdiyi xüsusat 6 noyabr 2021-ci il tarixli şəxsi axtarış aparılması və götürmə haqqında istintaq hərəkəti protokolu, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla təkzib olunur. Belə ki, məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 ifadələrində Təqsirləndirilən şəxs üzərində aşkar olunan külli miqdarda heroin və şəxsi sitehlak miqdarından artıq miqdarda tiryəklə yanaşı metamfetaminin çəkisinin yarım qam deyil bir qramdan artıq olunduğunu bir daha israrla təsdiq etmişlər. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün şahidlərin ifadələrini, eskpertizanın rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. İşin faktiki halları, o cümlədən heç yerdə işləməyən Təqsirləndirilən şəxs narkotik vastələri və psixotrop maddəni Lənkəran rayonu Qumbaşı deyilən ərazidə tanımadığı şəxsdən 100 manata alması və işin digər halları təqsirləndirilən şəxsin həqiqətən də narkotik vasitələri və psixotrop maddəni qanunsuz əldə edilməsi, saxlanması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin və marixuana narkotik vasitə, metamfetamin isə psixotrop maddədir. Heroinin və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar, tiryəkin 0,5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 50 qramdan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 100 manat pulun müqabilində aldığı külli miqdarda narkotik vasitə heroini, habelə şəxsi istehlak miqdarından artıq miqdarda tiryəki və metamfetamini satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs CM-nin qeyd olunan maddəsi ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. 6 noyabr 2021-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 8 noyabr 2021-ci il tarixdə CM-in 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Cəlilabad Rayon Məhkəməsinin 8 noyabr 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 6 noyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Biləsuvar Rayon Məhkəməsinin 2 avqust 2017-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 1 dekabr 2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı gündən iki il keçdikdən, yəni məhkmuluğu Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsində müəyyən edilmiş qaydada ödənildikdən sonra yenidən qəsdən cinayət əməlini törətmişdir. Odur o, hazırda məhkumluğu olmayan şəxs hesab edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.4.3-cü maddəsi “ağır” cinayətlər kateqoriyasına aiddir, həmin maddənin sanksiyasında beş idən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, əhalinin sağlamlığına ciddi zərər vurulur. Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişdir. Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən hallara gəldikdə isə məhkəmə qeyd edir ki, o, əvvəllər məhkum olunmasına və dəfələrlə məhkəmə qarışısına çıxmasına baxmayaraq tərbiyə və islah olunmamışdır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 6 noyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunduğunu, lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə əsasən (60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara) hal-hazırda onun 60 yaşı tamam olmasını nəzərə alaraq narkomaniyadan məcburi müalicə tətbiq edilməməli, o, yalnız ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmasını məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və hazırda Cəlilabad RPŞ-də saxlanılan 2,561 qram heroin, 1,004 qram metamfetamin, 0,775 qram tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və 01 ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 06 noyabr 2021-ci ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Cəlilabad RPŞ-nin maddi sübutların saxlama anbarında saxlanılan 0,775 qram çəkidə olan narkotik vasitə tiryək, 1,004 qram psixotrop maddə - metamfetamin və 2,561 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-249/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-249/2022
17.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver