Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-257/2022 29.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi - hakim Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər: Musayev Aqil Əlisa oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə, Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Lənkəran Rayon Vəkil bürosunun vəkili Müdafiəçi Cəlal oğlunun iştirakları ilə xx xxx 1977-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin noyabr ayında şəxsiyyəti “Fərhad” adı ilə məlum olan İran İslam Respublikasının (bundan sonra mətndə - İİR) vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli yolla keçiriləcək narkotik vasitənin əldə edib müqəddəratına sərəncam verməyi qabaqcadan vəd verməklə həmin şəxslərə köməklik etməsi barədə razılığa gəlmişlər. Aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs şəxsiyyəti “Fərhad” adı ilə məlum olan İİR vətəndaşının və digər şəxslərin naməlum şəraitdə və vaxtda qaçaqmalçılıq yolu ilə İİR-dən Azərbaycan Respublikasına keçirilmiş və yeni Astara-Bakı magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsinin sağ kənarında olan üzərində 31 rəqəmi əks olunmuş dəmir lövhənin yanında gizlədilmiş külli miqdarda narkotik vasitə heroini əldə edib qanunsuz üzərində saxlayıb daşıyaraq ünvan 2 ünvanında yaşayan dayısı X1 evinə gətirmiş, çəkisi 32,287 qram olan bir bükümdə heroini həmin evin həyətində özünə məxsus saxladığı göyərçin hinində gizlətmiş, digər bir ədəd bükümdə olan 21,345 qram heroini isə üzərində saxlamaqla daşımış, polis əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində o, 15 noyabr 2021-ci il tarixdə saat 22 radələrində Lənkəran şəhəri, X5 küçəsində yerləşən “Al marketin” yaxınlığında saxlanılaraq üzərində aparılan şəxsi axtarış zamanı əynindəki gödəkcənin sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə 21,345 qram çəkidə heroin aşkar edilərək götürülmüşdür. Bundan sonra, 8 noyabr 2021-ci il tarixdə saat 16 radələrində polis əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs qohumu Orucəli Kərimovun yaşadığı Lənkəran şəhəri, X5 küçəsi ev 13 ünvanında yerləşən evin həyətinə baxış keçirilərkən Təqsirləndirilən şəxs qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxladığı külli miqdarda heroinin 32,287 qram çəkidə olan hissəsi həyətdə yerləşən göyərçin hinində, kiçik ölçülü dəmir qutunun içərisində 1 (bir) ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci il noyabr ayının 15-də Lənkəran rayonunda “Al” marketin yaxınlığında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları onu şöbəyə apardıqdan sonra üzərinə narkotik qoyaraq videoçəkiliş aparmışlar. Yaxın qohumunun həyətində göyərçin yuvasında saxladığı 2 qram narkotiklə bağlı özünü təqsirli bilir. Qohumunun həmin narkotikdən xəbəri olmamış, narkotiki öz istifadəsi üçün saxlamışdır. İranlı Fərhadı tanıyır, lakin həmin şəxsdən narkotik almamışdır. Anası xəstə olarkən həmin şəxsin yanına İrana gedib-gəlmişdir. Narkotiki tanımadığı şəxsdən almışdır. Tutulmamışdan 3-4 ay əvvəl narkotikdən istifadə etməyə başlamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik olmamışdır. Heç kimə narkotik satmamışdır. Özünü narkotik satışı ilə bağlı təqsirli bilmir. Polis əməkdaşları tərəfindən ona zor tətbiq olunmuşdur. İstintaq zamanı verdiyi ifadəni təsdiq etmir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ilkin və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu etirafedici ifadələri elan olunmuşdur. Belə ki, o, həmin ifadələrində özünü təqsirli bilərək göstərmişdir ki, tutulmamışdan bir ay əvvəl isntaqram vasitəsilə tanış olduğu iranlı Fərhad ona göndərəcəyi narkotiki satmağa və bunun müqabilində ona pul verəcəyini demiş, pula ehtiyacı olduğu üçün onunla razılaşmışdır. Saxlanılmamışdan 15 gün əvvəl Fərhad ona “Vatsap”la zəng edərək narkotikin gizlədildiyi yeni Ələt-Astara yolunun 31-ci km–də bir yerin şəklini çəkib göndərmiş və bükümdə 60 qram heroin olduğunu demiş, bükümü həmin yerdən götürüb özündə saxlamağı və deyəcəyi yerə çatdırmağı tapşırmışdır. Tanımadığı taksi ilə narkotikin gizlədildiyi yerə Lənkəran rayonu Qurumba kəndindəki körpünün yaxınlığına gəlmiş, həmin yerdən narkotiki götürüb evə gətirmiş, bağlamanın içərisində iki büküm olmuşdur. Sonra Fərhad ona zəng edərək “narkotiki Lənkəranda dediyim yerə qoyarsan” demiş, narkotiki satdıqdan sonra Fərhad ona təxminən 300 manata yaxın pul verəcəyini söz vermişdir. Fərhadın göstərişini gözləmiş, bükümlərdən birini dayısının evində özünün saxladığı göyərçin hinində gizlətmiş, digərini isə üzərində gəzdirmişdir. 15 noyabr 2021-ci ildə polis əməkdaşları tərəfindən saxlanılmış, üzərində 21,65 qram heroin aşkar edilib götürüldükdən sonra, digər bükümü də daysıgildə həyətdəki göyərçin hinində saxladığını etiraf etmişdir. 18 noyabr 2021-ci il tarixdə özünün iştirakı ilə həmin hinə baxış keçirilən zaman 35,34 qram olan bir bükümdə heroini təqdim etmişdir. Dayısının narkotikdən məlumatı olmamışdır. Fərhadla “Votsap”la yazışdıqdan sonra mesajları silmişdir. Heç kimə narkotik satmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər olmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməlləri özünün qismən etirafedici ifadələri ilə yanaşı şahid ifadələri, habelə məhkəmədə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş BNMİ-nin, CBRŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 15 noyabr 2021-ci il tarixdə Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlaması daşıması və satışı ilə məşğul olması barədə daxil olmuş məlumata əsasən həmin gün saat 22 radələrində Lənkəran şəhəri X5 küçəsində yerləşən “Al” marketin yaxınlığında Mais saxlanılmış, üzərinə keçirlən baxış zamanı əynindəki şalvarının sol yan cibindən bir ədəd “Redmi” markalı mobil telefonu, qolsuz gödəkcəsinin sağ yan cibindən bir ədəd sellofan bükümü, şalvarın sol yan cibindən cib dəsmalını, siqaret və alışqanı təqdim etmişdir. Bükümün içərisində 21,65 qram heroin aşkar olunmuşdur. Əməliyyat məlumatına əsasən Mayisin heroini İran vətəndaşından aldığı müəyyən edilmişdir. Bundan başqa, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotlik vasitələrin satışı ilə məşğul olması barədə çoxsaylı məlumatlar daxil olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 da Şahid1 ifadəsində göstərdiyi xüsusatlar üzrə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin əməliyyat müvəkkili Şahid3 Füzuli oğlu ifadəsində göstərmişdir ki, 18 noyabr 2021-ci il tarixdə polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yerləşən dayısı arvadı X2 evinin həyətində saxladığı göyərçin yuvasında narkotik gizlətməsi barədə məlumat əldə olunmuş, Mayislə birlikdə həmin ünvana yollanmışlar. Təqsirləndirilən şəxs özü evin həyətində yerləşən göyərçin saxlanması üçün nəzərdə tutulmuş hində gizlətdiyi yerdən bir ədəd balaca cipsi qabını çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin qutunun içərisində bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olundu. Şifahı sorğu zamanı Mayis təqdim etdiyi bükülüdə olan narkotik maddə heroin olduğunu, narkotiki İran vətəndaşı onun üçün göndərdiyini bildirmişdir. Həmin narkotik vasitə qablaşdırılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş CAB-nin əməliyyat müvəkkili Şahid4 da Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 16 noyabr 2021-ci il tarixli 19/1147 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümüdə heroinə qablaşdırıldı və möhürləndi...” sözlər və imzalar olan bir ədəd zərfdə ki, 1 ədəd bükümdə təmiz çəkisi: -21,345 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 18 noyabr 2021-ci il tarixli 19/1155 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs məxsus həyətyanı sahədə yerləşən toyuq hinindən aşkar edilmiş büküm ...” sözlər və imzalar olan bir ədəd zərfdə ki, 1 ədəd bükümdə təmiz çəkisi: -32,287 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 24 yanvar 2022-ci il tarixli 19/46 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərilərində “Vət. Təqsirləndirilən şəxs məxsus bir bükümdə heroin Rəy №- 19/1147...” və “Təqsirləndirilən şəxs məxsus bir bükümdə heroin Rəy №-19/1155...” sözlər və imzalar olan 2 ədəd zərlərdəki heroinlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birlərindən eynidirlər. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 18 noyabr 2021-ci il tarixli, 1230 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. 23 noyabr 2021-ci il tarixli «təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs İran vətəndaşı Fərhad adlı şəxslə qabaqcadan aralarında olan razılıq əsasında onun üçün göndərilmiş narkotik vasitə heroini Ələt-Astara-İran sərhədi avtomobil yolunun Lənkəran rayonun Qurunba kəndindən keçən hissəsində Ələt istiqmətində yol kənarında olan 31 rəqəmi qeyd edilmiş lövhəsinin yanından əldə etmişdir. 15 noyabr 2021-ci il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» və 18 noyabr 2021-ci il tarixli «həyətyanı sahəyə baxış keçirilməsi haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 1 ədəd bükümdə heroin və dayısı Oruəcli Kərimovun yaşadığı evin həyətində göyərçin saxladığı hində gizlətdiyi bir ədəd bükümdə heroinləri təqdim edərək onların özünə məxsus olmasını təsdiq edir. Lənkəran Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli qərarı ilə “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” 15 noyabr 2021-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan 22 fevral 2021-ci il tarixli qərarla həmin cinayət işindən Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında üzərində aşkar olunan narkotik vasitə heroinin ona məxsus olmaması, iranlı Fərhad adlı şəxsi tanısa da ondan hər hansı bir narkotki vasitə almadığı, polis əməkdaşları tərəfindən ona qarşı təzyiq olunaraq hədələdiyindən zorla ifadə verməyə məcbur edilməsinə dair ifadəsində göstərdiyi xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Təqsirləndirilən şəxsin ona qarşı polis əməkdaşları tərəfindən təzyiq olunması ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1,449.1.1. 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrin məzmununa görə təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, ibtidai araşdırmanın ilk günündən öz seçimi ilə cəlb edilmiş peşakar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda Təqsirləndirilən şəxs özü bu halı hər hansı bir dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Eyni zamanda, iş materiallarında olan 18 noyabr 2021-ci il tarixli 1146 №li məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra tibbi müayinədən keçirilmiş, bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi etirafedici izahat, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrin məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, N-30364/09, && 42-43? 12 noyabr 2013;Məmmədov Azərbaycana qarşı, N-xx/xx/2013, &&23-27? 11 yanvar 2007) Bundan başqa, Təqsirləndirilən şəxs üzərində aşkar olunan külli miqdarda heroinin ona məxsus olmaması ilə bağlı göstərdiyi xüsusat üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkəti protokolu, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla tam təkzib olunur. Bundan başqa, “şəxsi axtarış və götürmə haqqında” istintaq hərəkətinin aparılmasında təqsirləndirilən şəxsin üzərindən çıxan heroinin özünə məxsus olmasını bilavasitə öz seçimi əsasında cəlb edilmiş peşakar vəkilin yanında qeyd-şərtsiz və açıq aşkar formada bəyan etmişdir. Həmçinin məhkəmə kimyəvi ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs üzərində aşkar olunan heroinlə toyuq hinində aşkar olunan heroinin eyni tərkibli olması bir daha onu göstərir ki, təqsirləndirilən şəxsin üzərində aşkar olunan heroin məhz ona məxsusdur. Bununla yanaşı Təqsirləndirilən şəxs barəsində cinayət təqibi başlanan andan ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrində polis əməkdaşları tərəfindən üzərlərinə narkotikin qoyulması ilə bağlı fikir ifadə etməmişdir. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını birbirindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə yuxarıda qeyd olunan verdiyi ifadələrini, habelə şahidlərin ifadələrini, eskpertizanın rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. İşin faktiki halları, o cümlədən heç yerdə işləməyən Təqsirləndirilən şəxs üzərində və göyərçin hinində olan külli miqdarda heroinlərin aşkar edilməsi, ona göndərdiyi külli miqdarda narkotik vasitənin heroini «Fərhad» adlı iranlının tapşırığı ilə sonuncunun dediyi yerdən götürüb digər şəxsə çatdırmaq məqsədi ilə üzərində və dayısının həyətyanı sahəsində olan göyərçin hinində saxlaması və işin digər halları təqsirləndirilən şəxsin həqiqətən də narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə qanunsuz əldə edilməsi, saxlanması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən edilməyən digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayətkar qrupun müəyyən edilməmiş üzvləri tərəfindən İİR-dən Azərbaycan Respublikasına qanunsuz qaçaqmalçılıq yolu ilə keçirilmiş külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş və onun bu əməli düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, bu maddədə nəzərdə tutulmuş cinayət əməli (hazırki işə münasibətdə) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən “narkotik vasitələrin, psixotrop maddələrin.... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi» ilə törədilir. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə istinad edilən əməllə bağlı müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hal ondan ibarətdir ki, “Fərhad” adlı İİR vətəndaşının Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhəddindən gömrük nəzarətindən gizli qaydada məlum olmayan vaxtda keçirdiyi yuxarıda qeyd olunan narkotik vasitəni Təqsirləndirilən şəxs satış məqsədi ilə Lənkəran rayonu ərazisində qanunsuz olaraq əldə edib bir bükümü üzərində, digər bükümü isə dayısıgilin həyətində olan göyərçin saxladığı hində gizlətmişdir. Məhkəmə tərkibi işin faktiki hallarına əsasən təqsirləndirilən şəxsin qaçaqmalçılıq cinayətinin törədilməsində rollarının qiymətləndirilməsində ibtidai istintaq orqanın səhvə yol verdiyini hesab edərək aşağıdakı əsaslara görə sözügedən əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlaməti üzrə tövsifini də düzgün saymır. Buna görə də, ilk olaraq Təqsirləndirilən şəxs qeyd olunan qaçaqmalçılıq cinayətinin törədilməsində iştirakının növü dəqiq müəyyən edilməli və bundan sonra həmin növə uyğun olaraq əməlləri tövsif edilməlidir. Qeyd olunur ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamda “Fərhad”adlı şəxslə yanaşı təqsirləndirilən şəxsin də, qaçaqmalçılıq cinayətinin törədilməsində iştirakı–cinayətin icraçısı kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası CM-in 32.2-ci maddəsinə əsasən “Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcədə bu Məcəllənin nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır”. Qanunun qeyd olunan normasına əsasən şəxs üç halda – birincisi cinayəti bilavasitə törətdikdə, ikincisi başqa şəxslə birlikdə onun törədilməsində bilavasitə iştirak etdikdə və nəhayət cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətdikdə cinayətin icraçısı sayılır. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 19-cu bəndinin təhlili göstərir ki, icraçılıq fəaliyyəti cinayətin obyektiv cəhətinin qismən və ya tam icra edilməsində, cinayətin obyektiv cəhətinin bilavasitə icrasına kömək göstərilməsində də ifadə oluna bilər. Belə ki, qeyd olunan Plenum qərarının həmin bəndinə əsasən qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhəddinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhəddindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhəddini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Qanunun qeyd olunan normasının məzmunundan, habelə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqedən görünür ki, cinayətin icraçısının hərəkəti cinayətin icrasına başlanan andan icranın başa çatma anınadək olan dövrü əhatə edir. Yəni cinayət başa çatdıqdan sonra hər hansı bir şəxsin həmin cinayətdə bu və ya digər formada iştirakı yalnız köməkçi qismində (əgər cinayətin icraçı tərəfindən törədiləcəyi köməkçinin qəsdi ilə əhatə olunursa) ola bilər. Cinayətin icra edilməsi dedikdə isə, onun obyektiv cəhətini təşkil edən hərəkətlərin yerinə yetirilməsi başa düşülür. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığı cinayətin obyektiv cəhətini həmin predmetlərin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir.Bu cinayət-hüquqi normaları hazırki iş üzrə müəyyən edilmiş hallarla əlaqələndirdikdə görünür ki, baxılan işdə narkotik vasitənin qaçaqmalçılığı cinayətin obyektiv cəhətini yaradan hərəkətlər həmin maddənin Azərbaycan Respublikasına gömrük sərhəddindən (İİR-lə Azərbaycan Respublikası arasında olan dövlət sərhəddindən) gömrük nəzarətindən gizli keçirilməsindən ibarətdir.Bu o deməkdir ki, şəxsin qaçaqmalçılığı icra etməkdə və bu cinayəti bir qrup şəxslə qabaqcadan əlbir olaraq törətməkdə (CM-in 206.3.2-ci maddəsi ilə) təqsirləndirilməsi üçün onun əvvəla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri bilavasitə yerinə yetirməsi, ikincisi həmin hərəkətləri ən azından daha bir şəxslə birlikdə icra etməsi, yəni başqa şəxslə və yaxud şəxslərlə birgə qaçaqmalı Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli (kənar) keçirməsi tələb olunur. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 16-cı bəndin dördüncü yarımbəndinə əsasən “Malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyaların gömrük sərhəddindən keçirildiyi andan bitmiş hesab edilir”. Məhkəmə baxışı zamanı “Fərhad” adlı şəxsin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhəddindən narkotik vasitəni nə vaxt və hansı üsulla, tək və ya başqaları ilə birlikdə, yaxud da, kim(lər)insə vasitəçiliyilə keçirməsi halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 32.5-ci maddəsinə əsasən “Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır”. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın məzmununu nəzərə alaraq hesab edir ki, iş üzrə qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini “Fərhad” adlı şəxs təkbaşına icra etmişdir. Təqsirləndirilən şəxs isə həmin hərəkətləri “Fərhad” ilə birgə icra etməmiş, o, yalnız cinayətin predmeti olan əşyaların dövlət sərhəddin nəzarət-buraxılış məntəqələrindən kənarda keçirildiyi andan (qaçaqmalçılıq cinayəti başa çatdırıldaqdan) sonra Lənkəran rayonunun ərazisindən qanunsuz əldə edib, saxlamaqla həmin (qrup deyil, bir nəfər tərəfindən törədilən) cinayətdə (qaçaqmalçılıqda) köməkçi qismində iştirak etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etməsi müəyyən olunduğu üçün onun sözügedən əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlaməti üzrə tövsifini də düzgün olubolmamasını müəyyənləşdirilməsi üçün işin faktiki hallarının cinayətdə iştirakçılıq institutunun mahiyyəti baxımından təhlilini də, zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 34.1 və 34.2-ci maddələrinə əsasən «Qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur». Qeyd olunan normaların müqayisəli təhlilindən görünür ki, “qabaqcadan əlbir olan bir qrup şəxs” cinayət-hüquq kateqoriyasını “bir qrup şəxs” anlayışından fərqləndirən yeganə cəhət birinci halda qrupun iştirakçıları arasında cinayətin birgə törədilməsi barədə qabaqcadan razılığın əldə olunmasıdır. Qalan səciyyəvi əlamətlər üzrə bu iki anlayış tamamilə üst-üstə düşür. Ona görə də, nə qədər ki, CM-in 34.1-ci maddəsi cinayətin “bir qrup şəxs” tərəfindən törədilməsini onun iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilməsi kimi təsbit etmişdir, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi də cinayətin qrupa daxil olan şəxslər (ən azı iki nəfər) tərəfindən birlikdə icra edilməsini, yəni birgə icraçılığı ehtiva edən anlayış kimi təfsir olunmalıdır. Analoji hüquqi mövqe «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 19-cu, habelə “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 mart 2005-ci il tarixli Plenumunun 10 və 11-ci bəndlərində, habelə Ali Məhkəmənin 2016, 2018 və 2019cu illər üçün dərc olunmuş bülletenlərinin 3 (səh. 40-44), 1 (səh. 28-33) və 4 (səh. 35-37) nömrəli buraxlışlarında dərc olunmuş qərarlarda da əks olunmuşdur. İş materiallarından görünür ki, ibtidai istintaq orqanı hazırki iş üzrə Təqsirləndirilən şəxs elan olunmuş yekun ittihamda qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinin məhz “Fərhad” adlı iranlı tərəfindən icra olunduğu qənaətinə gəlmişdir. Məhkəmə baxışı zamanı həmçinin müəyyən edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri məhz “Fərhad” adlı şəxs təkbaşına icra etmiş, Təqsirləndirilən şəxs isə bu əməldə (cinayət başa çatdıqdan sonra) köməkçi qismində iştirak etmişdir. Qanunvericinin bu cür, yəni bir icraçı və bir köməkçi olan (ən azından iki icraçı olmadığı) vəziyyətdə əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qəbul etməməsi CM-in 33.2 və 33.3-cü maddələrinin məzmunundan da aydın olur. Belə ki, CM-nin 33.2-ci maddəsi birgə icraçılıq olduğu halda cinayətin 32-ci maddəyə istinad edilmədən CM-nin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddə ilə tövsif edilməsini təsbit etdiyi halda, CM-nin 33.3-cü maddəsi cinayətdə təşkilatçı, təhrikçi və köməkçi iştirak etdiyi hallarda (əgər bu iştirakçılar həm də icraçı deyillərsə) onların əməllərinin CM-nin 32-ci maddəsinə istinad edilməklə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə (iştirakçıların razılaşdırdıqları və bu razılaşmaya uyğun olaraq icraçının yerinə yetirdiyi əməlin CM-nin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmasından asılı olaraq) tövsif edilməsini tələb edir. Qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən ibtidai istintaq orqanının hazırki cinayət işi üzrə qaçaqmalçılıq cinayətinin məhz “Fərhad” adlı şəxs tərəfindən törədilməsini müəyyən etdiyini, həmin cinayətin törədilməsində digər şəxs(lər)in iştirakını müəyyən etmədiyini nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan qaçaqmalçılıq cinayətinin törədilməsində hər hansı bir qrupa deyil, məhz “Fərhad”a kömək etmişlər. Buna görə də, təqsirləndirilən şəxs həmin cinayətdə köməkçi olması “qabaqcadan əlbir olan bir qrup şəxs”ə deyil (Fərhaddan başqa icraçı müəyyən edilməyib), yalnız bir şəxsə – Fərhada yönəlmişdir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən “........Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəasını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinə münasibətdə əməli Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, ona görə də, o, CM-nin qeyd olunan maddələri ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. 15 noyabr 2021-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 17 noyabr 2021-ci il tarixdə CM-in 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Lənkəran Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 15 noyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakerizə olunur ( ailəsinə qarşı hörmətlə yanaşır, qonşularla normal münsibətdə olmuşdur, barəsində yazılı və şifahi şikayət daxil olmamışdır). İş materiallarında olan 15 fevral 2022-ci il tarixli 250 №li ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 22 avqust 2006-cı il təvəllüdlü (15 yaş) Nihad adında və 23 avqust 2009-cu il təvəllüdlü (12 yaş ) Nahid adında oğul övladları vardır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 32.5, 206.2-ci maddəsi “az ağır”, 234.4.1 və 234.4.3-cü maddələri isə “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 32.5, 206.2-ci maddənin sanksiyasında üç ildən beş ilədək azadlıqdan məhrum etmə, 234.4.1 və 234.4.3-cü maddələrin sanksiyasında beş idən on iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Qaçaqmalçılıq cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, gömrük nəzarətindən kənar qadağan olunmuş əşya və maddələrin ölkəyə gətirilməsi daxili ictimai asayişi, əhalinin sağlamalığını və başqa mühüm dəyərləri ciddi təhlükə altına alır. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, əhalinin sağlamlığına ciddi zərər vurulur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin ictimai təhlükəli olduğunu dərk etmiş, onların ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 15 noyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Lənkəran ŞRPŞ-də saxlanılan ümumi qalıq çəkisi 53,432 qram (21,245 qr. + 32,187 qr.) heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd DVD disk isə cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150 manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-nin 32.5, 206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, ona CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 15 noyabr 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-də saxlanılan 53,432 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 2 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci 150 (yüz əlli) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-257/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-257/2022
29.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver