Məhkəmə qərarları › İş №1(099)-255/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-255/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-255/2024 17.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi2 Əflatdin oğlunun iştirakları ilə, xx xxxxx 2000-ci ildə Astara rayonunun Ərçivan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, evli, orta təhsilli, məhkumluğu olmayan, Astara rayonunun Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 13 iyul 2023-cü il tarixdə saat 04:00-da Astara rayonunun Ərçivan qəsəbəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Astara Rayon Polis Şöbəsinin inzibati binasına dəvət edilib gətirilməklə orada həmin gün saat 06:03-dən etibarən onun üzərində şəxsi axtarış aparılarkən qeyd edilən külli miqdarda ümumilikdə 6,245 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin ayrı-ayrılıqda təmiz çəkiləri 3,113 qram və 3,132 qram olmaqla Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümlərdə aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 13 iyul 2023-cü il tarixdə saat 04 radələrində həyət qapısı döyülmüş, qapını açanda təxminən 10 nəfərdən ibarət üzü maskalı polis əməkdaşları həyətinə daxil olub onu ailə üzvləri və qonşularının gözü qabağında polis şöbəsinə aparmışlar. Polis şöbəsində üzərinə narkotik vasitə qoyaraq, onu ailə isə hədələyərək həmin narkotik vasitəsinin ona məxsus olmasını, həmin narkotik vasitəsini boynuna almasını demişlər. O da polis əməkdaşlarından qorxduğu üçün narkotik vasitəsinin ona məxsus olmasını bildirmişdir. Əslində isə onun üzərində və evində heç bir narkotik vasitə olmamış, heç vaxt narkotik vasitələrinin satışı ilə məşğul olmamışdır. Günahı olmadığı üçün məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını zxahiş edir. Təqsirləndirilən məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün, onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, 13 iyul 2023-cü il tarixdə saat 04 radələrində Astara rayonu Ərçivan qəsəbəsində öz yaşadığı evin yaxınlığında olduğu zaman üç nəfər mülki geyimli şəxslər yaxınlaşıb onu saxlamış, həmin şəxslər özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirdikdən sonra ondan anket məlumatlarını soruşmuşlar. Özünü onlara təqdim etdikdən sonra polis əməkdaşları ona bildirmişlər ki, o narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda, üzərində bu kimi maddələr saxlamaqda şübhəlidir, onunla bağlı əməliyyat-axtarış tədbiri keçirilir. Həmin vaxt özünün üzərində iki büküm heroin olduğundan yalan danışa bilməyib demişdir ki üzərində iki büküm heroin var. Polis əməkdaşları onu özləri ilə birgə Astara Rayon Polis Şöbəsinə aparmışlar. Videoçəkiliş aparılmaqla özünün üzərində şəxsi axtarış aparılmış, polis əməkdaşı ona təklif etmişdir ki, üzərində qanunsuz saxladığı hər hansı maddə, əşya varsa çıxarıb təqdim etsin. Özü bu təklifə əsasən üzərində “kakos” adı ilə tanıdığı narkotik maddə heroin olduğunu bildirib əynindəki göy cins şalvarının sağ yan cibində saxladığı həmin iki ədəd sellofan bükümdəki narkotik vasitə heroini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin sellofan bükümlər polis əməkdaşı tərəfindən açılmış və içərisində olan narkotik vasitə heroin aşkar edilmişdir. Sonra həmin heroin bükümləri polis əməkdaşı tərəfindən götürülüb zərfə qoyularaq qablaşdırılmışdır. Sorğu sual zamanı həmin heroini Astara bazarında tanımadığı şəxsdən özü qəbul etmək üçün aldığını bildirmişdir. Daha sonra polis əməkdaşları və vəkillə birlikdə Astara rayonu Ərçivan qəsəbəsində öz yaşadığı evə getmişlər, evə baxış keçirilmiş, lakin hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində “polis əməkdaşlarının üzərinə narkotik vasitələr qoyması, onu ailə üzvləri ilə hədələməsi, ona görə də məcbur olub nrkotikin ona məxsus olmasına dair etirafedici ifadələr verməsi, heç vaxt narkotik vasitələrindən istifadə etməməsi” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki hallarına uyğun olduğunu hesab edir və sübut kimi qəbul edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 12 iyul 2023-cü il tarixdə Astara rayonu, Ərçivan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik maddələrin əldə edib saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuş və əyaradılmış məliyyat qrupu ilə Astara rayonu, Ərçivan qəsəbəsinə yola düşmüşlər. Artıq 13 iyul 2023-cü il tarixdə saat 04 radələrində Ərçivan qəsəbəsində yaşadığı evinin yaxınlığında xarici görünü Təqsirləndirilən şəxs oxşar şəxsi müəyyən edib saxlamışlar. Həmin vaxt özlərini ona təqdim etmişlər. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbini izah edib üzərində qanunsuz hər hansı maddələrin olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs özü səmimi etiraf edib bildirmişdir ki, üzərində iki ədəd bükümdə «kakos» adı ilə tanıdığı narkotik vasitə heroin vardır. Dərhal Təqsirləndirilən şəxs özləri ilə birlikdə Astara Rayon Polis Şöbəsinə dəvət edib gətirmişlər. Polis şöbəsində müdafiəçisinin iştirakı və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanmış, qanunsuz əşya olduğu halda təqdim etməsi təklif olunmuş. Təqsirləndirilən şəxs də üzərində narkotik maddə heroin olduğunu bildirib əynindəki göy cins şalvarının sağ yan cibindən içərisində şübhəli maddə olan iki ədəd sellofan bükümləri çıxarıb təqdim etmişdir. Həmin iki ədəd sellofan bükümlər açılıb baxış keçirildikdə bükümlərin hər birinin içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Sonra həmin bükümlər içindəki maddə ilə birlikdə təhqiqatçı tərəfindən götürülüb zərfdə qablaşdırılmışdır. Şifahi sorğu sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümlərdə olan narkotik vasitə heroini özü Astara bazarında tanımadığı şəxsdən pul müqabilində öz istifadəsi üçün almışdır, yəni özü qəbul etmək üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə də baxış keçirilmiş, lakin evdən qanunsuz heç bir əşya, maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir faktı müəyyən etməmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş üzrə əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. 13 iyul 2023-cü il tarixdə səhər azana durmuş, həyətdə səs gəldiyini görüb həyət düşmüşdür qonşuluğnda olan Mirəlinin həytində çoxlu polis əməkdaşlarının olduğunu, Təqsirləndirilən şəxs əlində qandal olduğunu onu polis şöbəsinə apardığını görmüşdür. İş üzrə əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. 13 iyul 2023-cü il tarixdə səhər təxminən 04 radələrində həyətdən səs gəldiyini eşitmiş. Həyətə baxdıqda qara maskalı polis əməkdaşlarını görmüş. Polis əməkdaşlarından bir nəfər ağ saçlı şəxs onların evinə daxil olaraq əri Mirəlini alt paltarında çölə çıxarmışlar, onları isə evdən çölə buraxmamışlar. Polis əməkdaşları evlərini axtardılar lakin heç nə tapmadılar, sonra Mirəlini götürüb polis şöbəsinə aparmışlar. Səhərisi günü isə evə gəlib evdə videoçəkilişlə axtarış apardılar. Polis əməkdaşları Mirəlini saxlayarkən onun üzərində narkotik vasitə olmamışdır. Əri Mirəlinin tutulmasının səbəbini bilmir. İş üzrə əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur. 13 iyul 2023-cü il tarixdə səhər 04 radələrində ailə üzvləri həyətdən səs gəldiyini ona demişlər. Həyətə düşmüş, qonşuluqda olan Mirəlinin həyətində çoxlu polis əməkdaşlarının olduğunu, Təqsirləndirilən şəxs əlində qandal olduğunu görmüşdür. Mirəlinin yaşadığı həyətə yaxınlaşanda polis əməkdaşları ona buraxmamışlar, ona çıxıb getməsini demişlər. Polis əməkdaşlarından soruşduqda Mirəlini narkotik vasitələrinə görə tutulduğunu bildmirmişlər. İş üzrə əlavə şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. 13 iyul 2023-cü il tarixdə səhər təxminən 04 radələrində həyətdən səs gəldiyini eşitmiş. Həyətə baxdıqda qapı ağzında bir neçə nəfər şəxsin həyətin qapısını açmasını demişlər. Qapını açdıqdan sonra polis əməkdaşları həyətə daxil olub oğlu Mirəlini tutub polis şöbəsinə aparmışlar. Mirəlinin nə səbəbə tutulmasını bilmir. Həmçinin şahidlər X6, X16, X2 və X1 məhkəmə baxışı zamanı verdiyi ifadələrdə göstərdikləri xüsusatları tətdiq etmişdir. Belə ki, Rəqsanə Əliyevanın məhkəmə baxışı zamanı ifadəsində “hadisə vaxtı polis əməkdaşlarından bir nəfər ağ saçlı şəxs onların evinə daxil olaraq əri Mirəlini alt paltarında çölə çıxarmış və polis əməkdaşları Mirəlini polis şöbəsinə aparmışlar” göstərdiyi xüsusatı, Firuz Əliyevin ifadəsində “13 iyul 2023-cü il tarixdə səhər təxminən 04 radələrində həyətdən səs gəldiyini eşitmiş. Həyətə baxdıqda qapı ağzında bir neçə nəfər şəxsin həyətin qapısını açmasını demişlər. Qapını açdıqdan sonra polis əməkdaşları həyətə daxil olub oğlu Mirəlini tutub polis şöbəsinə aparmışlar” göstərdiyi xüsusatı, Hüseynağa Abdinov və Kənan Novruzov məhkəmə baxışı zamanı ifadələrində “13 iyul 2023-cü il tarixdə səhər 04 radələrində qonşuluqda olan Mirəlinin həyətində çoxlu polis əməkdaşlarının olduğunu, Təqsirləndirilən şəxs əlində qandal polis tərəfindən aparıldığını görmüşdür” xüsusatlarını göstərmişlər. Məhkəmə qeyd olunan ifadələrə qiymət verərək hesab edir ki, qeyd olunan xüsusatlar işin faktiki hallarına və iş materiallarına uyğun deyil, iş üzrə toplanmış digər sübutlarla təkzib olunur. Odur ki, məhkəmə göstərilən xüsusatları Təqsirləndirilən şəxs müdafiə məqsədini daşıdığından sübut kimi qəbul etmir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə fiziki-kimyəvi ekspertizasının 13 iyul 2023-cü il tarixli 3-16-16/2-6/3812 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksləri olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlələr”, “imza”, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 2 (iki) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,113 qram və 3,132 qram, ümumi təmiz çəkisi 6,245 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin 1ci siyahısına daxildir. Həmin ekspert rəyinə əsasən ümumi çəkisi 6,245 qram olan heroinin cəmi 0,100 qramı tədqiqata sərf edildikdən sonra qalıq 6,145 qram heroin qalmışdır.Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat təşkil edır. İş materiallarında olan 14 iyul 2023-cü il tarixli 4453 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 12 avqust 2023-cü il tarixli 284/MEŞ saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində xəsarət aşkar edilməmişdir. İş materiallarında olan 27 iyul 2023-cü il tarixli 2555/K saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkaloidin sintetik analoqu olan heroin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş materiallarında olan 02 oktyabr 2023-cü il tarixli 2776 nömrəli Komisyon ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilir, onun əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. İş materiallarında olan 13 iyul 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan və məhkəmə baxışı zamanı tədqiq edilmiş həmin axtarışın videogörüntülərindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələri və psixotrop maddələri əldə edərək saxlaması və daşıması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 13 iyul 2023-cü il tarixdə saat 04:00-da Astara rayonunun Ərçivan qəsəbəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Astara Rayon Polis Şöbəsinin inzibati binasına dəvət edilib gətirilməklə orada həmin gün saat 06:03-dən etibarən onun üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümlərdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. İş materiallarında olan 13 iyul 2023-cü il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 14 iyul 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 13 iyul 2023-cü il tarixdən hesablanmmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 14 noyabr 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarla görünür ki, ekspertiza tədqiqatından sonrakı qalıq 6,145 qram narkotik vasitə heroin, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə olan videogörüntü maddi sübut kimi tanınmış, narkotik vasitə DİNin BMCMİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş, bir ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin qərarla Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik vasitə heroinin ldə edilməsi mənbəyinin müəyyən edilməsi istiqamətində ilkin araşdırma aparılması üçün material ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Əliyev X10 Rayon Məhkəməsinin 18 iyul 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 15 avqust 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu yoxdur. İş materiallarında olan 29 avqust 2023-cü il tarixli Astara Rayon mərkəzi X8 Şəxsin arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatda durmur. İş materiallarında olan Astara Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə BMCMİ-nin əməliyyat müvəkkili Şahid1 qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan 25 avqust 2023-cü il tarixli Respublika Psixatriya X8 Şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə xx.xx.2019xx.xx.2019-cü il, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə xəstəxanada stasionar müalicədə olmuş. Diaqnoz şəxsiyyətin emosional-davamsız tip pozuntusu, özünü kəsmələr. İş materiallarında olan vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs İ- 2433 nömrəli «Cəsur döyüşçü medalı, İ-20332 nömrəli «Vətən müharibəsi iştirakçısı», İ- 4006 nömrəli «Qubadlının azad olunmasına görə», İ-7275 nömrəli «Şuşanın azad olunmasına görə», İ-6813 nömrəli «Füzulinin azad olunmasına görə» meddaları ilə təltif olunmuşdur. İş materiallarında olan 22 aprel 2021-ci il tarixli Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Astara Rayon Şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən xx.xx.2019-cu il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Astara Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə göndərilmiş, vətən müharibəsində iştirak etmiş, yaralanmış və 30 mart 2021-ci il tarixdə ehtiyyata buraxılmışdır. İş materiallarında olan 25 yanvar 2023-cü il tarixli Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının «Ambulator xəstəlik tarixindən çıxarışın» surətindən görünür ki, Təqsirləndirilən şəxs 09 fevral 2021-ci il tarixli Müdafiə Nazirliyinin Mərkəzi hərbi Poliklinikasının həkim Komissiyası tərəfindən «Sol əlin İİ barmağının travmatik qopmasına görə aparılmış proksimal falanqanın orta 1/3-i səviyyəsindən amputasiyadan sonrakı güdülü» ekspert diaqnozu ilə şəhadətnamələndirilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs vətən torpaqlarının bütövlüyü uğrunda mübarizəyə hazır olan vətənpərvər bir gənc kimi öz borcunu dərk etmiş, hərbi anda sədaqətli olmuş, Azərbaycan ordusunun layiqli, şərəfli bir hərbi qulluqçusu olmuşdur. İş materiallarında olan Astara rayon Ərçivan qəsəbə İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 25 avqust 2023-cü il tarixli ailə tərkibi haqqında arayışdan, xasiyyətnamədən, nikah və doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Əliyev X10 rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından, 21 noyabr 2021-ci il təvəllüdlü X9 adlı və 05 dekabr 2022-ci il təvəllüdlü X13 adlı azyaşlı uşaqlarından ibarətdir, yaşadığı müddətdə barəsində heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 18 sentyabr 2023-cü il tarixli “cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılarkən və ya Astara Rayon Polis Şöbəsinə aparıldıqdan sonra polis əməkdaşları tərəfindən işgəncəyə, fiziki zorakılığa və digər qanunsuz hərəkətlərə məruz qalıbqalmaması hallarının yoxlanılması ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda aparılmış araşdırma zamanı qeyd olunan xüsusatlar təsdiqini tapmadığından toplanmış material üzrə Bakı şəhəri Nərimanov rayon prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri X7 tərəfindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə toplanmış sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini satış məqsədi ilə deyil, öz istifadəsi üçün əldə etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin sözü gedən maddənin satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması, onu satmaq niyyətində olması, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktı nə ibtidai araşdırma zamanı, nədə ki, məhkəmə baxışında toplanmış sübutlarda öz təsdiqini tapmamışdır. İstintaq orqanı ittihamda satış məqsədini yalnız ona görə göstərmişdir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitə heroinin çəkisi 2 qramdan artıq olmaqla külli miqdar təşkil edir, başqa digər hər hansı bir sübut isə olmamışdır. Əgər iş materiallarında belə sübutlar olsaydı, bundan sonra şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla yanaşı, həmçinin narkotik vasitəsinin miqdarı da nəzərə alınmalı idi. Sözü gedən maddənin külli miqdar təşkil etməsi məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, həmin maddənin miqdarının çox olması o halda sübut növü kimi qəbul edilə bilər ki, satış məqsədini təsdiq edən digər sübutlar da mövcud olsun. İbtidai araşdırma orqanı belə bir sübuta istinad etməmiş və iş materiallarında da belə bir sübut növü müəyyən olunmamışdır. Bununla da istintaq orqanı yalnız ehtimala əsaslanmaqla Təqsirləndirilən şəxs satış məqsədi barədə müvafiq ittiham vermişdir. Halbuki, qanunvericilik yalnız ehtimala əsaslanmaqla şəxsə hər hansı ittiham verilməsini qadağan edir. Belə bir halda narkotik vasitənin maddənin külli miqdar təşkil etməsi həmin maddənin satış məqsədi ilə əldə edilməsini təsdiq edən amil kimi qiymətləndirilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il, №15-li Qərarının 23-cü bəndində qeyd olunub ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. 37-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviriəsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilir ki, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə hərəkətlərinə görə məsuliyyət yalnız o vaxt yaranır ki, bu hərəkətlər satış məqsədi ilə törədilsin. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin deyil, həmin Məcəllənin 234.1-1-ci maddələsinin dispozisiya şərtlərinə uyğun gəlir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni satış məqsədi ilə deyil, özünün istifadəsi üçün əldə etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Məhkəmə qanunun bu normasına istinad edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və o, CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 21-ci maddəsinin tələbinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-in 28.1 və 28.4-cü maddələrində göstərilir ki, məhkəmələr cinayət işlərinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitənin onun tərəfindən xırda bükümlərə (bağlamalara) bölünməməsi, onların hazırlanması üçün üzərində hər hansı bir avadanlığın olmaması, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktının müəyyən edilməməsi nəzərə alınaraq sözü gedən maddələrin satış məqsədi ilə əldə etməsi nəticəsinə gəlməyə əsas vermir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanunauyğun cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin “külli miqdar” kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlini qismən etiraf etməsini, Azərbaycan Respublikasının Ərazi Bütövlüyü Uğrunda gedən İİ Qarabağ döyüşlərində iştirak etməsi, «Cəsur döyüşçü medalı, «Vətən müharibəsi iştirakçısı», «Qubadlının azad olunmasına görə», «Şuşanın azad olunmasına görə» və «Füzulinin azad olunmasına görə» medalları ilə tərtib olunmasını, «Sol əlin İİ barmağının travmatik qopmasına görə aparılmış proksimal falanqanın orta 1/3-i səviyyəsindən amputasiyadan sonrakı güdülü» diaqnozu ilə müalicədə olmasını məhkəmə yüngülləşdirici hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 6,145 qram narkotik vasitə heroin məhv edilməli, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 89 (səksən doqquz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 13 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 iyul 2023-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə olunsun. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış – DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 6,145 qram narkotik vasitə heroin məhv edilsin. İş materiallarına əlavə olunmuş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanılması müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Cəlil Nəbiyev Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar