Məhkəmə qərarları › İş №1(099)-252/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-252/2023

15.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-252/2023 15.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X11 oğlunun sədrliyi ilə, hakimlər – X6 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məsləhətçi – Rəhimov Emil Vəliağa oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 03 avqust 1988-ci ildə Əli Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, Bakı şəhər Xətai rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmış, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən təyin edilmiş cəzasının çəkilməmiş qalmış hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 05 ay 09 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 3,494 qram olmaqla külli miqdar təşkil edən psixotrop maddə metamfetamini məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 sentyabr 2022-ci il tarixdə, saat 17:00 radələrində Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Elit” ticarət mərkəzinin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman üzərində qanunsuz saxladığı 3,494 qram çəkidə külli miqdar psixotrop maddə olan metamfetamin əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək öz ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi olduğuna görə özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir, 27 sentyabr 2022-ci il tarixdə səhər saatlarında evdən çıxıb uşağı hazırlığa apararkən ona zəng gəlmiş və telefonda danışan şəxs ona satışda mobil telefon nömrəsinin 099, 070-lə olanının olduğunu, həmin nömrələri 3 manata satdığını, 1 manat da çatdırılma pulu olduğunu bildirmişdir. O uşağı hazırlığa qoyduqdan sonra “Elit” ticarət mərkəzinə, bibisi oğlunun yanına getmişdir. Orada olarkən yenə də ona zəng gəlmiş və zəng edən şəxs nömrəni gətirdiyini demişdir. O həmin şəxsə nömrəni “Elit” ticarət mərkəzinə gətirməsini bildirərək aşağı düşmüşdür. Aşağıda olarkən bir nəfər ona yaxınlaşmış və onu maşına oturdaraq polis şöbəsinə aparmışlar. Həmin vaxt onlara anasının xəstə olduğunu, ailəsinin dağıdılmamasını demişdir. Ona evinə baxış keçiriləcəyi, əgər bunu istəmirsə CM-nin 234.1-ci maddəsi ilə tutulmağına razılaşması bildirilmiş, anası xəstə olduğu üçün evə baxış keçirilməməsi məqsədilə onlarla razılaşmışdır. Sonra barəsində həbs qətimkan tədbiri seçilərkən CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmişdir. O əvvəlki məhkumluğuna görə cəzanı çəkib həbsdən çıxdıqdan sonra da narkotik vasitə istifadə etmişdir, həyat yoldaşı işləmir, anası isə insult keçirdiyinə görə yataq xəsətsidir. Saxlanılarkən onun üzərində narkotik vasitə olmamışdır. Məhkumluğu olduğuna görə bu işlə məşğul olması ona deyilmiş, polis əməkdaşları ilə hər hansı bir ədavəti, düşmənçiliyi olmamış, polis şöbəsində ona qarşı zor tətbiq olunmamışdır. Polis şöbəsində ona yalnız CM-nin 234.1-ci maddəsi ilə razılaşması, razılaşmasa gedib evindən metamfetamin çıxarılacağı deyilməklə təzyiq göstərilmiş, odur ki, onlar tərəfindən cibinə qoyulmuş bir bükümdə metamfetamini cibindən çıxararaq təqdim etmiş, bu barədə, yəni ona qarşı təzyiq olması barədə heç yerə şikayət etməmişdir. O evə baxış keçirilməsin deyə 234.1-ci maddə ilə razılaşıb sənədlərə imza etmiş, müstəntiq ona narahat olmamasını, araşdırma aparılacağını, telefon danışıqlarına baxılacağını, satış faktı olmasa əməlinin 234.4.3-cü maddədən 234.1-ci maddəyə tövsif olunacağını bildirmişdir. İş materialları ilə tanış olanda isə ona CM-nin 234.1-1 maddəsi ilə ittiham verildiyini görmüşdür. Nömrə satışı ilə bağlı ona 077-500-lə başlayan 3 nömrədən zəng gəlmiş, özünün istifadə etdiyi nömrə isə ***-***-**-** olmuşdur. Narkotik vasitə istifadə etdiyinə görə peşmançılıq hissi keçirir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadə ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ifadəsindən isə görünür ki, o, istintaq zamanı fərqli ifadə verərək özünü ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. 27 sentyabr 2022-ci il tarixdə səhər saatlarında “Elit” ticarət mərkəzinin yaxınlığında ağaclar olan hissə ilə hərəkət edən zaman yerdə bir ədəd sellofan büküm görmüş və həmin büküm diqqətini cəlb etdiyi üçün onu yerdən qaldırıb içinə baxmış, bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. Özü metamfetamindən istifadə etdiyi üçün həmin bükümü cibinə qoymuşdur. Həmin gün saat 17 radələrində Şirvan şəhəri, “Elit” ticarət mərkəzinin yaxınlığında olarkən bir neçə nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ona üzərində narkotik vasitələrin gəzdirilməsində şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Üzərində metamfetamin olduğu üçün buna etiraz etmiş, lakin sonra razılaşaraq polis əməkdaşları ilə Şirvan şəhər polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X1. Bir müddət sonra vəkil Eyvaz Əhədov gəldikdən sonra üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyini təklif etdikdə, o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan büküm çıxarıb masanın üzərinə qoymuş və həmin bükümdə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən başqa qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq təqdim etdiyi psixotrop maddə olan metamfetamini yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra təqdim etdiyi psixotrop maddə olan metamfetamin təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmışdır. Daha sonra protokol tərtib olunmuş, bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra ona imza etmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, həmin psixotrop maddəni istifadə etmək üçün üzərində saxlamışdır. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Polis şöbəsinə gətirilərkən və ya polis şöbəsində olarkən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə dair məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq onun məhkəmə istintaqında saxlanılarkən üzərində hər hansı narkotik vasitə olmaması, lakin polis əməkdaşları tərəfindən evindən narkotik vasitə aşkar ediləcəyi hədəsi ilə onlar tərəfindən cibinə qoyulmuş bir bükümdə metamfetamini cibindən çıxararaq təqdim etməsi, polis əməkdaşları tərəfindən ona təzyiq edildiyi üçün etirafedici ifadə verməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünümüdafiə xarakterli, qeyrisəmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, onun törətmiş olduğu cinayət əməli özünün qismən etirafı ilə yanaşı məhkəmə iclasında tədqiq edilmiş iş materialları və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 27 sentyabr 2022-ci il tarixdə xidmətdə olarkən ona Şirvan şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz yolla narkotik vasitələr əldə edib üzərində saxlaması, istifadə etməsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədilə təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmiş və həmin gün saat 16 radələrində Şirvan şəhərinə ezam gəlmişdir. Şirvan ŞPŞ-nin rəhbərliyinə bu barədə məruzə etdikdən sonra saat 17 radələrində Təqsirləndirilən şəxs Şirvan şəhəriində “Elit” ticarət mərkəzinin yaxınlığında hərəkətdə olması barədə məlumat almış və Şirvan şəhər polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Şahid2 ilə birlikdə həmin yerə getmişdir. Orada Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş, barəsində qanunsuz yolla narkotik vasitələr əldə etməsi, saxlaması, istifadəsi və satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirərək onu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs əvvəl yayınmaq istəsə də, sonra etiraz etməyib onlarla birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişdir. Orada vəkilin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmiş və həmin bükümdə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Sonra baxış keçirilməsi sənədləşdirilmişdir. Hadisənin üzərindən müddət çox keçdiyi üçün həmin vaxt verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs nə cavab verməsi yadında deyildir. Ona etiraf etməsə evindən narkotik vasitə çıxarılacağı deyilməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs vəkillə təmin edilmiş və videoçəkiliş aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs özü əməlini etiraf etmiş və onda olan bükümü təqdim etmişdir. Əməliyyat zamanı ona zəng olunaraq telefon nömrəsinin satılması deyilməmiş, belə danışıqları olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 Şirvan şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz yolla narkotik vasitələr əldə edib üzərində saxlaması, istifadə etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və Şirvan ŞPŞ-nin rəhbərliyinə bu barədə məruzə edilmişdir. Həmin gün saat 17 radələrində Təqsirləndirilən şəxs Şirvan şəhəriində “Elit” ticarət mərkəzinin yaxınlığında saxlayaraq özlərini təqdim edib onu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Əməliyyatda o özü də iştirak etmiş, Təqsirləndirilən şəxs onlarla birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişdir. Orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmiş və həmin bükümdə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olubolmaması, olduğu təqdirdə könüllü çıxarıb masanın üzərinə qoyması təklif edilmiş, o da əynində olan şalvarın cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. O Babəki əvvəllər tanımamış, ona əməliyyatda iştirak etməyi barədə rəhbərlik tərəfindən göstəriş verilmiş, əməliyyata Babəklə birlikdə ikisi getmişlər. Təqsirləndirilən şəxs saxlanılmasını o kənardan qalıb müşahidə etmiş, Babək yaxınlaşaraq onu saxlamışdır. Təqsirləndirilən şəxs onlar tərəfindən telefon nömrə satışı ilə bağlı zəng olunmamışdır və bu barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyini etiraf etmədiyi təqdirdə evindən külli miqdarda narkotik vasitə çıxarılacağı deyilməmiş, belə söhbət olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 27 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə psixotrop maddəyə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş Məhkəmə-kimyəvi ekspertizasının 28 sentyabr 2022-ci il tarixli, 18/1076 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «…Təqsirləndirilən şəxs üzərindən…» sözləri yazılmış kağız paketdə 01 ədəd sellofan kəsiyi bükümündə, təmiz çəkisi 3,494 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin materiallarına əlavə edilmiş Məhkəmə-narkoloji ekspertizasının 14 yanvar 2023-cü il tarixli, 175 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan şəhər polis şöbəsinin məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini haradan və hansı mənbədən əldə etməsinin müəyyənləşdirilməsi istiqamətində tərəfimizdən bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasının müəyyən edilməsi ilə bağlı bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, məxfi aqentlər təlimatlandırılmış, lakin Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir məlumat əldə olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş «Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin 05 oktyabr 2022-ci il tarixli, 1016 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan ŞMP-nın “Tiryək narkomaniyası” diaqnozu ilə narkoloji kabinetində qeydiyyatdadır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin qərarı ilə “8 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək, onun azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmış, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin qərarı ilə təyin edilmiş cəzasının çəkilməmiş qalmış 09 ay 28 gününü çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmiş və xx.xx.2022-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 05 ay 09 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin materillarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Şirvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 710796 nömrəli nikah haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs nikah bağlaması 09 yanvar 2012-ci il tarixdə akt qeydləri kitabında qeyd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Şirvan şəhər 1 nömrəli tam orta məktəbin 26 dekabr 2022-ci il tarixli 291 və 292 nömrəli arayışlarından görünür ki, X7 2022-2023-cü tədris ilində məktəbin 1-ci sinifində, X4 isə həmin tədris ilində məktəbin 4-cü sinifində oxuyur. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, şahid ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, həmçinin yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlləri cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residividir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə ona təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə müddətində, yəni Bakı şəhər Xətai rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli hökmü ilə ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 05 (beş) ay 09 (doqquz) günü müddəti ərzində ağır cinayət törətdiyini nəzərə alaraq belə qərara gəlir ki, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya Bakı şəhər Xətai rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş 03 il azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi, yəni 05 (beş) ay 09 (doqquz) günü qismən birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı 3,444 qram qalığının hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi qərarına gəlir. İş üzrə keçirilmiş ekspertizanın dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul vəsaiti təqsirləndirilən şəxs Ə.X.Nuralıyevdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin 29 iyul 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya Bakı şəhər Xətai Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi, yəni 05 (beş) ay 09 (doqquz) günü qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti cəza 04 (dörd) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 27 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı 3,444 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza xərci olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs münasibətdə həmin müddət hökmün surətinin ona verildiyi andan hesablanır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar