Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-255/2023 02.03.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), X5 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1968-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Şirvan şəhər məhkəməsinin 14 noyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 7 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, işsiz, Şirvan şəhəri, S.Vurğun küçəsi ev 25, mənzil 29-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanıln Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq 01(bir) ədəd bükümdə külli miqdarda, təmiz çəkisi – 2,557 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib əynindəki şalvarının sağ yan cibində daşıyaraq saxlamış, 05 oktyabr 2022-ci il tarixdə saat 13:00 radələrində Şirvan şəhəri, S.Vurğun küçəsində Təqsirləndirilən şəxs qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Şirvan şəhər polis şöbəsinə gətirilərək 05 oktyabr 2022-ci il tarixdə saat 13:50-dən 14:05-dək müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində üzərində olan həmin 01 ədəd bükümdə külli miqdarda, təmiz çəkisi - 2,557 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə dindirilmiş təqsirləndirilən şahid Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o cəzaçəkmə yerindən azad olunduqdan sonra 4-5 dəfə nəşədən istifadə etmişdir. 05 oktyabr 2022-ci il tarixdə Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları onu saxlayıb polis şöbəsinə aparıb, orada videoçəkilişlə üzərində axtarış aparmışlar. Həmin vaxt vəkil də iştirak etmişdir. Axtarış zamanı üzərindən götürülən bir bükümdə heroin ona məxsus olmamışdır, həmin maddə onun üzərinə qoyulmuşdur. O videoçəkilişdə polislərin dediklərini demişdir. Sənədlərə ona görə imza etmişdir ki, ona CM-nin 234.1-ci maddəsi ilə ittiham verəcəklərini demişlər. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək narkotik vasitə olan heroindən mütəmadi olaraq istifadə etdiyini, 05 oktyabr 2022-ci ildə saat təxminən 10 radələrində yaşadığı küçədə gəzən zaman yerdən bir ədəd sellofan bükülü tapdığını, həmin bükülünü açıb içərisinə baxdıqda bükülüdə narkotik vasitə heroin olduğunu görüb, istifadə etmək üçün onu üzərində saxladığını, 05 oktyabr 2022-ci il tarixdə saat 13:00 radələrində Şirvan şəhəri, S.Vurğun küçəsində polis işçiləri onu saxlayıb, polis şöbəsinə apardıqlarını, orada vəkilin iştirakı ilə videoçəkilişlə və razılığı ilə onun üstünə axtarış keçirildiyini və axtarış zamanı, əynindəki şalvarının sağ yan cibində özü qəbul etmək üçün saxladığı bir ədəd sellofan bükümün içərisində heroin aşkar edib götürdüklərini, sorğu zamanı o üzərindən aşkar olunmuş heroini Şirvan şəhəri, S.Vurğun küçəsində gəzən zaman yerdən tapdığını bildirdiyini, polis işçilərinin ondan aşkar edilib götürülmüş içərisində heroin olan bükülünü qablaşdırdıqlarını və bu barədə protokol tərtib edildiyini, həmin protokolla tanış olaraq, düzgün tərtib olunduğuna görə digər iştirakçılar kimi protokola və zərfə imza etdiyini göstərmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs yuxarıda təsvir edilən cinayət əməlini törətməsi məhkəmədə elan olunmaqla tədqiq edilmiş özünün ibtidai istintaq zamanı verdiyi ifadəsindən başqa, məhkəmədə tədqiq edilmiş və dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləti, istintaq hərəkəti protokolları, əldə olunmuş maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X8 X6 Xidməti Bölməsinin polis nəfəri vəzifəsində işləyir. 05 oktyabr 2022-ci il tarixdə saat təxminən 13:00 radələrində iş yoldaşı Şahid2 ilə Şirvan şəhəri, S.Vurğun küçəsində xidmətdə olduqları zaman əvvəllər tanımadığı sonradan adını bildiyi Təqsirləndirilən şəxs özünü şübhəli apardığını görüb ona yaxınlaşan zaman Seymur qaçmaq istəsə də onu saxlamışlar. Onun hərəkətlərindən narkotik istifadə etdiyini güman edib, onu Şirvan Şəhər Pois şöbəsinə aparmışlar. Orada təhqiqatçı onların və vəkilin iştirakı ilə videoçəkilişlə Seymurun üzərində axtarış aparmışdır. Səxsi axtarış zamanı onun əynindəki cibindən 1 ədəd içərisində heroinə bənzər kütlə olan sellofan büküm aşkar olunmuşdur. Sorğu zamanı Seymur həmin 1 ədəd sellofan bükümün içərisində heroin olduğunu, həmin heroini yaşadığı küçədə yerdən tapdığını və üstündə gəzdirməkdə məqsədinin gələcəkdə istifadə etmək olduğunu bildirmişdir. Bundan sonra həmin kütlə qablaşdırılaraq üzəri möhürlənmiş və bu barədə protokol tərtib etdilmiş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs hər hansı təsir və ya təzyiq olunmamışdır. Məhkəmədə ittiham və müdafiə tərəfin razılığı ilə ifadəsi elan olunmaqla tədqiq edilmiş gəlməyən Şahid2 ifadəsi ilə də göstərilən xüsusatlar öz təsdiqini tapır. Məhkəmədə tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 2,507 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilmə qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq halhazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 05 oktyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aprılması haqqında olan protokoldan görünür ki, qeyd edilən tarixdə saat 13:00 radələrində Şirvan şəhəri, S.Vurğun küçəsində Təqsirləndirilən şəxs saxlanılıb Şirvan Şəhər Polis şöbəsinə aparılaraq, vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı üzərindən 01 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilərək ondan götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Məhkəmədə şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətlərinin görüntüləri nümayiş etdirilmiş və həmin görüntülərin şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkəti protokolunda qeyd edilən xüsusatlarla üst-üstə düşməsi təsdiq olunur. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 08 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş ekspertiza tədqiqatından sonra qalan 2,507 qram narkotik vasitə heroin və şəxsi-axtarış istintaq hərəkəti aparılmasını əks etdirən görüntülərin qeydə alındığı disk maddi sübut qismində tanınmışdır. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiy ifadəsi və şahidlərin ifadələrini, ekspertiza rəylərini tədqiq edərək, iş materiallarını nəzərdən keçirib, dövlət ittihamçısının Təqsirləndirilən şəxs əməlini CM-nin 234.1-1-ci maddəsinə tövsif edilməsi barədə təklifinə və iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifi məsələsini də müzakirə edərək aşağıdakı nəticəyə gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı CM-in 234.4.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı verilmiş ittiham üzrə onun əməli məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmır. Belə ki, məhkəmədə elan olumaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən və məhkəmədə dindirilmiş şahidlərin ifadələrindən görünür ki, onun narkotik vasitəni satmaqda heç bir şəxslə əlbirliyi olmamış, o heç bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməmiş və üzərində aşkar edilən heroini özü istifadə etmək üçün üzərində saxlamışdır. Həm də heroin bir bükümdə olmuşdur. Bundan başqa məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi olmaqla onun narkomaniyadan müalicəyə ehtiyacı vardır. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitəni hər hansı məqsədlə əldə edib üzərində gəzdirməsi barədə əməliyyat məlumatı olmamış, post-patrul xidmətinin əməkdaşları ondan şübhələnib onu polis şöbəsinə apardıqdan sonra onun üzərində şəxsi axtarış aparılarkən üzərində narkotik vasitə heroin olması aşkar edilmişdir. Eyni zamanda iş materiallarında olan ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əməlinin tövsif edilməsi haqqında qərarından görünür ki, istintaq orqanı onun təqsirli bilindiyi CM-nin 234.1-1-ci maddəsindən heç bir əsas göstərmədən üzərindən aşkar edilmiş bir bükümdə narkotik vasitə heroini məhz satış məqsədi ilə əldə etməsi qənaətinə gəlməklə əməlini CM-nin 234.4.3-cü maddəsinə tövsif etmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə satış dedikdə yalnız qeyd olunan amillərin, yəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində verilmiş izaha əsasən həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərindən azad olunmasına nail olmaq, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi başa düşülür. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməyə dair ittiham verilmiş, lakin həmin ittihamda təqsirləndirilən şəxsin narkotik vasitəni əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, qeyd edilən qanunun tələbi nəzərə alındıqda elan edilmiş bu ittihamın məzmununda təqsirləndirilən şəxsin narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq üçün əldə etməsi müəyyən edilmədiyindən narkotik vasitə heroinin əldə edilməsini satış kimi qiymətləndirilməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq saxladığı heroin külli miqdar təşkil edir. Lakin, ibtidai araşdırma zamanı nə də ki, məhkəmədə onun narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi heç bir sübutla təsdiq edilməmiş, ümumiyyətlə belə sübutlar əldə edilməmişdir. İbtidai istintaq orqanının gəldiyi bu nəticə ehtimallara əsaslanmış və məhkəmədə müəyyən edilmiş işin hallarından görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən üzərinə keçirilmiş şəxsi axtarış zamanı öz istifadəsi üçün üzərində saxladığı qeyd edilən narkotik vasitə heroin aşkar edilərək ondan götürülmüşdür. Göründüyü kimi Təqsirləndirilən şəxs onda aşkar edilərək götürülmüş narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir sübut əldə edilməmişdir. Azərbaycan Respublikası CPM-nin (bundan sonra CPM-nin) 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmcinin CPM-in 139.0, 139.0.4 və 139.0.6-cı maddələrinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçılarının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə yuxarıda göstərilən, məhkəmədə tədqiq olunmuş sübutları və işin faktiki hallarını, cinayətin iş üzrə verilmiş ittihamda göstərildiyi kimi törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin sübuta yetirilməsi ilə əlaqədar ittiham tərəfindən irəli sürülən dəlillər əsassızdır, bu dəlillər konkret sübutlara deyil, mülahizələrə əsaslanmışdır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Bu Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin bu Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispoziyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi külli miqdarda təmiz çəkisi 2,557 qram olan narkotik vasitə heroini özü istifadə etmək üçün üzərində qanunsuz olaraq saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi barədə heç bir mötəbər sübutlar əldə edilməmiş və onun CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması nə ibtidai istintaq, nə də ki, məhkəmə istintaqı zamanı sübuta yetməmişdir. İnsan Hüquqlarının və X3 X2 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəsə cinayət törədildiyi anda tətbiq edilməli olan cəzadan daha ağır cəza təyin edilə bilməz. CM-nin 7-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından, onun törətdiyi cinayət əməli CM-nin 234.1-1-ci maddəsinə tövsif olunmalı dır. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində ondan aşkar edilərək götürülmüş bir bükümdə olan heroinin ona aid olmadığını həmin narkotik vasitənin onun üzərinə qoyulduğunu bildirmişdir. Məhkəmə onun bu ifadəsini özünü müdafiə məqsədi daşımaqla, məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən, işin faktiki hallarına uyğun gəlməyən ifadə olduğundan və məhkəmədə tədqiq edilmiş sübutlarla tamamilə təkzib edildiyindən həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Belə ki, məhkəmədə elan edilməklə tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ilkin izahatında və vəkilinin iştirakı ilə cinayət törətməkdə şübhə edilən şəxs qismində dindirilərkən verdiyi ifadəsində əməlini qismən etiraf etməklə üzərindən aşkar edilərək götürülmüş bir bükümdə heroini tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Məhkəmədə dindirilmiş şahidin ifadəsi ilə də göstərilən xüsusatlar öz təsdiqini tapır. Məhkəmədə tədqiq edilmiş videoçəkilişlə keçirilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 05 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də o CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Cinayət işinin materiallarında olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxsn xx xxxx 1968-ci ildə Əli-Bayramlı (Şirvan) şəhərində doğulmuşdur. Şirvan şəhəri, S.Vurğun küçəsi, ev 25, mənzil 29-da qeydiyyatda olmaqla orada yaşamışdır. İİİ qrup əlildir. İşdə olan Şirvan Şəhər Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs müddətinin əvvəli 05 oktyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan DİN-nin BƏSİİ-nin məlumatından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər məhkəməsinin 14 noyabr 2019-cu il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 7 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Xətai rayon məhkəməsinin 05 iyul 2021-ci il tarixli qərarı ilə 7 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıda qeyd edilənləri nəzərə alır. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs İİİ qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan şəhər məhkəməsinin 14 noyabr 2019-cu il tarixli hökmünə əsasən CM-nin 234.1 maddəsi ilə təqsirli bilinərək 1 il 7 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Xətai rayon məhkəməsinin 05 iyul 2021-ci il tarixli qərarı ilə 7 gün şərti olaraq vaxtından əvvəl cəzadan azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən az ağır cinayət törətmişdir. CM-nin 18-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin sadə residivi halı mövcuddur. Ona görə də bu hal CM-nin 61-ci maddəsinin tələbinə əsasən ona cəza təyin edilərkən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmaqla, CM-nin 65.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan ciddi cəzanın yuxarı həddinin yarısından az olmamaqla müddəasına əsaslanmaqla ona cəza təyin edilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, işin vəziyyətini nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan orta həddə yaxın cəza təyin edilməli və o həmin cəzanı çəkməlidir. CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 05 oktyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs İİİ qrup əlil olduğundan onun barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilməz. Lakin o ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsində saxlanılan qalıq çəkisi 2,507 qram metamfetamin məhv edilməli, 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 49 manat 74 qəpik məhkəmə xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 51-2, 132, 344-349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 05 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. O ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsində saxlanılan qalıq çəkisi 2,507 qram metamfetamin məhv edilsin. 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 49 manat 74 qəpik məhkəmə xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-255/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-255/2023
02.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver