Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-258/2024 06.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Məmmədov Orxan Şamil oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Lənkəran rayonu Nərimanabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan məhkum olunmuş, Lənkəran rayonu Nərimanabad qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 21 sentyabr 2023-cü il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-2,606 qram psixotrop maddə metamfetamini 1 ədəd bükümdə əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 18:25-də Lənkəran Şəhər Rayon X7 X5 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Liman şəhəri H.Aslanov küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilib, üzərində şəxsi axtarış aparılarkən həmin miqdarda metamfetamin əynindəki qolsuz gödəkcənin sol qoltuq cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, ailəsi ilə Lənkəran rayonu Liman şəhərində yaşayır, 2017-ci ildən narkotik vasitələrdən istifadə edir. 2023-cü ilin sentyabr ayında kəndlərində qızıl oğurluğu olmuşdur. 21 sentyabr 2023-cü il tarixdə saat 13 radələrində Lənkəran rayonu Liman şəhər polis bölməsindən adının Tural olduğunu təxmini bildiyi polis əməkdaşı onun istifadəsində olan, qardaşı İlkin Qurbanovun adına rəsmiləşdirilmiş ***-***- **-** telefon nömrəsinə zəng edərək onu polis bölməsinə çağırmışdır. O, həmin gün saat 13:30 radələrində polis bölməsinə getmişdir. Onu döymüş, əl-ayaqlarından asmışlar. Onun üzərinə qızıl oğurluğunu qoymaq istəmişlər. Lakin boynuna almamışdır. Bu ərəfədə qızıl oğurlayan şəxslər tapılmışlar. Bundan sonra polis bölməsinin rəisinin göstərişi ilə Əzim adlı polis işçisi onun cibinə 2 qram metamfetamin qoymuşdur. Onu döyərək metamfetamini boynuna qohmuşlar. Onu 21 sentyabrda əməliyyat keçirməklə Liman şəhərində H.Aslanov küçəsində piyada hərəkətdə olduğu zaman tutmamışlar. O, metamfetamini Lənkəran şəhərində Kiçik Bazar adlanan ərazidə əldə etdiyini göstərsə də, 21 sentyabr 2023-cü il tarixdə Lənkəran şəhəri ərazisində olmamışdır. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, Lənkəran rayonu Nərimanabad qəsəbəsində atasına məxsus evdə anası Xuramanla birlikdə yaşayır. Əvvəllər məhkum olunmuş, təxminən bir ildir ki, azadlığa buraxılmışdır. Azadlığa buraxıldıqdan sonra psixotrop maddə metamfetamindən yandırıb tüstüsünü udmaqla istifadə edir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Lənkəran şəhəri Kiçik bazar adlanan ərazidə, məscidin yaxınlığında olarkən orada üzdən tanıdığı şəxsdən bir bükümdə təxminən 2,5 qrama yaxın psixotrop maddə metamfetamin almışdır. Həmin şəxsə metamfetaminə görə 35 manat pul vermişdir. Daha sonra «şüşə»ni cibinə qoymuşdur ki, istifadə edər. Həmin gün saat 18 radələrində Lənkəran rayonu Liman şəhəri H.Aslanov küçəsi ilə piyada gedərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib, X8 dəvət etmişlər. Bölmədə müdafiəçinin iştirakı ilə üzərində şəxsi-axtarış keçirmişlər. Ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə könüllü surətdə təqdim etməst təklif olunmuşdur. O, metamfetamini əynindəki gödəkcənin sol qoltuq cibindən çıxarıb polis əməkdaşlarına təqdim etmiş, metamfetamini saxlanılmasından qabaq Lənkəran şəhəri Kiçik bazar adlanan ərazidə tanımadığı şəxsdən 35 manat verməklə öz istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Təqdim etdiyi mütamfetamin elektron tərəzidə çəkilmiş və zərfdə qablaşdırılaraq götürülmüşdür. Saxlanılarkən və ya polis bölməsində olarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir formada zorakı hərəkətlər edilməmiş, polis işçilərindən şikayəti yoxdur. Təqsirləndirilən şəxs cinayət əməli özünün ziddiyyətli ifadələrindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid kimi dindirilən Şahid1 göstərdi ki, Lənkəran Şəhər Rayon X7 Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 21 sentyabr 2023-cü il tarixdə ona Lənkəran rayonu Nərimanabad qəsəbəsində yaşayan X2 narkotik vasitələri qəbul etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı polis əməkdaşları X4 və Şahid2 ilə birlikdə əməliyyat tədbirləri həyata keçirməklə Təqsirləndirilən şəxs 21 sentyabr 2023-cü il tarixdə saat 18:25 radələrində Lənkəran rayonu Liman şəhəri H.Aslanov küçəsində piyada hərəkətdə olarkən saxlamışlar. Ona üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirməklə X8 aparmışlar. Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilərək şəxsi axtarış aparılarkən ona üzərində narkotik və başqa qanunsuz əşya vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində “şüşə” deyilən psixotrop maddə olduğunu bildirib, əynindəki gödəkcənin sol qoltuq cibindən bir ədəd büküm çıxarıb masa üzərində qoymuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, başqa qanunsuz əşya aşkar olunmamışdır. Aşkarlanmış bir ədəd bükümün içərisinə baxdıqda psixotrop maddə metamfetaminə oxşar maddənin olması müəyyən edilmişdir. Həmin maddə elektron tərəzidə çəkilərək zərfdə qablaşdırılıb götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən maddənin “şüşə” deyilən psixotrop maddə metamfetamin olduğunu, özünə məxsus olmasını, həmin kütləni Lənkəran şəhəri Kiçik bazar adlanan ərazidə tanımadığı şəxsdən 35 manata almasını bildirmişdir. Təqsirləndirilən şəxs onun cibinə narkotik vasitənin polis əməkdaşı Əzim tərəfindən qoyulması barədə ifadəsi yalandır. Əzim adlı polis əməkdaşı Təqsirləndirilən şəxsla bağlı əməliyyat tədbirlərinin keçirilməsində iştirak etməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs 21 sentyabr 2023-cü il tarixdə saat 13 radələrində Lənkəran rayonu X6 Tural adlı əməkdaşının ona zəng etməklə polis bölməsinə çağırması barədə ifadəsi yalandır. Liman polis bölməsində Tural adlı polis əməkdaşı işləmir. Təqsirləndirilən şəxs qarşı heç bir təsir-təzyiq göstərməmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən X6 əməkdaşları X4 və Şahid2 da Şahid1la eyni məzmunlu ifadə veərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Cinayət işinin materiallarında olan 21 sentyabr 2023-cü il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonu Liman şəhəri H.Aslanov küçəsində saxlanılaraq X8 gətirilmiş, üzərində müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən əynindəki gödəkcənin sol qoltuq cibindən 01 bükümdə 2,80 qram psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar edilmiş bir bükümdə kütlənin “şüşə” deyilən psixotrop maddə metamfetamin olduğunu, özünə məxsus olduğunu, həmin kütləni Lənkəran şəhəri Kiçik bazar adlanan ərazidə tanımadığı şəxsdən 35 manat pula öz istifadəsi üçün aldığını bildirmişdir. Materialların məhkəmə ekspertizasının 22 sentyabr 2023-cü il tarixli, 19/885 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 2,606 qram olan, ağ rəngli, kristallardan ibarət maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının 22 noyabr 2023-cü il tarixli, 1058 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-tibb ekspertizasının 23 sentyabr 2023-cü il tarixli, 978 saylı rəyində göstərilmişdir ki, həmin gün müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Lənkəran rayon məhkəməsinin xx.xx.2023cü il tarixli qərarından görünür ki, həmin tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən sonuncu qapalı məhkəmə iclasında iki ildir ki, psixotrop maddə olan metamfetamin istifadə etdiyini, hər gün bir qram metamfetamin qəbul etdiyini, bədənində ağrılar olduğuna görə psixotrop maddədən istifadə etməyə başladığını, 21 sentyabr 2023-cü il tarixdə, Lənkəran şəhərində 35 manata istifadə etmək üçün metamfetamin aldığını, özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu, tutulan zaman hər hansı fiziki və ya psixi zora məruz qalmadığını bildirmişdir. Məhkəmə-tibb ekspertinin 23 sentyabr 2023-cü il tarixli, 978 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs həmin gün məhkəmə-tibb eksperti tərəfindən müayinə olunarkən onun bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır. Telefon danışıqları barədə məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin anten dairəsi 21.09.23-də saat 09:23-də Nərimanabad qəsəbəsi, 20:55-də Liman şəhəri ərazisində olmuşdur. Digər vaxtlarda danışıq aparılması müəyyən edilməmişdir. Beləliklə 21 sentyabr 2023-cü il tarixdə günün digər saatlarında danışıq aparılmadığından harada olması qeydə alınmamışdır. Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 28 sentyabr 2023-cü il tarixli, 10514 nömrəli arayışından məlum olur ki, Təqsirləndirilən şəxs Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyildir. Cinayət işinin materiallarında olan tələbnamədən, məhkəmə hökmlərinin və qərarlarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 256.3-cü maddəsi ilə təqsirli bilinib 1000 manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 1.8-ci bəndinə əsasən cərimə cəzasından azad edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 177.2.2, 177.2.3 və 180.2.2-ci maddələri ilə təqsirli bilinib 06 il müddətində azadlıq məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2018-cı il tarixli qərarı ilə barəsində azadlıqdan məhrum etmə cəzası 05 il 08 aya endirilmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzadan 03 ay 09 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti bitmiş və məhkumluğu ödənilməmişdir. Nərimanabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin qəsəbədə ataanası ilə yaşayır, subaydır. O, yaşayış yerindən verilmiş xasiyyətnamədə mənfi səciyyələnir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, 2,606 qram psixotrop maddə ietamfetamini əldə edib üzərində saxlamaqla daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi - 21 sentyabr 2023-cü il tarixdə polis işçiləri tərəfindən saxlanırkən üzərində psixotrorp maddə olan metamfetamin olmaması, üzərinə metamfetaminin polis işçiləri tərəfindən qoyulması, polis işçilərinin təzyiqi altında psixotrop maddənin özünə məxsus olmasına etiraf etməsi barədə ifadəsini özünü müdafi məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Onun ibtidai istintaqda verdiyi etirfedici ifadəsini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi, əməlində cinayətlərin residivinin olmasını isə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 21 sentyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 2,556 qram metamfetamin məhv edilməli, iş materiallarına əlavə edilmiş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 65 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 21 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Lənkəran Şəhər Rayon Polis Şöbəsində saxlanılan 2,556 qram metamfetamin məhv edilsin. Bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 65 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-258/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-258/2024
06.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver