Məhkəmə qərarları › İş №1(099)-252/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-252/2022

15.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-252/2022 15.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1978-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvələr məhkum olunmamış, işləməyən, Kürdəmir şəhəri, X5, məhəllə 2, ev 8, mənzil 19 qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs şəxsiyyəti özünə məlum olan “Şükür” adlı İran İslam Respublikası vətəndaşı və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi, saxlanması və daşınması, habelə qrupun üzvü tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib qrupun digər üzvünə çatdırmağı və realizə etməyi qabaqcadan vəd vermiş, bundan sonra cinayətkar qrupun üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilmiş külli miqdar təşkil edən 1065 qram psixotrop maddə metamfetamin və 4035,278 qram narkotik vasitə heroini Kürdəmir rayonu, Mollakənd kəndi ərazisində reklam lövləsinin yanında gizlədilməsi barədə ona məlumat verməsindən sonra o, həmin maddələri əldə edib heroinin 55,278 qramını bir bükümdə qablaşdırıb üzərində, 3030 qramını isə ayrı-ayrılıqda 1010 qram, 1005 qram və 1015 qram çəkidə olan hissələrə bölüb üç ədəd bükümdə, həmçinin həmin 1065 qram metamfetamini bir bükümdə qablaşdıraraq yaşadığı Kürdəmir şəhəri, X5, məhəllə 2, ev 8, mənzil 19 ünvanının zirzəmisində, heroinin qalan 950 qramını isə bir bükümdə qablaşdırıb yaşadığı evin yataq otağındakı dolabın içərisində saxlamış, bu barədə əməliyyat məlumatı almış Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının 13 noyabr 2021-ci il tarixdə saat 17 radələrində keçirdikləri əməliyyat tədbirləri zamanı saxlanılaraq Kürdəmir rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra əvvəl üzərinə, sonra yaşadığı evə və evin zirzəmisinə baxış keçirilərkən yuxarıda qeyd olunan narkotik vasitə və psixotrop maddə aşkar edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, İran İslam Respublikasından paltar yuyulmasında istifadə olunan poroşok və digər yuyucu vasitələr gətirərək satışını təşkil edir, bu qayda ilə pul qazanır. Yuyucu vasitələri satan İran vətəndaşı Şükür adlı şəxsdən alır, lakin istintaqın bildirdiyi kimi narkotik satan «Şükür» adlı iranlını tanımır. 13 noyabr 2021-ci il tarixdə işi istirahət etmək üçün Zaqatala rayonuna getmiş, orada olan zaman onu polis əməkdaşları saxlayaraq Kürdəmir rayon polis şöbəsinə gətirmişlər. Heç bir səbəb olmadan polis əməkdaşları onun cibinə, yaşadığı evinə və evin zirzəmisinə narkotik vasitələr qoymuşlar, onu şərləyərk həbs etmişlər. Polis əməkdaşlarının ona göstərdiyi fiziki təzyiqlər nəticəsində tərtib olunan sənədləri imzalamışdır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Cinayət törətmədiyinə görə məhkəmədən ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələri arasında ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o göstərmişdir ki, 3-4 ay əvvələ kimi İran İslam Respublikasının vətəndaşı Əsgər adlı şəxslə danışıb razılaşmışlar ki, sonuncu İrandan ona narkotik və psixotrop maddə göndərsin, o da həmin narkotiki deyildiyi yerdən götürüb müxtəlif yerlərə paylayıb həmin yerlərin şəklini “Whatsapp” proqramı vasitəsi ilə çəkib göndərsin. Bu işə görə “Əsgər” ona narkotikin hər kilosu üçün 500 manat pul verməyi təklif etmişdir. O, Əsgər üçün əvvəllər bir neçə dəfə yaşadığı Kürdəmir rayonu yaxınlığından narkotiki götürüb Bakı şəhəri yaxınlığına aparıb qoymuşdur. Sonradan Əsgərlə əlaqə kəsildikdə o, Şakur kimi tanınan Şükür adlı İranlı ilə eyni şərtlərlə danışıb razılaşmışdır. Təxminən 1-2 ay əvvəl o, Şükürün sözü ilə İmişli rayonu ərazisindən təxminən bir kiloqram heroin götürüb Bakı şəhəri Ələt qəsəbəsinə gətirib qoymuşdur. Narkotik ticarətindən qazandığı pulları yaşadığı ünvanda saxlamışdır. Saxlanılmamışdan təxminən 10 gün əvvəl Şükür ona “Whatsapp” proqramı vasitəsi ilə zəng edib demişdir ki, Kürdəmir rayonu, Mollakənd kəndi ərazisində, reklam lövhəsinin altında düyü çantasında təxminən 5 kq çəkidə heroin və metamfetamin göndərib. Həmin maddələri oradan götürmək lazımdı. Ardınca Şükür həmin yerini şəklini də ona göndərmişdir. O, da həmin yerə gedib kolun içindən düyü çantasını götürüb evə gətirmişdir. Açıb içinə baxanda görmüşdür ki, çantada bir ədəd plastik qabda metamfetamin, bir neçə bükümdə heroin və bir ədəd elektron tərəzi vardır. Şükür ona demişdir ki, maddələri dediyi vaxtda deyəcəyi yerə aparıb qoyacaqdır, lakin hələ özündə saxlamalıdır. O, hər ehtimala qarşı heroin olan bükümlərdən birini cibinə, birini evə, qalan 03 bükümü və metamfetamin olan plastik qabı isə yaşadığı mənzilin yerləşdiyi binanın zirzəmisinə qoyaraq gizlətmişdir. Elektron tərəzi ilə bir büküm heroini evin yataq otağındakı dolabda gizlətmişdir. 13 noyabr 2021-ci il tarixdə təxminən saat 17 radələrində o, yaşadığı evin yaxınlığında piyada hərəkətdə olarkən bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini ona təqdim edib Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib onun külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Kürdəmir Rayon Polis Şöbəsinə dəvət etmişlər. Orada üzərinə baxış keçirilərkən üzərində gəzdirdiyi narkotiki təhvil vermiş, sonra digər yerdə narkotik saxlaması barədə soruşulduqda, evində və zirzəmidə saxladığını bildirmiş, bundan sonra evinə və zirzəmiyə baxış keçirilərkən Şükürün göndərdiyi narkotik və metamfetamin, həmçinin bir elektron tərəzi və narkotik satışından əldə etdiyi 1960 AZN pulu təqdim etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Nakrkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 12 noyabr 2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satış məqsədi ilə əldə edib Kürdəmir rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin şəxsin cinayət əməlinin ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Təqsirləndirilən şəxs 13 noyabr 2021-ci il tarixdə, saat 17 radələrində Kürdəmir rayonu, X5, məhəllə 2, ev 8 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Kürdəmir rayon polis şöbəsinə gətirilərək üzərində axtarış keçiriləcəyi barədə məlumatlandırılaraq üzərində narkotik vasitələri olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən bir bükümdə, qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olumuş narkotik maddələri İran İslam Respublikası vətəndaşı “Şakur” və yaxud “Şükür” adlı şəxsin 10 gün əvvəl İrandan göndərdiyini, əlavə olaraq Kürdəmir rayonunda yerləşən yaşadığı mənzildə narkotik maddə saxladığını, orada saxladığı narkotik maddələri təqdim edə biləcəyini, həmin mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Kürdəmir şəhəri, X5, məhəllə 2, ev 8, mənzil 19 ünvanının yerləşən mənzilə və yaşayış binasının zirzəmisinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs həmin mənzilin yerləşdiyi blokun girişindəki zirzəmidə gizlətdiyi bir ədəd plastik qabı və bir ədəd polietilen torbanı, yaşadığı mənzilin yataq otağındaki dolabın içindən isə bir ədəd bükümü, bir ədəd elektron tərəzini və 1960 AZN pulu təqdim etdi. Zirzəmindən təqdim olunan plastik qabın içindən bir bükümdə, ağ rəngli, kristalşəkilli, psixotrop maddə metamfetaminə bənzər, təqdim olunan torbanın içindən üç bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər, mənzildən təqdim olunan bükümün içindən isə narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar olundu. Aşkar edilmiş narkotik vasitə və psixotrop maddəyə bənzər maddələr, həmçinin qeyd olunan pul əskinasları qablaşdırılaraq götürüldü, protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalandı. Məhkəmə baxışında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Nakrkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid3 Cəmyət oğlu eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-fiziki kimyəvi ekspertizasının 14 noyabr 2021-ci il tarixli 19/5039 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs ...” sözləri yazılmış kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 55.278 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir, üzərində “... şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı...” sözləri yazımış bağlamadakı bir ədəd bükümdə təmiz çəkisi 1065 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1010 qr., 1005 qr., 1015 qr., bir ədəd üzərində “mənzildən” qeydi olan kağız yapışdırılmış bükümdə təmiz çəkisi 950 qram, ümumilikdə 4 ədəd bükümdə ümumi təmiz çəkisi 3980 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Kağız paketdəki və bağlamadakı heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 4035,278 qram təşkil edir. Tədqiqatdan sonrakı qalıq: Kağız paketdəki heroin 55,228 qram, mağlamadakı metamfetamin 1064,9 qram və bağlamadakı heroin 3979,92 qram təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 81 manat 82 qəpik təşkil edır. İş materiallarında olan 17 yanvar 2022-ci il tarixli 226 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan 13 noyabr 2021-ci il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokol və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 17:00-da saxlanılaraq Kürdəmir rayon polis şöbəsinə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən üzərindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 13 noyabr 2021-ci il tarixli «mənzilə baxış keçirilməsi və götürmə haqqında» protokol və əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzilin yerləşdiyi yaşayış binasının zirzəmisinə baxış zamanı oradan bir ədəd bükümdə psixotrop maddə metamfetaminə və üç ədəd bükümdə narkotik vasitə heroinə, eləcə də yaşadığı mənzilin yataq otağından bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddələr və bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İş materiallarında olan «maddi sübut kimi tanınma haqqında» 15 noyabr 2021-ci il tarixli qərarla iş üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq 55,278 qram və 3979,92 qram çəkidə narkotik vasitə heroin, 1064,9 qram çəkidə psixotrop maddə olan metamfetamin və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi maddi sübut kimi tanınmış saxlanılmasından ötrü DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan «nağd pulun maddi sübut kimi tanınaraq depozit hesabına qoyulması haqqında» 15 noyabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş 1966 manat məbləğində pul əskinasları maddi sübut kimi tanınmış və Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin depozit hesabına təhvil verilmişdir. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qərarıdan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 12 noyabr 2021-ci il tarixli “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan «cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında» qərardan görünür ki, cinayət işinin materiallarından külli miqdar narkotik vasitə və psixotrop maddələrin mənbə xüsusatına görə CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrı icraata cinayət işi ayrılmışdır. İş materiallarında olan 13 noyabr 2021-ci il tarixli protokolla Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2021ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbs olunmasının əvvəli 13 noyabr 2021-ci il tarixdən hesablanmmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan «Respublika Narkoloji Mərkəzinin” 13 dekabr 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs mərkəzdə müalicə olunmamış və qeydiyyatda yoxdur. İş materiallarında olan yaşayış yerindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu Kürdəmir şəhəri, H.Əliyev prspekti məhəllə 2, ev 8, mənzil 19-da qeydiyyatda olmaqla, ailə tərkibi arvadı və xx.xx.2010-cu il təvəllüdlü X1 adlı azyaşlı qızından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan «sərhədkeçmə hesabatına baxış keçirişlməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində Biləsuvar sərhədkeçmə məntəqəsindən İran İslam Respublikası istiqamətində 55 (əlli beş) dəfə Azərbaycan Respublikasının hüdudlarını tərk edərək geri qayıtmışdır. İş materiallarında olan «sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında» 17 fevral 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması, eləcə də mənzilə və zirzəmiyə baxış keçirilməsini özündə əks etdirən 02 ədəd CD disk maddi sübut hesab edilərək iş materiallarında saxlanılmış, eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd “Samsung” markalı mobil telefon sübut əhəmiyyət kəsb etmədiyindən onun ailə üzvlərinə qaytarılmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti özünə məlum olan “Şükür” adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımış, habelə həmin maddələrin Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsində köməkçi qismində iştirak etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Eyni zamanda məhkəmə tədqiq olunmuş sübutları, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrinə hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Habelə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirakı təsdiq olunduğundan məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən onun qeyd olunan əməli CM-in 32-ci maddəsinə istinad edilmədən həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif olunmadan bu Məcəllənin 32.5, 206.3.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Bu səbəbdən onun bu əməli Azərbaycan Respublikası CM-in 32-ci maddəsinə istinad olunmaqla həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və “Şükür” adlı şəxs əvvəlcədən razılaşmışlar ki, sonuncunun İrandan qaçaqmalçılıq yolu ilə keçirəcəyi narkotik vasitə və psixotrop maddəni Təqsirləndirilən şəxs qəbul edib Azərbaycan Respublikasında həmin maddələrin saxlama, daşıma, satma, bir sözlə realizə olunmasını təmin edəcəkdir. Həmin razılaşmadan sonra “Şükür” adlı şəxs məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi narkotik vasitə və psixotrop maddəni İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsini təmin edərək qoyulduğu yer barədə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs həmin yerdən bu maddələri satış məqsədi ilə əldə edib saxlamışdır. Məhkəmə hesab edir ki, iş üzrə müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bu cinayətin digər bir nəfər şəxsin (“Şükür” adlı şəxsin) icrası ilə törədilməsində köməkçi qismində iştirak etmişdir. Həmçinin Təqsirləndirilən şəxs qəsdinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən (ən azı iki nəfər icraçısı olan) qaçaqmalçılığa kömək etməyə yönəldiyi müəyyən edilməmiş, bunu təsdiq edən sübutlar əldə olunmamış və işin faktiki hallarına görə isə narkotik vasitə və psixotrop maddənin qaçaqmalçılığını bir nəfər icra etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah edilir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-in 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-in 34.2-ci maddəsinin tələblərinə əsaslanmaqla nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-in 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Hazırki iş üzrə müəyyən edilmişdir ki, şəxsiyyəti məlum olmayan “Şükür” adlı İran vətəndaşı tərəfindən narkotik vasitələ və psixotrop maddəni qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına keçirilməsi təmin edilib bu maddələrin qoyulduğu yer barədə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs həmin maddələri cinayətdən xəbərsiz olan şəxs vasitəsi ilə əldə etmiş, yəni göstərilən halda qaçaqmalçılıq yalnız bir nəfər şəxs tərəfindən icra etmişdir. Eyni zamanda müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi maddə və əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsində bilavasitə iştirak etməmiş, lakin satış məqsədi ilə əldə edilməsi üçün şəxsiyyəti məlum olmayan “Şükür” adlı İran vətəndaşı tərəfindən həmin maddə və əşyaların qaçaqmalçılıq yolu ilə keçiriləcəyini əvvəlcədən bilmiş, həmçinin bu maddələrin İrandan qaçaqmalçılıq yolu ilə keçirildikdən sonra əldə edib, realizə olunmasını təmin edəcəyinə vəd verərək qaçaqmalçılıq cinayətində qabaqcadan vəd etməklə iştirak etmişdir. Azərbaycan Respublikası CM-in 206-cı maddəsinin (Qaçaqmalçılıq) məzmununa görə həmin cinayətin subyekti malları bilavasitə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmiş şəxsdir, yəni bu əməlin icraçısıdır. Habelə Azərbaycan Respublikası CM-in 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan “Şükür” adlı İran vətəndaşı tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən və gömrük nəzarətindən kənar və ya gizli keçirilmiş külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib, saxlama, daşıma və satışına əvvəlcədən razılaşmaqla, cinayət yolu ilə əldə edilmiş əşyalar üzərində sərəncam verməyi qabaqcadan vəd etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah verilir ki, bu cinayətin (qaçaqmalçılıq cinayətin) törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da Azərbaycan Respublikası CM-in 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-in 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-in 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-in 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. CM-in 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirak etdiyindən onun hərəkətləri Azərbaycan Respublikası CM-in 32-ci maddəsinə istinad edilməklə CM-in 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilməlidir. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CM-in cinayətlərin təsnifatına dair 15-ci maddəsinə əsasən CM-in 206.2-ci maddəsi ilə törədilən əməllər az ağır, CM-in 206.3.2-ci maddəsi ilə törədilən əməllər isə ağır cinayət hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 32-ci maddəsinə istinad edilməklə CM-in 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Həmçinin, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə və psixotrop maddə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq “narkotik vasitələr əldə etməməsi, polis əməkdaşları tərəfindən Zaqatala rayonunda saxlanılaraq Kürdəmir rayonuna gətirilməsi, ona fiziki təzyiq göstərilməsi, polis əməkdaşları tərəfindən cibinə, yaşadığı evinə və evin zirzəmisinə narkotik vasitələr əlavə edilərək şərlənməsi” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. İfadəsində göstərdiyi bu xüsusatları ona cəza təyin edilməməsinə, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə iş üzrə maddi sübüt kimi tanınaraq Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin depozit hesabında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş 1960 (min doqquz yüz altmış) manat məbləğində pul əskinaslarının həlli ilə bağlı məsələyə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CM-in 132.1.2-ci maddəsinə əsasən «Şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir)». İşin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, mənzilə baxış keçirilən zaman, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunmuş 1960 (min doqquz yüz altmış) manat pulu narkotik maddələrin satışından əldə etdiyini bildirmişdir. Buna görə də, məhkəmə qanunvericliyin qeyd olunan normasını nəzərə alaraq hesab edir ki, həmin pul məbləğləri dövlət nəfinə xüsusi müsadirə edilməlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 55,278 qram və 3979,92 qram çəkidə narkotik vasitə heroin, 1064,9 qram çəkidə psixotrop maddə olan metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd “Samsung” markalı mobil telefonun onun yaxın qohumlarına qaytarılması nəzərə alınmalı, həmçinin şəxsi axtarış və götürmənin aparılmasını əks etdirən 2 (iki) ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə 81 (sksən bir) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin əvvəlinin 13 noyabr 2021-ci il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-in 32.5, 206.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 noyabr 2021-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 81 (sksən bir) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış - Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 55,278 qram və 3979,92 qram çəkidə narkotik vasitə heroin, 1064,9 qram çəkidə psixotrop maddə olan metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd “Samsung” markalı mobil telefonun onun yaxın qohumlarına qaytarılması nəzərə alınsın, həmçinin şəxsi axtarış və götürmənin aparılmasını əks etdirən 2 (iki) ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin depozit hesabında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş 1960 (min doqquz yüz altmış) manat məbləğində pul dövlət nəfinə xüsusi müsadirə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar