Məhkəmə qərarları › İş №1(099)-251/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-251/2025

30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-251/2025 30.04.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Vəliyeva Ayşən Umud qızı (sədrlik edən və məruzəçi), Səfərli Cavid Şamil oğlu və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X8, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi-Lənkəran rayon Vəkil Bürosunun Vəkili Müdafiəçi iştirakları ilə, 31 avqust 1986-cı ildə Qazı-Məmməd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nın X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-ARCM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa və məhkəməyə dəqiq məlum olmayan Fərdiş adlı İran İslam Respublikası vətəndaşı olduğu ehtimal edilən şəxslə müvafiq olaraq külli və xeyli miqdarda narkotik vasitələri satış məqsədilə əldə edib saxlamaqla daşıma barədə razılığa gəldikdən sonra bu məqsədlə sonuncunun külli miqdarda narkotik vasitə heroini və xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qoydurduğu yerdən 24 oktyabr 2024-cü il tarixdə, saat 20 radələrində əldə edib üzərində saxlamaqla Hacıqabul rayonu, Navahi kəndi ərazisinə daşımış, həmin vaxt Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı-Ələt-Qazax- Gürcüstan avtomobil yolunun Hacıqabul rayonu, Nəvahi kəndi ərazisindən keçən hissəsində yolun kənarında yerləşən adsız və fəaliyyət göstərməyən kafenin həyətində saxlanılmış, üzərində yoxlama aparılan zaman onun üzəri yapışqan lentlə bağlanmış 01 ədəd polietilen torba bağlamada təmiz çəkisi 92,920 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzəri yapışqan lentlə bağlanmış 01 ədəd polietilen torba bağlamada təmiz çəkisi 94,490 qram xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əynindəki qara rəngli qış gödəkçəsinin sağ iç yan cibində saxladığı qəhvəyi rəngli sellofan torbanın içərisindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, İranlı Fərdiş adlı şəxslə telefon danışığında narkotikin miqdarı barədə razılaşmamışdır. O, bir az ot, biraz torpaq, biraz da daş göndərəcəyini demişdir. İranlının göndərdiyi konuma gedib vedrənin altından bağlamanı götürəndə polis əməkdaşları onu saxlamışdır. Tərəzidə çəkilərkən marixuana 47 qram, heroin 2,7 qram olmuşdur. Hərəsinin üzərinə 100 qram qoymuşlar, o, razılıq vermədikdə isə İntiqam adlı polis əməkdaşı maşının baqajını açıb, 3-4 böyük torbanı göstərib “ona razı olmasan, buna razı olacaqsan” deyə hədələmişdir. Sonradan məcbur qalıb polislərin dedikləri ilə razılaşmışdır. İntiqamla düşmənçiliyi olmamışdır, marixuana istifadəçisi olmuşdur, cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra heroin istifadə etməmişdir, iranlı ona metamfetamin də göndərəcəkdi, həmin maddəni də öz istifadəsi üçün əldə etmək istəmişdir, iranlı özü onu tapmış, 22 oktyabrda danışmışlar, saat 7-8 radələrində narkotik vasitələri götürmək üçün getmişdir, bükümün ölçüsü balaca olmuşdur, polis əməkdaşları onun götürdüyü narkotik vasitənin üzərinə qurudulmuş marixuana və heroin əlavə etmişlər, saxlanılarkən polis əməkdaşları tərəfindən döyülməmişdir, saxlanıldığı yerdən polis şöbəsinə təxmini 10 dəqiqəlik məsafə olmuşdur, müdafiəçi onu polis şöbəsinə apardıqdan təxmini bir saat sonra gəlmişdir, onu evindən narkotik çıxarmaqla hədələmişlər, heç kimə narkotik satmamışdır, iranlı ilə pul barədə danışmamışdır, marixuananın qramını 5 manatdan danışmışlar, heroinə qiymət deməmişdir, heç birinə pul verməmişdir, 3-4 ay iranlı ilə danışmış, əvvəllər ondan narkotik vasitə almamışdır, heroini axırıncı dəfə tutulmamışdan 4-5 ay əvvəl istifadə etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) təqsirləndirilən şəxs X6 ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq dövründə videoçəkilişlə dindirmə zamanı ifadəsində göstərmişdir ki, “... sonuncu dəfə 24 oktyabr 2024-cü il tarixdə günorta radələrində vatsap vasitəsi ilə danışan zaman, Fərdiş adlı şəxs ona istifadə etməsi üçün narkotik vasitə göndərməyi təklif etmişdir. O da həmin təklifi qəbul etmişdir. Lakin, Fərdiş adlı şəxsə bildirmişdir ki, ilk dəfə olduğuna görə ona 100 qram heroin, 100 qram isə nəşə kimi tanıdığı marixuana göndərsin...Həmin gün, yəni, 24 oktyabr 2024-cü il tarixdə təxminən saat 19 radələrində Fərdiş adlı şəxs vatsap ani mesajlaşma mobil tətbiqi vasitəsi ilə ona konum göndərərək, narkotik vasitələrin konumda qeyd olunan tikilinin giriş hissəsinə qoyulmuş dolabın üzərindəki vedrənin altında olduğunu, həmin yerdən götürə biləcəyini bildirmişdir. O, həmin konumu öz mobil telefonunda aktiv edən zaman narkotik vasitələrin qoyulduğu yerin Hacıqabul rayonu, Nəvahi kəndi ərazisi olduğunu görmüşdür. Kafenin giriş hissəsinə daxil olan zaman taxta dolabın üzərində su vedrəsi olduğunu görmüşdür. Həmin vedrəni qaldırdıqda, altında 01 ədəd sellofan torba, həmin torbanın içərisində isə 02 ədəd bükümlər olduğunu görmüşdür. Bundan sonra, həmin bükümün birində heroin, birində isə marixuana olduğunu anlamışdır. Daha sonra, içərisində 02 ədəd büküm olan sellofan torbanı əynində olan qara rəngli qış gödəkçəsinin sağ iç yan cibinə qoyaraq, həmin hissədən uzaqlaşıb, gəldiyi avtomobilə tərəf hərəkət etmişdir. Bu zaman mülki geyimdə olan şəxslərin ona tərəf yaxınlaşdığını görmüşdür. Həmin şəxslərin polis əməkdaşları olmasını güman edərək, qaçmağa başlamışdır. Lakin, polis əməkdaşları onu saxlamışlar. Həmin vaxt var gücü ilə qaçmağa çalışmışdır. Bu səbəbdən də yerə yıxılaraq alın nahiyəsini zədələmişdir. Yoxlama zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sağ iç yan cibində saxladığı içərisində iki ədəd bağlama olan sellofan torba aşkar olunaraq götürülmüşdür. Həmin sellofan torbaya baxış keçirilən zaman 01 ədəd bükümdə narkotik vasitə heroin və 01 ədəd bükümdə narkotik vasitə marixuana aşkar olunaraq götürülmüşdür. Daha sonra, həmin narkotik vasitələr elektron tərəzidə çəkilmişdir. 01 ədəd bükümdə narkotik vasitə heroinin çəkisinin 103,90 qram və 01 ədəd bükümdə narkotik vasitə marixuananın çəkisinin 104,63 qram olduğu müəyyən edilmişdir. O, üzərindən aşkar olunan narkotik vasitə heroini və marixuananı İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsin ona istifadə etməsi üçün göndərdiyini bildirmişdir. Bundan başqa, narkotik vasitə heroin, marixuana və metamfetamindən istifadə edir. Hər hansı polis əməkdaşı tərəfindən ona qarşı fiziki güc və ya zorakılıq hərəkətləri olmamış, alnındakı xəsarəti isə üzərində yoxlama aparılan zaman videoçəkilişə qaçmağa cəhd etməsi düşməməsi üçün dalaşdığını bildirmiş, əsl həqiqətdə qaçan zaman yerə yıxılması nəticəsində almışdır.” (İ/v: 59-61, 187-189) Təqsirləndirilən şəxs məhkəmə istintaqında ibtidai istintaqdan fərqli ifadə verməsinin səbəbini polis əməkdaşlarının tutularkən ona qarşı psixoloji təzyiq göstərməsi ilə əsaslandırmışdır. Sonda təqsirləndirilən şəxs barəsində humanist qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə dindirilmiş şahid Hacıqabul rayon X2 Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid1 məhkəmə istintaqı zamanı sərbəst ifadəsində və verilən suallara cavab olaraq bildirmişdir ki, 2024-cü il 24 oktyabr tarixində ona əməliyyat məlumatı daxil olduqdan sonra şöbə rəhbərliyinə məruzə etmiş, əməliyyat qrupu yaradılmışdır. Qrupun tərkibində o, Şahid2, Şahid3 və Şahid4 olmuşdur. Bakı Qazax magistralının sağ tərəfində ağ rəngli avtomobilin dayandığını və sərnişin tərəfdən Təqsirləndirilən şəxs düşdüyünü müşahidə etmişdir. Təqsirləndirilən şəxs yaxınlaşıb özünü təqdim etmişdir, bu zaman o, qaçmağa cəhd göstərərkən yerə yıxılmış və tərəflərindən saxlanılmışdır. Onun üzərinə videoçəkilişlə baxış keçirilən zaman üzərindən iki büküm aşkarlanmışdır. Bükümlərdən birində heroinə, digərində marixuanaya bənzər kütlələr olduğu müəyyən edilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Şübhəli şəxsin üzərinə saxlanıldığı yerdə baxış keçirilmiş, özü heç nə bildirməmiş, susmuşdur, ona qarşı zor tətbiq etməmişlər. İş üzrə dindirilmiş şahid Hacıqabul rayon X2 Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid2 Abbas oğlu Şahid1la eyniməzmunlu ifadə verərək verilən suallara cavab olaraq bildirmişdir ki, şübhəli şəxs özünü yerə atarkən xəsarət almışdır, ona qarşı zor tətbiq edilməmişdir, şəxs ağaclıq ərazidən narkotik vasitəni götürərkən onu müşahidə etmişlər, o, özünü üzü üstə yerə çırpmış, alın nahiyəsindən xəsarət almışdır, ona qarşı zor tətbiq edilməmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan : - «Şübhəli şəxsin tutulması haqqında» 24 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 22:35-də ARCM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.(i.v 22-23) - «Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxslərin üstünün yoxlanılması və götürmə haqqında» protokoldan və ona əlavə edilmiş diskdən, həmçinin, əşyalara baxış keçirilməsi haqqında protokoldan və əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən 104.63 qram çəkidə qurudulmuş marixuanaya bənzər kütlə, 103.90 qram çəkidə heroinə bənzər kütlə və 1 ədəd “Samsung” markalı telefon aşkar edilərək götürülmüş, qablaşdırılmışdır. (i.v. 10-12, 30-32). - «Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında» 25 oktyabr 2024-cü il tarixli, 2009 nömrəli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs ARCM-in 234.4.1 və 234.4.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. (i.v. 51-52) - Hacıqabul Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 4(071)-62/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. ( i.v. 70-73) - Kompleks məhkəmə-bioloji və materialların məhkəmə ekspertizasının 25 oktyabr 2024-cü il tarixli, 18/875-18/876 nömrəli rəyindən görünür ki, “...Təqsirləndirilən şəxs üzərindən...” sözlər və imzalar olan 01 ədəd kağız paketdə üzəri yapışqan lentlə bağlanmış 01 ədəd polietilen torba bükülüdə təmiz çəkisi-92,920 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üzəri yapışqan lentlə bağlanmış 01 ədəd polietilen torba bükülüdə təmiz çəkisi-94,490 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (i.v. 36-40) - Məhkəmə-narkoloji ekspertizasının 22 noyabr 2024-cü il tarixli, 7418 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin, opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 146-147) - Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 07 noyabr 2024-cü il tarixli, 3250 saylı saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsi baş verən anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. (i.v. 178-181) - Məhkəmə tibbi ekspertizasının 25 oktyabr 2024-cü il tarixli, 392 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs alın nahiyəsinin sağ hissəsinin sıyrığı xəsarəti aşkar edilmişdir. Yuxarda qeyd olunan xəsarət küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə müayinə olunanın göstərdiyi şəraitdə eyni zamanda kənar şəxs tərəfindən də, yetirilməsi istisna olunmur. Yuxarda qeyd olunan hallardan hər hansı birisi təhqiqat və ibtidai istintaqın gedişi zamanı təsdiq olunarsa onlar tərəfindən də inkar olunmur. Müddəti müayinədən 1-2 gün əvvələ uyğundur. Yuxarda qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmur. (i.v. 144-145) - Hacıqabul rayon X5 Hüquqi Şəxsi tərəfindən verilmiş 05 noyabr 2024-cü il tarixli, 18-1-41/2-943/2024 nömrəli məktuba əsasən, Talıbov X3 rayon X5 Hüquqi şəxsinin konsultativ-poliklinika şöbəsinin narkoloji kabinetində “F12.2 asılılıq sindromu” diaqnozu ilə xx.xx.2021-ci il tarixdən qeydiyyatda dayanır lakin, psixoloji kabinetdə qeydiyyatda deyildir. (i.v. 129) - «Əşyanın maddi sübut hesab edilməsi və saxlanca verilməsi haqqında» 05 noyabr 2024-cü il tarixli, 2210 nömrəli qərardan görünür ki, ekspertiza tədqiqatına sərf edildikdən sonra faktiki olaraq təmiz çəkisi 92,870 qram qalmış narkotik vasitə heroin və faktiki olaraq təmiz çəkisi 94,440 qram qalmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanılması üçün Hacıqabul Rayon Polis Şöbəsinin “maddi sübutları saxlama otağına” təhvil verilmiş, Təqsirləndirilən şəxs üstünün yoxlanılması, o cümlədən götürülmüş əşyalara baxış keçirilməsini özündə əks etdirən iki ədəd DVD disklər maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v 120-121) - “Baxış aparılması haqqında” 06 dekabr 2024-cü il tarixli, 2419 nömrəli protokoldan və müvafiq diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung Galaxy A10” markalı telefona quraşdırılmış Whatsapp ani mesajlaşma sisteminə daxil olan zaman həmin sistemdən +**********21 saylı mobil nömrə ilə qeydiyyatdan keçirildiyi müəyyən edilmiş, sistemə baxış keçirilən zaman İran İslam Respublikasına məxsus +**********3 saylı oprator nömrəsi ilə aparılmış smslərə və səsli qeydlərinə baxış keçirilən zaman aşağıdakı məzmunda yazışmalar müəyyən olunmuşdur: 24 oktyabr 2024-cü il Təqsirləndirilən şəxs: ok(mətn) 19:14 +**********3: Narkotik vasitələrin olduğu yeri özündə əks etdirən foto şəkillər. 19:18 +**********3: Narkotik vasitələrin olduğu yerin məkanı.19:19 +**********3: “Yaxşı” (mətn). 19:32 +**********3: “Otdu, torpaq, biyaz da daş”. 19:34 Təqsirləndirilən şəxs: “Hə indi şeyliyim inşallah qədərin diyəcəmdə mən sa nə qədərdi diyəcəm şəklini də atacam sa” ( səs qeydi-10 saniyə). 19:34 +**********3: “Vidyo çəkərsən”. (mətn) 19:36 Təqsirləndirilən şəxs: ok (mətn) 19:35 +**********3: “Qoy mən də dəqiq bilim. Burdakılar məni aldadar birdən. Dəqiq bilim.”. (mətn) 19:34 +**********3: “Vidyoya çəkə-çəkə açarsan evdə”. (mətn) 19:36 Təqsirləndirilən şəxs: Oldu qaqa(mətn). 19:36 +**********3: “Qardaş götürdün”. (mətn) 19:56 +**********3: “100 qram ot var 100 qram da torpaq”. (mətn) 19:58 +**********3: “ Götürəndən sonra videosunu çək at mənə”. (mətn) 19:58 +**********3: “Qaqa niyə cavab vermeysen” (mətn) 20:10 +**********3: “ Danışduğ axı məni allatma” (mətn) 20:11 (i.v.161-163) - « Əşyanın maddi sübut hesab edilməsi haqqında» 06 dekabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və üzərində 055-55- 83-21 saylı operator nömrəsi olan “Samsung Galaxy A10” markalı mobil telefon maddi sübut qismində tanınaraq Hacıqabul RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir.(i.v.170-171) Təqsirləndirilən şəxsin dəlillərinə qiymət verilməsi: Məhkəmə istintaqında təqsirləndirilən şəxsin əslində ittihamda qeyd olunandan daha az miqdarda narkotik vasitə əldə etdiyi, polis əməkdaşlarının onun üzərindən aşkar olunmuş narkotik vasitənin üzərinə əlavələr etdiyi, əks halda böyük bükümlərin üzərinə qoyulacağı ilə bağlı hədələnməsinə dair verdiyi ifadəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin qeyd etdikləri iş materiallarına əsasən həqiqətə uyğun deyildir. Belə ki, əvvəla, təqsirləndirilən şəxs məhkəmə istintaqında özü bildirmişdir ki, o, polislər tərəfindən döyülməmişdir, iranlı ilə narkotik vasitənin miqdarı barədə razılaşmamışdır, iranlının qoydurduğu narkotik vasitəni götürmək üçün getmişdir, qoyulmuş narkotik vasitəni isə telefonundakı şəkildə olduğu kimi, vedrənin altından götürmüşdür. Həmçinin, ibtidai istintaq zamanı videoçəkilişlə verilmiş ifadələrində də iranlıdan 100 qram qurudulmuş marixuana, 100 qram heroin əldə etmək istədiyini bildirmiş, barəsində həbs qətimkan tədbirinə məhkəmədə baxılarkən üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Bundan əlavə, telefonundan aşkar edilmiş mesajlardan görünür ki, şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan iranlı Təqsirləndirilən şəxs “100 qram ot və 100 qram torpaq” qoyulduğunu bildirmişdir. (i.v. 46-50, 70-73, 162-169) Təqsirləndirilən şəxs isə ibtidai istintaq zamanı məhkəmədə qeyd etdiyi halları mübahisələndirməmişdir. Bundan əlavə, təqsirləndirilən şəxs canlı müayinə olunarkən ekspertə də xx.xx.2024-cü il tarixdə polis şöbəsinə gətirilən zaman və polis şöbəsində olarkən heç kimin ona zor tətbiq etmədiyini, alın nahiyəsindəki xəsarəti polis nəfərləri onu tutarkən qaçdıqda ayağı ilişib yıxılarkən aldığını bildirmişdir. Odur ki, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq iş üzrə tədqiq edilmiş bütün sübutlarla uzlaşdığından, təqsirləndirilən şəxsin məhz ibtidai istintaq zamanı üzərindən aşkar olunmuş narkotik vasitələri əldə etdiyinə dair ifadəsini mötəbər sübut kimi qəbul edir, onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materialları ilə uzlaşmayan, qeyri-mötəbər, özünü müdafiə xarakterli mülahizələr kimi qəbul edir. Lakin, məhkəmə, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitələrin növ müxtəlifliyini və çoxluğunu, yaşadığı yerdən xeyli kənarda şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda heroin və qurudulmuş marixuananın üzərindən aşkar edildiyini, onun heroindən istifadə etməməsinə dair məhkəmə istintaqında verdiyi ifadəsini nəzərə alaraq hesab edir ki, onun həmin maddələri satış niyətilə deyil, şəxsi istifadə məqsədilə əldə etdiyinə dair ifadəsi həqiqətə uyğun olmamaqla, qeyri-inandırıcı, özünü müdafiə xarakterli ifadə kimi qəbul edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununa əsasən narkotik vasitə heroinin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) aşağı həddi 2 qramdır. Qurudulmuş marixuananın şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 500 qram, külli miqdarının (qramla) isə aşağı həddi 50000 qramdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, şəxsi axtarış və götürmə, baxış keçriilməsi haqqında protokollar və ona əlavə edilmiş videodisklər, təqsirləndirilən şəxsin dindirilməsi protokoluna əlavə edilən bir ədəd DVD disk, «məhkəmə-tibbi ekspertizası»nın, «ambulator-məcburi narkoloji tibbi yoxlama»-nın rəyləri, Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sağ iç yan cibində saxladığı qəhvəyi rəngli sellofan torbanın içərisindən aşkar edilib götürülmüş qalıq çəkisi 92,870 qram qalmış narkotik vasitə heroin və 94,440 qram qalmış narkotik vasitə qurudulmuş marixuana və digər istintaq sənədləri ilə sübuta yetirilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyinində cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş aşağıda qeyd olunanları nəzərə alır: - AR DİN-in BƏSİİ-dən verilmiş 05 noyabr 2024-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Talıbov X3 Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək, CM-in 67.1 və 68.1.1-1-ci maddələri tətbiq olunmaqla 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (C-İ, i.v. 124-125, 155-158). - Azərbaycan Respublikası Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul Şəhər İƏDÜN tərəfindən verilmiş xasiyyətnamə və 04 noyabr 2024-cü il tarixli, 1286 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladı vardır, yaşadığı Hacıqabul şəhər İƏDÜN-ə onunla bağlı mənfi rəy daxil olmuşdur. (i.v. 127-128). Təqsirləndirilən şəxs ARCM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olması cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs ARCM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzasını ağırlaşdıran haldır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarını, həmçinin, Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, o cümlədən cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin tələbləri daxilində elə həddə cəzalandırılmalıdır ki, cəzanın məqsədlərinə xidmət etsin. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli Qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, “Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 24 oktyabr 2024-cü il tarixdən hesablanmalı, Hacıqabul Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 4(071)-62/2024 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Hacıqabul RPŞ-də saxlanılan qalıq çəkisi 92,870 qram qalmış narkotik vasitə heroin və 94,440 qram qalmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A10” markalı mobil telefon sonuncunun ailə üzvlərinə qaytarılmalı, maddi sübut qismində tanınmış disklər cinayət işinin materiallarında saxlanılımalıdır. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən X7 narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət işi üzrə mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar yoxdur. Bundan başqa, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza xərci olan 99,48 (doxsan doqquz manat qırx səkkiz) məbləğdə pul vəsaiti X4 tutulub Azərbaycan Respublikasının Məhkəmə Ekpertiza Mərkəzinə köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 24 oktyabr 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə maddi sübut kimi tanınaraq Hacıqabul RPŞ-də saxlanılan 92,870 qram qalmış narkotik vasitə heroin və 94,440 qram qalmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus “ Samsung Galaxy A10” markalı mobil telefon təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üstünün yoxlanılması, o cümlədən götürülmüş əşyalara baxış keçirilməsini özündə əks etdirən iki ədəd DVD disk, təqsirləndirilən şəxsin dindirilməsi protokoluna əlavə edilən bir ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci kimi 99,48 (doxsan doqquz manat qırx səkkiz) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Cavid Səfərli Aqil Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar