Məhkəmə qərarları › İş №1(099)-256/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-256/2022

22.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-256/2022 22.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X10, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1974-cü ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Neftçala rayonunun Həsənabad qəsəbəsi, S.Vurğun küçəsi ev 313-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 2020-ci ilin aprel ayında İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsiyyəti məlum olmayan “Mehran” adlı şəxs və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında külli miqdarda X3 olaraq satış məqsədilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun şəxsiyyəti məlum olmayan üzvləri tərəfindən qanunsuz olaraq satış məqsədilə əldə edilib saxlanılan külli miqdarda-6296 qram narkotik vasitə olan heroinin və külli miqdarda-3683 qram narkotik vasitə olan tiryəkin qrupun şəxsiyyəti məlum olmayan üzvü “Əhməd” adı şəxs tərəfindən məlum olmayan vaxtda və yerdən Xəzər dənizində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşınaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsi barədə 08 may 2021-ci il tarixdə “Mehran” adlı şəxs məlumat verdikdən sonra o, Mehranın verdiyi koordinat üzrə hərəkət edərək 09 may 2021-ci il tarixdə, saat 11 radələrində Neftçala rayonunun Dalğa kəndi ərazisindən təxminən 9 mil aralıda, Kürdili adası istiqamətində qrupun üzvü “Əhməd” adlı şəxslə görüşüb ondan külli miqdarda-6296 qram heroini və külli miqdarda-3683 qram tiryəki qəbul edib qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyaraq Kürdili adasında sahibsiz evə aparıb evin çardağında gizlətmişdir. Daxil olmuş əməliyyat məlumatı əsasında Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 17 may 2021-ci il tarixdə birgə keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs saxlanılmış və onun iştirakı ilə Kürdili adasında sahibsiz evin çardağından bir ədəd çantanın içərisində külli miqdarda-6296 qram narkotik vasitə olan heroin və külli miqdarda-3683 qram narkotik vasitə olan tiryək aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində üç uşağı vardır və ailəsi ilə birlikdə Neftçala rayonunun Həsənabad qəsəbəsində yaşayır, əvvəllər balıqçılıqla məşğul olmuş, sonradan bu işlə bağlı problem olduğu üçün o, dənizə balıq tutmağa buraxılmamışdır. Narkotiklə bağlı deyil, başqa cinayət törətdiyinə görə məhkum olunmuş, 2016-cı ildə cəzasını çəkib evinə qayıtmış, həmin vaxtdan rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi təsərrüfatla məşğul olmuşdur. Bir neçə il əvvəl İrana “Məşhəd” ziyarətinə gedərkən iranlı “Məmməd” adlı şəxslə tanış olmuşdur. İranlı “Mehran” və “Əhməd” adlı şəxsləri tanımır, onlarla heç bir əlaqəsi olmamışdır. Tutulmamışdan bir ay əvvəl tanışı iranlı “Məmməd”lə telefon danışığı olmuş, onunla vatsapla aralarında olan borc pul ilə bağlı danışığı olmuş, onunla narkotiklə bağlı söhbəti olmamışdır. Əvvəllər iranlı “Məmməd” Neftçaladan balıq alıb İrana aparıb satmaqla məşğul olmuşdur. Həmin vaxtlarda “Məmməd” Neftçalada balıq alarkən pulu qüurtardığı üçün ondan pul borc almış və aralarında həmin pul ilə bağlı danışığı olmuşdur. İranlı Məmməd ona zəng edib, ondan 4000 manat quru balıq almaq üçün aldığı borc pulu verəcəyini bildirmiş, sonra həmin pulun 1000 manatını ona bank kartı vasitəsilə göndərmişdir. O, qayınanasına məxsus bank kartının fotoşəklini Məmmədə göndərmiş, o da həmin karta 1000 manat pulu yükləmişdir. Sonradan ona 100 və 200 manat göndərilməmişdir. Onun heç bir iranlı ilə narkotik vasitənin gətirilməsi ilə bağlı razılaşması olmamışdır. 16 may 2021-ci il tarixdə, gecə saat 11 radələrində yaşadığı evdə olarkən Lənkəran regional polis şöbəsinin bir qrup əməkdaşı evinə daxil olub ona “səndə narkotik var” demiş, o isə narkotik maddələr olmadığını bildirmişdir. Sonra polislər tərəfindən üzərində və evində gecə saat 02-dək axtarış aparılmış, lakin narkotik maddə tapılmamışdır. Bundan sonra o, regional polis şöbəsinə aparılmış və orada polislər ona Kürdili adasında narkotik maddələr tapıldığını və həmin narkotik maddələrin ona (Təqsirləndirilən şəxs) məxsus olmasını bildirmişlər. O, həmin narkotik maddələrin özünə məxsus olmadığını və kimə məxsus olmasını bilmədiyini demiş, lakin polis əməkdaşları dediklərinə inanmayıb ona qarşı təzyiqlər edilmuş, həmçinin ailəsinin polisə aparılacağı ilə hədələnməklə tapılan narkotik vasitlərin ona məxsus olmasını bildirməsinə məcbur edilmiş, o da polis əməkdaşlarının dedikləri kimi hərəkət edərək narkotik vasitələrin Kürdili adasında sahibsiz bir evdə gizlətdiyini bildirmişdir. Səhərisi günü-17 may 2021-ci il tarixdə polis əməkdaşları və sərhədçilər onu qayıqla Kürdili adasına aparmışlar. Adaya çatanda sərhəd xidmətinin (DSX-nin) əməliyyatçısı olmuş Əlihüseyn adlı şəxs (Əlihüseyn Əlizadə) onlara bildirmişdir ki, 8 gündür ki, orada gözləyirlər ki, gəlib narkotik maddələri götürsünlər. Kürdili adasında polislərin, sərhədçilərin və özünün iştirakı ilə, həm də videoçəkilişlə sərhədçilərin göstərdiyi yerdə olan sahibsiz bir evin çardağından bir ədəd çanta və həmin çantanın içərisində narkotik maddələr aşkar edilib götürülmüşdür. Polis əməkdaşları ona təzyiqlər etdiyi üçün o, aşkar olunmuş içərisində narkotik vasitələr olan çantanı tanışı olan iranlı bir nəfər şəxsin gətirib ona verdiyini, sonra onun həmin narkotik maddələri Kürdili adasına aparıb orada sahibsiz evdə gizlətdiyini bildirmişdir. Əslində isə həmin narkotik vasitələr ona məxsus deyil, heç bir iranlı ilə onun narkotik vasitələrin gətirilməsi ilə bağlı razılaşması olmamış və o, heç bir cinayət əməlini törətməmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, 2020-ci ilin aprel ayında İrana aid mobil operatordan istifadəsində olmuş 070/218-08-06 mobil nömrəyə zəng gəlmiş, zəng edən şəxs adının Mehran olduğunu bildirib nömrəni onu tanıyan Məmməd adlı şəxsdən götürdüyünü, onun qayıq idarə etməsindən məlumatı olduğunu, əvvəllər Azərbaycan Respublikasına narkotik maddələr göndərdiyini, pandemiya ilə əlaqədar yollar bağlandığı üçün artıq dəniz yolu ilə narkotik göndərmək istədiyini deyib bununla bağlı ona kömək etməsini bildirmiş, lakin o, razılaşmamışdır. Bir müddət sonra, 2020-ci ilin iyun ayında Mehran adlı şəxs ona zəng edib fikrinin dəyişib-dəyişmədiyini soruşmuş, maddi vəziyyəti ağır olduğu üçün o, razılaşıb ondan narkotik vasitələri götürüb Azərbaycan Respublikasına gətirmək üçün 1000 manat pul istəmişdir. Mehran da onunla razılşaraq ondan pul göndərmək üçün bankomat kartının şəklini istəmiş, o da qayınanası Narıngül Sadıqovanın pensiya aldığı bankomat kartının şəklini Mehrana göndərmiş, Mehran da 1000 manat pulu kartla ona göndərilmişdir. Sonra o, telefonunu söndürmüş, iki gündən sonra telefonu açıb vatsap proqramını silmişdir ki, kimsə onunla əlaqə saxlaya bilməsin. 2021-ci ilin aprel ayında o, telefonunda vatsap proqramını aktiv etdikdən sonra Mehran yenidən ona zəng edib ona göndərdiyi 1000 manat pulu geri istəmiş, o da işsiz olduğu üçün qaytara bilməyəcəyini bildirmişdir. 28 aprel 2021-ci il tarixdə Mehran yenidən ona zəng edib verdiyi pulu istəmədiyini, keçiriləcək narkotik vasitəsini Azərbaycan Respublikasında hər hansı bir yerə qoymağı təklif etmiş, o da onunla 3000 manat müqabilində razılaşmış, həmin 3000 manatın 1000 manatını keçmiş borca, 2000 manatını isə narkotik vasitəni dediyi yerə qoymasına görə alacağını demişdir. 03 may 2021-ci il tarixdə Mehranla danışıb yenə əvvəlki kimi aldadıb pul almaq istəmiş, lakin Mehran onunla razılaşmamışdır. 05 may 2021-ci il tarixdə o, qayınanası Narıngül Sadıqovanın pensiya kartının şəklini Mehrana yenidən göndərmiş, Mehran da bankomat kartının hesabına 150 manat göndərmişdir. 08 may 2021-ci il tarixdə Mehran ona zəng edib vatsapla göndərdiyi koordinatda görüşmələrini bildirmiş, o da 08 may 2021ci il tarixdə, saat 16 radələrində evdən çıxmış, 23 litr yağ-benzin qarışığı almış, saat 20 radələrində Neftçala rayonunun Dalğa kəndinin yaxınlığında olan qamışlığa çatıb orada gizlənib gözləmişdir. 09 may 2021-ci il tarixdə, saat 03 radələrində qamışlıqda olan tanımadığı şəxsə məxsus qayıqla Mehranın vatsappla göndərdiyi koordinata doğru hərəkət etmiş, 30-40 dəqiqə hərəkət etdikdən sonra qeyd olunan koordinata çatıb gözləməyə başlamış, orada olarkən qayıqda yatmışdır. 09 may 2021-ci il tarixdə, saat 11 radələrində mator səsinə yuxudan ayılmış, bir nəfər şəxsin qayıq ilə ona yaxınlaşdığını görmüş, həmin şəxs adının Əhməd olduğunu və ondan Mehranın dediyi adamın o olduğunu soruşmuşdur. Sonra Əhməd kimi özünü təqdim edən şəxs bağlamanı qayığa atmış və ona bağlamaya açıb baxmasını bildirmiş, o da bağlamaya baxmış və orada 13 ədəd bükümün olduğunu görmüş, həmin vaxt o, bağlamanın içərisinə baxarkən Əhməd telefonla onun şəklini çəkmiş, sonra oradan uzaqlaşmışdır. Bundan sonra o, havanın qaralmağını gözləmiş, narkotik vasitələri rayona aparmamış, Kürdili adasına aparıb orada olan sahibsiz evlərin birinin çardağında gizlətdikdn sonra yaşadığı evə qayıtmışdır. Sonra o, Mehrana zəng edib narkotik vasitəni sərhədçilərin qorxusundan sahilə çıxara bilmədiyindən Kürdili adasında sahibsiz evin çardağına qoyduğunu, bir gün sonra rayonla qəsəbə arasında asfalt yolun kənarına qoyacağını bildirib Mehrandan yenidən pul istəmiş, Mehran da onun qayınanası Narıngül Sadıqovanın bankomat kartına 200 manat göndərmişdir. 10 may 2021-ci il tarixdə o, dənizin kənarına getmiş, orada hərbiçilərin şəklini çəkib Mehrana göndərib hərbiçilər orada olduğu üçün Kürdili adasına gedib narkotik vasitəni götürə bilməyəcəyini demiş, Mehran da ona əgər həmin bağlamanı asfalt yolun kənarına qoymasa onu tutduracağını bildirmiş, sonra o, telefonunu söndürmüşdür. 15 may 2021-ci il tarixdə vatsapla ona bir nəfər zəng edib hədə-qorxu gələrək narkotik vasitəni yolun kənarına qoymasını bildirmişdir. 16 may 2021-ci il tarixdə, saat 22 radələrində o, evində olarkən polislər yaşadığı evə gəlib ona Mehranla vatsappla olan danışıqlarını, səs yazılarını, foto şəkillərini göstərib narkotik vasitələrin harda olduğunu soruşmuş, o da narkotik vasitələrin Kürdili adasında olduğunu demiş, sonra o, polis şöbəsinə aparılmışdır. 17 may 2021-ci il tarixdə o, DSX-nin və DİN-nin əməkdaşları ilə Kürdili adasına getmiş, orada sahibsiz evin çardağında gizlətdiyi narkotik vasitələr onun iştirakı ilə aşkar edilib götürülmüşdür. Sonra onun iştirakı ilə çantaya baxış keçirilmiş, orada sorğu zamanı o, həmin çantanın içərisində olan narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə baxışın aparılması ilə bağlı videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini qismən təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, Kürdili adasında sahibsiz evdə aşkar olunmuş narkotik maddələr ona məxsus deyil, həmin narkotik maddələri ora kimin qoyduğunu bilmir. O, iranlı “Mehran” adlı şəxsi tanımır və Xəzər dənizində “Əhməd” adlı iranlı ilə görüşüb ondan narkotik maddələri qəbul etməmiş və bununla bağlı ifadəsində yazalanları təsdiq etmir. Tutulandan sonra polis əməkdaşların ona qarşı təzyiqləri olduğu üçün o, ifadələrində aşkar olunmuş narkotik maddələrin özünə məxsus olmasını, iranlı “Mehran” adlı şəxsə danışıb əldə etməsini bildirmişdir. Əslində isə həmin narkotik maddələr ona məxsus deyildir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, o, DSX-nin əməkdaşıdır. 17 may 2021-ci il tarixdə daxil olmuş qabaqlayıcı əməliyyat məlumatı əsasında həmin gün axşam saatlarında DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin əməkdaşları ilə birlikdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Neftçala rayonunun Həsənabad qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs saxlanılmışdır. Bundan sonra həmin gün DSX-nin və DİN-nin əməkdaşları birgə əməliyyat tədbirini davam etdirərək Təqsirləndirilən şəxs iştirakı ilə və videoçəkilişlə DSX-nin “Kürdilli” X13 sahilboyu ərazisində olan yaşayış olmayan sahibsiz evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs adanın ərazisində olan sahibsiz bir evi göstərib narkotik maddələri həmin evin çardağında gizlətdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi evin çardağından bir ədəd çanta və həmin çantanın içərisində narkotik vasitələrə oxşar kütlələr aşkar edilib götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik maddələrin özünə məxsus olmasını, həmin maddələri iranlı tanışında qəbul edib Kürdili adasına gətirib sahibsiz evdə gizlətdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid4 Şahid3 ifadəsinə uyğun ifadə vermiş, həmçinin ifadəsində bildirmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında 17 may 2021-ci il tarixdə DSX-nin əməkdaşları ilə birgə keçirilmiş əmliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs saxlanılıb şifahi sorğu aparılarkən o, iranlı tanışından aldığı narkotik vasitələri Kürdili adasına aparıb sahibsiz evdə gizlətdiyini bildirmişdir. Bundan sonra sərhədçilərlə birlikdə Təqsirləndirilən şəxs Kürdili adasına aparılmış və orada Təqsirləndirilən şəxs iştirakı ilə və videoçəklişlə Təqsirləndirilən şəxs göstərdiyi evə baxış keçirilmiş və həmin evin çardağından bir ədəd çanta və həmin çantanın içərisində narkotik vasitələrə oxşar kütlələr aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra ona qarşı heç bir təzyiq edilməmiş, həmçinin Kürdili adasında təhqiqatçı tərəfindən baxış keçirilərkən Təqsirləndirilən şəxs hər hansı bir narazılığı və ya etirazı, şikayəti daxil olmamışdır. Məhkəmə iclasında şahid X17 ifadəsində göstərmişdir ki, o, DSX-nin əməkdaşıdır. 2021-ci ilin may ayında o, DSX-nin “Kürdilli” X14 xidmət etmişdir. 17 may 2021-ci il tarixdə axşam saatlarında bir qrup polis əməkdaşları və DSX-nin əməkdaşları Şahid3, Əlihüseyn Əlizadə və təhqiqatçı Əliəşrəf Qurbanov Təqsirləndirilən şəxs adaya gətirmişlər. Həmin vaxt o, Təqsirləndirilən şəxs görmüş, əvvəllər onu tanımamışdır. Sonra adada Təqsirləndirilən şəxs göstərdiyi sahibsiz evə təhqiqatçı tərəfindən polis əməkdaşları, DSXnin əməkdaşları, o cümlədən özünün və Təqsirləndirilən şəxs iştirakı ilə, həm də videoçəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs göstərdiyi evin çardağından bir ədəd çanta və həmin çantanın içərisində narkotik vasitələrə oxşar kütlələr aşkar edilib götürülmüşdür. Adada olan həmin sahibsiz evdə narkotik maddələrin gizlədilməsi barədə onun məlumatı olmamış, həmin gündən əvvəlki gün DSX-nin əməkdaşları-əməliyyatçılar Şahid3 və Əlihüseyn Əlizadə adaya gəlməmişlər, onlar Təqsirləndirilən şəxs adaya gətirilən gün adaya gəlmişlər. Həmin gün əməliyyatçı X8 Salahova “8 gündür ki, gözləyirik ki, gəlib narkotik maddələri götürsünlər” deməsini eşitməmiş, orada kimsə belə sözlər deməmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o, 17 may 2021-ci il tarixdə, axşam saatlarında Xəzər dənizində Kürdili adasında sahibsiz evə baxış keçirilməsidə hal şahidi kimi iştirak etmişdir. Baxış zamanı polis tərəfindən tutulmuş Qüdrət adlı şəxs (Təqsirləndirilən şəxs) Kürdili adasında sahibsiz bir evi göstərib narkotik maddələrin həmin evin çardağında olduğunu bildirmişdir. Sonra həmin evin çardağından bir ədəd çanta, həmin çantanın içərisində narkotik maddələrə oxşar kütlələr aşkar edilib götürülmüşdür. Baxış zamanı videoçəkiliş də olmuşdur. Baxış zamanı Qüdrət adlı şəxs aşkar olunan narkotik maddələrin özünə məxsus olduğunu bildirmiş, həmin vaxt onun şikayəti və narazılığı olmamışdır. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Azərbaycan Respublikası DSX-nin əməkdaşının 17 may 2021-ci il tarixli “Raport”u və “Əməliyyat tədbirlərinin keçirilməsi barədə” qərarla müəyyən edilir ki, daxil olmuş qabaqlayıcı əməliyyat məlumatı əsasında (Neftçala rayonunun Dalğa kəndi, Kürdili adası ərazisində qeyri-qanuni olaraq Xəzər dənizi vasitəsilə gətirilmiş bağlamaların içərisində olan qaçaqmalının (siqaret məmulatları və narkotik vasitələri) adada, dənizdə və dəniz sahilində gizlədilməsi və onların Azərbaycan Respublikasının vətəndaşı olan şəxs tərəfindən götürüləcəyi nəzərə alınmaqla) Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsi X16 Şöbənin əməkdaşları ilə birgə keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Neftçala rayonunun Həsənabad qəsəbə sakini Təqsirləndirilən şəxs saxlanılmışdır. Təqsirləndirilən şəxs Kürdili adasında yaşayış olmayan sahibsiz evin çardağında narkotik vasitələr gizlətdiyi bildirmişdir. İşdə olan, “Baxış keçirmə və götürmə haqqında” 17 may 2021-ci il tarixli protokolla müəyyən edilir ki həmin tarixdə, saat 18 radələrində təhqiqatçı Əliəşrəf Qurbanov tərəfindən DSX-nin X15 Regional şöbəsinin və DİN-nin BNMİ-nin X16 Şöbənin əməkdaşlarının, habelə Təqsirləndirilən şəxs, eləcə də hal şahidlərinin iştirakı ilə, həm də videoçəkilişlə DSX-nin “Kürdili” X13 sol cinahında (Neftçala rayonunun Kürdili adasında) sahilboyu ərazidə yerləşən yaşayış olmayan sahibsiz evə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs Kürdili adasında yaşayış olmayan sahibsiz bir evi göstərib həmin evin çardağında narkotik vasitələr gizlətdiyini bildirmiş və həmin evin çardağından bir ədəd göy rəngli çanta və çantanın içərisində 13 ədəd bükümlərdə narkotik vasitələrə oxşar kütlələr aşkar edilib götürülmüşdür. Baxış zamanı aparılmış videoçəkliş CD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, materialların məhkəmə ekspertizasının 18 may 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “DSX X21 Şöbəsi … ” yazıları və imzalar olan çantada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 845,0 qram, 765,0 qram, 793,0 qram, 670,0 qram, 837,0 qram, 812,0 qram, 744,0 qram, 430,0 qram və 400,0 qram olmaqla ümumi çəkisi 6296,0 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Bundan başqa hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 983,0 qram, 960,0 qram, 940,0 qram və 800,0 qram olmaqla, ümumi çəkisi 3683,0 qram tünd qəhvəyi rəngli, spesifik tiryək iyli, qətranabənzər maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Ekspertiza tədqiqatından sonra qalıq heroin 6295,73 qram və qalıq tiryək 3682,88 qramdır. Ekspertiza tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat 70 qəpik təşkil edir. İşdə olan, “Maddi sübut kimi tanıma haqqında” 21 may 2021-ci il tarixli qərarla müəyyən edilir ki, ekspertiza tədqiqatından sonra 6295,73 qram heroin və 3682,88 qram tiryək iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanması üçün DSXnin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 16 avqust 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərindən istifadə etmə halları olmuş, lakin hal-hazırda onda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, o narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İşdə olan, ambulator məhkmə-psixiatrik ekspertizasının 30 iyun 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, ona ittiham olunan əməl dövründə hər hansı bir xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamış, həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalı, onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur və hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. İşdə olan, DSX-nin Əməliyyat-Axtarış Baş İdarəsindən daxil olmuş 13 oktyabr 2021ci il tarixli məlumatla müəyyən edilir ki, 17 may 2021-ci il tarixdə DSX və DİN əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdili adasında sahibsiz evdən aşkar olunmuş narkotik vasitələri İran İslam Respublikası vətəndaşları Əhməd və Mehran adlı şəxslərdən təhvil almış Neftçala rayon sakini Təqsirləndirilən şəxs saxlanılmışdır. Müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əvvəllər “bayda” tipli qayıqlarla nərə cinsli balıq ovlanması ilə məşğul olmuşdur. Lakin bu tipli qayıqların rejim sularına buraxılışı dayandırıldıqdan sonra onun maddi vəziyyətində çətinliklər yaranmış və bu səbəbdən müxtəlif şəxslərə pul borcu yaranmışdır. Təqsirləndirilən şəxs əvvəllər İranda tanıdığı X11 ilə əlaqə yaratmış və ona köməklik göstərməsini xahiş etmiş, sonuncuda Təqsirləndirilən şəxs sataraq qazanc əldə etmək məqəsdilə narkotik vasitə göndərəcəyini bildirmiş, o da onunla razılaşmışdır. X4 yaxın qohumu Əhməd Xəlləc və X1 ilə Təqsirləndirilən şəxs narkotik vasitələri Xəzər dənizindən sahilə çıxarmağa cəhd göstərsə də, sahildə sərhədçilərin onu saxlayacağından ehtiyyatlanaraq narkotik vasitələri əvvəllər Vitaliy Proninə məxsus olmuş Kürdili adasında yerləşən sahibsiz evin çardağında gizlətmişdir. İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 02 fevral 2022-ci il tarixli qərarla müəyyən edilir ki, hazırki cinayət işinin materiallarından şəxsiyyəti məlum olmayan “Mehran”, “Əhməd” adlı şəxslərin və qeyrilərinin barəsində Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (aşkar olunmuş narkotik maddələrin ona məxsus olmaması və kimə məxsus olmasını bilməməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni iranlı “Mehran” və “Əhməd” adlı şəxsləri tanımaması, iranlı tanışı “Məmməd”lə narkotiklə bağlı deyil, borc pul ilə bağlı telefon danışığının olması, iranlı “Mehran” adlı şəxsin ona pul göndərməməsi, iranlı “Məmməd”in borclu olduğu 4000 manat pulun 1000 manatını bank kartı vasitəsilə ona göndərməsi, sonradan ona 100 və 200 manat pulun göndərilməməsi, heç bir iranlı ilə narkotik vasitənin gətirilməsi ilə bağlı razılaşmasının olmaması, polis əməkdaşları tərəfindən ona qarşı zorakılıq hallarının olması, Kürdili adasında narkotik maddələrin olduğu evi özü yox, sərhədçilərin göstərməsi, həmin evdə aşkar olunmuş narkotik maddələrin ona məxsus olmaması və kimə məxsus olmasını bilməməsi, polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmasını bildirməsinə məcbur edilməsi, cinayət əməli törətməməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid3, Şahid4, Elxan Xəlilov, Şahid1 və Şahid2 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə, o cümlədən baxışın keçirilməsinə dair protokol (hal şahidlərin iştirakı ilə və videoçəkilişlə aparılmış baxış zamanı Təqsirləndirilən şəxs Kürdili adasında narkotik maddələrin olduğu evi göstərmiş və həmin evdə narkotik maddələr aşkar olunub götürülmüşdür), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi izahat və ifadələri (həmin izahat və ifadələrdə o, aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmasını bildirməklə ittihamda göstərilən digər halları təsdiq etmişdir) ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini sübut və obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfinin fikrincə ibtidai istintaq zamanı narkotik maddələrin Təqsirləndirilən şəxs məxsus olmasına dair verdiyi və sonradan ittihamın əsasını təşkil edən, həmin maddələrin ona məxsus olmasına dair ifadəsini o, hədə-qorxu nəticəsində, yəni polis əməkdaşlarının ona qarşı təzyiqləri nəticəsində vermişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər. Əksinə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Bakı şəhər Səbail Rayon Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən Təqsirləndirilən şəxs verilmiş ittihamı qəbul edib istintaq orqanına verdiyi ifadəsini təsdiq edərək aşkar olunmuş narkotik vmaddələrin özünə məxsus olmasını bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadənin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilən cinayətləri törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adları “Heroin” və “Tiryək” olan maddələr narkotik vasitələrdir. Heroinin 0,15 qramdan və tiryəkin 0,5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar və heroinin 2 qramı, tiryəkin 50 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə həmin Qərarın 6-cı bəndində izah verilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Həmçinin bu Qərarın 11-ci bəndində izah edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs və qrupun digər üzvlərinə aid olmaqla götürülmüş 6296 qram narkotik vasitə olan heroin və 3683 qram narkotik vasitə olan tiryək şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir. Habelə məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur ki, Təqsirləndirilən şəxs və cinayətkar qrupun digər üzvlərinin arasında olan razılaşmaya əsasən onların, o cümlədən Təqsirləndirilən şəxs niyyəti külli miqdarda narkotik maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və satma olmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyətləri məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddələri əldə etmiş, saxlamış və daşımış, habelə həmin narkotik maddələrinin Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsində iştirak etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə tövsif edilmişdir. İşdə olan, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli, tutulduğu vaxtdan-17 may 2021-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Neftçala Rayon Məhkəməsinin 20 iyul 2005-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 02 mart 2006-cı il tarixli qərarı ilə 7 ay 05 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Neftçala Rayon Məhkəməsinin 19 mart 2010-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.3-cü maddəsi ilə təqsirli bilinib 02 il dövlət orqanlarında yerli özünü idarəetmə orqanlarında balıqçılıq fəaliyyəti ilə məşğul olmaqdan məhrum edilməklə 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 23 oktyabr 2010-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Neftçala Rayon Məhkəməsinin 25 may 2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 02 il islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin Amnistiya haqqında 20 may 2016-cı il tarixli qərarına əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin müddəalarına əsasən məhkəmə hesab edir ki, qeyd olunan hökmlər üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və o, hazırda məhkumluğu olmayan şəxsdir. İşdə olan, Neftçala rayon İHB-nın Həsənabad qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 16 iyun 2021-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Neftçala rayonunun Həsənabad qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, himayəsində 21 may 2004-cu il təvəllüdlü X12, 25 aprel 2007-ci il təvəllüdlü X6 və 04 avqust 2009-cu il təvəllüdlü X7 vardır, habelə o, yaşayış yeri üzrə müsbət (qonşuları ilə münasibəti yaxşı olmuş, həmyaşıdlarının hörmətini qazanmışdır) xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Həmçinin istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin cinayətin tamah niyyəti ilə törədilməsi cəzanı ağırlaşdıran hal kimi qəbul edilmişdir. Lakin məhkəmə Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsi üzrə satış məqsədinin eyni zamanda tamah məqsədini də əhatə etməsini, eləcə də həmin Məcəllənin 61.3-cü maddəsinin “Bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal cəza təyin edilərkən təkrar nəzərə alına bilməz” müddəasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə, yəni CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində satış məqsədi bilavasitə cinayətin tərkib əlaməti olduğundan bu hal təkrarən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmamalı, habelə Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətini də eyni niyyətlə (satış məqsədilə narkotik vasitələri əldə etmək məqsədi ilə) törədilməsi nəzərə alınaraq CM-nin 206.3.2-ci maddəsi üzrə də cinayətin tamah niyyətilə törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmamalıdır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddədələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs törətdiyi cinayətlərə görə CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilərək cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 17 may 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası DSX-nin İstintaq və tədqiqat İdarəsinin maddi sübutlar otağında saxlanılan 6295,73 qram (6 kq 295,73 qram) heroin və 3682,88 qram (3 kq 682,88 qram) tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə «Azərbaycan Respublikasının Narkomanlığa və X3 X9 üzrə Dövlət Komissiyası» tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilərək təyin olunmuş cəzaları qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 17 may 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Azərbaycan Respublikası DSX-nin İstintaq və Tədqiqat İdarəsinin maddi sübutlar otağında saxlanılan 6295,73 qram (6 kq 295,73 qram) narkotik vasitə olan heroin və 3682,88 qram (3 kq 682,88 qram) narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar