Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-250/2024 20.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər - Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1976-cı il tarixdə Masallı rayon Qızılavar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay 02 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada götürülməmiş, Masallı rayonu Qızılavar kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən, 04 ədəd sellofan bükümdə külli miqdarda 4177,274 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əldə edib üzərində daşıyaraq yaşadığı Masallı rayonu Qızılavar kəndində yerləşən fərdi yaşayış evinə gətirib, bir neçə hissələrə ayıraraq bir hissəsini yaşadığı evdə, digər hissəsini isə üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, həmin narkotik vasitələri istifadə etməsi, satışı, yaşadığı evdə saxlamasında və üzərində gəzdirməsində şübhəli bilinərək Masallı rayonu Qızılavar kəndi ərazisində saxlanılaraq Masallı RPŞ-nə gətirilmiş, şöbədə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara-boz rəngli idman köynəyinin sağ yan cibindən 01 ədəd bükümdə, təmiz çəkisi 62,274 qram təşkil edən tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, həmin tarixdə saat 19 radələrində əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun Masallı rayonu Qızılavar kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən həmin evin birinci mərtəbəsində olan istifadə olunmayan otağın künc hissəsindən 04 ədəd bağlamlarda ayrıayrılıqda təmiz çəkiləri -1010,0 qram, 1025,0 qram, 1025,0 qram, 1055,0 qram olmaqla ümumi təmiz çəkisi 4115,0 qram olan, narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CMnin 234.4.3-cü maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər bir dəfə Masallı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və xx.xx.2021-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən xx.xx.2021-ci il tarixli hökmlə təyin edilmiş cəza dəyişdirilərək qəti olaraq üzərində 01 il 04 ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. 14 sentyabr 2023-cü il tarixdə günorta saat 15-16 radələrində Masallı rayonu Qızılavar kəndi ərazisində velosipedlə hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə aparılmışdır. Şöbədə olarkən tanımadığı polis əməkdaşları tərəfindən qarşısına sellofan paketdə marixuana qoyularaq həmin narkotiki üzərinə götürməsini və aldadılaraq işinin yalnız Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşdiriləcəyini, çəkiliş zamanı narkotikin özünə aid olduğunu etiraf etməsini bildirmişlər. Buna görə də məcbur olub istintaq zamanı etirafedici ifadələr vermişdir. Saxlanılan zaman üzərində öz istifadəsi üçün saxladığı təxmini 0,3 qram metamfetamin olmuşdur.Evində paketdə və üzərində olan marixuana ona məxsus deyil. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, evinə keçirilən baxışda özü də iştirak etmişdir. Evinə və üzərinə marixuana polislər tərəfindən qoyulmuşdur. Heç kimə narkotik satmamışdır. Polis əməkdaşları tərəfindən döyülməmiş, zorakılığa məruz qalmamışdır. Müstəntiqə verdiyi ifadəsini təsdiq etmir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadələrində və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə öz xətti ilə yazdığı etirafedici izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri elan olunmuş, izahatında və həmin ifadələrində özünü qismən təqsirli bilərək göstərmişdir ki, təxminən 2022-ci ilin yay aylarının sonlarında dəqiq vaxtını xatırlamadığı tarixdə axşam tərəfi Masallı-Yardımlı avtomobil yolunun Qəriblər kəndi ərazisindən keçən hissəsində yolun sol kənarında olan istifadə olunmayan dayanacağın arxa tərəfində bir ədəd ağ rəngli kisədə qurudulmuş marixuana tapmış və tanımadığı maşınla yaşadığı Masallı rayonu Qızılavar kəndindəki evinə gəlmişdir. Evdə tək yaşayır. Kisədə olan 04 ədəd sellofan bükülünü bir–bir götürüb daha sonra evin birinci mərtəbəsindəki istifadə olunmayan otaqda yerləşən kiçik taxta materialından olan arakəsmənin arxasında görünməyəcək yerə qoymuşdur. Bədənində ağrılar olduğu üçün müxtəlif vaxtlarda həmin qurudulmuş marixuanadan az-az özü istifadə etmişdir. Sonuncu dəfə 14 sentyabr 2023cü il tarixdə günorta vaxtı həmin dörd bağlamada olan marixuanadan az miqdarda öz istifadəsi üçün götürüb əynində olan qara-boz rəngli idman köynəyinin sağ yan cibinə qoymuşdur.Həmin günü saat 17 radələrində kəndin ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb şöbəyə aparılmış, üzərinə şəxsi axtarış keçirilmiş, idman köynəyinin sağ yan cibindən bir ədəd qara rəngli sellofana bükülmüş 72 qram çəkidə qurudulmuş marixuananı təqdim etmişdir. Bundan sonra, polis əməkdaşları ilə yaşadığı evə yollanmış, videoçəkilişlə evinə baxış keçirilmiş, evin birinci mərtəbəsində istifadə olunmayan otaqda kiçik taxta arakəsmənin arxasında 4 bağlamada ümumi çəkisi 4 kq 320 qram olan qurudulmuş marixuana aşkar edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş özünün etirafedici izahatı və ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə tədqiq olunmuş ekspertizanın rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübut və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Masallı rayonu Qızılavar kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməkdə, yaşadığı evdə və üzərində saxlamaqda, eyni zamanda satışında şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Qızılavar kəndi ərazisində saxlanılıb şöbəyə aparılmışdır. Şöbədə şəxsi axtarış zamanı müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan qara rəngli qolu qısa gödəkçəsinin sağ yan cibindən bir ədəd “İnoı” markalı mobil telefonu və həmin gödəkçənin altındakı qara-boz rəngli idman köynəyinin sağ yan cibindən bir ədəd qara rəngli sellofan bükülüdə olan qurudulmuş marixuanı təqdim edərək həmin marixuananı təxminən 1 il əvvəl Masallı-Yardımlı avtomobil yolunun İstisu ərazisindən keçən hissəsində yol kənarından tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra o, bildirmişdir ki, təqdim etdiyi qurudulmuş marixuananın bir hissəsini də hazırda Masallı rayonu Qızılavar kəndində yerləşən fərdi yaşayış evində saxlayır və həmin narkotik vasitəni təqdim edə bilər. Arazın iştirakı ilə onun yaşadığı evə daxil olub evin birinci mərtəbəsində yerləşən istifadə olunmayan otaqda yerləşən kiçik taxta materialından olan arakəsmənin arxasındakı 04 ədəd üzəri yapışqan lentlə bağlanmış sellofan bükülüdə olan qurudulmuş marixuananı təqdim etmişdir. 04 bağlama ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və bağlamanın birində 1 kq 95 qram, ikincinsində 1 kq 70 qram, üçüncüdə 1 kq 80 qram və dördüncüdə 1 kq 45 qram olduğunu müəyyən etmişdir. 04 ədəd bağlmanın ümumi çəkisinin 4 kq 320 qram olması məlum olmuşdur. Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, heç kim tərəfindən Təqsirləndirilən şəxs üzərinə və evinə narkotik vasitə qoyulmamış, həmin narkotik vasitələr onun özünə məxsus olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Masallı RPŞ-nın əməliyyat müvəkkilləri Şahid2, Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatlar üzrə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-bioloji ekspertizasının 15 sentyabr 2023-cü il tarixli 19\866 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş marixuanaya bənzər maddə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükülüdə təmiz çəkisi: -62,274 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində Vət.Təqsirləndirilən şəxs fərdi yaşayış evindən aşkar edilərək götürülmüş marixuanaya bənzər maddələr.....” sözlər və imzalar olan bir ədəd kisədəki, 4 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -1010,0 qr; -1025,0, qr; -1025,0, qr; -1055 qram, ümumi təmiz çəkisi -4115,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, botaniki əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Təqsirləndirilən şəxs üzərindən və fərdi yaşayış evindən aşkar edilərək götürülmüş, ümumilikdə 5 bükülü olmaqla, ümumi təmiz çəkisi: -4177,274 qram olan qurudulmuş marixuanalar botaniki əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-narkoloji ekspertizasının 18 sentyabr 2023-cü il tarixli 897 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs qara-boz rəngli gödənçəsinin sağ yan cibindən çəkisi 72,02 qram olan içərisində qurudulmuş marixuanaya bənzər kütlə olan 1 ədəd qara rəngli sellofan bükümü təqdim etmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli «baxış keçirmə və götürmə haqqında» protokoldan və videoçəkilişdən görünür ki, yaşadığı evin birinci mərtəbəsindən sola doğru 4 metr məsafədə sağ tərəfdə evin künc hissəsində 1, 5 metrdən ibarət taxtadan olan arakəsmənin sağ tərəfində açıq olan hissədən daxil olduqda 4 ədəd qara rəngli yapışqanlı lentə bağlanmış sellofan bükülülər aşkar edilmiş. Aşkar edilmiş qurudulmuş marixuanaya bənzər bükülülərin ümumi çəkisi 4 kq 320 qram müəyyən edilmişdir. İşdə olan əməliyyat tapşırığının cavabından görünür ki, Masallı rayonu Qızılavar kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş ümumilikdə 5 ədəd bükümlərdə ümumi təmiz çəkisi 4177,274 qram olan narkotik vasitə qurudulmuş marixuananı o, satış məqsədilə əldə edib yaşadığı evdə və üzərində saxlamışdır. Təqsirləndirilən şəxs həmin külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı 2022-ci ilin yay aylarında Masallı-Yardımlı avtomobil yolunun Qəriblər kəndi ərazisindən keçən hissəsinin kənarından tapması barədə əməliyyat məlumatları daxil olsa da həmin narkotik vasitəni oraya hansı şəraitdə və kimlər tərəfindən atılmasını keçirilmiş tədbirlərlə hələki müəyyən etmək mümkün olmamışdır. Həmçinin daxil olmuş əməliyyat məlumatlarında Təqsirləndirilən şəxs əvvəllər rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışını təşkil etməsi və tutulması göstərilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli «ifadənin yerində yoxlanılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı Masallı - Yardımlı avtomobil yolunun sol tərəfində tapdığı yeri əyani göstərməklə təsdiq etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş və təyin edilərək keçirilmiş məhkəmə bioloji ekspertizasında tədqiqata sərf edildikdən sonra faktiki olaraq təmiz qalıq çəkisi 4176,774 qram qalmış narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə keçirilmiş şəxsi axtarış və baxışın video görüntüsünün əks olunduğu 2 ədəd videodisk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. İşdə olan məhkumluq haqqında tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Qəniyev X1 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilnərək 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən xx.xx.2021-cü il tarixli hökm dəyişdirilərək ona qəti olaraq 01 il 04 ay 02 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İşdə olan Masallı rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 2-789 №li məktubunda göstərilir ki, Təqsirləndirilən şəxs barəsində olan xx.xx.2022-ci il tarixli Şirvan Apellyasiya Məhkəməsinin qərarı icra olunduğu üçün qeydiyyatdan çıxarılmışdır. Məhkəmə, CM-nin 18.4.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum olunduğundan onun bu əməli cinayətin residivi kimi nəzərə almır. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlillər gətirərək üzərində və evində aşkar olunan marixuananın ona məxsus olmadığını, narkotikin üzərinə və evinə polis əməkdaşı tərəfindən qoyulduğunu, şöbədə təzyiqlərə məruz qaldığı üçün məcbur olub narkotiki üzərinə götürdüyünü göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi xüsusatlara tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Məhkəmə Təqsirləndirilən şəxs üzərində və evində aşkar olunan marixuananın ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzərinə qoyulması ilə bağlı göstərdiyi xüsusatlar ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə öz xətti ilə yazdığı etirafedici izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, videoçəkilişlə aparılan üzərinə «şəxsi axtarış və götürmə aparılması», «baxış keçirilməsi və götürmə» haqqında istintaq hərəkətinin protokolları, habelə məhkəmədə dindirilmiş çoxsaylı şahidlərin ifadələri və digər sübutlarla təkzib olunur. Məhkəmədə tədqiq olunmuş videoçəkilişlərdən də görünür ki, Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə üzərində olan bir ədəd bağlamada olan marixuananı təqdim edir. Habelə özünün iştirakı ilə evinə keçirilən baxış zamanı özü qabaqda hərəkət edərək gizlətdiyi 4 bağlamada olan qurudulmuş marixuananı təqdim edir, narkotikin üzərinə və evinə polis əməkdaşları tərəfindən qoyulması, narkotik vasitənin ona məxsus olmaması və ya hədəqorxuya məruz qalaraq polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı hər hansı bir dəlillər irəli sürmür. Eyni zamanda tədqiq edilmiş məhkəmə bioloji ekspertizanın rəyi ilə də müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunan qurudulmuş marixuana ilə fərdi evindən aşkar olunmuş qurudulmuş marixuana botaniki əlamətlərinə və bioloji komponent tərkiblərinə görə birbirləri eynidir. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs öz xətti ilə yazdığı etirafedici iazahatını, şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrini, şahidlərin ifadələrini, eskpertizanın rəylərini, “şəxsi axtarış və götürmə aparılması”, «baxış keçirmə və götürmə aparılması», ifadəsinin yerində yoxlanılması haqqında protokolları, videoçəkilişləri və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlərin olunması, üzərinə və evinə narkotik vasitənin qoyulmasına dair gətirdiyi dəlillər əsassız hesab edilməlidir. Bununla da, təqsirləndirilən şəxs üzərində və evində külli miqdarda, ümumi təmiz çəkisi 4177,274 qram qurudulmuş marixuananın aşkar edilməsi təqsirləndirilən şəxsin həqiqətən də narkotik vasitəni qanunsuz əldə etməsi, saxlaması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan qurudulmuş marixuana narkotik vasitədir. Qurudulmuş marixuanın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir» «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11ci bəndinin dördüncü abzaslarına əsasən «Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır» Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Buna görə də, ona həmin maddədə qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmaldır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə qənaətbəxş xarakterizə olunur. İşdə olan arayışdan görünür ki, Masallı rayonu Qızılavar kənd sakini Təqsirləndirilən şəxs özündən başqa ailəsində heç kim yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. İşdə olan xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə CMnin 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Masallı Rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.4.3-cü maddəsi “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hallar əhalinin sağlamlığına ciddi zərər vurur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin olunmuş cəza çəkilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. CPM-nin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 14 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Masallı RPŞ-də saxlanılan 4176,774 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1. və 99-1.1.2. maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1). Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344–349, 351–353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 14 sentyabr 2023-cü ildən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Masallı RPŞ-də saxlanılan ümumi çəkisi olan 4176,774 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 2 ədəd “CD” disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Müşfiq Məmmədov Cavid Səfərli Cəlil Nəbiyev
Məhkəmə qərarları › İş №1(099)-250/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-250/2024
20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver